AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1 (35), 2017

İradə HÜSEYNOVA

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

AMK-nın baş müəllimi

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

UOT: 37.013.2

AZƏR DADAŞOVUN DİNİ MÖVZULU İKİ VOKAL ƏSƏRİ

endir

PDF

Xülasə: Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Azər Dadaşovun yaradıcılığında vokal musiqi xüsusi yer tutur. Bəstəkarın vokal əsərləri içərisində dini mövzuya yazılmış əsərlər diqqəti cəlb edir. Məqalədə A.Dadaşovun kanonik dini mətnli “Ave Maria” və “Alliluya” vokal əsərləri təhlil edilir.

Açar sözlər: Azər Dadaşov, a capella xoru, kanonik dini mətnlər, katolik kilsə, “Ave Maria”, “Alliluya”

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Azər Dadaşov təməli Ü.Hacıbəyli tərəfindən qoyulmuş bəstəkarlıq məktəbinin ənənələrini şərəf və ləyaqətlə davam etdirən bəstəkarlardan biridir. Keçən əsrin 70-ci illərində fəaliyyətə başlayan istedadlı bəstəkar məhsuldar yaradıcılıq qabiliyyətinə malikdir, onun incə zövqlə bəstələdiyi musiqi müasirliyi ilə seçilir. A.Dadaşov öz musiqisində hər dəfə üslub saflığı və kamilliyi ilə seçilən əsərlər təqdim edərək musiqi sənətinin bir çox janrlarına müraciət edir. Belə ki, o, 11 simfoniyanın, simfonik süitaların, beş konsertin, üç kvartetin, nəfəs alətləri üçün yazılmış əsərlərin, “Balaca Mukun sərgüzəştləri” uşaq operasının, “Şərq freskası” adlı balet müniatürünün, kamera-instrumental və vokal əsərlərin, bədii, sənədli və cizgi filmlərə bəstələnmiş musiqinin müəllifidir.

 A.Dadaşovun yaradıcılığında vokal musiqi  xüsusi yer tutur. Bəstəkar vokal musiqiyə hələ Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı dövrdə müraciət edərək Fikrət Sadıxın şeirinə xor və fortepiano üçün yazılan “Vətən odası” (1972) bəstələmişdi. Elə həmin dövrdən başlayaraq A.Dadaşov musiqi sənətinin digər janrları ilə yanaşı, bu sahəyə də tez-tez müraciət edir, hər dəfə janr, təyinat baxımından maraqlı əsərlər təqdim edir. Bəstəkarın vokal-simfonik əsərləri yaradıcılığının böyük bir hissəni təşkil edir və burada adətən bəstəkarın diqqətini təntənəli, əzəmətli mövzular cəlb edir. Misal olaraq Sumqayıt şəhərinin 25-ci ildönümü ilə bağlı “Sumqayıt”, Azərbaycanın 60-illiyi ilə əlaqədar “Azərbaycan” kantatalarını, Böyük Vətən müharibəsi qələbəsinin 30-cu il dönümünə “Əbədi məşəl” odasını, M.Füzulinin 500 illik yubileyi münasibəti ilə bəstələnmiş “Heyrət” kantata-plakatını göstərmək olar. A.Dadaşov bəstələdiyi vokal simfonik əsərlərin digər qismi isə mövzu baxımından tam fərqlidir. O, L.Vaynşteynə həsr etdiyi “Dostumun xatirəsinə” adlı rekviyem-poemanın, fəlsəfi düşüncə tərzini əks etdirən üç kantatanın – “Ana yurd” kantata-apofeoz, “Bu vətən ölə bilməz” kantata-and, “Ey haqq, yaşa” kantata-epitafiyanın müəllifidir. Bəstəkarın yaradıcılığının digər sahəsini isə a capella xoru üçün yazılan əsərlər təşkil edir. Bunlar içərisində Azərbaycan şairlərinin sözlərinə yazılmış “Sevə-sevə” (F.Qoca), “Səhərə inan” (R.Rövşən) lirik poemaları, “Konsert-triptix” (M.Yaqub), “Ayrılarmı könül candan?” (S.Vurğun) xoru,  “Şəhriyar” (M.Şəhriyar) odası xüsusi yer tutur.

Bəstəkar keçən əsrin 90-cı illərindən başlayaraq dini mövzuya müraciət edərək bir sıra əsərlər bəstələyir. Belə ki, o, M.Füzuli yaradıcılığına müraciət edərək “Kim Allahı sevər” xorunu, “Aruzilər məzhəri” vokal silsiləsini, öz mətninə “Şükürlər olsun” xorunu, Daniel Ata tərəfindən təqdim edilmiş mətnə «Прими наше проношение» kimi vokal əsərləri bəstələmişdir. Bununla yanaşı A.Dadaşov kanonik dini mətnlərə də müraciət edərək “Ave Maria” və “Alliluya” əsərlərini yazmışdır.

Kanonik mətnli ilk əsəri olan “Ave Maria”nı bəstəkar 1994-cü ildə solist, xor və kamera orkestri üçün bəstələmişdir. Əsər ilk dəfə Xuraman Qasımova və “Atikva” xoru, Azərbaycan Dövlət Konservatoriyasının kamera orkestrinin ifasında Fərhad Bədəlbəylinin rəhbərliyi ilə səslənmişdir. Daha sonra bəstəkar bu əsəri solo vokal və fortepiano, həmçinin a capella xoru üçün işləmişdir. Əsərin a capella işləməsi 2002-ci ilin mayında Roma Papası II İohann Pavelin  Bakıya gəlişi  zamanı ifa edilən dörd əsərdən biri idi.

Bizim təhlil etdiyimiz “Ave Maria” (As-dur) solo və fortepiano üçün işlənilmiş nümunədir. Əsərin əsasını kanonik latın mətni təşkil edir. “Ave Maria” latın dilində “Sevin Mariya” kimi tərcümə edilir. “Ave Maria” katolik kilsədə Məryam ana üçün edilən dualardan biridir. Kilsə musiqi praktikası ilə yanaşı “Ave Maria” duası daim bəstəkarların diqqət mərkəzində olan bir janr olduğundan J.Depre, A.Villaert, Palestrina, F.Şubert, Ş.Quno, C.Verdi, F.List, K.Sen-Sans, A.Dvorjak, İ.Stravinski və digər bəstəkarlar bu mövzuya müraciət etmişlər.

Azərbaycan musiqisində bu janra müraciət edən ilk bəstəkar A.Dadaşovdur. Onun “Ave Maria”sı fortepiano partiyasında səslənən dörd xanəli girişlə açılır və  əsərin ilk xanələrindən nəcib, olduqca təmkinli xarakteri aydın olur. Giriş yuxarı registrdə, alterasiyalı subdominanta akkordlarına əsaslanan onaltılıqların müxtəlif istiqamətli aramsız hərəkətinə əsaslanaraq aydın, zərif, şəffaf səslənmə yaradır. Girişin musiqi materialı sonra vokal partiyanı müşayiət edən fona çevrilir və bütün əsər boyu saxlanılır. Əsərin müşayiəti vokal partiyanı təkrarlamır.

“Ave Maria” iki cümləli period formasında yazılmışdır. Birinci cümlənin əvvəlində sekunda intonasiyalarından ibarət olan motiv bir neçə dəfə təkrarlanır, daha sonra o, tədricən inkişaf edir.

irade-1

Birinci cümlənin sonunda vokal partiyanı xarakterizə edən ilk motiv kvarta yuxarı minorda, ritmik cəhətdən dəyişilmiş şəkildə səslənir. Bu zaman müşayiətdə faktura dəyişir, onun yuxarı səsləri vokal partiyaya uyğunlaşır, həm vokal, həm də fortepiano partiyaları eyni mövzunu ifa edir. Dörd xanə belə davam edən mövzudan sonra periodun ikinci cümləsi daha sakit, aramlı səslənir. İkinci cümlə melodik baxımdan az inkişaflı olsa da bəstəkar səs gücünün tədricən qalxıb enməsi, eyniadlı minor məqamı səslərinin (əskilmiş III, VI, VII pillələr) müdaxiləsi ilə bir qədər dəyişiklik, rəngarənglik, nisbətən gərginlik yarada bilmişdi. Əsərin sonunda fortepiano müşayiətindəki fərq diqqət çəkir. Belə ki, İ.S.Baxın “Yaxşı Temperasiyalı Klavir”inin I cildindəki I prelüdün (C-dur) bir parçasının (As – dur) fonunda vokal partiyada “Amin” sözünün uzun ölçülü notlarla səsləndiyini müşahidə edirik.

irade-2

Beləliklə, Azərbaycan bəstəkarı XVIII və XXI əsrlərin musiqisi arasında sanki əlaqə yaradır, həmin janrın hər iki dövrün musiqisi üçün aktual səslənməsini  vurğulayır. Sonda bəstəkar əsəri açan girişi təkrarlayaraq onu çərçivələndirir və  bununlada tamlığa, bütövlüyə nail olur.

A.Dadaşov “Ave Maria” vokal əsərində ənənəvi katolik kilsə musiqisinə uyğun olan janr cizgilərinə istinad edir. Bu da əsərdə bəstəkarın dini mövzuya diqqəti və ənənələrdən kənara çıxmadığından xəbər verir.

A.Dadaşovun kanonik mətnə yazdığı ikinci dini əsəri 2007-ci ildə a cappella xoru üçün bəstələnmiş “Alliluya”dır ki, ilk dəfə Bakı Musiqi Akademiyasında Y.Kuxmazovanın rəhbərliyi altında xorun ifasında səslənmişdir. Həmin əsərin bir neçə ifaçılıq versiyası – solo fortepiano, kamera orkestri və vokal işləməsi var. Fortepiano üçün işlənmiş “Alliluya” ilk dəfə 2010-cu ildə Vaşinqtonda pianoçu Murad Hüseynovun ifasında səslənmişdir.

“Alliluya” katolik kilsədə istifadə olunan musiqi növüdür. Onu xarakterizə edən əsas cəhət mahnıvarilik və melizmlərlə zəngin olmasıdır. “Alliluya” hər zaman işıqlı xarakteri ilə seçilir və “Allahı vəsf edin” mənasını ifadə edir. A.Dadaşovun “Alliluya”sında (As-dur) əvvəldən axıra kimi yalnız bir söz – “Alliluya” səslənir. Əsər üç hissəli formada yazılmışdır. Onun kənar hissələri  period formasındadır. Orta hissə isə işləmə xarakteri daşıyaraq birinci hissənin musiqi materialına əsaslanır. “Alliluya” fortepiano partiyasında səslənən, əsərin ümumi xarakterini ifadə edən girişlə açılır. Giriş əvvəl təksəsli başlayır, tədricən bir neçə səsin müdaxiləsi ilə bir qədər dolğunlaşır, aramla, təmkinlə səslənir. O, sonra vokal partiyanın müşayiətinə çevrilir və əsərin birinci hissəsi boyu saxlanılır.irade-3

Təhlil etdiyimiz əsərin vokal partiyasının melodiyası sadəliyi ilə seçilir və pilləvari hərəkətə malikdir. Fortepiano partiyası ilə unison səslənmə ilə bəstəkar sanki onu daha aydın, qabarıq şəkildə göstərməyə çalışır.irade-4

Birinci hissə period formasında yazılmış təkrar quruluşlu iki cümlədən ibarətdir. Birinci cümlə ikinci ilə müqayisədə daha inkişaflıdır. Əvvəldə sakit səslənən melodiya tədricən gərginləşir, həyəcanlı olur. Buna bəstəkar müşayiətdəki hərəkətlər, akkordların dolğunlaşması, alterasiyalı səslərin müdaxiləsi ilə nail olur.

Əsərin orta hissəsi b-moll tonallığında başlayır. Onu təşkil edən iki cümlə təkrar quruluşa malik olsa da, bir-birindən bəzi xüsusiyyətləri ilə, tonallıq və fərqli müşayiəti ilə seçilir. Hər iki cümlə müəyyən bəzəklərlə zənginləşir, bu da əsərə gözəllik, incəlik, səslənməyə isə dolğunluq gətirir.

 Repriz birinci hissədə olduğu kimi girişlə başlayır. Lakin giriş bir qədər fərqli və ixtisarla verilmişdir. Repriz dəyişilmədən təkrarlanır, bu həm vokal, həm də fortepiano partiyalarında izlənilir. Əsərin hissələri arasında ziddiyyət yoxdur. Bir hissədən digərinə keçid təmkinlə, çox axıcı şəkildə verilmişdir.

A.Dadaşov “Ave Maria” və “Alliluya” əsərlərini müxtəlif illərdə, təxminən on üç illik fasilə ilə yazmışdır. Lakin buna baxmayaraq müşahidə etdiyimiz xüsusiyyətlər əsasən bizdə belə ehtimal yaradır ki, onlar sanki eyni dövrdə, ardıcıl bəstələnmişdir. Hər iki əsərdə – “Ave Maria” və “Alliluya”da bəstəkar katolik kilsə mərasimlərində oxunan dini janrlara müraciət edir və hər iki əsərin əsasında kanonik latın mətni durur. Əsərlər eyni As-dur tonallığında,  “Moderato” tempində səslənərək insanın xoş, nəcib, xeyirxah hisslərini ifadə edir.

ƏDƏBİYYAT:

  1. Ливанова Т.Н.История заподноевропейской музыки до 1789. Кн. 1: От античности к XVIII веку. М.: Музыка, 1986, 462с.
  2. Дадашева Н.K. Симфонии Азера Дадашева. Б.: Техсил, 2012, 224 с.
  3. Kərimova R. Azərbaycan bəstəkarlarının yaradıcılığında “Ave Maria” dua mətnindən istifadə // “Konservatoriya” jurnalı, 3/ 2015 s. 50-55 URL: http://konservatoriya.az/?p=1271

Ирада ГУСЕЙНОВА

Доктор философиипо исскуствоведению

Старший преподователь АНК

ДВА ВОКАЛЬНЫХ ПРОИЗВЕДЕНИЯ НА РЕЛИГИОЗНЫЕ ТЕМЫ АЗЕРА ДАДАШЕВА

Резюме: Вокальная музыка занимает особое место в творчестве известного азербайджанского композитора, заслуженного деятеля искусств — Азера Дадашева. Среди них особо следует выделить произведения, написанные на религиозную тематику. В статье представлен анализ двух вокальных произведений А.Дадашева – «Аве Мария» и «Аллилуйя», написанных на  канонические духовные тексты.

Ключевые слова: Азер Дадашев, хор а сappella, католическая церковь, канонические духовные тексты, «Аве Мария», «Аллилуйя»

 

Irada HUSEYNOVA

PhD on Art science

Lecture of ANK

 

TWO VOCAL WORKS ON A RELİGİOUS THEME OF AZER DADASHEV

Summary: Vocal music takes the lead place in creative Azerbaijani famous composer, merited worker — Azer Dadashev. Works, written on spiritual themes attract attention in composer’s vocal works. A.Dadashev’s two vocal works — “Ave Maria”, “Alliluya” on thecanonic religious texts are researched in the article.

Key words: Azer Dadashev, chorus  асapella,  catholic church, canonic and spirit texts, “Ave Maria”, “Alliluya

Rəyçilər: sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vəfa Xanbəyova;

                 sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva

 

Mövzuya uyğun