AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» № 3, 2017

Vəfa ABBASOVA

AMK-nın dissertantı

Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: vefaafev@gmail.com

  UOT +786

BƏSTƏKAR SOFİYA QUBAYDULİNA YARADICILIĞININ

ŞƏRQ MOTİVLƏRİ

endir

PDF 

 

 

 

 

 

 

Xülasə: Məqalə müasir musiqi dünyasının ən tanınmış və görkəmli simalarından biri olan S.Qubaydulinanın yaradıcılığına həsr edilib. Bəstəkarın yaradıcılığında Şərq-Qərb dünyagörüşünün, mədəniyyətinin sintezinə geniş yer ayrılıb.Bu baxımdan onun “Rübayat” və “Memfisdə gecə” kantatalarının təhlili bir sıra maraqlı məqamları üzə çıxarır.

Açar sözlər: S.Qubaydulina, “Rübayat”, “Memfisdə gecə”, Şərq-Qərb sintezi, müasir musiqi

Sofiya Qubaydulina müasir musiqi dünyasının ən görkəmli bəstəkarlarından biridir. A.Şnitke və E.Denisovla yanaşı, Moskva avanqard musiqi üçlüyünə aid edilən S.Qubaydulinanı bu zamana qədər mövcud olmuş bütün qadın bəstəkarlardan fərqləndirir, kişi yaradıcı gücünə malik olan qadın-bəstəkar kimi xarakterizə edirlər. Bu bəstəkarın musiqisi ali və ən uca amallara xidmət edən insanın daxili aləminə ünvanlanıb. Baş verənləri, bəşər tarixini dini dünyagörüşü baxımından qavramağa çalışan bəstəkarı hər zaman qlobal mövzuları öz əsərlərində əks etdirir. Digər tərəfdən çox canlı və insana toxuna bilən bu musiqi  öz həyəcanı, kədəri, ağrısı, gülüşü ilə dinləyici qəlbini heyrətə gətirir, onu biganə qoya bilmir. Bu, bəlkə də paradoksal qəbul edilə biləcək xüsusiyyət bəstəkar üçün çox təbii və onun yaradıcı mahiyyətini izah edə biləcək əsas məqam kimi çıxış edir.

S.Qubaydulina 1931-ci ildə Tatarıstan Muxtar Respublikasının Çistopol şəhərində dünyaya gəlib. Əvvəl Kazan Konservatoriyasında, daha sonra P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Y.Şaporin və N.Peykonun  bəstəkarlıq sinfini bititrib. İlk gündən çox özünəməxsus musiqi aləmini büruzə verən bəstəkarın yaradıcılıq təcrübələri birmənalı qarşılanmır. Bu dövrü D.Şostakoviçin ona  dediyi “Sizə öz, “düzgün olmayan” yolunuzla getməyi arzu edirəm” tövsiyəsi gözəl xarakterizə edir [5]. Daha sonralar da dəfələrlə bürokratik dairələrin təqibləri ilə qarşılaşmış, uzun illər əsərlərinin səslənməsinə qadağa qoyulmuş bəstəkar sovet rejiminin nümunəvi bəstəkar meyarlarına qəti uyğun gəlmirdi. 1979-cu ildə T.Xrennikovun bəstəkarların VI qurultayındakı çıxışında S.Qubaydulina kəskin tənqid olunur və digər altı bəstəkar ilə birlikdə (bura E.Denisov, V.Artemyev, V.Suslin, E.Firsova, A.Knayfel, D.Smirnov da aid idi) əsərlərinin ifasına qadağa qoyulur. Məhz bu illərdə bəstəkar maddi ehtiyacını bir sıra rejissorlarla işləyərək çoxlu sayda (ümumilikdə 25) bədii və cizgi filmlərinə musiqi bəstələyərək ödəyir. Onların arasında “Mauqli”, “Öz-özü üçün gəzən pişik”, “Müqəvva” kimi məhşur filmlər də var. Bu dövrün vacib əsərləri olan “Çakona”, fortepiano kvinteti, “Arfa, kontrabas, zərb alətləri üçün 5 etüd”  bəstəkarın fərdi musiqi dilinin formalaşmasında xüsusi rol oynayır.

Bu və sonrakı illərdə S.Qubaydulina əsasasən kamera musiqinə maraq göstərir və yaradıcılığında müxtəlif tərkibli ansambllar üçün əsərlər bəstələyərək səsin mahiyyətinə, onun ən incə və dərin aspektlərini önə çıxarmağa çalışır. Bu yaradıcı axtarışlar onun 1969-1970-ci illər arası A.N.Skryabin adına muzeyin nəzdində yaradılan Moskva eksperimental elektron musiqi studiyasında və 1975-ci ildən üzvü olduğu “Astrea” improvizasiya qrupundakı işində öz əksini tapır. Qrup üzvləri ənənəvi Avropa alətləri ilə yanaşı Şərq xalqlarının musiqi alətlərinə geniş maraq göstərir, yeni tembr çalarlarından öz improvizasiyalarında istifadə edirlər [2]. Bəstəkar müsahibələrinin birində Bakıdan aldığı tar haqqında, alətlə canlı varlıq tək ünsiyyət qurma təcrübəsindən böyük maraqla danışır [4]. Onun Şərq dünyasına olan marağı yalnız müxtəlif alətlər, fərqli tembr çalarları ilə kifayətlənmir. Bu marağın çox dərin kökləri var və bir neçə istiqamətdə özünü güstərir. Bildiyimiz kimi, onun atası Asqat Qubaydulin milliyətcə tatardı. Tatar musiqi folkorunun onun əsərlərində xüsusi yeri var. Bu mövzu bir çox musiqişünaslar tərəfindən geniş araşdırılıb [1]. Babası Maqsud Qubaydulin isə  dövrünün hörmətli din xadimi olmuşdur. Uşaqlıq illərindən danışarkən onunla bağlı xatirələrinə xüsusi yer ayıran bəstəkarın İslam dininə, Quran oxumalarına xüsusi münasibəti də burdan irəli gəlir. Ümumiyyətlə, dərin inanc, iman hissi,  mənəvi iztirablar, qəlbi ibadətlə saflaşdırma, yaradıcılığın məqsədində və mərkəzində ilahi bir xidmətin durmasını bəstəkar müraciət etdiyi mövzularla dəfələrlə nümayiş etdirir. Musiqinin sakral məna kəsb etməsi bir tərəfdən gərgin subyektiv təhlil bucağından baxışla, digər tərəfdən isə Şərq tərki-dünyalığı, mental gərginliklə şərtləndirilir. Şərq fəlsəfəsi və ilahi qüvvə qarşısında xüsusi ruh halı nümaiş etdirən insan obrazı, həmçinin bütün bunları rasional şəkildə öz süzgəcindən keçirən, kifayət qədər konkret məzmunlu müasir yanaşma və ifadə tərzi. Nəticədə daimi Şərq-Qərb sintezi onun yaradıcılığının ən əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. 1960-cı illərdə yazılmış iki kantata – “Ночь в Мемфисе” (“Memfisdə gecə”) və “Рубаят” (“Rübayat”) bu mənada xüsusi maraq doğurur.

“Memfisdə gecə” kantatası solo metso-soprano, kişi xoru (fonoqram) və kamera orkestri üçün yazılıb. Əsər 1968-ci ildə yazılsa da ifası iyirmi ildən sonra 1989-cu ildə Moskvada baş tutub. Ümumiyyətlə, qədim Misir mövzusu və bununla bağlı olan obrazlar bir çox yaradıcı insanlar üçün ilham mənbəyi kimi çıxış edib. Min illər keçsə də fironların sirli aləmi bir sıra bədii sənət nümunələrinin yaranmasına səbəb olub. Cüzeppe Verdinin “Aida” operası, Teofil Qotyenin “Mumiya haqqında roman”ı, Marius Petipin “Fironun qızı”, Borislav Prusun “Firon” əsəri Misirlə bağlı yazılmış sənət nümunələrinin yalnız bir hissəsidir. S.Qubaydulinanın bu mövzuya müraciət etmə səbəbi isə 1965-ci ildə çap edilmiş “Qədim Misir Lirikası” adlı antologiyasından qaynaqlanır [6]. Bu kitabda Anna Axmatova və Vera Potapovanın tərcuməsində orijinal poeziya nümunələri öz əksini tapır. Kantata 7 hissədən ibarətdir: 1. “О ночь даруй мне мир” (“Gecə, mənə dünyanı bəxş elə”), 2. «Мерные наши удары для тебя» (“Aramlı zərbələr sənin uğrunda”), «Небо смещалось с землей» (“Göy yerə qarışıb”), «Мы радуемся величеству тоему» (“Sənin qüdrətindən vəcdə gəlirik”), 3. İnstrumental hissə, 4.«Кому мне открыться сегодня» (“Ürəyimi kimə açım”), «Ты владычица венков» (“Küllü cahan sultanı”), 5. İnstrumental fuqa  – «Фараон приходит плясать» (“Firon rəqs etməyə gəlir”),  6. «Мне смерть представляется ныне исцеленьем больного» (“İndi mənə ölüm xəstənin şəfa tapması kimi görünür”) 7. «Утешь свое сердце» (“Ürəyini ovut”). Məhz bu şerlərin seçimi hansısa süjet xəttinin qurulması ilə deyil, daha çox bəstəkarın daxili aləminə cavab verən fəlsəfi və bir o qədər də qədim olan sevgi lirikasına maraq doğurmasından irəli gəlir. Məsələn, ikinci hissədə sevgi lirikası dini mətnlərlə ardıcıllaşır. Həmçinin, VI hissədə də Misir İlahəsinin mövzusu ön plana çıxır. Mərkəzi üçüncü instrumental hissə isə sözsüz, amma çox məzmunlu bir hissə kimi qavranılır. Bütün bu mövzuların hansı ifadə vasitələri ilə təsvir olunmasına gəldikdə deyə bilərik ki, bir sıra bəstəkarlar qədim Misir obrazlarını oriyentalizm və müəyyən Şərq koloriti yaratma yolu ilə canlandırmağa çalışıb. Amma  o dövrün musiqisi haqda heç bir təsəvvürün olmaması bu yanaşmanı çox şərti edir. S.Qubaydulina bu poeziyanı XX əsrdə yaranmış musiqi ifadə vasitələri, daha dəqiq desək, dodekafoniya vasitəsilə canlandırmağa çalışıb. 12 tonluq səssırası – seriyadakı tersiyalar, yumşaq sekundalar, lirik hisslər və insanın daxili aləmini əks etdirməyə yönəlib. Üçtonlu intervallar, zərb alətlərinin müşaiyəti fonunda səslənən kvartalar isə insanı əhatə edən aləmi, dramatik obrazları ifadə edir. Hər iki intonasiya sferası əsər boyu bir-birinə təzad təşkil etsə də, sonda üzvi şəkildə birləşib barışdırıcı ab-hava yaradır.

Bu əsərdə yalnız intonasiya deyil, mövzuların tembr həlli də qarşı-qarşıya qoyulub: kişi xoru və solo metso-soprano. Bundan başqa bəstəkar bu təzadı texniki vasitələrlə bir qədər də artırır. Kişi xorunun mövzusu əvvəlcədən yazılaraq fonoqram şəklində canlı orkestr və solistlə qarşı-qarşıya qoyulur. Qeyd edək ki, bəstəkar hətta fonoqramı ötürən dinamiklərin yerini belə əvəlcədən özü müəyyən etmiş, onları zalın sonunda, səhnədəki ifaçılarla tam əks istiqamətdə yerləşdirmişdir. Sanki dinləyicilər hər iki aləmin musiqisilə əhatə olunaraq hadisələrin mərkəzində olub bu dialoqun şahidinə çevrilirlər. Əsərin dramaturgiyasındakı dualizm – aktivlik və müşahidə, şəxsi və ümumi, dünya ilə daxili və xarici ünsiyyət müraciət olunan iki növ poeziyanın məzmunundan irəli gəlir.Sakral, ritual xasiyyətli monoloqların fərdi və kollektiv şüuru ifadə etməsi – bütün bunlar ümumilikdə S.Qubaydulina yaradıcılığının çox vacib aspektlərini ifadə edir. İki obraz sferasının – şəxsi və ümumbəşər – qarşılıqlı inkişafı fəciəvi aspektin tədricən güclənməsi və sonda çoxmüdrük sonluğa (“Причитания не спасают от могилы, а потому празднуй прекрасный день и не изнуряй себя”  –  “Ağı demək səni qəbirdən xilas etmir, ona görə də gözəl günü bayram et və özünü yorma”) kəlməsi ilə başa çatır.

Bəstəkarın Şərq mövzusu ilə bağlı yazdığı ikinci mühüm əsəri “Rübayat” (“Рубаят”) kantatasıdır. 1969-cu ildə yazılmış bu əsəri “Memfisdə gecə” kantatasının məntiqi davamı kimi də qəbul etmək olar. Hər iki kantatada bəstəkar uzaq keçmişin Şərq poeziyasına müraciət edir. Həmçinin, mövzu baxımından da paralellər aparmaq olar – insan taleyi və onunla mübarizə, ölümün qaçılmazlığı, faciə və s. Sonda yenə də taleyinlə barışıb onunla daxildən razılaşma və işıqlı sonluq. Amma oxşar cəhətlərlə yanaşı, bir sıra fərqli məqamlar da var. “Rübayat” kantatasında daha çox emosional sfera ön plana çıxır. Birincinin rasional məqamlarından fərqli olaraq hisslər əsərin əsas qəhrəmanına çevrilir. Bu qədər şəxsi düşüncənin xor kollektivi tərəfindən ifadə olunması müəyyən uyğunsuzluq yarada bilərdi. Bu məqam əsərin xor deyil məhz solo bariton və kamera orkestri üçün yazılmasına səbəb olur.

“Rübayat” orta əsr şərq poeziyasının üç nəhəng siması olan Ömər Xəyyam, Xaqani Şirvani və Hafiz Şirazinin rübailəri əsasında yazılıb (tərcümə V.Derjavinin) [3]. Bildiyimiz kimi, rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst olan dörd misralıq poetik janrdır. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Amma rus dilinə tərcümə zamanı bəzi rübailərin quruluşu dəyişir.

Bəstəkarın seçdiyi rübailər bu dəfə də onun daxili axtarışlarını, qlobal düşüncələrini özündə əks etdirir. Şərq fəlsəfi fikrinin dahi təmsilçilərinin bu lirik rübailəri sevgi, ədalət, mübarizə, tərki-dünyalıq anlamlarını özündə ehtiva edir ki, bu da öz növbəsində bəstəkarın ən təsirli, ən yaddaqalan əsərlərindən biri olan kantatanın böyük uğuruna səbəb olur. Söz və musiqi bir-birini çox üzvi şəkildə tamamlayır. Hər zaman əsərin səs-tembr aspektinə böyük diqqət ayıran, alətlərin  yeni, qeyri-adi səslənməsinə nail ola bilən bəstəkar bu dəfə də ifaçı qarşısında bir sıra  məsələlər qaldırır. Daha doğrusu, vokalçılardan ifa zamanı nəfəsalmanın səssiz olması tələb olunduğu halda burada əksinə, nəfəsin eşidilməsinə xüsusi diqqət yetirilir. Xüsusi tembr xatirinə müəyyən yerlərdə mikrofondan istifadə edilir. İfaçı qlissando etməli, pıçıldamalı, təbii şəkildə qışqırmalı, falset oxumağı bacarmalıdır. Həmçinin, XIX əsrin sonu, XX əsrin əvvəllərində A.Şönberq, A.Berq və digər bəstəkarların vokal əsərlərində geniş istifadə etdiyi Sprecshtimme (yarıdanışma, yarıoxuma) ifa üsülundan əsərdə istifadə edilib. Bütün bu ifadə vasitələri əsərin dramaturji xəttinin qurulmasına, onun inkişafına xidmət edir. Vokal partiya qədər orkestrin səslənməsi də bəstəkara xas olan qeyri-adi tembr çalarları ilə zəngindir.  Zərb alətlərindən geniş istifadə, litavr və nəfəs alətlərinin tremoloları (tremolo əsərin əsas motivlərindən birinə çevrilir və yalnız son hissədə özünü büruzə vermir), kəskin dinamik təzadlar, fakturadakı təksəslilik, bəzi hissələrdə polifonik quruluş – bütün bu məqamlar xüsusi qeyd edulməlidir.

Kantata bir hisədən ibarət olub üç inkişaf mərhələsinə, fazaya bölünür. Sonda isə kiçik tamamlayıcı hissə var. I fazada kiçik instrumental girişdən sonra Xaqaninin rübaisi ifa olunur (4, s.541).

Vurub dağıtdığın qəlbi ələ al,              Печальную душу мою в свои руки прими,

Vurduğun şikarın, gəl, hayına qal!        Добычу, тобою подстреленную, подыми!

Təqsiri olmayan Xaqanini sən,             Я — грешный твой раб Хакани.

Ya öldür, ya sağ qoy, ya zindana sal!   Я навек тебе предан, Оставь ему жизнь

                                                              или вовсе ее отними!

İlk faza bariton üçün səciyyəvi olmayan çox yüksək notlardan başlayıb öz kulminasiyasına doğru hərəkət edir. Hər faza arasında instrumental bağlayıcı hissə mövcuddur. Hər biri əvvəlkinə nisbətən daha inkişaflı və dramatikdir. İkinci faza  Ömər Xəyyamın üç rübaisi üzərində qurulub (5, s.14).

Что пользы, что придем и вновь покинем свет — Gəldik, getdik, dünya nə fayda                                                                                gördü?

Куда уйдет уток основы наших лет? —    Ömrümüzün kökü harda göyərdi,

На лучших из людей упало пламя с неба, —      Ömrümüzün kökü harda göyərdi,

Испепелило их — и даже дыма нет   —            Yüksələn tüstüdən kim xəbər verdi?

Üçüncü faza əzərin ən dramatik və gərgin hissəsidir. Bu faza Xaqaninin üç rübaisi üzərində qurulub. Orkestr və solo ifaçının partiyasındakı gərginlik maksimum həddə çatır. Üsyan ruhu, dramatizm, göylərə uzanan çağırış çox gözəl vasitələrlə ifadə olunub. Zərb və nəfəs alətlərinin tremolo, qlissandoları, solistin istehzalı gülüşə çevrilən qışqırığı, təkrar olunan vertikal səslənmələr (ardıcıl üç yarımton) qeyd olunan obrazları ifadə edir. Əsərin sonunda isə Ömər Xəyyamın aşağıdakı rübaisi səslənir (5, s.90):

О избранный, к словам моим склонись,  —    A dostum, şadlıqla ömrü vur başa,

Непостоянства неба не страшись!          —      Bu başsız fələkdən qorxusuz yaşa.

Смиренно сядь в углу довольства малым, —  Qənaət mülkünün küncündə otur,

В игру судьбы вниманьем углубись. —           Tale  oyununa eylə tamaşa.

Bu rübainin anlamı bəstəkar S.Qubaydulinanın həyat prinsipləri, fəlsəfi dünyagörüşü ilə çox gözəl səsləşir. Həmçinin, onun yaradıcılığına xas ən vacib məqam — Şərq-Qərb düşüncə tərzinin sintezi bu sonluqla öz həllini tapır. Qərbin dualizm, dünya və insanın qarşı-qarşıya qoyulması, gərgin həyat dramı, digər tərəfdən Şərqin monizmi, insanın zərrəyə çevrilib kainata qarışması və meditativ ruh halı. Bütün bu qlobal qarşıdurmaların üzərinə çıxa bilərək vahid yaradıcı prizma kimi isə S.Qubaydulinanın ecazkar musiqisi çıxış edir.

 

ƏDƏBİYYAT:

  1. Шириева Н. В. София Губайдулина: «Бeз Казанского периода композитора из меня бы не получилось» Tatarca. 2016. № 1 (6). С. 227-235.
  2. Холопова В.; Рестаньо Э. София Губайдулина. М.: 1996. 324 с
  3. Омар Хайям. Рубаи. (Лучшие переводы) Серия: Избранная лирика Востока У.: Ташкент, 1982.
  4. Xaqani Şirvani. Seçilmiş əsərləri «Lider nəşriyyat» BAKI 2004 660 s. 5. Dünya ədəbiyyatı.
  5. Ömər Xəyyam. Rübailər “Lider nəşriyyatı” Bakı 2004 114 s.

 

İnternet resurslar:

  1. Завьялова О. Известия.iz, «Самое важное в моей жизни — иметь возможность сформовать истинное слышание», Композитор София Губайдулина — о популярной музыке, Шостаковиче и «черных списках», 16 ноября, 2011, URL: https://iz.ru/news/506996
  2. София Губайдулина «Дано» и «задано». Часть 2. Основополагающий для понимания Губайдулиной текст, 2 ноября, 2011, URL: http://yasko.livejournal.com/714655.html
  3. Поэзия и проза Древнего Востока, Поэзия Древнего Египтав переводах Анны Ахматовой и Веры Потаповой, URL: http://www.bibliotekar.ru/vostok/11.htm

 

Вафа АББАСОВА

Диссертант АНК

 

ВОСТОЧНЫЕ МОТИВЫ ТВОРЧЕСТВА СОФИИ ГУБАЙДУЛИНОЙ

 

Резюме: Статья посвящена творчеству  выдающегося композитора XX века — Софии Губайдулиной. Синтез восточного и западного мировоззрения всегда занимал значительное место в творчестве композитора. Этот значительный аспект также нашел свое отражение в ее кантатах «Ночь в Мемфисе» и «Рубайят». Оба произведения написаны на основе уникальных образцов восточной поэзии. 

Ключевые слова: С.Губайдулина, «Ночь в Мемфисе», «Рубаят», синтез Запада и Востока, современная музыка

 

Vafa ABBASOVA

Candidate for a degree of ANC

 

EASTERN MOTIFS OF CREATIVITY OF SOFIA GUBAIDULINA

 

Summary: This article is dedicated to Sofia Gubaydulina — the great composer of 20th century. The synthesis of eastern and western worldview was always main part of her creation. This significant aspect was also reflected in her cantatas “Night in Memphis” and “Rubayat”. Both compositions were created on the base of wonderful examples of eastern poetry.

Key words: S.Gubaydulina, “Night in Memphis”, “Rubayat”, modern music, East-West music synthesis

 

Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova

 

Mövzuya uyğun