AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2015

 

 

Mübariz ƏLIYEV

AMK-nın dissertantı

 

Musiqişünaslıqda aşıq sənətinin öyrənilməsi məsələləri

 

Açar sözlər: aşıq sənəti, musiqişünaslıq, aşıq musiqisinin tədqiqi, problemlər, aspektlər

 

Azərbaycan aşıq sənətini əsasən, elmin musiqişünaslıq, filologiya və folklor­şünaslıq sahələri üzrə mütəxəssisləri tədqiq edir. Etnoqrafların, sə­nət­şünasların və dil­çi­lərin də bu sə­nət haqqında maraqlı araşdırmalara rast gəlirik. Belə ki, bir neçə humanitar elmi sahənin aşıq sənətini tədqiq etməsi heç də təsadüfi de­yil. Çünki qədim və zəngin ənənələrə malik olan aşıq sənəti sinkretik sə­nətdir. Sinkretiklik bu sənətin tarixi mənşəyinin qə­dimliyini təsdiq edən amillərdən biridir. Eyni zamanda bu xüsusiyyət aşıq sənətinin xal­qın bədii təfəkkürü, dili, folkloru, şifahi və yazılı poe­zi­ya­sı, melodiya və məqam təfəkkürü, ifaçılıq və rəqs sənəti, məra­sim­ləri, adətləri və xalq teatrı ilə sıx vəhdətdə yaşadığını deməyə əsas ve­rir. Digər tərəfdən, sinkretik sənət olmaq etibarilə, aşıq sənəti özündə bə­dii yaradıcılığı, mu­si­qini, poeziyanı, rəqsi, ifaçılığı, teatr və aktyorluq ün­sür­lərini, musiqi­nin, dilin və şeirin məzmun, forma və ritm əlaqələrini bö­lünməz şəkildə ehtiva edir. Məhz bu xüsusiyyətlər müxtəlif humanitar elmlərin aşıq sə­nə­tinin araşdırılmasını şərtləndirir.

Məlumdur ki, qeyd olunan elmlərin hər biri aşıq sənətinə öz  predmeti, problemləri, metodları baxımdan yanaşır və onu müxtəlif aspektlərdən öyrənir. Bununla belə, aşıq sənətini bütün çoxcəhətliyi ilə daha əhatəli şə­kildə musiqişünaslıq elmi öyrənib araşdırır. Aşıq sənətinin ilk növbədə musqili-poetik sənət növü olması buna əsas verir. Musiqinin bu sənətdə ən aparıcı və təyinedici bədii rol daşıması, onun tədqiqini və təhlilini ak­tual məsələ kimi zəruriləşdirir. Lakin filologiya, filoloji folklorşü­nas­lıq, dilçilik, etnoqrafiya və sənətşünaslıq elmləri məlum olduğu kimi, aşıq sə­nə­tinin bu mühüm bədii amilini araşdırır.

Aşıq sənətinin elmi öyrənilməsində musiqinin tədqiqi həm də ona gö­rə zəruridir ki, musiqi aşıq ifaçılığının ən əsas aparıcı atributudur. Musi­qi, melodiya olmadan, aşıq ifaçılığı yalnız şeirin vasitəsilə icra edilə bil­məz. Ona görə də “aşıq havaları”, “aşıq sazı”, “aşıq ifaçılığı”, “aşıq üs­lub­ları”, “aşıq ənənələri” dedikdə ilk növbədə, məhz aşıq musiqisi yada dü­şür. Bu musiqi anlayışları aşıq sənətinin, demək olar ki, özülü və ma­hiy­yətidir. Bu anlayışlar eyni zamanda, musiqişünaslıq tədqiqatlarında ta­ri­xi və nəzəri xüsusiyyətlər daşıyan, ən çox öyrənilən və tətbiq olunan prob­lematik anlayışlardır.

Musiqinin aşıq sənətindəki aparıcı rolunu vurğulayanda qeyd etmək yerinə düşər ki, ustad aşıqlar şəyird seçəndə, ilk növbədə onun musiqi qa­bi­liyyyətinə, səsinə, oxuya bilməsinə, musiqi duyumuna üstünlük verir. Ən vacibi isə, aşıq sənətinin və sənətkarlığının dinləyiciyə yönəlmiş bə­dii-estetik, tərbiyəvi və hissi-ruhi təsir imkanları məhz musiqi vasitəsilə re­allaşa bilir. Bütün bunlara görə də, aşıq musiqisinin elmi öyrənilməsi mu­siqişünaslığın, etnomusiqişünaslığın və musiqi folklorşünaslığının hər zaman gündəmindədir.

Azərbaycan musiqişünaslığında aşıq sənətinin öyrənilməsində, əsasən, aşağıdakı istiqamətlər, aspektlər və problemlər araşdırılır:

Aşıq sənətinin və musiqisinin tarixi aspektləri;

Aşıq sənətində sinkretizm;

Musiqi qorqudşünaslığı;

Aşıq sənətində ustad-şagird ənənələri;

Aşıq ifaçılığı;

Aşıq sənətinin lokal mühitləri və onlar arasında tarixi-mədəni bağlılıq;

Aşıq ifaçılığının lokal və ümummilli ənənələri və xüsusiyyətləri;

Aşıq sazının kompleks orqanoloji və elmi-laborator metodlarla təd­qi­qi;

Saz alətinin aşıq musqisində melodiya və məqam xüsusiyyətlərinin forma­laş­ma­sında rolu;

Saz alətinin kökləri, pərdə quruluşu aşıq musiqisinin əsas amilləri ki­mi;

Aşıq sənəti, aşıq musiqisi  və aşıq ifaçılığında terminologiya;

Ozan və aşıq musiqisinin əlaqəli öyrənilməsi;

Aşıq, muğam və folklor musiqisinin müqayisəli təhlili;

Aşıq musiqisinin ümumtürk musiqi ənənəsində müqayisəli təhlili və sistemli şəkildə tarixi və nəzəri tədqiqi;

İranda tarixən yaşayan yerli Azərbaycan aşıq sənətinin, aşıq yaradıcı­lı­­ğının, aşıq mühitinin, ifaçılıq ənənələrinin, aşıq havalarının tədqiqi və təhlili;

Aşıq musiqsinin dastan yaradıcılığı kontekstində öyrənilməsi;

Aşıq sənətində yaradıcılıq məsələlərinin, o cümlədən, havacat və das­tan yaradıcılığının öyrənilməsi;

Aşıq musiqisinin forma, melodiya, lad, intonasiya və ritm xüsusiyyət­lə­rinin nəzəri təhlili;

Aşıq havalarında variantlıq məsələlərinin öyrənilməsi;

Aşıq havalarında musiqi ilə şeirin forma, məzmun, quruluş, ritm və ifa­çılıq baxımından əlaqələri;

Aşıq musiqisində çoxsəslilik məsələləri;

Ustad aşıqların yaradıcılığı və fərdi ifaçılıq ənənələri;

Bəstəkar yaradıcılığında aşıq musiqisinə, aşıq dastanlarına, aşıq möv­zu­suna və aşıq obrazlarına müraciət olunması;

Aşıq musiqisinin bədii estetik, musiqi-tərbiyəvi, mənəvi-tərbiyəvi as­pekt­ləri;

Aşıq havalarının melodik təhlili;

Musiqi məktəblərində “Solfecio” fənnində aşıq musiqisindən istifadə metodları;

Aşıq musiqisinin və ifaçılıq tədrisinin və onun metodioloji məsələləri;

Aşıq musiqisinin nota yazılması və işlənilməsi məsələləri;

Aşıq musiqisinin və ustad ifalarının internet, elektron informasiya va­si­tələri, CD, DVD-lər vasitəsilə yayılması;

Qədim ozan və aşıq havalarının bərpası;

Aşıq sənətinin tarixən yaşadığı mühitlərin qorunması və sağlamlaşdı­rıl­ması, yerli üslubların və ənənələrin yaşadılması, inkişaf etdirilməsi və bu mühitlərdə ustad-şagird ənənələrinin davam etməsi;

Müasir dövrdə aşıq sənətinin, aşıq musiqisinin, aşıq ənənələrinin qoru­nub  saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsi

Aşıq sənətinin yaradıcı və aşıq musiqisinin göstərilən istiqamətdə, as­pekt­­lər­də və mövzularda araşdırılması Azərbaycan musiqişünaslığının da­im diq­qət mərkəzindədir. Bu məsələlərin, problemlərin, mövzuların el­mi-nə­zə­ri qoyuluşu, onların tədqiqi və təhlili sahəsində Azərbaycan mu­si­qi­şü­nas­lığı müəyyən naliyyətlər və təcrübə qazanıb. XX əsrdə aşıq sə­nə­ti haq­qında bəstəkar və musiqişünas kimi ilk elmi fikirlər Ü.Hacıbəyli tərə­fin­dən irəli sürülüb (1). Dahi sənətkar aşıq musiqisindən “Əsli və Kə­rəm” və “Koroğlu” operalarında bəhrələnib.

Aşıq musiqisinin musiqişünaslıqda ilk elmi-tədqiqi və təhlili görkəmli alim Əminə Eldarova tərəfindən aparılılıb. Onun istər məqalələri, istərsə də monaqrafiyaları aşıq musiqisinin elmi şəkildə öyrənilməsi yolunda mü­hüm bir mərhələ təşkil edir (2).

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, pro­fes­sor Tariyel Məmmədovun aşıq musiqisinin nəzəri təhlilində xidmətlərini xü­susilə qeyd etmək lazımdır. T.Məmmədovun ənənəvi aşıq havalarının not­laşdırılması, nəşri, tədqiqi və təbliği sahəsindəki uğurlu fəaliyyəti aşıq musiqisinin elmi öyrənilməsinə böyük təsir göstərib. Müəllif Koroğlu ha­va­ları, ənənəvi aşıq havaları haqqında elmi monaqrafiyaları və aşıq sə­nə­ti­nə həsr etdiyi dərs vəsaiti bu sahədə nəzəri təhlili metodunun iş­lən­mə­sin­də mühüm rol oynayıb (3).

Azərbaycan aşıq havalarının öyrənilməsində ilk dəfə semiotik təh­­lil me­todunu sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kamilə Dadaş­za­də tədbiq edib. Xüsusilə, alimin “Kərəm havaları” silsiləsini bu me­todla təh­lil etməsi musiqişünaslıqda yeni nəzəri fikir kimi qiymət­lən­di­­rilir. O cüm­lədən, Azad Oza­nın, Nazim Bağırovun, Tutuxanım Qu­li­yevanın və İlqar İmamverdiyevin mə­qalə, monaqrafiya, dissertasiya və not məc­mu­ə­ləri aşıq musiqisinin öy­rənilməsində növbəti elmi uğur kimi əhəmiyyət daşıyır. Bu tədqiqatçı alimlər bəstəkar və aşıq musiqisi, aşıq musiqisinin lokal xüsusiyyətləri, dastanlarda hava repertuarı kimi ak­tual elmi məsə­lə­lə­ri araşdırıb, havaları nota yazaraq nəşr etdiriblər (4).

 

ƏDƏBİYYAT:  

  1. Hacıbəyov Ü.Ə. Azərbaycan musiqi həyatına bir nəzər. // Seçilmiş əsərləri. II c. B.: Azərbaycan EA-nın nəşriyyatı, 1965, 215-221.
  2. Эльдарова Э.М. Некоторые вопросы ашугского искусства. // Ис­­кус­ство Азербайджана. Сб. статей. Вып. 1. Б.: Изд. АН Азерб. ССР, 1949, 102-121; yenə onun. Саз – основной музыкальный инс­тру­­мент азербайджанских ашыгов. //Известия АН Азерб. ССР. Се­рия лит., языка и искусства. Б.: 1964, №2, с. 109-119; yenə onun. Aşıq sənəti haqqında tarixi oçerk. // Azərbaycan incəsənəti. Məqalələr toplusu. VIII buraxılış. B.: Azərbaycan EA-nın nəşriyyatı, 1962, s. 36-37. yenə onun. Azərbaycan aşıq sənəti. B.: Elm, 1996, 166 s.
  3. Məmmədov T.A. Azərbaycan klassik aşıq havaları. : Əbilov, Zey­­nalov oğulları, 2009, 471 s.
  4. İmamverdiyev İ.C. Azərbaycan aşıq ifaçılığı sənətinin səciyyəvi xü­­­su­siy­yətləri (Qərb bölgəsi üzrə). B.: Şirvannəşr. 2004, 137 s.

 

Мубариз АЛИЕВ

Диссертант АНК

ПРОБЛЕМЫ ИЗУЧЕНИЯ АШЫГСКОЙ МУЗЫКИ  В МУЗЫКОЗНАНИИ

Резюме

 Известно, что ашыгское искусство является  предметом изучения различных гуманитарных наук, в том числе и музыкальной науки. Развернутое изучение ашыгского искусства со всей его многогранностью осуществляется музыковедами десятилетиями, так как зтот вид народно-профессионального творчества, прежде всего, музыкально — поэтическое. Но, как известно, такие науки как филология, фоль­кло­ристика, языкознание, этнография и искусствоведение также изучают важные художественные слагаемые ашыгского творчества.

Ключевые слова: музыковедение, проблемы, аспекты, изучение ашугской музыки

 

Mubariz ALIYEV

Candidate for a degree of the ANC

PROBLEMS OF THE LEARNING IN THE MUSICOLOGY OF ASHUG MUSIC

 Summary

It is well-known that each of noted sciences approaches to Ashug art by the point of its subject, problems, methods and analyze it by different points. However, studying the art of Ashug with all varieties and comprehensively is mostly carried out by musicology. First of all, because Ashug art is specially being a musical-poetic type of art, that gives this a basis. The most leading and attributive artistic role of music in this art makes necessary its research and analyze as an actual issue. But philology, philological folkloristics, linguistics, ethnography and studies of art research an important artistic factor of Ashug as is well-known.

Key words: Investigation of the music, musicology, tuning peg, problems, aspects, Ashug music

  

Rəyçilər:

professor Gülnaz Abdullazadə;

professor Akif Quliyev.

Mövzuya uyğun