AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» № 2, 2015

 

 

Fəxrəddin Atayev

Azərbaycan Milli Konservatoriyasının

dirijorluq  kafedrasının

baş müəllimi

e-mail: Atayev.72@mail.ru

 

Muğam və aşıq sənətinə dair bəzi paralellər

 

Açar sözlər: muqam, aşıq musiqisi, ustad, şagird, folklor

 

Azərbaycan milli musiqisi milli lad-intonasiya strukturuna tabe olan üç əsas sütunlar üzərində bərqərardır: 1. Muğam; 2. Aşıq musiqisi; 3. Bəstəkar musiqisi. İlk iki musiqi sənət növü çox qə­dim tarixə malik olub, şifahi ənənəvi professional xarakter daşıyır. Bəs­tə­kar­lıq isə yazılı ənənəyə malik professional musiqi sənəti növüdür.

Muğam və aşıq sənətinin yaranma və inkişaf tarixi Ü.Hacıbəyli, Ə.Bə­dəl­bəyli, R.Zöhrabov, R.İmrani və b. tərəfindən müəyyən qədər tədqiq edil­mişdir. Azərbaycan muğam və aşıq musiqisinin lad-intonasiya quru­lu­şuna nəzər saldıqda onların 17 pilləli səs sisteminə əsaslandığını gö­rü­rük. Eyni lad sisteminin olması istər xalq mahnıları və rəqsləri, istər aşıq mu­siqili-poetik yaradıcılığı, istərsə də klassik muğam, bir sözlə Azər­baycan musiqisinin bütün formaları üçün çox vacib birləşdirici faktordur.

Maraqlısı budur ki, bu sənət növlərinin inkişafı müstəqil olaraq ta­ma­mi­lə başqa-başqa istiqamətlərdə getmişdir. Eyni zamanda diqqətlə nəzər sal­dıqda ayrı-ayrı bölgələrdə hər iki sənət növünün bir-birinə göstərdiyi güc­lü təsirin şahidi oluruq. Misal olaraq aşıq musiqisinin güclü təsiri olan Qərb bölgələrində xanəndələr tərəfindən zərbli muğam kimi oxunan aşıq ha­valarını və eləcə də muğam ifaçılığının güclü təsiri olan Şamaxı böl­gə­sin­də xanəndələrin repertuarında olan havaların aşıqlar tərəfindən ifa edil­məsini göstərmək olar. Bundan əlavə bəzi hallarda ifaçıların oxşar ifa üsul­larından istifadəsini də qeyd etmək yerinə düşərdi.

Hər iki sənət növünün ümumi xüsusiyyətlərindən biri də bu sənət növ­lə­rinin ustaddan şagirdə ciddi şəkildə tənzimlənən tədris sistemi əsasında 5-10 il ərzində ötürülməsidir. Bu fakt aşıq və muğam sənət növlərinin pro­fessional sənət növü olmasını şərtləndirir. İlk dövrlərdə folklordan bəh­rələnən bu sənət növləri inkişafının sonrakı mərhələlərində yüksək sə­viy­yəyə çatmışdır. Zaman keçdikcə sənətdə əldə edilmiş bilik və bacarıq­la­rı, ifaçılıq səviyyəsini saxlayıb inkişaf etdirmək lazım gəlirdi. Nəticədə us­taddan dərs almış professional musiqiçilər olan aşıq, xanəndə və sazən­də peşələri (ixtisasları) yaranmışdır.

“Məsələn, məlumdur ki, xanəndə və sazəndələr üçün möhkəm lad sis­te­minə əsaslanan muğam dəstgahları ən yüksək musiqi təfəkkürünün məh­sulu sayılır. Muğam dəstgahlarının yüksək səviyyədə icrası onlardan əla­hiddə möhkəm bilik, qavrama qabiliyyəti, oriyentasiya üsulu, təcrübə və yüksək məharət tələb edir. Özü də ifaçı buna nail olmaq üçün uzun­müd­dətli (5-10 il) xüsusi məktəb keçməlidir” (1, s. 17).

Sonrakı mərhələdə hər iki sənət növü mövcud olduğu mühit çərçi­və­sin­də, həmin mühitin bədii tələblərinə uyğun şəkildə inkişaf etmişdir. Bu in­kişaf populyarlıq qazanmış sənət növləri daxilində müstəqil mək­təb­lə­rin yaranmasına rəvac vermişdir. Sənət daxilində məktəblərin çoxluğu nə­ticədə həmin sənət növünün daha da inkişafına gətirib çıxart­mışdır.

İstənilən sənət növünün inkişaf istiqamətlərini onun bərqərar olduğu mü­hit diktə edir. Bu baxımdan muğam və aşıq sənətinin inkişaf etdikləri mü­hitlər tam fərqli olmuşdur.

Muğam sənəti əsasən, şəhərin kübar zadəgan təbəqəsi tərəfindən sevi­lir­di. Saray mühitində inkişaf etmiş muğam musiqisi sarayda dəbdə olan “di­van” şeir formalarının musiqili müşayiətinə xidmət etmişdir. Ra­miz Zöh­rabov yazır: “Şifahi-professional musiqisinin ilk növləri “Nəva”, “Rah”, “Xosrovani” (padşahlara, hökmdarlara məxsus silsilə əsər) və baş­qa adlarda idi” (1, s. 101.). Aşıq musiqisindən fərqli olaraq muğam ifa­­sı zamanı xanəndə və sazəndələr bir dəstgahı fasiləsiz olaraq, nəzmdən is­tifadə edərək ifa edir. Sazəndələrin ifası ilə başlayan dəstgah, xanən­də­nin istifadə etdiyi şeir (nəsr) nümunələri ilə davam etdirilirdi. Dəstga­hın və şeir mətninin mövzusu məclisə uyğun olaraq padşah və xaqanlara həsr edi­lə və ya dini-ruhani, lirik məzmun kəsb edə bilərdi. Muğam ifaçıları aşıq­lardan fərqli olaraq yerlərində əyləşib yalnız alətlərində ifa etməklə ki­fayətlənirdilər. Saray mühitində muğam musiqisi ilə paralel mahnı və rəqs musiqisi də xanəndə və sazəndələr tərəfindən ifa edilirdi.

Aşıq musiqisi dedikdə ilk növbədə dastançılıq ənənəsi yada düşür. Das­tan Azərbaycan folklorunun həm poetik forması, həm də janr quru­lu­şu baxımından ən iri janrıdır. Dastan öz poetik quruluşunda nəsr və nəzm for­malarını, janr quruluşunda epik, lirik, dramatik növün başqa janrlarını (ata­lar sözü, məsəllər, qaravəllilər, xalq şeirinin qoşma, gəraylı, müxəm­məs, bayatı və s.) birləşdirir. Professional şairlərin şeirlərini muğam va­si­tə­si ilə ifa edən xanəndədən fərqli olaraq, yuxarıda qeyd edil­diyi kimi ən mo­numental folklor janrı olan dastanın yaradıcısı aşıqdır. M.Həkimov “Aşıq sənətinin poetikası” əsərində yazır: “Xalq arasında böyük nüfuza ma­lik olan şəxslərə qədimdə – Soya, Ağsaqqal, Dədə, Pir ustad, Ata Pir­ba­ba, Nurbaba, Varsaq deyə müraciət edilərdi” (2, s. 14).

Müxtəlif folklor sənət növlərini özündə birləşdirən aşıq hər şeydən əv­vəl dastan yaradıcısı olmaqla yanaşı, onun söyləyicisidir. Bu səbəbdən də sin­kretik sənət növü sayılan aşıq sənəti muğam ifaçısı olan xanəndə­dən tam fərqlənir. Aşıq gözəl səsə malik olan musiqiçi olmaqla yanaşı, gözəl saz ifaçısıdır. Bir qayda olaraq aşıq öz oxumasını özü müşayiət edir. O, də­rin yaddaşa malik olan söyləyici, yeri gəldikdə rəqqas, gözəl yumor his­sinə malik olan qaravəlli söyləyicisidir. Ən başlıcası isə o, xalq ağ­saq­qa­lı – “el atasıdır”. Aşıq sənəti sadə xalq tərəfindən daha çox sevildiyinə gö­rə daha geniş arealda yayılmışdır. Aşıq musiqisinin əsas lad özəyi şur­dur.

Şifahi-professional Azərbaycan musiqisinin “müstəqil bir janir qru­pu­nu zərbli muğamlar təşkil edir” (3, s. 83-97). Zərbli muğamlar özünə­məx­sus səciyyəvi cəhətlərinə görə fərqlənir. Bu muğamlarda tar, ka­man­ça və qaval fasiləsiz ritmik ahəngi saxlamaqla xanəndəni müşayiət edir. M.İ­smayılov, L.Karagiçeva qeyd edirlər ki: “Şikəstə növləri, “Arazbarı”, “Kə­­rəmi” və başqaları Azərbaycan xalq musiqisində həm vokal-ins­trumental, həm də instrumental şəkildə mövcuddur. Zaqafqaziya, Orta Asi­ya, Ya­xın və Orta Şərq xalqlarının musiqisində bu formalara rast gə­lin­mir. Ad­larını çəkdiyimiz əsərlərin hər biri özlüyündə orijinal milli ya­ra­dıcılıq in­ciləridir” (4, s. 49).

XIX əsrdə ifa olunan zərbli muğamların siyahısına nəzər salaq. Kə­rə­mi, Osmanı-Gərayı, Qəribi, Qara Kürdü, Arazbarı, Bayat, Osmanlı (Ma­ni), Qəribi, Cığatayı, Ovşarı, Şikəsteyi Şirvan, Kəsmə şiləstə (Bakı şi­kəs­tə­si), Əşiran, Keşişoğlu, Heydəri, Aşığı, Bağlama və s. (1, s. 174). Bu si­ya­hıda adları çəkilən zərbli muğamların terminoloji cəhətdən türklərə məx­sus yer, şəxs, qəbilə, və s. adları daşıdığını görüruk. Aşıq musiqisinə nə­zər saldıqda eyniadlı havaların mövcud olduğunun şahidi oluruq. Ey­ni­ad­lı aşıq və zərbli muğamları dinləyərkən, xüsusi ilə instrumental giriş və his­sələrdə oxşar cəhətlərin olduğu ortaya çıxır. Zərbli muğamların dəyiş­məz ritmik şəkildə qalması dəstgaha xas olan rəng, təsnif, dəraməd ifa­çı­lı­ğından qaynaqlanır. Şirvan aşıq məktəbini istisna etməklə Azərbaycanın Qərb bölgələrindəki aşıq məktəblərində ifa olunan aşıq havalarında eyni ha­va daxilində şeir mətninə uyğun olaraq ritmik ölçü zaman-zaman də­yi­şir, məsələn: 6/8; 5/8; 7/8 və s.

Bəzi zərbli muğamlarda, aşıq havalarında olduğu kimi bayatı və qoş­ma­lardan istifadə edilir. Məlumdur ki, aşıqlar istifadə etdikləri aşıq şeir for­malarını havacatın musiqi formasına uyğunlaşdırmaqdan ötrü şeirin mət­nində “aman-aman”, “ölürəm”, “balam” və s. kimi sözlərdən istifadə edir­lər. Təsadüfi deyil ki, bu gün də aşıqların leksikonunda “şeiri musi­qi­yə çəkmək” kimi kəlmələr işlədilir. Zərbli muğamların ifası zamanı xa­nən­dələr də bu cür üsullardan istifadə edərək “ay aman”, “dalay-dalay”, “ay”, “hey”, “ha”, “yar” və başqa bu kimi nəqarətvari nidalardan istifadə et­diyinin şahidi oluruq.

Bir sitata nəzər salaq. “Ağ aşıq… zildən oxumağı çox sevərmiş. Xü­su­si­lə, oxuyarkən qoşmalarına, divanilərinə, təsniflərinə, ustadnamə­lərinə təs­nif, bayatı üzərində ayaq verərmiş (5, s. 51).

“Mani” zərbli muğamına diqqət yetirək. Bu zərbi muğamı başqa cür — “Os­manı” da adlandırırlar. Ümumilikdə zərbli muğamın poetik mətni aşıq şeiri forması üslubundadır. Maraqlı cəhət odur ki, “Mani” zərbli mu­ğa­mı bir qayda olaraq təsniflə tamamlanır (1, s. 179). Onu da qeyd edək ki, bu zərbli muğamda cəmi bir təsnif oxunur. Nəqarət və iki kupletdən iba­rət olan təsnif heca vəznindədir (1, s. 180). “Mani” zərbli muğamı ki­mi “Səmayi-şəms” zərbli muğamı da ənənəyə görə təsniflə tamamlanır.

Aşıq musiqisində müstəqil hava kimi istifadə edilən müxtəlif təsniflər var­dır. Bunlardan “Aşıq təsnifi” (başqa adları “Qəmərcan”, “Qaragöz”, “Bu gecə”), “Meydan təsnifi”, “Təsnif ustadnamə”, “Tə­kərləmə təs­nif”­lə­­­rin adlarını çəkmək olar (2, s. 423).

Təsnif sözü ərəbcədən tərcümədə hər hansı fərqlənmə əlamətlərinə və ya xüsusiyyətlərinə görə, qruplara, dərəcələrə ayırma deməkdir.

Muğam ifaçılıqında isə “təsnif (ərəb sozü) – dəstgah şöbələri arasında (əv­vəlkinə nəhayət vermək, ”yekun vurmaq”, sonrakına isə keçmək üçün) ifa olunan mahnı formasına bənzər kuplet forması, dəqiq və sabit öl­çülü nəğmə”dir (6, s. 71).

Aşıq havaları arasında şikəstələrin də öz yeri vardır. Bunlardan “Şi­kəs­tə”ni, “Badamı şikəstə”ni, “Qazax şikəstəsi”ni, “Kərəm şikəstəsi”ni, “Turabı şikəstəsi”ni, “Şirvan şikəstəsi”ni, “Zarıncı şikəstəsi”ni göstərmək olar.

Şikəstə sözü qırıq, sınıq, sınmış, qırılmış və ya qəlbi qırılmış, qəlbi ya­ra­lı, ürəyi sınmış mənasını daşıyır. Sonralar farslaşdırılmış “şikəstə” oğuz­ların arxaik sözü olan “sığışda” əsasında yaradılmışdır.

“Qarabağ şikəstəsi” və “Kəsmə şikəstə” zərbli muğamlarını segah ladı üzə­rində ifa edirlər. Bu zərbli muğamlar aşıq yaradıcılığından qaynaq­la­nır. Hər iki şikəstənin poetik mətni bayatı şeir formasında olur.

Şirvan aşıqlarının ifasında “Zarıncı şikəstə”nin motivləri zərbli mu­ğam olan “Kəsmə şikəstə”nin motivləri ilə eynidir. “Qeyd edək ki, Şirvan aşıq mühitinin səciyyəvi xüsusiyyətlərinin mövcudluğu faktını və bəzi xa­rakterik elementlərini Q.Namazov, M.Qasımlı və b. da qeyd ediblər. Q.Na­mazov yazır: “Belə ki, bu mühitdə aşıq tərzi ilə xanəndə tərzinin qo­vuşuğu olan “Pişrov” havaları (ona yaxın belə hava var), “Şikəstə”lər (doq­quz şikəstə havası mövcuddur), “Şəşəngi”lər (sayı üçdür) müşahidə edi­­lir ki, həmin havalar sırf bölgə səciyyəlidir…” (7, s. 6). Bülbülün (1961-ci il) III Aşıq qurultayınakı məruzəsində deyilir: “Xalq ha­valarında ya­ranan yenilikləri aşıqlar mənimsəmiş və öz yaradıcılıqlarına uyğunlaş­dır­mışlar. Eləcə də aşıq havalarında nə oynaq havalar və xüsusiyyətlər var­sa, xanəndələr öz sənətkarlığına uyğunlaşdırıb istədikləri hallarda təs­nif kimi oxumuş, muğamları genişləndirmək üçün aşıq formalarını və xalq mahnılarını muğamata daxil etmişlər. Misal üçün: Arazbarı, Kürdü, Ov­şarı, Mani, Şikəstə, Bayatı, Kərəmi, Şərili, Kəsmə şikəstə, Şirvan şi­kəs­təsi və buna bənzər aşıq formalarını əsas tutaraq geniş səsə malik olan xa­nəndələr bu forma­ları genişləndirmiş, mükəmməlləşdirmiş, muğamata üz­vi surətdə aşılayaraq muğamatı xalqa yaxınlaşdırmışlar. Ayrı-ayrı hal­lar­da yeni kadanslar icad edərək, xanəndəlik sənətinə bö-yük genişlənmə gə­tirərək görkəmli yaradıcılıq işi görmüşlər”.

Muğam və aşıq sənətinin yaranma, inkişaf, mühit, məktəb, ifa tərzləri ba­rədə yuxarıda göstərilənlər bir daha bu sənət növlərinin kökü eyni olub, folklordan qay-naqlandığını təsdiqləyir.

 

İstifadə edilmiş ədəbiyyat 

  1. Zöhrabov R. Muğam. B.: Azərnəşr, 1991, 219 s.
  2. Həkimov M.İ. Aşıq sənətinin poetikası. : Səda, 2004, 609 s.
  3. İsmayılovC. Azərbaycan xalq musiqisinin janırları. B.: İşıq, 1984, 100 s.
  4. Исмайлов М.С., Карагичева Л.В. Азербайджанская народная му­зы­ка. М.: 1961.
  5. Məmmədova N. Ustad aşıqlar (şeirlər). Tərtib edənlər: P.Əfən­diyev, M.Həkimov. : 1983.
  6. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s.
  7. Namazov Q.M. Azərbaycan aşıq sənəti. B.: Yazıçı, 1984, 190 s.

 

Фахраддин Атаев

Старший преподователь кафедры Дирижирования  

Азербайджанской Национальной Консерватории

Е-mail:Atayev.72@mail.ru

О некоторых параллелях мугама и ашыгского искусства

РЕЗЮМЕ

В статье раскрывается общие корни, истоки происхождении мугама и ашыгского искусства в Азербайджанском фольклоре. Отмечается, что несмотря на самостоятельное развитие этих двух видов искусства, они имеют силу взаимного влияния друг на друга.

Ключевые слова: мугам, ашыгская музыка, мастер, ученик, фольклор

 

Fakhraddin Atayev

Senior lecturer, Department of Conducting,

Azerbaijan National Conservatory

                                                                     e-mail: Atayev.72@mail.ru

 

Some paralells of mugham and ashug art

Summary

The article tells about the mugham and ashug art which are from the same root  from Azerbaijan folklore. It is also noted that though both of the two art kinds have developed freely they have mutual influence to each other.

Key words: mugham, ashug music, master, apprentice, folklore

 

Rəyçilər:

professor Ağaverdi Paşayev;

dosent Ulkər Əliyeva

Mövzuya uyğun