“Konservatoriya” elmi jurnalının tələbləri

Tələblər pdf formatında 
Требования на русском в pdf 
Requirements in English in pdf

 

“Konservatoriya” ildə 4 dəfə nəşr olunan sənətşünaslıq üzrə elmi jurnaldır. Jurnalda məqalələr Azərbaycan, rus və ingilis dillərində çap olunur. “Konservatoriya” elmi jurnalı Azərbaycan Milli Konservato­riya­sının Elmi Şurasının 2008-ci il tarixli 7 saylı protokolu ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17.12.2008-ci il tarixdə 2770 saylı Şəhadətnamə ilə qeydə alınmışdır. Məqalənin çap olunmuş əlyazması (1 nüsxə) və onun elektron variantı (fləş kartda) məqaləyə 2 rəy ilə birlikdə təqdim edilir. Əlyazma geri qaytarılmır. Məqalə jurnalın elektron poçt ünvanına da göndərilə bilər: azconservatory@gmail.com. “Konservatoriya” elmi jurnalının saytı mövcuddur. Burada jurnalın tələbləri, redaksiya heyəti və arxivi öz əksini tapıb.

Göndərilən məqalələr sənətşünaslıq üzrə sahələri əhatə edərək jurnalın əhatə dairəsinə uyğun olmalıdır. Jurnala  respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura (dissertantura) təhsilini bitirmiş şəxslər, fəlsəfə doktoru elmi dərəcəsi almış, həmçinin elmi-pedaqoji fəaliyyətlə məşğul olan bütün şəxslər (Azərbaycan Respublikasının vətəndaşları, o cümlədən xarici ölkə vətəndaşları), eləcə də magistrlər məqalə ilə müraciət edə bilər.

Jurnalın hər nömrəsi üçün hər müəllifdən yalnız 1 məqalə qəbul olunur.

Jurnala daha öncə heç bir yerdə çap olunmamış orijinal məqalələr göndərilməlidir.

 

“Konservatoriya” elmi jurnalında çap olunmaq uçun təqdim edilən məqalələr aşağıdakı şərtlərə cavab verməlidir.

Məqalənin quruluşu

  1. Məqalənin başlığı (BAŞ HƏRFLƏRLƏ, qara)
  2. Müəllifin soyadı, adı, atasının adı (SOYAD, Ad Ata adı)
  3. Müəllifin fotosu (şəkil formatlarının birində — jpeg, jpg, png – məktuba əlavə edilir)
  4. Statusu (elmi adı, elmi dərəcəsi, yaxud dissertant, ya da doktorant olduğu təşkilat) və vəzifəsi (işlədiyi yer, müəssisənin və ya təşkilatın ünvanı)
  5. Elektron poçt ünvanı
  6. ORCID kodu
  7. Məqalənin yazıldığı dildə xülasə (4-5 cümlə) və açar sözlər (5-8 söz və ya söz birləşməsi)
  8. Daha iki dildə (rus və ingilis dillərində) xülasə və açar sözlər. Əgər məqalə rus, yaxud ingilis dilində yazılıbsa Azərbaycan dilində xülasə mütləqdir.
  9. Rəyçilər
    • Rəylərin mətni rəy verənlərin imzası, tarixi göstərilmək şərti ilə kağızda redaksiyaya təqdim edilməlidir.
    • Rəy təqdim edilməyən məqalələrə redaksiya tərəfindən də rəy verilə bilər.
  10. Məqalənin mətni, foto, not nümunələri və cədvəllər ilə birgə
  11. Ədəbiyyat siyahısı

 

Məqalənin elmi dəyəri

Elmi jurnalda məqalə çap etdirmək üçün ilkin olaraq məqalənin elmi dəyəri müəyyənləşdirilir. Təqdim edilən elmi məqalə Azərbaycan dilinin qrammatikası və yazı qaydalarına uyğun olmalıdır. Məqalənin əvvəlində onun elmi aktuallığı göstərilməlidir. Elmi məqalədə  problem qoyulmalı və tədqiqatın sonunda onun həll yolları göstərilməli və müəyyən nəticələr çıxarılmalıdır. Elmi məqalə həcm baxımından kiçik tədqiqat işidir. Məlum faktları və artıq dərc edilmiş kitab və məqalələrdən sitatları sadalamaq məqaləyə elmi dəyər gətirmir. Elmi məqalədə artıq məlum və kiminsə əvvəlcə dərc edilmiş fikri istinadsız yazılarsa bu, plagiat sayılır. Dırnaq arasında yazılmış hər hansı bir sitatın istinadsız verilməsi də qeyri-peşəkar yanaşma hesab olunur. Plagiat faktı varsa redaksiya heyəti onu antiplagiat proqramında aşkar edəcəkdir. Plagiat faktı aşkarlanmış məqalələr dərhal geri qaytarılır və çap olunmur.

Elmi məqalədə mövzunun elmi yeniliyi aydın şəkildə verilməlidir. Məqalənin elmi dəyərini müəyyənləşdirmək məsələsində problemlər olarsa redaksiya ekspert şurasının fikrini əsas götürərək qərar verir. Redaksiya ekspert şurasının tərkibini gizli saxlaya bilər.

Məqalə formatı:

Məqalə Azərbaycan dilində, yaxud rus və ingilis dillərində Microsoft Word redaktorunda Times New Roman şriftində, abzas 1.25, 12-lik ölçüdə, 1 intervalı ilə A4 formatlı ağ vərəqdə yazılmalıdır. Abzaslar arasında əlavə boşluq qoyulmamalıdır. Hər sözdən sonra, həmçinin nöqtə və vergüldən sonra bir boşluq (spaceback) işarəsi qoyulmalıdır. Mətnə tərtibat vermək olmaz. Səhifələr nömrələnmir. Məqalə ədəbiyyat siyahısı, not nümunələri və xülasələrlə birlikdə 10-20 A4 formatlı səhifə çərçivəsində olmalıdır.

Məqalənin həcmi: 10 səhifədən az, 20 səhifədən çox olmamalıdır.

Məqalənin başlığı – mərkəzdən, böyük hərflərlə.

Məqalənin başlığı həddən artıq böyük olmamalıdır. Səkkiz sözdən artıq olan başlıqlar ixtisar edilə bilər. Başlıqların yazılışında sözlər sətirdən sətrə keçirilməməli, başlığın sonunda nöqtə qoyulmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə, onları bir-birindən ayırmaq və yarımbaşlıq şəklində təzə sətirdən yazmaq lazımdır. Redaksiya mətnə uyğun gəlməyən başlıqları dəyişdirə və daha uğurlu başlıq təklif edə bilər.

Müəllif barədə məlumat

  • Müəllif məqalənin müəllifinin, yaxud da həmmüəlliflərin soyad, adı və ata adı tam yazılır.
  • Müəllifin tutduğu vəzifə, iş yerinin ünvanı və əgər varsa elmi dərəcəsi göstərilir.
  • Müəlliflə əlaqə saxlamaq üçün işlək elektron poçt ünvanı qeyd olunmalıdır. Həmin ünvan məqalə çap olunduqda da məqalənin kağız və elektron variantında göstəriləcək.
  • Müəllifin ORCID nömrəsi göstərilir. ORCID kodu olmayan müəlliflər https://orcid.org/saytında qeydiyyatdan keçməli, birdən çox müəllifi olan məqalələrdə müəlliflərin hər biri ORCID nömrələrini qeyd etməlidirlər.
  • “Konservatoriya” jurnalında dərc olunacaq məqalələr üçün müəllifin fotosu təqdim edilməlidir. Bu foto saytda müəllif səhifəösində əks ediləcək. Foto keyfiyyətli və yüksək pikselli olmalıdır. Fotolar skanerdən keçirilmiş, hər hansı elektron daşıyıcılar, fləş kart, yaxud diskə köçürülmüş olmalıdır.

Xülasə və açar sözlər – 3 dildə: Azərbaycan, ingilis, rus dillərində.

Məqalənin başlığından sonra əsas dildə xülasə və açar sözlər yazılmalıdır. Məqalənin mahiyyətini bir neçə cümlə ilə xarakterizə edən xülasə və açar sözlər yazılıb məqalədən əvvəl verilməlidir. Məqalələrin müxtəlif dillərdə verilən xülasələri bir-birinin eyni və məqalənin məzmununa uyğun olmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi hazırlanmalıdır. Məqalələrin nəşri üçün tələb olunan xarici 2 dildə xülasələr professional tərəfindən tərcümə edilməlidir ki, anlaşıqlı olsun. Onlayn tərcüməçilər və elektron lüğətlərin etdiyi tərcümə hərfi tərcümədir və yararsız sayılır.

Xülasə 3-8 cümlə arası, açar sözlər 5-8 söz, ya da söz birləşməsi. Məqalə məzmununun qısa və hərtərəfli təsvir edilməsidir. Xülasədə məqalənin hər bir mühüm hissəsi (Giriş və Əsas hissə) haqqında yığcam məlumat verməlidir. Xülasə məqalənin məqsəd və məzmununu düzgün əks etdirməli, məqalədə olmayan məlumatlara eləcə də təkrara yer verilməməli, xülasənin məzmunu məqalənin ən vacib məqamına uyğun olmalı, istinadlar istifadə edilməməli, məqalənin nəticəsi əksini tapmalıdır. Açar sözlər: oxucunun məqalənin daha asan tapmasına imkan yaradır.

UOT indeksi – (Universal Onluq Təsnifatı, rusca УДК)

Məqalənin başlanğıcında məqalənin UOT indeksi yazılır və məqalənin məzmununa uyğun seçilir. Məqalənin UOT indeksini bilmək üçün  https://risale.az/uploads/Universal-Onluq-Tesnifati-_UOT_.pdf linkinə keçidlə ixtisasa uyğun UOT-lar əldə edilə bilər.

Rəylər – elmi dərəcəsi, yaxud elmi rütbəsi olan şəxslər (fəlsəfə və elmlər doktoru, dosent və professorlar) verə bilər. Elmi jurnal məqalələri redaksiyaya iki yazılı rəy ilə birlikdə təqdim edilir. Rəy verən şəxsin elmi dərəcəsi məqalə müəllifindən artıq olmalıdır. Rəy təxminən bir səhifəlik həcmdə yazılaraq məqalənin mahiyyətini və elmi dəyərini açıqlamalıdır. Müəllifin yazılı şəkildə təqdim etdiyi və  imzalanmış iki nəfər rəyçinin adı, soyadı, elmi dərəcəsi məqalənin əvvəlində verilir. Rəyçi rəy verməzdən əvvəl mütləq məqaləni oxumalıdır. Rəy müəllifin istedadı və şəxsiyyətinə deyil, məqaləyə verilir. Redaksiya rəyçilərin fikrinə etibar edir. Məqalədə aşkarlanan plagiat halı, qeyri-etik hərəkətlər və dəqiq olmayan məlumata görə müəlliflə yanaşı rəyçilər də məsuliyyət daşıyır.

GİRİŞ hissəsi

1.Problemi təqdim edin: Məqalənin konturu tədqiqat mövzusunu təqdim edən və araşdırma strategiyasını təsvir edən girişlə başlayır.

Giriş yazmadan əvvəl aşağıdakı sualları nəzərdən keçirmək vacibdir:

— Problemin həlli nə üçün vacibdir və niyə aktualdır?

— Tədqiqat bu sahədə əvvəlki işlərlə necə əlaqələndirilir?

— Əgər araşdırmanın digər aspektləri daha əvvəl təqdim olunubsa, bu hesabat digərlərindən nə ilə fərqlənir?

— Tədqiqatın nəzəri və təcrübi nəticələri hansılardır?

2.Problemin əhəmiyyətini vurğulayın: Problemin niyə araşdırıldığını bildirin.

– Əgər nəzəri araşdırmadırsa: Nəzəri araşdırmaya çıxışın genişləndirilməsinə və/yaxud keçmiş tədqiqatlarda əldə edilmiş nəticələrdəki uyğunsuzluqların aradan qaldırılmasına ehtiyac ola bilər.

– Tətbiqi tədqiqatdırsa: sosial problemin həlli ehtiyacını ehtiva edə bilər.

– Tədqiqat mübahisəli məsələləri həll etmək məqsədi daşıdıqda, girişdə müzakirənin bütün aspektləri ölçülüb-biçilmiş şəkildə təqdim olunmalıdır.

– Bildirilən məzmunun nə üçün vacib olduğunu və məqalənin sahənin artan anlayışına necə uyğun gəldiyini aydın şəkildə ifadə edin.

3.Əlaqədar araşdırmaları qeyd edin: Mövzu ilə bağlı  araşdırmalardan bəhs etsəniz belə, ətraflı və uzun təfərrüata varmayın

– Əvvəlki əsərlərə istinad həm uyğun tarix verəcək, həm də başqalarının işinə verilən önəmi nümayiş etdirəcək.

– Girişdə birbaşa mövzu ilə bağlı olmayan ümumi tədqiqatlara istinad edilməməlidir.

– Vacib olmayan detallar əvəzinə müvafiq tapıntılar, metodoloji problemlər və əsas nəticələr haqqında məlumat verin.

4.Tədqiqatın metodologiyası: Problemi təqdim etdikdən və əvvəlki tədqiqatlara toxunduqdan sonra problemin həlli üçün hansı yanaşmanı seçdiyinizi izah etməlisiniz.

Əsas hissə: Məsələnin qoyuluşu, məsələnin həlli kimi bir sıra nüansları özündə əks etdirməlidir. Bu hissə bir neçə alt başlıqdan ibarət ola bilər. Əsas hissədəki alt bölmələrə tədqiqatı başa düşmək və təkrarlamaq üçün vacib olan məlumatlar daxil edilir. Məqalənin təməl hissəsində əks olunan bütün məlumatlar adekvat və müəyyən ardıcıllıqla verilməlidir. Üsul və İddianın sübutu əsas hissədə əksini tapmalıdır. Üsul araşdırmanın aparılması üçün istifadə olunan prosedurların təsviridir.

Foto, not nümunələri, şəkillər, sxemlər və cədvəllərə dair

Məqaləyə uyğun verilən fotolar da yüksək keyfiyyətli, skanerdən keçirilmiş və ayrıca fayl şəklində məqaləyə əlavə olaraq təqdim edilməlidir. Foto mətnin içinə salınanda keyfiyyətini itirir və onu redaktə etmək mümkün olmur. Foto illüstrasiya və not nümunələrinin olması jurnalın elektron versiyası üçün də, saytda görüntünün olması üçün də vacibdir.

Elmi məqalədə not nümunələrinin olması vacibdir. Onlar not yazan proqramların birində yığılmalıdır. Not nümunələrinin ksero yaxud da skan edilmiş surətlərinin görüntüsü keyfiyyətsiz olarsa, onları məqalənin üstündə göstərmək məqbul deyil.

Sadalanan tələblərə uyğun olmayan məqalə geri qaytarıla bilər. Bütün tələblərə uyğun gələn məqalə qəbul edildikdə müəllif əlaqə üçün telefon nömrəsini redaksiyaya təqdim etməlidir. Telefon nömrəsi dərc edilməyəcək.

Məqalədə maksimum 10 şəkil istifadə olunmasına icazə verilir. Şəkillər, cədvəllər və fotoşəkillər yazı sahəsindən kənara çıxmamalı və zəruri hallarda hər biri ayrıca səhifədə olmalıdır.

  • Şəkillər və cədvəllər nömrələnməli və məzmununa uyğun olaraq adlandırılmalıdır.
  • Məqalədə yer alan bütün rəqəmlərə mətndə istinad edilməlidir.
  • İstifadə olunan bütün fotolar, şəkillər və notlar məqalənin mövzusu ilə birbaşa əlaqə təşkil etməlidir.
  • Göndəriləcək hər bir vizual material ən azı 300 dpi (rəngsiz 600 dpi) təsvir ölçüsündə jpeg formatında olmalıdır (zəif təsvir keyfiyyəti olan şəkillər istifadə olunmayacaq).
  • Foto şəkillərin, cədvəllərin, not nümunələrinin istifadə olunduğu qaynaqlar qeyd edilməlidir.

Musiqi notları. Əlyazma, yaxud da ekran şəkilinin çəkilməsi deyil, Sibelius“MusScore” “Finale” proqramlarından biri ilə yığılmış notlardan istifadə olunmalıdır.

Nəticə:    

Məqalənin sonunda elm sahəsinin və   məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və sair aydın şəkildə verilməlidir. Nəticə bölməsində araşdırmada əldə etdiyiniz nəticələrin nəzəri və ya təcrübi əhəmiyyətini də nəzərdən keçirə bilərsiniz.

Nəticə:

  • Aydın və sadə yazılmalıdır;
  • Məqalə üzrə aparılmış təhlil ümumiləşdirilməli;
  • Yeniliklər təfərrüatlı şəkildə ortaya qoyulmamalı;
  • Mövzu ilə bağlı gələcək tədqiqatlar təklif edə bilər.

Ədəbiyyat siyahısı

Elmi məqalənin sonunda ədəbiyyat siyahısı göstərilməlidir. Məqalədə istinadların əksini tapmaması, eləcə də çox böyük ədəbiyyat siyahısının olması məqbul deyil. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. Mətndə vurğulanan hissələr kursivlə yazılmalıdır. Sitatlar aşağıdakı şəkildə verilməlidir: sitat dırnaqda verildikdən sonra mötərizədə, müəllifin soyadı və adı, kitabın və ya jurnalın, eləcə konfrans toplusunun nəşr ili, səhifəsi göstərilməlidir; nöqtə mötərizədən sonra qoyulur. Məsələn: “Məqam və muğam məfhumlarının oxşar olmasına baxmayaraq Azərbaycan musiqi nəzəriyyəsində bunlar fərqli məna daşıyan müstəqil terminlər kimi qəbul olunmuşdur” (İsmayılov, 1991:  9). Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba ardıcıllığı düzülür.  Biblioqrafik məlumat mənbənin axtarışı, tam xasiyyətnaməsi üçün lazım olan bütün məlumatları əks etdirməlidir ki, şübhələr yarandıqda sitatın, şərhin, mənbənin dürüstlüyünü yoxlamaq və məlumatı birbaşa ilkin mənbədən götürmək mümkün olsun.

İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir.  İstinad olunmuş mənbə mətndə mötərizədə göstərilməlidir. Mətnin içində verilən istinadın səhifəsi də əks olunmalıdır. Məqalənin mətnində böyük həcmli kitab(lar)ın müxtəlif səhifələrinə bir neçə dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı yeri müəlliflərin soyadı və adı ilə, cild (çoxcildli əsərlər üçün) və müvafiq səhifə(lər) göstərilir. Məsələn: (Hüseynova və b: 2015: 250-252) və s. İstinad bir neçə kitabın sadalanmasını tələb edirsə onları müəlliflərin soyadlarını vergül vasitəsilə ayırmaqla göstərmək olar. Məsələn: (Əliyeva, Məmmədova).

Qeydlər səhifənin altında səhifəaltı istinad şəklində verilməlidir.

İstinad verilmə qaydaları

Elmi məqalədə göstərilən mənbələrin biblioqrafik təsvirində aşağıdakı şərti işarələrdən istifadə edilir:  nöqtə, vergül, iki nöqtə — :, / çəpəki xətt, // qoşa çəpəki xətt, ( ), [ ] mötərizə. İstinad olunan mənbənin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir. Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi göstərilir.

Kitaba istinad:

Kitabların (monoqrafiyaların, dərsliklərin və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək olduqda müəllifin və ya müəlliflərin soyadı və inisialları ilə verilir. Məsələn: Bədəlbəyli, Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. Bakı: Elm, 1969, 248 s.

Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitablar (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə verilir və çəpəki xətlə ayrılır. Məsələn: Çoxcildli nəşrə aşağıdakı kimi istinad edilir:

Azərbaycan musiqi tarixi: 5 cilddə, V c., Bakı: Elm, 2020, 668 s.

Məqaləyə istinad:

İstinad verilən məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur. 1. Məqalə haqqında məlumat; 2. Məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir-birindən qoşa çəpəki xətlə -“//” ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. Məsələn:
Abdullayeva, S.A. Çalğı alətlərimizin sorağı ilə. // “Qobustan” jurnalı, 1971, №1, s.  69-70. Jurnal, yaxud konfrans məqalələrinə, kitablara istinad verərkən onun onlayn versiyası mövcuddursa sonunda keçid vermək olar. Məsələn: Abdullayev, A. Qiymətli nəşr. — Biblioqrafiya. Diskoqrafiya. Notoqrafiya. // “Musiqi dünyası” jurnalı, № 3-4 (17), 2003. s. 213-214. URL:http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=294

Xarici dildə:

Liang C., Kriman S. An JR-spectroscopic study of the effect of imozing irradiation on the structure of polyutadilne (akrilonitrill) // Polym. Sci., 1999, v. 31, No 123, p. 51-60.

Dörddən çox müəllifi olan məqalələrdə ilk üç müəllifin soyadları və inisialları, sonra isə aşağıdakılar ixtisarlardan biri verilir: — “və b.”-Azərbaycan dilində olan nəşrlərdə. Rus dilində olan nəşrlərdə “и др.”, Qərbi Avropa dillərində olan nəşrlərdə isə “et al” kimi yazılır. Məsələn: Qasımova, S., Zöhrabov, R. Musiqi ədəbiyyatı. Uşaq musiqi məktəblərinin IV sinfi üçün dərslik.
Bakı: Şirvannəşr, 2002, 108 s.

Məqalələr toplusuna, yaxud konfrans materiallarına istinad:

Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri də iki hissədən ibarət olur. Onlar isə bir-birindən bir çəpəki xətlə- “/” ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Məsələn: Əhmədov, M.C. Orta əsrlərdə ərəb mənbələrində təsadüf edilən bir Azər­bay­can musiqi aləti haqqında. / V Respublika Konfransının materialları. 29-31 ok­­­­tyabr 1990. Bakı: 1991, s. 23-24.

Dissertasiyaya istinad:

Dissertasiyaya istinad edilərkən, əvvəlcə müəllifin soyadı, inisialları, dissertasiyanın adı verilir, iki nöqtədən sonra isə iddia olunan alimlik dərəcəsi, şəhər, nəşr ili və həcmi göstərilir. Məsələn: Cəfərova, L.T. Arif Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri.  Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq  üçün təqdim olunmuş dissertasiya. Bakı, 2007, 188 s.

Qəzet məqaləsinə istinad:

Qəzet materiallarına istinad edildikdə, müəllifin soyadı və insialları, sonra mənbənin adı, qəzetin adı, nəşr olunduğu şəhər, il, gün, ay və ya nömrə göstərilir. Məsələn:
Abduləliyev, A.Ə. Bəstəkarın elmi yaradıcılığı. // “Bakı” qəzeti. Bakı, 1985, 16 avqust

Arxiv materiallarına istinad: 

Bədəlbəyli Ə.B. Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi. S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi. Fond 595, Siyahı 164, S v. 37.

İnternet resurslarına istinad:

İnternet resursları dedikdə elektronlaşdırılmış sənədlər, məlumat bazaları, portallar, saytlar, veb səhifələr, bloqlar, forumlar nəzərdə tutulur. İnternet resusrlarına istinad verərkən məqalənin müəllifi, məqalənin adı, sonra dərc edildiyi saytın adı, tarixi göstərilməlidir. Sonunda həmin mənbənin internet ünvanı URL: əlavəsindən sonra göstərilir. «URL» (Uniform Resource Locator – resursun unifikasiya göstəricisi deməkdir). Məsələn: Məmmədova, R. Azərbaycan musiqisinin lad modellərinə dair bəzi məsələlər. / “Harmony” beynəlxalq musiqi kulturoloji elektron jurnal. URL:http://harmony.musigi-dunya.az/rus/reader.asp?txtid=860&s=1

 

Ədəbiyyat siyahısına nümunə:

Mətn daxilində istifadə edilmiş ədəbiyyatdan siyahı tərtib edək. Mənbələr əlifba sırası ilə düzüləcək.

ƏDƏBİYYAT:

Abdullayev, A. Qiymətli nəşr – Biblioqrafiya. Diskoqrafiya. Notoqrafiya. // “Musiqi dünyası” jurnalı, № 3-4 (17), 2003. s. 213-214. URL:http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=294

Abdullayeva, S.A. Çalğı alətlərimizin sorağı ilə. // “Qobustan” jurnalı, 1971, №1, s.  69-70.

Abduləliyev, A.Ə. Bəstəkarın elmi yaradıcılığı. // “Bakı” qəzeti. Bakı, 1985, 16 avqust

Azərbaycan musiqi tarixi: 5 cilddə, V c., Bakı: Elm, 2020, 668 s.

Bədəlbəyli, Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. Bakı: Elm, 1969, 248 s.

Cəfərova, L.T. Arif Məlikovun balet musiqisində tembr və faktura xüsusiyyətləri.  Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq  üçün təqdim olunmuş dissertasiya. Bakı, 2007, 188 s.

Əhmədov, M.C. Orta əsrlərdə ərəb mənbələrində təsadüf edilən bir Azər­bay­can musiqi aləti haqqında. / V Respublika Konfransının materialları. 29-31 ok­­­­tyabr 1990. Bakı: 1991, s. 23-24.

Qasımova, S., Zöhrabov, R. Musiqi ədəbiyyatı. Uşaq musiqi məktəblərinin IV sinfi üçün dərslik. Bakı: Şirvannəşr, 2002, 108 s.

Xarici dildə:

Liang C., Kriman S. An JR-spectroscopic study of the effect of imozing irradiation on the structure of polyutadilne (akrilonitrill) // Polym. Sci., 1999, v. 31, No 123, p. 51-60.

Saytoqrafiya:

Məmmədova, R. Azərbaycan musiqisinin lad modellərinə dair bəzi məsələlər. / “Harmony” beynəlxalq musiqi kulturoloji elektron jurnal. URL:http://harmony.musigi-dunya.az/rus/reader.asp?txtid=860&s=1

Arxiv materialları:

Bədəlbəyli Ə.B. Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi. S.Mümtaz adına Azərbaycan Respublikasının Dövlət Ədəbiyyat və İncəsənət Arxivi. Fond 595, Siyahı 164, S v. 37.

Redaksiya şurasının qərarı

  • Ümumi qaydalar və tələblərə cavab verməyən məqalələr dərhal geri qaytarıla bilər.
  • Düzəliş üçün redaksiya tərəfindən müəllifinə qaytarılmış məqalə, jurnalın redaktorları tərəfindən formata uyğunlaşdırdığı faylda müəllif tərəfindən qısa zamanda işlənib yenidən redaksiyaya göndərilməlidir. Əks halda məqalə növbəti nömrəyə saxlanacaq.
  • Təqdim edilən məqalələr başqa dərgidə artıq çap olunubsa “Konservatoriya” jurnalına verilə bilməz. Təkrar çap müəllifin olmasa da, dərginin müəllif hüququnu pozur.
  • Ekspert şurasının qərarına əsasən məqalə yararsız sayılıbsa məqalədə kiçik dəyişiklik etmək, yaxud başlığını dəyişməklə yenidən təqdim etmək olmaz.

Məqalənin strukturu bu bölmələrdən ibarət olmalıdır: 

  • Başlıq
  • Müəllif barədə informasiya
  • Xülasə və Açar sözlər  (3 dildə)
  • Rəyçilərin adı
  • Giriş
  • Əsas hissə:nömrələnmiş paraqraflar (iddianın sübutu) ola bilər.
  • Nəticə
  • Ədəbiyyat

Nümunə:

MƏQALƏNİN ADI (8 sözdən az)

Müəllifin SOYADI, adı, atasının adı

İş yeri, vəzifəsi,

Elmi dərəcəsi

Ünvan: iş yerinin ünvanı..

Email:…………………………

ORCID: ……………………..

Magistrant, doktorant və ya dissertantlar üçün:

Elmi rəhbərinin adı, soyadı, atasının adı

Elmi dərəcəsi və elmi adı

Xülasə: əsas dildə……………………………………………………………….

………………………………………………………………………………………….. …………………………………………………………………………………………..

Açar sözlər:………………………………………………………………………

 

MƏQALƏNİN ADI (rus dilində)

 

Müəllifin SOYADI, adı, atasının adı (rus dilində)

Müəllifin vəzifəsi və elmi dərəcəsi (rus dilində)

Аннотация: Xülasə rus dilində ………………………………………

…………………………………………………………………………………………

Ключевые слова: Açar sözlər rus dilində…………………………

 

MƏQALƏNİN ADI (ingilis dilində)

 

Müəllifin SOYADI, adı, atasının adı (ingilis dilində)

Müəllifin vəzifəsi və elmi dərəcəsi (ingilis dilində)

Abstract: Xülasə ingilis dilində ………………………………………..

…………………………………………………………………………………………

Keywords: Açar sözlər ingilis dilində……………………………….

Rəyçilər: 1…………………………….

2…………………………….

Məqalənin mətni

Giriş (aktuallıq, əhəmiyyət, ədəbiyyat icmalı, metodologiya və iddialar şəklində yazılır)

………………………………………………………………………………………..

………………………………………………………………………………………..

………………………………………………………………………………………..

Əsas hissə: ……………………………………………………………………..

…………………………………………………………………………………………

Arada not nümunəsi, fotolar və cədvəllər də olmalıdır……………

…………………………………………………………………………………………

…………………………………………………………………………………………

Nəticə (giriş hissədə verilən iddialara nəzərən alınan nəticələr bildirilir)……

…………………………………………………………………………………………

Ədəbiyyat:

……………………..

……………………..

……………………..