Azərbaycan milli musiqisində Əhməd Bakıxanov yaradıcılığı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
AMK-nın baş müəllimi
Azərbaycan milli musiqisində Əhməd Bakıxanov yaradıcılığı
Açar sözlər: Əhməd Bakıxanov, muğam, milli musiqi, tar, xalq çalğı alətləri orkestri
Azərbaycanın məşhur musiqi ifaçıları təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqlarda şöhrət qazanmışlar. Bu ifaçılar Azərbaycan milli musiqi mədəniyyətinin qurulmasında və inkişafında əvəzsiz rol oynayıblar. Belə ifaçılardan olan Əhməd Bakıxanov milli musi-qimizin gözəl sənətkarı olmaqla yanaşı, dərin muğam bilicisi, böyük bir musiqiçi-tarzən nəsli yetişdirən pedaqoq, xalq çalğı alətləri ansamblının yaradıcısı və bəstəkar kimi tarixə daxil olmuşdur. Ə.Bakıxanovun yaradıcılığı öz genişliyi və çoxşaxəliliyi ilə seçildiyi üçün ona bir neçə aspektdən yanaşmaq lazımdır. Onun yaradıcılıq fəaliyyəti muğam ifaçısı, muğam müəllimi, çoxtərkibli xalq çalğı alətləri ansamblının bədii rəhbəri və muğam bilicisi kimi səciyyələnir.
Bildiyimiz kimi, Ə.Bakıxanov tar çalmağı müstəqil şəkildə öyrənib. Bakıxanovların evində tez-tez musiqi məclisləri keçirilməsi balaca Əhmədə böyük təsir etdiyindən artıq 10 yaşında ikən o, tar çalmağa həvəs göstərdi. İran Azərbaycanında yaşadığı müddətdə məşhur muğam ustası Əbülhəsən xandan dərslər alib. Öyrənməyə həvəsi onu sonrakı illərin gözəl muğam bilicisinə və sol əllə çalmasına baxmayaraq, səlist ifaçılıq qabiliyyəti ilə seçilən tarzənə çevirir. “Əhməd Bakıxanov bir tarzən kimi xüsusi mövqe tutur. Həssas dinləyici tarın səsindən, tembrindən və mizrabın vurulmasından çalanın Əhməd Bakıxanov olduğunu hiss edir” (6, s. 5). D.Məmmədbəyovun “Muğam ustası Əhməd Bakıxanov” kitabında verdiyi bu təsvir ifaçının dinləyici tərəfindən tanınıb sevildiyinə bir sübutdur.
Ü.Hacıbəyli ilə tanışlıq Ə.Bakıxanovun bir tarzən kimi yaradıcılığına böyük təsir göstərmişdir. Belə ki, o, Ü.Hacıbəyli üçün dəfələrlə tarda muğam ifa etmişdir. “Bayatı-Şiraz”, “Hümayun”, “Nəva” dəstgahlarını, “Dəşti”, tarzən ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-Nişapur” və “Əbu-Əta” muğamlarını məhz Ə.Bakıxanov Ü.Hacıbəyli üçün onun xahişi ilə çalmışdır. Xüsusilə, dahi bəstəkar və musiqişünasın “Azərbaycan xalq musiqisinin əsasları” kitabını yazarkən Ə.Bakıxanovun canlı ifası bir əyani nümunə kimi Ü.Hacıbəyli üçün yardımçı olmuşdur.
Beləliklə, Ü.Hacıbəyli Ə.Bakıxanovu, Cabbar Qaryağdığolunu, Mirzə Mənsur Mənsurovu, Ağalar Əliverdibəyovu 1929-cu ildə konservatoriyada dərs deməyə dəvət edir. 1933-cü ildən isə o, Asəf Zeynallı adına Musiqi Texnikumunda (Kollecində) ömrünün axırına kimi müəllimlik fəaliyyətini davam etdirib.
Ü.Hacıbəylinin təklifi ilə Ə.Bakıxanov muğamlarımızın yeni tədris proqramını tərtib edir. Əgər əvvəllər tələbələrə cəmi beş muğam – “Rast”, “Çahargah”, “Şur”, “Bayatı-Şiraz”, “Segah” öyrədilirdisə, Ə.Bakıxanovun yeni proqramına “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Dügah”, “Hümayun”, “Nəva”, “Rəhab”, “Şahnaz”, “Bayatı-kürd”, “Dəşti”, “Mirzə Hüseyn segahı” və “Zabul-segah” kimi muğamlar da əlavə olunur. Konservatoriya üçün proqram tərtib etməklə yanaşı, o, musiqi məktəblərinin tar, kamança, xanəndə sinfi üçün proqramlar da hazırlayır, xalq çalğı alətlərinin təkmilləşdirilməsində fəal iştirak edir.
Konservatoriyada dərs dediyi müddətdə pedaqoq böyük tarzən nəsli yetişdirmiş, onlara muğamın incəliklərini aşılamışdır. Adil Gəray, Əliağa Quliyev, Orxan Orxanbəyli, Baba Salahov, Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Firudin Ələkbərovla yanaşı, İranın məşhur tarzənləri Əli Səlimi və Adil Axundzadə də Ə.Bakıxanovun yetirmələridir. İfaçı nəsli yetişdirməklə yanaşı, məşhur olan bir sıra bəstəkarlara da məhz muğamı Ə.Bakıxanov öyrətmişdir. Bu sırada Arif Məlikov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Ağabacı Rzayeva, Nəriman Məmmədov, Adil Bəbirov kimi bəstəkarların adını sadalamaq olar. Qeyd etmək lazımdır ki, musiqişünas-bəstəkar N.Məmmədov 50-ci illərdən başlayaraq Ə.Bakıxanovun ifasından səkkiz muğamı nota salmış, həmin əsərlər Moskva və Bakıda nəşr edilib.
İfaçı olmaqla yanaşı, Ə.Bakıxanov dövrü mətbuatda da öz sözünü demiş, sözün təsiredici qüvvəsindən məharətlə bəhrələnmişdir. Yaşadığı dövrün aktual problemləri həmişə onun maraq dairəsində olub. Həmçinin özündən əvvəlki nəslin musiqiçiləri və onların yaradıcılıq ənənələrini örnək sayaraq öz düşüncə və tövsiyələri ilə də musiqi həyatında yeni fikir, yeni söz deyə bilib. Bu məqalələr Ə.Bakıxanovun oğlanları – Tofiq Bakıxanov və Məmmədrza Bakıxanov tərəfindən toplanılaraq “Ömrün sarı simi” kitabında nəşr edilib. Kitabda tarzənin məqalələri ilə yanaşı, xatirələri də yer alıb.
“Əhməd Bakıxanovun ifaçılıq fəaliyyətinin ən parlaq səhifələrindən birini, şübhəsiz, onun xalq çalğı alətləri ansamblındakı işi təşkil edir. O, uzun illər ərzində bir sıra musiqi ansambllarının rəhbəri olmuşdur. Onların ən əhəmiyyətlisi Azərbaycan radiosunun nəzdindəki xalq çalğı alətləri ansamblıdır” (5, s. 31). 1941-ci ildə Radio Komitəsi nəzdində Xalq çalğı alətlər ansamblı Ü.Hacıbəylinin təşəbbüsü ilə Ə.Bakıxanov tərəfindən təşkil olunmuş və o, bu ansambla ömrünün axırına kimi rəhbərlik etmişdir. Məhz elə Radio Komitəsinə 1927-ci ildə Ə.Bakıxanov solist kimi işləməyə dəvət almış və ifaçılıq fəaliyyətinə burada başlamışdır. Ü.Hacıbəyli ansamblın yaradılmasında, sonradan ora ifaçıların cəlb edilməsində və repertuar seçimində öz dəyərli məsləhətlərini Ə.Bakıxanovdan əsirgəməmişdir. Ansamblın hazırladığı proqramların ilk dinləyicisi əksər hallarda Ü.Hacıbəyli elə özü olurdu.
Ansambla daxil olan tar, kamança, saz, balaban, klarnet, zurna, tütək, nağara, dəf, dumbul, qoşanağara kimi alətlər ilə yanaşı, tarzən Ə.Bakıxanov sonralar buraya fortepiano alətini də daxil etmişdir.
Kollektivə gələn gənc ifaçı və xanəndələr üçün ansambl bir növ laboratoriya rolunu oynayırdı. Belə ki, burada onlarla tar, kamança, dəf, nağara, qarmon, balaban və klarnet ustaları yetişmiş və sonradan bu ifaçılar milli musiqimizin inkişafına öz töhfələrini vermişlər. Bu cür ifaçılardan biz, Əliağa Quliyev, Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Firuz Əlizadə, Mütəllim Novruzov, Məsumə Babayeva, Bəhruz Zeynalov, Nadir Axundov, Ağasüleyman İmanov, Çingiz Mehdiev, Əli Bəşiroğlu və başqalarını misal çəkə bilərik.
Azərbaycanın məşhur xanəndələri – Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Sara Qədimova, Zeynəb Xanlarova, Tükəzban İsmayılova və başqaları bu ansablla çıxış edərək dinləyicilərin ürəyini riqqətə gətirmişlər.
Ansamblda muğamlarımızla yanaşı, xalq mahnı və rəqslərimiz və əlbəttə ki, bəstəkar musiqimiz də təbliğ olunurdu. Ə.Bakıxanovun ifa zamanı fikir verdiyi əsas ünsürlərdən biri dəstgahların, kiçik həcmli muğamların, zərbi muğamaların “yad” intonasiyalardan qorumaq idi. Bu ənənəyə xalq artisti Həbib Bayramov öz zamanında və indi ansambla rəhbərlik edən xalq artisti Möhlət Müslümov riayət edir.
Müharibə illərində hərbi xəstəxanalara, cəbhəyə yaxın fabrik, zavodlara, kolxozlara gedən xalq çalğı alətləri ansamblı qəhramanlıq, mübarizə mövzulu musiqi nümunələri ilə xalqı qələbəyə ruhlandırırdı. Müharibədən sonrakı illərdə isə repertuara gənc bəstəkarların əsərləri daxil edilirdi. Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Fikrət Əmirov, Ağabacı Rzayeva, Qənbər Hüseynli, Əşrəf Abbasov kimi bəstəkarların orijinal mövzulu əsərləri ansamblda səslənərək xalqın qələbəsini təcəssüm etdirirdi.
Gözəl ifaçı, tanınmış pedaqoq və ansambl rəhbəri olmaqla yanaşı, Ə.Bakıxanov həmçinin də bəstəkar kimi də sevilirdi. Onun bir çox dəramədləri, rəngləri, təsnifləri, oyun havaları və mahnıları istər o dövrün, istərsə də bu dövrün konsert zallarında çalınaraq dinləyicini valeh edir. Bu nümunələrin əsas ifaçısı isə əlbəttə uzun illər boyu rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblıdır.
Musiqi folklorunun incələnməsi və nota salınmasında da Ə.Bakıxanovun rolu danılmazdır. Uzun illər boyu incələdiyi və dinlədiyi rənglərin 71-ini nota salaraq onları 1964-cü ildə “Azərbaycan xalq rəngləri” kitabına daxil etmişdir. Kitabda əksər muğamların – “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər”, “Hümayun” və s. rəng və dəramədlər yer alıb. Bu məcmuədən əlavə 1968-ci ildə “Ritmik muğamlar”, 1975-ci ildə isə “Muğam, mahnı, rəng” məcmuələri nəşr edilir. “Azərbaycan xalq rəngləri” məcmuəsinin müqəddiməsində belə bir fikir söylənir: “…Bu kitab Azərbaycan xalq musiqi nümunələrini öyrənmək üçün qiymətli materialdır. Ondan tədris vəsaiti kimi istifadə etmək olar. Məcmuənin əsas məqsədi geniş dinləyici kütləsini Azərbaycan musiqi folkloru ilə tanış etməkdir” (1, s. 3). Bu fikri biz hər üç məcmuəyə aid edə bilərik.
Görkəmli sənətkar haqqında Əvəz Rəhmətovun “Əhməd Bakıxanov” monoqrafiyası, Davud Məmmədbəyovun “Muğam ustası Əhməd Bakıxanov”, Cabir Səfərovun “Azərbaycan xalq çalğı alətləri” kitabçası, oğlanları tərəfindən tərtib olunmuş “Ömrün sarı simi” kitablarında geniş məlumat alırıq.
Ə.Bakıxanovun oğlanları da musiqiçi kimi yetişmişdir. Böyük oğlu Məmmədrza violonçu, kiçik oğlu Tofiq isə bəstəkardır. Tofiq Bakıxanov öz atasının xatirəsinə tar ilə simfonik orkestr üçün 1 saylı konsertini həsr etmiş, onun tardakı ifasından “Hümayun”, “Şahnaz”, “Nəva”, “Rəhab” simfonik muğamlarını yazmışdır.
Tarzən 1973-cü ildə həyatdan köçüb, lakin onun milli musiqi qarşısında etdikləri indiyə qədər musiqiçilərin yaddaşından silinməmişdir. Musiqiçinin yaşadığı mənzildə indi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin xalq çalğı alətləri şöbəsi fəaliyyət göstərir. Sənətkar “Şərəf ordeni” ilə təltif olunmuş, Azərbaycan əməkdar müəllimi, əməkdar incəsənət xadimi və xalq artisti kimi fəxri adlara layiq görülmüşdür.
ƏDƏBİYYAT:
- Bakıxanov Ə.M. Azərbaycan xalq rəngləri. B.: 1964.
- Bakıxanov Ə.M. Azərbaycan ritmik muğamları. B.: İşıq 1968, 48 s.
- Bakıxanov Ə.M. Muğam, mahnı, rəng. B.: 1975, 33 s.
- Bakıxanov Ə.M.Ömrün sarı simi. B.: İşıq 1985, 78 s.
- Mirzəbəyli İ. Əhməd Bakıxanov xatirələrdə. B.: Mütərcim, 2012, 192 s.
- Məmmədbəyov D.İ. Muğam ustası Əhməd Bakıxanov. B.: Azərnəşr, 1966, 42
- Rəhmətov Ə. Əhməd Bakıxanov. B.: İşıq 1977, 144 s.
- Səfərov C.M. Azərbaycan xalq çalğı alətləri ansamblı. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1971, 28 s.
Старший преподаватель АНК
ТВОРЧЕСТВО АХМЕДА БАКИХАНОВА В ИСПОЛНИТЕЛЬСТВЕ НАРОДНОЙ МУЗЫКЕ
Резюме
В статье рассматривается творчество Ахмеда Бакиханова – выдающегося исполнителя народной музыки на таре. А.Бакиханов представлен как деятельный фольклорист, композитор, педагог и исполнитель. Вдохнув новую жизнь в малоизвестные мугамы, такие как «Нава-Нишапур», «Абу ата», А.Бакиханов также ввел новшества в программу по мугаму в музыкальных школах и консерватории, принял деятельное участие в усовершенствовании народных инструментов.
Ключевые слова: Ахмед Бакиханов, мугам, народная музыка, тар, оркестр народных инструментов
Senior lecturer of ANC
AHMAD BAKIKHANOV’S ACTIVITY IN AZERBAIJANI NATIONAL MUSIC
Summary
In the article it is said about the activity of Ahmad Bakikhanov who was the famous tar (an Azerbaijani stringed folk musical instrument) performer of our national music. His activity as a performer, a pedagogue, a composer and a folklorist is given in the article. Giving the new life to the mughams such as “Neva-Nishapur” and “Ebu eta” which were performed very little he has made newness in the mugham programs of the music school and the conservatory, he has also an active role in improving of folk musical instruments.
Key words: Ahmad Bakikhanov, mugham, national music, tar (an Azerbaijani stringed folk musical instrument), orchestra of folk musical instruments
Rəyçilər:
professor Dadaşov Fəxrəddin;
dosent Əliyev Firuz.