AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2015

 

 

Pikə FƏTULLAYEVA  

Ü.Hacıbəyli adına BMA-nın doktorantı

 

Müzikl janrını yeni istiqamətə yönəldən britaniyalı fenomen

 

Açar sözlər: müzikl, janr, musiqi teatrı, inkişaf

 

Müzikl son onilliklər ərzində musiqili teatrın ən populyar və tələb olu­nan janrlarından biridir. Bu janr musiqili teatrın yeni mərhələsini özündə əks etdirərək daim aktual olan və diqqəti cəlb edən yeni istiqamətlərdən bi­rinə çevrililb. Məlumdur ki, musiqili teatrın müxtəlif növləri tarix boyu bir sıra inkişaf mərhələlərindən keçmiş və bunun nəticəsində bir janr ki­mi formalaşa bilmişlər. Bu baxımdan, onun yeni növü olan müzikl da is­tis­­na olmadı və bir neçə formalaşma dönəmindən keçərək öz simasını əl­də edə bildi. Belə ki, XX əsrin I yarısında yaranan bu janr ilkin mər­hə­lə­də özündə vodevil, musiqili komediya və operetta kimi musiqili səhnə növ­­lərinin inkişafının yeni və fərqli mərhələsini cəmləşdirirdi. Ame­rika­da yaranmış bu janra bir sıra digər musiqili səhnə üslub və janr­ları da (bal­­ladalı opera, burlesk, revyu, müzik holl, caz və s.) təkan ver­mişdir. La­­­kin ilkin formalaşma məqamında o özündə musiqili səhnə üs­lublarının fərqli tendensiyalarını və xüsusiyyətlərini cəmləşdirməkdə idi.

II dünya müharibəsindən sonra yaranan yeni tanınmış teatrlar, müzik­l­lar və kino müziklları isə bu janra yeni nəfəs gətirdi və ümumilikdə mü­zikl janrının fabulası daha da ciddiləşdi. Bu dönəmə müziklin ikinci in­ki­şaf mərhələsi kimi də baxmaq olar. Bu müzikllar isə librettoların mürək­kəb­ləşməsini, ritmlərdə caz və reqtaymın hiss ediləcək dərəcədə təsirini, mahnılarda tipik amerikan dönmələrini ehtiva edirdi.

Ümumilikdə qeyd edilən iki mərhələdə ərsəyə gələn müzikllar bu jan­rın klassik nümunələrini təcəssüm etdirir. Bu sırada R.Rocers və O.Xam­mer­staynın “Oklaxoma”, “Musiqinin səsləri”, F.Lounun “Mənim gözəl xa­­­nımım”, L.Bernstaynın “Vestsayd tarixi”, C.Bokun “Skripkaçı dam­da”, Ri­çard və Robert Şerman qardaşlarının “Merri Poppins”, C. Ger­ma­nın “Hello Dolli” və s. işiq üzü görmüşdür. Qeyd etmək lazımdır ki, 1930-60-cı illərin müziklları çox böyük populyarlıq qazanaraq özündə ope­­retta, amerika vodevili, tragikomik tamaşalar və rəqs revyusu ilə qo­hum­luq yaradan parlaq əyləncəvi şounu əks etdirirdi.

1971-ci ildə britaniyalı bəstəkar Endryu Lloyd Uebberin müzikl yara­dı­cılığının ərsəyə gəlməsi bu janr üçün bir növ yeni dirçəliş mərhələsi ol­du. Məhz onun sayəsində janrın inkişafında təmamilə yeni istiqamət baş­lan­dı.

E.L.Uebber iyirmiyə yaxın müziklların müəllifidir. Buna baxmayaraq, 1970-ci illərin əvvəllərində bəstəkara məhz “İsa Məsih superulduz” rok-müzikli dünya şöhrəti gətirdi. Bu məqamda çox maraqlı bir faktı qeyd et­mək lazımdır. Belə ki, artıq məlum olduğu kimi 60-70-ci illərdə müzikl­la­rın mərkəzi ənənəvi olaraq Amerika Brodveyi sayılırdı. Bu bağlılıq o də­rəcədə idi ki, çox vaxt Brodvey və müzikl anlayışı bir-birin­dən ay­rı­lıq­da səsləndirilmirdi. Brodvey müzikllarının başlıca məqamı onların əylən­cə­vi musiqili səhnə üslubu kimi xarakterizə olunmasındadır. 60-70-ci il­lər­də Nyu-Yorkda Brodvey müzikllarının geniş vüsət aldığı bir ərəfədə İn­giltərədə bu janra qarşı bir qədər etinasızlıq var idi. Belə ki, Britaniya te­atrının ən parlaq nümayəndələrindən olan Noel Kovard qeyd edirdi ki, “Britaniyalılar yüngül musiqini heç vaxt yetərincə ciddi qəbul etməmiş­lər”. Buna baxmayaraq, E.L.Uebberin fəaliyyəti mövcud vəziy­yətin ta­ma­milə dəyişilməsinə gətirib çıxardı. 1970-ci illərin ortalarında “İsa Mə­sih superulduz” və “Evita” müzikllarının premyeralarından sonra London müziklları Brodveydən az avtoritet qazanmadı. Nəticədə İngiltə­rə və Av­ro­pada klassik üslubu özündə əks etdirən və ilkin mərhələ nümu­nələrin­dən fərqli olan yeni müzikl üslubunun yayılması geniş vüsət aldı.

Beləliklə, tədricən bu üslubda işləməyə başlayan bəstəkarlar birbaşa mu­­siqi inkişafının xeyrinə əsasən danışıq epizodlarından imtina edərək ob­raz və mövzuların diapazonlarını daha da genişləndirdilər, komediyanı lirik-dramatik və tragik süjetlərlə əvəz etməyə başladılar. Qeyd etmək la­zımdır ki, birbaşa musiqi inkişafı dedikdə burada mövzunun bütün əsər bo­yu keçməsi yəni, modifikasiya olunması nəzərdə tutulur. Həmçinin mü­­zikl­larda musiqi dilinin mürəkkəbləşməsinə, tamaşaların ifaçılıq və qu­ru­luş səviyyəsinə qarşı tələblərin artırılmasına, müzikl yaradıcılarının əsərlərə verilən əsas qayədə qloballıq və ciddilliyə daha çox önəm veril­mə­sinə başlandı. Qeyd etmək lazımdır ki, müzikl janrında dəyişikliklərə səbəb olan bu proseslərdə E.L.Uebber yaradıcılığı ilham məmbəyi hesab edilə bilər. Belə ki, bu məqamlar onun yaradıcılığından etibarən vüsət al­ma­ğa başladı.

Bəstəkarın 1960-80-ci illər ərzində yazılan müzikllarına “Yusif və onun sehr­li, rəngarəng yuxular plaşı”, “Evita”, “Pişiklər”, “Mahnı və rəqs”, “Operanın kabusu”, “Sevginin aspektləri” və s. aiddir. Bu nümu­nə­lər bəstəkarın yaradıcılığı üçün önəm kəsb etdiyi kimi dünya musiqi mə­də­niyyəti tarixində də müzikl janrının ən parlaq nümunələrini və növbəti inkişaf mərhələsinin zirvəsini təcəssüm etdirməkdədir. Beləliklə, klassik Brodvey müzikllarının ayrılmaz hissəsi olan danışıq dialoqları öz yerini yeni müzikllarda akademik operanın janr mənsubiyyəti olan reçitativlərə verdi. Bütün bunlarla yanaşı, E.L.Uebber əsərlərində olan muxtəlif səh­nə­lərin melodikasını yaratdıqda bir tərəfdən XX əsrin opera üslubu olan sərt ekspressiv intonasiyalara, bir səs registrindən digərinə ani keçən sıç­ra­yışlara, digər tərəfdən rok-intonasiyaların elementlərinə, yəni vokalçı­nın yüksək registrdə verilən çığırış və reçitativ kimi xüsusiyyətlərə əsas­la­nır. Beləcə, Avropa musiqi tipi olan və daha çox operanı xatırladan bir­ba­şa musiqi inkişafından istifadə olundu və belə bir janr fərqliliyi E.L.Ueb­­berin musiqili teatrının əsasını təşkil etdi. Əsərlərə bu kimi melo­dik quruluşun verilməsi mətnin ifadəliliyini artırır, əsas frazaların drama­tik mənasını qabardaraq dinləyicinin daim diqqətini cəlb edir. Beləliklə, bəs­təkar incəsənətin müxtəlif istiqamətlərini sintetik tamlıq kimi özündə əks etdirən müziklda musiqini ön plana çəkərək onu inkişaf xətti ilə bir­ləş­dirmiş, orkestrin rolunu artırmış, nömrələr arasında sərhəd anlayışını ləğv edərək mahnı və ariyaların ansambllara, duet və dialoqların isə ario­zo­­lara səlis şəkildə keçidini əldə etmişdir ki, bu da nəticədə əyləncəvi Brod­vey musiqi çalarları ilə zəngin olan müziklin akademik ənənələrə ta­be olan Britaniya musiqisi istiqamətinə səmt almasına səbəb oldu.

Həmçinin, E.L.Uebberin müzikllarının mövzu seçimi din, siyasət, sev­gi və insan münasıbətlərinin qurulması, dünya ulduzları ilə bağlı tarixi əha­tə edir ki, bu da daim qəzet və efirləri cəlb etməklə ən geniş istifa­də­çi­­lər dairəsinin marağını qarşılayır. Mövzularda bu kimi aktuallıq mü­zi­k­lin fərqləndirici xüsusiyyətlərindəndir.

E.L.Uebber nəinki Britaniyada, dünya üzrə incəsənətin tanınmış və hət­­­ta əfsanəvi fiqurlarından biridir. Bu statusa o məhz müziklları sayəs­in­də edə bildiyi tarixi çevriliş və əsərlərinin ona gətirdiyi dünya şöhrəti ilə nail olmuşdur. Bu məqamı onun incəsənət sahəsində əldə etdiyi nüfuzlu mükafatlar da sübut edir. Onun hər bir layihəsi demək olar ki, dünya sen­sa­­siyasına cevrilir, mətbuatda çılğın muzakirələrə səbəb olur və kommer­si­ya cəhətdən də uğurlu olur. İngilis müəllifinin bu üslubda əldə etdiyi hey­rətləndirici uğurunun əsas səbəbi əsərlərinə qarşi olan sonsuz diqqəti­dir ki, bu da onun müzikl nümunələrinin parlaq şöhrət qazanmasına sə­bəb olur. Ümumiyyətlə, E.L.Uebber öz müzikllarının bü­tün yaranma mər­­­­hə­lələrində iştirak edən, əsərlərinin premyeralarının son anına qədər ya­radıcılarla bərabər çalışmağa üstünlük verən bəstəkar­lardandır.

Ümumilikdə E.L.Uebberin əsərlərində musiqi janrlarının geniş üslub rəngarəngliyindən istifadə etməsi diqqəti cəlb edir. Bu sırada rep, disko, dis­ko-rok, pop-ballada, kantri, blyuz, caz balladaları, müxtəlif rəqslər və s. adlarını çəkmək olar ki, bu da bəstəkarın əsərlərinə daha çox dinləyici küt­ləsinin cəlb olunmasına səbəb olur. Bəstəkarlıq məntiqi baxımından isə E.L.Uebberin əsərləri XX-XXI əsrin əsas bədii istiqaməti olan post­mo­dernizmlə əlaqədardır. Lakin bəstəkar özünü sırf postmodernizm üs­lubunun nümayəndəsi hesab etmir və bunu sadəcə yaşadığı dövrün tə­siri ilə əlaqələndirir. Buna baxmayaraq, E.L.Uebberin yaradıcılığında ba­rok­ko, klassik və romantik üslubla yanaşı müasir dövrdə geniş yayıl­mış elek­tron musiqisi, caz üslubu, sonor effekti və eklektika ilə yanaşı avan­qard üslublarının da təsiri duyulmaqdadır. Ümumiyyətlə, bu müəl­lifin əsər­­ləri müxtəlif musiqi janrları və formalarının elementləri ilə zəngindir.

E.L.Uebberə qədər müzikl məhz Brodveydə geniş məşhurluq qa­zan­mış­­dır. Brodvey sanki janrın adı kimi onun ayrılmaz simvoluna çevril­miş­­dir. Hər kəs tərəfindən məhz belə də qəbul edilməsi bu janrın nümu­nə­­lərinin oynanıldığı məkandan sanki ayrılmaz olaraq qalırdı. Lakin məhz E.L.Uebberin yaradıcılığı müzikl janrını bir növ məhdudlaşdıran Brodveydən çıxardı, onu yeni qitəyə gətirdi, üslub yenilikləri ilə zən­gin­ləş­dirdi, janrın simasını dəyişdi və beləcə müziklin yeni dirçəliş dönəmi başlandı.

E.L.Uebber yaradıcılığı mövcud olmasa idi, müzikl tarix boyu Brod­ve­­yin əyləncəvi səhnə janrı olaraq qalacaqdı. Bu baxımdan britaniyalı bəs­təkarın adı müziklin tarixi inkişafına qızıl hərflərlə həkk olundu.

 

 ƏDƏBİYYAT: 

  1. Сахарова А.Д. Ендрю Ллойд Уэббер: Британский король мюзикла. // Журнал «Музыкальный театр», 2007.
  2. Мюзикл. Материал из Википедии – свободной энциклопедии URL:https://ru.wikipedia.org/wiki/Мюзикл

 

Пике ФАТУЛЛАЕВА

Докторант БМА

БРИТАНСКИЙ ФЕНОМЕН В РАЗВИТИИ НОВОГО НАПРАВЛЕНИЯ ЖАНРА МЮЗИКЛ

Резюме

В предлагаемой вниманию статье говорится об известном Британском композиторе Эндрю Ллойд Уэббере, творчество и произведения которого повлияли на дальнейшее развитие жанра мюзикл.

Ключевые слова: мюзикл, жанр, музыкальный театр, развитие

 

 

Pike FATULLAYEVA

post-graduate student of BMA

THE BRITISH PHENOMENON IN DEVELOPMENT OF A NEW DIRECTION OF A MUSICAL’S GENRE

Summary

Тhis article talks about the famous British composer — Andrew Lloyd Webber. And also about his works which was making for development this genre of music – musical.

Key words: musical, genre, musical theatre, development

 

Rəyçilər:

professor Gülzar Mahmudova;

dosent Könül Nəsibova.

Mövzuya uyğun