U.Hoqart və C.Qilrey yaradıcılığında məzmun və forma vəhdəti
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA” №3 2
Əməkdar incəsənət xadimi,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor
Email: azercatoon@gmail.com
UOT: 73/76
MƏZMUN VƏ FORMA VƏHDƏTİ UİLYAM HOQART VƏ CEYMS QİLREY YARADICILIĞINDA
Xülasə: Avropada orta əsrlərdən başlayaraq baş verən hadisələr, xalq kütlələrinin narazılığı, hakim dairələrin və kilsə nümayəndələrinin özbaşınalığı, rüşvətə meylliyi və digər bu kimi hallar o dövrdə yaranmış rəsm əsərlərində də öz əksini tapmışdır. Avropa rəssamları U.Hoqart və C.Qilreyin karikatura yaradıcılığında forma və məzmun vəhdəti məqalənin əsas mövzusunu təşkil edir.
Açar sözlər: каrikatura, satira, senzura, qrotesk, tənqid, cəmiyyət, rəssam, yaradıcılıq
Avropanın görkəmli rəssamlarının yaradıcılığında özündə qrotesk və ya tənqidi əhvali-ruhiyyə daşıyan satirik rəsmləri bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə, gündəlik həyatda baş verən hadisələrə tənqidi münasibət bildirmək, bu hadisələrə yumorla yanaşmaq Avropa incəsənətində, ədəbiyyatında, həmçinin geniş xalq kütlələri arasında müxtəlif lətifələr, deyimlər formasında çox geniş yayılmışdı. Bütün bunlar rəssamların, xüsusilə də karikatura ustalarının əsərlərində də öz əksini tapırdı. Bu əsərlərdə hədəf nöqtəsi seçilən şəxsin kimliyi və ya hadisənin harada baş verməsi o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Hədəf dövrün tanınmış siması, nüfuzlu məmuru yaxud hansısa mifik qəhrəman ola bilərdi. Avropada orta əsrlərdən başlayaraq baş verən hadisələr, xalq kütlələrinin narazılığı, hakim dairələrin və kilsə nümayəndələrinin özbaşınalığı, rüşvətə meyli və digər bu kimi hallar o dövrdə yaranmış rəsm əsərlərində də öz əksini tapmışdır.
XVIII əsrdə İngiltərədə karikaturanın geniş xalq kütlələri arasında tanınmasında və müstəqil janr kimi inkişafında o dövrün tanınmış rəssamı, ingilis boyakarlığında realizmin banisi Uilyam Hoqartın (William Hogarth, 1697-1764) xidmətləri danılmazdır. Karikaturanın Avropa xalqlarının məişətinə daxil olması bu görkəmli şəxsiyyətin adı ilə bağlıdır. İctimai-siyasi satiranın yaradıcısı, qrafik, incəsənət nəzəriyyəçisi U.Hoqart öz rəsmləri və qravüralarında cəmiyyətdə gülüş doğuran adət və ənənələri, gündəlik həyatda baş verən haqsızlıqları, qəddarlıqları təsvir edir, ironiyaya və qroteskə geniş yer verirdi.
M.Y.German “Uilyam Hoqart və onun dövrü” (“Уильям Хогарт и его время”) kitabında dövrünün döyüşən əsgəri, maarifçisi və filosofu adlandırılan U.Hoqartın xidmətləri haqqında belə yazır: “Rəssamın dünya incəsənəti tarixində və müasir təsviri sənətin inkişafında xidmətləri əvəzsizdir. Sözsüz ki, ingilis maarifçi rəngkarlığının formalaşması və sonrakı inkişafı bu böyük sənətkarın adı ilə birbaşa bağlıdır. U.Hoqart nəinki İngiltərədə, eləcə də bütün Avropada ilk və yeganə maarifçi boyakar rəssam olmuşdur” [1, s. 207]. Onun fəaliyyəti, yeni ideyaları XVIII əsrdə Avropa mədəniyyətinə böyük təsir göstərmiş, həmin dövrdə və özündən sonra yaşayıb yaratmış rəssamların yaradıcılığında və bu janrın sonrakı inkişafında müstəsna rol oynamışdır.
U.Hoqartın 1744-cü ildə işləyib hazırladığı 6 rəsmdən ibarət “Dəbli nikah” (alamode) seriyasından olan “Gənc ailənin evində səhər” (toydan sonra) əsəri də təxminən eyni mövzuya həsr olunmuşdur. Yağlı boya ilə işlənmiş bu əsərində rəssamın tənqid hədəfi dəblə yaşamağa cəhd edən, əslində isə maddi sıxıntılarına baxmayaraq, əhli-kef həyat tərzi keçirən gənc ingilis ailəsidir. Rəsmdə səhərə qədər keçirilmiş əyləncələrin nəticəsi olaraq dağıdılmış, yerə səpələnmiş əşyaları, aşırdılmış stulu və s. görmək olar. Əsərin sağ tərəfində baş verənləri hələ də tam anlamayan gənc ər və arvad, sol tərəfində isə həyəcanını və heyrətini gizlədə bilməyən kreditor (borclarını yığmağa gələn məsul şəxs) təsvir olunmuşdur. Hesablarını, gəlir-çıxarını nizamlaya bilməyən, tənbəl və lovğa ev sahiblərinin bu laqeydliyindən və “həyat tərzindən” dəhşətə gələn məsul şəxs, çox ehtimal ki, dəfələrlə eyni vəziyyətin şahidi olur. Arxa planda isə sanki bütün bunlardan zara gəlmiş və taqətdən düşmüş qulluqçunu görmək olar. Rəsmdən aydın olur ki, davamlı olaraq keçirilən içki və kef məclisləri, əyləncələr və israfçılıq nəticəsində bu ailəni qarşıda müflislik gözləyir. O dövrün tipik hadisələrindən birini bütün çılpaqlığı ilə göstərən rəssam, eyni zamanda bu yalançı zənginliyə – divardan asılmış və incəliklə işlənmiş rəsm əsərlərinə, bahalı çılçıraq, daş-qaşla bəzədilmiş soba və xalçalara, bütün bu süniliyə istehza edirdi (şəkil 1).
Hər bir əsərində seçdiyi hədəfə, tənqid etdiyi qəhrəmana və ya hadisəyə son dərəcə kəskin yanaşması ilə seçilən Hoqart əslində öz dövrünün real mənzərəsini əks etdirirdi. “Hoqartın əsərlərində üslub baxımından müəyyən mənada fransız rokoko rəssamlarının yaradıcılığına oxşarlıq hiss olunsa da, işləmə texnikası, eləcə də sətiraltı mənanı tamaşaçıya çox incəliklə və yumorla çatdırmaq bacarığı onun əsl ingilis ənənələrinə sadiqliyini açıq-aydın göstərir” [2].
XVIII əsrin 30-cu illərinin sonunda U.Hoqart həm portret ustası, həm də satirik rəssam kimi özünün ən gözəl əsərlərini yaratmışdır. “Görüşdən əvvəl və sonra” (1736), “Səyyah aktrisalar” (1738), “Əxlaqsız qadının aqibəti” (1738), “Kübar cəmiyyətinə aid olmaq istəyi”, “Yaxalanan qadın” kimi rəsmlərində o, nüfuz qazanmaq istəyini, var-dövlətə çatmaq xatirinə mövcud dəyərləri satan insanları, mənəviyyatsızlığa aparan yolları özünəməxsus satirik vasitələrlə göstərmişdir.
O, “Sərxoşluq küçəsi” (Pivə küçəsi, 1751), “Cin döngəsi” (1751) qravüralarında insanların tam kütləşməsinə və onlarda insani keyfiyyətlərin itirilməsinə gətirən sərxoşluğun dəhşətlərini, “Qəddarlığın son həddi” əsərində hakimlərin qəddarlığını göstərməyə, “Yatmışlar” əsərində isə dində mövcud olan süniliyi, savadsız, məhdud düşüncəli ruhanilərin əsl simalarını açmağa nail olmuşdur.
İngiltərənin ictimai-siyasi həyatının ən dumanlı tərəflərini açıb göstərən “Parlament seçkiləri” (1753-1754) adlı dörd vərəqlik əsərində Hoqart partiyaların yerlərdə gülünc mübarizəsini, onların xəstə və səfeh insanlardan səs toplamasını göstərməklə əslində burjua seçki sisteminin saxtalığını ifşa edirdi. Rəssamın 1758-ci ildə işləyib hazırladığı “Məhkəmə” əsərində müasir ingilis cəmiyyətinin məhkəmə sistemindəki əyintilərin, çatışmamazlıqların özünəməxsus yumorla ifşasında gerçəklik qətiyyən təhrif edilmirdi (şəkil 2).
XVIII yüzilliyin ortalarına qədər Avropa rəssamları ətrafda müşahidə edilən hadisələrdən götürdükləri səhnələri, tarixi epizodları öz əsərlərində təsvir edərkən çox nadir hallarda mövcud çərçivələrdən, ənənəvi qaydalardan kənara çıxırdılar. Bu mənada U.Hoqart və onun kimi digər novator rəssamların yaradıcılığı, əlbəttə, istisna idi. İngiltərədə ilk incəsənət nəzəriyyəçilərindən biri olmuş U.Hoqart siyasi karikatura sahəsində də müstəsna xidmətlər göstərmiş, bir çox sənət adamlarının bu janra müraciət etməsinə ciddi zəmin, münbit şərait yaratmışdır. Belə rəssamlar sırasında əsasən karikaturaçı kimi tanınmış və şöhrət qazanmış görkəmli ingilis rəssamı, Ceyms Qilreyin (James Gillrey, 1757-1815) yaradıcılığı və fəaliyyəti xüsusi qeyd olunmalıdır. London Rəssamlıq Akademiyasının məzunu, dövrünün peşəkar rəssamlarından biri olmuş C.Qilrey sələfi U.Hoqartın əsərlərində müşahidə olunan satirik motivlərə istinad edərək özünün bu sahədəki fəaliyyətini daha da genişləndirmişdir. XVIII əsrin sonları, XIX əsrin əvvəllərində məhz C.Qilreyin məhsuldar və məqsədyönlü fəaliyyəti nəticəsində karikatura bir sənət növü kimi inkişaf etmiş, geniş xalq kütlələri arasında daha da tanınaraq, təsviri sənətin müstəqil bir janrına çevrilmişdir.
“Tanınmış qravüra ustası C.Qilrey “Roddi at belində” (“Roddy on Horseback”) adlı ilk karikaturasını 1779-cu ildə işləyib hazırlamışdır. Lakin buna baxmayaraq, geniş ictimaiyyət arasında populyarlığı rəssama bir neçə il sonra –1782-ci ildə admiral Rodinin fransızlar üzərində qələbəsinə həsr olunmuş iki karikaturanın çap olunması gətirmişdir. Əsasən siyasi karikatura sahəsində çalışmış rəssamın məhsuldar və səmərəli fəaliyyəti dövrü isə 1792-1809-cu illəri əhatə edir” [3].
“Rəssamın kral III Georqun tənqid olunduğu karikaturasını krala göstərəndə o, ikrah hissi ilə demişdi: “Mən belə sənət növü tanımıram…” Bunu eşidəndən sonra rəssam çəkdiyi ikinci karikaturada Georqu əlində tutduğu karikaturaya küt sifətlə baxan vəziyyətdə təsvir etmişdir” [3].
C.Qilreyin məşhur “Nəhəng zoblar ziyafətdə” (1787) karikaturasında da III Georq, kraliça Sofiya Şarlotta və Uels şahzadəsi hədəf seçilmişdir. Bu rəsmdə qadın paltarı geyinmiş kral, onun xanımı və şahzadə masa arxasında əyləşmiş və acgözlüklə yemək yeyən vəziyyətdə təsvir olunmuşdur. Müəllif rəsmin mərkəzində yerləşdirdiyi iri ləyənin içində yemək yox, qızıl sukkələr çəkməklə “qəhrəmanlar”ın pula, var-dövlətə hərisliyini, tamahını və iştahasını göstərməyə nail olmuşdur.
Kral və onun ailə üzvlərini gülünc vəziyyətdə təsvir edən C.Qilrey ştrixlər vasitəsilə gah kəskin, gah da incə formalar yaratmağa müvəffəq olurdu. Bəzən bu təsvirlər personajların istifadə etdikləri sözlər və replikalar əsasında hazırlanan şəkilaltı mətnlə müşayiət olunurdu. Müəllifi olduğu əsərlərdə o, personajların real prototiplərlə portret oxşarlığını tamaşaçıya çatdırmaqda öz bacarığını, fitri istedadını nümayiş etdirirdi. Bu sıradan rəssamın 1797-ci ildə dərc olunmuş “Toy gecəsi” karikaturasını xüsusi qeyd etmək lazımdır. Yüksək rəsm mədəniyyəti ilə seçilən C.Qilrey bu əsərində şarjın bütün imkanlarından məharətlə istifadə etmişdir. Əsərdə bütün kral ailəsini, onun ətrafını asanlıqla tanımaq mümkündür. Karikaturada kralın dörd qızından birinin – 30 yaşlı Şarlottanın Vürtemberq şahzadəsi Fridrix Vilhelm ilə 1797-ci ildə bağlanmış nikah mərasimi təsvir olunmuşdur. Kəskin ifşaedici tənqidi ilə seçilməyən, özündə daha çox yumor və gülüş daşıyan bu karikatura əslində xüsusi olaraq həmin mərasim münasibətilə çəkilmişdir (rəsmin toy günü çap olunması rəssamın onu bir neçə gün əvvəl çəkdiyini və məhz bu mərasim üçün hazırladığını sübut edir). Ehtimal olunur ki, Vürtemberq şahzadəsi Fridrix Vilhelmin Londonda olarkən aldığı bir neçə karikatura və satirik rəsm arasında iki kral ailəsinin ittifaqına həsr olunmuş, özündə yumor və gülüş daşıyan bu əsər də olmuşdur. Tamaşaçıda təbəssüm doğuran, incə yumorla işlənmiş bu karikatura bəlkə də rəssamın yeni ailə quranlara gülüş sovqatı idi [4] (şəkil 3).
C.Qilreyin kralın və onun ailəsinin tənqidinə yönəlmiş çoxsaylı karikaturaları sırasında 1792-ci ildə nəşr olunmuş “Yeməkdən doyma-yan” əsəri diqqət çəkir. Uels şahzadəsinin acgözlüyü və qarınqululuğu təsvir edilmiş bu rəsmdə şahzadə yemək qalıqları ilə dolu olan süfrə arxasında toxluqdan taqətsiz, kresloya sərələnmiş vəziy-yətdə göstərilmişdir. Şişman qarınlı “qəhrəman”ın şalvarının düymələri açılmış, jileti cəmi bir düymə ilə zorla bağlanmışdır. Arxa planda isə qidalanma və pəhriz mövzusunda bir neçə əsərin müəllifi kimi tanınmış venesiyalı zadəgan Luici Karnaronun divardan asılmış portretini, onun yanında isə gerb kimi hazırlanmış boşqab, çəngəl və bıçaq təsvirlərini görmək olar. Qida və mətbəxlə bağlı həmin elementləri göstərməklə müəllif tamaşaçıya bu personajın sözün əsl mənasında qarınqulu olduğunu çatdırmağa çalışmışdır.
Rəssamın “Kabus” karikaturasında da Uels şahzadəsi hədəf seçilmiş, onun sərxoşluğu, qarınqululuğu, əhli-kef həyat tərzi ifşa olunmuşdur. Rəsmdə şahzadə öz çarpayısında son dərəcə sərxoş vəziyyətdə və geyimdə yatmış şəkildə təsvir edilmişdir. Döşəmədəki boş içki butulkaları, bakallar tamaşaçıya “qəhrəman”ın son dərəcə sərxoş olduğunu və bu acınacaqlı vəziyyətin onun üçün adi hal olduğunu aydın göstərir. Rəsmin ön planında şahzadənin böyük əmisi Kamberlend hersoqu Uilyam Aqustus kabus kimi təsvir edilmişdir. Sanki qara tüstünün içindən çıxmış, anormal bədən ölçülərinə malik olan hersoq Uilyam sərxoş qohumunun bu acınacaqlı vəziyyətinə əsəbiləşərək ona öz iradını bildirir. Hersoqun əlindəki qum saatı zamanın şahzadənin əleyhinə işlədiyini xatırladır.
Rəssamın erkən əsərlərindən biri olan “Bonapartın sonu” karikaturasında yer kürəsinin üzərində oturmuş və bir-biri ilə döyüşən iki personaj – İngiltərəni təmsil edən III Georq və Fransanı təmsil edən Napoleon təsvir olunmuşdur. Karikaturada cəsarətli və güclü görünən kraldan Napoleonun artıq bir neçə zərbə aldığını və əzilərək arxaya çəkildiyini görmək olar. Bu rəsmdə Fransanın qaranlıq, İngiltərəni isə dünyanın işıqlı tərəfi kimi göstərilməsi sadə, lakin təsirli təbliğat vasitəsi kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, Napoleon işğalı zamanı ingilis karikaturaçıları bir cəbhədən çıxış edərək çoxsaylı patriotik ruhlu vərəqələr dərc etdirirdilər. Həmin vərəqələrdə mövcud təhlükəni kiçiltməyə çalışan rəssamlar işğalçını zəif, ingilis kralını və xalqını isə güclü və məğlubedilməz qəhrəman kimi təsvir edirdilər. Bu sıradan C.Qilreyin yüksək peşəkarlıqla işləyib hazırladığı “Napoleonun arzuları”, “Con Bulun naharı” (Con Bul ingilislərdə milli personaj, krala sadiq fermer obrazıdır), “Con Bul Fransa gəmilərini bombalayır”, “Fransız azadlığı və ingilis köləliyi” və digər əsərləri göstərmək olar.
C.Qilreyin 1803-cü ildə nəşr olunmuş “Nəhənglərin kralı və balaca Boni” adlı qrafik vərəqəsində karikatura ustası əzəmətli görünməyə çalışan, özündən razı və müştəbeh Napoleonu, məğlubedilməz duruşuna baxmayaraq, cılız, zəif və bütün insan mənfiliklərinə malik bir “qəhrəman” kimi təsvir etmişdir.
Rəssamın 1805-ci ildə dərc edilmiş və “Şam yeməyi” kimi də tanınan “Pudinq təhlükə altındadır” adlı məşhur karikaturasında masa arxasında yer kürəsini bölüşdürən Napoleon Bonapart və İngiltərənin baş naziri U.Pitt təsvir olunmuşdur. Karikaturada Napoleon acgözlüklə Avropanı kəsib öz qabına qoyur, U.Pittin payına isə boş okean düşür (şəkil 4).
C.Qilreyin “Bədheybət” (1821), “Ədabazlar”, “Dəbdə olan təzad” (1792) kimi rəsmlərində isə dəblə geyinməyi həyat amalına çevirmiş, geyimdən kult yaratmış “qızıl” gənclik ifşa olunurdu. O illər nazik dəridən hazırlanmış ayaqqabılar üzərində qızıl və ya gümüş rəngli toqqa, nəzərə çarpan böyük düymələr, burulmuş pariklərə qoyulmuş kiçik bəzəkli papaqlar və s. detallar London modabazlarını adi insanlardan fərqləndirən geyim elementləri idi. Belə elementlərin ifrat dərəcəyə çatdırıldığı hallar karikaturaçı rəssamın gözündən yayınmır, modabazlar onun satirasına tuş gəlirdi.
1500-ə yaxın karikatura və satirik rəsmin müəllifi olmuş C.Qilreyin Böyük Britaniyanın baş hakimi Loyd Kenonun “Qanun qarşısında hamı eyni məsuliyyət daşıyır!” sözlərinə çəkdiyi “Faronun qızlarının qayıdışı” (1796), alimlərin yersiz tədqiqatlarını tənqidinə yönəlmiş “Elmi tədqiqatlar” (1802), Dövrün ən qorxulu xəstəliklərinə həsr olunmuş “Qaniçən” (1799), Osmanlı imperiyasının Avropadakı səfiri Yusif Ağa əfəndinin İngiltərəyə səfərini işıqlandıran “Fransızların son ümidləri” (1793), XVI Lüdovikin edamından sonra Fransa ilə İngiltərə arasında baş vermiş müharibəyə həsr olunmuş “Fransa zəfərinin zirvəsi” (1793) kimi əsərləri karikaturasevərlər üçün böyük xəzinədir [5].
Siyasi karikaturanın atası sayılan C.Qilreyin yaradıcılığını araşdırmış mütəxəssislərin fikrinə görə, onun əsərlərinin davamlı və kütləvi nəşrində Xanna Xamfreyin əvəzsiz xidmətləri olmuşdur. Nəşriyyat sahibi Uilyam Xamfreyin kiçik bacısı olan Xanna Xamfrey də Londonda öz şəxsi nəşriyyatını açmış (həmin dövrdə bu, qadın üçün qeyri-adi bir hal hesab edilirdi) və tezliklə onu Londonun ən böyük nəşriyyatlarından birinə çevirmişdir. Xanna Xamfrey özü karikaturaçı olmasa da, bu sənəti sevir, Qilreyin yaradıcılığını yüksək qiymətləndirirdi. Rəssamın əsərlərinin əksəriyyəti məhz bu xanımın nəşriyyatında çap olunmuşdur. Təsadüfi deyildir ki, Qilreyin “Çox sürüşkəndir” adlı məşhur karikaturasında arxa planda Xanna Xamfreyin tipoqrafiyasının fasadı təsvir olunmuşdur [6].
Uilyam Hoqart yaradıcılığının vurğunu olan Ceyms Qilreyin əsərlərində onun yaradıcılığına xas motivlər, yanaşmalar aydın hiss olunur. Karikaturanın boyakarlıqda müstəqil bir istiqamət kimi inkişaf etdirilməsi, istər siyasi, istər sosial, istərsə də məişət mövzulu karikaturanın geniş ictimaiyyətə tanıdılması məhz U.Hoqart və C.Qilreyin adı ilə bağlıdır. İngiltərənin ən məşhur satirik qrafika ustalarından biri olmuş Qilreyin məhsuldar və səmərəli fəaliyyəti nəticəsində karikatura XVIII əsrdə müstəqil incəsənət növü statusunu əldə etmişdir. İctimai qüsurlarla, nadanlıq və savadsızlıq, zəiflik və hərislik ilə mübarizədə tərbiyə vasitəsi kimi istifadə olunan satira və yumor janrı xüsusi parlaqlığı ilə ingilis ədəbiyyatı və incəsənətində artıq özünü təsdiqləmiş, Britaniya adaları sakinlərinin milli xarakterinin, gündəlik həyatlarının bir hissəsinə çevrilmişdi.
ƏDƏBİYYAT:
1.Герман М. Уильям Хогарт и его время. Л.: Искусство, 1977, 526 с.
2.Арт Планета Small Bay, художестенно-исторический музей. Хогарт Уильям. Творчество, картины и биография. URL: http://smallbay.ru/article/culture_ england_hogart.html
3.Свободная енциклопедия, Википедия. Гилрей, Джеймс URL: https://ru.wikipedia.org/ wiki/Гилрей_Джеймс
4.Анатомия схема: как работает английская карикатура. Arzamas, журнал. 13 апреля, 2016, URL:https://arzamas.academy/mag/286-caricature
5.Академик, Словари и энциклопедии на Академике.Европейское искусство: Живопись. Скульптура. Графика: Энциклопедия URL: http://evropeyskoe_iskusstvo. academic.ru/224/Гилрей
6.The Ohio State University, UNIVERSIYT LIBRARIES, Women’s History Month: Hannah Humphrey, fl.1745- 1818. 20 march, 2012. URL: https://library.osu.edu/blogs/cartoons/2012/03/20/womens-history-month-hannah-humphrey-fl-1745-1818/
Заслуженный деятель искусств,
кандидат искусствоведения, профессор
ЕДИНСТВО ФОРМЫ И СОДЕРЖАНИЯ В ТВОРЧЕСТВЕ
УИЛЬЯМА ХОГАРТА И ДЖЕЙМСА ГИЛРЕЯ
Резюме: В статье рассматривается творчество выдающих английских художников – Уильяма Хогарта и Джеймса Гилрея. Подчёркивается художественно – культурные и политические аспекты их карикатур, являющихся неотъемлемой частью мирового искусства. Особо подчеркивается влияние данного жанра на происходящие в обществе социальные и политические события и важность этого вида искусства.
Ключевые слова: карикатура, сатира, цензура, гротеск, критика, общество, художник, творчество
Honored Art Worker,
PhD in Art, Professor
UNITY OF FORM AND CONTENT IN THE WORKS OF
WILLIAM HOGARTH AND JAMES GILLRAY
Summary: The article deals with the works of outstanding English artists William Hogarth and James Gillray. The artistic, cultural and political aspects of their cartoons, which are an integral part of world art, are highlighted. The influence of this genre on the social and political events taking place in society, the necessity and importance of this art form are emphasized.
Key words: cartoon, satire, censorship, grotesque, criticism, society, artist, creativity
ƏDƏBİYYAT:
- Герман М. Уильям Хогарт и его время. Л.: Искусство, 1977, 526 с.
- Арт Планета Small Bay, художестенно-исторический музей. Хогарт Уильям. Творчество, картины и биография. URL: http://smallbay.ru/article/culture_ england_hogart.html
3.Свободная енциклопедия, Википедия. Гилрей, Джеймс URL: https://ru.wikipedia.org/ wiki/Гилрей_Джеймс
- Анатомия схема: как работает английская карикатура. Arzamas, журнал. 13 апреля, 2016, URL:https://arzamas.academy/mag/286-caricature
- Академик, Словари и энциклопедии на Академике.Европейское искусство: Живопись. Скульптура. Графика: Энциклопедия URL: http://evropeyskoe_iskusstvo. academic.ru/224/Гилрей
- The Ohio State University, UNIVERSIYT LIBRARIES, Women’s History Month: Hannah Humphrey, fl.1745- 1818. 20 march, 2012. URL: https://library.osu.edu/blogs/cartoons/2012/03/20/womens-history-month-hannah-humphrey-fl-1745-1818/
Rəyçilər: xalq rəssamı, ADMİU-nun professoru Ağaəli İbrahimov;
sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevil Sadıxova