Gənc ifaçı Mədinə Şahgəldiyeva
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 4 (46)
GƏNC İFAÇI MƏDİNƏ ŞAHGƏLDİYEVA
Tarix boyu Azərbaycan xalq çalğı alətlərinin ifaçılıq sənətində gözəl sənətkarların gətirdiyi yeniliklər ənənələrə çevrilərək bu gün də yaşayır və inkişaf etdirilir. Təqdirəlayiqdir ki, Azərbaycan xalq çalğı alətlərinə olan maraq olduqca böyükdür və ölkəmizdə istedadlı gənc ifaçılar nəsli irəliləməkdədir. Azərbaycanda kamança ifaçılığının böyük tarixi ənənələrə malikdir. Ölkənin bir çox ərazilərində müxtəlif zəngin üslub təmayüllərinə malik olan ifaçılıq məktəbləri fəaliyyət göstərib. Görkəmli kamança ifaçılarının, ustadların xidmətləri, onların arasıkəsilməz ifaçılıq fəaliyyəti bu alətin inkişafını və təkamülünü təmin etmişdir.
Təqdim olunan məqalə çox gənc və eyni zamanda böyük nailiyyətlər əldə etmiş, bənzərsiz qabiliyyəti olan, istedadlı kamança ifaçısı Mədinə Şahgəldiyevaya həsr olunur. Xüsusi qabiliyyət sahibi olan bu gəncin nailiyyətləri gözə çarpan olduğu üçün onun uğurları hamını sevindirir və qürurlandırır.
1995-ci ildə Bakı şəhərində anadan olmuş M.Şahgəldiyeva yaşadığı evdə daima ona ana laylası kimi doğma və əziz olan kamanın səsini eşidirdi. Valideynlərinin arzusu balaca Mədinəni gözəl kamança ifaçısı kimi görmək olduğu üçün onu 2004-cü ildə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kamança sinfində təhsil almaq üçün göndərirlər. Mədinənin bir musiqiçi kimi formalaşmasında bir neçə amili qeyd etməliyik. Bu, ilk növbədə onun fərdi istedada malik olması, digər tərəfdən isə musiqiçi, müəllim ailəsində boya-başa çatması idi. Onun anası və xalası gözəl kamança müəllimi Almaz Kərimovanın yetirmələri olublar. Məhz bu alətin sirlərinə yiyələnmək onun valideynlərinin, həm də xalası, gözəl pedaqoq Təranə Babayevanın böyük arzusu idi.
2018-ci ildə Qazaxıstanda keçirilən Tlep Aspantayul adına
simli xalq çalğı alətləri üzrə II Beynəlxalq müsabiqəsində birinci dərəcəli
diploma layiq görülmüş M.Şahgəldiyeva
Musiqi məktəbində Mədinə T.Babayevanın sinfində oxuyarkən o, məktəbin fəal, istedadlı şagirdi kimi tanınıb. Müəlliminin səyi və özünün zəhmətsevərliyi nəticəsində muğam sənətinin ecazkar aləminə daxil olub və kamança alətinin geniş imkanlarını mənimsəməyə başlayıb. Mədinə musiqi məktəbinin müxtəlif tədbirlərində hər ilin sonunda keçirilən yekun konsertlərində iştirak edib, yaddaqalan ifası ilə seçilib, istedadı, fərqli çalğısı ilə hamının diqqətini cəlb edib. O, respublikamızda və ondan kənarda keçirilən müsabiqələrdə, festivallarda eləcə də müxtəlif tədbirlərdə çıxışlar edib, hər dəfə səhnəyə çıxaraq milli alətimiz olan kamançanı geniş auditoriyaya sevdirməyə çalışıb.
Gənc ifaçı 2008-ci ilin mart ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən xalq çalğı alətləri üzrə Respublika müsabiqəsinin, həmin ilin aprel ayında isə Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş Ümummilli Lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsinin iştirakçısı olub və hər iki müsabiqədə laureat adını qazanıb. Xronoloji ardıcıllığa nəzər yetirdikdə Mədinənin hər il müxtəlif müsabiqələrdə iştirak etməsini müşahidə edirik. Ayrı-ayrı müsabiqə, festivallarda iştirak üçün aparılan hazırlıqlar, məşqlər, böyük əmək, çalışqanlıq gənc ifaçının çalğısını tədricən kamilləşdirir və yeni çalarlarla zənginləşdirir.
Mədinənin musiqi məktəbində təhsil aldığı illərdəki uğurlu nailiyyətlərindən biri kimi 2009-cu ilin may ayında SSRİ-nin və Ukraynanın xalq artisti, gözəl dirijor, görkəmli violin ifaçısı olan V.Spivakovun rəhbərliyi ilə Beynəlxalq xeyriyyə fondu tərəfindən təşkil olunmuş “Moskva dostları qarşılayır” («Москва встречает друзей») adlı festivaldakı çıxışı idi. Mədinənin mükəmməl ifası hamının diqqətini cəlb edib, şəxsən V.Spivakov tərəfindən isə yüksək qiymətləndirilib. Azərbaycan qızının ifası Moskva mətbuatında Y.Martınyuk tərəfindən dərc olunmuş «Про приглашению Спивакова» adlı məqalədə xüsusi vurğulanır. Elə bir neçə aydan sonra o, yenidən Rusiyanın Moskva və Kazan şəhərlərində Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Azərbaycan mədəniyyəti günlərində çıxış edib. O, Moskvanın Sütunlu zalında, «Звездный городок»un konsert salonunda Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi orkestrin müşayiətilə C.Cahangirovun “Rondo” və V.Adıgözəlovun “Skerso” əsərlərini ifa edib.
Mədinənin ən böyük uğurlarından biri 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsində” iştirak etməsidir. O, yüksək səviyyəli ifası ilə hamının diqqətini cəlb edib və birinci yerə layiq görülüb. Təbii ki, bu uğur gənc ifaçının həyatında böyük və yaddaqalan bir hadisə olub, onun zəhmətsevərliyinin, sənətinə vurğunluğunun nəticəsi idi. Mədinə daima öz üzərində işləyir, ifa etmək üçün yeni əsərlər axtarır, tədricən repertuarını genişləndirərək zənginləşdirir.
2011-ci ildə Mədinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının iyirminci il dönümünə həsr edilmiş “Milli musiqi alətləri ifaçılarının Respublika festivalında” çıxış edib. Həmin festivalda o, yüksək peşəkarlıq nümayiş etdirərək birinci yerə layiq görülüb. İlin sonunda istedadlı gənclərin xüsusi təqaüdə layiq görülməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 19 dekabr 2011-ci il tarixdə imzalanmış sərəncamda həmin gənclərin siyahısında Mədinənin də adı var idi.
Sənətə olan sevgi, özünə qarşı olan yüksək tələbkarlıq respublikamızda xalq çalğı alətləri ifaçılığı ilə bağlı keçirilən müxtəlif müsabiqə və festivallardakı çıxışlar Mədinənin peşəkar sənətkar kimi yetişməsində mühüm rol oynayıb. Hər çıxışında o, dinləyicilərə yeni əsərlər təqdim edir, Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı Qərb bəstəkarlarının yaradıcılığına da müraciət edib, onların əsərlərini məharətlə ifa etməyə çalışıb.
2012-ci ildə Mədinə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinə daxil olarkən muğam dərslərini adı Azərbaycan musiqi ictimaiyyətinə çox yaxşı tanış olan gözəl kamança ifaçısı, Azərbaycan Respublikasının əməkdar artisti, dosent Elşən Mansurovun rəhbərliyi altında alıb, ixtisas üzrə isə əməkdar müəllim, dosent Afət Kazımovanın sinfində oxuyub. Mədinə ali məktəbdə təhsil aldığı dövrdə də bir sıra müsabiqələrdə çıxış edib. İfaçı 2012-ci ildə SSRİ Xalq artisti Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Milli musiqi alətləri ifaçıları və xanəndələri” adlı müsabiqənin iştirakçısı olub və I dərəcəli diploma layiq görülüb. Həmin ildə Mədinə Azərbaycan Bəstəkarlar İttifaqının IX qurultayında iştirak edib, Azərbaycan Respublikasının xalq artisti D.Dadaşovun Mədinəyə həsr etdiyi “Mədinənin sehrli kamanı” adlı əsərini ilk dəfə ifa edərək dinləyicilərə təqdim edib. Elə bu çıxışından sonra o, Azərbaycan Bəstəkarlar İttifaqının təşkil etdiyi silsilə konsertlərdə dəfələrlə ən müxtəlif əsərləri və muğamları səsləndirməklə çıxış edib. Nəhayət, Mədinə 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təqdim edilən Gənclər və İdman Nazirliyinin xüsusi mükafatı ilə təltif olunub.
İstedadlı ifaçı nəinki respublikamızda, hətta ondan kənarda keçirilən festival, tədbirlərdə də çıxış edib. 2012, 2014-cü illərdə Gürcüstanda keçirilən “Dostluq görüşü” adlı konsertlərdə çıxış edərək fəxri fərmanlarla təltif olunub, 2013-cü ildə isə Tatarıstan Bəstəkarlar İttifaqı tərəfindən “Avropa və Asiya” adlı XI Beynəlxalq musiqi festivalında iştirak etmək üçün dəvət alıb. Həmin festivalda gənc ifaçı F.Əmirov, S.Ələsgərov, D.Dadaşov və S.Fərəcovun əsərlərini ifa edib və festivalın laureatı adını qazanıb. M.Şahgəldiyeva 2016-cı ildə Başqırdıstanın Ufa şəhərində keçirilən VIII “Ural Mono” adlı festivalda uğurla çıxış edərək fəxri fərmanla təltif olunub.
2017-ci ildən təhsilini Azərbaycan Milli Konservatoriyasının magistr pilləsində davam etdirən Mədinə əldə etdiyi nailiyyətləri ilə kifayətlənməyərək daim axtarışlar aparır və öz sənətini kamilləşdirməyə can atır. Mədinə 2018-ci ildə Qazaxıstanda keçirilən Tlep Aspantayul adına simli xalq çalğı alətləri üzrə II Beynəlxalq müsabiqəsində çıxış edib. İki turdan ibarət birinci turda o, Tlep Aspantayulun “Tolqau” adlı əsəri ilə çıxış etməli idi. İkinci turda isə gənc ifaçı F.Əmirovun “Muğam poeması”nı səsləndirib və yüksək qiymətləndirilərək birinci dərəcəli diploma layiq görülüb. Həmin ildə o, Bakıda keçirilən “Testene art Baku” müsabiqəsində də iştirak edib və birinci yerə layiq görülüb.
M.Şahgəldiyeva daima öz üzərində çalışan, müxtəlif müsabiqə və festivallarda uğurla iştirak edən və öz ifasını cilalayan və kamilləşdirən musiqiçidir. O, solo konsert vermək üçün geniş repertuar hazırlayır. Mədinə ilk solo konsertini 2016-cı ildə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsində təhsil aldığı zaman keçirib. Həmin solo konsert Azərbaycan Respublikasının xalq artisti S.Fərəcovun yaradıcılığına həsr olunub. Mədinə konsertdə bəstəkarın kamança üçün yazdığı “Unutma”, “Qayıt gülüm”, “Oğuz rəqsi”, “Şərq bazarı”, “Yallı”, “Ulduzlu gecə” adlı əsərlərini ifa edib.
M.Şahgəldiyeva müəllimləri: Azərbaycan Respublikasının əməkdar artisti,
dosent Elşən Mansurov və Təranə Babayeva ilə
Mədinə ikinci solo konsertini Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinin sonuncu kursunda 2017-ci ilin mart ayının 10-da verib. Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilmiş bu konsert Mədinənin ali məktəbdə qazandıqlarının hesabatı, müəllimlərinin əməyinin qiymətləndirilməsi idi. Konsertə ali və orta təhsil müəssisələrinin, həmçinin Bakıda fəaliyyət göstərən bir çox musiqi məktəblərinin rəhbər işçiləri, aparıcı müəllimləri və musiqi sevərlər dəvət olunmuşdu. Konsert uzun illər Bülbül adına orta ixtisas musiqi məktəbində çalışmış, onlarla kamança ifaçısı yetişdirmiş, Respublikanın əməkdar müəllimi mərhum Almaz xanım Kərimovanın əziz xatirəsinə həsr olunmuşdu. Konsertin proqramı geniş, rəngarəng və olduqca mürəkkəb idi. İfaçı Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı Qərb bəstəkarlarının yaradıcılığına da geniş yer ayırmışdı. Konsertdə gənc ifaçı J.Massne, P.Sarasate, Vaksman-Bize, Ə.Cavid, F.Əmirov, D.Dadaşov, S.Fərəcovun əsərlərini, həmçinin sevdiyi alətdə “Şur” muğamını məharətlə ifa etdi. Məlumdur ki, qədim dövrlərdən etibarən digər alətlər ilə yanaşı, kamançanın da muğam sənətinin inkişafında böyük əhəmiyyəti və rolu olmuşdur. İfaçı, demək olar ki, bir çox çıxışlarında şifahi ənənəli professional musiqimiz olan muğamları məharətlə ifa edir, onları sevdirir.
Mədinənin ifasında səslənən hər yeni əsərdə ifaçının xüsusi musiqi duyumu, texniki kamilliyi, zərif, incə zövqlə kamanı səsləndirmə bacarığı və böyük zəhmət əks olunurdu. Bunlarla yanaşı, konsertin ərsəyə gəlməsində, mürəkkəb proqramın hazırlamasında müəllimləri E.Mansurov, A.Kazımova və T.Babayevanın böyük rolu vardır.
2017-ci ildə Azərbaycan Milli Konservatoriyasının magistr pilləsinə daxil olan Mədinə sonuncu kursda oxuyarkən (2018) Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert zalında üçüncü solo konsertini verib. Maraqlı proqram ilə çıxış edən Mədinə konsertdə Y.Sibeliusun violin və orkestr üçün konsertini bütövlüklə kamançada ifa edib. Bununla yanaşı konsert proqramında P.Sarasatenin “Qaraçı havaları”, F.Əmirovun “Muğam poeması” , habelə “Cahargah” muğamı səslənib.
Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın xalq artisti Firəngiz Əlizadə konsertdən sonra çıxış edərək Mədinənin ifasını yüksək qiymətləndirib və bir sıra maraqlı məqamları tamaşıçılara açıqlayıb. Diqqətimizi cəlb edən fikirlərdən biri konsertdən əvvəl Mədinə ilə görüşən F.Əlizadənin ifa ediləcək əsərlər, onların müəllifləri ilə maraqlanması oldu. Öz çıxışında F.Əlizadə emosiyalarını gizlədə bilməyərək düşündüklərini belə ifadə etdi: “Mən biləndə ki, Mədinə konsertdə Y.Sibeliusun violin və orkestr üçün konsertini ifa edəcək, dərhal əsərin kamança üçün kim tərəfindən işləndiyini soruşdum. O, isə cavabında dedi ki, əsərin heç bir işlənməsindən istifadə etməyib, burada heç bir dəyişiklik yoxdur və bəstəkar yazısına toxunulmayıb. Mən heyrətə gəldim və bugünkü ifa məni dərindən təsirləndirdi”.
Bu konsert gənc kamança ifaçısının son çıxışı deyildi. O yenə səhnəyə çıxacaq, dünya klassikasının nümunələrini, Azərbaycan bəstəkarlarının maraqlı əsərlərini, muğamlarımızı ifa edəcək. Mədinə səhnə üçün yaranıb, kamança onun həyatının ayrılmaz bir hissəsidir.
Mədinə hal-hazırda Azərbaycan Milli Konservatoriyasında müəllim kimi çalışır, yiyələndiyi bilikləri gənc nəslə ötürür. O, əldə etdiyi nailiyyətlərlə yenə də kifayətlənmir. O, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi festivalında Rusiya Akademik Dövlət xalq çalğı alətləri orkestrının bədii rəhbəri, baş dirijoru, xalq artisti D.Xoxlovun dirijorluğu ilə Azərbaycan Dövlət xalq çalğı alətlərinin müşayiətilə Q.Dinikunun “Mart yallısı”nı ifa etmişdir.
Məqalə hazırlanan zaman ona tez-tez zəng edib bəzi məlumatlar toplayırdıq. Hər dəfə ünsiyyətdən əvvəl kamanın, sonra isə Mədinənin öz səsini eşidirdim. O, yenə məşğul olur, növbəti konsert proqramını hazırlayaraq gərgin çalışır. Biz isə gənc ifaçıya sənətində yeni-yeni uğurlar arzulayırıq.
AMK-nın baş müəllimi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru