Ənənə bərpa olundu: Şuşa – “Xarıbülbül” festivalı
ƏNƏNƏ BƏRPA OLUNDU: ŞUŞA – “XARIBÜLBÜL” FESTİVALI
Artıq musiqimizin beşiyi olan Şuşamız illər sonra ən gözəl baharını yaşayır. Əsirlikdən qurtulmuş Şuşamız bu gün muğamımızın sədaları altında rahat nəfəs alır. Günəş bu bahar onu bir başqa salamlayır.
Vətən, oğullarınla fəxr edə bilərsən!
Kürəyi elinə dayaq, sinəsi düşmənə çəpər olan oğulların, sənin nisgilinə son qoydu. Həsrət qaldığımız Cıdır düzündə, indi dünya bizim mədəniyyətimizin şahidi olur. Buna görə şəhidlərimizə borcluyuq. Hər zaman doğru qərarlarla xalqını düşünən cənab prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimiyik. O dəmir yumruğun bir hissəsiyik.
İgid oğul və qızlarımız tarixdə şanlı salnamələr yazıb. İkinci Qarabağ müharibəmiz bu tarixin yeni bir səhifəsi oldu. Ənənə halını almış, lakin ayrılığımızla əlaqəli yarımçıq qalmış festivallar yenidən keçirilməyə başladı.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət paytaxtı Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı hər birimizi qürurlandırdı. Bildiyimiz kimi, “Xarıbülbül” festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Müxtəlif ölkələrdən olan musiqi qruplarının iştirakı bu günədək yaddaşlarda xoş xatirələrlə iz qoyub. Nəhayət, 12 may 2021-ci il tarixində doğma Şuşanın səmasında illər əvvəl olduğu kimi Qarabağ şikəstəsi eşidildi. Bununla da illər sonra “Xarıbülbül” festivalına start verildi.
Açılışda Cənab Prezidentimiz, müzəffər ordumuzun ali baş komandanı İlham Əliyevinin çıxışı həm tamaşaçıları, həm iştirakçıları ruhlandırdı. Şəhidlərimizin əziz xatirəsinə həsr olunun “Xarıbülbül” festivalı xoş günlərinin əvvəlidir, Əziz Şuşa. Axı sənsiz bu festivalı necə keçirə bilərdik? Həsrətimizi ifadə edə bilmədiyimiz kimi, sevincimizi də ifadə etmək mümkün deyil. Bu festival tək mu-siqiçilər üçün deyil, hər bir Azərbaycan vətəndaşı üçün böyük bayramdır.
Festivalın birinci günü Azərbaycanda yaşayan azsaylı xalqların musiqinə böyük yer verildi. Bu da təsadüfü deyildir. Məhz Cənab Prezidentin vurğuladığı kimi, 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşmüşdür. Bu da eyni zamanda, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasının sübutudur. Vətən müharibəsindəki Qələbədə bütün icmaların payı, töhfəsi vardır. Beləliklə də, Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi. Burada biz, milli musiqi nümunələriylə yanaşı, müxtəlif folklor qruplarının ifasında avar, talış, kürd, ləzgi, udin, slavyan, tat, yəhudi, gürcü, saxur xalqlarının musiqisini dinlədik. Bu dostluğun, həmrəyliyin sübutudur. Festival həm azərbaycanlılara, həm də azsaylı xalqların nümayəndələrinə qələbə hədiyyəsi idi. Zaqatala rayonunun ”Micaqna” folklor kollektivinin ifa etdiyi “Salam Alek” saxur xalq mahnısı insanlara müdriklik mesajı idi. Hətta tanımadığın bir insanla salamlaşmaq, əl uzatmaq, hal-əhval almaq səmimi qəlbdən gələn hissdir ki, mahnıda öz əksini tapmışdır.
Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın video ifalarının təqdimi keçmişlə bu günün bağlantısı təəssüratı bağışlayırdı.
“Xarıbülbül” festivalına etinasız qalmaq mümkün deyil. Baxmayaraq ki, Şuşada deyildik, lakin böyük həyəcanla, şövqlə, fəxr hissi ilə festivalı izlədik. Səmada pərvaz edən qartal da, sanki şəhidlərimizin dilindən iştirakçılara xeyir dua verirdi. Qartalın simasında Şuşamız da sanki qəfəsdən çıxdı, azad oldu.
Festivalın ikinci günündə artıq Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellasının ifasında bəstəkarlarımızın bənzərsiz klassik əsərlərini dinlədik. Ü.Hacıbəylinin “Koroğlu” operasından Uvertüra bu dəfə bir başqa səsləndi. Azərbaycanın vizit kartına çevrilmiş uvertüramız qələbəmizi, uğurumuzu təntənəli şəkildə Cıdır düzündən dünyaya car çəkdi.
Festivalda tək musiqi deyil, incəsənətin bütün sahələri təqdim olunurdu. Qonaqları əhatə etmiş rəngarəng Xarıbülbül maketləri diqqəti cəlb edirdi. Maketlərin üzərində Qarabağı səyahət etmiş yerli və xarici rəssamların təəssüratları əks olunmuşdu. Al-əlvan maketlərdəki bülbül indicə çiçəyin üzərindən qalxıb, qanad çalıb, çiçəkdən-çiçəyə qonaraq cəhcəh vuracaq. Onlar sanki qonaqları qarşılayıb bağrına basırdılar. Bütün bunlara tamaşa etdikcə təbiətlə musiqinin vəhdətini duyurduq, hiss edirdik. Konsertdə səslənən muğam, mahnılar, ifa edilən rəqslər, bəstəkar musiqisi bir səma altında birləşib, təbiətin al-əlvan rənglərinə boyanırdı, çiçəklərin ətri duyulurdu.
Bütün musiqi nümunələri gözəlliyi, məhəbbəti təqdim edirdi. Bunlar bizi şah əsərə – V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasına gətirib çıxardı. Bu, musiqidə atəşfəşanlıq idi. Bildiyimiz kimi, oratoriyada qəmli notlar var. Lakin, əsər bu dəfə daha təntənəli səsləndi. Bununla, sanki “Məhz bu torpağın sahibləri Qarabağ şikəstəsini yaradanlardır” deyirdi. Son 30 ildə Şuşaya, Qarabağa aid nəğmələr, mahnılar, klassik əsərlər yazıldı. Hər birində Qarabağa qayıdış ümidi var idi, hər birində bir həsrət, yaşanan kədər, bir nisgil hiss olunurdu. Artıq dönüş, qayıdış iri həcmli əsərlərdə, oda və simfoniyalarda əks olunmalıdır. Həmin əsərlərdə məğrurluğumuz, dillərə dastan olan qələbəmiz tərif olunmalıdır.
Başqa bir sevindirici hal isə festival çərçivəsində Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun təqdim edilməsi idi. Layihə birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Bu təqdirəlayiq bir təşəbbüsdür. Bu layihənin davamı da var. Məhz festival çərçi-vəsində notların təqdimatı vacib idi, “Əbədi imzalar” toplusu Azərbaycan bəstə-karlarının əsərlərinin dünyada təbliği üçün əhəmiyyətli layihədir. Biz həmişə deyirik Qarabağ istedadlar diyarıdır. Onlar Natəvan bulağından su içmiş, təbiətindən ruhlanmışlar. Məhz belə tədbirlər sahib olduqlarımızı yeni nəslə ötürməyimiz üçün vasitədir. “Xarıbülbül” festivalı yeni istedadların üzə çıxmasına səbəb olacaq, onlar bizim olanı dirçəldib, davam etdirəcəklər.
Ümummilli liderimiz Heydər Əliyevin “Şuşa Azərbaycanın gözüdür. Şuşa hər bir Azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” söylədiyi səs yazısını dinlərkən və cənab Prezidentin nitqini izləyərkən qürurlanmamaq, kövrəlməmək mümkün deyildi.
Beləliklə, festival çərçivəsində açıq səma altında, ana təbiətin qoynunda, Cıdır düzündə teatrlaşmış möhtəşəm konsertə tamaşa etdik. Əzəmətli “Xarıbülbül” festivalı mədəniyyətimizin, incəsənətimizin uğurudur.
bəstəkar, əməkdar müəllim, professor,
F.Əmirov adına Onbirillik İncəsənət Məktəbinin direktoru