Çahargah məqamına əsaslanan xalq mahnılarının nəzəri tədqiqi
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» № 3, 2017
Leyla ZÖHRABOVA
Bakı Musiqi Akademiyası, dosent,
sənətşünaslıq üzrə fəlsəfə doktoru
Ünvan: Şəmsi Bədəlbəyli 98
Email: leylaz7@mail.ru
UOT: 78.031.4
ÇAHARGAH MƏQAMINA ƏSASLANAN XALQ MAHNILARININ
NƏZƏRİ TƏDQİQİ
Xülasə: Məqalədə çahargah məqamına əsaslanan xalq mahnı nümunələri araşdırılır. Həmçinin bu məqamın digər janrlar ilə əlaqəsi, intonasiya xüsusiyyətlərinin özəlliyi tədqiq olunmuş və sistemləşdirilmişdir. Xalq mahnılarından təqdim olunan əyani musiqi nümunələri isə oxucu qarşısında elmi nəticələrin daha aydın izah olunmağına köməklik göstərir.
Açar sözlər: çahargah məqamı, muğam, xalq mahnısı, səssırası
Məlumdur ki, Azərbaycan məqamları həm kiçik və böyük sekundalı, həm də artırılmış sekundalı tetraxord quruluşuna malikdir. Rast, şur, segah və bayatı-şiraz məqamları ton və yarım tonlardan qurulur. Artırılmış sekundalı məqamlar isə çahargah, şüştər, I və II növ hümayun məqamlarıdır. Bunların hər birində artırılmış sekunda müxtəlif təqdirdə öz ifadəsini tapır. Əgər çahargah və I növ hümayun məqamında artırılmış sekunda tetraxordların daxilində istifadə olunursa, şüştər və II növ hümayun məqamında artırılmış sekunda tetraxordlar arasında yaranır.
“Çahargah” iki sözün birləşməsindən yaranıb. Çahar – dörd, gah – məkan, yer və səs, ün deməkdir. Yəni dördüncü məkan, dördüncü dayanacaq, yaxud dördüncü səs mənasını daşıyır. Çahargah məqamı Üzeyir Hacıbəylinin nəzəri konsepsiyasına əsasən yeddi əsas məqamdan biridir. Məlumdur ki, məqamın səssırası 0,5t.–1,5t.–0,5t. formulu ilə qurulmuş üç bərabər tetraxordun iki üsulla birləşməsindən yaranır. Belə ki, birinci ilə ikinci tetraxord qovuşuq üsulla, ikinci və üçüncü tetraxordlar isə ayrı birləşmə üsulu ilə birləşir.
Ü.Hacıbəyli “Çahargah” muğamı ilə bağlı şöbələrin ardıcıllığını aşağıdakı kimi təfsir edir: “Mayeyi-çahargah”, “Bəstə-Nigar”, “Manəndi-müxalif”, “Hisar”, “Müxalif”, “Mənsuriyyə” [1. s. 92-99]. “Çahargah” muğamı Azərbaycanın əsas muğam dəstgahlarından biri olmaqla yanaşı, həmçinin Yaxın və Orta Şərq xalqlarının şifahi ənənəli professional muğamı kimi geniş inkişaf etmişdir.
Azərbaycan professional musiqisinin banisi Ü.Hacıbəyli hər bir muğamı bədii təsir cəhətdən araşdırarkən, “Çahargah”ın həyəcan və ehtiras hissi oyatdığını göstərir [2, s. 34]. Ə.Bakıxanov isə “Çahargah”ı müharibə, döyüş ruhu” kimi xarakterizə edir [3, s.28]. Mir Mövsün Nəvvab özünün “Vüzuhül-Ərqam” əsərində çahargah məqamının göy gurultusu ilə əlaqədar yaradıldığını göstərir. O, “Çahargah” dəstgahının aşağıdakı şöbə və guşələrdən ibarət olduğunu yazır: “Çahargah”, “Segah”, “Zabul”, “Yədi-hisar”, “Müxalif”, “Məğlub”, “Mənsuriyyə”, “Zəmin-Xara”, “Mavərənnəhr”, “Hicaz”, “Şahnaz”, “Azərbaycan”, “Əşiran”, “Zəngi-şötör”, “Kərkuki” [4, s. 28].
“Çahargah” muğamının şöbə və guşələrinə biz, tarzən Mirzə Fərəcin cədvəlində də rast gəlirik. Burada “Çahargah” muğamı daha geniş şəkildədir. O, on yeddi şöbə və guşələrdən ibarətdir. Hazırda isə “Çahargah” muğam dəstgahı aşağıdakı şöbə və guşələrlə tədris olunur: “Bərdaşt”, “Mayə”, “Bəstə-Nigar”, “Hisar”, “Müalif”, “Qərrə”, “Müxalif”, “Mənsuriyyə”, “Üzzal”, “Çahargaha qayıdış”.
Sənərşünaslıq üzrə elmlər doktoru, professor Ramiz Zöhrabov “Çahargah” muğamı ilə bağlı yazır: “Çahargah” muğam dəstgahının inkişafı başqa dəstgahlar kimi, eyniadlı məqamda tədricən yüksək istinad pərdələrini tutmaqla əldə edilir. Bəmdən zilə qədər bu inkişaf prinsipi muğamda qabarıq şəkildə öz təcəssümünü tapır. Onu da deyək ki, “Çahargah”ın oxuma diapazonu “Şur” dəstgahı kimi çox böyükdür – iki oktava yarım. “Çahargah” parlaq virtuoz, qəhrəmani xarakterli, dərin dramatik məzmunlu bir dəstgahdır” [5, s. 142].
“Çahargah” muğamı ilə yanaşı, çahargah məqamına bir sıra digər janrların musiqi nümunələri də əsaslanır. Bunlar içərisində xalq musiqisinə aid xalq mahnı və rəqslərini, xalq professional musiqinin əsas janrı olan aşıq havalarını, eləcə də şifahi ənənəli professional musiqinin digər janrları olan rənglər, təsniflər, zərbi muğamlar və kiçik həcmli muğamlar aiddir. Azərbaycan xalq mahnıları arasında da bəzi nümunələr bu məqama dayaqlanır. Bəlkə də, az sayda mahnının bu məqama əsaslanmasını desək daha düz olardı. Bu xüsusiyyəti çahargahın xarakteri ilə bağlamaq olar. Çünki çahargah məqamında yazılmış bir sıra əsərlər digər məqamlardan fərqli olaraq cəngavər, igid, cəsur xarakterlidir. Biz, bu məqamın təzahürünü daha çox xalq rəqslərində müşahidə edə bilirik. Bu nə ilə izah oluna bilər? Azərbaycan xalq mahnı janrında məlumdur ki, böyük bir qisim mahnılar məhz sevgi, məhəbbət mövzusuna əsaslanır. Həmin mahnıların çoxu şur, segah, qismən də rast məqamlarına əsaslanır. Yəni məqamların xarakterindən irəli gələrək bayatı-şiraz, hümayun, eləcə də çahargah məqamlarına nisbətən az rast gəlinir. Lakin xalq rəqslərinə müraciət etsək görəcəyik ki, bir sıra rəqslər rast, şur, segah məqamına əsaslanmaqla yanaşı, çahargaha da aid nümunələrdir. “Şalaxo”, “Maralı”, “Bənövşə”, “Çobanlar”, “Sabirabadı”, “Xançobanı”, “Zorxana-cütçü” və s. rəqslər buna bariz nümunə ola bilər. Bu rəqs nümunələrində çahargahın intonasiya xüsusiyyətləri, geniş diapazon məsafəsi əhatə olunur.
Xalq mahnıları içərisində çahargah məqamına əsaslanan mahnılardan biri “Budur, bir cüt qara göz”dür (6, №137). Mahnı ümumilikdə dörd cümlədən təşkil olunub. Hər cümlə dörd xanədən ibarət olaraq çahargah məqamının tonikasında (IV pillə – “fa1”) tamamlanır. Cümlələr sual cavab quruluşunda ardıcılllaşır. Belə ki, onu aşağıdakı sxemə əsasən göstərmək olar:
A B A1 B1
4x. 4x. 4x. 4x.
“A” və onun variantı alt tetraxordun səsləri üzərində, “B” və onun variantı isə orta tetraxordun səsləri üzərində vaqe olur. O da, maraqlıdır ki, “A” cümlələrin ikisində hər bir xanə tonika (fa1) üzərində bitir. Məqamın istinad dayaq pilləsinin daim vurğulanması qapalılığı yaradır. Hər birisindən bir cümləni əyani göstəririk:
Çahargah məqamına əsaslanan digər nümunə “Gəl, gəl ay ellər gözəli” (6, №85)mahnısıdır. Bu mahnıda cümlələr iki xanəli ibarələrə ayrılır. Yuxarıdakı nümunədən fərqli olaraq burada hər xanə deyil, hər bir ibarə (2 xanəli musiqi düzümü nəzərdə tutulur) tonika pilləsi (re2) üzərinə dayaqlanır. Mahnının səs diapazonu da bir qədər genişlənmişdir. O, əksildilmiş septima məsafəsini yaradır. Həmin mahnının musiqi ibarələrini və diapazonunu aşağıdakı not nümunələrində təqdim edirik.
Gördüyümüz kimi, çahargah məqamına əsaslanan xalq mahnıları say etibarilə azdır. Çahargah məqamında yazılan melodiyalar əsas etibarilə mayədə qurulmasına görə, hər iki mahnının musiqi materialında tonika səsləri daim təkrarlanır. Bu xüsusiyyət isə, çahargahdan başqa məqamlara keçidi məhdudlaşdırır.
ƏDƏBİYYAT:
- Hacıbəyli Ü.Ə. Azərbaycan xalq musiqisinin əsasları. B.: Apostrof, 2010, 173 s.
- Hacıbəyov Ü.Ə. Əsərləri, II cild, B.: Elm, 1965, 408 s.
- Bakıxanov Ə.M. Ömrün sarı simi. Məqalələr və xatirələr. Tərtibçilər: Tofiq Bakıxanov və Məmmədrza Bakıxanov. B.: İşıq, 1985, 78 s.
- Сафарова З.Ю. Мир Мохсин Навваб. Б.: Язычи, 1983, 125 c.
- Zöhrabov R.F. Muğam. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1991, 219 s.
- Azərbaycan xalq mahnıları. II cild. B.: Öndər, 2005, 128 s.
Доктор философии, доцент
ОСОБЕННОСТИ НАРОДНЫХ ПЕСЕН В МАКАМЕ ЧАХАРГЯХ
Резюме: В статье рассматриваются интонационные особенности народных песен в макаме чахаргях. Выясняется, что они малочисленны, а представленные в статье примеры чётко проясняют характерную черту данных образцов, для которых не свойственны ладовые модуляции.
Ключевые слова: чахаргях, мугам, народная песня, звукоряд
Doctor of Philosophy, assistant professor
SCIENTIFIC RESEARCH OF NATIONAL SONGS ON THE BASE OF CHAHARGAH’S MODE
Summary: The article examines samples of folk songs based on the modal сhahargah. In addition, the intonational features of the chahargah’s mode are studied and systematized by its relations with other genres. Presented illustrative examples of songs help the reader to clearly explain the scientific results.
Key words: chahargah, mugham, folk song, scale
Rəyçilər:
Sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev