AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

Ruslan TAĞIYEV

                                               AMK-nın dissertantı

  Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7                                                                        E-mail: tagiye-ruslan1984@mail.ru

UOT 781,7

VI-XIV ƏSRLƏRDƏ “İSFAHAN” MUĞAMI

Xülasə: Məqalə on iki klassik muğamlardan biri olan “İsfahan” muğamının yarandığı dövrdən və inkişaf yolundan bəhs edilir. “İsfahan” muğamının tarixi inkişaf mərhələləri VI-XIV əsrlərdə yaşamış bir sıra musiqişünas alimlərin elmi  araşdırmalarında tədqiq olunmuşdur.   

Açar sözlər: Ü. Hacıbəyli, traktat, muğam, fəsil, risalə

“İsfahan” muğamının tarixi keçmişinin qədim kökləri bizim eranın VI-VII əsrlərinə kimi gedib çıxır.Bu haqda mənbələrə istinadən deyə bilərik ki, bəstəkar, musiqiçi, bərbət musiqi alətinin mahir ifaçısı olmuş Barbədin yaradıcılığında da rast gəlinir.

Barbəd tarixi dövrlərin ustad sənətkarlarından biri olmuş və onun sənətinin əzəməti haqqında Nizami Gəncəvi, Əmir Xosrov Dəhləvi və Rudəki kimi dahi şəxsiyyətlər çox maraqlı bilgilər yazmışlar.Barbəd Sasanilər imperiyasının 24-cü böyük şahı II Xosrov Pərvizin sarayında yüksək ifaçılıq məharəti göstərərək hər kəsin dərin məhəbbəti və hörmətini qazanıbmış.Yuxarıda adları çəkilən ədiblərin əsərlərinə əsasən onu deyə bilərik ki, Barbəd hərtərəfli istedada malik ifaçı imiş. O, 8 muğam parçasından başqa, 30 melodiyanın, 7 xosrovaninin və 300-dən yuxarı mahnının müəllifi və ifaçısı olmuşdur. Barbədin ifa etdiyi muğam parçalarının içərisində “İsfahan” muğamının da adı qeyd edilmişdir.

              Barbədin setarı səsləndi birdən

“İsfahan” pərdəsi başladı nəva,

Oxudu eşq ilə bir gözəl hava…

                        Nizami Gəncəvi (1, s.408)

“İsfahan” muğamı ilə bağlı növbəti tarixi məlumata X-XI əsrlərdə yaşamış İran hökmdarı Keykavusun “Qabusnamə” əsərində də rast gəlinir.“Qabusnamə” 44 fəsildən ibarət dəyərli nəsihətnamə əsəridir.Müəllif traktatın ayrı-ayrı fəsillərini müxtəlif sahələrə həsr etmiş və bu sahələrdə yaranan problemlərin həlli yollarını açıqlamağa çalışmışdır.

Onu da qeyd edək ki, əsərin otuz altıncı fəsli muğamşünaslıq sahəsi üçün xüsusi önəm daşıyır.“Musiqişünaslıq qaydaları haqqında” adlı bu fəsildə müəllif o dövrdə ifa edilən on muğamın adını qeyd etməklə yanaşı, ifaçılıq üsullarına dair çox maraqlı fikirlər də söyləmişdir.Keykavusun yazmış olduğu muğam adları aşağıdakı kimi göstərilmişdir.“Rast”, “Badə”, “İraq”, “Üşşaq”, “Zirəfkənd”, “Busəlik”, “İsfahan”, “Nəva”, “Bəstə”  və “Rah” (2, s.173).

XIII əsr Azərbaycan muğam tarixinin görkəmli simalarından biri də Səfiəddin Əbdülmömin ibn Yusif ibn Fahir əl-Urməvi olmuşdur.Onun ən məşhur elmi əsəri “Kitabül-Ədvar” və “Risaleyi-Şərəfiyə” traktatlarıdır.Alimin yazdığı “Kitabül-Ədvar” risaləsi 15, “Risaleyi-Şərəfiyə” isə 5 fəsildən ibarətdir.Urməvi yaradıcılığının parlaq sənət nümunəsi olan “Kitabül-Ədvar” risaləsinin sözaçımı “dövrlər və ya dairələr haqında kitab” deməkdir (3, s.36-37).

S.Urməvi bu risalənin hər bir fəslini musiqinin ayrı-ayrı sahələrinə həsr etmişdir. Belə ki, əsərin I fəsli səs və onun keyfiyyətinin müəyyənləşməsindən, II fəsli pərdələrin bölünmə qaydalarından, III fəsli intervallar və onların nisbətlərindən, IV fəsli dissonanslığın səbəblərindən, V fəsli tetraxordlar və pentaxordların nisbətlərindən, VI fəsli dairələr haqqında, VII fəsli iki simli alətlərin çalınma qaydalarından, VIII fəsil ud, onun səs düzümü və muğamların ifa edilməsi barədə, IX fəsli məşhur çox geniş yayılmış muğamların adları haqqında, X fəsli muğamlarda səslərin paralelliyi haqqında, XI fəsli muğam dairələrinin transpozisiyası barədə, XII fəsli udun qeyri-adi sazlaşmasından, XIII fəsli ritm məsələsi və onların dairələrindən, XIV fəsli muğamların emosional təsiri haqqında və XV fəsli musiqi təcrübəsi barədə bəhs edir (3, s.45).

 Burada bir məqamı xüsusi ilə vurğulamaq istərdik ki, əsərin IX fəsli, muğam  sənətinin inkişafı üçün olduqca əhəmiyyətlidir. Çünki bu fəsildə S.Urməvi çox geniş yayılmış muğam və avazların adları, habelə onların dairələri haqqında da ətraflı  söhbət açmışdır. “Üşşaq”, “Nəva”, “Busəlik”, “Rast”, “İraq”, “İsfahan”, “Zirəfkənd”,  “Büzürk”, “Zəngulə”, “Rəhavi”, “Hüseyni” və “Hicaz” (3, s.88). Görkəmli alim yuxarıda adlarını çəkdiyimiz muğamların zərif yönəltmələr yolu ilə melodiyaların ifa edilməsinin mümkün olduğunu qeyd etmişdir. O, hər bir daurun 17 mövqedə olduğunu şərh edərək onları təbəqə adlandırmış və onların yerdəyişməsi nəticəsində bir sıra muğamların yarandığını açıq şəkildə izah etmişdir. Zemfira Səfərovanın “Azərbaycan musiqi elmi (XIII-XX əsrlər)” araşdırmasında Urməvinin dilindən belə yazılıb: “Çoxları elə hesab edir ki, Hicaz I təbəqədə 64-cü daurdur. Lakin bizim “Hicaz” adlandırdığımız daura (muğam) Ces notunu əlavə etsək “İraq” dauru olacaqdır” (3, s.88-89).Daha sonra alim avazlar haqqında da çox maraqlı fikirlər söyləmişdir: “Sən tonallıqları dərk etdikdə görürsən ki, bizim adlarını çəkdiyimiz iki avazat “İsfahan” daurundan başqa bir şey deyil. Burada “Gərdaniyə” 17-ci pərdədə, “İsfahan” və “Gəvəşt” isə 10-cu pərdədə yerləşən elə “İsfahan”ın özüdür” (3, s. 89). Bu qayda ilə alim 12 muğamdan 6 avazın yarandığını bildirmişdir.

  1. Urməvi
                                           Altı avaz
1.Gəvəşt 2.Gərdaniyə 3.Səlmək
4.Novruz 5.Şahnaz 6.Mayə

XIV əsrin ərəb dünyasının məşhur musiqiçisi və alimlərindən biri də Səlahəddin əs-Səfadidir (1296-1363). Onun yazıb-yaratdığı “Musiqi haqqında risalə” əsərində muğam dünyası üçün çox maraqlı məlumatlar öz əksini tapmışdır (4, s.32).Səfadi bu əsərində ilk dəfə olaraq “muğam” terminindən istifadə etmiş və on iki əsas muğam, yeddi avazat və dörd şöbənin adları barədə dəyərli məlumatlar vermişdir (4, s.32).Burada bir məqamı xüsusi ilə vurğulamaq lazımdır ki, “Musiqi haqqında risalə” əsərində alim muğamlar barədə söhbət açarkən on iki əsas muğamın on iki bürclərlə, yeddi avazatın yeddi səma cisimləri ilə, dörd şöbənin isə dörd rənglərlə və dörd hava əlamətləri ilə bağlı olduğunu göstərmişdir.

Səlahəddin əs-Səfadinin

 

 

12

əsas muğam

12

Bürc

 

 

7

Avazat

7

səma cisimləri

 

 

4

şöbə

4

rəng

4

hava əlaməti

1 Rast Qoç 1 Gəvəşt Saturn 1 Yegah Sarı qızılı Isti quru
2 Əraq Buğa 2 Novruz Yupiter 2 Dügah Təbii qırmızı Isti nəm
3 İsfahan Əkizlər 3 Səlmək Mars 3 Segah Təbii səma Soyuq nəm
4 Zirəfkənd Xərçəng 4 Şahnaz Günəş 4 Çahargah Təbii qara Soyuq quru
5 Büzürk Şir 5 Mayə Venera
6 Zənguləh Qız 6 Gərdaniyə Merkuri
7 Rəhavi Tərəzi 7 Həsar Ay
8 Hüseyni Əqrəb
9 Hicaz Oxatan
10 Busəlik Oğlaq
11 Nəva Dolça
12 Üşşaq Balıq

Onu da qeyd edək ki, Səfadinin təqdim etdiyi muğam cədvəlində on iki klassik muğamlardan yeddi avaz və dörd şöbənin əmələ gəlməsi açıq şəkildə göstərilmişdir (4, s.33).

XIV əsr Azərbaycan muğam mədəniyyətinin formalaşmasında müstəsna xidmətlər göstərmiş görkəmli şəxsiyyətlərdən biri də Əbdülqadir Marağayidir.S.Urməvi məktəbinin layiqli davamçısı olan Əbdülqadir Marağayi Azərbaycanın qədim şəhərlərindən biri olan Marağa şəhərində anadan olmuş və öz ləqəbini elə bu şəhərin adından götürmüşdür.Ə.Marağayi bir çox elmi risalələrin müəllifidir. Onun yaratdığı elmi əsərlərindən, “Şərhül-Kitabül ədvar”, “Züldətül-ədvar”, “Fəvait-i əşərə”, “Came Əl-Əlhan” (“Melodiyaların toplusu”) və b. adlarını misal göstərmək olar. “Muğam” termininin ilk dəfə olaraq elmə gətirilməsi Ə.Marağayinin adı ilə bağlayırlar (4, s.35). Bundan başqa alim “Şərhül-Kitabül ədvar”, “Fəvait-i əşərə” və “Came Əl-Əlhan” risalələrinin hər üçündə on iki klassik muğamdan altı avaz və iyirmi dörd şöbənin yaranması barədə geniş söhbət açmışdır (3, s.193-194).  On iki muğambunlardır: “Üşşaq”, “Nəva”, “Busəlik”, “Rast”, “Hüseyni”, “Hicaz”, “Rəhavi”, “Zəngulə”, “İraq”, “İsfahan”, “Zirəfkənd” və “Büzürk”(3, s.198-199).

Marağayi on iki muğamdan altı avazın yaranması barədə də çox maraqlı fikirlər söyləmişdir: “Avazların yaranışı iki muğamın birləşməsi nəticəsində əmələ gəlir. Məsələn: “Novruz” avazı “Hüseyni” və “İsfahan” muğamlarının, “Gəvəşt” avazını “Hicaz” və “Büzürk” muğamlarının, “Səlmək” avazı “Üşşaq” və “Rast” muğamlarının, “Gərdaniyə” avazı “Əraq” və “Zəngulə” muğamlarının, “Mayə” avazı “Nəva” və “Busəlik” muğamlarının, “Şahnaz” avazıisə “Rəhavi” və “Zirəfkənd” muğamlarının birləşməsindən yaranır” (3, s. 198-199). Altı avaz bunlardır: “Novruz”, “Gəvəşt”, “Səlmək”, “Gərdaniyə”, “Mayə” və “Şahnaz”.

 Bundan başqa alim “Dügah” muğamından başlayaraq 24 şöbənin quruluşuna da aydınlıq gətirmişdir: “Dügah”ın iki pərdəsi bud tani (yəni böyük ton) intervalını əmələ gətirir (fa-sol). İkinci şöbə “Segah” üç tondan ibarətdir. “Tanini” intervalına bütöv ton əlavə etməklə əmələ gəlir (fa-lya). Üçüncü şöbə “Çahargah”dır. “Segah”a bir mücənnəb, kiçik bütöv tonun birləşməsindən əmələ gəlir. Dördüncü şöbə “Pəncgah”dır.Beş pərdədən ibarətdir və “Çahargah”a bir mücənnəb intervalı əlavə olunması ilə yaranır.Beşinci şöbə “Əşiran”dır və on tondan ibarətdir.Altıncı şöbə “Novruzi-ərəb”dir, dörd pərdədən ibarətdir.Yeddinci şöbə “Mahur” şöbəsidir.Bu şöbə “Gərdaniyə” və “Üşşaq”dan ibarətdir.Səkkizinci şöbə “Novruzu-Xara”dır, altı pərdədən ibarətdir.Doqquzuncu şöbə olan “Hisar” səkkiz pərdədən ibarətdir. Onuncu şöbə “Bayatı” beş pərdədən ibarətdir. On birinci şöbə “Nühuft”, səkkiz pərdədən ibarət 64-cü dairədir.Birinci təbəqənin dördüncü şəkli və ikinci təbəqənin altıncı şəklinin birləşməsindən yaranmışdır. On ikinci şöbə olan “Üzzal”ın beş pərdəsi var və “Hicaz”ın ikincisinə tanini intervalının əlavə edilməsi ilə əmələ gəlir.C-D koron E-koron-F-G (Koron — 1/2 bemol ton deməkdir) (3, s. 486). On üçüncü şöbə olan “Ouc” səkkiz tondan ibarətdir və 72-ci dairədə yerləşir.On dördüncü şöbə “Neyriz”dir. Bu şöbə iki cür olur. Birinci beş səsdən, ikincisi isə “Neyriz kəbr” adlanır və səkkiz səsdən ibarətdir. “Mübərriqə” on beşinci şöbədir və mücənnəb intervalından ibarətdir.On altıncı şöbə “Rəkb”dir və iki növdə olur.Birincisi üç tondan, ikincisi səkkiz pərdədən ibarətdir.On yeddinci şöbə “Səba” adlanır.“Səba” “Segah” tonikasından başlayan “Novruzi ərəb”dir.On səkkizinci şöbə olan “Hümayun” yeddi səsdən ibarətdir.On doqquzuncu “Nəhavənd” şöbəsidir.Bu şöbə səkkiz səsdən ibarətdir.İyirminci şöbə “Zabul”, “Segah”a bənzəyir, lakin yuxarı tərəfdən bir “irha” intervalı əlavə edilmişdir. İyirmi birinci  şöbə olan “İsfahan” yeddi səslidir.İyirmi ikinci şöbə “Huzi”dir, altı səsdən ibarətdir.İyirmi üçüncü şöbə “Rui-İraq”dır.Bu şöbə altı səsdən ibarətdir. İyirmi dördüncü şöbə olan “Mühəyyər” səkkiz  səsdən ibarət 52-ci dairədə yerləşir” (3, s.196-197). İyirmi dörd şöbə bunlardır:  “Dügah”,  “Segah”, “Çahargah”, “Pəncigah”, “Əşiran”, “Novruzu-ərəb”, “Mahur”, “Novruzu-Xara”, “Hisar”, “Bayatı”, “Nühuft”, “Üzzal”, “Ouc”, “Neyriz”, “Mübərriqə”,  “Səba”,  “Rəkb”, “Hümayun”,“Nəhavənd”, “Zabul”,  “İsfahan”, “Huzi”, “Rui-İraq” və “Mühəyyər”.

Ə.Marağayi muğamlarla bağlı cədvəldə “İsfahan”ı həm əsas muğam, həm də şöbə kimi göstərmişdir (4, s.34-35).

On iki muğam
1.Üşşaq 2. Nəva 3. Busəlik
4. Rast 5. Hüseyni 6. Hicaz
7. Rəhavi 8. Zəngulə 9. İraq
10.İsfahan 11. Zirəfkənd 12.Büzürk
İyirmi dörd şöbə
1. Dügah 9. Hisar 17. Səba
2. Segah 10. Bayatı 18. Hümayun
3. Çahargah 11. Nühuft 19. Nəhavənd
4. Pəncigah 12. Üzzal 20. Zabul
5. Əşiran 13. Ouc 21. İsfahan
6. Novruzu-ərəb 14. Neyriz 22. Huzi
7. Mahur 15. Mübərriqə 23. Rui-İraq
8. Novruzu-Xara 16. Rəkb 24. Mühəyyər
Altı avaz
1. Novruz 2. Gəvəşt 3. Səlmək
4. Gərdaniyə 5. Mayə 6. Şahnaz

Bu fakt “İsfahan” muğamının inkişafının başlanğıc nöqtəsi olduğunu sübut edən əsaslı amillərdən biri kimi sayıla bilər.

Beləliklə, “İsfahan” muğamının tarixinə dair apardığımız tədqiqat işinin nəticəsi olaraq onu deyə bilərik ki, sözü gedən muğam kiçik şöbə şəklində VI əsrdə yaranmış və daha sonrakı tarixi mərhələlərdə, yəni VII-XIV əsrlərdə inkişaf etdirilərək həm şöbə, həm də ki, əsas muğam kimi təşəkkül tapmışdır.

ƏDƏBİYYAT:

  1. Klassik Azərbaycan ədəbiyyatı. // Nizami Gəncəvi. Xosrov və Şirin. : Lider, 2004, 509 s.
  2. Qabusnamə. Heydər Əliyev fondu. B.: Azərbaycan, 2014, 240s.
  3. Səfərova Z.Y. Azərbaycan musiqi elmi (XIII-XX əsrlər). : Azərnəşr. 2006, 541 s.
  4. Musazadə R. Dügah dəstgahı. B.: Adiloğlu. 2009, 240 s.
  5. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
  6. Faseh R. Azərbaycan muğamlarında söz və musiqinin əlaqəsi. : Çıraq, 2004, 140 s.

    Руслан ТАГИЕВ

Диссертант АНК

МУГАМ “ИСФАГАН” В VI-XIV ВЕКАХ

Резюме: В статье рассматривается исторический путь развития мугама “Исфаган”, являющимся одним из 12 классических мугамов. В работе отмечается, что этапы развития мугама “Исфаган” были исследованы в научных трудах учёных VI-XIV веков.

 Ключевые слова: У.Гаджибейли, трактат, мугам, глава и рисала

Ruslan TAGIYEV 

                                                                          Candidate for a degree of ANC

                    “İSFAHAN” MUGНAM IN VI-XIV CENTURIES

Summary: The article talks about the foundation and the ways of development of “Isfahan” mugham which is one of the twelve classical mughams. Note that, a number of musicologists who lived in the VI-XIV centuries had investigated by examining the stages of historical development of “Isfahan” mugham in their scientific works.        

Key word: U.Hacıbeyli, tractate, mugham, chapter, risale

Rəyçilər: professor Vamiq Məmmədəliyev

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Musazadə

Mövzuya uyğun