Məşhur fleyta ifaçıları
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
Azərbaycan Dövlət Musiqili Teatrının orkestr artisti
Məşhur fleyta ifaçıları
Açar sözlər: fleyta aləti, pedaqoq, Teobald Böm, Ceyms Gelvey, Ələkbər İskəndərov
Deyirlər ki, musiqi insanları, qəlbləri birləşdirir. Deyilməyən sözləri, görünməyən hissləri açıqlayır. Millətləri, fərqli dillərdə danışan xalqları bir-birinə yaxınlaşdırmağı bacarır. Musiqi böyük bir dünyadır, bəşəriyyətin ayrılmaz hissəsidir.
Musiqiçilərin də (məşhurların və tanınmayanların), bu sənət sözün əsl mənasında həyatlarının vacib amili olmuş, onların yaşam tərzinə çevrilmişdir. Müxtəlif zamanlarda yaşayan musiqiçilər bir birini tanımadan eyni məqsədlə çalışaraq musiqinin inkişafına xidmət edir. Onları birləşdirən amil musiqinin təbliği, yenilənməsi və heç bir zaman unudulmamasıdır. Musiqi alətlərində ifa edənlər, həmin alətləri yaradan insanlar və ifa tərzini yeni nəslə ötürən pedaqoqlar musiqi dünyasının aparıcı qüvvəsidir. Onların yaradıcılığı musiqini yaşadır və inkşafına yeni təkan bəxş edir.
Musiqi dunyasının hər bir sahəsi qədim tarixli və dahi adlarla boldur. Lakin bizim burada söz açacağımız insanlar məhz fleyta alətinin inkişafında, ifaçılıq sənəti və təbliğində böyük rolu olmuş şəxsiyyətlərdir. Onlar Almaniya, Böyük Britaniya və Azərbaycanın musiqi tarixində adlarını qızıl hərflərlə həkk etmiş dahi pedaqoq, ifaçılar olub.
Teobald Böm (1794-1881) – görkəmli fleyta ifaçısı, musiqi alətləri ustası və müasir üfüqi (köndələn) fleytanın yaradıcısıdır. XIX əsrdə yaşamış T.Böm fleyta alətinin inkişafında böyük rolu olmuş şəxsiyyətdir. Onun yaratdığı fleyta mexanizimli sistem ilə istehsal olunmuş, uzun illər ərzində ifaçıların ən çox müraciət etdikləri alət olmuşdur.
Artıq 16 yaşında olarkən T.Böm musiqi alətləri ustası İ.K.Dennerin (1655-1707) yaratdığı fleyta nümunəsi üzrə 4 klapanlı ilk fleytanı yaradır. Hər zaman alətin yeni konstruksiyaları üzərində çalışan T.Böm yaratdığı nümunələrdə yeniliklər edir, gövdə üçün fərqli ağac materiallarından, hətta metaldan da istifadə edərək eksperimentlər aparırdı (4, s. 6).
Eyni zamanda fleyta ifaçısı kimi də fəaliyyət göstərən T.Böm artıq 18 yaşında Münhen şəhərində yerləşən “İzartor” Kral Teatrının orkestrində birinci fleyta vəzifəsinə təyin edilir. 1818-ci ildə Bavariya Kral Orkestrində fəaliyyətinə başlayan Böm İtaliya, İsveçrə, Vyana, Praqada solo konsertlərlə çıxış etmişdir (4).
1828-ci ildə T.Böm musiqi alətləri ustası R.Qreve ilə birgə fleyta alətinin emalatxanasını yaradır və burada yeni klapan sistemi üzərində işə başlayır. Onların birgə yaratdıqları ilk nümunə 8 və 9 klapanlı alətə çevrilir. Bu modelin tarixdə adı “Tromisiya” kimi qeyd edilir.
1832-ci ildə fleyta alətinin təkmilləşməsi üzərində çalışan T.Böm əks səmtli, halqalı klapan sistemini yaradır. Bu sistem 9 barmaq vasitəsi ilə 13 səs dəliklərinin bağlanması funksiyasını özündə daşıyır, xromatik qamma, ton və yarımton trellərin ifasını asanlaşdırır (1, s. 3-4).
1834-cü ildə T.Böm yaxın dostu, Münhen universitetinin ümumi geologiya və fizika elimləri üzrə mütəxəssisi, professor Karl Emil Şafxaytlın köməyi ilə yeni parabolik başlıqlı silindrik fleytanı yaradır. Böm bu yeni başlığın daha çox dolğun və incə səs çıxarmasına nail olmaq, parabolik, rezonanslı etmək üçün alətin hazırlanmasında əlvan metallardan istifadə edir. Lakin çox təcrübələrdən sonra o, 1847-ci ildə bu başlığın qiymətli metal olan gümüşdən düzəlməsinə qərar verir. T.Bömün fleyta alətinin gümüşdən hazırlamasından uzun illər keçməsinə baxmayaraq, XXI əsrdə də belə gümüş fleytalara təlabat azalmır.
T.Bömün yaratdığı klapan sistemi 1847-ci ildən Avropanın məşhur musiqi alətləri emalatxanalarında hazırlanmağa başlanır. T.Bömün mexanizim sistemi nəfəs alətləri tarixində, onların inkşafında böyük rolu olmuşdur. Uzun illər ərzində fleyta ifaçılarının ən çox müraciət etdikləri alətlər – Bömün klapan sistemli fleytaları bir çox nəfəs alətlərinin mexanizmli sistemlərinin əsası olub. T.Bömün yaratdığı bu innovassiya zamanında bütün nəfəs alətlərinin təkmilləşməsinə böyük təkan verib. T.Bömün səyləri və əməyi nəticəsində yaranmış alətlər özündən sonrakı gələcək nəsillərə bir töhfədir (6, s. 9).
Fleyta alətinin tarixində öz yaradıcılıq töhfələrini əsirgəməyən məhşur insanlardan biridə Ser Ceyms Gelveydir.
Ceyms Gelvey (James Galway, 1939) – “Qızıl fleytalı insan” ləqəbli, dünyanın ən məşhur fleyta ifaçılarından biridir. Britanya əsilli Ser Ceyms Gelvey cavan yaşlarından fleyta alətində ifa etməyə başlamış və Avropanın ən nüfuzlu musiqi təhsil ocaqları – London Kral Akademiyası, Gildxol musiqi və teatr məktəbi, Paris konservatoriyasında bu sənətin sirlərinə yiyələnmişdir.
Professional karyerasını Ceyms Gelvey Kral nəfəs alətləri orkestrində başlamış, sonra Şekspir teatrının orkestrində və BBC-nin simfonik orkestrində davam etdirmişdir (2, s. 7).
1967-ci ildə London simfonik orkestrinin, 1967-69-cu illərdə Kral filarmoniyasının simfonik orkestrinin, 1969-75-ci illərdə isə Berlin filarmonik orkestrinin solisti vəzifəsində fəaliyyət göstərmişdir (5).
Ser Ceyms Gelveyin repertuarında musiqi şedevrləri, klassik musiqi inciləri olmuş əsərlər, dahi Vivaldi, Bax, Motsart, Şubert, Ştraus və b. bəstəkarların əsərlərinə böyük yer ayrılmışdır. Buna baxmayaraq Gelvey müasir və populyar musiqi ilə də çox maraqlanır, C.Korilyano, L.Liberman kimi bəstəkarlarla həmkarlıq edərək onların əsərlərini ifa edir.
Ceyms Gelvey zamanının ən məhşur ifaçılarından biri olmaqla bərabər müəllimlik fəaliyyətində də böyük nailiyyətlər qazanıb. Onun tələbələri arasında məşhur fleyta ifaçıları – R.Tervizani, A.Oliva, B.Evcil kimi ifaçıların adı var. Sıx qastrol və iş cədvəlinə baxmayaraq C.Gelvey beynəlxalq fleyta ifaçılığı məktəbini idarə edir və hər yay İsveçrədə dünyanın hər yerindən gələn fleyta ifaçıları ilə professional görüşlər keçirir, onlara ifa tərzi və ifa çətinliklərində kömək olacaq tövsiyələrini verir. Bununla da o, ifaçılıq sənətinə öz böyük töhfəsini bəxş edir. İfası, yaradıcılığı və sənəti ilə hər an fleyta ifaçılıq sənətini ucaldan, onun yeni səhifəsini yazan Ser Ceyms Gelvey öz sehrli musiqi dunyasını insanlara çatdıran və sənətinin sirlərini açıqlamağı bacaran şəxsiyyətdir.
Əmək və yaradıcılıqları ilə məşhurlaşan şəxsiyyətlərdən, fleyta tarixində əks olunan görkəmli sənətkarlardan söz açarkən tanınmış fleyta ifaçısı azərbaycanlı Ələkbər İsgəndərovu unutmaq mümkün deyil.
Ələkbər İskəndərov (1921-2006) – Nadir istedada malık bu insan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri” fakültəsinin, fleyta sinifinin adını ucaltmış, dahi pedaqoq və məşhur ifaçıdır. Professor, xalq artisti adlarına layiq görülmüş Ələkbər İskəndərov həyatının çox hissəsini Azərbaycanın ifaçılıq sənətinin təbliğinə həsr etmiş, pedaqoji istedadı ilə və bir çox ölkələrdə ifaçılığı ilə böyük şöhrət qazanmışdır.
1945-50-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında P.N.Zilbermanın sinfində təhsil almış Ə.İskəndərov 30 ildən artıq M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrinin əvəzolunmaz solisti olub. Bu illər ərzində dahi Maestro Niyazi, N.Paxlin, G.Rojdestvenski, M.Şostakoviç və b. məşhur dirijorlarla çıxış etmişdir (3, s.1).
Yaradıcılıq fəaliyyətini heç bir zaman dayandırmayan, Azərbaycanın ifaçılıq sənətinin təbliğatını öz həyatının vacib məqsədinə çevirmiş Ə.İskəndərov müntəzəm olaraq dövlət radio və televiziyasında çıxış edirdi. O, F.Əmirovn “Lirik mahnı”, R.Hacıyevin “Mahnı”, T.Quliyevin “Səhər”, A.Məlikovun “Kontertino” kimi əsərləri dinləyiciyə yüksək ifaçılıq zövqü ilə çatdıraraq sevdirməyi bacarmışdır.
Dahi pedaqoq və məşhur ifaçı olan Ələkbər İskəndərov elmi əsərləri ilə də sənətsevərlərə öz töhfəsini əsirgəməyib. Onun yazdığı “Azərbaycan bəstəkarlarının yaradıcılığında fleyta aləti” elmi işi buna misal ola bilər. Bundan əlavə fleyta aləti üçün bir sıra orijinal əsərlər, metodik işlər və s. Ələkbər İskəndərovun yaradıcılığında vacib yer tutur.
1950-1975-ci illərdə Azərbaycan dövlət radio və televiziyasının nəfəs alətlərindən ibarət kvintetin bədii rəhbəri və solisti, 1979-cu ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının İnstrumental triosunun bədii rəhbəri olmuş Ələkbər İskəndərov pedaqoji və ifaçılıq fəaliyyətində çoxşaxəli istedadını maksimal dərəcədə nümayiş etdirmiş şəxsiyyətlərdəndir (3).
Həyatının sonuna qədər Bakı Musiqi Akademiyasında dərs demiş, sözün əsl mənasında pedaqoq olmuş Ə.İskəndərovun sinifində Xalq artisti, professor M.Ağamalızadə, Respublikanın Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru R.Hacıyev, xalq artisti, professor Y.Axundzadə, əməktar artist R.Babayev, Ç.Babayev, R.Həmidov, T.Əliyev, A.Davıdov, T.Seyidəmirov, O.Bağırova, E.Mustafayev və s. məşhur fleyta ifaçıları təhsil almışlar (3).
Ələkbər Mirzə oğlu İskəndərovun yaradıcılığı Azərbaycan ifaçılıq sənətinin tarix səhifələrinə qızıl hərflərlə həkk olunmuşdur.
ƏDƏBİYYAT:
- Платонов Н.И. Школа игры на флейте. М.: Mузыка, 1999, 157 с.
- Джеймс Гэлвэй. Биография. Чеппел, 1978.
- Ахундзаде Ю. Е. Из истории класса флейты бакинской музыкальной академии им. Уз.Гаджибейли // “Harmony” jurnalı, 2010. URL:http://harmony.musigi-dunya.az/rus/reader.asp?s=1&txtid=521
- Vikipediya T.Böm. URL:https://ru.wikipedia.org/wiki/ Бём,_Теобальд
- C. Gelveyin rəsmi saytı URL:http://jamesgalway.com/index.php?page=about&family=bio
- T.Böm. Über den Flötenbau und die neuesten Verbesserungen desselben. Mayn, Münxen 1847 (Translated by D.C. Miller, S.Baron Dover Publications inc.1964 Minola N.Y 11501) URL:https://books.google.ru/books?id=RYetl-gE4PAC&printsec=frontcover&hl=ru#v=onepage&q&f=false
Артистка оркестра
Азербайджанского Государственного Музыкального Театра
ЗНАМЕНИТЫЕ ИСПОЛНИТЕЛИ НА ФЛЕЙТЕ
Резюме
В представленной статье в историческом ракурсе раскрывается развитие флейтового исполнительского искусство. Рассматривается творчество получивших мировую славу флейтистов разных стран.
В данной статье подчеркнут вклад в развитие флейтового искусство таких известных флейтистов как Т.Бьом, Дж. Гэлвэй А.Искендеров.
Ключевые слова: Флейта, Т.Бьом, Дж. Гэлвэй, А.Искендеров
Artist orchestra of
Azerbaijan State Musical Theatre
WELL-KNOWN FLUTISTS
Summary
The article talks about historical development of flute’s art and also creative development of T. Boehm, J. Galway and A. Iskenderov. The author is analyzed of development of flute’s art.
Key words: flute, T. Boehm, J. Galway, A. Iskenderov
Rəyçilər:
professor Ağaverdi Paşayev;
professor Müzəffər Ağamalızadə.