AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 4, 2016

Məleykə HÜSEYNOVA

AMK-nın professoru

Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7

Email: huseynovameleyke@mail.ru

UOT: 82.0       

YARADICILIQ METODU VƏ LİRİK-PSİXOLOJİ ÜSLUB

 

endir

 

 

PDF

 

 

Xülasə: Artıq XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında bütün ədəbi prosesləri görmək mümkündür. Romantizm, realizm, sentimentalizm, tənqidi realizm kimi ədəbi cərəyanlarda lirik-psixoloji üslub özünəməxsus spesifik xüsusiyyətləri ilə ədiblərin əsərlərində əks olunur. Lirik nəsrdə konflikt əks cəbhələrdə surətlərin arasında deyil, daha çox surətin özünün özü ilə mübarizəsində aşkarlanır.

Açar sözlər: romantizm, realizm, tənqidi realizm, lirik-psixoloji üslub

Azərbaycan ədəbiyyatında XX əsrin əvvəllərində formalaşan romantizmə qədər milli ədəbi prosesdə romantik metod mövcud olub. Klassik poeziya əslində ro-mantik metod əsasında yaşayıb və inkişaf edib. Romantik metodla romantizm arasında kəskin və köklü fərqlər mövcud deyil. Maraqlıdır ki, bəzi tədqiqatçılar ro-mantik metodla yazıb-yaradan sənətkarları və onları klassik romantizm kimi qiy-mətləndirirlər. Biz də şərti olaraq,qarışılıq yaranmasın deyə, romantik metodla yazıb-yaradan şairlərin yaradıcılığını məhz klassik romantizm kimi nəzərdə tutacağıq.

Klassik romantizm uzun bir zaman kəsiyini əhatə edir, elə buna görə də bu dövrə daxil olan bütün sənətkarların əsərlərinə eyni mövqedən yanaşmaq mümkün deyil. Nizami Gəncəvinin lirikası M.Fizulinin lirikasına nə qədər yaxındırsa, onun poemaları Şah İsmayıl Xətainin “Dəhnamə”sindən bir o qədər fərqlənir. Vaxtilə aka-demik Məmməd Cəfər haqlı olaraq yazırdı ki, “Füzuli sevir Füzuli düşünür de-məkdir” (1, s. 41).

Füzuli və ya klassik romantizmin digər əsas nümayəndələri sevmək üçün dü-şünmürlər, düşünmək üçün sevirlər. Sufizmdə düşünmək isə müasir ədə-biyyatşünaslıqda nəzərdə tutulan psixologizmin təzahür formalarından biri kimi deyil, Allahı fikirləşmək, ona qovuşmağa mənəvi haqq qazanmaq haqqında fikir-ləşmək anlamında qavranılır. Başqa sözlə desək, onların məhəbbət lirikasının aparıcı leytmotivini əslində ilahi eşq, böyük Yaradana sevgi motivi təşkil edir. Hətta al-leqorik əsərlərin bir çoxu da (məsələn, Füzulinin alleqorik əsərləri və s.) sufi ide-yalarının bədii illüstrasiyası xarakteri daşıyır.

Bu tip özünəməxsusluqların nəzərə alınmaması bəzən klassik romantizmə xas bədii əsərləri realist metoda mənsub əsər kimi təhlil etməyə gətirib çıxarır. Bəzən ro-mantik tənqid də realizm kimi götürülür. “Ədəbiyyatşünaslar bu və ya digər yazı-çının romantizmdə realizm elementlərindən yazmağı xoşlayırlar. Nəticədə romantik satiranın bir çox əsərləri realist əsər elan olunur” (2, s. 73). Eyni sözləri lirik-psixoloji xəttin klassik romantizmə mənsub bir çox sənətkarların əsərlərində təzahürü probleminə də aid etmək mümkündür. Halbuki liriklik klassik romantik lirikada ədəbi növə xas keyfiyyət kimi özünü göstərirsə, psixologizm isə konkret epi-zodlardakı şəraiti və surətin yaşantılarını hadisələr əsasında səciyyələndirməyə xidmət edir.

Azərbaycan romatizminin səciyyəvi sırasında onun klassik romantizm bazasında yaranması, “Maarifçiliyin daxilində yetişməsi və “tənqidi realizm ilə ya-naşı yaşaması”nı (3, s. 20) xüsusi vurğulamaq zəruridir. Bədii yaradıcılıq axtarışları belə mürəkkəb şəraitə təsadüf edən H.Cavid, M.Hadi, A.Səhhət və A.Şaiq kimi sənətkarlar Azərbaycan romantizminin möhtəşəm nümunələrini yaratdılar. Tədqi-qatçılar belə bir mülahizə irəli sürürlər ki, “romantizm bədii konsepsiyanın mərkə-zinə şəxsiyyətin daxili aləmini qoyur” (3, s. 287).

Bu mülahizə ilə razılaşaraq, bir məqama diqqət yetirmək lazım gəlir ki, birincisi romantizm bu cəhəti müxtəlif ədəbi növlərdə və janrlarda fərqli şəkildə təzahür edir; ikincisi, romantizmdə məqsəd şəxsiyyətin daxili aləminin rənga-rəngliyini açıb göstərməkdən daha çox, şəxsiyyət kimi xarakterinin özünə-məxsusluğunu, möhtəşəmliyini, qətiyyətini, ali ideallarla yaşamaq bacarığını, iradəsini və s. təsvir etməkdir. Onun xarakteri daxili aləminin deyil, daxili aləmi ilk növbədə xarakterinin səciyyəvi cəhətlərini ifadəyə xidmət edir. M.Hadi şeirlərinin birində yazırdı ki, “insanları pək çox sevirəm, lakin uzaqdan”. H.Cavid də başqa bir şeirində eyni məsələni poetik şəkildə ifadə edirdi: “Uzaq, ey nəcmi-qeysu olar! Uzaq gəz, ərzə yaxınlaşma! Uzaqdan pək gözəlsin, məuzərən pək dadlı, pək dilbər”.

Həyat hadisələrinə uzaqdan baxış onlardan uzaqlaşmaq cəhdindən irəli gəlmir, əslində onlara hərtərəfli, bütöv, dolğun yanaşma məqsədini ifadə edir. Bu cəhət istər-istəməz romantiklərin təsvir prinsiplərinə də özünəməxsusluq vermişdir. Əsas məsələ onların öz idealarına əməl etməlidir. Romantik sənətkarlar xarakterləri formalaşma, mənəvi təkmilləşmə prosesində vermirlər, onlar formalaşmış xarakterlərintipik situa-siyalarda açılmasının təsvirini ön plana çəkirlər. Məlumdur ki, sentimentalizm Azər-baycan ədəbiyyatında geniş yayılmayıb. Əslində tədqiqatçılar sentimentalizmin milli ədəbiyyatımızda əsas nümayəndəsi kimi A.Divanbəyoğlunu götürürlər. Maraqlıdır ki, yazıçı haqqında ilk sistematik araşdırmanın müəllifi İ.Bəktaşi A.Divanbəyoğlunu bəzən romantik, bəzən də sentimental yazıçı kimi qiymətləndirmişdir (4, s. 81-89). Eyni sənətkara müxtəlif aspektdən yanaşma bir tərəfdən Azərbaycan ədəbiy-yatşünaslığında ədəbi metod və cərəyanların tam öyrənilmədiyini təsdiq edirsə, digər tərəfdən də sentimentalizmlə romantizmin bir çox parametrlər baxımından yaxın ol-duğunu göstərir.

“Sentimentalizm – fransızca sentimentalisme – sözündəndir. Bu soz ingilis dilində sentimental, fransızca sentiment deməkdir. Sentimental – həssas, tez mütə-əssiz olan, ürəyi nazik, təsirli deməkdir. Sentiment sözündə buna uyğun olub, hiss, duyğu, hissetmə qabiliyyəti, duyma qabiliyyəti mənasını verir. Sentimentalizm Av-ropa ədəbiyyatı və incəsənətində XVIII əsrin ikinci yarısından etibarən ədəbi cərəyan kimi formalaşmağa başlamışdır (5, s. 375).

Oxucunun zəkasına, ağlına deyil, ilk növbədə hissinə, duyğusuna hesablanmış sentimental əsrdə, heç şübhəsiz, lirik-psixoloji xətt ön plana keçirilir. Janr baxı-mından fərqlənsə də, A.Divanbəyoğlunun bir çox əsərlərində, o cümlədən “Can yanğısı” povestində lirik xətt daha qabarıq nəzərə çarpır. Povestdə lirik xətt bütün əsər miqyasındadır. Başqa sözlə desək, əsərdə müəllif təhkiyəsi də surətlərin nitqi də lirik tonallığı baxımından demək olar ki, bir-birindən fərqlənir. Məsələn, qoca dərvişin, əsərin baş qəhramanları Əhmədin və Ruqiyyənin danışığı lirik tonuna görə bir-birinə bənzəyir (bax: 6).

Lirik xəttin qabarıqlığı heç də həmişə psixologizmin də qabarıqlığını şərtləndirmir və ya qaçılmazlaşdırmır. Yazıçının yaradıcılığında psixologizm dövrün ədəbi nailiyyəti səviyyəsindədir. Yəni ədibin məqsədi psixoloji yox, hiss-duyğunun qabarıq əksini tapan əsər yaratmaq olmuşdur. Buna görə də sənətkar surətin mənəvi dünyasını təsvirin məlum vasitəsindən istifadə etmişdir. Onun əsərlərinin qəhr-əmanları yaşayırlar, sevir-sevilirlər, küsürlər-barışırlar, sevinirlər-dərdlənirlər və s. Amma onlar bütün bunlar haqqında düşünmürlər, yaşadıqlarını təhlil etmirlər. Nəti-cədə surətlərin psixoloji durumu hadisələrnin gedişinin vasitəsi ilə açılır.

Azərbaycan ədəbiyyatında realizm yaradıcılıq metodunun mərhələləri aşağıdakılardır: “maarifçi realizm, tənqidi realizm, sosialist realizm” (7, s. 7). Onu qeyd etmək lazımdır ki, realizmə mənsubluq sənətkarların hamısının ideya-məzmun və ya sənətkarlıq baxımından oxşarlığına dəlalət etmir. Lirik-psixoloji xəttin təza-hürü bir tərəfdən zamana görə inkişaf prosesindən keçmişdir, digər tərəfdən də bu metod əsasında yazıb-yaradan sənətkarların fərdi sənətkarlıq istedadından müəyyən mənada asılı olmuşdur.

Maarifçi realizmdə ali ideyaların təbliği ilə insanın dəyişdirilməsi, onun yetgin zəka və maarif işığı ilə şərtlənmiş fəal həyat mövqeyi qazanması, sosial əda-lətsizliklərə qarşı barışmazlıq hissi ilə yaşanmasının zəruriliyi ön plana çəkilirdi. İde-ya məktəbi, onun gedişini, surətlərin taleyini və s. müəyyənləşdirən ən vacib ədəbi amillərdən biridir. Buna görə də maarifçi realistlərin əsərlərində problemin, ideyanın ifadəsinə xidmət edən hadisəçilik təsvirinə xüsusi diqqət yetirildi.

Tənqidi realizm metoduna mənsub söz ustalarının qəhrəmanları nəinki mövcud həyatları ilə barışmırlar, onlar hətta “vətəndaş kasıblıqlarını” normaya, həyat tərzinə çevirmiş halların, zümrələrin tərəfdarı və müdafiəçisi statusunda çıxış edirlər. Usta Zeynal rahat adamların nümayəndəsidir. Novruzəli “düşünməyən” qəhrəmandır. “Narahat” yox, “narazı” yox, razı qəhrəmandır. Üsyan edən, fəryad edən yox, yuxu-layan, yatan qəhrəmandır. Odur ki, Mirzə Cəlili “niyə narahatsınız?” yox, “niyə rahatsınız?”, “niyə yatmısınız?” sualları düşündürürdü… Ədibi məhz “ölülük”dən razı qalanlar, dirilmək istəməyənlər, avamlığa, mömünliyə vərdiş edənlər düşün-dürürdü. Məsələ də onda idi ki, ölülükdən razı qalmağa başlamışdılar. Mömünlük məziyyət sayılmağa başlamışdı və işə bax ki, möminlər, hacılar və məşədilər İs-gəndərə, ölülər dirilərə gülməyə başlamışdı!” (7, s. 178-179).

Ölülüyün, zahirən rahat görünən, əslində isə narahatlıq doğuran həyat mövqeli insanların dirilmək istəməmələrinin bədii təhlil mərkəzinə gətirilməsi istər-istəməz özünəməxsus təsvir üsulu və vasitəsi tələb edirdi. Təbii ki, belə aktual və ağrılı problemlərin təsvirində lirik-psixoloji xətti bütün əsər miqyasında aparıcı xəttə çevir-mək mümkün deyildir. Belə hallarda yazıçılar iki vasitədən istifadə etməyə üstünlük verirlər: birincisi, bəzi sənətkarlar lirik-psixoloji xətti epizod miqyasında aktiv-ləşdirirlər, başqa epizodların təsvirində bundan istifadə etmirlər. Məsələn, Ə.Haq-verdiyevin “Xortdanın cəhənnəm məktubları” əsərindəki “Odabaşının hekayəsi”ni xatırlayaq. Bu əsərdə də ölülərlə dirilər arasında konflikt barışmaz xarakter daşıyır. Gövhərtacla Fərmanın sevgisi dirilərin sevgisidir və onların eşqinə “ölülər” mane olur. Yazıçı dirilər arasındakı eşq xəttini təsvir edərkən həm ümumi təkkiyə prose-sində, həm də surətlərin öz nitqində lirik lövhələr yaratmışdır. “Ölülərin” onların eş-qinə maneçiliyi isə hadisələrin gedişinin vasitəsi ilə daha qabarıq aşkarlanan psi-xoloji yaşantıların  təsvirini  şərtləndirmişdir (9).

İkincisi, bəzi sənətkarlar lirik psixoloji xətti zahirən tam ciddi planda əsərin təhkiyəsinə gətirirlər. Y.V.Çəmənzəmənlinin “Ağ buxaqda qara xal” hekayəsində bu təsvirlə qarşılaşırıq.  Mərsiyəxan lotular əlinə düşəcəyindən ehtiyatlansa da, namə-lum xanımın təklifini qəbul edir, onun evinə gedir. Siğə duasından sonra xanım üzü-nü açır: “Qara çatma qaşları, uzun kiprikləri, ağ buxağındakı qara xalı… ox olaraq mərsiyəxanın ürəyinə batmağa başladı” (9, s. 112). Hekayə boyu lirik xətt davam və inkişaf etdirilir. Adi siğə üçün xanımla görüşən mərsiyəxan tədricən onun gözəl-liyinin təsirinə düşür və qadına aşiq olur, ölü tədricən dirilir. Xanım onun sevgisini rədd edəndən sonra gənc və prespektiv din xadimi bir daha əvvəlki həyatına qayıda bilmir, vaxtından qabaq qocalaraq dünyasını dəyişir. Müəllif hətta onun ömrünün son illərinin təsvirində də lirik xətti eyni tutumda və tonla davam etdirmişdir.

Biz bu hekayədə lirik xəttin təsvirini görürük. Doğrudur, lirik xətt bəzi məqam-larda surətlərin psixoloji yaşantılarını da ifadə etmişdir. Xüsusən mərsiyəxanın psi-xoloji yaşantıları, gözəlliyinə vurulduğu xanımın ondan imtina edəndən sonra çək-diyi iztirab və əzablar, ömrünü mənasız yaşadığını dərk etməsi, peşmançılıq çəkməsi bütün hallarda, lirik xəttin qabarıq təsviri ilə müşayiət edilmişdir. Amma biz burada da hələ psixologizmin ənənəvi təzahür formasını görürük. Müəllif mərsiyəxanın çək-diklərini həm surətin zahiri tərəfini, həm də lirikxəttlə surətin vəziyyəti arasındakı təzadı qabarıq verməklə nail olmuşdur.

Ümumiyyətlə realizm, o cümlədən tənqidi realizm yaradıcılıq metodu əsasında yazıb yaradan sənətkarların hamısının əsərlərinin həm məzmun, həm sənətkarlıq baxımından eyni olduğunu söyləmək mümkün deyil. C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatı” M.F.Axundzadənin “Aldanmış kəvakib”dən nə qədər fərqlənirsə, S.M.Qənizadənin “Məktubati Şeyda bəy” əsəri də ondan bir o qədər fərqlənir. Müxtəlif fərqləri həm də lirik-psixoloji xəttin təsvirində də görmək müm-kündür. Nəzərə almaq lazımdır ki, S.M.Qənizadənin adı çəkilən əsərini bəzi tədqi-qatçılar sentimentalizm cərəyanının  nümunəsi kimi təhlil etmişlər (10). Belə yanaş-ma isə təsadüfi deyildir. Müəllifin əsərdə lirik xəttə maraq göstərməsi, psixologizmin müxtəlif formalarından istifadə etməsi, xüsusən də surəti öz-özünə danışdırması bütövlükdə əsəri, konkret halda surətləri bu və ya digər dərəcədə psixoloji aspektdən işləməyə imkan vermişdir.

  

ƏDƏBIYYAT:

  1. Cəfər M. Füzuli sevir. // M.Cəfər. Seçilmiş əsərləri, 2 cilddə, I cild, B.: Azərnəşr, 1973, 351s.
  2. Əliyev K. Azərbaycan romantizminin nəzəriyyəsi. B.: Elm, 2006, 204 s.
  3. Борев Ю.Б. Эстетика. М.: Издательство Политической Литературы, 1981, c. 399
  4. Bəktaşi İ. A. Divanbəyoğlu. B.: Gənclik, 1984, 160s.
  5. Литературный энциклопедический словарь. М.: Советская энциклопедия, 1987, c. 752
  6. Divanbəyoğlu A. Can yanğısı. B.: Gənclik, 1972,
  7. Yaşar Q. Azərbaycan realizminin mərhələləri. B.: Elm, 1980, 256s.
  8. Haqverdiyev Ə. Seçilmiş əsərləri, 2 cilddə, II cild, B.: Azərnəşr, 1971, 491s.
  9. Çəmənzəminli Ə.V. Əsərləri, 3 cilddə, I cild, B.: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyatı, 1996, 510s.
  10. Babazadə B. Azərbaycan sentimentalizmi. B.: Bakı Universitetinin nəşriyyatı, 2003, 109 s.

 

Малейка ГУСЕЙНОВА

Профессор АНК

ТВОРЧЕСКИЙ МЕТОД И ЛИРИКО-ПСИХОЛОГИЧЕСКИЙ СТИЛЬ

Резюме: Уже в начале ХХ века в Азербайджанской литературе прослеживаются все художественные тенденции. Такие течения, как романтизм, сентиментализм, критический реализм выявляются в произведениях своими специфическими качествами. В лирической прозе конфликт наблюдается не только в противостоянии образов, но и в борьбе с самим  собой.

Ключевые слова: романтизм, реализм, критический реализм, лирико-психологический метод

 

 

Maleyka HUSEYNOVA

Professor of ANC

CREATIVE AND LIRICO-PSYCHOLOGICAL METOD

Summary: Already in the early 20th century, you can be sech all the artistic processes in Azerbaijan literature. Romantic sentimentalism, critical realism such floves are indentified in the works currently owned by specific qualities. The lyrical mint shops in the conflict opposing fronts, not only between the images but also revealed in the struggle with the very way.  

Key words: romantizm, realism, critical realism, liriko-psycological metod

Mövzuya uyğun