Ferens Listin fortepiano yaradıcılığının səciyyəsi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
AMK-nın baş müəllimi
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT +786
FERENS LİSTİN FORTEPİANO YARADICILIĞININ SƏCİYYƏSİ
Xülasə: Məqalə dahi macar bəstəkarı, pianoçusu, dirijoru Ferens Listin həm bəstəkarlıq, həm də ifaçılıq baxımından gətirdiyi novator cəhətlərindən bəhs edir. List fortepiano musiqisi sahəsində yeni bəstəkarlıq üsullarının, yeni ifadə vasitələrinin yaradıcısı və fortepianoya simfonik səslənmə gətirmiş bəstəkar olub. Onun miqyasca nəhəng fortepiano irsi müxtəlif janrları əhatə edir: parafrazlar, transkripsiyalar, etüdlər, sonatalar, rapsodiyalar, fortepiano konsertləri, “Səyahət illəri” məcmuəsindətoplanmış fortepiano pyesləri və s. Bütün bu janrlar barədəməqalədəgeniş informasiya verilir.
Açar sözlər: Fortepiano yaradıcılığı, konsertlər, janr, instrumental musiqi
F.List XIX əsrin ən qüdrətli sənətkarlarındandır. Macar xalqının dahi oğlu F.Listin musiqi tarixində çox parlaq yeri var. List hərtərəfli istedada, bacarığa malik bəstəkar, dahi pianoçu, son dərəcə fəal ictimai xadim, dirijor və pedaqoq kimi məşhur olub. Əfsanəvi ifaçı kimi List bütün çıxışlarında parlaq qələbə çalırdı. O,dahi virtuoz kimi şöhrət qazanmışdı. F.List həmçinin proqramlı musiqi sahəsində, musiqi dilinin zənginləşməsində, musiqi formalarının təkmilləşməsində böyük novatordur. O, həm bəstəkarlıq, həm də ifaçılıq sahəsində olduqca cəsarətli yeniliklər etmişdir.
F.List başlıca olaraq simfonik musiqi və fortepiano musiqisi sahəsində fəaliyyət göstərmiş, hər iki sahədə eyni dərəcədə çox böyük nailiyyətlər qazanmışdır. F.Listin adı ilə fortepiano musiqisində yeni dövr açılır. Bəstəkarın fortepiano əsərləri onun yaradıcılıq irsinin ən görkəmli hissəsini təşkil edir. Bu ilk növbədə Listin ifaçılığı ilə əlaqədardır. Ona görə də məhz fortepiano musiqi sahəsində o, yeni ifadə vasitələri, yeni kompozisiya metodları aşkara çıxarır. Bəstəkar alətin bütün registr imkanlarından, registr qarşılaşdırmalarından, akkordlu treldən, ikili notlardan ibarət pasajlardan və s. geniş istifadə edir.
F.Listin həyatında fortepiano yaradıcılığı qanunauyğun formalaşma, olduqca real təşəkkül tapmış və inkişaf prosesi keçirmişdir. Hələ gəncliyində List fortepianoda orkestri təqlid etməyi sevirdi. Onun ən böyük nailiyyəti də fortepianoya orkestr əhəmiyyəti verməsi, fortepianonu simfonikcəsinə şərh etməsindən ibarətdir. F.Listin həcm etibarilə böyük olan fortepiano yaradıcılığında müxtəlif janrlar təqdim olunub: parafrazlar (başqa bəstəkarların əsərlərinin mövzularına sərbəst fantaziya), transkripsiyalar (simfonik, orqan, vokal əsərlərinin fortepiano üçün işləməsi), etüdlər, çox vaxt silsilədə birləşən proqramlı pyeslər, sonatalar, rapsodiyalar.
List fortepiano yaradıcılığına parafrazlarla başlayıb. Operaların mövzularına parafrazlar 1820-30-cu illərdə pianoçular arasında geniş yayılmışdı. Lakin bəzi musiqiçilərin ifasında belə əsərlər çox vaxt məzmunsuz, dinləyicini yalnız virtuoz pasajlarla heyrətə gətirən pyeslərə çevrilmişdi. List də əvvəlcə bu yolla gedirdi. Lakin tezliklə o, qarşısına başqa, daha yüksək məqsədlər qoyur. Bəstəkarın Motsart, Veber, Rossini, Bellini, Meyerber, Quno, Vaqner, Verdinin opera melodiyalarına fantaziyaları klassik və başlıca olaraq müasir incəsənəti təbliğ edirdi. List elə musiqi obrazları seçirdi ki, onlar həmin operanın bədii-ideya fikrini açmağa kömək edirdi. Məsələn, Motsartın “Don Juan” operasına müraciət edərək öz fantaziyasını Komandor və Don Juanın mövzularının qarşılaşdırılması üzərində qurur. “Riqoletto” operasının parafrazının əsasını isə məşhur kvartet təşkil edir ki, onun musiqisində sanki opera qəhrəmanlarının taleləri uzlaşdırılır. Bundan başqa, List o dövrdə hələ az məşhur olan operaların ayrı-ayrı səhnələrini də fortepiano üçün işləmişdir. Məsələn, Vaqnerin “Uçan Hollandiyalı”, “Tangeyzer”, “Tristan və İzolda”, “Leonqrin”, “Nibelunqların üzüyü”, “Meysterzingerlər”, “Parsifal”; Verdinin “Lombardlılar”, “Trubadur”, “Aida”; Qunonun “Faust”; Qlinkanin “Ruslan və Lüdmila” (Çernomorun marşı); Çaykovskinin “Yevgeni Onegin” (Polonez) operalarını göstərmək olar (1, s.200).
F.Listin fortepiano transkripsiyaları da həmin məqsədə – dünya musiqi mədəniyyətinin ən yaxşı nümunələrinin təbliği məqsədinə xidmət edir. Onların əhəmiyyəti çox böyükdür. Bir tərəfdən həmin transkripsiyalar əsl bədii işləmələr üçün yol açmış; digər tərəfdən fortepianonun imkanlarını zənginləşdirmiş, onun bu vaxta kimi məlum olmayan orkestr effektlərini aşkara çıxarıb.
F.Listin transkripsiya sahəsindəki cəsarətli işləri H.Berlioz və L.V.Bethovenin bütün simfoniyaları və C.Rossini, K.M.Veber, R.Vaqner, H.Berliozun bir çox opera üvertüraların fortepiano üçün köçürməsində daha qabarıq şəkildə özünü göstərir.
List dahi İ.S.Baxın da orqan əsərlərini – 6 prelüd və fuqa, bəstəkarın məşhur g-moll fantaziya və fuqası, eləcə də digər əsərlərini fortepiano üçün işləmişdir. Baxın əsərlərini işləməklə List fortepianoda həm orkestr, həm də orqan çalğı alətinin səslənmə effektlərinə nail olub (1, s. 201). Bütün parafraz və transkripsiyaların ən böyük əhəmiyyəti fortepiano fakturasının çoxtəbəqəli, çoxlaylı olmasındadır.
F.List bütün yaradıcılığı boyu etüd janrına böyük diqqət yetirmişdir. F.Şopen kimi List də etüdü əsl konsert janrına çevirərək onun bədii-obraz məzmununu dərinləşdirmişdir. Hələ gənclik illərində List bütün major və minor qammalarında 48 etüd yazmaq fıkrinə düşmüşdü. Bəstəkar onlardan yalnız 12 etüdü yaratmış və həmin etüdlər üzərində uzun müddət yaradıcılıq işi aparmışdır.
1851-ci ildə həmin 12 etüdün III nəşrini yaratmış “Yüksək ifaçılıq sənətkarlığı etüdləri” adı altında çap etdirmişdir. Həmin 12 etüddən 10-u proqramlı ada malikdir (“Prelüdiya”, “Peyzaj”, “Mazepa”, “Bataqlıq alovu”, “Xəyal”, “Qəhrəmanlıq”, “Çöl ovu”, “Xatirə”, “Axşam harmoniyası”,“Çovğun”) (1, s.203). Ümumiyyətlə, Listin 12 etüdü özlərinin texniki üsulları və məzmunlarına görə bir-birindən çox fərqlənir. Həmin etüdlərdə List fortepiano texnikasının 4 əsas növünü yaratmışdır: l) Oktavalar və akkordlar; 2) Tremolo; 3) İkili notlar; 4)Qamma və arpeciolar.
F.Listin daha bir etüdlər məcmuəsi onun ustad violin çalan, italiyalı Paqanininin ifaçılığına olan marağı ilə əlaqədar yaranıb. Məcmuə “Paqanini tərzində böyük etüdlər” adlanır. Bəstəkar bu etüdlərdə Paqanininin bitkin çalğı texnikasını nümayiş etdirmək istəmişdi. Bu etüdlər içərisində №3 Kampanella, №6 a-moll ən məşhurlarıdır və hər ikisi variasiya formasında yazılıb (3, s.51).
Adlarını çəkdiyimiz iki məcmuədən başqa, Listin başqa proqramlı etüdləri də var. Etüdlər əhəmiyyətli məzmuna malikdir: “Meşənin səsi” etüdündə romantiklərin sevdiyi təbiət obrazları, “Cırtdanların yallısı” etüdündə isə nağıl-fantastik obrazlar verilmişdir.
F.List bütün yaradıcılığı boyu musiqidə mənzərəçiliyə, təsvirçiliyə də müəyyən meyl göstərib. Onun məşhur “Səyahət illəri” əsəri fortepiano pyesləri bəstəkarın təbiətdən, rəssamlıq və heykəltəraşlıqdan, oxuduğuədəbiəsərlərdənaldığıtəəssürat əsasında yazılıb. Proqramlı və orijinal bu silsilə əsəri olan “Səyahət illəri”ndə toplanan pyeslər musiqili lövhələrdir, Listin səyahət illərinin musiqi gündəliyidir. Onun İsveçrə və İtaliyaya səyahəti ilə bağlı bu proqramlı pyeslərdə vahid süjet deyil, müəyyən lövhələr verilir. Məsələn, İsveçrə illəri lirik təsvirdə verilir, İtaliyanın təsviri isə təsviri sənət və bədii ədəbiyyat lövhələri əsasında yaranıb. Listin yeniliyi onda idi ki, ona qədər heç kəs incəsənət obrazları üzrə əsər yaratmamışdı.
“Səyahət illəri” məcmuəsi 3 hissədən ibarətdir. Bu hissələrdə toplanan pyeslər müxtəlif illərdə yazılıb. I hissədəki pyeslər 30-cu illərin əvvəlində bəstələnib və 1855-ci ildə çap olunub. Bu hissədə 9 pyes var. Onların əksəriyyəti bəstəkarın İsveçrə təbiətindən aldığı zəngin təəssüratı əsasında yazılmışdır. Onların bir qismi insanı valeh edən təbiəti təsvir edir. Məsələn, “Valenştad gölündə”, “Bulaq başında”, “Cenevrə zəngləri”. Bir qismi dağlarda çobanların həyatını təsvir edir. Məsələn, “Pastoral”, “Vətən həsrəti”. Burada coşqun, həyəcanlı xarakterli pyeslər də var. Məsələn, “Tufan”, “Vilhelm Tel Kilsəsi”. Məcmuənin mərkəzi “Oberman vadisi” pyesidir (1, s. 205).
II hissədə toplanan pyeslər 1838-1858-ci illərdə yazılıb. Burada 7 pyes toplanıb. Bu pyeslər İtalyan rəssamlığı, heykəltəraşlığı və ədəbiyyatdan alınan təəssürat əsasında yazlılıb. Bura daxil olan pyeslər öz əhvali–ruhiyyəsinə görə sıx surətdə daha dərin, ifadə vasitələrinə görə daha mürəkkəbdir. Pyeslər bir-birilə təzad təşkil edir. Rəssam Rafaelin rəsmi üzrə –“Nişanlanma”, heykəltəraş Mikelancelonun heykəli üzrə –“Mütəfəkkir heykəli” pyeslərdən biri lirik, digəri isə matəm marşı xarakterindədir (1, s. 206).
“Petrarkanın 3 Soneti” məcmuənin lirik zirvəsidir və sanki İntibah dövrünün İtaliya şairi Petrarkanın məhəbbət lirikası, poeziyası ilə bağlı İtaliya romansıdır. Mövzu sanki variasiyali inkişafda verilən məhəbbət etirafıdır. Şeirlə Listin pyesi fərqlənir. Listin coşğun ehtiraslı pyesində Petrarkanın şeirindəki ümidsizlik yoxdur.
Məcmuə “Danteni mütaliə edəndən sonra” fantaziya-sonatası ilə tamamlanır. Sonata birhissəlidir, sanki fortepiano üçün simfonik poemadır (d-moll). Dantenin “İlahi komediyası”nın obrazları ilə bağlıdır. Qaranlıq cəhənnəm lövhələri fonunda məhəbbət hissləri, İntibah dövrünün ruhu öz əksini tapır.
Bu məcmuəyə əlavə olaraq, bəstəkar “Venesiya” və “Neapol” başlığı altında daha 3 pyes daxil edib: “Kantsona”, “Tarantella”, “Qondolyera”. “Tarantella” (İtaliya xalq rəqsi) əsil Neapolitan xalq mahnısı əsasındadır. Burada sanki İtaliyada xalq şənliyi təsvir edilir. Bu illərdə List, hətta belə bir fikir söylənmişdi ki, dahi İtaliya rəssamı Rafael və İtaliya heykəltəraşı Mikelancelo Motsart və Bethoven musiqisini dərk etməkdə bəstəkara kömək ediblər (1, s. 207).
“Səyahət illəri”nin III hissəsində toplanan pyeslər 1867-77-ci illərdə yazılıb. Bu hissə 7 pyesdən ibarətdir. Burada List, yenə də təbiət mövzusuna toxunaraq bu dəfə artıq təbiətin kədərini təsvir etməyə çalışmışdır. Ona görə də bu məcmuədə ümidsizlik və iztirab hissləri üstünlük təşkil edir. Listin həyatının həyəcanlı dövrü ilə bağlıdır. Əgər I və II hissədə romantik kədər hökm sürürdüsə, III hissədə kədər və məyusluq hakimdir, təbiət kədərli boyalarla verilir. Bu təbiət artıq insana sakitlik gətirmir, ölüm haqqında fikir oyadır (Matəm marşı).
F.Listin fortepiano əsərləri içərisində 2 sonatası mühüm yer tutur. Onlardan birincisi “Danteni mütaliə edəndən sonra” adlanır. Qeyd etdiyimiz kimi, bu fantaziya-sonata “Səyahət illəri”ninII hissəsinin sonunda verilib. Bəstəkarın hər 2 sonatası simfonik poema ruhunda yazılıb. Adi sonata silsiləsi bu 2 əsərdə birhissəli kompozisiya ilə əvəz olunub. Lakin onların birhissəli quruluşunda müstəqil bölmələr vardır ki, bu da həmin sonataları klassik silsiləli formaya yaxınlaşdırır. Bəstəkarın məşhur h-moll sonatası böyük alman şairi Hötenin “Faust” əsərinin təsiri altında yazılıb. Bu sonata bəstəkarın “Faust” simfoniyasının obrazlarına çox yaxındır.
F.Listin fortepiano əsərləri içərisində I və II konsertləri (A-dur, Es-dur) əhəmiyyətli yer tutur. Bəstəkarın fortepiano konsertləri birhissəlidir. Onlarda üçhissəlilik əlamətləri də mövcuddur. Həmin əsərlərdə fortepiano partiyası ilə orkestr partiyası eyni dərəcədə virtuoz, zəngin və mürəkkəbdir (2, s. 147).
Sonataların fəlsəfi məzmunundan fərqli olaraq Listin “19 Macar rapsodiyaları” çox dinamik, təzadlı və parlaqdır. Onların əsasında folklor mənbələri durur. Bəstəkar bu əsərləri doğma xalqının həyatından, mübarizəsindən, zəngin yaradıcılıq irsindən aldığı təəssürat əsasında yaradıb. List instrumental rapsodiya janrının banisi hesab olunur. Doğrudur, ona qədər Çex bəstəkarı V.Tomaşek fortepiano üçün rapsodiyalar yazmışdı. Lakin List rapsodiyalara başqa məna verir. Rapsodiya adı altında o, parafraz üslublu virtuoz əsər nəzərdə tuturdu ki, burada opera melodiyaları əvəzinə xalq mahnı və rəqs motivlərindən istifadə olunur. Rapsodiyalar macar və qaraçı havalarının kiçik işlənmələri olub, əsl milli əsərlərdir. Bunlar xalq həyat lövhələridir. Rapsodiyalar improvizasiya xarakterlidir, sərbəst ifa edilir. Bu da macar qaraçılarının ifa tərzi ilə bağlıdır. Fortepianoda qaraçı aləti simbolanın çalğı üslubu təqlid edilir. Rapsodiyalar Macarıstanda milli müstəqillik uğrunda mübarizə dövründə yaranıb. Əsl vətənpərvərlik antologiyasıdır. Rapsodiyalarda müxtəlif xarakterli mövzular variasiya üslubu ilə inkişaf etdirilir (1, s. 211).
Rapsodiyalarda milli macar rəqsi “Verbunkoş” və “Çardaş” əsəri özünü göstərir. “Verbunkoş” rəqsi Macarıstanda yadelli işğalçılara qarşı üsyanın rəhbəri Rakolenin yürüşləri zamanı yaranan hərbi rəqsdir. 2/4 ölçüdə qurulan bu rəqs üçün melodik dönmələr, ornamentdən geniş istifadə səciyyəvi xarakter daşıyır.
Listin rapsodiyalarının forması da özünəməxsusdur. Onlar yavaş və cəld templi bölmələrin təzadlı qarşılaşdırmasına əsaslanır. I bölmə adətən improvizasiya, II bölmə isə variasiya tərzində yazılıb. Yavaş hissələrin musiqisi məğrur, mərd, epik, bəzən reçitativ xarakteri daşıyır. Rapsodiyaların cəld hissələri isə xalq şənliyini, odlu çardaş rəqsinin mənzərəsini yaradır.
F.List həm dahi bəstəkar, həm də fortepiano ifaçısı kimi musiqinin sonraki inkişafına güclü təsir göstərıb. Ümumiyyətlə, Listin bu əsərləri Avropa klassik və romantik musiqisinin nailiyyətləri ilə zəngindir. Elə bu nailiyyətlərə görə List ilk dəfə macar musiqisini ümumavropa miqyasına çıxarmışdır. Listin fortepiano musiqi yaradıcılığı indi də böyük heyrət, maraq doğururvə ciddiyyətlə öyrənilir.
ƏDƏBİYYAT:
- М. Друскин — «История зарубежной музыки». 4 выпуск. M.: Музыка, 1967
- Б.В. Левик — «Музыкальная литература зарубежных стран» 4выпуск. M.: Музыка, 1970
- Ş.Həsənova – “Musiqi tarixindən mühazirələr”, I hissə, B.: 2008
Старший преподаватель АНК
ХАРАКТЕРИСТИКА ФОРТЕПИАННОГО ТВОРЧЕСТВО Ф.ЛИСТА
Резюме
В статье указаны новаторские качества гениального венгерского композитора, пианиста и дирижера Ференца Листа, как в композиторском, так и в исполнительском направлении, новые средства выражения Листа в области фортепианной музыки, выявление новых методов композиции и симфоническое звучания фортепиано.
Крупное по своему масштабу фортепианное творчество охватывает различные жанры: парафразы, транскрипции, этюды, сонаты, рапсодии, фортепианные пьесы, собранные под названием «Годы странствий», концерты для фортепиано с оркестром и т.д. В статье представляется широкая информация об этих жанрах.
Ключевые слова: Фортепианное творчество, концерты, жанр, инструментальная музыка
Senior Lecturer of ANC
CHARACTERIZATION OF FRANZ LISZT’S PIANO CREATIONS
Summary
Great Hungarian composer, pianist and conductor Franz Liszt’s innovative features both in composer and performance field, his new expression means in the piano music field, revealing new composing methods and symphonycsound performance in piano was mentioned in the article.
Plenty of piano creations cover various genres: paraphrases, transcriptions, etudes, sonatas, rhapsodies and piano pieces which are collected under the title of “Years of Pilgrimage”, concerts for piano with orchestra and so on. In the article was provided detailed information on these genres.
Key words: piano music, concerts, genre, instrumental music
Rəyçilər:
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Y. Ş.Seyidova;
sənətşünaslıq doktoru, professor C. İ. Həsənova