AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Əfsanə BABAYEVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 UOT 78.071                                                                                                       

MUSİQİDƏ YAŞANAN ÖMÜR 

endir

 

 

PDF

 

 

Yaqut xanım Şıxseyid... Bu ad Azərbaycan Milli Konservatoriyasının  professor-müəllim kollektivindən tutmuş tələbələrinədək hamıyamehriban və qayğıkeş müəllim, fəal və yorulmaz təşkilatçı, gözəl və səmimi insan kimi tanışdır. Onun gülər üzü, daima yüksək əhvali-ruhiyyəsi  bu sənət ocağına xüsusi yaradıcılıq atmosferi, ilham və sevinc bəxş edir.

Hələ uşaq  yaşlarından musiqiyə olan hədsiz marağı və sevgisi onu bu sənətlə sıx  bağlamışdır. Özünün etirafına görə, musiqi onun ruhuna və qəlbinə hakimlik  etmişdir. Musiqisiz bir gününü belə təsəvvür etməyən və hər zaman öndə olmağa  cəhd edən Yaqut xanım elə uşaqlıqdan maraqlı təşəbbüsləri və orijinal ideyaları ilə  ətrafdakılarını təəccübləndirmişdir. Onun bu cür fəallığı və təşəbbüskarlığı beş yaşında olarkən şagird, artıq on altı yaşında isə tələbə adını qazanmağa əsas  vermişdir.

İnadla demək olar ki, Yaqut xanımın  musiqi sahəsində fəaliyyəti çoxcəhətli  olmuşdur. Belə ki, o, musiqidə ilk addımlarını Azərbaycan xalqının  qədim milli aləti olan kamança çalmaqla atmışdır. Bu alətin sirlərini Yaqut  xanım  əvvəlcə 6 saylı musiqi məktəbində görkəmli kamança ifaçısı və əvəzolunmaz pedaqoq Elman Bədəlovdan, sonra isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında xalq artisti, professor Ramiz Mirişlidən öyrənmişdir. Məhz Elman Bədəlovun böyük səyi və həlledici rolu ilə yanaşı, həm də milli musiqiyə  böyük dəyər verən atası —  dövlət və partiya xadimi Şıxseyid Kərimovun istəyi və öz şəxsi həvəsi ilə Yaqut xanım meylini bu alətə salır. Artıq Konservatoriyanın üçüncü kursunda oxuduğu zaman əlaçı və fəal tələbə kimi professor-müəllim heyətinin diqqətini özünə cəlb edir və professor R.Mirişlinin təşəbbüsü ilə A.Zeynallı adına Musiqi Texnikumunda (İndiki Bakı Musiqi Kolleci) müəllim vəzifəsində işə düzəlir. Ona bu tarixi musiqi ocağında milli musiqinin görkəmli ifaçıları – korifey sənətkarlarımızla çiyin-çiyinə çalışmaq, onlardan öyrənmək,  daha da yüksək nailliyyətlər qazanmaq səadəti nəsib olur.

Konservatoriyanı bitirdikdən sonra Yaqut xanım göndərişlə Gəncə Musiqi  texnikumunda eyni həvəslə fəaliyyət göstərir. Burada da onun pedaqoji işlə bərabər təşkilatçılıq bacarığı, kollektivlə tez ünsiyyətə girə bilmək qabiliyyəti  özünü göstərir. Bütün bu öhdəliklərlə eyni zamanda o, Bakı Ali Partiya  Məktəbini də əla qiymətlərlə bitirməyə müvəffəq olur. Gəncədə üç illik  pedaqoji fəaliyyətini  bitirib Bakıya qayıtdıqdan sonra yenidən A.Zeynallı adına Musiqi məktəbində işini  davam etdirir. Lakin taleyin hökmü və unudulmaz sənətkar Süleyman Ələsgərovun dəvəti ilə Yaqut  xanım 1981-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyasına) “Xalq çalğı alətləri” kafedrasında müəllim vəzifəsinə qəbul olunur. Bu hadisə onun həyatına yaddaqalan ən xoş və eyni zamanda,  qürur doğuran anlar bəxş edir. Şübhəsiz, ali musiqi tədris ocağında dərs demək həm də böyük məsuliyyət tələb edirdi. Yaqut xanım belə bir məsuliyyətli işin  öhdəsindən uğurla gəldi. Artıq 40 ildən artıq pedaqoji fəaliyyətlə məşğul olan Yaqut xanım öz biliyini, gücünü, əməyini, vaxtını sərf edərək yetişdirdiyi 100-dən çox tələbələri ilə fəxr edir. Bunların arasında laureatlar, fəxri ad alanlar, onunla çiyin-çiyinə çalışan müəllimlər, müxtəlif ansambllarda çalışan ifaçılar da var.  Əlbəttə, bütün bunlar Yaqut xanımda dərin qürur  hissi oyadır və daha da əzmlə çalışmağa sövq edir.

Yaqut xanımın  təcrübəli pedaqoq kimi hazırladığı metodik tövsiyələri — “Hacı Xanməmmədov. “Kamança ilə simfonik orkestr üçün konsert” (B.: Mütərcim, 2009), “Zakir Bağırov. “Kamança ilə simfonik orkestr üçün konsert” (B.: Mütərcim, 2009) alətin ifaçılıq xüsusiyyətlərinin aşkarlanmasında xüsusi  əhəmiyyətə malikdir.

Kamança alətinin tədrisi ilə bağlı problemlərdən biri repertuar məsələləridir. Bu sahədə olan boşluğun aradan qaldırılması məqsədilə Yaqut xanımın hazırladığı   “Pyeslər məcmuəsi” (Bakı, 2011) olduqca önəmlidir. Ali və orta ixtisas musiqi məktəblərinin kamança sinfi üçün dərs vəsaiti kimi nəzərdə tutulan və redaktoru  əməkdar incəsənət xadimi Məmmədağa Kərimov, rəyçiləri xalq artisti, professor Ramiz Mirişli, xalq artisti, professor Şəfiqə Eyvazova, dosent Gülağa Zeynalov olan bu məcmuədə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri kamança və fortepiano üçün işlənmişdir. Buraya Q.Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, F.Əmirovun “Azərbaycan”, T.Bakıxanovun “Elegiya”, “Rəqs”, “Xeyir və şər” baletindən “Vals”, P.Çaykovskinin “İlin fəsilləri” silsilə-sindən “Dekabr” Ş.A.Rubinşteynin  “Demon” operasından “Rəqs”,  İ.Bramsın “1 saylı Macar rəqsi”, A.Dvorjakın “2 saylı Slavyan rəqsi” daxil edilərək kamança alətinin repertuarını həm zənginləşdirmiş, həm də onun ifa imkanlarını  genişləndirmişdir. Məcmuəyə ön söz yazmış Azərbaycan  Milli Konservatoriyasının  rektoru,  xalq  artisti, professor  Siyavuş Kəriminin  qeyd etdiyi kimi,  “…Tərtibçi bu  dərs vəsaitində kamança ifaçılığının bütün xüsusiyyətlərini nəzərə almış və  bunları əks  etdirə bilmişdir… Bu da  müəllifin aləti çox gözəl bildiyindən irəli gəlir”.

Bunun ardınca Yaqut xanım professor M.Kərimov ilə birgə hazırladığı   “Azərbaycan və xarici ölkə bəstəkarlarının  əsərləri.  Ney  və   fortepiano  üçün   işləmələr”(2016) məcmuəsi də xalq çalğı alətləri repertuarının zənginləşməsi  yolunda geniş imkanlar açır. Burada A.Məlikov, T.Quliyev, S.Rüstəmov, S.Ələsgərovla yanaşı, rus və qərb bəstəkarlarından S.Raxmaninov, J.Bize və Quno-nun əsərlərindən də maraqlı parçalar istifadə  edilmişdir.

Yaqut Şıxseyidin daha bir fəaliyyət sahəsi onun uğurla apardığı elmi-tədqiqat işidir. O, milli musiqi alətimiz olan kamançanı təkcə təcrübi cəhətdən deyil, həm də elmi-nəzəri baxımdan öyrənilməsinin daha səmərəli olduğunu düşünür. Bununla bağlı onun 2008-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün müvəffəqiyyətlə müdafiə etdiyi “Azərbaycan bəstəkarlarının əsərlərində kamançanın istifadəsi və ifa xüsusiyyətləri” mövzusunda dissertasiyası diqqətə-layiqdir. Bu işində müəllif ilk dəfə olaraq kamançanın sırf milli musiqi aləti kimi Azərbaycan bəstəkarlarının yaradıcılığında Avropa musiqi janrlarında istifadəsi problemlərini işıqlandırmışdır. İşdə ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının kamança üçün yazdıqları kiçik və iri həcmli əsərlərin ifaçılıq xüsusiyyətləri araşdırılaraq, alətin ifaçılıq ənənələrinə məlum olmayan yeni imkanları aşkarlanmışdır. Dissertasiyada müəllif S.Rüstəmovun, S.Ələsgərovun solo kamança üçün kiçik həcmli əsərlərini, H.Xanməmmədovun, Z.Bağırovun, T.Bakıxanovun kamança və  simfonik  orkestr  üçün konsertlərini, həmçinin, F.Əmirov və A.Baba-yevin Fortepiano və Azərbaycan xalq çalğı alətləri orkestri üçün konsertində kamançanın rolunu professional ifaçı kimi dərindən təhlil edərək alətin özünəməxsus ifa prinsiplərini  müəyyənləşdirmiş və gələcəkdə onun ifaçılıq imkanlarının daha da genişlənməsi və inkişafı üçün əsas perspektivləri göstərmişdir.

Elmi-tədqiqata olan maraq Yaqut xanımda hələ tələbəlik illərindən  oyanmışdı. Həmin dövrdə Tələbə Elmi Cəmiyyətinin üzvü kimi fəaliyyəti ona gələcəkdə daha dərin tədqiqat işlərilə məşğul olmağa stimul vermişdir. Dördüncü  kursda oxuduğu zaman Respublika elmi konfransında “Müasir musiqidə millilik  və beynəlmiləlçilik” kimi aktual mövzuda etdiyi məruzəsinə görə diploma layiq görülmüş, Tallində keçirilən Ümumittifaq Elmi-tələbə konfransında isə dahi bəstəkar Qara Qarayev haqqında məruzəsi maraqla qarşılanmışdır.

Tələbəlik illərində Respublikanın musiqi həyatında baş verən hər bir hadisə Yaqut xanımı maraqlandırırdı. Bu maraq onu həmin dövrdə çox sanballı və  nüfuzlu sayılan “Ədəbiyyat və incəsənət” qəzeti ilə əməkdaşlıq etməyə gətirib  çıxarır. Burada o, Azərbaycan Dövlət Filarmoniyasında keçən simfonik konsertlər,  Süley-man Ələsgərovun yubileyi ilə bağlı təəssüratlar, Fərhad Bədəlbəyli ilə  söhbətlər və s. haqqında öz düşüncələrini bölüşürdü. Belə bir  təcrübə, şübhəsiz ki,  daha mükəmməl elmi işlərin meydana gəlməsinə zəmin  yaradırdı. Məhz musiqi  mədə-niyyətinin müxtəlif tərəflərini öyrənən və müşahidə edən Yaqut  xanım onu həyatı boyu müşayiət edən kamançanın Azərbaycan musiqi  mədəniyyətində rolunu araşdırmağa imkan verir.

Bununla bağlı Yaqut xanımın Azərbaycanda çox sevilən və geniş yayılan  kamança alətinin musiqi mədəniyyətimizdə yerini və rolunu düzgün  qiymət-ləndirərək bu sənətin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına  daxil edilməsi ilə bağlı bu mötəbər təşkilatın baş direktoru, xanım İrina Bokovaya  ünvanladığı məktubu da çox önəmlidir. Məktubda Yaqut xanımın düzgün qeyd  etdiyi kimi, “Heydər Əliyev Fondunun prezidenti,  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən muğam layihələrində kamança ifaçılığının da özünəməxsus yeri vardır. Bütün bu layihələrin sayəsində milli musiqi alətlərimizlə yanaşı, kamança alətinə də maraq olduqca artmış, alətşünaslıq elmində kamança aləti ilə bağlı mövzuların xüsusi olaraq işlənilməsi aktuallaşmışdır”.

Onu da qeyd edək ki, Yaqut Şıxseyidqızı Heydər Əliyev Fondunun və Fondun  Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi  artıq Azərbaycanda ənənə halını almış “Muğam aləmi” Beynəlxalq Muğam  Festivallarının (2009, 2011, 2013, 2015) dördündə də bu festivalların təşkili  üzrə İşçi qrupunun üzvü kimi fəal iştirak etmişdir. Bundan əlavə o, həm də Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Muğam  aləmi” festivalı çərçivəsində keçirilən Respublika və Beynəlxalq muğam müsabiqələrinin təşkilat komitəsinin üzvü kimi də yorulmadan çalışmışdır.

Yaqut xanım əsl vətənpərvərdir. Harada olursa olsun, hər hansı şəraitdən asılı  olmayaraq o, həmişə Azərbaycan musiqisinin yorulmaz təbliğatçısıdır. Bu  məqsədlə o, 1990-cı ildə Mədəniyyət Nazirliyinin Metodik mərkəzinin nəzdində fəaliyyət göstərən “Səyyah” uşaq vokal-xoreoqrafik ansamblı yaratmışdır. Bu kollektiv dünyanın bir çox ölkələrində, müxtəlif Beynəlxalq festivallarda çıxış edərək Azərbaycan musiqisinin təbliğinə öz töhvəsini vermişdir. Həmçinin, 2002-ci  ildə Milli Konservatoriyada ilk dəfə olaraq xalq çalğı alətlərindən ibarət ansambl yaradılmışdır. Bu ansambl kiçik müddət ərzində geniş dinləyici auditoriyası qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, ansamblın ilk çıxışı 2 fevral “Gənclər günü”nə təsadüf etmişdir. Tələbələrdən ibarət ansambl Prezident seçkiləri ərəfəsində bir çox rayonlarda və dövlət tədbirlərində böyük konsert proqramı ilə maraqlı çıxışlar etmişdir.

Y.Şıxseyidin belə fəal ictimai fəaliyyəti özünün həyat ritminə və tempe-ramentinə tamamilə uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Milli Konservatoriyası yarandığı vaxtdan bu günədək Yaqut xanım burada İstehsalat təcrübə və Konsert  təşkili üzrə rəhbər kimi əzmlə çalışaraq müxtəlif yığıncaq, yaradıcılıq gecələri, digər mühüm tədbirlərin hazırlanması və keçirilməsində yaxından iştirak edir. Bunların sırasında Azərbaycan Təhsil Nazirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi dövlət əhəmiyyətli bədii tədbirləri, Təhsil Nazirliyinin “Sabah” qruplarının II Forumunun konsert  proqramının təşkilini qeyd etmək lazımdır.

Yaqut xanımın Bakı Beynəlxalq  qadınlar klubuşurasının üzvü kimi fəaliyyəti də diqqətəlayiqdir. O, müxtəlif beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış edərək Azərbaycan qadınlarının problemlərinin dünya ictimaiyyətinə çatdı-rılması yolunda çalışır. Onun 2007-ci ildə Stokholmda İsveç Qadın İnstitutunun təşəbbüsü və “Günəş” Azərbaycan Qadın Cəmiyyətinin təşkilatçılığı  ilə “Qadın hüquqları dünən, bu gün və sabah” mövzusunda  keçirilən konfransda etdiyi məruzə xüsusi marağa səbəb olmuşdur.Yaqut xanımın bu istiqamətdə apardığı işlərdən biri kimi,  Azərbaycanda  akreditə  olunmuş  səfir xanımlarının iştirakı ilə təşkil  etdiyi konsertin keçirilməsini göstərə bilərik. Bu konsertdə bir daha Azərbaycan xalq musiqisi səslənərək milli mədəniyyətimiz təbliğ edilmişdir. Məhz belə məsuliyyətli və dəyərli ictimai fəaliyyətinə görə o, dəfələrlə dərin təşəkkürlər  qazanmış, fəxri fərmanlara layiq görülmüşdür.

Milli Konservatoriyanın təlim-tədris həyatında Yaqut xanımın çoxşaxəli  fəaliyyəti  daim özünü göstərir. O, sanki  konservatoriyanın böyük tələbə dəstəsinin ifaçılıq təcrübəsinin hərəkətverici qüvvəsi, “lokomotivi”dir. Məhz bu keyfiyyətlərinə  görə yetişməkdə olan yeni nəsl ondan çox şey öyrənir. Bu yolda Yaqut xanıma tükənməz enerji və  yeni nailiyyətlər arzulayırıq.

Mövzuya uyğun