AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«Konservatoriya» jurnalı 2024 № 3 (64)

 

 ICTMD SİMPOZİUMU – AZƏRBAYCANDA

 

endir

 

 

PDF

17-22 Sentyabr 2024-cü il tarixində Bakı­da “Üzeyir Hacıbəyli” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli Kon­servatoriyasında ICTMD-nin (International Council for Traditions of Music and Dance (Musiqi və Rəqs Ənənələri üzrə Beynəlxalq Şura)) “Türk dünyasının musiqi və rəqsi” və “Qlobal musiqi tarixi” təd­qiqat qruplarının bir­gə Simpoziumu baş tut­muşdur. Bu mötəbər el­mi məclis Azər­bay­can Mədəniyyət Nazirliyi, Ba­kı Xoreo­qra­fi­ya Akademiyası, Türk Mə­də­niy­yəti və İrsi Fon­dunun dəstəyi ilə keçiril­miş­dir.

1

Qeyd edək ki, “Musiqi və Rəqs Ənə­nə­lə­ri üzrə Beynəlxalq Şura” (ICTMD — International Council for Traditions of Music and Dance) bü­tün ölkələrin ənənəvi musiqi və rəqslərinin öy­rənilməsini, təb­liğini, qorunub saxlanması və yayılmasını davam etdirmək məq­sədi daşıyan el­mi təşkilatdır. Bu məqsədlə Şura Ümumdünya Konfransları, Sim­poziumlar, Kol­lokviumlar və Forumlar təşkil edir. ICTMD-in səla­hiy­yət­lə­ri­nə həmçinin “Mu­siqi və Rəqs Ənənələri” adlı jurnalın və öz bülletenin nəşr edil­mə­si də aiddir.

Musiqi və Rəqs Ənənələri üzrə Beynəlxalq Şura (ICTMD) YUNESKO ilə rəs­­mi məşvərətçi münasibətlərdə olan qeyri-hökumət təşkilatıdır. Bu təşkilat ge­niş beynəlxalq təmsilçiliyi və Tədqiqat Qrupları ilə birgə müxtəlif xalqlar ara­sın­da mədəniyyət bağları yaradır.2

22-27 sentyabr 1947-ci il tarixlərində Londonda iyirmi səkkiz ölkənin iş­ti­rak etdiyi “Xalq Mahnı və Xalq Rəqsləri” mövzusunda təşkil olunmuş Bey­nəl­xalq Konfransda YUNESKO nümayəndəsi, Vanett Lauler, konfransın sədri Ralf Vil­liyam və onun müavini Stiuart Vilson (1889-1966) tərəfindən “Beynəlxalq xalq musiqisi şurasının yaradılmasını” təklifi irəli sürülür. Növbəti gün bu qu­ru­mun müvəqqəti konstitusiyası qəbul edilir və bir il müddətində İdarə Heyəti tə­yin edilir.

Şuranın ilk prezidenti ingilis bəstəkarı və xalq musiqisi kolleksiyaçısı Ralf Vo­qan Uilyams (1947-1958), ardınca Yaap Kunst (1959-1960), Zoltan Kodali (1961-1967), Uillard Rodes (1967-1973), Klaus P. Vaşsmann (1973-1977), Poul Rovsing Olsen (1977-1982), Erik Stokman (1982–1997), Entoni Siger (1997-1999), Krister Malm (1999-2005), Adrianna L.Kaipler (2005-2013), Salva El-Şavan (2013-2021), Svanibor Pettan (2021-2025) və s. kimi tanınmış şəxsiy­yət­lər olublar.

ICTMD Ümumdünya Konfransları 1948-ci ildən bu günə kimi iki ildən bir ke­çirilir. On­lar üzvlüyə və ümumi ictimaiyyətə geniş spektr­li məsələlər üzrə mü­ba­dilə imkanları tək­lif edirlər. Hal-hazırda 27 fəal ICTMD Tədqiqat Qrupu var­dır. Onların diqqət mərkəzində Afrika Mu­siqiləri; Tətbiqi Etnomusiqişünaslıq; Audio­vi­zual Etnomusiqişünaslıq; Musiqi və Rəqsin Qlo­bal Tarixi; İfaçılıq Sə­nət­lə­rinin İkonoqra­fi­ya­sı; Yerli Musiqi və Rəqs; Məqam; Aralıq də­ni­zi Musiqi Araş­dır­maları; Musiqi və Böyük Cə­nubi Asiyanın Müttəfiq İncəsənətləri; Latın Ame­rikası və Karib dənizində musiqi və rəqs; Cə­nub-Şərqi Avropada Musiqi və Rəqs; Türk Dün­yasında Musiqi və Rəqs; Okeaniyanın mu­si­qisi və rəqsi; Slavyan dünyasının musiqisi və rəq­si; Musiqi və Azlıqlar; Musiqi arxeologiyası; Musiqi, Təhsil və Sosial İnk­lü­ziv­lik; Musiqi, Gender və Seksuallıq; Ərəb dünyasında musiqi; Musiqi Alətləri; Şərqi Asiyanın musiqiləri; Cənub-Şərqi Asiyanın İfa Sənəti; Müqəddəs, Ruhani Səslər və Təcrübələr; Səs, Hərəkət və Elm; Musiqi və Səs Tədqiqatları üçün Mənbələr və Arxivlər və s. kimi araşdırılma mövzuları durur. Mövzuların mü­zakirəsi üçün 1981-ci ildən bu günə qədər bir çox alim qrupları və əlaqəli sa­hə­lərdən olan nümayəndələr təşkilata dəvət olunur və onlar tərəfindən ən aktual möv­zular nəzərdə tutulacaq konfrans üçün seçilir.

3

17-22 sentyabr 2024-cü il tarixində ICTMD qrupları öz növbəti konfransı üçün ev sahibliyi kimi məhz Azərbaycanı seçmiş və onlarla ICTMD üzvləri (alim­ləri) Bakıya təşrif buyurmuşdular. Simpoziumun planlama və proqram ko­mi­təsinə nüfuzlu alimlər rəhbərlik etmişdir.

Simpozium çərçivəsində “Musiqi və rəqs irsi tarixində görkəmli şəx­siy­yət­lər”, “Şuşa musiqi irsi mədəniyyətlərin dialoqu kontekstində”, “Musiqi və rəqs ənənələrinin mirası, qorunması və dəyişməsi” və “Musiqi tera­pi­ya­sı: XXI əsrdə problemlər və prespektivlər” kimi əsas mövzular yer almışdır.

Simpoziumun açılışı AMK-nın “Fikrət Əmirov” zalına keçirilmişdir. Ön söz ilə çıxış edən AMK-nın rektoru, professor Siyavuş Kərimi, Azərbaycan Mə­də­niyyət Nazirliyinin müşaviri Cahangir Səlimxanov Bakıya qonaq qismində gə­lən alimləri və Simpozium iştirakçılarını salamlayaraq onlara uğurlar dilədi.

Musiqi və rəqs ənənələrində görkəmli şəxsiyyətlərin təsiri mövzusunda müzakirə əlbəttə, dahi bəstəkar və nəzəriyyəçi Üzeyir Hacıbəyli dühasına toxunmaya bilməzdi. Ona ayrıca plenar panel həsr olunmuşdu və Simpozium Parlament prospektindəki Fəxri Xiyabanda Üzeyir Hacıbəylinin məzarının ziyarəti ilə başladı. İştirakçılar, həmçinin Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalının açılışında, o cümlədən Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında keçirilən konsertdə və festivalın digər konsert və tədbirlərində iştirak ediblər. Simpozium zamanı iştirakçılar adət-ənənələrin necə yaradıldığını, qorunduğunu və ötürüldüyünü nümayiş etdirən panoramda bir çox naməlum və ya unudulmuş tarixi şəxsiyyətləri özləri üçün kəşf etdilər. Bu adlar sırasında tədqiqatçı və kolleksiyaçıların, musiqi alətləri ustalarının, yaradıcılığını musiqi və rəqs ənənələri üzərində qurmuş bəstəkarların adları da var.

Şuşanın mədəni irsi azərbaycanlıların bugünkü kimliyi üçün son dərəcə əhəmiyyət daşıyan bir neçə reportajda işıqlandırılaraq vokal-ifaçılıq ənənələri, muğam məktəbləri, bu bölgədən olan görkəmli musiqiçilər sülalələri və s. haqqında məlumat simpozium iştirakçılarının beynəlxalq tərkibinin nəzərinə çatdırılmışdır. Mədəni paytaxtımızın Azərbaycan musiqi irsindəki əsas rolu sənədləşdirilmiş və müzakirə edilmişdir.

Beş gün davam edən simpoziumda ifaçılar, tədqiqatçılar və tədrislə məşğul olan musiqiçi-alimlər ilə rəqs sahəsi üzrə çalışan mütəxəssislər arasında dia­loq­la­rın qurulması üçün geniş imkan yaradılmış, eləcə də, təqdimatlar, məruzələr və mü­zakirələr (dəyirmi masalar), konsertlər, seminarlar və video nümayişlər də yer al­mışdır. Proqram Komitəsi Simpozium iştirakçılarını təkcə məqalələri ilə deyil, həm də panellər, seminarlar, konsertlərlə, eləcə də öz şəxsi kitablarının, disk­lə­ri­nin və filmlərinin təqdimatlarını da nümayiş etdirməsi üçün də şərait yaratmışdır. Sim­poziumda əllidən artıq məruzə yer almışdır. Məruzələr Azərbaycan, rus və ingilis dillərində aparılmış və maraqlı diskussiyalar ilə yadda qalmışdır. Qeyd edək ki, beş gün davam edən Simpoziumun keçirilməsi üçün Azərbaycan Milli Kon­servatoriyası və Bakı Xoreoqrafiya Akademiyası ev sahibliyi etmişdir.

Simpozium boyu keçirilən plenarlarda bir çox yerli və əcnəbi alimlər mo­de­ratorluq etmiş, bir sıra məruzələrə dair öz suallarını, irad və təkliflərini ün­van­la­mışdılar. Bu sırada L.Hüseynova, S.Bağırova, İ.Köçərli, G.Şamilli, N.Axund­ova, R.Təhməzov, F.Xalıqzadə, Z.Dadaşzadə, A.Bayramovanın, K.Dadaşzadə, A.Brüseldrof (ABŞ-Azərbaycan), K.Gülbəyaz, A.Akat (Türkiyə), R.Sultanova (BK), V.Nedlina (Qazaxıstan), Q.Sıçenko (İtaliya), C.Holton (ABŞ), S.Yele­man­ova (Qazaxıstan), A.Oldfield (ABŞ), R.Kurmatullina, D.Urazımbetov (Qaza­xıs­tan) və b. alimlərin adlarını qeyd edə bilərik.

Məruzələr çox böyük mövzu dairəsini əhatə edirdi. Post-müstəmlə-kəçilikdən sonrakı dünyanın siyasəti və estetikasından danışan Salva El-Şavan Kastello-Branko və Azərbaycan musiqisi və rəqsini qlobal tarix xəritəsinə yerləşdirən Giultekin Şamillidən tutmuş digər Simpozium iştirakçılarına qədər bütün tədqiqatçılar musiqiyə yeni baxış bucağı, yeni layihələr, Sibir, Monqolustan, Koreya, Çin, Materik Cənub-Şərqi Asiya, Pəncab, Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan), Volqa-Ural bölgəsi, Krım, Türkiyə, Azərbaycan, İran, Misir, Şimali Afrika, Bolqarıstan, Albaniya, İspan rəqs ənənələrinə dair  nəzəri və analitik yanaşmalar müzakirə etdilər.

Bir neçə plenarın moderatorları Simpoziuma dair öz təəssürat və fikirlərini ICTMD-nin elektron ünvanına yollayan alimlərin fi­kir­lə­rini bölüşək:

“Musiqi və Rəqs Ənənələrinin Mirası, Qorunması və Dəyişməsi” Plenarının moderatoru, sənətşünaslıq doktoru, professor İRADƏ KÖÇƏRLİ

 4

“Bu il sentyabr ayında Bakıda ICTMD-in xətti ilə keçirilən Simpozium Azər­baycanın musiqi ictimaiyyəti arasında böyük rəğbətlə qarşılandı və böyük bir mədəni hadisəyə çevrildi. Türk dünyasında və Qlobal Musiqi tarixində Mu­si­qi və Rəqsə həsr edilən bu simpozium yeni mövzular, yeni mütəxəssislər – çı­xış­la­rın müasir təqdimatı, yeni fikir və məlumatlarla yadda qaldı. Türk dünyası, eləcə də dünya musiqisində Musiqi və Rəqs irsinin görkəmli nümayəndələri, Şuşanın Mu­siqi irsi, Musiqi və Rəqs ənənələrinin qorunması, aktuallaşdırılması, XXI yüz­il­likdə Musiqi terapiyası – bu kimi və ona bağlı olan məsələlər prioritet möv­zu­lar olaraq qaldırıldı. Simpozium Musiqi elminin inkişafında yeni bir təkan oldu.

Simpoziumun yadda qalan günlərindən biri də Bakı Xoreoqrafiya Aka­de­mi­yasında keçirildi. Bu günün proqramı birbaşa rəqs sənətinə həsr edilmişdi. Bu­rada xalq rəqsləri əsasında Azərbaycan milli musiqi irsinin qorunması, unu­dul­muş rəqslərin bərpası məsələləri, görkəmli rəqs ustaları, bəstəkar ya­ra­dı­cı­lı­ğın­da,­ miniatür sənətdə rəqs mövzuları, eyni zamanda, türk rəqslərindən – Zey­bək, Səma rəqsləri haqqında, Qazaxıstan məktəblərində Xoreoqrafiyanın me­to­do­logiyası haqqında çox maraqlı çıxışlar dinlənildi və maraqla qarşılandı. Hə­min günün maraqlı tərəflərindən biri də o oldu ki, çıxışlararası BXA-nın tə­lə­bə­lə­rinin iştirakı ilə konsert proqramı təqdim olundu. Konsert zamanı Azərbaycan xalq rəqslərinin müxtəlif janrlarına aid nümunələr oynanıldı – lirik, məişət, qəh­rə­mani və s. məzmunlu və ovqatlı solo, duet və kollektiv rəqslər təqdim olundu və sim­poziumun iştirakçılarının birgə “Yallı” rəqsi ilə tamamlandı”.

 21 sentyabr 2024

 “Musiqi və Rəqs Ənənələrinin Mirası, Qorunması və Dəyişməsi” Plenarının moderatoru, Vokal müəllimi, səs üzrə tədqiqatçı, AMK-nın dok­to­ran­tı, AMK-nın nəzdində “Səsin Tədqiqi Elmi Laboratoriyasının rəhbəri Aleksandriya Sultan Fon Brüseldorff

 5

YUNESKO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Türk dünyasında musiqi və rəqs” və “Qlobal musiqi tarixi” araş­dır­ma qruplarının təşkil etdiyi birgə simpoziumun xüsusilə Azərbaycanda, Azər­bay­can Milli Konservatoriyasında keçirilməsi əlamətdar tədbirə çevrildi. Bu, Azər­baycan Milli Konservatoriyasının inkişafını və onun beynəlxalq təşkilatlarla, o cüm­lədən ICTMD ilə sıx əlaqələrini vurğulayır. Əsas sessiyalardan biri olan “Musiqi ənənələrində oxuma səsi fenomeni” adlı sessiya qlobal əhəmiyyət əks etdirən müxtəlif mədəniyyətlərdə səslərin tədqiqi mövzusunu əhatə etmişdi. Bu ses­siyada ABŞ, İtaliya, Türkiyə, Qazaxıstan və Azərbaycandan etnomu­si­qi­şü­nas­lar, vokal pedaqoqları, aidiyyəti tibb mütəxəssisləri, ifaçılar, loqopedlər, səs te­ra­pevt­ləri və akustika üzrə mütəxəssislər bir sıra ənənəvi vokal janrların, bədii səs­lə­rin, danışıq səslərinin müxtəlif aspektlərini müzakirə etmişdilər. Simpoziumun bi­rinci günü plenar sessiyada “ICTMD çərçivəsində Musiqi Ənənələrində Səsin Təd­qiqi Araşdırma Qrupunun zəruriliyi” adlı məruzə ilə çıxışımda vokal ənə­nə­lə­rin səmərəli şəkildə qorunması üçün qabaqcıl metodologiyalar və fənlərarası əmək­daşlıq vasitəsilə oxuma səsinin tədqiqatlarına artan ehtiyacı, o cümlədən mu­ğamın zəngin ənənələrinin öyrənilməsinin vacibliyini vurğulamışdım. Bu təd­qi­qatların vokal sənətinin dünya musiqi mədəniyyətindəki rolunun elmi dərk edil­mə­sinə töhvə verəcək”.

20 sentyabr 2024-cu il

 “Musiqi və rəqs sənətinin inkişaf tarixində görkəmli şəxsiyyətlərin rolu” adlı seksiyadaÜzeyir Hacıbəyli şəxsiyyəti ənənəvi mədəniyyət sistemində; Qloballaşan dünya şəraitində Qərb və Şərqin tarixi diskurslarının görüşü; Dəyişən elmi paradiqmalar kontekstində musiqi sənətinin tarixi; Ənənəvi musiqi və rəqs tarixində naməlum adlar və görkəmli şəxsiyyətlər — kimi istiqamətlər müzakirə edildi.

Musiqi və rəqs tarixinin insanın fərdi yaradıcılığı prizmasından tədqiqi həm məşhur, həm də unudulmuş adların fəaliyyətinin öyrənilməsində subyektiv ami­lin xüsusi rolunu üzə çıxarır. Bu baxımdan ən parlaq şəx­siy­yət­lər­dən biri də Üzeyir Hacıbəylidir ki, yeni mədəniyyət paradiqmasının banisi kimi hə­yat və yaradıcılığı cəmiyyətin ictimai-siyasi, ideoloji və mədəni quruluşunun dö­nüşü prosesində cərəyan etmişdir və onun ölməz irsi arxiv sənədləri, tarixi mu­si­qişünaslığın yeni yanaşmaları əsasında dərindən öyrənilməyə ehtiyac duyur.

 6

“Şuşa musiqi irsi mədəniyyətlərin dialoqu kontekstində” seksiyasında isəAzərbaycan mədəniyyətində Şuşanın musiqiçi sülalələri; Şuşa musiqiçilərinin Qafqaz musiqi irsinə verdiyi töhfələr; Şuşa – Şərq və Qərb mədəniyyətlərinin dialoqu kontekstində; Şuşa musiqiçiləri haqqında yeni və ya az məlum olan qaynaqlar — kimi əsas istiqamətlər müzakirə üçün təklif olunmuşdu.

Cənubi Qafqazın konservatoriyası kimi ad çıxartmış Şuşa (keçmiş Pənah­abad, 1752) regional mədəni musiqi irsinin formalaşmasında mühüm rol oy­na­yıb. Qarabağ xanlığının paytaxtı olmuş Şuşanın yaradıcılıq resursları əsrlər boyu Qaf­qaz musiqiçilərinin ilham mənbəyinə çevrilmişdir. Buraya yüksək peşəkar mu­siqiçilər “ordusu”, çoxşaxəli musiqi bilikləri, ilk dəfə Şuşada sınaqdan keçi­ril­miş və bütün Qafqaza yayılmış yeni musiqi səhnəsi və konsert formaları, bütün böl­gənin ifaçılıq təcrübəsində mühüm yer tutmuş Mirzə Sadiq Əsəd oğlunun tarı (Sa­dıqcan tarı) daxil idi.

Şuşa musiqiçilərinin bəstələdiyi bir çox melodiyalar Qafqaz ənənəvi mu­si­qi ifaçılarının repertuarına daxil oldu. Bunlar tar, kamança, qaval, saz, balaban, qo­şa-nağara kimi musiqi alətlərində, onlardan yaranan ənənəvi musiqi an­sambl­la­rında ifa olunan məşhur şəhər mahnıları, muğamlar, təsniflər, aşıq mahnıları, rəqs melodiyaları, XX əsrin əvvəllərində isə Üzeyir Hacıbəylinin opera və ope­ret­talarından melodiyalar idi. Bu gün Cənubi Qafqaz əhalisinin müxtəlif etnik və mil­li qrupları bu melodiyalarlı özlərinin, yəni yerli yaradıcılıq mühitinin məh­sul­la­rı kimi qəbul edir. Ötən əsrdə Şuşanın musiqi sülalələri musiqi yaradıcılığının müx­təlif formalarında Qərblə Şərqin yaxınlaşmasına vəsilə oldular. Bütün bu kimi mövzular, eləcə də Şuşa musiqiçilərinin fəaliyyəti, onların Qafqaz, İran və Tür­kiyə musiqiçiləri ilə yaradıcılıq tandemləri haqqında yeni, və ya az tanınan ma­teriallar həm Qafqaz xalqlarının, həm də Şərq və Qərb mədəniyyətlərinin dia­lo­qu kontekstində maraq doğurur.

7

“Musiqi və rəqs ənənələrinin qorunması və transformasiyası problemləri” seksiyası isəƏnənəvi irsin itirilməsi, assimilyasiyası və transformasiyası; Ənənəvi və akademik təhsildə təcrübənin ötürülməsi və qorunması me­xa­nizm­ləri; Musiqi ənənələrində oxuma səsi fenomeni; Ənənəvi bədii təcrübənin rekontekstualizasiyası — kimi istiqamətləri əhatə edirdi.

Türk dünyasının ənənəvi musiqisində vahid köklərin axtarışı anqemiton (Si­bir, Volqa-Ural, Altay, Tıva Respublikası, Qazaxıstan, Qırğızıstan) və mik­ro­to­nal düşüncə növlərini (Çinin Sincan-Uyğur Muxtar Vilayəti, Özbəkistan, Türk­mə­nistan, Azərbaycan, İran Azərbaycanı, Şimal-şərqi və Mərkəzi İraq, Türkiyə) nü­mayiş etdirən iki muxtar makroregionu aşkar edir.

Qloballaşan dünyada musiqi və rəqsi öyrənməklə biz müxtəlif mədəni ha­di­sələrin unikallığını və orijinallığını kəşf edirik. Ənənəvi və akademik təhsil sis­tem­lərində bədii təcrübənin ötürülməsi və qorunması mexanizmlərinin öy­rə­nil­mə­si problemləri ənənəvi irsin itirilməsi, assimilyasiyası və transformasiyası mə­sə­lələrini aktuallaşdırır.

Müasir bədii reallıqlar musiqi və rəqs irsi nümunələrinin orijinal kon­tekst­dən çıxarılması və onun müxtəlif musiqi diskurslarında şərhi prosesi kimi ye­ni­dən kontekstuallaşdırılmasının çoxsaylı nümunələrini nümayiş etdirir.

 8

“Musiqi terapiyası: XXI əsrdə problemlər və perspektivlər” bölməsində müzakirə üçün təklif olunan əsas istiqamətlərMusiqi terapiyası etnomüsiqişünaslığın problemi kimi; Müasir tədris prosesində musiqi terapiyası; Musiqi terapiyası kliniki təcrübədə, Musiqi improvizasiyası musiqi terapiyasının metodu kimi — estetik həzz və buna müvafiq şəkildə musiqinin müalicəvi təsiri bu, və ya di­gər mədəniyyətə bağlılıq məsələlərini araşdırmağa çalışırdı. Məruzələr etnomusiqiologiyanın problemi kimi musiqi terapiyası mövzuları ətrafında qruplaşdırılmışdır və Konservatoriyanın müvafiq tədris proqramına daxil edilməsi zərurəti ilə bağlı idi.

Simpozium zamanı iki tədqiqat qrupu işgüzar görüşlər keçirdi və musiqi ənənələrində səsin tədqiqi qrupunun yaradılmasına dəstək üçün qətnamə müzakirə edildi, səsə qoyuldu və sentyabrın 21-də yekdilliklə qəbul edildi.

Müştərək Simpozium hər iki qrupumuz üçün yeni tədqiqat meyarları əldə etməyə imkan yaratdı və Türk dünyasının vacib bölgələrindən birinin zəngin irsini araşdırmaq şansı verdiyindən qlobal musiqi tarixi üçün də əlamətdar hadisə kimi dəyərləndirilə bilər.

 

 

Mövzuya uyğun