Daim axtarışda olan musiqişünas-alim, pedaqoq — İmruz Əfəndiyeva
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” 2020 № 4 (49)
DAİM AXTARIŞDA OLAN MUSİQİŞÜNAS-ALİM, PEDAQOQ – İMRUZ ƏFƏNDİYEVA
O adam ki, bilir və biliyi ilə başqalarını heyran edir,
o, alimdir, ona ehtiram edin!
N.Tusi
İmruz xanım Əfəndiyeva, xeyirxahlıq və tələbkarlıq, yüksək mədəniyyət, özünü inkişaf etdirmək üçün enerji və bilik mənbəyidir. Müəlliməm, sonralar isə elmi rəhbərim olan İmruz xanım, elmi-yaradıcı həyatımda heç düşünə bilməyəcəyim dərəcədə ən böyük rollardan birini oynayacaq. Elm və bilik xəzinəsinin “sirli qapılarından” birinin açılmasında bu cür alimlərin, şəxsiyyətlərin rolu danılmazdır. Onlar, şərəfli və çoxşaxəli yaradıcılıq fəaliyyətindən öncə, coşğun və yorulmaz insan, vətənpərvər, pedaqoqdurlar.
Yəqin oxucularımıza artıq bəlli oldu ki, bu məqalədə Azərbaycanın tanınmış musiqişünas-alimi, pedaqoqu,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, prezident təqaüdçüsü İmruz Məmmədsadıx qızı Əfəndiyevadan söhbət gedəcək. Bu il o, 85 illik yubileyini qeyd edir.
İmruz xanımın musiqi mədəniyyətimizin, elmimizin və təhsilimizin inkişafında bir musiqişünas-alim, ictimai xadim və ən əsası pedaqoq kimi özünəməxsus rolu hamıya yaxşı məlumdur. O, mədəniyyətimizin, musiqimizin ön sıralarında duran, Azərbaycan musiqi fikrinin inkişafında xidmətləri ilə tanınan alimlərimizdəndir. Altmış ilə yaxın bir müddətdir ki, o, səmərəli pedaqoji fəaliyyətini böyük məhəbbət və vicdanla yerinə yetirir. Tanınmış alim İmruz xanımın portretini canlandırmaq, vətəndaş və gözəl insan kimi şəxsi keyfiyyətlərini bir məqalə çərçivəsində oxuculara çatdırmaq olduqca çətindir. Çünki İmruz xanımın qeyri-adi şəxsiyyətini, mənəvi gücünü və həyat eşqini açıqlamadan, elmi axtarışlarının nailiyyətlərini anlamaq mümkünsüzdür.
İmruz xanım Əfəndiyeva musiqi elmi ilə ictimai və pedaqoji fəaliyyətini üzvü vəhdət şəklində birləşdirməyə nail olan elm xadimlərimizdəndir. Onillər boyu apar- dığı pedaqoji fəaliyyəti tanınmış alimi sevimli müəllim kimi təqdim etsə də, musiqi elminin rəngarəng və mürəkkəb problemlərini araşdırmaq əzmi onun həyat kredosunun əsas sahəsini təşkil edir.
İmruz xanım Əfəndiyeva aşağıdakı elmi kitab və dərsliklərin müəllifidir: Новое в азербайджанской песне (1958-1972) – Баку, 1974; Азербайджанская советская песня – Баку, 1981; Композитор Тельман Гаджиев– Бакı, 1983; Джангир Джангиров (буклет) – Баку, 1985; Гордость азербайджанского народа – Bakı, 1996; Vasif Adıgözəlov. Баку, 1999; Музыка для детей в творчестве Севды Ибрагимовой – Баку, 2003 ; Sekvensiyalar (milli musiqi əsasında) metodik tövsiyyələr. Bakı, 2005; Emin Sabitoğlu- Bakı, 2014; Axtarış yollarının bəhrəsi – Bakı. 2014; Musiqi mədəniyyətimiz və müasirlik. Bakı 2016; Harmoniya fənnindən xor dirijorluq üçün dərslik — Əlyazma, Bakı, 2016
İmruz xanımın ayrı-ayrı bəstəkar portretlərinə, bəstəkar yaradıcılıqlarına həsr edilmiş tədqiqat işləri, musiqi nəzəriyyəsi və onun aktual problemləri ilə bağlı elmi araşdırmaları Azərbaycan musiqi elmində lazımincə qiymətləndirilir. Musiqişünas-alim elm aləminə sırf musiqi nəzəriyyəçisi kimi gəlmiş, harmoniya, forma və polifoniya üzrə klassik təlimləri mənimsəyərək, onların müddəalarını müasir musiqiyə və ilk növbədə Azərbaycan bəstəkarlarının yaradıcılıqlarında uğurla tətbiq etmişdir. İmruz xanım Azərbaycan milli musiqisinin müxtəlif janrları əsasında bəstələnmiş 200-dən çox sekvensiyanın müəllifidir. Bütövlükdə götürsək, İmruz xanım Əfəndiyeva Azərbaycan musiqişünaslıq elminə yaxşı məktəb keçmiş bir nəzəriyyəçi kimi gəlmiş, özünün geniş dünyagörüşü sayəsində müxtəlif mövzulu diplom və dissertasiya işlərinə də bacarıqla rəhbərlik etmişdir.
1968-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Uzun illər boyu, mütəmadi olaraq Bəstəkarlar İttifaqının xətti ilə respublikamızda, Moskva, Sankt-Peterburq, Kiyev, Tiflis, Minsk, Tallin, Səmərqənd və s. şəhərlərdə keçirilən plenumlarda, elmi konfranslarda, beynəlxalq simpoziumlarda maraqlı elmi-nəzəri araşdırmaları, məruzələr ilə çıxışlar etmişdir. Bundan əlavə xüsusilə qeyd etmək lazımdır ki, İmruz xanım milli televiziya və radioda yayımlanan “Müasir mərhələdə Azərbaycan mahnı- sı” adlı silsilə verilişin müəllifi olmuşdur. Bu verilişlərdə bəstəkarlarımızın yaradıcı- lığı, onların bəstələdiyi əsərlər haqqında dolğun məlumatlar yer almışdır.
Dahi Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyası zəngin tarixə malik elm və təhsil ocağıdır. Musiqi Akademiyasının həm elm sahəsində, həm də tədrisdə uğurlar əldə etməsində əlbəttə ki, olduqca nüfuzlu alim, pedaqoq, sənət xa- dimlərinin misilsiz payı olmuşdur. Musiqi Akademiyasında elm və tədrisdə aparılan işlərin bütün ağırlıqları məhz bu insanların çiyninə düşmüşdür. İmruz xanım Əfəndiyeva da uzun illər burada əzmlə çalışan musiqişünaslarımızdandır. O, Üzeyir Hacı- bəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi Nəzəriyyəsi” kafedrasının aparıcı müəllimlərindən biridir. 60 ildir ki, İmruz xanım səmərəli pedaqoji fəaliyyətini sevə-sevə davam etdirir. Bu illər ərzində çiyinlərinə düşən çətin və eyni zamanda şərəfli vəzifəsini əzmlə yerinə yetirən alim-pedaqoq İmruz xanım Əfəndiyeva, yüksək ixtisaslı kadrlar hazırlamaqla yanaşı, ehtiyac duyulan sahələrdə də həmkarlarının kömə- yinə gəlir, ümumi işin yüksək səviyyəsi naminə yorulmadan çalışır.
İmruz xanım Əfəndiyeva bütün mənalı ömrünü ali məktəbimizin, elm və təhsilin inkişafına həsr etmişdir. O, tələbə elmi cəmiyyətinin rəhbəri, Ü.Hacıbəyli adına BMA-nın kafedra müdiri və dekan vəzifələrinin tutulması ilə bağlı müvafiq komissi- yanın sədri, İxtisaslaşmış Müdafiə Şuranın üzvü, Elmi seminarın sədri və üzvüdür.
Dövlətimiz alim-musiqişünas İmruz xanım Əfəndiyevanın bu şərəfli yolda xid- mətlərini yetərincə qiymətləndirmişdir: Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar in- cəsənət xadimi fəxri adına layiq görülmüş, 1986-cı, 2005-ci, 2012-ci və 2016-cı illər- də Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarlarına əsasən, yüksək ixtisaslı musiqiçi kadrların hazırlanması sahəsində uzun müddət səmərəli pe- daqoji fəaliyyətinə görə Fəxri Fərmanlarla təltif edilmişdir.
Əziz və sevimli müəllimim, elmi rəhbərim İmruz xanım! Sizi əlamətdar yubileyiniz münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə dərin hörmətimi, sonsuz məhəbbətimi bildirir, möhkəm can sağlığı, yorulmaq bilməyən, tükənməz olan yaradıcılığınızda uğurlar arzu edirəm.
Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru