AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

KONSERVATORİYA” 2017 № 2 (36)

Rəna MƏMMƏDOVA

                                                 ADPU-nin müəllimi

Ünvan: Bakı, Nəsimi rayonu, Üzeyir Hacıbəyli 68

Email: mamedovarana@mail.ru

UOT 746.02

 

AZƏRBAYCANDA BƏDİİ TIKMƏ SƏNƏTİNİN TARİXİ İNKIŞAF YOLUNA DAİR

PDF

         Xülasə:Tikmələr — xalqın maddi və mənəvi mədəniyyətinin nəticəsi olaraq çox uzun və mürəkkəb inkişaf  yolu keçmişdir. Onlar mənsub olduğu  xalqın tarixi ilə sıx bağlı olmuş,  milli mədəniyyətin öyrənilməsi  üçün qiymətli mənbələrdən birinə çevrilmişlər. Xalq yaradıcılığının tarixi, onun etnoqrafik və bədii xüsusiyyətləri bədii tikmələrdə öz əksini tapır.

         Açar sözlər: Tarixi araşdırmalar, tikmələr, bədii tikmə sənəti

        Azərbaycan mədəniyyətinin zəngin bədii təsvir vasitələrinə malik olan, ən zərif, incə sahələrindən biri də tikmə sənətidir. Bədi itikmələr uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş xalqın maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan tikmələr, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini bədii tikmələrdə tapır. Bədii tikmələr maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətini əks etdirməklə yanaşı sabit etnik əlamətlər sırasına daxildir. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində, həm də bədii tikmə, toxuma və toxuculuqda özünü daha çox büruzəverir.

     Araşdırmalar göstərir ki, Azərbaycanda əsl mənada milli tikmələr məktəbi yaradılıb. Burada müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar tətbiq edilir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daş-qaşdan da geniş istifadə edilirdi.

      Azərbaycanda dekorativ-tətbiqi incəsənətin bir növü olan naxış tikmələrinin tarixi uzaq keçmişə gedib çıxır. Belə təsvirləri Azərbaycanda eramızdan öncə III minilliyə aid qədim sənət nümunələrinin üzərində görmək mümkündür. Bədii tikmələrin ilk nümunələrinə biz hələ Sasanilər dövründə rast gəlsək də bu sənəti get-gedə təkmilləşərək Orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutmuşdur

     Tarixi araşdırmalar və regionda üzə çıxarılanarxeoloji materiallar xalq arasında yayılan naxış növlərinin geniş çeşidini müəyyənləşdirməyə imkan verir. Yüz illər öncə burada işlənən tikmələrdəki naxış növləri əl işlərinə xüsusi gözəllik verirdi.

     XI və XII naxış sənətı Azərbaycanda çox inkişaf etmişdi. İpək zəmin üzərinə inci ilə müxtəlif motiv və naxışlar işlənirdi. Azərbaycan tikmələri barədə məlumata IX-XI əsr ərəb müəlliflərinin və klassik şairlərin – Nizami, Füzuli əsərlərində də rastgəlirik. Orta əsrlərdə Səlib yürüşlərinin başlaması, Şərqlə Qərb arasında ticarət əlaqələrinin inkişaf etməsi,Şərqdə işlənən tikmələrdəki naxış növlərindən,əl işlərindən və sənət nümunələrindən yaranmış gözəl əsərlərin Avropa ölkələrində tanınıb yayılmasına səbəb oldu.

   XIV-XVII əsr Təbriz miniatürlərində təsvir olunan personajların geyimində və bəzi məişət əşyalarının üzərində ornamental təsvirli tikmə nümunələrinə də təsadüf olunur.

    XVI-XIX əsr Azərbaycan tikmə sənətinin bəzi nümunələri Sankt-Peterburq, London, Moskvadakı Şərq Xalqları Muzeyində və dünyanın tanınmış muzeylərində mühafizə olunur. Hazırda Türkiyə muzeylərində parça və tikmə sənətimizi təmsil edən bir neçə yüksək səviyyəli əsərlərimiz vardır ki, bunlar da əsas etibarı ilə İstanbulun Topqapı sarayı muzeyində cəmlənmişdir. Bu görkəmli muzeydə saxlanılan parça və tikmə sənətimiz içərisində ikisi xüsusilə diqqəti cəlb edir. Onlardan biri XVI əsrə aid sujetli parça tikəsidir, o birisi isə gülbətin tikməli xələtdir.

     Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və s. şəhərlər mühüm yer tuturdu. XVII əsrdə bədii tikməli parça istehsalının Şamaxı əhalisinin əsas peşələrindən birinə çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir.

     Hələ qədim zamanlardan mirvari və muncuqla bəzədilmiş geyimlər və məişət əşyaları və s. məlumdur. Muncuqla tikmə məmulatına nümunə olaraq Azərbaycan tarixi muzeyinin etnoqrafiya fondunda saxlanılan materiallar içərisində XVIII əsrdə hazırlanmış Gəncə xanı Cavad xana məxsus olan çubuğunu göstərmək olar. Bu çubuq başdan-başa rəngli toz muncuqla örtülmüşdür. Üzəri mirvari və qızıl piləklərlə örtülmüş XVIII əsrə aid olan qadın geyimi qolları böyük ustalıqla hazırlanmışdır.

      XIX əsrdə Azərbaycan tikmə sənəti əsasən Şamaxı, Bakı, Naxçıvan, Şəki, Quba şəhərlərində cəmləşirdi. Lənkəran, Gəncə, Qazax şəhərlərində tikmə ilə qismən məşğul olurdular. Hər şəhər, qəsəbə özünəməxsus tikmə dəst-xəttinə, bədii üslubuna malik idi. Lakin XIX əsrdə Azərbaycan bədii tikmə sənəti başlıca olaraq iki istiqamətdə: Şəkidə — qüllabduzluq, Bakı və Şamaxıda isə güləbətin tikmə üzrə inkişaf edirdi.

    Azərbaycanda şəhər məişətinin və geyim mədəniyyətinin bər-bəzək tələb edən yüksək inkişaf səviyyəsinə çatması faktı da bədii tikmələrə marağı artırmışdır. Xüsusilə, kübar qadınların daş-qaşla süslənmiş geyim dəsti və məişət əşyaları tikmə üsulu ilə bəzədilib daha da yaraşıqlı görkəmə salınırdı. Cavan qız gəlinlər həyatları boyu böyük həvəs və hövsələ ilə əllərində olan müxtəlif növ tikmələr,bədii təsvir vasitələrindən istifadə edərək, öz geyim və məişət əşyalarını bəzəyib könül oxşayan yaraşıqlı hala salmağa çalışırdılar.

      XIX əsrdə görkəmli şairə Xurşidbanu Natəvan bu sahədə xüsusi fəaliyyət göstərmişdir. Xan qızı Natəvan gözəl şeirlərlə bərabər, zərif tikmələrin də müəllifi idi. Onun hazırda muzeydə saxlanan bir albomunun üz qabığı onun öz əli ilə işlənmiş muncuqlu tikmə ilə örtülmüşdür. Rəngarəng muncuqlarla bəzədilən bu tikmədə qovaq ağacı təsvir olunur. Qeyd edək ki, hazırda Bakıda və Azərbaycanın digər bölgələrindəki tarix və incəsənət muzeylərində Natəvanın texniki üsulla icra olunan və yüksək bədii xüsusiyyətlər kəsb edən bir neçə tikməsi saxlanılır.

   Xurşidbanu Natəvanın müasiri Həsənbəy Yüzbaşı onun əl işlərini belə səciyyələndirir: «Bunu nəinki adi bir insan, hətta Şərqin məşhur rəssamlarından olan Mani və Behzad da yarada bilməzdi” (1, s. 208).Muncuqlarla bəzədilən belə bədii tikmələrdən birini Xan qızı Natəvan 1858-ci ildə Qarabağa gəlmiş məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə edib. Əl işinin incəliyinə heyran qalan Düma onu “ən qiymətli hədiyyə” adlandırıb. Natəvanın əl işləri və rəsmləri öz dövründə də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, onun rəsmləri dəfələrlə Rusiyanın müxtəlif şəhərlərində təşkil olunan sərgilərdə nümayiş etdirilib. 1882-ci il Ümumrusiya sərgisinin Qafqaz şöbəsi vitrinində qoyulan sənət nümunələri arasında Xan qızının mahud üzərində qızılı və gümüşü saplarla toxuduğu əsərlər xüsusilə seçilirmiş.

     Bu gün də Azərbaycanın bir çox şəhərlərində kökü qədim çağlara gedən bədii tikmə məktəbi qorunub saxlanır. Azərbaycan ustalarının əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir.

       Çox vaxt bir naxışı görəndə onun hansı xalqa aid olduğu o dəqiqə aydınlaşır. Azərbaycanda naxışların əsas özəyini butalar təşkil edir. Hər hansı bir milli geyimimizi götürsək, orda bu və ya digər formada butalardan və müxtəlif digər elementli naxışlardan istifadə olunduğunu müşahidə etmək olar.Naxış vurma parça, iynə,saplar və digər materiallardan hazırlanmış sənətkarlıq nümunəsidir. Naxış vurmada həmçinin mirvari, muncuq və pilək kimi materiallarıdan da istifadə  oluna bilər. Müasir dövrdə bu sənət ən çox baş geyimlərində, yun köynək, pərdələrdə, yataq dəstlərinin bəzədilməsində və milli geyimlərdə tətbiq edilir. Naxışların bəzədilməsində müxtəlif tərkibli və rəngli saplardan istifadə olunur.

    Naxış tikmə sənəti Azərbaycanla yanaşı Orta Asyada, Türkiyədə də çox yayılmışdır. Ancaq naxışlar şəkillərinə və formasina görə bir-birindən fərqlənir. Hər xalqın özünəməxsus naxış ornamentləri vardır. Bu xüsusiyyətlər əsrlərdən bəri öz məxsusluğunu qoruyub saxlamışdır.

     Hər zaman naxış tikmə sənəti qadınların sevimli məşğuliyyəti olub. Göz nuru ilə ərsəyə gələn əl naxışı, qadınlarımızın, qızlarımızın könlünün dilidir. Naxışların ənənəvi el sənətlərimizdə işlədilən hər bir motivi, hər bir tikməsi ayrı bir duyğunu, düşüncəni ifadə edir. İlmələrdən yaranan naxışlar, yaşanılan və düşünülən acılı-şirinli neçə duyğuların, xatirələrin işartısındayaranmış bir sənət əsəridir. Ən qədim dövrlərdən bu günümüzədək insanların zövqünü oxşayan bu sənət növü xalqın geyimlərində, müxtəlif bəzək və məişət əşyalarında sevə-sevə istifadə edilir.

   Müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə artıq kompüterli, yaxud yarıavtomatik maşınlarla tikilən naxışlar daha geniş yayılsa da əl əməyinaxışların hər zaman ayrı bir yeri var. Maşınlarla tikilən naxışlar nə qədəriqtisadi,vaxt baxımından əlverişli olsada, əl naxışına dəyərini verə bilməz. Keçmişdən günümüzə qədər nəsildən-nəslə inkişaf edərək, müxtəliflik baxımından zənginləşən əl naxışı işləri, bu gün də öz aktualığını qoruyub saxlayır.Düzdür, hazırda çox az insan tapılar ki, onun qədim tikmə sənətimizin bütün növləri haqqında məlumatı olsun. Bizdən uzaqlaşmaqda olan bu xalq sənətini, el əmanətini yaşadan rəssamların, bədii tikmə ustalarının olması bizi sabaha ümidləndirir.

     Sevindirici haldır ki, Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu xalq sənətinin bütün sahələrinin inkişafına böyük diqqət ayırır, qayğı göstərir. Bir zamanlar bədii tikmə ustalarının əl işləri evlərdə qalırdısa, bu gün onlar üzə çıxarılır, müxtəlif sərgilərdə nümayiş etdirilir, mağazalarda satılır. Hazırda bədii tikmə nümunələrinə xalq arasında ciddi maraq və tələbat yaranıb. Çox yaxşı əlamətdir. Bu əsasən xalqımızın milli kökünə qayıtması, milli dəyərlərimizə sahib çıxması və xalqın mədəniyyətinin varisliyini sübut edir.

ƏDƏBIYYAT:

  1. Əfəndi R. Azərbaycan incəsənəti. B.: Şərq-Qərb 2007, 397s.
  2. Mustafayev A.H. Azərbaycanın maddi mədəniyyət tarixi. B.: Bakı Universiteti, 2009, 234 s.
  3. Əfəndiyev R. Azərbaycanın bədii sənətkarlığı. B.: Azərnəşr, 1966, 227 s.
  4. Əzizbəyova P.Ə. Azərbaycan tikmələri M.: İskusstvo, 1971, 110s.
  5. Kiliçevskaya Z.A. Azərbaycanın maddi mədəniyyəti. B.: Azərbaycan SSR EA nəşriyyatı 1949, 244s.
  6. Qazıyev A.Y. Tətbiqi incəsənət IV cild : Azərnəşr 1954, 375 s.

Рена МАМЕДОВА

Преподаватель АГПУ

ВЫШИВКА —  ИСТОРИЯ КРАСОТЫ

Pезюме: Искусство вышивки тесно связано с историей и культурой азербайджанского народа и является одним из ценных источников егоизучения. История народного творчества, его этнографические и художественные особенности находят свое отражение на вышивках.

Ключевые слова: исторические исследования, вышивка, искусство вышивки

Rena MAMMADOVA

Teacher of ASPU

                                 EMBROIDERY-HISTORY OF BEAUTY           

Summary: Embroideries are the result of very long and hard path of development, thanks to the material and moral (spiritual) culture of the people. Embroidery closely associated with the history of people, which is one of the valuable sources in order to learn about its culture. The history of folk art, ethnographic and artistic features are reflected in embroideries.

Keywords: historical research, embroidery, the art of embroidery              

 

Rəyçilər:

ADPU-nın dosenti, fəlsəfə doktoru Səadət Musayeva

ADPU-nın dosenti Səkinə Əliyeva

Mövzuya uyğun