Musiqi dünyaları: Bəstəkar və zaman” Qazaxıstanda keçirilmiş I Beynəlxalq Elmi-praktiki konfransın təəssüratı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«Konservatoriya» jurnalı 2025 № 4 (69)
MUSİQİ DÜNYALARI: BƏSTƏKAR VƏ ZAMAN”
Qazaxıstanda keçirilmiş I Beynəlxalq Elmi-praktiki konfransın təəssüratı
14 noyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya nazirliyinin dəstəyi ilə K.Bayseyidov adına Qazaxıstan Milli İncəsənət Universitetində Qazaxıstan Respublikasının Dövlət Mükafatı Laureatı, Qazaxıstan Bəstəkarlar İttifaqının uzun illər sədri olmuş tanınmış bəstəkar Balnur Kıdırbekin 70 illik yubileyi münasibəti ilə “Musiqi dünyaları: Bəstəkar və zaman” adlı I Beynəlxalq elmi-praktiki konfrans keçirildi.
Konfransa Qazaxıstanın müxtəlif şəhərlərindən (Astana, Almatı, Karaqanda, Qızılorda), eləcə də bir sıra türk ölkələrindən (Özbəkistan, Azərbaycan, Rusiya Federasiyası Saxa Respublikasından) alimlər, tələbələr qatılaraq Balnur Kıdırbekin, eləcə də ümumən türk bəstəkar yaradıcılığına etnomusiqişünaslıq aspektindən yanaşaraq müxtəlif səpkili çıxışlar etdilər. Bu sıraya Qazaxıstandan Dana Jumabekova, Saule Şaimerdenova, Gulnara Kuzbakova, Laylya Kokubayeva, Zarina Turubekova, Alkulat Kazakbayev, Nazarke Omar, Dana Zumakova, Valeriya Nedlina, Tatyana Pavlova-Borisova (Saxa-Rusiya), Alim Mullayev (Özbəkistan), Tatyana Davıdova (Özbəkistan), Yekaterina Alyabyeva (Rusiya), Azərbaycandan isə Zümrüd Axundova-Dadaşzadə və Çinarə Heydərova online, Humay Fərəcova-Cabbarova isə şəxsən qatılmışdır.

Konfransa sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi Zümrüd Axundova-Dadaşzadə “Üzeyir Hacıbəylinin “Koroğlu” operası və “Sovet musiqisi” jurnalına aid diskurs”, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar artist Çinarə Heydərova “Azərbaycan bəstəkarı Dadaş Dadaşovun milli alətlər üçün yazılmış əsərlərinin üslub xüsusiyyətləri”, Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq, Beynəlxalq əlaqələr Mərkəzinin elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarova “Balnur Kıdırbekin “Xocalı Qurbanları” əsəri: Müasir Azərbaycan tarixinin bəstəkar yaradıcılığında əksi məsələləri ” mövzusu ilə çıxış etdilər.

Qeyd edək ki, Balnur Kıdırbek bəstəkar kimi səmərəli musiqi-ictimai fəaliyyəti ilə akademik musiqi sənətinin inkişafına, gənc müəlliflərin dəstəklənməsinə və Türk mədəniyyəti məkanında yaradıcılıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfə vermişdir. Onun Azərbaycan musiqi mədəniyyətinə olan diqqəti və sevgisi, Üzeyir Hacıbəylinin və Azərbaycanın digər görkəmli bəstəkarlarının yaradıcılığına səmimi heyranlığı dərin ehtiramla qeyd edilməlidir. Balnur Kıdırbekin dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəyliyə həsr olunan və kamera orkestri üçün yazılmış “Türk akademik musiqisinin atası” divertismenti haqlı olaraq onun Türk-Qazax birliyinin musiqi himni hesab edilə bilər. O öz yaradıcılığınızda Azərbaycan xalqının tarixi səhifələrini dərindən duymağı bacaran bəstəkardır. Bəstəkarın “Xocalı qurbanları” əsəri dünyaya əhəmiyyətli mədəni mesaj, xatirələrin bədii təcəssümü, ədalətin bərqərarıdır. Bu baxımdan B.Kıdırbekin yaradıcılığı musiqiçilər tərəfindən yüksək qiymətləndirilir. Bəstəkarın yaradıcılığına dair keçirilmiş konfransın Plenar Sessiyasında Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi – rektor, sənətşünaslıq doktoru, professor, Əməkdar İncəsənət xadimi Kamilə Dadaşzadə və Elm, İnnovasiya və Yaradıcılıq məsələləri üzrə prorektor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar İncəsənət xadimi Lalə Hüseynovanın adından Balnur Kıdırbekə təbrik ünvanı və hədiyyələr, eləcə də Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcovun adından Ü.Hacıbəyliyə həsr olunmuş “Ömür albomu” kitabı təqdim olundu.

Konfransdan sonra Qazaxıstan Milli İncəsənət Universitetinin konsert salonunda Balnur Kıdırbekin yaradıcılığına həsr olunmuş yubiley konserti dirijor Askar Düsenbayevin rəhbərliyi ilə baş tutdu. Konsertə Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Serikcan Abdinurov, bəstəkar Alibi Abdinurov, ifaçı Alkulat Kazakbayev, musiqişünaslardan Gulnara Kuzbakova, Meruert Kurmanqaliyeva, Alma Dosanova, Qaliya Akparova və b. qatılmışdır. Konsertdə bəstəkarın Qazax küyləri, Üzeyir Hacıbəyliyə həsr olunmuş “Türk akademik musiqisinin atası” əsəri, eləcə də “Sarı gəlin” xalq mahnısının motivləri əsasında yazılmış divertismenti xüsusilə diqqət çəkdi.
“Musiqi dünyaları: bəstəkar və zaman” adlı I Beynəlxalq elmi-praktiki konfrans çərçivəsində növbəti gün — 15 noyabr tarixində Astananın Milli Muzeyi ilə tanış olduq. Burada e.ə IV-V əsrlərdən qalmış qızıllar, dulusçuluq məmulatları, insan və heyvan sümüklərinin qalıqları, qədim alətlər, sərdabələr və s. sərgilənmişdir. Ucu bucağı bilinməyən muzeydə çoxlu sayda eksponatlar və s. yer almışdır. Ən maraqlı eksponatlar isə “qızıl insanlar” sayıla bilər. Mənbələrə görə qədim skif xalqlarının ən zəngin insanları bütünlüklə qızıla bürünərək dəfn edilirdi. Məhz buna görə də həmin insanlar el arasında “qızıl insanlar” adlanırdı.
Yekun olaraq onu qeyd edək ki, qazaxlar olduqca qonaqpərvər, səxavətli, çalışqan və Azərbaycan xalqına hörmət edən bir xalqdır. Bu günlər ərzində dinlədiyimiz musiqi nümunələri sırasında intonasiya baxımından Azərbaycan musiqisinə çox yaxın olan əsərlər dinlədik. Bu bənzərlik bizə gələcək tədqiqatlarımızı Azərbaycan və qazax xalqlarının musiqisini müqayisəli şəkildə tədqiq etməyə imkan verəcək.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
AMK-nın Elm, Yaradıcılıq, Beynəlxalq Əlaqələr Mərkəzinin elmi işçisi















