“Cücələrim”in səhnə taleyi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2016
Rövşanə MƏMMƏDOVA
AMK-nın tələbəsi
QƏNBƏR HÜSEYNLİ — 100 İL
“CÜCƏLƏRİM”İN SƏHNƏ TALEYİ
Mahnılar qanadlı quşa bənzəyir. Onlar üçün heç bir sərhəd yoxdur. Mahnılar insan qəlbinə tez yol tapır, sevinc və fərəh gətirir. Lakin hər mahnı belə bir sehirli qüvvəyə malik olmur. Nadir mahnılar vardır ki, təkcə öz xalqının, millətinin deyil, bir çox xalqların sevimlisinə çevrilir. Belə mahnılardan biri də görkəmli Azərbaycan bəstəkarı Qənbər Hüseynlinin bəstələdiyi “Cücələrim” mahnısıdır.
60-dan çox uşaq və məktəbli mahnılarının müəllifi olan Qənbər Hüseynli “Cücələrim” mahnısını Tofiq Mütəllibovun sözlərinə1947-ci ildə bəstələmişdir. Bu mahnı Gəncə şəhəri 20 nömrəli Orta məktəbin xor kollektivinin ifasında ilk dəfə Bakı şəhərində keçirilən məktəblilərin olimpiadasında səslənmişdir. İlk ifadan böyük uğur qazanan mahnı az bir zamanda geniş kütlənin sevimlisinə çevrilmiş,Bakı Mərkəzi Pioner və Məktəblilər Sarayı Mahnı və rəqs ansamblının repertuarına əbədi daxil olmuşdur. Bu mahnının ictimaiyyətə daha geniş təqdimatı 1959-cu ilin may ayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə baş tutur. Onların ifasında mahnı Moskva tamaşaçılarını heyran edərəkböyük alqışlarla qarşılanır. Bu kollektivin 1946-cı ildə yaranmasına baxmayaraq mahnının Moskva təqdimatından sonra ansambl “Cücələrim” adı ilə tanınmağa başlayır. Ansamblın repertuarı Azərbaycan xalq musiqisinin mahnı və rəqs nümunələri ilə zəngin olsa da, məhz “Cücələrim” mahnısı kollektivin vizit kartına çevrilir. Bu repertuar ilə kollektiv nəinki Azərbaycanda, həmçinin Türkiyə, Bolqarıstan, Macarıstan, Rusiya və digər xarici ölkələrdə uğurlu çıxışlar etmiş və yüksək mükafatlara layiq görülmüşdür.
“Cücələrim” mahnısının özü kimi, solo partiyanın ilk ifaçılarının da çox maraqlı səhnə taleyi var. Belə ki, 9 yaşında bu mahnının solo ifaçısı kimi səhnəyə gələn Arif Qazıyev sonralar görkəmli rejissor olmaqla Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. İlk ifaçılardan Suğra Bağırzadə və Təranə Vəlizadə də Azərbaycan Respublikasının əməkdar artisti kimi fəxri adları qazanmışlar.
“Cücələrim” mahnısı xor və solo partiyaların növbələşməsinə əsaslanan dialoq formasında yazılıb. Xor və solo partiyalarının növbələşmə prinsipi bütün mahnı boyu saxlanılır. Mahnı vokal hissənin tematizmini intonasiya cəhətdən hazırlayan instrumental girişlə (12 xanə) başlayır. Sadə 3 hissəli formada yazılmışdır. Burada təzadlı tərkib hissəli bir forma alınır ki, buna həm də kuplet nəqarət formasının bir növü kimi də baxmaq olar. I hissə (xor hissəsi) mahnının bütün kompozisiyasını çərçivəyə alır. Belə ki, bu hissə mahnının əvvəlində və sonunda da səslənir. I və III hissələr “re” mayəli rast məqamında yazılmışdır. Orta hissədə isə istinad pilləsi dəyişərək məqamın kvintasına keçir ki, bununla da “Rast” muğamının “Vilayəti” şöbəsinə xas olan xüsusiyyətlər özünü göstərir.
40-dan çox xalqın dilinə tərcümə olunan və sevilə-sevilə oxunan “Cücələrim” mahnısı məşhur rus cizgi filmi olan “Ну погади”nin (“Düşərsən əlimə”) 6-cı bölümündə canavarın paraşütlə hinə düşmə səhnəsində istifadə olunmuşdur. Maraqlıdır ki, bu mahnı cizgi filimində məhz Azərbaycan dilində səslənib.
Qənbər Hüseynli “Cücələrim” mahnısı ilə sağlığında özünə böyük abidə ucaltdı. Qənbər Hüseynlinin yaxın qohumu, folklor tətqiqatçısı, musiqişünas Bayram Hüseynli 1969-cu il 15 fevral tarixli “Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi məqaləsində yazırdı: “Respublikamızın kino işçiləri Fransada olarkən Çarli Çaplinlə görüşüblər. Çarli Çaplin bildikdə ki, onlar Azərbaycandandırlar, fortepiano arxasına keçərək, “Cücələrim” mahnısını ifa edib və deyib: “Demək, siz bu melodiyanın vətənindənsiniz, eləmi? Məndən onun bəstəkarına salam yetirin”.
Bakı Musiqi Akademiyasının professoru İmruz Əfəndiyevanın bəstəkarın yaradıcılığına həsr olunan, 1967-ci il yanvar tarixli “Literaturnıy Azərbaycan” jurnalında çap olunan “Onun mahnıları qocalmır” adlı məqaləsi bu sözlərlə başlayır: “… 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrənin Sürix aeroportunda qarşılanarkən bir qrup İsveçrə məktəblisi qonaqları “Cücələrim” mahnısı ilə salamlamışdır. Bu mahnının müəllifi bəstəkar Qənbər Hüseynlinin adı ölkəmizin hüdudlarından kənarda da tanınmışdır”.
Xalq Artisti Elmira Rəhimovanın xatirələrindən oxuyuruq: “1968-ci ilin yayında (iyulda) Hindistanda səfərdə idim. Məni “Cücələrim” ilə tanıdılar. Deyə bilərəm ki, mahnını bütün Hindistan oxuyur. Təsəvvürə gətirə bilməzsiniz ki, 30 minlik açıq tamaşa salonu (belə salonlar Hindistanda çoxdur) hamısı bir ağızla “Cücələrim” mahnısını mənimlə birgə ifa edirdi.”
Qənbər Hüseynli bir çox əsərlərin müəllifi olmasına baxmayaraq məhz “Cücələrim” mahnısı ilə o, adını musiqi tarixinə qızıl hərflərlə yazmışdır.