AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2015

 

 

Nigar BAYRAMOVA

BMA-nın laboratoriyasında elmi işçi

Dövlət Mahnı və Rəqs ansamblında Qılman Salahovun fəaliyyətinə dair

 

Açar sözlər: musiqi, mədəniyyət, kamança, Mahnı və Rəqs ansamblı, konsert

q-lman-salahov

Azərbaycan musiqisinin tarixi qə­dim­­dir. Ölkəmizin musiqi tarixində elə şəxslər var ki, onların musiqi mədə­niy­yətimizin inkişa­fında özünə­məx­sus yeri olub. Azərbaycan musiqisinin inki­şa­fında misilsiz əməyi olan insanlardan dahi Üzeyir Hacıbəyli, Səid Rüstəmov,  Asəf  Zeynallı, Əfrasiyab Bədəlbəyli, Ni­yazi, Andrey Babayev kimi şəxsiy­yət­lər  olub.

XX əsrin əvvəllərində dahi bəstəka­rımız Üzeyir Hacıbəyli xalq musiqisini nota köçürmüş, bununla da peşəkar xalq musiqi mədəniyyətinin əsasını qoy­­muş­dur.

Üzeyir Hacıbəyli 1931-ci ildə ilk də­fə notla çalınan xalq çalğı alətləri or­kes­trini yaratmışdır. Həmin orkestrin üzvləri Səid Rüstəmov, Əlövsət Sa­dı­qov, Bəhram Mənsurov, Xosrov Məlikov və başqaları ilə yanaşı Qıl­man Salahov da vardı (1). Qılman Salahov orkestrdə kamança ifaçısı ki­mi iştirak edirdi. Orkestrin tərkibi 2 balaban, 2 tar, 2 kamança, 1 dəf, 1 na­ğaradan ibarət idi. Mahnı və rəqslər, aşıq havaları, muğam sənətinin incəlikləri Azər­baycanın məşhur ifaçıları və xanəndələri tərəfindən səsləndiril­miş­dir.

.

ansambl

Soldan-sağa Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Əlövsət Sadıqov, Qılman Salahov, Bəhram Mənsurov, Xosrov Məlikov

1936-cı ildə Üzeyir Hacıbəyli tərəfindən Azərbaycan Dövlət Filar­mo­niyasında “Mahnı və Rəqs ansamblı” yaradıldı. Həmin ansambla bədii rəhbər kimi Üzeyir Hacıbəyli öz assistenti drijor, xormeyster, kamança ifaçısı Qılman Salahovu təyin etdi.

Qılman Salahov 1906-cı il martın 16-da Balaxanıda  dünyaya gəlib. 3 ya­şında ikən o, ailəsi ilə birlikdə atası Balaməmməd kişinin Bakı şəhə­rin­də tikdirdiyi evlərinə köçmüş və şəhərdə yaşamağa başlamışlar. Erkən yaş­larında Qılman atasını itirmiş və dayısı Ağanəsim (tar ifaçısı) onu Üzeyir bəyin yanına aparıb, bu uşağın güclü musiqi duyumu olduğunu de­­yib. Üzeyir bəy də ona violonçel alətində Leopold Rastropoviçin (Mstislav Rastropoviçin atası) sinifində dərs almağı məsləhət görüb. Bir il həmin sinifdə təhsil aldıqdan sonra bu alətdə çalmağın uşaq üçün ağır ol­duğunu görən Üzeyir bəy ona öz iş otagında olan kamançasını verdi. Qıl­man Salahovun kamançaya olan sevgisi sonradan Üzeyir bəyin yarat­dı­ğı Azərbaycan Dövlət Türk Musiqi məktəbində və Asəf Zeynallı adına Mu­siqi Texnikumunun (indiki Musiqi kolleci) kamança sinifində təhsil almağı ona nəsib etdi. 1927-ci ildə Əhməd Bakıxanov “Solistlər” ansam­blı­nı (texnikumun nəzdində) yaradır. Bu ansamblın üzvləri arasında Qıl­man Salahov kamança ifaçısı kimi çıxış edirdi. 1936-cı ildə isə Qılman Salahov Üzeyir Hacıbəylinin təklifi ilə “Mahnı və Rəqs ansamblı”nın bə­dii rəhbəri kimi işləməyə başladı.

Qılman Salahov bu ansamblın daha da inkişaf etməsində, tanın­ma­sın­da, məşhurlaşmasında böyük rolu olub. O, Azərbaycanın bölgələ­rinə ge­dib, ordan istedadlı gənc ifaçıları və rəqqasları seçib, onları bu ansambla cəlb etmiş, özünün güc və enerjisini ansamblın gündən-günə çiçəklən­mə­si­nə sərf etmişdir.

Azərbaycan musiqisi nəsildən-nəslə keçərək, şifahi ənənələrdə yaşa­yır. Üzeyir Hacıbəyli məktəbini keçmiş Qılman Salahov da xalq mah­nı­la­rı­nı və rəqslərini xalqın dilindən öyrənib nota salırdı. O, xalq mah­nıla­rın­dan “Əlimdə sazı Qurbanın”, “Bu Leyli”ni xor üçün işləyib.

1938-ci ildə Moskvada Azərbaycan Respublikasının Mədəniyyət və İn­cəsənət 10 günlüyü keçirildi. Bu dekadada Qılman Salahovun rəhbərlik et­diyi “Mahnı və Rəqs ansamblı” da öz çıxışını etdi. Bu uğurlu çıxışla­rı­na görə sonradan ansambla Dövlət Statusu verilərək “Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı” adlandırıldı. 1939-cu ildə  isə Üzeyir Hacıbəy­li­nin təklifi ilə Moskvada keçirilən I Ümumittifaq İfaçılıq müsabiqəsinin Qıl­man Salahov (kamança ifaçısı kimi) laureatı olmuşdur. 1940-cı ildə isə Azərbaycan dövləti tərəfindən musiqi sahəsində misilsiz əməyi qiy­mət­ləndirilərək Qılman Salahova Azərbaycan Respublikasınin Əməkdar İn­cəsənət Xadimi fəxri adı verildi.

Hələ Sovetlər birliyində ilk dəfə 1958-ci ildə Azərbaycan Dövlət Mah­nı və Rəqs ansamblı Çinə böyük konsert proqramı ilə səfər etmişdi. Kon­sertdə onlar nəinki Azərbaycan mahnı və rəqsləri, həmçinin də Çin xalq rəqslərini ifa etmişdilər. Ansamblın üzvləri arasında Azərbaycan Res­publikasının xalq artisti Rübabə Muradova, rəqqasələrdən xalq artist­lə­ri – Əminə Dilbazi, Roza Cəlilova, rəqqaslardan Böyükağa Məmmə­dov, Əlibaba Abdullayev də vardı. Çində 4 ay qastrol səfərində olan an­samblın uğurları hədsiz idi. Konsertdə Çin Xalq Respublikasının Dövlət Şurasının sədri Coy Enlaem şəxsən özü iştirak etmiş və ansamblın bütün üzvləri ilə (başda Qılman Salahov olmaqla) görüşmüş, 10 gün də əlavə an­samblın Çin ölkəsində qalmasını xahiş etmişdir. Oradan da ansambl qon­şu ölkə olan Monqolustan Xalq Respublikasına dəvət almış, 20 gün də həmin ölkədə uğurlu konsertlər verdi. Qastrol səfərindən qayıtdıqdan sonra ansamblın uğurlu cıxışları haqqında o dövrün “Pravda”, ”Kommu­nist”, “Bakinski raboçi” qəzetlərində məqalələr dərc edilmişdi.

Qılman Salahov ansamblın mürəkkəb, qızğın iş fəaliyyətilə məşğul ol­masına baxmayaraq, bəstəkarlıqda da öz qələmini sınayıb. O, məşhur “Nəl­bəki” rəqsinin müəllifidir.  Bundan başqa “Sevgilim”, “Kürd”, “Qa­val”, “Naz eləmə” rəqslərini yazmışdır. “Qaval”, “Naz eləmə” rəqsləri ilə Əminə Dilbazi bütün dünyanı gəzib. “Naz eləmə”rəqsiylə Əminə Dilbazi Mahmud Esembayevlə birlikdə Azərbaycanın xalq artisti, görkəmli re­jis­sor Tofiq Tağızadənin çəkdiyi “Əmək və qızılgül” filmində çəkilib. Qıl­man Salahov Azərbaycan xalq çalgı alətləri orkestri üçün yazdıgı “Bulaq başında” suitası, “Azərbaycan toyu”, “Dədə Qorqud” kimi tamaşalarına yaz­dıgı musiqiləri ilə də tanınırdı. Həmçinin onun yazdıgı  “Könül ver­dim”, “Bir dənəsən” mahnıları  o illərdə dillər əzbəri idi. Qılman Salahov Ni­yazi və Andrey Babayevlə birlikdə “Bir bağçanın çiçəkləri” adlı əsə­ri­ni yazmışdılar. Həmin əsər hal-hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti fonotekasının “Qızıl fon­d”un­­da saxlanılır.

Qılman Salahovun kamançada müşayiəti ilə Xan Şuşinski, Zülfi Adı­gö­­zəlov, Seyid Şuşinski, Rübabə Muradova, Şövkət Ələkbərova kimi məş­hur xanəndələr Azərbaycanın rayonlarında el bayramlarında, xalq  şən­liklərində konsertlər vermişlər.

Cabbar Qaryağdıoğlu anadan olmasının 75 illiyində özü “Heyratı” zərbi mugamını Qurban Pirimov (tar) və Qılman Salahovun (kamança) mü­şayiəti ilə trio şəklində oxumuşdur. Bu konsert də Azərbaycan Tele­vi­zi­ya və Radio Verilişləri QSC fonotekasının “Qızıl fondu”nda saxlanılır.

cabbar-qaryagd

Soldan-sağa qavalda  Cabbar Qaryağdıoğlu, tarda Qurban Pirimov və kamançada Qılman Salahov

1959-cu ildə Moskvada II dəfə Azərbaycan Respublikasının Mədəniy­yət və İncəsənət 10 günlüyü keçirilmişdi. Dekadada Dövlət Mahni və Rəqs ansamblının bədii rəhbəri Qılman Salahov başda olmaqla Respubli­ka­nın xalq artistləri rəqqasə Əminə Dilbazi, Roza Cəlilova, rəqqas Əliba­ba Abdullayev, bəstəkar Tofiq Quliyev çıxış edirdi. Bu dekadada uğurlu çı­xışına görə ansambl gurultulu alqışlarla qarşılandı.

Qılman Salahov gecə-gündüz çalışıb, “Mahnı və Rəqs ansamblı”nın da­­ha da inkişaf etməsi üçün ansamblın nəzdində “Sazçı qızlar” ansam­blı­nı yaratdı. Ansamblın solistləri – Rəhilə Həsənova, Elmira Rəhimova idi.

ansambl2

Sağdan-sola Əminə Dilbazi, Qılman Salahov, Tofiq Quliyev

Qılman Salahov bəstəkarlardan Soltan Hacıbəyov, Niyazi, Rauf Hacı­yev, Səid Rüstəmov, Cahangir Cahangirov, Qənbər Hüseynli, Qara Qara­yev, Cövdət Hacıyevlə dostluq edirdi. Əhməd Bakıxanovla isə ailəvi dost­luq edib, hətta Kislovodskidə ailəvi istirahətdə olmuşdular. Onun şa­ir­lərdən Səməd Vurğun, Mikayıl Rzaquluzadə, Mirmehdi Seyidzadə ilə də dostlugu olub. Məmməd Rahim, Soltan Dadaşovla birgə yaradıcılıq fə­­aliyyəti qurmuş, onun bəstələdiyi “Könül verdim”, “Bir dənəsən” adlı mah­nılarının mətnini yazmışlar.

Qılman Salahov həmçinin müəllimlik fəaliyyətini də davam etdirirdi. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda ilk dəfə kamança üzrə not sinfində dərs deyən müəllimlərdən olub. Onun tələbələri Azərbaycan Respublikasının əməkdar artistləri – Tələt Bakıxanov, Hafiz Mirzəbəyov, Ruqiyyə Rzayeva (Ağabacı Rzayevanın bacısı), Firuz Əlizadə və baş­qa­la­rı olmuşdu. Tələbəsi Ruqiyyə Rzayeva öz müəllimi haqqında belə ya­zır­dı: “O,  tək düzgün çalmagı deyil, kamançanı diz üstə saxlamagı, bar­maq­ların nə vəziyyətdə simlərin üzərində hərəkət etməsinə, qolun ka­man­çanın qoluna nisbətən nə vəziyyətdə saxlanılmasına çox fikir verərdi. Ən əsas cəhət isə biləng idi.

Qılman müəllimi başqa kamança çalanlardan fərqləndirən cəhət onda idi ki, onun qolu sakit dayanıb, yayı tutmuş biləng isə bir hərəkətlə rəqs edənlərin biləngi kimi arxaya və yana aparmaqla simlərə sürtülur, ona gö­rə səs də həzin, ürəyə yatar çıxırdı…”

Bütün bu kimi işlərlə yanaşı, Qılman Salahov ürək xəstəliyindən əziy­yət çəkirdi. O, 1974-cü il oktyabrın 12-də xəstəxanada ürək çatışmazlı­ğın­dan gözlərini əbədi olaraq yumdu. Ölümündən sonra Əhməd Bakı­xa­nov adına Ev Muzeyində Qılman Salahovun xatirəsini əbədiləşdirmək üçün xüsusi bir guşə ayrıldı. Həmin guşədə Qılman Salahovun kaman­ça­sı, əlyazmaları, şəxsi əşyaları, fotoşəkilləri saxlanılır. Azərbaycan xalqı öz sənətkarını unutmur, onu yad etmək üçün həmin muzeyə gəlir, əbə­di­yaşar Qılman Salahovu yad edirlər.

Azərbaycan xalqı xoşbəxtdir ki, musiqi mədəniyyətimizin əsasını qoy­muş Üzeyir Hacıbəyli kimi dahi bəstəkarın məktəbini keçmiş, musiqi mə­dəniyyətimizin inkişafında özünəməxsus xidməti olan Qılman Sala­hov kimi yetirmələri olub və onlar bu gün də xalqımızın yaddaşında ya­şa­yır, yaşayacaqdır.

 

ƏDƏBİYYAT: 

  1. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Televiziya Radio Veri­liş­ləri Komitəsinin arxivi, 1932-ci il, qovluq №
  2. Ələsgərov S.Ə., Abdullayeva S.A., Azərbaycan xalq çalgı alətləri orkestri üçün orkestrləşdirmə (metodik tövsiyələr). : Az. Neft və Kim­ya İnstitutunun mətbəəsi, 1977, 98 s.
  3. Qafarova M.A. Bəstəkar Süleyman Ələsgərov və xalq çalğı alətləri orkestri. Dərs vəsaiti. B.: ADPU, 2012, 226 s.
  4. Hacıbəyov Ü.Ə. Əsərləri, II cild, B.: Elm, 1965, 408 s.
  5. İsazadə Ə.İ., Quliyev X. Bəhram Mənsurov. B.: İşıq, 1982, 43 s.
  6. Заслуженный Коллектив Азербайджана Государственный Ансамбль Песни и Танца. Сост. Гаджибеков С.И., Кулиев Т.А. Б.: Ти­по­­гра­фия «Крас­­ный Восток» Министерства культуры Азербайджан­ской ССР, 1959.

 

Məqalədə Qılman Salahovun şəxsi arxivindən də istifadə olunub.

 

Нигяр БАЙРАМОВА

Научный сотрудник в лаборатории БМА

O ДЕЯТЕЛЬНОСТИ ГЫЛМАНА САЛАХОВА В ГОСУДАРСТВЕННОМ АНСАМБЛЕ ПЕСНИ И ПЛЯСКИ

Резюме

В статье говорится об ансамбле Песни и Пляски, созданном Узеиром Гаджибейли в 1936-ом году, которым  более  25-ти лет  руководил известный исполнитель на кеманче и дирижор Гылман Салахов. Благодаря его широкой деятельности, статус ансамбля был

доведен до Государственного.  Им было написано множество произведений для данного коллектива.

Ключевые слова: музыка, культура, ансамбль Песни и Пляски, кеманча, концерт

 

Nigar  BAYRAMOVA

Laboratory of BMA, scientific worker

GILMAN SALAKHOV`S CREATIVITY “SONG AND DANCE ENSEMBLE”

Summary

In the early XX century, the founder of Azerbaijani music Uzeyir Hajibeyov in 1936, the year created Song and Dance Ensemble. Gylman Salah 25 years and led the team that brought him the status of State Ensemble. In addition, he was a good conductor, composer and soloist on kamancha.

 Key words: music, art, Song and Dance ensemble, kamancha, concert

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru M.Qafarova,

elmi işçi N.Mustafayeva

Mövzuya uyğun