AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

BUŞE ŞƏHƏRİNDƏN GƏLƏN İRAN SƏDALARI

16 may İran Mədəniyyət Mərkəzi və AMK-nın təşkilatçılığı ilə konservatoriyanın Böyük zalında möhtəşəm konsert keçirildi. İranın cənub hissəsindəki Buşe şəhərindən olan musiqiçilər dinləyiciləri valeh etdilər. Onların istifadə etdiyi bəzi alətlər fərqli idi, böyük maraq doğururdu, ifaçıların musiqisi kimi…

Tədbiri AMK-nın Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Cahangir Səlimxanov açdı və musiqiçilər barədə məlumat verərək İran xalq musiqisinin dolğunluğundan bəhs etdi. Sonra İran Mədəniyyət Mərkəzinin rəhbəri, cənab Əsgər Farsi səhnəyə dəvət olundu. Ə.Farsi İran və Azərbaycanın qədim adət-ənənələrinin olduğunu vurğulayaraq İslam Həmrəylik oyunlarının təqdirəlayiqliyidən söz açdı. Sonda sözünü yekunlaşdıraraq dedi: “Sağ olsun İran və Azərbaycan xalqı… Yaşasın bizim dostluğumuz!”

Qonaqların çalğı alətləri tamaşaçılarda böyük maraq doğururdu. Bu alətlərin bəziləri bizim alətlərə bənzəyirdi. Tulumu İranda bəzi xalqlar nayi-xik, yaxud ney-ənban adlandırırlar. Ümumiyyətlə, tuluma bənzər alət­­lər­dən dünyanın bir sıra qədim xalqları müxtəlif adlarla istifadə edirlər. Öncədən deyək ki, bu alət həmin gün konsert boyu ifa olunurdu. Dağ maralının buynuzundan hazırlanmış buq nəfəs alətinin də maraqlı səsi var. Qoşanağaraya bənzər dəmmam-eşqum zərb aləti isə solisti müşayiət etmək üçün nəzərdə tutulub. Burada istifadə olunan tempo zərb aləti demək olar ki, bizim nağaranın eyni idi. Senc aləti döyüşdəki qılınc səsini xatırladır, ud-bərbət, ikili ney, fleyta alətləri sanki zəngin İran musiqisinin ruhuna uyğun yaradılıb.

Nəhayət, konsertin əsrarəngiz musiqili hissəsi başladı… Səhnəyə çoxlu zərb alətləri daxil oldu, aralarında həmin maraqlı buq nəfəs aləti də var idi. Bu, nə isə fərqli bir musiqi idi. Sonra növbəti musiqi nömrəsində ifaçı udda gözəl, məlahətli, ürəyəyatımlı, düşündürücü bir İran təranəsi ifa etdi. Səhnədəki digər zərb alətləri də ona qoşuldu. İnsan səsi faktoru musiqini daha da gözəlləşdirirdi, müğənni alətlərin müşayiətilə İran xalq musiqisi oxudu. Onun çox gur, şaqraq səsi zaldakı dinləyiciləri özünə cəlb edirdi.

buse-seheri-sekil

III musiqi nömrəsi təqdim olunarkən ney-ənban ifaçısı öz məharətini nümayiş etdirdi və şən, oynaq bir gözəl musiqi ilə proqramı davam etdirdi. Bu musiqi tamaşaçıların doğrudan da marağına səbəb oldu və alqışlarla müşayiət olundu, müğənni də oxuyaraq musiqini daha da özünəməxsus çalara qərq etdi.

IV musiqi nümunəsində ifaçı yenə ney-ənban alətində şən bir musiqi ifa edərək, səhnədəki musiqiçilərin əlçalmaları ilə müşayiət olundu, musiqinin davamı olaraq müğənninin şaqraq boğazları səsləndi… İran musiqisini canlı dinləmək həqiqətən çox maraqlı idi.

Növbəti ifa zamanı ud ifaçısı həzin, qəmli bir melodiya çalaraq, yerini ney-ənbançıya verdi. Sonra ardıcıllıqla müğənni həmin musiqini davam etdirdi və bu ifa tədricən şən musiqiyə qarışdı, surətini artıraraq da sona çatdı.

Bir-birindən maraqlı musiqilərdən sonra səhnədə sehrli fleyta səsləndi və müğənni onun müşayiəti ilə kiçik bir muğam parçası ifa etdi. Yenə də müğənninin şən melodiyası və özünəməxsus ritmik jestləri diqqəti çəkirdi. Xorun replikaları ilə müğənninin ifası ilə növbələşirdi.

Beləliklə, həmin gün AMK-da çox maraqlı bir gün yaşandı. Konsertin sonunda hörmətli rektorumuz, professor, Xalq artisti Siyavuş Kərimi yekun çıxışını etdi, qonaqlara maraqlı konsert proqramına görə təşəkkürünü bildirdi.

Kəmalə Hacıyeva

“Milli musiqinin tədqiqi” elmi-tədqiqat

laboratoriyasının kiçik elmi işçisi

Mövzuya uyğun