XX əsrin 90-ci illərində Azərbaycan xor musiqisində vətənpərvərlik mövzusu
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1(35), 2017
AMK-nın dissertantı
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: saadatmusician@list.ru
UOT: 784,5
XX ƏSRİN 90-CI İLLƏRİNDƏ AZƏRBAYCAN XOR MUSİQİSİNDƏ VƏTƏNPƏRVƏRLİK MÖVZUSU
Xülasə: Məqalədə XX əsrin 90-ci illərinə aid xor əsərləri, xüsusən də oratoriya, kantata janrında obraz-məzmun sahəsi, yeni təmayüllər və dramaturji prinsiplər nəzərdən keçirilir. Məhz bu dövrün əsərlərində Azərbaycan tarixində baş vermiş qanlı, faciəli olaylarla əlaqədar olaraq vətənpərvərlik, qəhrəmanlıq mövzusu xüsusi əhəmiyyət alaraq geniş təfsirini tapır.
Açar sözlər: oratoriya, kantata, vətənpərvərlik mövzusu, Azərbaycan bəstəkarları, rekviyem, islam, matəm messası
XX əsrin 90-ci illərində vətənpərvərlik mövzusu Azərbaycan bəstəkarlarının yaradıcılığında, əsasən də xor musiqisində mühüm yerlərdən birini tutur.Xor mədəniyyəti bir çox tarixi mərhələlərdə gördüyümüz kimi, sosial meylli olduğundan ən aktual, gündəmdə olan məsələlər vokal-instrumental musiqisinin bir sahəsi olan oratoriya və kantata janrında öz əksini tapır. Bu da həmin janrların demokratikliyi ilə əlaqədardır. Azərbaycan tarixi XX əsrin 90-cı illərindən başlayaraq qanlı, faciəli hadisələr yaşayır. İyirmi beş ildir ki, Azərbaycanın gözəl diyarı olan Qarabağ düşmənin tapdağı altındadır. Siyasi, ictimai xadimlər,sənət adamları öz vətəndaşlıq mövqeyini bildirən çıxışlar edirlər, əsərlər yaradırlar. Azərbaycan bəstəkarları da bu faciə ilə bağlı öz qəti fikirlərini bildirir və bildirməkdədirlər. Bizim müasirlərimiz olan qəhrəmanlar, şəhidlər, Ana Vətən, Qanlı Yanvar və Xocalı soyqırımı kimi mövzular müxtəlif səpkidə və janrlarda öz ifadəsini tapır.
Azərbaycanın xor musiqi mədəniyyəti ümummilli incəsənətin bir qolunu təşkil edərək böyük inkişaf yolu keçmişdir. Ümümbəşəri mövzular monumental demokratik formalar tələb edirdi və buna cavab olaraq XX əsrdə Qərb və Azərbaycan bəstəkarların yaradıcılığında iri həcmli vokal-instrumental musiqi yeni təfsir formalarını aldı. Qəhrəmani-vətənpərvərlik mövzusu Azərbaycan musiqisində ilk dəfə olaraq II Cahan Müharibəsi zamanı və sonraki mərhələdə meydana gəlib. Üzeyir Hacıbəylinin vətənpərvər mövzuda parlaq plakatlılığı ilə seçilən “Vətən və cəbhə” (1942), Cövdət Hacıyevin “Sülhün keşiyində” oratoriyası və s. əsərləri misal gətirə bilərik. Burada əsas qəhrəman kimi xalq çıxış etdiyindən kütləvi xorların rolu artır və bəzən xorlar əsas dramaturji funksiyanı daşımağa başlayır. Bununla belə musiqi dili əsl xəlqiliyi ilə seçilir. Ü.Hacıbəylinin qeyd etdiyimiz kantatalarında xor və orkestrin təfsirində aşıq musiqisinin intonasiya, faktura, ritmik xüsusiyyətlərindən yararlanması nəzərə çarpır. Kantata janrında Ü.Hacıbəylinin bir üslub kimi aşıq musiqisinə istiqamətlənməsi sonralar Q.Qarayevin bu sahədə olan əsərlərində də sezilir. 40-cı illərdə artıq xor janrında muğama müraciət özünü büruzə verir və bunu biz C.Hacıyevin “Sülhün keşiyində” oratoriyasında və s. xor əsərlərində müşahidə edirik. Təşəkkül nəticəsində XX əsrin kantatalarında oratoriya, simfoniya və dramatik tamaşalara, kinofilmlərə olan musiqi ilə üzlaşmanı görürük. Oratoriyaların inkişafında isə onun opera və kantataya yaxınlaşmasını müşahidə edirik. Milli qaynaqlardan gələn intonasiyaların (ağı, mərsiyə, oxşama, meyxana və s.) pafos və deklamasiya ilə zənginləşməsi kimi məqamlar nəzərə çarpan cəhətlərdəndir.
80-90-cı illərdə oratoriya, kantata janrında C.Cahangirov, V.Adıgözəlov, R.Mustafayev, A.Əlizadə, S.İbrahimova və s. parlaq nümunələr ilə çıxış ediblər. Qeyd etmək lazımdır ki, vətənpərvərlik və qəhrəmanlıq mövzusu ümümbəşəri mövzulardan biri olsa da, Azərbaycan musiqisində,yuxarıda qeyd etdiyimiz kimi, son iyirmi ildə yaranan əsərlərdə, xüsusən də xor musiqisində, ayrıca bir qolu təşkil edir. Bu qəbildən olan V.Adıgözəlovun “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala”, “Qəm karvanı” oratoriyaları, sonralar yaranan “Natəvan” operası, hərbi-vətənpərvərlik mövzusunda olan R.Mustafayevin “Salatın” oratoriyası, “Haqq səninlədir, Azərbaycan” kantatası, A.Əlizadənin “Ana torpaq” odası, A.Dadaşovun “Ana yurd” kantata-apofeozu, “Bu Vətən ölə bilməz” kantata-andı, O.Kazıminin “Yaşa Respublikam” kantatası və sonradan 2000-ci illərə aid olan “Murovdağ nəğmələri” oratoriyası, M.Babayevin “Ağlama torpağım, ağlama” oratoriyası və “Məmləkətim” kantatası, R.Şəfəqin “Ana torpaq Qarabağ” vokal xor silsiləsi, S.İbrahimovanın “Vətən şəhidləri” kantatası, C.Abbasovun “Mərdlik” kantatası, Ə.Əliyevin “Azadlığa gedən yollar” odası, M.Cəfərovun “Yuxulama, Oğuz oğlu” kantatası, T.Əkbərin “Azərbaycan” poema-dastanı, L.Quliyevanın xor və fortepiano üçün “Vətən” kantatası və s. sadalaya bilərik. Bu bəstəkarların hər birinin qəhrəmanlıq, vətənpərvərlik mövzusunda bir neçə əsəri var. Ötən illərdə bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Qarabağnamə” operası (libretto — N.Paşayeva ) Opera və Balet Teatrında tamaşaya qoyulub. Gördüyümüz kimi, bəstəkarlar bu mövzuda yetərincə əsərlər yaradıb. Belə ki, XX əsrin 90-cı illərinə aid olan əksər kantatalar məhz bu movzuya həsr olunub.
Xor musiqinin daha dinamik şəkil alması və ya dramaturgiyanın müxtəlif planlarının açıqlanması məqsədilə bəzi hallarda qiraətçinin əsərə daxil edilməsi, yəni teatrlaşma müşahidə olunur. V.Adıgözəlov, R.Mustafayev, O.Rəcəbov və b.-nın oratoriya və kantatalarının xüsusiyyətlərinə nəzər saldıqda burada plakatlıq (“Çanaqqala-1915”), oratoriya-memorium (“Qəm karvanı”) kimi səciyyəvi prinsiplərdən də danışmaq olar. Oratoriya-kantata janrının simfonikləşməsi ilə yanaşı bəstəkarlar musiqi dramatugiyasında müxtəlif intonasiya sahələrinin toqquşmasına müraciət edirlər. C.Cahangirovun “Qələbənin 40-illiyi”, V.Adığözəlovun “Çanaqqala-1915” və s. əsərlərin xüsusiyyələrinə nəzər saldıqda xor musiqisində yeni janrların meydana gəlməsinin də nəzərə çarpdığını görmək mümkündür. Bu da bəstəkarların yeni yaradıcılıq yollarının axtarmasından xəbər verir. “Hibrid janrlar” özündə simfoniya, oratoriya, vokal silsiləni, dini musiqi janrların və s. əlamətlərini büruzə verir və janrların sintez prosesini fəallaşdırır (O.Rəcəbovun “Çingiz” simfoniya-rekviyemi; F.Nağıyevin azançı, xor və simfonik orkestr üçün “Azadlıq” Odası (H.Meracın söz.), A.Mirzəyevin “Yanvar passionları” və s).
Burada xüsusilə, V.Adıgözəlovun oratoriya yaradıcılığı üzərində dayanmaq istərdik. Bəstəkarın “Qarabağ şikəstəsi” (1989,sözləri T.Elçinindir), “Çanaqqala” (1996, mətnin müəllifi Mehmet Akif Ersoy), “Qəm karvanı” (1999, sözləri R.Rzanındır) oratoriyaları qəhrəmani-vətənpərvər səpkidə olan triptix təşkil edərək sənətkarın zamanla dialoqu kimi qəbul olunur. “Qarabağ şikəstəsi” oratoriyasında bəstəkar bütün kompozisiya boyu segah muğamının intonasiyalarına müraciət edib, finalda isə şikəstəni canlı bir şəkildə tətbiq etmişdirsə, “Qəm karvanı”nda muğamların “müəllif variantı” müasir təfsirdə öz ifadəsini tapmışdır. “Qarabağ şikəstəsi” oratoriyasının finalı qələbəyə qətiyyət və inamı ifadə edir. Burada bəstəkar Azərbaycan ənənəli şifahi musiqisindən olan zərbi muğam vokal-instrumental janrından istifadə etmişdir. V.Adıgözəlov bu muğamın arxitektonikasını, hətta onun Qarabağdakı ifaçılıq xüsusiyyətlərini bütünlüklə saxlamışdır. Ümümiyyətlə, bəstə-karın “Odlar yurdu” (sözləri R.Z. Xandanın), “Qarabağ şikəstəsi”, “Qəm karvanı” kimi oratoriyalarında muğamın dəraməd, təsnif, rəng kimi hissələrinin janr və bədii üslub xüsusiyyətlərinin maraqlı təzahür formaları özünü büruzə verir. Bəstəkarın oratoriyalarında üzvi şəkildə Şərq-Qərb təxəyyül prinsipləri öz əksini tapmışdır. Belə ki, yuxarıda qeyd olunanlarla yanaşı, “Qəm karvanı” oratoriyasının musiqi drama-turgiyasının əsasında sonata-simfonik silsilə ilə əlaqə özünü göstəririr: “Gərgin-ekspessiv giriş, xorun mövzusu üzərində yönəlmişdir ki, bu da əsas partiya rolunu oynayır. İncə, sakit tərzdə inkişaf edən solist qoboyun ifası, sanki yaddaşda yüksək ruhlu köməkçi partiyanın yenidən oyanmasına səbəb olur. Bu da V.Adıgözəlovun sonata-simfonik əsərlərini ifadə edir” [6]. “Qarabağ şikəstəsi” oratoriyası faciəli Qarabağ hadisələrinin hələ başlanğıcına aid dövrə təsadüf edirsə, “Qəm karvanı” Yanvar hadisələrinin onillik tarixinə həsr olunaraq rekviyem və memorial xarakteri təcəssüm edir. Bəstəkarın epiqraf kimi qeyd etdiyi “Müqəddəs şəhidlərimizin əziz xatirəsinə” sözləri əsərin bütün konsepsiyasını, müqəddəs mövzuya toxunacağını əvvəlcədən müəyyən edir.
Bu əsərlər təhlil olunsa da onların simvolik mahiyyəti açılmamışdır. Belə ki, həm “Qarabağ şikəstəsi”, eləcə də “Qəm karvanı” oratoriyasında (xüsusən də, bütün əsərin zirvəsini təşkil edən IV hissədəki xanəndənin improvizəsində) qarabağlılar üçün ana-muğam olan “Segah” əsas rolda çıxış edir və Vətənin, Qarabağın rəmzi kimi qəbul olunur. “Segah” muğamı bu əsərlərin leytobrazı kimi semantik məna daşıyaraq Ana Vətənin simvoluna çevrilir, müstəqillik uğrunda şəhid olan insanların Vətən sevgisini ifadə edir. Amma “Qəm karvanı” oratoriyasının tezis kimi kədərli, faciəli “Hümayun” muğamının intonasiyaları ilə başlanması və onunla bitməsi Vətənin üstündən hələ “qara buludların” keçməməsinə işarə edir.
Digər parlaq bir nümunə A.Mirzəyevin “Yanvar passionları” (1992) adı altında olan islam matəm messasıdır. Bu Azərbaycan xor musiqisində yeni bir janrdır. Əsər 1990-cı ilin 20 Yanvar faciəsinə həsr olunub və ilk dəfə 1992-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında ifa edilib. Kompozisiya maraqlı tərkibi ilə seçilir. Bu messa orkestr, orqan,xor və iki solist (xanəndə, kamança) üçün nəzərdə tutulub. Əsərin ilk ifasında xalq artisti, xanəndə Ağaxan Abdullayev və kamança ifaçısı, əməkdar artist Ədalət Vəzirov iştirak etmişlər.
A.Mirzəyev dini-memorial musiqisinin yaradıcısıdır. Onun konsepsiyası “Şərq və Qərbin neorenessans musiqi sahəsində olan polistilistika” anlamının tətbiqinə əsaslanır, daha dəqiq desək Şərq musiqi təfəkkürü olan muğamatın, Avropa barokkosu və alman klassik polifoniyasının sintezi ilə yanaşı müxtəlif dini – İslam, protestant və katolik musiqilərinin təbii birləşməsinə əsaslanır.
İslam matəm messası “Yanvar passionları”nın dramaturgiyası, konsepsiyası böyük maraq döğurur. Alman katolik dini musiqisi üçün xas olan passion janrı Azərbaycan bəstəkarının yaradıcığında maraqlı bir təfsir almışdır.Əsər qiraətçinin çıxışı ilə başlayır, sonradan barokko dövrü üçün xas olan, baxsayağı üslubda inkişaf özünü büruzə verir. Passion böyük, ali faciəliliyi ilə seçilir. Burada qanlı 20 Yanvar günü əks olunur, şəhidlərin obrazları böyük dramatizmlə seçilən xor partiyasında vokaliz şəklində keçir. Əsər birhissəli olsa da, bir neçə bölmədən ibarətdir – xor epizodu, xanəndənin solosu, xor epizodu. Xanəndənin solo epizodunda Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından parçalar istifadə olunmuşdur.
Xorun partiyası messa üçün səciyyəvi olan tərzdə öz ifadəsini, təfsirini tapır, amma solo nömrə kimi burada bəstəkar xanəndənin ifasında İslam dini musiqisi üçün səciyyəvi olan mərsiyəni (Çahargah üstündə) istifadə edir. İslam və katolik musiqilərinin təbii birləşməsinə və öz yüksək bədii təxəyyülünə əsaslanan bəstəkar əsərin əsas ideyası – şəhidlik, Ana-Vətən, tiraniyaya və terrorizmə qarşı etirazı təsvir edərək əslində ümümbəşəri mövzuları açıqlayır, onların qlobal əhəmiyyət daşımasını qeyd edir.
ƏDƏBİYYAT:
- Левандо П.П. Хоровая фактура. Л.: Музыка, 1984, 123 с.
- Мирзоева Н.А. «Пути становление ораториально-кантатного жанра вАзербайджане». Афтореферат диссертации на соиск.учен.степени кандидата искусствоведения. Б.: 1994, 19 c.
- Мамедова Л.М.Хоровая культура Азербайджана. Пути становления и перспективы развития хорового исполнительства. Учебн. пос., Б.: Адилоглу, 2010, 231с.
- Раппопорт Л.Г. Взаимодействие жанров в западноевропейской оратории и кантате XX в., в сб.: Теоретические проблемы музыкальных форм и жанров. М.: Музыка, 1971, 365с.
- Тагизаде А.З. Азербайджанское музыкальное искусство в годы Великой Отечественной Войны. Б.: Маариф, 1992, 78 c.
- Эфендиева И.М. Оратория «Гям Карваны» ВасифаАдыгёзалова. К проблеме национальных истоков // Ekoloqiya. Fəlsəfə, Mədəniyyət. 37-ci buraxılış, B.: 2004, 240 c.
- Хохловкина А.A.Советская оратория и кантата.M.: Музгиз, 1955, 148 c.
Диссертант АНК
ПАТРИОТИЧЕСКАЯ ТЕМАТИКА В АЗЕРБАЙДЖАНСКОЙ ХОРОВОЙ МУЗЫКЕ 90-Х ГОДОВ ХХ СТОЛЕТИЯ
Резюме: В статье рассматриваются хоровые произведения, в частности оратории, кантаты 90-х годов ХХ столетия, в которых делается упор на образно-содержательную сферу, новые направления и драматургические принципы. Именно патриотическая, героическая тематика приобретает особую значимость в произведениях данного периода, в связи c кровавыми и трагическими событиями в истории Азербайджана.
Ключевые слова: оратория, кантата, патриотическая тема, композиторы, реквием, исламская траурная месса
Dissertator of ANC
PATRIOTIC THEME IN AZERBAIJAN’S CHORAL MUSIC 90-IES OF XX CENTURY
Summary: The article talks about choral works, including the oratorio, cantatas 90-ies of the XX century, where the emphasis is also on the image-informative sphere, new movements and dramatic principles. In the works of this period, due to the bloody, tragic events in the history of Azerbaijan it is patriotic and heroic themes of particular importance and a broader interpretation.
Key words: oratorios, cantatas, patriotic theme, composers, requiem, Islamic funeral mass
Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vəfa Xanbəyova
əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov