Azərbaycan bəstəkarlarının yaradıcılığında “Ave Maria” dua mətnindən istifadə
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
Ü.Hacıbəyli adına BMA-nın dissertantı
Azərbaycan bəstəkarlarının yaradıcılığında “Ave Maria” dua mətnindən istifadə
Açar sözlər: dini mətnlər, mənəvi musiqi, mahnı, xor, dua
Azərbaycan bəstəkarlarının dini mövzuya müraciətinin bir cəhəti latın dua mətnlərindən istifadə olunması ilə bağlıdır. Bu istiqamətdə tədqiqatımızı ilk növbədə xristianlıqda geniş yayılmış latın dilində “Ave Maria” dua mətni əsasında yaradılmış əsərlərə yönəltmişik.
“Ave Maria” dua mətninə dünyanın bir çox bəstəkarları tərəfindən musiqi əsərləri bəstələnmiş və onlar müxtəlif təfsirlərdə görkəmli ifaçılar, solistlər, xor kapellaları, müxtəlif tərkibli ansambl və orkestrlər tərəfindən ifa olunur. Bunu təsdiq etmək üçün musiqi tarixinə aid tədqiqatlara, sonsuz sayda səsyazılarını özündə cəmləşdirən internet mənbələrinə nəzər salmaq kifayətdir [1].
“Ave Maria” mətninə ilk musiqi əsərləri XVI əsrin əvvəllərində fransız bəstəkarı J.Muton və başqaları tərəfindən yazılmışdır. XVI-XVII əsrlərdə himnin ənənəvi musiqi forması bir qayda olaraq imitasiya üsullu, inkişaf etdirilmiş polifonik, çoxsəsli “a capella” moteti idi. Daha çox məşhur olan motetlər frankoflamand bəstəkarları J.Depre və Y.Arkadeltə məxsusdur. Bu əsərlər katolik kilsədə Məryəm anaya həsr olunmuş bayramlarda ifa olunurdu.
XIX-XX əsrlərdə bəstələnmiş “Ave Maria”lar janr etibarı ilə müxtəlif olmaqla yanaşı, daha çox kübar kompozisiyalar idi. Bəzən onlar kanonik olmayan, yalnız Məryəm anaya müraciət hissəsi saxlanılaraq yeni mətnə yazılırdı. Onların sırasına F.Şubertin, L.Kerubininin, Ş.Qunonun, E.Vila Lobosun səs üçün instrumental müşayiətli ariya və mahnıları, eyni zamanda, J.Elsnerin, İ.Bramsın, A.Bruknerin, C.Verdinin, İ.Stravinskinin a kapella xoru və orkestr üçün bəstələnmiş “Ave Maria”ları daxildir. Musiqi tarixində adlarını çəkdiyimiz bəstəkarlarla yanaşı, N.Hömbertin, C.Kaççininin, D.Dantenin, L.Lutsinin, F.Tostinin, F.Mendelsonun, F.Listin, K.Sen-Sansın, A.Flyarkovskinin və başqa bəstəkarların bəstələdiyi “Ave Maria”lar da özünəməxsus yer tutur.
Beləliklə, musiqi tarixində bir çox bəstəkarların orta əsrlərdən başlayaraq son dövrlərə kimi həm orijinal əsərləri, həm də onların müxtəlif variantlı işləmələri meydana gəlmişdir. Eyni dua mətninə yazılmış bu əsərlər insanların həyatına nüfuz edərək kilsədə keçirilən təntənəli dini mərasimlərdə ifa olunur. Həmçinin, solo alətlər (fortepiano) və müxtəlif tərkibli ansambllar – simli kvartet, skripka və gitara və s., səs və müşayiət, xor üçün işlənilmiş, dünyaşöhrətli opera ifaçılarının repertuarında möhkəm yer tutmuşdur.
Azərbaycan bəstəkarlarının yaradıcılığında da “Ave Maria” dua mətni əsasında yazılmış əsərlərə rast gəlirik. Bunlardan birincisi Fərhad Bədəlbəylinin “Ave Maria” (“Pərvərdigarə”) romansıdır ki, bu əsəri həm də “İki ananın duası” adlandırırlar. İkinci əsər isə Azər Dadaşovun “Ave Maria”sı a capella xorudur. Bu əsər həmçinin, solist, xor və kamera orkestri üçün işlənmişdir.
İlahiyyatçı-alim Nəriman Qasımoğlunun yazdığı kimi, “İsa Məsihin incəsənət nümunələrində az da olsa yenidən tərənnümü Azərbaycanın milli müstəqillik illərinə aiddir. Fərhad Bədəlbəylinin “Ave Maria” əsərini bu mənada musiqimizdə ilk nümunə saymaq olar. Rəngkarlıqda İsa Məsihi canlandıran və dini freskalar işləyən çox istedadlı rəssam Ucal Haqverdiyev olub” [2].
Fərhad Bədəlbəylinin “Ave Maria” romansını tədqiqatçı Könül Hüseynova “Musiqimizin Fərhadı” kitabında belə xarakterizə etmişdir: “1990-cı illərdə Azərbaycan tamaşaçıları Fərhad Bədəlbəylinin insanda ali və mənəvi hisslərin təmizlənməsi anını duyduran, tanrının müqəddəs varlıq olduğunu tərənnüm edən “Ave Maria” (“Pərvərdigarə”) (1994) romansını dinlədilər. F.Bədəlbəylinin bu mövzuya müraciət etməsi Azərbaycan professional musiqisinin dünya klassik musiqi ənənələri ilə qırılmaz tellərlə bağlılığını bir daha sübut edir. Beləliklə, F.Bədəlbəyli “Ave Maria” romansını yazmaqla milli musiqidə yeni ənənənin əsasını qoymuş bu janrın ilk yaradıcı bəstəkarlarındandır” [3, s. 199].
F.Bədəlbəylinin və A.Dadaşovun “Ave Maria” əsərinin ilk təqdimatı 1994-cü ildə, eyni konsertdə olmuşdur. Əsər F.Bədəlbəylinin rəhbərliyi altında, Xuraman Qasımovanın və “Atikva” uşaq xorunun ifasında səslənib. Bu haqda N.Dadaşovanın tədqiqatında da məlumat verilmişdir [4, s. 15]. Belə ki, A.Dadaşovun yazdığı “Ave Maria” əsəri ikinci versiyada, yəni xor kimi deyil, məhz qadın səsi, uşaq xoru və kamera orkestrinin ifası üçün nəzərdə tutulan ariya kimi səsləndirilmişdir. Bu konsertdə əlamətdar cəhətlərdən biri ondan ibarət idi ki, konsertdə dünya musiqisinin çoxəsrlik inkişafı boyu meydana gələn bütün məşhur “Ave Maria”lar səsləndirilmişdir. Bu da belə bir fikri vurğulamağa imkan verir ki, Azərbaycan bəstəkarlarının əsərləri dünya musiqisi kontekstinə üzvi surətdə daxil olmuşdur.
“Ave Maria” eyniadlı katolik himninin mətninə və ya Məryəm anaya xitab edən sərbəst mətnə yazılmış musiqi əsəridir. F.Bədəlbəyli həm latınca mətndən, həm də onun Azərbaycan dilinə sərbəst tərcüməsindən istifadə etmişdir. A.Dadaşovun əsəri latin dilində mətnə əsaslanır.
F.Bədəlbəylinin “Ave Maria” romansının quruluşu üç bənddən ibarətdir. Romansın birinci və üçüncü bəndlərinin mətni latın dilində ənənəvi “Ave Maria” dua mətnindən ibarətdir:
Ave Maria, gratia plena
Dominus tecum benedictatu
Amen!
Musiqinin quruluşuna uyğun olaraq, mətnin təkrarlanmaları öz əksini tapır. İkinci bənd isə Azərbaycan dilində mətnə əsaslanır:
Pərvərdigarə, pərvərdigarə, eşit səmada sən duamızı (2 dəfə),
Amanımızsan, imanımızsan, gümanımızsan ver davam bizə (2 dəfə).
Bu sözlər latın mətninin dəqiq tərcüməsi olmasa da, məzmununa olduqca yaxındır. “Sözlər musiqinin intonasiyası ilə böyük vəhdət təşkil edərək, musiqi tematizminin bünövrəsini yaradır. Bu intonasiyalar insan ilə tanrı arasında ünsiyyət zamanı yaranan auranı dəqiqliklə ifadə edir” [3, s. 199].
Əsər səs və müşayiət üçün nəzərdə tutulmuşdur. Zərif xarakterlil, təsirli melodiya bir dayaq səs ətrafında dolanan hərəkətə əsaslanır. Burada melodik frazaların təkrarlanması diqqəti cəlb edir. K.Hüseynovanın yazdığı kimi, “Bu əsərdə təkrarlıq müəllif tərəfindən uğurlu tapılmış üsuldur. O, sanki təkrarlıq üsulu vasitəsilə dinləyicilərin diqqətini mətnin sözlərinə daha da çox cəlb edir. Digər tərəfdən isə həmin üsul “meditasiya” adlanan özünətəlqin əhvali-ruhiyyəsi ilə əlaqədardır” [3, s. 199]. Beləliklə, bu romans-duada musiqinin sadə intonasiya məzmununa baxmayaraq, kuplet forması ilə polifonik variasiya forması birləşərək qarışır və mürəkkəb kompozisiya yaradır.
A.Dadaşovun “Ave Maria” xor əsəri dörd səsli, müşayiətsiz xor üçün yazılıb. Olduqca incə, məlahətli, qəlblərə təsir edən musiqi məzmununa malikdir.
Bəstəkar tərəfindən əsərin başlanğıcında temp göstəricisi “con devoto” qeyd olunmuşdur ki, bu da latıncadan tərcümədə “sədaqətlə” və ya “pərəstişlə”, “hörmətlə” (rusca “преданно”, “благоговейно”) mənasını verir. Belə bir qeyd musiqinin məzmunundan irəli gələrək, həm də ifaçılıq xüsusiyyətlərini istiqamətləndirir.
Xor olduqca rəvan melodik səslənməyə malikdir. Xorun səslənməsi baxımından da başlanğıcda bir dinamik işarə – p göstərilib. Lakin melodik inkişaf boyu səslənmə çalarlarının əldə olunması ifaçılıq təfsiri ilə bağlıdır.
“Ave Maria” a kapella xoru polifonik üslubdadır. Kiçik həcmli miniatür quruluşa malikdir. Onun quruluşu melodiyanın kontrapunkt şəklində keçirilməsindən əmələ gəlir. Melodik xəttin polifonik inkişafı baxımından xoru iki bölməyə ayırmaq olar. 1-ci bölmənin daxili inkişafı yüksələn xətlə, kulminasiyaya doğru hərəkətlə bağlıdırsa, 2-ci bölmə kulminasiyanı və yekunlaşmanı əks etdirir. Bu inkişaf xətti xorun musiqi dilində özünəməxsus ifadə vasitələri ilə özünü büruzə verir, yəni 1-ci və 2-ci bölmələrin melodik inkişaf xətti və polifonik quruluş xüsusiyyətlərində fərqlilik özünü göstərir.
A.Dadaşovun “Ave Maria” a kapella xoru maraqlı və mürəkkəb ifadə tərzinə malik bir kompozisiya olub, dua mətnini incə çalarla təcəssüm etdirir və insanların ruhunun ən dərin hisslərinə təsir edir.
A.Dadaşovun “Ave Maria” mövzusunda digər əsərinin xüsusiyyətlərini də qeyd edək. Bu əsər artıq qeyd etdiyimiz kimi, solo soprano, uşaq xoru və kamera orkestri üçün yazılmışdır. Orkestrin tərkibi simlilər, fleyta, qoboy, campanelli, campane, piano alətlərindən ibarətdir.
Bu əsərin əsas mövzusu ilə nəzərdən keçirdiyimiz “Ave maria” xorunun mövzusu eynidir. Əsərlərin melodik quruluş və məzmunu da oxşardır. Lakin əsərlərin ifaçı tərkibi baxımından işlənməsi fərqli olduğuna görə, fakturanın müxtəlifliyi önə çıxır.
Beləliklə, A.Dadaşovun bəstələdiyi “Ave Maria” əsərinin soprano, uşaq xoru və kamera orkestri üçün işlənilmiş variantında çoxtəbəqəli faktura özünü göstərir ki, bunlar da ayrı-ayrılıqda harmonik və polifonik xüsusiyyətlərə malikdir və bunların uzlaşdırılmasını bəstəkar böyük məharətlə həyata keçirə bilmişdir.
ƏDƏBİYYAT:
- IMSLP (İnternational Music Score Library Project) URL: http://imslp.org/wiki
- Qasımoğlu N. Multikulturalizmin milli-mədəni irsimizdə dini əks-sədası. Nəşr edilib: May 17, 2015. Bakı Beynəlxalq multukulturalizm Mərkəsinin rəsmi saytı. URL:http://bbmm.az/slide-view/multikulturalizmin-milli-m-d-ni-irsimizd-dini-ks-s-dasi/
- Hüseynova K.Q. Musiqimizin Fərhadı. B.: Adiloğlu, 2007, 352 s.
- Дадашева Н.К. Симфонии Азера Дадашева. Б.: Техсил, 2012, 224 с.
Диссертант БМА
ИСПОЛЬЗОВАНИЕ МОЛИТВЫ «АВЕ МАРИЯ» В ТВОРЧЕСТВЕ АЗЕРБАЙДЖАНСКИХ КОМПОЗИТОРОВ
Резюме
В статье дается обзор произведений азербайджанских композиторов обратившихся к христианским религиозным текстам и жанрам духовной музыки. Анализируются романс и хоровые произведения Ф.Бадалбейли и А.Дадашева, написанные на текст молитвы «Аве Мария».
Ключевые слова: религиозные тексты, духовная музыка, романс, хор, молитва
Dissertator of BMA
USE OF THE PRAYER «AVE MARIA» IN THE CREATION OF AZERBAIJANI COMPOSERS
Summary
In the article are gives an overview of the works of Azerbaijani composers to the texts the Christian religious and genres of sacred music. Analyzed Romāns and choral pieces of F.Badalbeyli and A.Dadashev on the text of the prayer «Ave Maria.»
Key words: religious texts, spiritual music, Romāns, choir, prayer
Rəyçilər:
professor Səadət Seyidova;
dosent Nəsibə Məmmədova.