Çin xalq respublikasında beynəlxalq konfrans
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2016
Fəttah Xalıqzadə
AMK-nın professoru
Çin xalq respublikasında beynəlxalq konfrans
2016-cı il, sentyabr ayının əvvəllərində Çinin Urumçi şəhərində “Çin – Orta Asiya ölkələrinin İncəsənət sahəsində təhsil üzrə forumu” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Bu elmi məclisdə iştirak etmiş ölkələri bir-birinə bağlayan ölkənin Sinzyan Muxtar Regionu idi. Həmin İnzibati-ərazi vahidi bir tərəfdən Çin Xalq Respublikasına daxildirsə, digər tərəfdən də onun türkdilli əhalisi (başda qədim uyğur xalqı olmaqla) Orta Asiya xalqları ilə dil, din və etnoqrafik-mədəni əlaqələrə malikdir.
Dərin minnətdarlıq hissləri ilə qeyd etmək istərdim ki, elmi məclisin təşəbbüskarı və təşkilatçısı — Sinzyan Sənət İnstitutu (SSİ) öz üzərinə düşmüş çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gələ bildi. Biz bütün qonaqların adından bir daha institutun rektoru, professor Tələt Turdıya və Xarici əlaqələr şöbəsinin müdiri Cəmilə xanım Hakimə öz səmimi təşəkkürlərimizi bildirmək istərdik.
Urumçinin təhsil müəssisəsini təmsil etmiş əksər məruzəçilərlə yanaşı, konfransın işində Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Azərbaycan nümayəndələri, habelə Çin Xalq Respublikasının paytaxtı Pekinin ali məktəblərindən gəlmiş elm və sənət xadimləri də iştirak etdilər.
Sözsüz ki, konfransın ən başlıca məqsədi incəsənət və o cümlədən, musiqi sahəsində təhsilin aktual problemlərinin müzakirəsindən ibarət idi. Bütün başqa sahələrdə olduğu kimi, incəsənət növlərinin tədrisi də yalnız təşkilati tədbirlərlə məhdudlaşmır, məşğələlərin metodikası, onların əsasında duran elmi tədqiqatların metodologiyası və eləcə də, təlim-tərbiyənin ümumi konsepsiyası və inkişaf strategiyası kimi mühüm problemləri də həmçinin əhatə edir. Bununla əlaqədar olaraq, təqdim olunmuş elmi məruzələr özünün rəngarəng məzmunu, yanaşma üsulları ilə seçilirdi.
Konfransın açılış mərasimində Sinzyan Sənət İnstitutunun (SSİ) rektoru professor Tələt Turdı və yerli partiya təşilatının katibi professor Çjan Lisin qonaqları səmimi qəlbdən salamladılar və onlara böyük yaradıcılıq müvəffəqiyyətləri arzuladılar.
Qeyd etmək lazımdır ki, elm məclisin işçi dilləri kimi Çin, ingilis və ya rus dilləri qəbul edilmişdi. Bütün iştirakçılar arasında qarşılıqlı ünsiyyətin qurulmasında tərcüməçilərin də əməyindən lazımınca istifadə olunurdu. Qəbul edilmiş məruzələrin əksəriyyəti qabaqcadan tərcümə olunaraq, konfransın materiallarında iki dildə (çin və rus, yaxud çin və ingilis) işıq üzü görmüşdü. Beləliklə, qonaqlar Çin alimlərindən bir çoxunun məruzəsi ilə rus dilində tanış ola bilirdisə, ev sahibləri də öz növbəsində xarici mütəxəssislərin əsərlərini öz doğma dillərində oxumaq imkanı əldə etdilər.
Konfransda Qazaxıstanı professorlar S.Şalabayev (Almatı Dekorativ sənətlər kolleci) və K.Xalıkov (Jurigenov adına Qazaxıstan İncəsənət Akademiyası), Qırğızıstanı ölkə konservatoriyasının rektoru, xalq artisti, professor M.Beqaliyev, habelə Dövlət universitetinin rektoru, professor M.Xotonov, Özbəkistanı Daşkənd Dövlət konservatoriyasının prorektoru M.Narbekov və gənc tədqiqatçı F.Muham-medova, respublikamızı bu sətirlərin müəllifi (Azərbaycan Milli Konservatoriyası) təmsil edirdilər. Bundan başqa, Sinzyan Sənət İnstitutunun və Pekinin bir sıra ali məktəblərinin professorları da elmi forumun işində maraqlı məruzələrlə çixış etdilər.
Professor M.Beqaliyev təhsil prosesində beynəlxalq əlaqələrin geniş-lənməsindən və bu istiqamətdə Qırğızıstanın bəstəkarları, ifaçıları və musiqi-şünaslarını birləşdirən Assosiasiyasının fəaliyyəti barədə maraqlı məruzə təqdim etdisə, Özbəkistan nümayəndəsi F.Muhəmmədova öz ölkəsində milli fortepiano məktəbinin formalaşması tarixi barədə ətraflı məlumat verdi. T.Jurigenov adına Qazaxıstan İncəsənət Akademiyasının professoru K.Xalıkovun məruzəsi incəsənətin müxtəlif növləri üzrə kadrların hazırlığı məsələlərinə həsr olunmuşdu. SSİ-nin professoru Abdusami Abdurahman tarixi mənbələr əsasında Nağaraxana ənənələri, həmçinin uyğur milli zərb və nəfəs alətlərində ifa edilən musiqi haqqında öz tədqiqatını ortaya qoydu. Başqa bir məruzə — ”Yağlı boya rəngkarlığının hazırkı vəziyyəti və Çində nüfuzu” — SSİ professoru Zoajmn Yasen tərəfindən hazırlanmışdı. Onun həmyerlisi Gülmirə Memetin Uyğur və Özbək rəqslərinin qarşılıqlı əlaqələrinə həsr olunmuş məruzəsi də böyük maraqla qarşılandı.
Bəzi məruzələr müəyyən bir milli mədəniyyətlə məhdudlaşmayaraq, bütövlükdə İpək Yolu ölkələrinin incəsənətindən bəhs edirdi. Belə ki, Çjan Boyuy həmin xalqların musiqi sənətini öyrənməyin əhəmiyyətindən, professor Tələt Turdı “bir zolaq, bir yol” platformasının işbirliyi əsasında qurulmasından. Çjon Çjansin isə media incəsənətinin hazırkı vəziyyətindən ətraflı danışdılar. Çin alimləri Qərb mədəniyyətinin müsbət təsirlərini qəbul etməklə yanaşı, milli və regional ənənələrn də inkişaf etdirilməsinin də böyük əhəmiyyətindən söz açdı.
Konfransın mədəni tədbirlər sırasında Sinzyan Sənət İnstitutunda təşkil edilmiş maraqlı konserti, rəngkarlıq əsərlərindən ibarət böyük sərgini, habelə şəhərlə tanışlığı, Qərb Regionunun Tarix Muzeyinin ziyarət ediməsini də qeyd etmək lazımdır. Bundan başqa, elmi məclisdə məruzəçilər arasında yeni dostluq və əməkdaşlıq əlaqələri yarandı və biz gələcəkdə onların yeni-yeni bəhrələr verəcəyini ürəkdən arzu edirik.