Misir xalq çalğı alətləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2015
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı
Misir xalq çalğı alətləri
Açar sözlər: Misir xalq çalğı alətləri, simli musiqi alətləri, ağacdan hazırlanmış nəfəs musiqi alətləri, zərb musiqi alətləri, rababa, simsimiyyə, tanbura, sulləmiyyə, mizmar, məqrunə, urğul, darabukkə, riq, mizhər, dəf, cənazə təbili, mizmar təbili
Min illər öncə insanlar müxtəlif ifadə və cümlələrdən istifadə etməklə sadə və yığcam, lakin müəyyən tərtibat və ölçü daxilində mahnılar ifa etməyə başladılar. Zaman ötdükcə öz hisslərini ifadə etmək və çatdırmaq üçün insanlar digər vasitələrdən – musiqi alətlərindən istifadə etməyə başladılar (9, s. 11).
Xalq çalğı alətlələri aşağıdakı qruplara bölünür: 1. Simli musiqi alətləri; 2. Ağacdan hazırlanmış nəfəs musiqi alətləri; 3. Zərb musiqi alətləri.
Simli alətlər. Min illər bundan əvvəl insanlar öz səsindən istifadə edərək cümlələr deməyə, mahnılar ifa etməyə başladılar və zaman keçdikcə sözlərin onların daxili aləminin dərinliklərində qərarlaşan hiss və arzularını ifadə etməkdə aciz olduğunu duyduqda yeni vasitələr axtarmağa başladılar. Belə vasitə yalnız və yalnız musiqi alətləri ola bilərdi. Beləliklə də insan musiqili məclislərdə, mövsümi mərasimlərdə daxili hisslərin izhar edilməsində sözlərin aciz qaldığı zaman onun köməyinə çata biləcək musiqi alətlərinə böyük ehtiyacının olduğunu dərk etdi (7, s. 157).
Min illər öncə bəşər övladının istifadə etməyə başladığı xalq çalğı alətlərinin insan həyatında böyük rolu vardır. Nəinki hər bir regionun, hətta həmin region daxilində mövcud olan ayrı–ayrı tayfaların da özünəməxsus musiqi alətləri mövcuddur. Misirin hər bir regionu özünəməxsus musiqi alətlərinə malikdir. Müəyyən hallarda xalq musiqisinin ifası zamanı musiqi alətlərindən istifadə olunmur. Məsələn, sürüsünü Nil vadisinin bərəkətli çöllərində otaran çoban heç bir musiqi alətinin müşayiəti olmadan onun könlünü oxşayan bir xalq mahnısı ifa edir. Ümumiyyətlə, Şarqiyyə rayonunda yaşayan əhali xalq mahnılarını musiqi alətlərindən istifadə etmədən ifa edirlər, yalnız nadir hallarda xalq mahnılarının ifası zamanı maqrunədən istifadə edirlər (3, s. 41).
Simli musiqi alətləri qrupuna aşağıdakı çalğı alətləri daxildir:
Rababa, simsimiyyə və tanbura.
- Rababa. Çox qədim simli xalq çalğı alətlərindən biri olan rababa sadə quruluşa malikdir. Dünyanın bir çox ölkələrində yayılan simli musiqi aləti rababa müxtəlif formalara və adlara malik olmasına baxmayaraq vahid prinsip və vahid proyekt üzərində yaradılmışdır. Rababa kiçik səs qutusundan ibarətdir ki, bu səs qutusunun çıxıntısı üzərinə metaldan və at tükündən hazırlanan bir və ya iki, nadir hallarda, hətta üç sim bərkidilir ki, bu simlər də qarşı tərəfdəki aşıxlarla birləşdirilir. Rababa simlərin bambuk ağacından hazırlanan və üzərinə at tükü dolanan yayla sürtünməsi və sol əlin barmaqları ilə yuxarı hissədə simlərin sıxılması ilə səsləndirilir (6, s. 148-149).
Rababın yaranma tarixi. Rababın yaranma tarixi və ilk dəfə hansı məkanda musiqi aləti kimi istifadə edilməsi haqqında müxtəlif mülahizələr mövcuddur. Onun bizim eradan 3000 il əvvəl Hindistanda yaradılması və “Refana St-ron”, sonralar isə “Seyr Ən-de” adlandırılması mütəxəssislərin böyük əksəriyyəti tərəfindən ən düzgün rəy kimi qəbul olunur. Bu musiqi alətinin mənşəyi ilə bağlı irəli sürülən digər bir versiya da ondan bir musiqi aləti kimi ilk dəfə olaraq Kiçik Asiya və ya Orta Asiyada istifadə edilməsindən və farsmənşəli musiqi aləti olmasından söhbət açılır, amma tədqiqatçılar tərəfindən rababın Hindistanda yaranması, sonra farslar, daha sonra ərəblər tərəfindən istifadə edilməsi fikri daha çox qəbul edilir (4, s. 99-100).
İlk dövrlərdə fars və ərəb rababları bir simdən ibarət olsa da, zaman keçdikcə onlara səsi gücləndirmək üçün eyni uzunluqda və qalınlıqda daha bir sim əlavə edilmişdir. Daha sonralar rababaya əlavə iki sim də əlavə olunaraq onun simlərinin sayı dördə çatdırılmışdır.
- Simsimiyyə. Simsimiyyə misdən hazırlanmış boşqab şəkilli və üzərinə zərif dəri çəkilmış boş qutudan ibarətdir. Bu boş qutunun hər tərəfində ağacdan hazırlanmış bir çıxıntı var. Həmin çıxıntıları kəsən üçüncü bir çıxıntıya açarlar vasitəsi ilə simlər bərkidilir. Simsimiyyənin yeddi simi var ki, hər sim də sərbəst olaraq öz xüsusi səsinə malikdir. Simsimiyyə xalq musiqi və rəqsərini müşayiət etmək üçün istifadə olunur.
- Tanbura. Tanbura ilk baxışdan belə bir təəssürat yaradır ki, o, elə simsimiyyə musiqi alətinin özüdür, lakin simlərin bərkidilməsində müəyyən fərqlər mövcuddur. Tanburadan da xalq mahnılarının müşayiəti üçün istifadə olunur (2, s. 81; 83).
Ağacdan hazırlanan xalq nəfəs çalğı alətləri. Ağacdan hazırlanan Misir xalq nəfəs çalğı alərtlərinə aşağıdakı musiqi alətləri daxildir:
Sulləmiyyə, mizmar, məqrunə və urğul.
- Sulləmiyyə. Ağacdan hazırlanan Misir xalq nəfəs çalğı alərtləri əsasən, bambuk ağacının gövdəsindən hazırlanır. O, dörd buğumdan ibarət hər iki tərəfi açıq olan və üzərində altı deşik olan boş bir borudan ibarətdir. Sulləmiyyə çox lirik, mülayim və həzin bir səsə malikdir. İfaçının məharətindən və ustalığından asılı olaraq sulləmiyyənin səs diapazonu tam bir oktavaya və ya daha yüksəyə çata bilər.
- Mizmar. Ağacdan hazırlanan Misir xalq nəfəs çalğı alətlərindən biri də mizmardır. Uzun illər bundan əvvəl mizmar Misirdə başqa bir adla – «sərnə» və ya «sər-ney» kimi tanınırdı. Maraqlıdır ki, hələ də Misirin bəzi bölgələrində qeyd edilən adlardan istifadə olunur. Mizmar da mürəkkəb quruluşu ilə səciyyələnir ki, bu da onun səsinin təbiətinə təsirsiz ötüşmür. O, hər iki tərəfdən içərisi oyulmuş ərik ağacından düzəldilmiş, üzərində bir xətt boyu 8 dəliyi olan ovalşəkilli borudan ibarətdir. Borunun alt hissəsində isə yalnız bir dəlik var.
Borunun bir tərəfi tədricən genişlənən zəngə bənzəyir. Borunun digər ensiz tərəfinə isə iki bir-birinə birləşdirilmiş bambukdan hazırlanan səsoyadıcı bərkidilib.
Mizmarın hazırlanma prosesi ərik ağacının içərisinin yonulması yolu ilə aparılır. Müxtəlif ölçülərlə hazırlanması səbəbindən bu alət fərqli adlar almışdır: Kiçik həcmə malik olan mizmar – kiçik sibis və ya kiçik əbə; orta həcmi olan mizmar – şələbiyyə; böyük həcmi olan mizmar isə böyük sibis adlandırılır.
Mizmar adətən xalq rəqslərinin müşayiəti zamanı istifadə olunur. Lakin az da olsa xalq mahnılarının ifasında da bu nəfəs aləti səsləndirilir. Maraqlıdır ki, xalq mahnılarının ifasında məhz orta həcmə malik mizmardan – şələbiyyədən istifadə olunur (8, s. 50; 52).
Mizmarin növləri: Mizmarin həcmi və səsinə görə 3 müxtəlif növü vardır: mizmar əl-bələdi, şələbiyyə və sibis kiçik əbə.
- Mizmar əl-bələdi. Bu mizmar 45-50 sm uzunluğa malikdir. O, Nil çayının deltası boyunca yaşayan əhalinin musiqi məclislərində ən çox istifadə olunan nəfəs xalq çalğı alətlərindən biri hesab olunur. Bu ad həmçinin həmin qrupa daxil olan bütün alətlərə də şamil edilə bilər (3, s. 53).
- Şələbiyyə: Bu nəfəs xalq çalğı aləti orta həcmli musiqi alətidir. Onun borusunun uzunluğu 38-42 sm-ə çatır. Bəzi bölgələrdə haqqında bəhs etdiyimiz musiqi aləti «mizmar əl-Səid» adı altında da tanınır.
- Sibis kiçik əbə. Sibis və ya kiçik əbə adlanan başqa bir nəfəs aləti mizmarın yuxarıda qeyd edilən növlərinin ən kiçiyidir. Səsi çox aydın olan bu musiqi alətinin uzunluğu 30-32 sm-ə çatır. Bu musiqi aləti ilə demək olar ki, ifa olunan musiqi parçasının əsas hissəsi səsləndirilir və digər tərəfdən məhz bu alətdə ifa edən musiqiçi ansamblın rəhbəri və ya solisti hesab olunur (5, s. 74).
- Məqrunə. Urğul, turmay və qarmə kimi musiqi alətlərini özündə birləşdirən ərğul fəsiləsinə məxsus və bambukdan hazırlanan iki borudan ibarət məqrunə musiqi aləti nəfəs alətləri qrupuna daxildir. Çox aydın və zil səsə malik alətin iki borudan ibarət olması sanki elə bir təsəvvür yaradır ki, məqrunə iki müxtəif musiqi alətindən ibarətdir. Bir-birinin qarşısında düzülmüş deşikləri barmaqların köməyi ilə açıb bağlamaqla məqrunəni səsləndirmək olar. Məqrunəni başqa bir sadə üsulla da səsləndirmək mümkündür: sağ əlin barmaqları ilə sağ borudan üzərində yerləşmiş deşikləri, sol əllin barmaqları ilə sol borunun üzərində yerləşən deşikləri açıb bağlamaqla bu alətdə ifa etmək mümkündür. Bu musiqi aləti vasitəsi ilə müxtəlif xalq mahnılarını və rəqslərini də müşayiət etmək olar. Xüsusilə, bədəvi rəqslərini müşayiət etməkdə məqrunədən daha çox istifadə olunur (1, s. 37).
- Urğul. Urğul bambuk ağacından hazırlanan, biri digərindən qısa olan bir-birinə birləşdirilmiş iki borudan ibarətdir. Bu musiqi alətinin üzərində bir düz xətt boyu altı dəlik var. Urğulun yuxarı hissəsində iki səsoyadıcı mövcuddur ki, onlar da ağız boşluğuna yerləşdirilərək nəfəs verməklə ifa olunur.
Urğul müxtəlif ölçülərə malikdir və onun hər bir həcmdə olan növü müxtəlif rəqəmlər altında tanınır. Məsələn, 12 rəqəmli urğul ən kiçik, 24 rəqəmli ərğul isə ən iri həcmə malik urğul kimi tanınır.
Urğul onu təşkil edən hissələri bir-birinə birləşdirilmış mürəkkəb alətlərdən hesab olunur. Qeyd etdiyimiz kimi, urğul iki borudan ibarətdir. Lakin onun səsini dəyişdirmək, yəni zilləşdirmək və ya bəmləşdirmək üçün bəzən onun sol borusuna bir və ya bir neçə başqa boru birləşdirmək olar. Urğul bir qayda olaraq mahnıları müşayiət etmək üşün istifadə olunur (6, s. 154).
Müxtəlif zərb musiqi alətləri. İnsan həyatında ritmlərin böyük əhəmiyyəti var. Belə ki, insanın musiqi təcrübəsi inkişafı tarixində önəmli rol oynayan ritmlər insanın həyatı ilə sıx təmasda olaraq bəşər övladının ictimai həyatının, adət-ənənələrinin məişətinin ayrılmaz bir hissəsinə çevrilmişdir.
Zərbli xalq çalğı alətləri insanların bütün ictimai həyatı və onların adət-ənənələri ilə sıx bağlıdır.
Qeyd etmək lazımdır ki, müxtəlif növ ağaclardan, daşlardan və qurudulmuş bitkilərdən hazırlanan zərb musiqi alətləri qədim insanların müraciət etdiyi ilk musiqi alətlərindən hesab olunur (9, s. 19).
Misirin bəzi məntəqələrində, xüsusilə ərəb Şarqiyyədə bu günümüzə kimi dəf, nağara, təbil və s. kimi zərb musiqi alətlərindən melodiyaların ölçüsünün tənzimlənməsində geniş istifadə olunur (4, s. 120).
Zərb musiqi alətlərinə aşağıda qeyd edilən musiqi alətləri daxildir: Darbukkə, riq, mizhər, dəf, cənazə təbili və mizmar təbili.
1- Darbukkə: Bütün ərəb dünyasında və Misirdə ən çox yayılan zərb musiqi alətlərindn biri də darbukkədir. Ovalşəkilli darbukkə farfordan (bişmiş gil, yəni saxsıdan) hazırlanır. Alətin üzəri keçi və ya balıq dərisi ilə yapışqan vasitəsi ilə örtülür. Bu məqsədlə istifadə olunan həm balıq dərisi, həm də keçi dərisi əvvəlcə odun üzərində mükəmməl şəkildə qurudulur (5, s. 85). Bu alətin metaldan hazırlanan növünə də rast gəlmək mümkündür. Metaldan hazırlanan darbukkələrdə səsi nizamlamaq və dərinin daha böyük gərginlik altında çəkilməsi üçün açarlardan istifadə edilir (1, s. 42). Qeyd etmək lazımdır ki, darbukkələrə üç ölçüdə təsadüf olunur:
- Təbil – ən kiçik ölçülü darbukkə. Onun uzunluğu 40 sm-ə, dəri çəkilən hissəsinin radiusu isə 20 sm-ə çatır.
- Orta ölçülü darbukkə. Bu darbukkənin uzunluğu 40 sm-ə çatır, onun radiusu isə 20 sm-ə çatır.
- Dəhlə. Bu ölçüsünə görə ən böyük darbukkədir ki, onun uzunluğu 80 sm-ə çatır.
Darbukkə Misir xalq musiqi kollektivlərində əsl xalq ruhlu, həzin mahnıların səsləndirilməsində ən çox müraciət olunan musiqi alətlərindən biridir. Haqqında bəhs etdiyimiz bu musiqi alətindən həm də müxtəlif fərdi və kollektiv rəqsləri də müşayiət etmək üçün istifadə olunur.
Darbukkə də müxtəlif ölçülərdə hazırlanır. Onun orta ölçüsü belədir: uzunluğu 40 sm, kiçik ağızlılar üçün diametri 12 sm və böyük ağızlılar üçün diametrı 21 sm. Dərbukkə də rəqs və xalq mahnılarını müşayiət etmək üçün istifadə olunur (7, s. 166).
Xalq musiqi qruplarında darbukkənin rolu. Qeyd etmək lazımdır ki, ərəb Şarqiyyədə daha çox istifadə olunan darbukkə xalqın məişəti ilə sıx bağlı olan musiqi aləti kimi el şənliklərində, xüsusilə toylarda, körpələrin anadan olmasının yeddi günlüyü münasibəti ilə keçirilən şənliklərdə və dini bayramlarda daha çox səsləndirilir. Darbukkə olmazsa qeyd etdiyimiz şənlik və mərasimlərdə taxta yeşik, stul və digər bənzər səsə malik əşyalardan istifadə olunur (10, s. 92).
- Riq. Misir xalq çalğı alətlərinin arasında ən çox sevilən alətlərdən biri də riqdir. O, Azərbaycan xalq çalğı alətlərindən biri olan qavala bənzəyir. Dairəvi çərçivəsi ağacdan hazırlanan və radiusu 23-25 sm-ə bərabər olan riqin üzəri dəri ilə örtülmüş və çərçivəsinə müəyyən olunan melodiyaların səsləndirilməsi üçün dörd və ya beş cüt dairəvi mis lövhələr bərkidilmışdir. Onun səsi də ölçüsündən asılı olaraq artır və hər dəfə ölçüsü artdıqca onun səs tembri daha da artır. Misir xalq musiqilərinin, xalq mahnılarının və ümumiyyətlə, ərəb mahnılarının və dini musiqilərin ifası zamanı bir zərb aləti kimi bu musiqi alətindən istifadə olunur. Maraqlıdır ki, Misirdə məddahlar və şairlər də öz şeirlərini söyləyərkən riqdən istifadə edirlər (6, s. 68).
Bəzi regionlarda, xüsusilə ərəb Şarqiyyədə darbukkə ilə müqayisədə riqdən az istifadə olunur ki, bunun da əsas səbəbi məhz qeyd edilən regionda və kəndlərdə bu alətin satılmaması ilə əlaqədardır. Əhali adətən riqi Misirin böyük şəhərlərindəki musiqi alətlərinin satışının reallaşdığı marketlərdən ala bilər (3, s. 61).
- Mizhər. Mizhər musiqi aləti əslində böyük dəf anlamındadır, yəni böyük dəf, başqa sözlə məzhər adlanır. O, ağacdan hazırlanmış ovalşəkilli çərçivəsi olan böyük bir musiqi alətidir. Onun bir tərəfinə dəri çəkilmış, digər tərəfi isə açıqdır. Ovalşəkilli çərçivə daxildən zəncir formasında bir-birinin ardınca düzülən 18 ədəd mis həlqədən ibarətdir.
İfa zamanı dəfi hərəkət etdirən ifaçı bu həlqələrin köməyi ilə müxtəlif səslərin yaranmasına nail olur. Uca Allahı zikr etmək məqsədilə keçirilən məclislərdə və Həcc ziyarətindən qayıtma münasibəti ilə təşkil edilən dini mərasimlərdə və digər dini ayinlərin icrası zamanı məzhər musiqi alətinin müxtəlif növlərindən istifadə olunur (10, s. 92).
Mizhər bir ritmik alət olaraq Misirdə və eləcə də bütün ərəb dünyasında xalq şənlikərinin, xüsusilə toy mərasimlərinin bəzəyi olaraq xalq rəqslərinin müşayiət olunmasında istifadə olunur.
- 4. Dəf. Dəf musiqi alətinin yaranma tarixi Misirdə fironların yaşadığı dövrə aiddir. Qədim Misirdə dəf musiqi aləti həm dördbucaq, həm də çevrə şəklində mövcud olaraq müxtəlif həcmə malik olmuşlar. Qədim misirlilərdən sonra babillər, assuriyalılar və türklər də dəfdən musiqili mərasimlərində istifadə etmişlər. Təsadüfi deyil ki, iki min il bundan öncə Orta Asiyada, Hindistanda, Çində və Yaponiyada bu musiqi aləti musiqiçilər tərəfindən səsləndirilmişdir. Sonralar haqqında bəhs etdiyimiz bu musiqi aləti Əndəlusiya vasitəsi ilə Avropaya keçmiş və orada tamburin adlandırılmışdır. Daha sonralar isə dəf Amerika qitəsində yerli əhali ilə yanaşı, eskimoslar və qırmızı hindlilər tərəfindən istifadə edilmişdir. Onun səsləndirilməsinə gəlincə burada da müxtəlif əl hərəkəti üsullarından istifadə olunur: Ən çox istifadə olunan forma sağ əllə dəfin çalınması, sol əllə isə onun tutulmasıdır.
Dəf alətlərinin quruluşunda da müəyyən fərqli cəhətlər vardır. Belə ki, bəzən bu alətləri hazırlayarkən onların sağanağını daha qalın edirlər. Sağanağı qalın olan dəflərdə onu əldə saxlamaq üçün dəstəklərdən də istifadə olunur.
Nil cayının deltasındakı regionlarda və Səid regionunda dəfdən şairlər və məddahlar şeir söyləyərkən istifadə edirlər. Xalq musiqi kollektivləri el mahnılarını və xalq rəqslərini ifa etdikdə bu zərb alətinə müraciət edirlər (6, s. 64; 67; 70).
- Cənazə təbili: Ərəb xalq çalğı alətlərindən biri də cənazə təbilidir. Bu alətin hər iki tərəfi diametri 55-75 sm və çərçivəsinin eni 35–40 sm olan camış dərisi ilə örtülmüşdür. Qeyd edilən alət səsəndirilərkən bu, ancaq cənazə qaldırılarkən icra edilir – yalnız onun bir üzünə vurulur (7, s. 170).
Yuxarıda qeyd edilən ölçülərə malik təbil Misirin şərq regionlarında xüsusilə Bəhsdə, Minyə Əl-Qəmhda və Əbu-Hamməddə dünyasını dəyişən şəxsin cənazəsi dəfn olunmaq üçün qəbiristanlığa doğru aparıldıqda və ya vəfat edən bir kəsin vəfat etməsini elan etmək üçün istifadə olunur. Bu zaman cənazə təbili elə xüsusi bir tərzdə səsləndirilir ki, hamıya kiminsə rəhmətə getdiyi bəlli olur. Bu günümüzə qədər də Bəhs regionunun Şəybəhə və Nukə-riyyə kəndlərində cənazə təbilindən istifadə olunur (3, s. 64).
6- Mizmar təbili. Bu musiqi aləti Əl-Seyyid təbili adlanan musiqi alətləri qrupuna daxildir. Əl-Seyyid adı təbilin bu növünün Tantada Əl-Seyyid Əl-Bədəvi təriqətinə aid sufi hərəkatı ilə bağlılığından yaranıb. Bu təbilə böyük təbil də deyilir (7, s. 171).
İstifadə edilmiş ədəbiyyat:
1- تفيدة الملاح. الخصائص النغمية والإيقاعية للموروث الغنائى الشعبى فى منطقة القنال، بحث انتاج، المؤتمر العلمى الأول للبيئة الجزء الأول، القاهرة، 2001م.
- T.El-Məlləh. Kanalətrafı regionda xalq nəğmələri irsində ritm və ton xüsusiyyətləri. Əsər tədqiqatı, Ətraf mühit üzrə ilk elmi konfrans, Birinci hissə, Qahirə, 2001.
2- حامد أنور. أشكال الغناء الشعبي في الشرقية، مجلة الثقافة الشعبية، القاهرة، 2014م.
- H.Ənvər. Şərqiyyədə xalq mahnılarını oxuma formaları. // “Xalq mədəniyyəti” jurnalı, Qahirə, 2014.
3- سامي زغلول وسمير جابر وزغلول أبو الحسن. عدد خاص عن محافظة الشرقية، مجلة الفنون الشعبية، المركز الثقافي العربي، القاهرة، 1968م.
- S.Zəğlul, S.Cabir və Z.Abul-Həsən. Əl-Şərqiyyə rayonu haqqında xüsusi nömrə, // “Xalq sənəti” jurnalı, Ərəb Mədəniyyət Mərkəzi, Qahirə, 1968.
4- صبحي أنور رشيد. الآلات الموسيقية فى العصور الإسلامية, دار الحرية للطباعة، بغداد، 1975م.
- S.Ə.Rəşid. İslam dövrü musiqi alətləri. Bağdad , Azad nəşriyyat evi, 1975.
5- فتحي عبد الهادي الصنفاوي. الإنسان والألحان-قاموس الصيغ والمؤلفات الموسيقية العربية العالمية، الهيئة العامة للكتاب، القاهرة، 1993م.
- F.A.Əl-Sanfavi. İnsan və melodiyalar: Dünya və ərəb musiqisi əsərləri və formaları. Kitablar üzrə Baş İdarə, Qahirə, 1993.
6- فتحى عبد الهادى الصنفاوى. تاريخ الآلات الموسيقية الشعبية (ب)، سلسلة تاريخ المصريين، العدد 194، الهيئة العامة للكتاب، القاهرة، 2000م.
- F.A.Əl-Sanfavi. Xalq musiqi alətlərinin tarixi (b). Misirlilərin tarixi seriyası, 194-cü say, Kitablar üzrə baş idarə, Qahirə, 2000.
7- محمد عمران. آلات الموسيقى الشعبية، الطبعة الأولى، عين الدراسات والبحوث الإنسانية والاجتماعية، القاهرة، 1994م.
- M.İmran. Xalq musiqisi alətləri, Birinci nəşr, Hümanitar və sosial araşdırmalar, tədqiqatlar mərkəzi, Qahirə, 1994.
8- محمد قنديل البقلى. صور من أدبنا الشعبي (الفلكلور المصري)، مكتبة الأنجلو المصرية، القاهرة، 1999م.
- M.Q.Əl-Bəqlə. Xalq ədəbiyyatımızdan şəkillər (Misir folkloru), Anqlo-Misir kitabxanası, Qahirə, 1999.
9- محمود أحمد الحفني. علم الآلات الموسيقية، الهيئة المصرية العامة للكتاب، القاهرة، 1987م.
- M.Ə.Əl-Hifni. Musiqi alətləri elmi. Kitablar üzrə Misir Baş İdarəsi, Qahirə, 1987.
10- منى سنجقدار شعرانى. تاريخ الموسيقى العربية وآلاتها, معهد الإنماء العربى، بيروت، لبنان، 1987م.
- M.S.Şirani. Ərəb musiqisi və alətlərinin tarixi. Ərəb İnkişaf İnstitutu, Beyrut, Livan, 1987.
Египетские национальные музыкальные инструменты
Резюме
Египетские национальные музыкальные инструменты занимают особое место в жизни людей, которые с помощью музыки выражали свои чувства и чаянья. В статье повествуется о национальных музыкальных инструментах Египта, которые делятся на следующие группы: струнные инструменты, инструменты изготовленные из дерева и ударные инструменты. Каждая из групп музыкальных инструментов в свою очередь становится объектом исследования, перечисляются его свойства и характеристики.
Автор статьи приводит названия основных инструментов, входящих в состав струнных: рабаба, симсимийа, танбура. Сулямийа, мизмар (есть три вида мизмара – мизмар ал-балади, шалабийа и сибс или ал-аба-с-сагир), маргуна и ургул (они в свою очередь относятся к инструментам, изготовленным из дерева). К ударным инструментам относятся: дарабукка, ригг, мизхар, бубен, похоронный барабан и “таблит ал-мизмар”.
Ключевые слова: Египетские национальные музыкальные инструменты, струнные инструменты, инструменты изготовленные из дерева и ударные инструменты, Рабаба, Симсимийа, Танбура, Сулямийа, Мизмар, Магрун, Ургул Дарабукка, Ригг, Мизхар, Бубен, похоронный Барабан и Барабан мизмара.
Egyptian national musical instruments
Summary
Egyptian national musical instruments occupy a special place in the lives of people who are using the music expresses their feelings and aspirations. The article tells about the Egyptian national musical instruments, which are divided into the following groups: stringed instruments, instruments made of wood, and percussion instruments. In its turn each of the groups of musical instruments becomes the object of the study,and lists its properties and characteristics. The author provides the names of the main tools that make up the the strings: Rababa, Simsimiya, Tanboura. Sulyamiya, Mizmar (there are three kinds of Mizmar: Mizmar Al-baladi, Shalabiya and Sibs or El-Aba El-Saghir) Urgul and Marquna (they in turn relate to the tools made of wood). Darbuka, Riq, Mizhar, Tambourine, and funeral drum «El-Mizmar Tablet» includes to the percussion instrument.
Key words: Egyptian national musical instruments, Stringed instruments, Woodwind instruments, Percussion instruments, Rababa, Simsimiya, Tanbura, Sulyamiya, Mizmar, Maqruna, Urgul, Darabukka, Riq, Mizhar, Tambourine, Funeral drum, Mizmar drum.
Rəyçilər: professor Gülnaz Abdullazadə;
professor Ceyran Mahmudova.