Müasir tələbələrin musiqi-pedaqoji hazırlığı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
KONSERVATORİYA № 1, 2018
ADPU-nun baş müəllimi
Email: i-ismayilova@yandex.ru
UOT: 378. 147: 371. 124: 78
MÜASİR TƏLƏBƏLƏRİN MUSİQİ-PEDAQOJİ HAZIRLIĞI
Xülasə: Kəmalə İsmayılovanın “Müasir tələbələrin musiqi-pedaqoji hazırlığı” adlı məqaləsində müasir pedaqoji təhsilin xüsusiyyətləri nəzərdən keçirilir. Müəllif hesab edir ki, gələcək musiqiçi-pedaqoq hazırlığının uğurlu fəaliyyətinin əsas şərtlərdən biri tələbələrin biliyinə, onların fəaliyyəti və mənəvi cəhətdən formalaşmasına uyğun olan bir sistemin yaradılmasıdır. Bu müddəa onların nəzəri, praktiki və şəxsi təcrübəsini inteqrasiyalı bir şəkildə formalaşdıran xüsusi kompleksli metodikanın yaradılmasını şərtləndirir.
Açar sözlər: müasir tələbələr, musiqi pedaqoji təhsil
Gənc nəslin hazırlığında mühüm funksiya yerinə yetirən ali təhsil sistemi insan fəaliyyətinin (o cümlədən Musiqi pedaqoji fəaliyyət) müxtəlif sahələrindəki professional məsələlərin həllində fərqli bacarıq və qabiliyyətlərin formalaşması üçün kifayət qədər yüksək səviyyə tələb edir. Eyni zamanda bu bacarıq və qabiliyyətlərin aramsız surətdə, mütəmadi olaraq təkmilləşdirilməsi də tələb olunan məsələlərdəndir.
Müasir mərhələdə musiqi pedaqoji təhsil öz inkişaf mərhələsində yeni yanaşma tərzinə, yeni görüş və baxış bucağına ehtiyac duyur. Müasir təhsildə meydana çıxan bu məziyyətlər yeni mərhələnin gerçəklərini özündə əks etdirir: çoxqütblü aləmə, dünyaya üz tutmaq, dünya ilə universal dialoqa girmək, bir şəxsiyyət kimi musiqi pedaqoji təhsil sahəsində yeni-yeni nailiyyətlər əldə etmək, ümumdünya inteqrasiya prosesi sahəsində vəhdətə nail olmaq məhz belə cəhətlərdəndir.
Professional təhsil dedikdə bu gün aşağıdakı fikri inamla söyləmək olar: “Professional təhsil – insan şəxsiyyətinin təşəkkülü və inkişafının nəticəsidir” [1, s. 45]. Alimlər bildirirlər ki, müasir cəmiyyətdə professional təhsilin rolu xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, hər bir insan üçün onun professional təhsil iki formada özünü göstərir. Bunlardan birincisi:
– İnsanın bir şəxsiyyət kimi özünü təsdiq etməsi və reallaşdırması – insan öz qabiliyyətini və bacarığını ən çox zəhmətdə, əməkdə üzə çıxarır. İnsanın əmək rəşadəti,ilk növbədə,professional əməkdə özünü göstərir.
–İkinci cəhət isə insanın bir şəxsiyyət kimi bazar iqtisadiyyatı şəraitinə uyğunlaşması, onun sosial müdafiəsi ilə bağlıdır. Burada sabitlik və dayanaqlıq amili, insanın özünün xüsusi mülkiyyəti və bu mülkiyyətə sahibliyi, ona yiyələnməsi əsas rol oynayır. İnsan bir zəhmətkeş, bir subyekt kimi əmək bazarında öz kapitalına sahiblənir və yaxud sahiblənəcəkdir [2, s. 12].
Ali təhsilin, o cümlədən musiqi pedaqoji təhsilin əsas məqsədlərindən biri – professional fəaliyyət üçün şəraitin yaradılmasından, ixtisasartırmadan, yeri gəlincə, yaxud zərurət meydana çıxınca, yenidən ixtisaslaşdırmadan, ixtisası yenidən artırmadan ibarətdir. Bütün bunlar insanın maraq dairəsi, onun bacarıq və qabiliyyətlərindən irəli gələrək ictimai-faydalı əməklə məşğul olmasına şərait yaradır.
Tədqiqatçı V.B.Kriçevski yazır ki, “… müxtəlif musiqi yönlü tədris müəssisələrində musiqi müəlliminin ifaçılıq cəhətdən, eləcə də psixoloji, pedaqojivə nəzəri hazırlığını təmin edən ardıcıl bir sistem formalaşmışdır. Tələbələr artıq ali təhsil müəssisəsi daxilində pedaqoji təcrübə toplamağa başlayırlar. Lakin buna baxmayaraq, yenicə başlayan müəllimlər professional uyğunlaşma baxımdan mürəkkəb və uzun yol keçirlər, böyük çətinliklərlə rastlaşırlar ki, bu da onların öz peşələrindən məmnun qalmalarını əhəmiyyətli dərəcədə azaldır. Metodik-praktik hazırlıq sisteminin kompleksli şəkildə işlənməməsi bunun səbəblərindən biridir” [3, s. 3].
Musiqi pedaqoji fakültədə təhsil alan tələbələrin müasir təlim-tədris prosesinin strukturunu iki aspektdə nəzərdən keçirək: bunlardan birincisi – tələbələrdə formalaşan biliklər sistemi, digəri isə – musiqi pedaqoji fəaliyyətə praktik surətdə yiyələnmə aspektidir.
Ən əvvəl musiqi pedaqoji təhsilin əsas məqsədini müəyyənləşdirmək lazımdır. Musiqi mədəniyyəti və musiqi təhsili sahəsində bəşər təcrübəsindən miras qalan ümumiləşdirilmiş nəticələrin mənimsənilməsi – musiqi pedaqoji təhsilin əsas məqsədidir. Bütün bu ümumiləşdirilmiş nəticələr elmi mənbələrdə öz əksini tapmışdır. Musiqi pedaqoji fəaliyyətin mənimsənilməsi və onun həyata keçirilməsi məsələləri isə təlim-tədris prosesinin çərçivələrindən kənarda qalır.
Lakin tədris prosesinin vacib tərkib hissəsi ondan ibarətdir ki, tədris prosesi zamanı tələbələr musiqi biliklərinə yiyələnməkdən başqa, musiqi pedaqoji fəaliyyətin üsul və vasitələrini də mənimsəməlidirlər. Çünki gələcək fəaliyyəti ərzində tələbələr biliyi olduğu kimi deyil, konkret praktiki şərait və vəziyyətə müvafiq surətdə tətbiq edəcəklər. Təlim-tədris prosesində qeyd etdiyimiz cəhət mühüm rol oynasa da,təcrübədə tam olaraq nəzərə alınmır.
N.F.Talızina yazır ki, “Əyani biliklər təhsilin məzmununu tükəndirmir. İnsan heç bir zaman biliyi öz-özünə mənimsəyib, saxlaya bilməz. Bilik həmişə bu və yaxud başqa bir fəaliyyət vasitəsi ilə təcrübədən keçirilməli və yoxlanılmalıdır. Çünki bilik müəyyən fəaliyyət sahəsində və yaxud hansısa bir obyekt növündə vacib yer tutur. Biliklərin mənimsənilməsi və artırılması üçün hansı fəaliyyət növünün seçilməsi, ilk növbədə, təhsilin məqsədi ilə müəyyənləşir”[4, s. 2-13].
İkincisi, musiqi pedaqoji fəaliyyəti ikitərəfli bilik üsulu ilə həyata keçirilir: bunlardan birincisi nəzəri (obyektə dair bilik), digəri isə praktiki üsuldur (texnologiya sahəsində bilikləyə yiyələnmək, musiqi pedaqoji proseslərin yerinə yetirilmə qaydalarından xəbərdar olmaq). Tələbələrin praktik bilik səviyyəsi onların nəzəri bilik səviyyəsindən çox zaman geridə qalır. Ali təhsil müəssisələrinin dərs vəsaitləri və dərsliklərinin mündəricatını işləyib hazırlayarkən müəlliflər çox zaman elmi bilikləri daha müasir və sistemləşdirilmiş şəkildə ifadə etməyə çalışırlar. Lakin onlar tələbələrin mənimsəmə dərəcəsini nəzərə almırlar. Ən vacibi isə odur ki, tələbələrin gələcək musiqi pedaqoji fəaliyyəti zamanı bu biliklərin praktik cəhətdən tətbiq olunub-olunmayacağı da nəzərə alınmır.
Tələbə – bilik ehtiyatı rolunda nəzərdən keçirilir. O, məzun olduqdan sonra həmin bilik ehtiyatını gələcəkdə hər zaman yeri gəldikdə öz professional fəaliyyətində tətbiq edə biləcək. Lakin məzunların və gənc mütəxəssislərinmüasir musiqi pedaqoji hazırlıq səviyyəsi göstərir ki, bu təsəvvürlər tamamilə yanlışdır. Çünki musiqi pedaqoji təcrübə sahəsində aparılan geniş təhlillərin göstərdiyi kimi, praktiki hazırlıq nəzəri hazırlıqdan geri qalır. Tələbələrin praktik hazırlığının ən səciyyəvi nöqsanları ondadır ki, onların aşağı və orta yaşlı uşaqların inkişaf səviyyəsinə dair təsəvvürləri zəifdir. Uşaqlar gərəksiz yerə, hədsiz dərəcədə ev tapşırıqları ilə yüklənir, bu da dərslərin şüurlu surətdə dərk olunmasını çətinləşdirir. Şagirdlərin müstəqil yaradıcılıq fəaliyyəti nəzərə alınmır. Halbuki maraqlı iş üsulları uşaqlara daha böyük məmnuniyyət bəxş edə bilər. Şagirdlərdə bu və ya digər fənlərə qarşı maraq oyatma və meyil formalaşdırma metodikasından zəif istifadə olunur.
Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrlə uzun illər boyu aparılan çoxillik təcrübə göstərir ki, müxtəlif tələbələr ildən-ilə eyni çətinliklərlə rastlaşırlar. Məsələn, onlardan çoxu şagirdlərlə, xüsusən də yeniyetmələrlə ünsiyyət bacarığına malik deyillər. Dərs prosesində şagirdlər arasında öz diqqətini düzgün bölüşdürə bilmirlər. Dərsin ritmik təşkilini dürüst və mütəşəkkil qura bilmirlər. Qeyri-standart vəziyyətlərə, hadisələrin gedişinə və yaxud vəziyyətə hazır deyillər. İştirakçısı olduqları hadisələri dərindən və obyektiv şəkildə təhlil etməyi bacarmırlar. Bu qüsurların sadalanması pedaqoji təcrübə kursunu tədris edən müəllimlərə çox yaxşı tanışdır.
Elmi-nəzəri biliklərlə yanaşı, hər bir tələbə bu və ya digər şəxsi keyfiyyətlərə malik olur. Bu keyfiyyətlər onların musiqi pedaqoji fəaliyyətinə həm müsbət, həm də mənfi təsir göstərə bilər. Tələbələrin şəxsi keyfiyyətləri çox zaman tədris-təlim prosesindən kənarda qalır. Ona görə də tələbələr üçünşəxsi keyfiyyətlərin tərbiyə olunması və formalaşdırılmasıson dərəcə mühüm və aktualdır.
Hazırkı dövrdə şəxsi istiqamətli təhsil xüsusi aktuallıq əldə etməkdədir. Ona görə ki, həyatın bütün sosial və mənəvi sahələrində, xüsusən də təhsil sahəsində baş verən proseslərdən irəli gələrək, qlobal şəkildəyişmələrə məruz qalır. Müasir təhsildə bütün bunların praktik cəhətdən gerçəkləşdirilməsi XXI əsrdə insanların necə olacaqlarından asılıdır.
Şəxsi istiqamətli təhsilin həyata keçirilməsi zamanı tələbələrdə aşağıdakı mexanizmlərin təməli qoyula bilər: tələbənin özünüinkişafı, özünütərbiyəsi, özünü bir şəxsiyyət kimi təsdiqləməsi, özünü idarə etməyi bacarması, emosiyalarını idarə edə bilməsi, təmkinli olması, diqqətini obyekt üzərində cəmləşdirməyi bacarması, maneə və çətinliklərlə üzləşdiyi anda iradə və qətiyyət nümayiş etdirməsi, nizam-intizamlı və mütəşəkkil olması, rasional düşünməyi bacarması, problemləri görüb, onların yaradıcı surətdə həll etməsi buna misaldır.
Elmin müxtəlif sahələrində baş verən yeni kəşflər bizim dünya haqqında təsəvvürlərimizi yeniləşdirir. Bundan irəli gələrək, yeni təfəkkür paradiqması meydana çıxır. Böyüməkdə olan gənc nəslin düşüncə tərzinin yeniləşməsində müəllimdən çox şey asılıdır. Bu halda müəllim, gələcəyin məktəbini qurmuş olur. Musiqi pedaqoji təhsil sistemində də ciddi dəyişikliklər baş verməlidir. Bu sahə gələcək mütəxəssislərdə həm professional, həm də şəxsi kefiyyətləri inkişaf etdirməlidir, professional özünüdərk və özünükamilləşdirmə məsələlərinə onların dərin marağını oyatmalıdır. Bu prosesin mexanizmini üzə çıxarmalıdır, ürək və zəka arasında harmoniya yaratmalıdır, bir sözlə, bizi əhatə edən aləmdəki müxtəlifliyi əxz edən şəxsiyyət formalaşdırmalıdır.
Əzəldən bəri bu günə qədər ustad-müəllim öz həyat baxışları ilə, həyatı dərk etməyi ilə şagirdlərinə həm sosial, həm də mənəvi həyatı dərk etməyə kömək etmişdir. Həyatın mənası, onun məqsədi haqqında ümumiləşdirilmiş ideyalar, insanın imkanları, onun xüsusiyyətləri, digər insanlarla münasibətləri haqqında fikir formalaşdırmışdır. Müəllimin tələbə ilə hər bir davranışı onun şəxsiyyət kimi ifadəsi deməkdir. Müəllimin konkret tarixi dövr müddətində keçdiyi fərdi həyat vəprofessional fəaliyyəti onun seçdiyi yolu müəyyənləşdirir.
Müəllimin tələbələrinə təsir qüvvəsi aşağıdakı cəhətlərlə müəyyənləşir: şəxsi keyfiyyətləri, həyat konsepsiyası, pedaqoji fəaliyyətinin sosial rolu, bir insan kimi özünün şəxsi keyfiyyətlərini dərketmə dərəcəsi, özünə qarşı tələbkarlığı və s. Müəllimin fəaliyyəti prosesində meydana çıxan problemlərin əksəriyyəti əsasən onun yetəri dərəcədə olmayan şəxsi, mənəvi yetkinliyi ilə bağlıdır. Bəzən müəllim bunlara o dərəcədə cəhd belə göstərmir.
Tələbələrin musiqi pedaqoji hazırlığının tədqiqi ilə bağlı aparılan təhlillər bir daha sübut edir ki, xüsusi kompleksli metodika yaradılmalı, nəzəri (bilik), praktiki (fəaliyyət) və şəxsi (mənəvi) keyfiyyətlər əldə rəhbər tutulmalıdır. Belə üsullar sistemi və ümumilikdə tədris-metodik üsullar məcmusu adı çəkilən kompleksli metodikanın bütün tərkib hissələrinin harmonik əlaqəsini həyata keçirməyə imkan verə bilər.
Musiqi pedaqoji fakültələrdə təlim-tədris prosesinin ümumi diaqnostikası göstərir ki, gələcək musiqi müəllimlərinin uğurlu fəaliyyətindən ötrü kompleksli, inteqrasiyalı yanaşma tərzinin tətbiqi zəruridir. Məhz belə yanaşma tərzinin düzgün təşkili professional musiqi müəlliminin nəzəri, praktiki və mənəvi təcrübəsinin qarşılıqlı əlaqəsi zəminində səmərəli bəhrə verəcəyi heç bir şübhə yaratmır.
ƏDƏBİYYAT:
- Коржуев А.В., Попков В.А. Традиции и инновации в высшем профессиональном образовании. М.: Изд-во МГУ, 2003, 300 c.
- Кричевский В.Б. Комплексная методика профессиональной подготовки преподавателя музыки. Автореферат диссертации …. кандидата педагогических наук. М.: 2003, 24 с.
- Новиков А.М. Профессиональное образование в России (перспективы развития). М.: ИЦПНПО РАО, 1997, 254 c.
- Талызина Н.Ф. Задачи частных методик в высшей школе. // Актуальные проблемы музыкальной педагогики. Вып. ХХХII. / Сост. Ф.Г.Арзаманов. М.: ГМПИ им. Гнесиных, 1977, с.8-11.
Старший преподаватель АГПУ
МУЗЫКАЛЬНО-ПЕДАГОГИЧЕСКАЯ ПОДГОТОВКА СОВРЕМЕННЫХ СТУДЕНТОВ
Резюме: В статье Исмайловой К.Г. «Музыкально-педагогическая подготовка современных студентов» рассматриваются особенности современного музыкально-педагогического образования. Автор считает, что одним из условий успешного его функционирования по вопросу подготовки будущих педагогов-музыкантов является необходимость применения такой системы, которая могла бы реально и эффективно способствовать повышению уровня знаний, физическому и духовному формированию студентов. Данное положение обусловливает создание специальной комплексной методики, интегрировано осуществляющей формирование их теоретического, практического и положительного личностного опыта. То есть методики, которая смогла бы осуществить гармоническое взаимодействие всех важных составляющих столь сложной и социально востребованной профессии.
Ключевые слова: Современные студенты, музыкально-педагогическое образование
Senior lecturer of ASPU
THE MUSICAL EDUCATION TRAINING OF THE MODERN STUDENTS
Summary: “The analyse of the musical education training of the modern students” article by IsmailovaK.Q.investigates specialities of the modern musical pedagogical education. The author claims that one of the most important conditions for successful functioning of educational system concerning the bringing up tutor-musicians, is creation of such a system, that could match educational, physical and spiritual development of the students. Such a condition stipulates the creation of a special method that complexly leads to students’ theoretical, practical and personal experience formation. This methodology could bring to mutual interaction of all important compounds of such a complex and socially in-demand occupation.
Key words: Modern students, musical pedagogical education
Rəyçilər:
pedaqoji elmlər doktoru, professor T.F.Kəngərlinskaya;
pedaqoji elmlər doktoru, professor T.Bağırov