Avropa və rus musiqisində Şərq mövzusunun təcəssümünə dair
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
AMK-nın dissertantı
Avropa və rus musiqisində Şərq mövzusunun təcəssümünə dair
Açar sözlər: Şərq-Qərb musiqi əlaqələri, oriyentalizm, müasir musiqi, E.Artemyev, S.Qubaydulina
Müasir dövrdə istənilən incəsənət sahəsinin, yaradıcılığin inkişafını və ümumiyyətlə mövcudluğunu şərtləndirən, onu dünya vətəndaşı üçün maraqlı edən əsas səbəblərdən biri də təqdim olunan məhsulun mədəniyyətlərarası dialoqa və onlar arasındakı daxili əlaqələrə söykənməsidir. Hal-hazırda mədəni sferada bu əlaqənin maraqlı təzahür formalarını sezmək olar. Milli mədəniyyətlərarası inteqrasiya fonunda incəsənətin bütün sahələrinin, xüsusən də musiqinin yeni proqressiv ideyalarla, məzmun və formalarla, ifadə vasitələri ilə zənginləşməsinin şahidi oluruq.
Ümumiyyətlə, bəşəri mədəni əlaqələrin vacibliyi bir sıra dovlət strukturları tərəfindən də ciddi şəkildə araşdırılır. Bu məsələnin müxtəlif aspektləri filosoflar, politoloq, iqtisadiyyatçı, həmçinin mədəniyyətşünaslar tərəfindən tez-tez müzakirə obyektinə çevrilir. Qloballaşma müasir dövrümüzü xarakterizə edən əsas xüsusiyyətdir və bundan irəli gələn multikulturalizm, onun mürəkkəb qlobal proseslər fonunda təzahür formaları bir sira müzakirələrin əsas mübahisə obyektidir. Təsadüfi deyil ki, 2001-ci ildə YUNESKO dünyada sülhün ən yaxşı qarantı kimi çıxış edə biləcək “Mədəniyyətlərarası dialoq haqqinda beynəlxalq normativ sənəd”i qəbul etmişdir. Beynəlxalq qurumda ilk dəfə olaraq mədəni irsin müxtəlifliyinə ümumbəşəri sərvət kimi yanaşılaraq, onun canlı təbiətdəki biomüxtəliflik, rəngarənglik qədər əhəmiyyətli olduğu vurğulanıb. Bu sənədin Beynəlxalq İnsan Haqları haqqında deklarasiya qədər əhəmiyyətli olduğu YUNESKO-nun baş direktoru K.Matsura tərəfindən də xüsusi qeyd edilib.
Şərqlə Qərb mədəniyyətləri arasında əlaqələrin tarixi qədimdir. Zaman keçdikcə, yeni sosial, iqtisadi, siyasi dəyişikliklər fonunda isə bu münasibətlərdə müəyyən tarixi mərhələlərin mövcud olduğunu deməliyik. Belə ki, XIX əsrdən başlayaraq Şərq musiqi mədəniyyəti haqqında təsəvvürlərin artması davamlı inkişaf edən Şərq-Qərb mədəniyyətlərarası dialoqun daha aktiv fazasına gətirib cıxarir. N.Konrad bunu “Avropa və qeyri-Avropa xalqlarının mədəniyyətini bir-birindən ayıran çin səddi artıq dağılıb” fikri ilə ifadə edir (1, s. 128).
Musiqişünaslar Avropa və rus bəstəkarlarının yaradıcılığında Şərq mövzusuna müraciət olunmasının müxtəlif metodlarını qeyd edirlər. İngilis musiqişünası M.Karner bəstəkarın musiqi dilindən çıxış edərək Şərq musiqisinə müraciət etmənin əsas 3 səbəbini ön plana çəkir: 1. Ekzotik elementlər yalnız əsərə müəyyən cazibə və “şarm” vermək üçün istifadə olunur; 2. Ekzotik tonal sistemlər bəstəkarın öz üslubunun tərkib hissəsi kimi çıxış edir; 3. Ekzotika stilizasiya kimi istifadə olunaraq yeni musiqi üslubunun yaranmasına öz xidmətini göstərir (2, s. 66).
Həmçinin bəstəkarın yaradıcılığındakı Şərq meyllərini kulturoloji baxımdan araşdıraraq onun (bəstəkarın) estetikasında, fəlsəfi baxışlarında bu mövzunun nə dərəcədə əhəmiyyətli olub-olmaması ilə də izah etmək olar. Bu zaman da bir sıra istifadə metodlarının ümumiləşdirilmiş xüsusiyyətlərini qeyd etmək lazımdır. Bəzi hallarda Şərq elementləri sırf dekorativ funksiya daşıyaraq ümumi dramaturgiyanın məntiqi ardıcıllığına xələl gətirməyərək təqdim edilir. Həmçinin bəzi bəstəkarlar yad materialdan müəyyən boşluğu doldurmaq üçün, mövcud olduğu ənənədə hiss etdiyi qeyri-resurs vəziyyəti kompensasiya etmək üçün istifadə edə bilər (bu hal XX əsrin bəzi bəstəkarlarının yaradıcılığında daha çox özunu göstərir). Bəzən isə bəstəkar yaradıcılığının müəyyən mərhələsində tamamilə yad mədəniyyətin təsiri altına düşərək, onun təmsilçisi və ya yalnız bu fərqlilik fonunda ozünü dərk etmə kimi fürsətdən istifadə edir. Qeyd olunan xüsusiyyətləri Avropa və rus bəstəkarlarının yaradıcılığında ardıcıl şəkildə müşahidə etmək olar. Musiqi tarixinə nəzər salsaq görərik ki, hələ XVIII əsrin Vyana klassiki olan Mosartın yaradıcılığı, daha dəqiq desək, onun “Seraldan qaçış” operası parlaq Şərq obrazları ilə zəngindir.
Bu, bəstəkarın Şərqlə bağlı yeganə əsəri deyil. “Alla turka” rondosu, Skripka konserti, “Zaida” zinqşpili də Türkiyə-Avstriya tarixi əlaqələrinin (Osmanlı imperiyasının hücumları və s.) nəticəsi olaraq V.A.Mosartın yaradıcılığında özünü göstərir.
Daha sonralar romantizm dövrünün nümayəndələri üçün onlara yad, fərqli bir dünyagörüşünü, mədəniyyəti başa düşmənin özü yaradıcılıqda yeni imkanlar yaradır. Daxili mənəvi resurslarını itirməyən Şərq aləmi bəstəkarların böyük marağına səbəb olur. Eyni zamanda Şərq daha çox ümumiləşdirilmiş kateqoriya kimi, onun təzahür formaları isə bir qədər şərti xarakter daşıyaraq təsvir edilir.
Zaman keçdikcə musiqi oriyentalizmi daha dəqiq xarakter daşımağa başlayır, uzaq və yaxın Şərq ölkələri konkret musiqi melodiyaları, lad-məqam və ritmləri ilə təsvir olunur. Bu baxımdan J.Bizenin “Mirvari axtaranlar”, K.Sen-Sansın “Samson və Dalila”, L.Delibin “Lakme” operalarını, K.Debüssi, M.Ravel və başqa bəstəkarların yaradıcılığını göstərə bilərik.
Rus musiqi tarixinə gəldikdə, bildiyimiz kimi, Şərq folklor materiallarına müraciət edən ilk bəstəkar M.İ.Qlinka olub. Onun “Ruslan və Lyudmila” operasındakı Şərq səhnələri dramaturji əhəmiyyətə malikdir. III aktda Azərbaycan xalq mahnısının istifadə edildiyi “Fars qızlarının xoru”, daha sonrakı Şərq rəqsləri bəstəkar tərəfindən ustalıqla orkestrləşdirilib. Məhz bu səhnələr ilə rus musiqi mədəniyyətindəki Şərq movzusu –oriyentalizmin başlanğıcının qoyulduğunu qeyd etməliyik. Bu yolda Qlinkanın ən gözəl davamçıları çox aktiv şəkildə, xüsusən opera janrında Şərq mövzularına müraciət edən “Qüdrətli dəstə” bəstəkarları oldu. Məsələn, A.Borodinin “Knyaz İqor” operasında Şərq səhnələrinin çox böyük rolunun olması bəstəkarın bu səhnələrin təsvirinə qədim rus obrazları qədər əhəmiyyət verməsi ilə izah oluna bilər. Digər nümunə kimi M.Musorqskinin “Salambo” və “Xovanşina”, R.Korsakovun isə “Mlada”, “Skazaniye o nevidemom qrade Kiteje”, “Qızıl xoruz” operalarını qeyd edə bilərik.
Şərq obrazlarının dərindən mənimsənilməsi baxımından bu dövr bəstəkarlarının instrumental əsərlərinin də böyük əhəmiyyəti var. İnstrumental əsərlərin musiqi dilində daha çox folklor materiallarından sitat şəklində istifadə olunması, maraqlı məqam-harmonik dönmələr və ritmlərə müraciət olunmalar diqqəti cəlb edir. Ən dəyərli nümunələr kimi M.A.Balakirevin “İslamey” fantaziyası və “Tamara” simfonik poemasını, A.Borodinin “Orta Asiya çollərində” simfonik lövhəsini və əlbəttə ki, N.Rimski-Korsakovun “Antar” və “Şəhrizad” simfonik süitalarının adlarını çəkməliyik. Bu dövr bəstəkarları arasında musiqişünas B.Asafyev xüsusi olaraq A.Q.Rubinşteyni qeyd edirdi. Bir çox əsərlərindən nümunələr gətirərək onun “şübhəsiz Şərq hissiyatına” (3, s. 34) malik olduğunu qeyd edirdi.
Növbəti XX əsr artıq Avropa və Rus mədəniyyətinin inkişaf parametrlərini təyin edəcək yeni yaradıcı kontekstlərin meydana gəldiyi mürəkkəb bir dövrdür. Bəstəkarların yeni musiqi təfəkkürü nümayiş etdirərək tamamilə fərqli, həmçinin fərdi və yeni metodlara müraciəti, forma, harmonik dil, ritmika və bir çox digər komponentlərdəki yeni məqamlar bü dövrün xarakterik xüsusiyyətlərini təşkil edir. Transsendental meyllər, mistik və dini mövzuların əhəmiyyəti və bundan irəli gələrək Şərq aləminin bir sıra bəstəkarlar üçün çox cəlbedici göründuyunu deyə bilərik.
Rusiyada Şərq mövzularına müraciətdə yeni tərz, məsələnin mənəvi tərəflərinə, fəlsəfəsinə varmaqla müraciət olunması baxımından Skryabinin yaradıcılığı böyük əhəmiyyət kəsb edir. Rus bəstəkarlarından ən çox və xüsusi şəkildə bu aləmlə əlaqə yarada bilən bəstəkar öz mistik ideyalarının, yaradıcı proyektlərinin başlanğıcını buradan götürür. Onun Bart və Y.Blavatskayanın əsərləri, “Upanişada”lar və Buddanın həyatı ilə dərindən maraqlanması faktları da bundan irəli gəlirdi. “İlahi poema”nın hissələrinin hind fəlsəfəsinin əsas ideyası olan “sansaraya” uyğunlaşdırılması, digər əsərlərində də bu ideyalardan qaynaqlanaraq strukturu təşkil etməsi, onun üçün bu mövzunun nə qədər əhəmiyyətli olmasından xəbər verir.
Bu baxımdan Skryabin qədər avanqard musiqinin aparıcı simalarından biri olan Con Keycin yaradıcılığında, əsərlərinin məzmununda da hind və çin fəlsəfəsinin, dini baxışlarının əhəmiyyətli rolu olmuşdur. Müasirləri olan minimalist bəstəkarlar Lui Harrison (çin musiqisindən qaynaqlanan “Skripka və müxtəlif alətlər üçün musiqi”) və Henri Koueldən (kamera orkestri üçün “Fars silsiləsi” – İrana həsr edilib) fəqrli olaraq heç zaman konkret Şərq musiqi motivlərinə müraciət etməsə də, yaradıcılığının əsas qayəsi olan səssizlikdəki səs fenomeni, meditasiyaya meyllilik, strukturdakı səbəb və nəticə ardıcıllğı, alətlərin istifadə olunması prinsiplərində təsiri altında olduğu aləmin əks edildiyini deyə bilərik. Hətta müəyyən dövrdə onun əsərlərini “Dəyişikliklər kitabı”na əsasən, fala baxmaqla və ya müxtəlif astroloji xəritələrin köməyi ilə yazması halları da məlumdur.
XX əsrin II yarısında Şərq simvolikası, məzmunu ilə fərqlənən iki bəstəkarın əsərləri üzərində isə daha ətraflı dayanmaq istərdik. Müasir dövrün ən maraqlı və dəyərli bəstəkarlarindan biri olan E.Artemyevin bir əsəri Azərbaycan və ümumiyyətlə, Şərq dinləyicisinə çox gözəl tanışdır. Elektron musiqi sahəsinin ən parlaq nümayəndələrindən olan E.Artemyev öz yaradıcı ideyalarını bu sahədə reallaşdırmağa üstünlük verir. 1960-cı ildə riyaziyyatçı-mühəndis E.A.Murzinin icad etdiyi və A.Skryabinin şərəfinə ANS adlandırdığı fotoelektron sintezator o dövrün bir çox bəstəkarlarının – A.Şnitke, E.Denisov, S.Qubaydulinanın həmçinin Artemyevin diqqətini cəlb edir. E.A.Murzin D.Şostakoviçin koməkliyi ilə Elektron Musiqi Studiyası yaradan zaman E.Artemyev burada işləmək qərarına gəlir. Onun musiqi aləmi çox rəngarəng, maraqlı və qeyri-adidir. Müraciət etdiyi mövzuların genişliyi isə yəqin ki, onun uzun müddət kino musiqisi sahəsində işləməsi ilə şərtləndirilir. Belə ki, bəstəkar digərləri ilə yanaşı uzun illər XX əsrin ən məhşür rejissoru olan A.Tarkovski ilə çalışmışdır. Bu yaradıcı tandem sayəsində öz dərin mənası, obrazlılığı ilə insanda yeni hisslər, maraqlı emosyalar yarada bilən əsərlər meydana gəlir. E.Artemyevin rejissorun bir sıra filmlərinə yazdığı musiqi nümunələri yalnız fon və ya müəyyən emosional boşluqları doldurmaq məqsədi daşımır. Bu musiqi ayrıca qəhrəman səviyyəsinə qədər yuksələrək məzmunun açılmasına, qavranılmasına xidmət edən əsas amillərdən biri kimi çıxış edir. Mürəkkəb assossiativ mənaları, obraz – simvolları yarada bilməsi, həmçinin musiqinin audiovizual əhvali-ruhiyyəyə malik olması A.Tarkovskinin butun yaradıcı tələblərinə uyğun gəlirdi. 1972-ci ildə o “Solyaris”, 1975-ci ildə”Zerkalo” və 1980-ci ildə “Stalker” filmlərinə musiqi bəstələyir. Bununla yanaşı, “Solyaris”də bəstəkar filmin bütün səs sferasının yaradıcısı kimi çıxış edir və ilk dəfə olaraq elektron musiqi partiturasını yaradır. E.Artemyevin yaradıcılığını yada salmaqda bizim məqsədimiz onun “Stalker” filminə yazdığı ecazkar musiqi və onun burada “Bayatı-Şiraz” muğamından necə istifadə etməsinə nəzər salmaqdır. “Stalker” filminin yaranması bir sıra çətinliklərlə müşayiət olunduğundan (filmin ilk variantının texniki səbəblərə görə yararsız olması, operatorla münaqişə, maddi təminatsızlıq və s.) rejissor filmin musiqi atmosferi barədə dəqiq bir rəy bildirmir. A.Tarkovski üçün dəqiq olan yalnız filmdə Şərq-Qərb sintezinə əsaslanan musiqi motivinin vacibliyi idi. Bununla belə onun Kiplinqin məşhur “Şərq və Qərb bir yerdə mövcud olsalar da, heç bir zaman bir-birilərini anlaya bilməyəcəklər” fikrini xatırlamasını da bəstəkar qeyd edir. Rejissorun ideyasından çıxış edərək bəstəkar bu iki mədəniyyətləri aydın xarakterizə edə biləcək musiqi materialı üzərində çalışır. Nəticədə yazılan musiqi rejissorun bütün tələblərinə uyğun gələrək onun dəyişikliksiz qəbul edilməsi ilə yekunlaşır. Bu filmin musiqi özəyini solo tarın ifasında səslənən “Bayatı-Şiraz” muğamının başlanğıc motivi ilə müqəddəs Məryəmə həsr edilmiş XVI əsr İtalyan kilsə melodiyasının əsas motivinin sintezi təşkil edir. Filmin musiqi dramaturgiyasını bəstəkar Qərb və Şərqi aydın xarakterizə edən dinamik simvolların qarşılıqlı münasibətlərinə tabe etdirib. Qərb aləmi Orta əsr aləti olan blokfleyta və sintezatorda modelləşdirilmiş, bəzən lyutnya, bəzən klavesin, bəzən isə akustik gitaranı xatırladan tembrlərlə ifadə edilir. Burada müəyyən soyuqluq və sanki kənarlaşdırılmış, uzaqdan öz dərinliyi ilə gözəl ahəng yaradan fon üzərində (sonradan növbə ilə bu melodiya fon deyil, fiqur kimi çıxış edəcək) tarın ifasında motiv səslənir. Elektron alətin tembr imkanlarından istifadə edərək, bəstəkar tarın melodiyasını bir qədər də rəng çalarları baxımından dərinləşdirərək onu mayə tonu üzərində təqdim edir. Tarın melodiyası sanki kosmik fəzadan axaraq ecazkar effekt yaradır. Bunu bəstəkarın dediyinə görə rejissor da xüsusi olaraq qeyd edir. “Stalker” filmində Qərb mövzusunun və bütövlükdə musiqi təfəkkürü sisteminin Şərq musiqi ənənələrinə asimilə olmasının şahidi oluruq. Daha sonra bəstəkar filmin musiqisi əsasında “Meditasiya” əsərini tərtib edir. Bundan başqa bəstəkarın “Stalker”, “Zerkalo” və “Solyaris” filmlərinə yazdığı bütün musiqi materialı ayrıca disk şəklində buraxılmış və musiqi ictimaiyyətinin böyük marağına səbəb olmuşdur. XX əsrin ən dahi, ideyalarının dərinliyinə görə bütün dünyanı sarsıda bilmiş rejissoru A.Tarkovskinin filmlərinin E.Artemyevin musiqi sferası ilə əhatə olunması onların emosional təsirinin qat-qat artmasına xidmət edir. Bir sıra kinoşünasların bəstəkarın musiqisini yalniz müşayiət xarakteri daşimasını, kənarlaşdırılmış mövqeyə malik olmasını qeyd etməsinə baxmayaraq onların sonradan müstəqil əsər kimi uğur qazanması bunun əksini sübüt edir.
Şərq və Qərb mədəniyyətlərarası dialoqundan danışan zaman XX əsrin II yarısının musiqi tarixində ən əhəmiyyətli yerlərdən birini tutmuş, yaradıcılığı yalnız rus deyil, bütün dünya musiqi tarixi üçün böyük əhəmiyyət kəsb edən S.Qubaydulinanı qeyd etməmək mümkün deyil. Musiqi üslubu ötən əsrin 60-cı illərində formalaşmış bəstəkarın qarşısına qoyduğu məqsədlərdən biri bu iki fərqli mədəniyyətlərin sintezinə nail olmaq, eyni zamanda bütün bunları vahid üslub çərçivəsində üzvi şəkildə birləşdirməklə əsərdəki daxili harmoniyanı əldə edə bilməkdir. Ümumiyyətlə, bu bəstəkar üçün əsərlərinin dərin mənəvi kontekstə malik olmasının böyük rolu var. S.Qubaydulinanın çoxlu sayda müxtəlif janrlı əsərləri sırasından 1968-ci ildə yazdığı “Memfisdə gecə” («Ночь в Мемфисе») və 1969-cu ildə yazdığı “Rubayat” kantataları və “Sevinc və kədər bağçası” («Сад радости и печали») – fleyta, alt və arfa üçün yazılmış pyesi incə şərq koloriti ilə digərlərindən seçilir.
“Memfisdə gecə” kantatası metso-soprano, kişi xoru (fonoqram ifada) və kamera orkestri üçün yazılıb. Məşhur şairə A.Axmatova və V.Potapova məhz kantata üçün qədim Misir poeziyası nümunələrini tərcümə ediblər. Kantata 7 hissədən ibarətdir. Onlardan ikisi instrumental hissədir: 1. “Gecə, mənə dünyanı bəxş elə” («О ночь, даруй мне мир»), 2. “Aramlı zərbələr sənin uğrunda” («Мирные удары наши для тебя»), “Göy yerə qarışıb” («Небо смешалось с землей»), “Sənin böyüklüyündən vəcdə gəlirik” («Мы радуемся величеству твоему») 3. İnstrumental hissə . 4. “Ürəyimi kimə açım” («Кому мне открытся сегодня»), “Küllü cahan sultanı ” («Ты владычица всего»), 5. İnstrumental fuqa, 6. “İndi mənə ölüm xəstənin şəfa tapması kimi görünür” («Мне смерть представляется ныне исцелением больного») 7. “Ürəyini ovut” («Утешь свое сердце»). Bu əsərdə Qərb dünyagörüşündən fərqli olan Şərq fəlsəfəsini anlamağa, onu ifadə etməyə doğru böyük addım atılıb. Bəstəkar müsahibələrinin birində qeyd etdiyi kimi mərasim himnləri və meditasiya lirikasına müraciət etməsi ilə məzmundakı dualizmi təmin etmiş, dramaturgiyanı isə şəxsi və obyektiv, müşahidə və aktivlik, daxili və xarici kimi kontrast məhfumlara əsaslanaraq qurmuşdur. Təfəkkürün kollektiv və individual yanaşma tərzini ortaya qoyan bu vacib məqam əsərin kompozisiyasında da özünü göstərir. Belə ki, kişi xoru və bariton partiyasının lentə yazılaraq zalda dinamiklər vasitəsilə səsləndirilməsi məhz bu ideyaya xidmət edir. Seriya texnikasında yazılmasına baxmayaraq kantatada bəstəkar canlı, axıcı vokal partiya yarada bilmiş, şərti ekzotik məqamlardan demək olar ki, uzaq duraraq diqqətini əsərin əsas mənası, fəlsəfəsi üzərində cəmləmişdir.
Digər Şərq kantatası olan “Rübayat” Xaqani, Hafiz və Ö.Xəyyamın sözlərinə yazılıb. Şərq ədəbiyyatının əbədi tənhalıq, sevgi, kədər, ilahi eşq kimi mövzularına müraciət etməklə S.Qubaydulina bu mövzularda dünyaya olan dərin humanistik baxışlarının əksini tapa bilib. 9 rübai (tərcümə – V.Derjavinin) üzərində qurulan kantatanın vokal və orkestr palitrası çox rəngarəngdir. Ümumiyyətlə, bu əsərdə rus vokal musiqisinin inkişafına böyük töhfələr vermiş bəstəkar orkestr ilə səsin ən dərin, üzvi sintezini nümayiş etdirir.
Nəhayət, bu dəfə mətn deyil, yalnız musiqi dili, melizmatikası, alətlərarası dialoqun spesifik xüsusiyyətləri ilə Şərq ab-havası təqdim olunan “Sevinc və kədər bağı” («Сад радости и печали») pyesi. Bəstəkarın Şərq mövzusu ilə əlaqəli bizə məlum olan sonuncu əsəri 1980-ci ildə fleyta, alt və arfa üçün yazılmışdır. Bu əsərdə melodiyanın incə, Şərqə xas olan naxışvariliyi xüsusi qeyd edilməlidr. Bəstəkarın digər kamera əsərlərində də sevə-sevə istifadə etdiyi alətlərin qeyri-adi tembr kompozisiyaları yaratması vacib dramaturji məqamlardan biridir.
Əlbəttə, müasir Avropa və rus bəstəkarlarının yaradıcılığında Şərq mövzusundan danışarkən yuxarıda adları sadalanan bəstəkarların yaradıcılığı ilə kifayətlənmək olmaz. Bu sahə xarakterinə görə çox dinamik, daimi yenilənərək maraq dairəsinə düşə biləcək bir mövzu olduğundan daha dərin və ətraflı araşdırma tələb edir.
ƏDƏBİYYAT:
- Конрад Н. Запад и Восток: Статьи. М.: Наука, 1966, 519 с.; (2-е изд.) М.: Наука, 1972, 496 с.
- Carner M. The exotic element in Puccini // Of men and musik. London, 1944.
- Асафьев Б.В. Антон Григорьевич Рубинштейн в его музыкальной деятельности и отзывах современников. М.: Музгиз, 1929, 156 с.
- Dadaşzadə Z.A. “Müasir musiqi” seminarı üzrə BMA-nın bakalavr pilləsində təhsil alan tələbələri üçün proqram. B.: Təhsil Nazirliyi, 2000.
- Чач Е.А. Ориентальный контекст серебряного века. // Омский Научный Вестник №1 (85), 2010.
- Борисова М.О. Дж.Кейдж. Паломничество в страну Востока. // Журнал Известия Российского государственного педагогического университета им. А.И.Герцена, Выпуск №146, 2012.
- Сайдашева З.Н. Татарская музыка в контексте «Восток и Запад»: к проблеме «Европеизация». // Вестник Казанского государственного университета культуры и искусствa, Выпуск №1, 2012.
Диссертант АНК
О ВОПЛОЩЕНИИ ВОСТОЧНОЙ ТЕМЫ В ЕВРОПЕЙСКОЙ И РУССКОЙ MУЗЫКЕ
Резюме
Статья посвящена проблеме изучения музыкальных взаимосвязей Востока и Запада. Также коротко рассматривается использование восточной темы в произведениях русских композиторов. Особое внимание уделяется творчеству композиторов второй половины ХХ века, в частности, рассматриваются произведения Э.Артемьева и С.Губайдулиной.
Ключевые слова: Музыкальные связи Востока и Запада, ориентализм, современная музыка, Э.Артемьев, С.Губайдулина
Dissertator ANC
ON THE FORM OF USE OF EASTERN THREADS IN THE EUROPEAN AND RUSSIAN MUSIC
Resume
Cultural relations between the West and East has a rich and long history. Development of these cultural relations can be aware from composer’s creativity. During the second half of the 20th century, most European and Russian composers delved into Eastern music. The article mainly deals with the composers’ attitude towards the subject and their methods of using the elements of eastern music.
Key words: East-West music relations, orientalism, modern music, E.Artemyev, S.Gubaydulina
Rəyçilər:
dosent S.Hüseynova;
dosent C.Məmmədova.