AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2015

 

 

Nərgiz ƏHMƏDOVA

tədqiqatçı- magistr

 

Ə.Bədəlbəylinin “İzahlı monoqrafik musiqi lüğəti”

 

Açar sözlər: musiqi lüğəti, muğam termini, musiqi alətləri

 

Məlumdur ki, dirijor və bəstəkar Ə.Bədəlbəyli XX-əsruin 50-ci illəri və ondan sonrakı dövrdə uzun illər araşdırmalar apardığı və üzərində düşündüyü ideyalarını reallaşdıraraq musiqişünaslıq sahəsində əsaslı elmi işlər görmüşdür.

“Musiqi haqqında söhbət” adlı broşur tipli ilk kitabçasında o, musiqidə işlənən bəzi söz və terminləri izah etmiş, musiqi janr­ları və formaları, musiqi alətləri və ansambllar haqqında söhbət açmışdır. Onun bu kitabçası belə məzmunlu kitabçaların arasında birinci olmuşdur. Çün­ki bu kitabçadan sonra D.Şostokoviç, İ.Rıjkin və başqaları bu tipli broşu­ra­lar çap etdirib. Bəstəkarın musiqişünaslıq fəaliyyətinin növbəti əsəri dövrün məşhur və istedadlı tarzəni, Mir­­zə Sadıq Əsədoğlunun yetişdirdiyi Qurban Primov haqqındakı monoqrafiyası olub.

Həmin dövrlərdə Azər­bay­canda musiqi terminləri ancaq rus və ya başqa əcnəbi dillərdə işlə­di­lir­di. Ə.Bədəlbəyli 1956-cı ildə “Musiqi terminləri lüğəti” kitabçasını nəşr etdirməklə azərbaycandilli əhalinin musiqi terminlərini daha aydın an­lamağa və doğma dilimizin daha da zənginləşməsinə şərait yaratmışdır. Sonrakı illərdə türk musiqişünası Altan Araslı Türkiyədə çapdan çıxan “Mu­siqi məcmuəsi” jurnalında bəstəkarın “İzahlı monoqrafik musiqi lü­ğə­ti” kitabının ətraflı təhlilini verib.

“İzahlı monoqrafik musiqi lüğəti” əsəri musiqi terminlərinin anlaşılması istiqamətində ilk təşəbbüs­lər­dən biri olub. Əsərin ərsəyə gəlməsində o dövrün zərurəti vacib rol oy­na­mışdır. Musiqi sənətinin tarixinə və nəzəriyyəsinə aid Azərbaycan di­lin­də ədəbiyyatın azlığı, mövcud musiqi dərsliklərində terminlərin işlə­dil­­məsindəki qarışıqlıq, mətbuat səhifələ­rində çıxan məqalələrdə, radio verilişlərində eyni musiqi məfhumunun ifadəsindəki müxtəliflik, çap olu­nan not kitablarındakı mətnin yazılışında formal tərcüməçilik halları mu­si­qi terminlərinin unifikasiyası işinin sahmanlanmasını, qaydaya salınma­sı­nı musiqi həyatımızın və musiqi praktikamızın ən zəruri və təxirə­sa­lın­maz vəzifəsi kimi irəli sürür (1, s.7). Bu lüğət gündəlik musiqi həyatımızda işlətdiyimiz musiqi ter­min­lərinin dəqiq, ətraflı izahını verir, eyni zamanda xal­qımızın bir vaxtlar istifadə etdiyi musiqi terminlərinin sözaçımı və bu­gün­kü mənasını açıqlayır. Ə.Bədəlbəyli bu əsərdə musiqi ədəbiyyatında iş­­lə­nən xarici söz və terminlərin dilimizdə qarşılığını və ifadə etdiyi mə­na­sını verməklə yanaşı, Azərbay­can xalq musiqisinə xas olan terminlər ba­rəsində və orqanologiya sahəsində istifadə oluna biləcək ilk bilgilər də ver­mişdir. Xalq musiqimizə xas olan terminlər üzrə verilən qısa məlumat yönəldici və ilkin izahat məqsədini daşıyır. Ə.Bədəlbəylinin “İzahlı mono­qra­fik musiqi lüğəti” 3 bölmədən ibarətdir: I bölmə Azər­bay­can musiqi terminləri, II bölmə “Musiqi teminləri”, III bölmə isə “Mu­siqi ədəbiy­yatında işlənən xarici söz və terminlər” adlanır. Əsərin so­nunda qədim Şərq musiqi tarixinə dair yazılmış risalələr və s. barəsində monoqrafik məlumat verilmişdir. Bu bilgilərdə musiqişünas Əbu Nəsr Mə­həmməd ibn Tərxan əl-Fərabi, Əbu Əli ibn-Sina, Nəvvab Mir Möhsün ibn-Hacı Seyid Əhməd Qarabaği kimi qədim Şərq alimləri haqqında yaz­mış, qədim misirlilərin musiqi ilə bağlı fikirlərini, B.Şteynpresin “По­пул­ярный очерк истории музыки до ХIX века” kitabından götürdüyü Hin­distan rəvayətlərindəki musiqinin yaranması ilə bağlı fikirlərini oxu­cu­­lara çatdırmışdır. Bundan başqa o, Tit Lukretsi Karın musiqinin törən­mə­si haqqında mülahizəsini, Mahmud Amuli, Fərabi və Nəvvabın musiqi sənətinin ibtida yaranması haqqında qədim musiqi kitablarında təsadüf olunan oxşar məzmunlu əfsanəvi hekayələrinə də yer ayırıb. Dövrün mu­si­qiçilərindən isə Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Mənsur Mən­su­rov, İslam Abdullayev, Mirzə Muxrtar, Mirzə Əli Əsgəri, Mirzə Sa­dıq­ Əsədoğlu haqqında qısa məlumat vermişdir. Əsərdə tarda çalğı priyom­la­rı­nın zənginləşdirilməsi və rekonstruksiyası barəsində dəyərli məlumata da rast gəlinir.

“İzahlı monoqrafik musiqi lüğəti”ndə Ə.Bədəlbəyli tərəfindən həm də tar alə­tinin ümumi səciyyəsi verilmiş, böyük tarzən Mirzə Sadıq Əsədoğlunun alət üzərində apardığı rekonstruksiya işləri təsvir edilmiş­dir. Bununla yanaşı, lüğətdə bir sıra tarzənlər haqqında bioqrafik oçerklər öz əksini tapmışdır. XIX əsrdə yaşayıb-yaratmış Mirzə Ağa Əli Əsgərin, Mir­zə Sadığın, XX əsrin I yarısında fəaliyyət göstərmiş Qurban Primov, Şi­rin Axundov, Mirzə Fərəc Rzaoğlu, Mənsur Mənsurovun tərcümeyi-ha­lını, onların sənətə gətirdiyi yeniliklərin şərhini əks etdirən oçerklər diq­qə­təlayiqdir. Mirzə Sadığa həsr olunan yazıda müəllif ilk dəfə musi­qi­şü­naslıqda tarzənin əsl “elmi tərcümeyi halını” işləmişdir. Onun yazdığı ki­mi, musiqişünaslıq əsərlərində Mirzə Sadıq Əsədoğlunun böyük və zən­gin musiqi fəaliyyətini yalnız tar simlərinin sayını artırdığını qeyd etmək­lə kifayətlənirlər. Bu isə həqiqətən XIX əsrin musiqi tarixində dərin iz sal­mış və ümumiyyətlə, alətşünaslıqda, tar ifaçılığı sənətində bir çevriliş et­miş, böyük reformator-sənətkarın yaradıcılığına səthi yanaşmadır. Ə.Bədəlbəyli Sadıqcanı həm ifaçı, həm müəl­lim, həm də bir bəstəkar kimi araşdırıb. O, bu oçerki ilə yaranmış boşluğu dolduraraq Mirzə Sadığın mü­fəssəl tərcümeyi-halını təqdim etmiş, onun tar alətinin islahatında əldə etdiyi nailiyyətlərin elmi cəhətdən əsaslandırıb. Bu alətin üzərində apa­rı­lan tədqiqatların izahı öz əksini Ə.Bədəlbəylinin lüğətinin II hissəsində tap­mışdır. O, Mirzə Sadığın tarın rekonstruksiyası ilə əlaqədar yaranan bü­tün yeni cəhətləri aşkara çıxarmış, tarın pərdələri ilə bağlı məsə­lə­ləri izah edərək akustik cəhətdən təkmilləşdirilməsini önə çəkmişdir. Əsərdə tar və ud pərdələri,  səs sisteminin araşdırıl­ma­sı ilə bağlı Ü.Hacıbəylinin və bir sıra başqa xarici musiqişünasların fi­kir­lərinə istinad etməsi, geniş təhlillər apararaq dəyərli elmi nəticələrə na­il olması diqqətəlayiqdir.

Ə.Bədəlbəyli 57 musiqi aləti və onların bə­zi­lərinin bir neçə növünün də adını çəkərək qısa məlumat verib. Bun­lar­dan 23-ü simli, 19-u üfləmə, 12-si zərb, 3-ü özənsəsli alətlərdir.

 

SİMLİ

 

NƏFƏS

 

ZƏRB

 

ÖZƏNSƏSLİ

1. Saz (ana saz, böyük saz, qoltuq saz, cürə saz) Balaban (balaman, düdük, yastı balaban) Qaval Qaşığek
2. Qişek Bülban Dəf Kaman
3. Qanon Zurna (qara zurna) Qidum Zəng
4. Qopuz Ərğənun (klavişli) Qoşanağara  
5. Bərbət Zəmr Dairə  
6. Dütar Kərənay (tunc) Dumbul  
7. Kamança Mizmar Dümbək  
8. Mizəf Musiqar Sinc (zinc)  
9. Mizhar (dartımlı) Ney (nay) Koos (kuus)  
10. Mizəf (dartımlı) Nayi-tənbur Məzhər  
11. Müğni Nəfir (şah nəfir) Nağara  
12. Nüzhə Pişe Təbil (təbilbaz)  
13. Ozan Surna    
14. Rud Sümsü    
15. Rübab Tulum    
16. Santur Tütək    
17. Setar Çıncıq    
18. Çoğur Çığırtma    
19. Tar Şeypur    
20. Tənbur      
21. Ud      
22. Çatar (çahartar)      
23. Çəng (dartımlı)      

Müəllif alətlər haqqında məlumat verərkən onların morfologiyası, etimo­lo­giyası, bəzi ədəbi mənbələrdən misal gətirərək diapazonu və görünüşü ba­rə­də qısa da olsa ən mühüm informasiyaları oxucuya çatdıra bilmişdi. Qə­dim mənbələrdən istifadə edərək  ərğənun, pişe, zəmr, musiqar və s. alətlər haqqında ilk dəfə elmi əsər halında bilgilərə rast gəlinir.  Ən geniş məlumat isə o dövrdə də, indi də aparıcı xalq çalğı alətlərindən olan tar, kamança, qa­nun, ud, nağara, saz haqqındadır. Nəfəs alətlərini – aerofonlu alətləri üfləmə aləti kimi təsnifatlaşdıraraq, ağac üfləmə və ya tunc üfləmə kimi qruplara ayırmışdır. Ud aləti haqqında yazarkən türk dünyasının nəzəriyyəçisi Rauf Yek­tabəyin ud barəsində yazdığı ilk elmə əsaslanan fikirlərini Əbu Nəsr Fə­ra­binin adı ilə əlaqələndirir. Bundan başqa ƏBədəlbəyli Yəhya ibn Əli Mü­cəs­sim, İshaq ibn İbrahim, Səfiəddin Urməvi kimi alimlərin adlarını çəkərək onların ud və tənbur barədə yazdıqlarını fərqləndirib. Beləliklə, bu elmi əsər etnoorqonologiya sahəsində ən dəyərli mənbədir. Bundan başqa əsərdə mu­ğam (muğamat) sözünün etimologiyasını araşdıraraq sözaçımını vermişdir. Muğamatın düzgün tərifini verən alim dəstgahların hissələri, ciddi və asan (yüngül) məzmunlu nümunələri barəsində məlumat yazıb. O, xalq musiqi­mi­zin özəyini təşkil edən 7 əsas muğam və məqamlar barəsində Q.Qarayev və Ü.Hacı­bəylinin fikirlərinə istinadən söhbət açmışdır. Muğamı süita-rapsodiya ilə müqayisə edərək yazır: “Muğam termini altında son də­rə­cə orijinal xüsusiyyət daşıyan çoxhissəli forma nəzərdə tutulur ki, bu əslində mürəkkəb və maraqlı bir musiqi orqanizmi mahiyyətini kəsb edir. Həmin bu forma süita-rapsodiya formalarına səciyyəvi olan əlamətləri özündə birləş­di­rir və öz təbiəti etibarilə simfonik olmaqla bərabər özünəməxsus tərtib və dü­züm təşəkkülünə malikdir. Hər şeydən əvvəl demək lazımdır ki, “süita-rapsodiya”dan ibarət olan müğamın özü müəyyən bir mu­ğam üzərində qurulur və həmin lada xas olan bütün qayda-qanunlara tabedir”.

Bu lüğətdən Avropa sisteminə keçmədən öncə Azərbaycanda kon­so­nans və dissonans səslərə “mütəlaim” və “mütənafir” adlandırıldığını öy­rə­nirik. Lüğətdə muğam şöbələri, ritmik hissələr və onların ifasındakı əsas cəhətlər, muğamların adları, hissələri, hətta ədəbi və musiqi bəhrləri, xalq rəqslərinin sözaçımı, ölçüsü, tempi, ladı, ifası barəsində qiymətli mə­­­lu­mat verilir. Yalnız Azərbaycan xalq musiqisinə aid olan terminlər ve­rilən bölmədəki bilgilər musiqi risalələrinin əsasında istiqamətverici xa­rakter daşıyır. Lüğətdə aşıq yaradıcılığına aid terminlərlə bərabər mu­ğa­ma aid də terminlər verilib. Ə.Bədəlbəyli hətta dövrün müxtəlif musiqi məclislərində iştirak edən musiqiçilərin ifalarında yer alan “Rast” muğa­mı­nın hər məclisə məxsus tərkibi şöbə-guşə ardıcıllığını cədvəllərdə gös­tə­rib. Bu istiqamətdə İran, Türkiyə, İraq musiqişünaslarının da mülahi­zə­lə­rinə nəzər salaraq müəllif sonda belə bir nəticəyə gəlir ki, “Muğam dəst­gahlarının tərkibi, quruluşu və şöbələri ardıcıllığı məsələlərində mu­si­qi­şünaslar və ifaçılar arasında illər boyu davam edən bütün rəy müxtə­lif­liyi əslində hər nə qədər təbii və “bizzərurə” hesab edilsə də, dəst­gah­la­rı təxmini də olsa müntəzəm bir qaydaya salmaq, şöbələri bəlliləşdir­mək, şaxə və guşələrini mümkün olduqca konkret şəkildə müəyyənləş­dir­mək vəzifəsi azəri musiqi ictimaiyyətinin daim diqqət mərkəzində olmuş­dur”.

Əsərdən bizə məlum olur ki, 1923-cü ildə bu məsələlərə aydınlıq gə­tir­­mək, yeni muğamatçı kadrlar hazırlamaq işini sahmana salmaq, dəst­gah­ların tərkibinin dəqiqləşdirilməsi məqsədilə Bakıda muğama yaxşı bə­ləd olan xanəndə və sazəndələrdən ibarət “Muğamat Komisyonu” adlı El­mi Şura təşkil olunub.

Azərbaycanda digər elmlər kimi musiqi elminin yüksəlişində və inki­şa­­fında rus elminin böyük rolu olmuşdur. Odur ki, rus musiqi terminləri Azərbaycan musiqi elminə daxil edilib. Hal-hazırda da musiqi praktika­sın­da istifadə olunan rus terminlərinin Azərbaycan dilində ilk və ən düz­gün tərcüməsi məhz Ə.Bədəlbəyli tərəfindən “İzahlı monoqrafik musiqi lüğəti”nin II hissəsində əks olunmuşdur. O, rus dilində beynəlxalq ter­min­lərin Azər­baycan dilində qarşılığını qeyd edərkən klassik musiqi­şü­nas­lığımızda, qədim risalə və təzkirələrdə qeyd olunan adını da mötəri­zə­də yazmışdır. III fəsildə musiqişünas V.F.Odoyevskinin “Musiqi lüğəti”, B.S.Şteyn­press və İ.M.Yampolskinin tərtib etdiyi “Musiqi lüğəti ensiklo­pe­di­yası”dan (“Енциклопедический музыкальный словарь”) istifadə edib. “Musiqi lüğəti”ndə Ə.Bədəlbəyli xalq musiqimizin təsnifatı məsələ­si­nə aydınlıq gətirərək Azərbaycan xalq musiqisinin iki qoldan ibarət ol­du­ğunu qeyd edir. Bu qollar aşıq və xanəndə yaradıcılığıdır.

Müasir dövrdə də “İzahlı monoqrafik musiqi lüğəti” musiqiçilər üçün çox dəyərli vəsaitdir. Bu lüğət əsasında 2007-ci ildən bəri elektron musi­qi lüğəti yaradılmaq işinə başlanıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan elektron musiqi lüğəti hələ də təkmilləşdirilir və hər il onlarla gənc musiqiçilər bu lüğətlə tanış olub musiqiyə aid alınma, yer­li və arxaik sözlərin mənalarını aydın və dolğun şəkildə əldə edə bilirlər.

 

ƏDƏBİYYAT:

  1. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969, 248 s.
  2. Bədəlbəyli Ə.B. Qurban Pirimov. B.: 1955.
  3. XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları (1901-1911). 3 cilddə (top­layanı və tərtib edəni, ön sözün, qeydlərin, lü­ğət və ad­lar göstəricisinin müəllifi: Əliyeva F.Ş.), I kitab. B.: Nurlan, 2005, 362 s.
  4. XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin qaynaqları (1918-1920). 3 cilddə (top­layanı və tərtib edəni, ön sözün, qeydlərin, lü­ğət və ad­lar göstəricisinin müəllifi: Əliyeva F.Ş.), III kitab. B.: Nurlan, 2006, 451 s.

 

Наргиз АХМЕДОВА

исследователь-магистр

«ТОЛКОВЫЙ МОНОГРАФИЧЕСКИЙ МУЗЫКАЛЬНЫЙ СЛОВАРЬ» А.БАДАЛБЕЙЛИ

Резюме

В статье представлена информация о главной научной работе автора. Одновременно отмечена значимость научной работы  «Музыкальный словарь» в развитии отечественной музыки и языка.

Ключевые слова: музыкальный словарь, термин мугам, музыкаль­ные инструменты

 

Nargiz AHMADOVA

Researcher

 “THE MUSICAL DICTIONARY” OF A.BADALBEYLI

Summary

In article the information on the main scientific work of the author is presented. The importance of scientific work the “Musical dictionary” in development azerbaijani music and language is simultaneously noted.

Key words: mugham term, musical dictionary, musical instruments

 

Rəyçilər:

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yaqut Seyidova;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman Qəniyev.

Mövzuya uyğun