AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2019 № 4 (46)

 

Rövşanə BƏHRƏMLİ

AMK-nın II kurs etnomusiqişünas magistr tələbəsi,

Elmi rəhbər professor Akif Quliyev

Email: m.rovshana95@mail.ru

 

İMADƏDDİN NƏSİMI BU GÜN DƏ BİZİMLƏDİR

endir

 

 

PDF

 

 

 

   Adı dünyanın ölməz sənətkarları siyahısında şərəfli yer tutan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən, qüdrətli sənətkar İmadəddin Nəsimi bəşəriyyət üçün zəngin poetik irs qoymuşdur. Müstəsna əhəmiyyətə malik olan bu irs qədim kök­lə­rə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təş­kil edir. Mütəfəkkir şair İmadəddin Nəsimi həmçinin ilk türkdilli divanın müəllifidir.

    Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tut­ma­sı, ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti ilə tarixi-mədəni dəyərlərimizə mü­na­si­bət­də əsaslı dönüş yaratmış, ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağ­lı­dır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nə­siminin anadan olmasının 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına da­xil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Lakin qeyd et­mək lazımdır ki, şairin anadan olmasının 600 illik yubileyi 1969-cu ildə qeyd olunmalı idi. Bunun obyektiv səbəbi vardır. Ulu öndər Heydər Əliyev 1969-cu ilin ikinci ya­rı­sın­da hakimiyyətə gəldiyi üçün Nəsimi kimi görkəmli şairin YUNESKO xətti ilə dün­ya miqyasında yubileyinin keçirilməsinə bir az gec, yəni 1973-cü ildə nail ola bildi. Hə­min dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

      1973-cü ildə ssenari müəllifi İsa Hüseynov, quruluşçu rejissor Həsən Se­yid­bəy­li­nin birgə yaradıcı səyi nəticəsində “Nəsimi” bədii filmi çəkilmiş və nəticədə Azər­bay­can ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılmışdır.

    Yubiley çərçivəsində ölkəmizin paytaxtında Nəsiminin heykəli ucaldılmış, Azər­bay­can Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna şairin adı verilmişdir. Şair və yazıçılarımız bu mövzu ilə əlaqədar bir sıra həm kiçik, həm də iri həcmli əsər­lər ərsəyə gətirmişlər. Belə ki, xalq şairi Habilin “Nəsimi” poeması xüsusi qeyd edil­mə­lidir.

     Nəsimi mövzusunun parlaq təzahürü bəstəkarların yaradıcılığında da əks olu­nub. Nəsimi obrazının təcəssümü mövzusuna müraciət edən XX əsr Azərbaycan mu­si­qi­sinin korifeyləri sırasında ilk növbədə dahi şairin anadan olmasının 600 illik yu­bi­le­yi ərəfəsində “Nəsimi haqqında dastan” vokal-xoreoqrafik poemasını yaradan gör­kəm­li bəstəkar Fikrət Əmirovun adını qeyd etmək lazımdır. O, şairin faciəli taleyi ilə bağ­lı hadisələri real şəkildə canlandırmaq üçün milli bəstəkarlıqda ondan əv­vəl heç kimin müraciət etmədiyi – orkestr musiqisi, rəqs və vokal ifa, həmçinin poetik söz­lə vəhdət təşkil edən yeni bir janr yaratmışdır.

    “Nəsimi haqqında dastan” vokal xoreoqrafik poemanın ilk tamaşası 1973-cü ilin sent­yabrında şairin 600 illik yubileyinin bayram edildiyi günlərdə Azərbaycan Opera və Balet Teatrında baş tutur. Əsər dirijor Nazim Rzayev, rəssam Toğrul Nə­ri­man­bə­yov, baletmeyster Nailə Nəzirova tərəfindən tamaşaya qoyulub. Baş rolları tanınmış artist­lər Vladimir Pletnyov və Çimnaz Babayeva ifa etmişdir. Əsər ikinci dəfə Moskva şə­hərində Böyük Teatrda YUNESKO-nun iştirakı ilə şairin 600 illik yubileyi tədbirləri çər­çivəsində nümayiş etdirilib. Yüksək bədii dəyərə malik bu əsər Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

    “Nəsimi haqqında dastan” poeması Orta Əsrlər milli-bədii mənəvi mədəniyyətin dahi nümayəndəsinə münasibətin XX əsrin yaradıcı ziyalılarının ilham mənbəyi kimi tə­zahürü idi. Belə ki, bu əsərlə yanaşı digər görkəmli bəstəkarlarımız da həmin illərdə dahi şairin obrazını təcəssüm etdirən bir sıra musiqi əsərləri yaradır və konsert proq­ram­larında ifa olunur. Bu əsərlərə Cahangir Cahangirovun üçhissəli “Nəsimi” kan­ta­ta­sı­nı, Azər Rzayevin orkestr, bas-tar və şeir ifası üçün Nəsimi simfonik poemasını, elə­cə də Əziz Əzizlinin eyniadlı simfonik poemasını misal göstərmək olar.

    Görkəmli bəstəkarımız Tofiq Quliyev 1973-cü ildə “Azərbaycanfilm” kino­stu­di­ya­sında rejissor Həsən Seyidbəylinin lentə aldığı “Nəsimi” tarixi kinofilminə öz dəsti-xət­tinə uyğun gözəl musiqi nömrələri yazıb. Belə ki, bəstəkar dərviş obrazını təcəssüm et­dirmək üçün bir neçə vokal parçalardan istifadə edib. “Qafil oyan”, “İstəmə” vokal par­çaları vasitəsilə dərvişlərin həyat tərzi işıqlandırılımış və bununla da tamaşaçıların diq­qətini o dövrün mühitinə yönəldə bilmişdir. Onu da qeyd edək ki, Tofiq Quliyev Azər­baycan musiqi mədəniyyətində dini ilahilərə müraciət edən ilk bəstəkarımızdır. Kino­filmdə respublikanın xalq artisti Zeynəb Xanlarovanın ifasında səslənən “Söy­lə­di, yox-yox” vokal əsəri nəinki filmin bəzəyi oldu, bu nəğmə həm də ekrandan kənara çıxaraq estrada səhnəsinə gəldi və bir çox müğənnilərin repertuarında yer tutmağa başladı.

   Ulu Öndərimiz Heydər Əliyevin müdirik siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi, dahi şairin həyat və yara­dıcılığının öyrənilməsi, onun şəxsiyyəti və poeziyasına marağın dirçəlməsində yeni mərhələyə çevrildi. Şairin 650 illik yubileyi ilə əlaqədar bir çox silsilə tədbirlər həyata keçirilmişdir.

    Dahi şairin əzəmətli obrazı Azərbaycanın xalq artisti, bəstəkar Firəngiz Əli­za­də­nin yaradıcılığında da xüsusi yer tutur. Bəstəkar xor, ifaçı və simfonik orkestr üçün “Nə­simi Passionu” əsərini yaradıb. Həmin əsərdə taleyi dəhşətli edamla başa çatan bö­yük şair və mütəfəkkirin keçdiyi ömür yolu müasir musiqinin dili ilə təqdim olunur. Əsə­rin maraqlı yaranma tarixçəsi vardır. Belə ki, Avropanın mədəniyyət təş­ki­lat­la­rın­dan biri olan “Amsterdam Royal Concertgebouw” müxtəlif dini baxışları olan gör­kəm­li dünya bəstəkarlarına “Passion” janrında əsər yazmaq sifariş edir və təqdim olu­nan əsərləri səsləndirir. Belə bir sifariş Firəngiz xanıma da olunmuş və nəticədə 2017-ci ildə “Nəsimi Possion”u ilk dəfə Amsterdamda məşhur ingilis dirijoru Martins Brab­bin­sin rəhbərliyi ilə Hollandiyanın Kral Simfonik Orkestri və Klos Stokun xor kol­lek­tivi, vokal isə Almaniyanın Manheym Opera və Balet Teatrının solisti, Azərbaycan res­publikasının xalq artisti Əziz Abdulla tərəfindən ifa edilmişdir. Nəsiminin qəzəlləri əsa­sında bəstələnmiş musiqi orijinalda Azərbaycan dilində səsləndi, eyni zamanda kon­­sertin gedişində ekranda tərcümə olunmuş mətn nümayiş etdirildi. Bu, tama­şa­çı­la­ra həm musiqini dinləmək, həm də mətnin dərin məzmununu anlamaq imkan verdi.

    Nəsimi ili çərçivəsində 2019-cu ilin 28 sentyabr — 1 oktyabr tarixlərində həyata ke­çirilən tədbirlərdən biri də “Nəsimi festivalı” dır. “Nəsimi festivalı” – şeir, incəs­ə­nət, mənəviyyat festivalı olub, şüarı “Simadan Asimana” adlanır. Bu festival çər­çi­və­sin­də Azərbaycan Milli Konservatoriyasının professor müəllim heyətinin fəal iştirakı da təqdirə layiqdir. Festivalın təşkilatçısı Azərbaycan Milli Konservatoriyasının apa­rı­cı əməkdaşlarından biri olan Cahangir Səlimxanovdur. “Nəsimi festivalı”nın proqramı zən­gin və rəngarəng olub, Şirvanşahlar sarayı, Azərbaycan Milli Xalça Muzeyi, Bey­nəl­xalq Muğam Mərkəzi, Azərbaycan Milli Dövlət Akademik Teatrı, Azərbaycan Döv­lət Akademik Filarmoniyası, Heydər Əliyev Mərkəzi, Şamaxı şəhəri və s. yerlərdə baş tutmuşdur. İlk dəfə olaraq məhz bu Festivalda AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriyasında (rəhbəri – Məmmədəli Məmmədov) hazırlanmış və bərpa olunmuş qədim musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblı orijinal musiqi əsərləri ilə çıxış etmişdir.

     Nəsimi ili çərçivəsində Azərbaycan Milli Konservatoriyasının “İcti­mai elmlər” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Hacı Firudin Qur­bansoyun qələmə aldığı “İmadəddin Nəsimi” adlı monoqrafiyası da qeyd olun­malıdır. Bu mono­qra­fiya İslam təfəkkürü və mədəniyyəti kontekstində formalaşan mü­tə­fəkkir şair İma­dəd­din Nəsimi poeziyasına yeni baxış kimi qiymətləndirilir.

   Azərbaycan Milli Konservatoriyasının “Dirijorluq” kafedrasının pro­fes­soru, əmək­dar incəsənət xadimi Cəlal Abbasov və həmin kafedranın müəllimi, bəs­tə­kar Se­vinc Balabəyova da Nəsimi ilinə öz töhfələrini vermişdir. Bəstəkar Cəlal Ab­ba­sovun Nə­siminin qəzəllərinə bəstələdiyi “Könlüm pərişan” və “Rəvamıdır həbibi” ro­mans­la­rı Respublikanın əməkdar artisti Afaq Abbasovanın ifasında səslənmişdir. Bəs­təkar Se­vinc Balabəyova isə Nəsiminin şeirləri əsasında “Soprano və fortepiano üçün vokal silsilə” bəstələmişdir. Bu vokal silsilə 4 romansdan ibarətdir. Nyu Yorkda Mil­li mu­si­qi və Qlobal mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə 26 iyun 2019-cu il ta­ri­xində Azər­baycan şairi və filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İki cahan” və 28 sentyabr 2019-cu ildə “Nəsimi dünyası” adlı konsertlərdə hə­min vo­kal silsilənin birinci və ikinci romansları (“Təzə ay gördükdə dilbər”, “Ətrini du­yuram çə­məndən, güldən”) sopranoda Şenika Con Cordan və fortepianoda Nərgiz Əli­ya­ro­va­nın ifasında geniş auditoriyaya təqdim edilmişdir.

    Bu il Azərbaycan Bəstəkarlar İttifaqının 85 illiyinə hər olunmuş Musiqi Fes­ti­va­lın­da müasir bəstəkarlarımızın Nəsiminin qəzəllərinə yazdığı musiqi əsərləri də səs­lən­­mişdir. Bu əsərlərdən Aliyə Məmmədovanın orqan, simli kvartet və soprano üçün “İşıq­­dan qopmuşlar” əsərini, Firudin Allahverdinin simli septet və xanəndə üçün “Har­dadır yaradan” əsərini, Azad Zahidin “Mərhaba” qəzəl romansını və s. adlarını qeyd etmək olar.

    “Nəsimi ili”ndə ən uğurlu çıxışlardan biri də Azərbaycan əsilli tanınmış mu­si­qi­çi Sami Yusifin İmadəddin Nəsiminin “Sığmazam qəzəli” əsasında yaratdığı musiqi kom­pozisiyasıdır. Kompozisiya Nəsiminin 650 illik yubileyi münasibəti ilə Azər­bay­can Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb. Sami Yusif bu kom­pozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində keçirilən 43-cü sessiyanın açılış mə­rasimində canlı ifa edib. Əsəri solistlər Sami Yusif, Azərbaycanın əməkdar artisti Təy­yar Bayramov, əməkdar mədəniyyət işçisi Samirə Əliyeva və əksəriyyəti Azər­bay­can Milli Konservatoriyasının müəllim və məzunlarından ibarət olan xalq çalğı alət­lə­ri ansamblının müşayiəti ilə xor kollektivi ifa edib.

    Azərbaycan xalqı yaşadıqca İmadəddin Nəsimi yaradıcılığına həmişə müraciət olu­nacaq və onun ölməz sənəti incəsənət xadimləri tərəfindən nəsildən-nəslə qorunub saxlanılacaq.

Mövzuya uyğun

  • yazı yoxdur