Qarabağ muğam məktəbinin ifaçılıq ənənələri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2017
Fehruz MƏMMƏDOV
AMK-nın baş müəllimi
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
Email: sexavet1972@mail.ru
UOT:781,7
QARABAĞ MUĞAM MƏKTƏBİNİN İFAÇILIQ ƏNƏNƏLƏRİ
Xülasə: Muğam bu gün də şifahi ənənəli professional musiqi janrı kimi milli musiqi mədəniyyətimizin bünövrəsini təşkil edir, yaşayır, muğam ifaçılarının yaratdığı sənət inciləri bütün dünyaya yayılır. Təqdim olunan məqalədə Qarabağ muğam məktəbinin ifaçılıq ənənələrindən söhbət açılır, onun Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etməsi vurğulanır.
Açar sözlər: Qarabağ, muğam məktəbi, Şuşa, xanəndə, ifaçı, Üzeyir Hacıbəyli
Azərbaycan xalqının musiqi irsinin misilsiz inciləri olan muğamlar şifahi ənənəli professional musiqinin əsas janrıdır. Qədim dövrlərdə yaranmış muğamlar əsrlər boyu formalaşaraq, təkmilləşərək bizim dövrə gəlib çatmışdır. Muğam yalnız musiqi janrı kimi deyil, bir təzahür, təfəkkür tərzi kimi Azərbaycan mədəniyyətində təşəkkül tapmışdır.
Professional muğam sənətinin digər bir aspekti xanəndə ifaçılıq sənəti ilə bağlıdır. Azərbaycan muğamını müasir dövrümüzədək çatdıran, onu nəsildən-nəslə ötürən, yaşadan yüksək səviyyəli peşəkar xalq ifaçıları – xanəndələr və sazəndələr olmuşlar. Məhz onların – muğam ifaçılarının zəngin ənənələri əsasında muğam sənəti daha da təmiklləşmiş, inkişaf etmişdir. Xanəndəlik sənətinin yaranmasında musiqi və poeziyanın qarşılıqlı zənginləşməsi də mühüm rol oynamışdır. Şairlər öz şeirlərini musiqi müşayiətilə ifa etmişlər.
Azərbaycanın ən gözəl guşəsi olan Qarabağ torpağı Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etmişdir. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Firudin bəy Köçərli, Əbdurrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi klassik Azərbaycan ədəbiyyatının görkəmli simaları, tanınmış ensiklopedik alim, rəssam və musiqişünas Mir Möhsün Nəvvab, dahi bəstəkarımız Üzeyir Hacıbəyli, böyük müğənnilərimiz Bülbül, Rəşid Behbudov, maestro Niyazi və Azərbaycan bəstəkarlıq məktəbinin bir çox nümayəndələri – Fikrət Əmirov, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov və başqaları məhz bu torpağın yetirmələridir.
Qarabağın mərkəzi Şuşa şəhəri musiqi tariximizdə xüsusilə mühüm yer tutur.
Şuşa şəhərinin bünövrəsi 250 il bundan əvvəl XVIII əsrin ortalarında qoyulmuşdur. Artıq XIX əsrdə bu şəhər özünün coğrafi mövqeyinə, iqtisadi inkişafına, füsunkar təbiətinə görə diqqəti cəlb etmişdir. Həmin dövrdən Şuşa Azərbaycanın musiqi mədəniyyəti mərkəzi kimi məşhurlaşmışdır. Məhz bu dövrdə Qarabağ muğam məktəbi yaranmağa başlamışdır [3]. Qarabağ muğam məktəbi dedikdə, ayrı-ayrı sənətkarların adı ilə bağlı, onların ifaçılıq üslubunu yaşadan, muğam ənənələrini, sənətkarlıq sirlərini nəsillərə ötürən məktəblər nəzərdə tutulur. Qarabağ muğam məktəbinin nümayəndələrinin ömür yolu və yaradıcılığı əsasən Şuşa şəhəri ilə bağlı olub. Şuşa ilə yanaşı, o dövrdə Azərbaycanın Bakı, Gəncə, Şamaxı, Lənkaran, Quba kimi iri şəhərləri də mədəniyyət mərkəzləri hesab olunurdu və burada da özünəxas keyfiyyətləri ilə seçilən muğam məktəbləri formalaşırdı. Bütün bu məktəblərin nümayəndələri bir-biri ilə sıx yaradıcılıq ünsiyyəti saxlayırdılar ki, bu da musiqi mədəniyyətinin inkişafına xidmət edirdi.
O dövrdə Şuşanı “Qafqazın konservatoriyası” adlandırırdılar. Sənətkarlıq məktəbini Şuşada keçmiş xanəndə və xalq çalğı alətləri ifaçılarının təkcə Azərbaycanda deyil, bütün Qafqaz ərazisində fəaliyyəti bunu deməyə əsas verir. Şöhrəti vətənimizin hüdudlarını aşmış Qarabağ musiqiçiləri xalqımızın əsrlər boyu inkişaf etmiş musiqi ənənələrini yaşadırdılar. Eyni zamanda, onlar öz dəst-xəttini, oxuma üslubunu mədəniyyət xəzinəmizə gətirirdilər. İfaçıların yaratdıqları muğamlar, yeni mahnı və təsniflər dillər əzbəri olub, hər yana yayılırdı. Hələ XVIII əsrin axırları, XIX əsrin əvvələrində Şuşada bir çox sənətkarlar yaşayıb-yaratmışdır. Onlardan Şahsənəm oğlu Yusif, Mirzə Hüseyn, Həsəncə, Qaraçı Əsəd və başqaları Şuşada xanəndəlik sənətinin əsasını qoymuşlar. Həmin dövrdə tarzən Əli Əsgər, kamançaçı Qaraçı Hacıbəy, qoşanağara çalan Qapançı oğlu Kərim məşhur idi [1].
XIX əsrin II yarısında və XX əsrin əvvələrində Qarabağ muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə bir çox görkəmli xanəndə və ifaçılar: Hacı Hüsü, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsədoğlu (Sadıqcan), Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Keçəçioğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqaları Qarabağ muğam məktəbini təmsil edirdilər. Əlbəttə ki, bu məktəbin nümayəndələrinin hamısının adını qeyd etmək imkan xaricindədir. Lakin onların hər birinin muğam sənətinin, milli ifaçılıq tarixinin inkişafında mühüm xidmətləri olmuşdur [1].
Muğam ifaçılığı onun bütün məqam, melodik inkişaf qanunlarını tam şəkildə bilməyi, melizmlərlə zəngin bəzədilmiş melodiyanı oxumağı bacarmağı, hər bir şöbənin əsasını təşkil edən mühüm melodik ifadələri, keçidləri mənimsəməyi tələb edir. Təbiidir ki, bütün bunları öyrənmək üçün məktəb keçmək vacib şərtdir. Əlamətdardır ki, muğam tədris edən ilk musiqi məktəbləri XIX əsrdə Şuşada yaranmışdır. İlk məktəbi Şuşanın məşhur muğam bilicisi Xarrat Qulu yaratmışdı. O, istedadlı, yaxşı səsi olan uşaqları bu məktəbə cəlb edərək, onlara Şərq musiqisinin əsaslarını, muğamları, xalq mahnılarını öyrədirdi. Bu məktəb bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdıoğlu, tarzən Mirzə Sadıq Əsədoğlu həmin məktəbin yetirmələridir [3].
Məşhur musiqişünas Xarrat Qulunun ölümündən sonra Kor Xəlifə Şuşada musiqi məktəbi açmış, sonralar isə Molla İbrahim onun işini davam etdirərək yeni musiqiçilər nəslini yetişdirmişlər. Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın dərnəyi”, Bakıda isə “Məşədi Məlik Mansurovun salonu” əsl musiqi məktəbinə çevrilmişdi. Musiqi məclisləri xalq musiqisinin milli ruhunu, eyni zamanda musiqi dilini yabançı meyllərdən təmizləmiş, muğamatın orijinallığını mühafizə edərək onların assimilyasiya olunma təhlükəsinə qarşı kəskin müqavimət göstərmişdir.
Muğam ifaçıları bu sənətin ənənələrini, sədaqətlə qoruyaraq, sonrakı nəsillərə ötürməklə yanaşı, həm də onları inkişaf etdirir, yeni melodiyalarla zənginləşdirirlər. Sənətdə özünəməxsus ifaçılıq üslubu, öz yolu olan sənətkarlar orijinal ifaçılıq məktəbləri yaratmışlar.
O dövrdə muğam ifaçılığı əsasən toy şənlikləri və ziyafətlərlə bağlı idi. XIX əsrin II yarısında Şuşada poeziya və musiqi məclisləri təşkil olunmağa başladı. Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvan “Məclisi-üns”, alim, şair, rəssam və musiqişünas Mir Möhsün Nəvvab “Məclisi-fəramuşan” yaratmışdılar. Bu məclislər muğam sənətinin inkişafı üçün çox önəmli idi və muğam ifaçıları üçün əsl sənətkarlıq məktəbinə çevrilmişdi [1].
Öz məktəbini yaratmış xanəndələrdən öncə Hacı Hüsünü qeyd etməliyik. Məşədi İsi, Keştazlı Həşim, Mirzə İsmayıl, Malıbəyli Cümşüd, Keçəçioğlu Məhəmməd və başqaları onun yetirmələri olmuşlar. Əbdülbaqi Zülalovun məktəbinin davamçıları Cabbar Qaryağdıoğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyevdir.
Cabbar Qaryağdıoğlunun şagirdlərindən Seyid Şuşinskini, Bülbülü, Zülfü Adıgözəlovu, Davud Səfiyarovu, Sürəyya Qacarı, Yavər Kələntərlini və b. göstərə bilərik. İslam Abdullayevin yetirmələri arasında Xan Şuşinskini, Mahmud İmamquluoğlunu, Sahib Şükürovu, İldırım Həsənovu, Yaqub Məmmədovu qeyd etmək olar. Seyid Şuşinski də bir çox xanəndələr yetirmişdir – Sara Qədimova, Sabir Mirzəyəv, Süleyman Abdullayev, Baba Mahmudoğlu və b. Zülfi Adıgözəlov isə Mütəllim Mütəllimovun, Qənbər Zülalovun müəllimi olmuşdur. Xan Şuşinskinin yetirmələrindən Arif Babayev bu gün Qarabağ muğam məktəbini təmsil edir. Onun tələbələrindən Sevinc Sarıyevanın, Aygün Bayramovanın, Gülüstan Əliyevanın adını çəkmək olar.
Muğam sənəti özünəməxsus improvizə xüsusiyyətinə malikdir. Bildiyimiz kimi, hər bir xanəndənin və ya sazəndənin ayrı-ayrılıqda ifaçılıq yolu var. Qarabağda yaşayan xalq sənətkarlarından xanəndə Bahadır Mehralıoğlu da öz ifaçılıq yolunu yaradan xanəndələrdəndir. Əbülfət Əliyev, Qədir Rüstəmov, Aydın Məmmədov, Niqay Bayramov, Barat Fərhadov kimi xanəndələr məhz onun ənənələrini davam etdirmişlər. Xanəndənin oğlu tarzən Məşədi Nəriman Mehralıyev də özünəməsus tar ifaçılıq məktəbi ilə yadda qalmışdır. Vaqif Əbdüqasımov, Ramiz Quliyev, Rafiq Hüseynov, Mustafa İsmayılov, Yusif Vəliyev və b. onun yetirmələridir. Müasir dövrdə Ramiz Quliyevin, Oqtay Quliyevin, Mənsum İbrahimovun, onların tələbələrinin yaradıcılığında Qarabağ muğam məktəbinin ənənələri öz əksini tapır və yeni keyfiyyətlər kəsb edir [3].
Qarabağ muğam məktəbinin özünəməxsus ifaçılıq xüsusiyyətləri mövcuddur. Qarabağ xanəndələri muğamatın oxuma üsullarına dərindən bələd olmağı ümdə şərt hesab edirdilər. İlk növbədə, xanəndədən geniş diapazonlu qüvvətli səs, həm pəsdən, həm də zildən eyni bacarıqla oxumaq qabiliyyəti tələb olunurdu. Onu da deyək ki, o dövrün xanəndələri arasında ən geniş diapazonlu səsə Cabbar Qaryağdıoğlu malik olmuşdur. Onun səsi iki oktava yarım diapazonu həcmində olub, lirik-dramatik tenor idi. Qarbağ xanəndələrindən hər biri öz gözəl səsi ilə seçilmiş və yadda qalmışdır. Xanəndələrin ustalığı təkcə onun ifaçılıq tərzi və təfəkkürü ilə bağlı deyildi. Həmçinin, təkraredilməz oxu üslubu, şaqraq zəngulələr, uzun nəfəslər, improvizə bacarığı da vacib şərtləndəndir.
Qarabağ xanəndələrinin repertuarı geniş idi. Demək olar ki, bütün klassik muğamlar xanəndə və sazəndə dəstələri tərəfindən ifa olunurdu: “Rast”, “Şur”, “Mahur”, “Segah”, “Hümayun”, “Bayatı-Şiraz” muğam-dəstgahları, “Qatar” muğamı, “Heyratı”, “Qarabağ şikəstəsi”, “Osmanlı” zərbli muğamları və s. Düzdür, bu muğamlar digər muğam məktəblərində də – Bakı və Şamaxı xanəndələri tərəfindən ifa olunurdu. Lakin Qarabağ xanəndələrinin oxuduqları muğamlar öz məzmununa, hissələrin sayına, keçidlərin müxtəlifliyinə, şöbələr arasında səslənən rəng və təsniflərin rəngarəngliyinə görə fərqlənirdi.
Xanəndələr muğam dəstgahlarında qəzəl seçməyə çox fikir verirdilər. İranda muğam ifaçılığında klassik Şərq şairlərinin (Hafiz, Sədi) fars dilində yazılmış qəzəllərindən istifadə olunurdu. Qarabağ xanəndələri isə muğam ifaçılığında daha çox Azərbaycan dilində yazılmış qəzəllərə üstünlük verirdilər ki, bu da xalqın milli şüurunun, milli özünüdərkin inkişafı ilə bağlı idi. Bunun nəticəsində Azərbaycan şairləri Füzuli, Vaqif, Natəvan, Seyid Əzim Şirvaninin qəzəlləri geniş yayıldı, Qarabağ xanəndələrinin yaradıcılığından söz açdıqda daha bir cəhəti qeyd etmək lazımdır. Bu da xanəndələrin təsnif və xalq mahnıları yaratmasıdır. Belə ki, hal-hazırda xalq arasında məşhur olan “İrəvanda xal qalmadı”, “Tiflisin yolları” xalq mahnılarının Cabbar Qaryağdıoğlu, “Şuşanın dağları” mahnısının Xan Şuşinski tərəfindən yaradıldığı məlumdur. Bu siyahını uzatmaq da olar.
XIX əsrin axırlarında xanəndəlik sənəti məclis, toy, şənlik çərçivəsindən çıxıb teatr və konsert salonlarına yol tapır. İlk dəfə Tiflis və sonra Şuşa şəhərlərində teatr tamaşalarının fasilələrində xanəndə dəstələri böyük müvəffəqiyyətlə çıxış etmişlər. Bu da sonralar musiqili səhnəciklərin yaranmasına təkan verdi [3].
Azərbaycan muğam sənətinin inkişafında Bakı məclislərinin böyük rolu danılmazdır. XX əsrin əvvələrindən başlayaraq, Bakının iqtisadi cəhətdən yüksəlişi mədəniyyət və incəsənət xadimlərinin bu şəhərdə cəmlənməsinə səbəb oldu. Bu da şəhərin teatr və konsert həyatını canlandırdı. Şuşada püxtələşmiş sənətkarlardan bəziləri öz fəaliyyətini Bakıda davam etdirirdilər. Buna baxmayaraq, onlar Şuşa ilə əlaqələrini kəsmir, yeni musiqiçi nəslinin yetişməsinə yardım edirdilər. Qeyd etmək lazımdır ki, Qarabağ musiqiçilərinin yaradıcılığında muğam məktəbinin ənənələri indiyə kimi yaşayır və nəsildən-nəslə ötürülür.
Eyni zamanda, xanəndələr dövlət tərəfindən açılan musiqi məktəblərində sənət müəllimi kimi də geniş fəaliyyət göstəriblər. 1920-ci illərdə Şərq Konservatoriyasında, daha sonralar Bakı Musiqi Texnikumunda, Azərbaycan Dövlət Konservatoriyasında (Bakı Musiqi Akademiyasında), hal-hazırda isə Milli Konservatoriyada, Mədəniyyət və İncəsənət Universitetində klassik xanəndələrin yolu ilə muğam sənəti tədris olunur.
Beləliklə, xalqın dünyagörüşünün ifadəsi olan muğam sənəti ifaçıların yaradıcılığında cilalanaraq, muğam məktəblərində təkmilləşərək, bizim günlərə gəlib çatmışdır. Bu gün Ümummilli lider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, “Muğam Azərbaycanın milli sərvətidir”, – deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, – söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır. Bu da muğama olan marağı daha da artırır. Muğam ifaçılarının yaratdığı sənət inciləri bütün dünyaya yayılır və eyni zamanda gələcək nəsillərə ötürülür.
ƏDƏBİYYAT:
- Əsədullayev A.M. Muğam janrinin tədrisi problemləri. // “Musiqi dünyası” jurnalı, № 3-4(9), 2001. 175-177. URL: http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=124
- Quliyev M.B. Muğam sənətində ifaçılıq məsələləri. B.: MBM, 2013, 140 s.
- Musazadə R.M. Muğamın tədrisi metodikası. B.: MBM, 2012, 192 s.
4.Şuşinski F.M. Azərbaycan xalq musiqiçiləri. B.: Yazıçı, 1985, 478 s.
- Zöhrabov R.F. Bülbül və Azərbaycan xalq musiqisi. // “Musiqi dünyası” jurnalı, №1-2, 2001.
- URL:http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=40
- Qarabağ muğam məktəbi URL: http://e-library.musigi-dunya.az/sonoteka/son_garabah_
- URL: http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=124&page=2
Старший преподаватель АНК
ПЕВЧЕСКИЕ ТРАДИЦИИ КАРАБАХСКОЙ ШКОЛЫ МУГАМА
Резюме: Мугам и в наши дни является основой азербайджанской профессиональной музыкальной культуры устной традиции и жемчужиной, созданной исполнительями мугама и распространенной по всему миру. В представленной статье говорится о певческих традициях Карабахской школы мугама, подчеркивается его влияние на деятельность великих личностей азербайджанской науки, культуры и искусства.
Ключевые слова: Карабах, школа мугама, Шуша, ханенде, исполнитель, Узеир Гаджибейли
Senior lecturer of ANC
SINGING TRADITIONS OF THE KARABAKH SCHOOL OF MUGHAM
Summary: Mugam today is the basis of azerbaijany national musical culture as an oral tradition of a professional musical genre, lives, the pearls created by mugham performers are spread all over the world. The article deals with the singing traditions of the Garabagh Mugham school, emphasizing his gift of great personalities to Azerbaijani science, culture and art.
Key words: Karabakh, mugham school, Shusha, khanende, performer, Uzeir Hajibeyli
Rəyçilər: professor Arif Babayev;
dosent Nəzakət Teymurova