Qədim mədəni telləri bərpa edərək…
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 3 (45)
QƏDİM MƏDƏNİ TELLƏRİ BƏRPA EDƏRƏK…
Çin Mərkəzi Konservatoriyasının dəvəti ilə Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi ilə birlikdə bu ilin aprel ayında Pekində keçirilən “Kəmər və yol” boyu Musiqi Təhsili Alyansının II konfransı və İpək Yolu Musiqi Festivalında iştirak etdik. Bu ad altında həyata keçirilən nəhəng iqtisadi təşəbbüs 70-ə yaxın ölkədə yaşayan dünya əhalisinin 60%-ini əhatə edir və qarşıya 2049-cu ilə qədər geniş fəaliyyət məqsədləri qoyur. İnfrastruktur, sərmayələr, iqtisadi inkişaf məsələləri ilə yanaşı təhsil və mədəniyyət sahəsində sıx əlaqələrin və regional mübadilənin qurulması və inkişafını nəzərdə tutur. Həmin ölkələr tarixən tanınan Böyük İpək Yolu boyu yerləşən ərazilərə aiddir və onların içərisində Azərbaycan da vacib yer tutur. Bu mənada musiqi təhsili və təbliği sahəsində əlaqələrin qlobal miqyasda bərpa edilməsi və müasir müstəvidə təşkili Çin həmkarlarımızın qarşısında duran irimiqyaslı və uzunmüddətli bir vəzifədir.
Dünyanın rəngarəng musiqi palitrası bir neçə günlük festivalın proqramında öz əksini tapmışdı – dünyanın müxtəlif ölkələrindən ənənəvi musiqi kollektivləri öz sənətini bir neçə meydançada nümayiş etdirdi. Festivalın ən yaddaqalan tamaşalarından biri isə Cakomo Puççininin “Turandot” operasının ev sahibliyi edən konservatoriyasının rektoru, tanınmış dirijor Yu Fen-in rəhbərliyi altında bu musiqi ocağının orkestr və xorun müşayiəti ilə tələbə və məzunların ifasında onlarla ölkədən toplaşan qonaqlara təqdim olunması oldu.
Üç gün davam edən konfransda Rektorların Zirvə Toplantısı başlığı altında bir neçə mövzuda məruzələr dinləndi: Musiqi təhsilində resursların paylaşması; Əməkdaşlıq və gələcəyi görmək; Musiqi təhsilində müxtəlif ölkələrin unikal təcrübəsi. Professor Siyavuş Kərimi öz çıxışında dahi Üzeyir Hacıbəylinin təsis etdiyi Şərq və Qərb musiqi sistemini uzlaşdıran unikal musiqi təhsili modeli barədə ətraflı məruzə etdi.
Cahangir Səlimxanov
AMK-nın Beynəlxalq əlaqələr Departamentinin rəhbəri,
əməkdar incəsənət xadimi