AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

GƏNC İFAÇININ UĞURLARI

Tarzən olmaq arzusu ilə yaşayan və bu arzunu ardıcıl gerçəkləşdirən istedadlı ifaçı İbrahim Babayevin ifasını ilk dəfə Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecinin təşkil etdiyi hesabat konsertində dinləmişdik. Konsert 2016-cı il may ayının 6-da Azərbaycan Dövlət Filormoniyasında keçirilirdi və Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuşdu. Həmin gecə şəhərin bu konsert zalında bayram əhvali-ruhiyyəsi hökm sürürdü. Konsertə ali və orta təhsil müəssisələrinin, həmçinin Bakıda fəaliyyət göstərən bir çox musiqi məktəblərinin rəhbər işçiləri, aparıcı müəllimləri və musiqisevərlər dəvət olunmuşdu. Musiqi Kollecinin yekun konsertində fortepiano, simli, nəfəsli, xalq çalğı alətləri, həmçinin vokal siniflərində təhsil alan tələbələr çıxış edirdi. Onun proqramı isə Qərb, rus, Azərbaycan bəstəkarlarının əsərləri əsasında tərtib edilmişdi. Ən maraqlısı da o idi ki, hər bir iştirakçı təqdim etdiyi əsəri Rauf Abdullayevin bədii rəhbər və baş dirijor olduğu Ü.Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin müşaiyəti ilə ifa edirdi. İştirakçılar içərisində öz fərqli çıxışı ilə seçilənlərdən biri Musiqi Kollecinin “Xalq çalğı alətləri” şöbəsində təhsil alan dördüncü kurs tələbəsi İbrahim Babayev idi. Digər iştirakçılardan fərqli olaraq dinləyicilər onu, çıxışının sonunda deyil, məhz çaldığı konsertin “kadensiya”sının ifası zamanı alqışlayırdı. Bu da onun nümayiş etdirdiyi  bacarıq və qabiliyyət, məharətli çalğısı ilə əlaqədar idi.

İbrahim Babayev 1997-ci ildə Bakıda anadan olub. Atası həkim, anası isə riyaziyyatçıdır. Valideynlərinin arzusu övladlarına öz peşələrinin sirlərini öyrətmək, onu öz davamçıları kimi yetişdirmək deyildi. Onların yeganə istəyi İbrahimi pianoçu kimi görmək idi. Elə bu istək və arzu ilə əlaqədar İbrahim Bakının Biləcəri qəsəbəsində yerləşən Fikrət Əmirov adına 6 saylı  uşaq İncəsənət məktəbinin fortepiano sinfində musiqi dərsləri almağa başlayır. Onun adı tez-tez məktəbin fəal, istedadlı şagirdləri sırasında çəkilir. Lakin ailənin yaxın dostu, gözəl tarzən, Respublikanın Əməkdar artisti Ələkbər Ələkbərovun hədiyyə etdiyi tar aləti İbrahimin musiqi məktəbindəki fortepiano dərslərinin sakit axınını pozur, məcrasını dəyişir. O, hədiyyə edilmiş tarda çalmağı öyrənməyə başlayır. Tədricən bu ötəri həvəs onda ciddi məşğuliyyətə çevrilir, meylini saldığı, sevdiyi bu alətdə saatlarla çalmaqdan, məşğul olmaqdan zövq alır. Nəhayət, o, 6 saylı İncəsənət məktəbindəki təhsilini fortepiano üzrə deyil, tar sinfində davam etdirir. İbrahim məktəbin müxtəlif tədbirlərində, hər tədris ilinin sonunda keçirilən yekun konsertlərində iştirak edir, yaddaqalan ifası ilə seçilir, musiqi istedadı və fərqli çalğısı ilə hamının diqqətini cəlb edir. Belə konsertlərin birində o, Azərbaycan Respublikasının xalq Artisti Teymur Göyçayevin rəhbərlik etdiyi orkestrin müşaiyəti ilə Vasif Adıgözəlovun “Laylay” əsərini ifa edir.

2012-ci ildə isə İ.Babayev Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecinə daxil olur. O, muğam dərslərini adı Azərbaycanın musiqi ictimaiyyətinə çox yaxşı tanış olan gözəl tarzən, Azərbaycan Respublikasının xalq artisti, professor Ağasəlim Abdullayevin sinfində keçir, ixtisas dərslərini isə Azərbaycan Respublikasının əməkdar artisti Ələkbər Ələkbərovdan alır. Müəllimlərinin səyi, özünün hədsiz zəhmətsevərliyi nəticəsində o, tədricən muğam sənətinin ecazkar aləminə daxil olur, tar alətinin geniş imkanlarını mənimsəməyə başlayır. Elə birinci kurs tələbəsi ikən İbrahim respublikada keçirilən müxtəlif müsabiqələrdə çıxış edir. O, 2012-ci ildə Ümummilli Lider Heydər Əliyevin 90-illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Gənc  ifaçıların ikinci Respublika müsabiqəsi”ndə iştirak edir, yüksək ifa səviyyəsinə görə birinci yerə layiq görülür. Növbəti, 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Milli musiqi alətləri ifaçılarının Bülbül adına ikinci Respublika müsabiqəsi”ndə də o öz ifası ilə seçilərək yenə birinci yerə layiq görülür. Elə həmin ildə o, Azərbaycan Respublikasi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən üçüncü Respublika müsabiqəsində yüksək səviyyəli çıxışı ilə diqqəti cəlb edir və birinci dərəcəli diplomla təltif olunur. Həmin müsabiqədə münsiflər heyətinə sədrlik edən tanınmış tarzən, Azərbaycan Respublikasının xalq artisti Ramiz Quliyev onun ifasını çox bəyənir. O, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-in (AZTV) tərkibində fəaliyyət göstərən Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının rəhbəri Adil Bağırova İ.Babayev haqqında geniş məlumat verir, həmin  ansamblda birinci tar vəzifəsində çalışmasını məsləhət görür. R.Quliyevin təqdimatı ilə ansambla qəbul edilən İbrahim bu günə kimi həmin ansamblda çalışır və onun  konsert proqramlarında fəal iştirak edir.

Bununla yanaşı İ.İbrahim təhsil illərində Musiqi Kollecində keçirilən konsertlərdə, hətta dövlət tədbirlərində çıxış edərək görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini ifa edir. Bu konsertlərdə onun ifasında F.Əmirovun “Laylay”, Niyazinin “Arzu”, C.Cahangirovun  “Ana” və başqa əsərləri səslənirdi. Konsertlərdə o, nəinki kiçik, həmçinin iri həcmli əsərlərlə də çıxış edirdi. Belə ki, o, Azərbaycan Respublikasının xalq artisti, professor  T.Bakıxanovun tar və orkestr üçün yazdığı 1 saylı konsertini, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə Azərbaycan Respublikasının xalq artisti H.Xanməmmədovun  tar ilə orkestr üçün yazdığı 2 saylı konsertinin birinci hissəsini ifa edir.

Solo çıxışları ilə yanaşı yeniyetmə konsert salonlarında instrumental trionun tərkibində müxtəlif muğam müsabiqələrində iştirak etmiş gənc xanəndələri – Məxtun Məmmədov, Xəqani Niftəliyev, Vüqar Əliyev, Fərid Əliyev və başqalarını müşaiyət edirdi. Beləliklə, o, solo ifaçı, həmçinin müşaiyətçi kimi çıxış etdiyi hər bir konsertdə tədricən püxtələşir, ifa tərzini kamilləşdirirdi.

ibrahim-sekil-1

İbrahim Babayev müəllimi, Azərbaycan Respublikasının əməkdar artisti

Ələkbər Ələkbərovla.

2014-cü ildən başlayaraq İbrahim beynəlxalq müsabiqələrdə iştirak etməyə başlayır. Belə ki, həmin ildə o, Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən “Ana Yurdun Ahəngləri” beynəlxalq müsabiqəsində iştirak edir. Müsabiqənin birinci mərhələsində o, rus bəstəkarı M.Qlinkanın “Ruslan və Lüdmila” operasından “Uvertüra”nı, istedadlı Azərbaycan bəstəkarı A.Bəbirovun “Konsert pyesi”ni təqdim edir.  İkinci mərhələdə isə o, “Orta Mahur”  muğamını və müsabiqənin proqramına daxil olan Özbək bəstəkarı A.Nazarovun “Fəsli bahar” adlı əsərini Özbəkistanın Xalq Çalğı Alətləri Orkestrinin müşaiyəti ilə ifa edir. Azərbaycan ifaçısı “laureat” adını qazanır, həmçinin ikinci yerə layiq görülür.

2015-ci ildə isə İ.Babayev artıq yeni, ABŞ-ın Nyu-York şəhərində keçirilən “Amerikan Protege İnternational Competition” adlı Beynəlxalq müsabiqədə iştirak edir. Bu müsabiqə ilk dəfə keçirilirdi. Onun təşkil edilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan gənc istedadları üzə çıxarmaq, onların bu sahədəki fəaliyyətini göstərmək və dəstək olmaq idı.

Müsabiqədə müxtəlif ölkələrdən olan gənc musiqiçilərlə (pianoçular, simli, nəfəs aləti ifaçıları, vokalçılar) yanaşı Azərbaycan tarzəni də iştirak edirdi. Müsabiqə iki yaş qrupu üzrə keçirilirdi. Birinci qrupda 6-18 yaş arasında olan istedadlı uşaqlar və gənclər, ikincidə isə yaşı on səkkizi ötmüş peşəkar musiqiçilər yarışırdılar. Müsabiqənin baş tutması, ərsəyə gəlməsi üçün iştirakçıların ifaları canlı deyil, məhz səsyazma şəklində dinlənilirdi. Müsabiqədə yalnız 29 nəfər müxtəlif  yaş və alətlər qrupu üzrə qalib adına layiq görülmüşdür.

İ.Babayev müsabiqədə Azərbaycanı təmsil edən yeganə iştirakçı olsa da Azərbaycan ifaçılıq sənətini yüksək səviyyədə təmsil edir. O, müsabiqəyə İspan bəstəkarı və skripka ifaçısı Pablo de Sarasatenin məşhur “Qaraçı havaları” ilə qatılmış və birinci yerə layiq görülmüşdür. Müsabiqənin təşkilatçıları tərəfindən  o, Nyu-Yorkda keçirilən, qaliblərin canlı ifaları əsasında təşkil edilən yekun konsertinə xüsusi dəvət alır.

2016-cı ilin uğurlarından biri İbrahimin Musiqi Kollecini bitirərək ali məktəbə, Azərbaycan Milli Konservatoriyasına daxil olması ilə əlaqədardır. Hal-hazırda o, bu təhsil oçağının tələbəsidir, muğam dərslərini Respublikanın Əməkdar artisti Ələkbər Ələkbərovun rəhbərliyi altında keçir, ixtisas üzrə isə dosent Səbuhi Cəfərovun sinfində oxuyur. O, tələbə orkestrında  çalmağa başladığı elə ilk gündən onun rəhbəri və dirijoru tərəfindən orkestra konsertmeystr təyin edilmişdir.

İ.Babayevin adı artıq peşəkar tarzənlər, həmçinin yetişən tar ifaçılarına bəllidir. Ümüdverici, istedadlı gənc əldə etdiyi bu nailiyyətləri ilə heç də kifayətlənmir, məmnunluq duymur, o, yeni yüksəkliklərə can atır, yeni zirvələri fəth etməyə çalışır. Budur, 2016-cı ilin 14-21 noyabrında İ.Babayev Daşkənddə keçirilən “Ana Yurdun Ahəngləri” adlı II Beynəlxalq müsabiqədə çıxış edir. Həmin müsabiqəyə 405 iştirakçı qatılmışdı. Onlar Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Rusiya, Azərbaycan, İran və digər ölkələri təmsil edirdilər. İbrahim simli-mizrablı alətlər qrupunun böyük yaşlılar dəstəsində yarışırdı ki, burada da əlliyə yaxın iştirakçı var idi. Müsabiqə iki mərhələdən ibarət idi. Birinci mərhələdə o, F.Əmirovun “Sevil” operasından Balaşın ariyasını, həmçinin əsərlərini sevə-sevə dinlədiyimiz T.Quliyevin “Qaytağı” və Pablo de Sarasatenin “Qaraçı havaları” nı ifa edir. İkinci mərhələdə isə İ.Babayev ifa eydiyi mütləq əsər özbək bəstəkarı  N.Narxojayevin yazdığı  “Novruz ifolisi” idi. Azərbaycan ifaçısı bu əsəri Özbəkistanın Xalq Çalğı alətləri orkestrinin müşaiyəti ilə ifa edir (Orkestrin bədii rəhbəri və baş dirijoru Firuzə  Əbdürəhmanova idi). Onu da qeyd etməliyik ki, İ.Babayev ikinci mərhələdə ifasına bir qədər yaradıcı yanaşmış, “Novruz ifolisi” əsərindən öndə “Rast” muğamının “Əraq” şöbəsini əlavə olaraq ifa etmişdir. Müsabiqədə İ.Babayevin ifası münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmiş və o birinci yerə layiq görülmüşdür.

ibrahim-sekil-2

2016-cı ilin noyabrında Daşkənddə keçirilən “Ana Yurdun Ahəngləri” adlı İkinci Beynəlxalq Müsabiqədə  İ.Babayevin Özbəkistanın xalq çalğı alətləri orkestrinin müşaiyəti ilə  çıxışi.

2017-ci ilin mayın 3-də isə İbrahim Babayevin daha bir maraqlı layihəsinin şahidi olduq. “Musiqili səyahət” adı altında reallaşmış konsert-layihədə yüksək professionallıqla seçilən əsərlər səhnələşdirilmiş ssenari əsasında qurularaq məntiqi şəkildə bir-birini əvəz edirdi. “Tam fərqli – qədimlik, klassika, müasirliyin təcəssümü” epiqrafı altında düzənlənən konsertin əsas mahiyyəti odur ki, şərti olaraq Avropanın müxtəlif ölkələrinə səyahət edən ifaçılar həmin ölkənin tanınmış bəstəkarlarının əsərləri ilə çıxış edirdi. İfaçının öz xəyallarında baş verənləri, onun Almaniya, İtaliya, Polşa, İspaniya və Rusiyaya səyahətini tamaşaçılar  vidiogörüntü və slaydlarda müşahidə edirdi. Proqramda bir çox əsərlər tar üçün işlənmiş variantda ilk dəfə ifa edildi. Konsertin ideya müəllifi, AMK-nın aparıcı konsertmeysteri Svetlana Əhmədovanın da rolu xüsusi qeyd olunmalıdır. Fəal konsert fəaliyyətində olan Svetlana Əhmədova öz səhnə təçrübəsini İbrahim Babayevlə daim bölüşür. Konsertdə ilk dəfə ifa edilən bəzi əsərlərin tar üçün işləməsi Svetlama Əhmədovaya, tar partiyasının redaktəsi Səbuhi Cəfərova məxsusdur. Bu cür maraqlı tərtibatda təqdim edilmiş konsert-layihə dinləyicilərin xüsusi marağına səbəb oldu. İfaçılıq yolunun astanasında maraqlı layihələrlə çıxış edən İbrahim Babayevin gələcək sənətində böyük uğurları və yüksək nəaliyyətlərini görmək arzusundayıq.

İradə HÜSEYNOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

AMK-nın baş müəllimi

Mövzuya uyğun