Hacı Xanməmmədovun xalq çalğı alətləri orkestri üçün əsərləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2016
AMK-nın doktorantı
Ünvan: Baki, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
UOT 781,68
HACI XANMƏMMƏDOVUN XALQ ÇALĞI ALƏTLƏRİ ORKESTRİ ÜÇÜN ƏSƏRLƏRİ
Xülasə: Hacı Xanməmmədovun yaradıcılığında xalq çalğı alətləri orkestri üçün yazdığı əsərlər mühüm yer tutur. Onun əsərlərində insanın duyğu aləminin təcəssümü olmuş milli musiqinin zəngin intonasiya təbiəti aydın sezilir. Məqalədə xalq çalğı alətləri orkestri üçün Simfonietta və süitaların təhlili verilir.
Açar sözlər: xalq çalğı alətləri orkestri, ifadə vasitələri, xalq sənəti, musiqi dili
Görkəmli bəstəkarımız Hacı Xanməmmədovun yaradıcılıq tərcümeyi-halında Azərbaycan Televiziyası və Radiosunun xalq çalğı alətləri orkestrindəki fəaliyyəti, bu kollektivlə möhkəm təmasda olması diqqətəlayiq səhifələrdir. Orkestrin yaranmasından başlayaraq H.Xanməmmədov onun formalaşmasında və püxtələş-məsində fəal iştirak etmişdir. Əvvəllər orkestrdə tar çalan H.Xanməmmədov sonralar onun dirijoru vəzifəsinə irəli çəkilir. Hacı Xanməmmədov bir dirijor kimi xalq çalğı alətləri orkestrinin repertuarında olan Qərbi Avropa və rus klassiklərinin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərini eyni ilhamla, sənətkarlıqla təfsir etməyə müvəffəq olurdu.
Bəstəkarın yaradıcılığında mühüm yeri xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlər təşkil edir. Bəstəkar eyni zamanda, öz əsərlərinin də ən gözəl interpretatoru olmuşdur. H.Xanməmmədov “Azərbaycan eskizləri”, “Kolxoz”, “Bayram” süitalarının, bir neçə rəqsin, orkestrin müşayiətilə səslənən mahnıların və digər əsərlərin ilk təfsirçisi olmuşdur. Hacı Xanməmmədovun xalq çalğı alətləri orkestri ilə əməkdaşlığı “Simfoniyetta” kimi mürəkkəb bir janrda yazılmış əsərdə gözəl nəticə verdi. Bu əsərlərin yazılma tarixi H.Xanməmmədovun yaradıcılıq mərhələləri ilə bağlıdır. Belə ki, H.Xanməmmədov ən çox sevdiyi musiqi aləti olan tarda ifaçılığını təkmilləşdirməklə, xalq çalğı alətləri orkestrində işləmiş və orkestri bir növ tədqiq etmişdir. Onun ilk dəfə olaraq, bu orkestr üçün yazdığı “Simfoniyetta” mürəkkəb bir əsər olub, orkestrin repertuarında mühüm yer tutur. O, həmiçinin “Azərbaycan eskizləri”, “Şənlik”, “Kolxoz” süitalarının müəllifidir. Onun mahnı-larının əksəriyyəti isə məhz xalq çalğı alətləri orkestrinin müşayiətilə ifa olunmuş və lentə yazılmış, radionun fonduna daxil edilmişdir.
Azərbaycan televiziyası və radiosunun S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinin bir peşəkar kollektiv kimi formalaşmasında və püxtələşməsində onun da müəyyən xidmətləri vardır. S.Rustəmovun orkestrdə dirijor işlədiyi müddətdə bir çox bəstəkarlarımızın əsərlərinin təfsirində və təbliğində xüsusi əməyi olmuşdur. H.Xan-məmmədov öz əsərləri vasitəsilə orkestrdə bas balabanı, pikkolo balaban, müxtəlif növ tütək və digər nəfəs alətlərini də partituraya salmışdı.
Hacı Xanməmmədovun xalq çalğı alətləri orkestri ilə yaradıcılıq əlaqəsi geniş idi. Onun orkestr üçün “Azərbaycan eskizləri”, “Kolxoz”, “Şənlik” süitaları, bir neçə rəqs, orkestrin müşayiəti ilə səslənən bütün mahnılarını nümunə göstərə bilərik. Xüsusilə, H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun “Azərbaycan eskizləri” süitasında və “Simfoniyetta”da bariz nəticəsini vermişdir.
Məlum olduğu kimi, simfoniyetta – “kiçik simfoniya” deməkdir. Bu, klassik simfoniya janrının bir növüdür. Simfoniyetta, simfoniyadan fərqli olaraq, daha sadə musiqi məzmunu, simfonik dramaturgiyaya xas olan kəskin təzadlardan uzaqlaş-ması, ziddiyyətlərin daha yumşaq həlli, məişət janrlı hissələrin daxil olunması ilə xarakterizə olunur. Bütün bunlar simfoniyettada silsilə formanın hissələrinin sayının və həcminin azalmasında özünü göstərir. Kamera simfoniyalarına xas olan kəskin psixoloji musiqi məzmunu simfoniyetta üçün səciyyəvi deyil. Simfoniyetta kiçik ifaçı tərkibi üçün nəzərdə tutulur, adətən, kiçik simfonik orkestr, kamera orkestri və ya instrumental ansambl üçün yazılır.
Avropa və rus musiqisində simfoniyettanın ilk nümunələri XIX əsrin ikinci yarısında meydana gəlib. Həmin vaxtlarda bu janrda rus bəstəkarı N.A.Rimski-Korsakovun, alman bəstəkarı Robert Raffın əsərləri yaranmışdır. XX əsrdə dünya musiqisində bu janra bir çox bəstəkarlar müraciət etmişlər: M.Reger, P.Hindemit, L.Yanaçek, B.Britten, F.Pulenk, N.Myaskovski, S.Prokofyev, B.Şebalin və b.
Azərbaycan musiqisində ilk dəfə simfoniyetta janrına müraciət edən bəstəkar Əfrasiyab Bədəlbəyli olub. O, 1954-cü ildə xalq çalğı alətləri orkestri üçün “Simfoniyetta” bəstələmişdir. Həmin əsər Azərbaycan Bəstəkarlar İttifaqının VII plenumunda səslənmişdir. Musa Mirzəyev də 1950-ci illərdə simfonik orkestr üçün “Simfoniyetta” bəstələmişdir.
Hacı Xanməmmədovun xalq çalğı alətləri orkestri üçün yazdığı “Simfoniyetta” üç hissəli əsərdir. Hər hissə müəyyən forma quruluşuna malikdir və əsər bütövlükdə klassik simfoniya janrının kompozisiya quruluşunu yığcam şəkildə özündə cəmləşdirir. Əsərin hissələri belə ardıcıllaşır: I hissə — Moderato maestoso, Allegro; II hissə — Andante, Largo; III hissə — Rondo (final) — Allegro molto.
H.Xanməmmədovun “Simfoniyetta”sı xalq çalğı alətləri orkestrinin tam tərkibi üçün yazılmışdır. Burada simli qrup: tarlar – I, II, saz, kamançalar – I, II; nəfəs qrupu: zurna, kiçik tütək, böyük tütək, kiçik balaban, böyük balaban, orta balabanlar – I, II, III, IV; zərbli alətlər qrupu: dəf, nağara və fortepiano iştirak edir.
Əsərin orkestrləşdirilməsinə nəzər saldıqda qeyd etmək olar ki, onun fakturası iki əsas təbəqəyə — melodiyanı ifa edən I tarlar və I kamançaların partiyasına və ostinat səciyyəli müşayiət funksiyasını yerinə yetirən fortepiano, II tarların və 4 balabanın partiyalarına bölünmüşdür. Lakin artıq təkrarlanma zamanı əsas melodiya saz alətinin ifasında səslənir. Qeyd etmək lazımdır ki, bu zaman əgər fortepiano, ikinci tarlar yenə müşayiətedici rolu icra edirlərsə, birinci tarların partiyasında müəyyən imitasiya elementləri əmələ gəlir ki, bu da fakturanın qatılaşmasına gətirib çıxarır.
Birinci hissə ağır templi, təntənəli xarakterli giriş mövzu ilə başlanır — Moderato maestoso. Mövzu I tarlar və I kamançalar tərəfindən ifa olunaraq, həyəcanlı monoloq kimi səslənir. Giriş mövzusunun təkrarən şərhi zamanı onun fakturasında imitasiya elementlərinin xeyli dərəcədə artması nəzərə çarpır.
Birinci mövzu — Allegro, musiqi materialına görə giriş mövzuya yaxındır, onun məntiqi davamı kimi qəbul olunur. Bu baxımdan əsas melodiyanın I tarlar tərəfindən ifa olunması, daha sonra kamançaların və fortepianonun müşayiət fonu yaratması qeyd olunmalıdır. Bu mövzu təkrar olunarkən, o, variantlı dəyişikliklərə məruz qalır. Getdikcə mövzunun fakturasında imitasiya polifonik elementlərinin çəkisi xeyli artır ki, bu da səslənməyə dinamik başlanğıc aşılayır. Beləliklə, ikinci mövzuda işlənmə prinsiplərinin tətbiqi nəzərə çarpır. İkinci mövzu sekvensiyalı hərəkətə əsaslanır. Mövzunun dinamik xarakter daşımasında onun metr dəyişkən-liyinin önəmli rolu vardır.
Qeyd etmək lazımdır ki, sonra səslənən orta bölmədə mövzunun fakturasında da polifonik elementlər mühüm rol oynayır. Ümumiyyətlə, birinci hissənin davamı daha dinamik xarakteri ilə seçilir. Belə ki, ikinci epizodun tonallığı dəyişir, onun intonasiya və ritmik səviyyələrində də bəzi yeni çalarlar nəzərə çarpır. Lakin buna baxmayaraq, yenə də mövzular arasında müəyyən məsafədə zəncirvari intonasiya əlaqələri yaradılır. Bu dinamik axının məntiqi nəticəsi kimi birinci hissənin sonunda tamamilə yeni səciyyəli bir mövzu səslənir.
Qəhrəmani xarakterli, məğrur tərzdə səslənən birinci hissədən sonra lirik səciyyəli ikinci hissə gəlir. İkinci hissədə mövzuların quruluşunda mahnı-kuplet forması özünü göstərir. İkinci hissənin başlanğıcında səslənən girişdən sonra şur məqamının səciyyəvi intonasiya dönmələrinə əsaslanan birinci mövzu səslənir. Balabanların ifasında səslənən bu mövzu kantilen təbiətinə, lirik əhvali-ruhiyyəsinə görə, sözsüz mahnını xatırladır.
Birinci mövzunun şərhində biz xüsusilə tarların yerinə yetirdiyi müxtəlif funksiyaları qeyd etmək istərdik. Yaradıcı şəkildə hər bir alətin partiturada yerinə yetirdiyi funksiyanı təfsir edən bəstəkar, üçüncü tarlara ostinat fonun saxlanılmasını, ikinci tarlara müşayiəti, birinci tarlara isə imitasiya elementlərinin ifasını tapşırmışdır: Həzin, lirik xarakter daşıyan ikinci mövzunu tütək, birinci balaban, ikinci tarlar ifa edir. Bu zaman digər balabanlar harmonik fon yaratmaq funksiyasını yerinə yetirir, birinci tarlar isə xromatizm üzərində qurulmuş passajlar ifa edərək, mövzunu intonasiya baxımından zənginləşdirir.
İkinci hissə öz ifadəliliyi, aydınlığı, lirik əhvali-ruhiyyəsilə seçilir. Mövzu orkestrin müşayiəti fonunda solo balabanda ifa olunur. İkinci dəfə o, tamamilə yeni bir tərzdə şərh olunur. Son dərəcə dinamikləşən bu bölmə ikinci hissənin kulminasiyasına aparan inkişaf xəttinin zirvəsi kimi qəbul olunur. Əsərin kulminasiya zonası bir neçə dinamik dalğalardan ibarətdir. Lakin bu dəfə melodiyanın şərhində saz və ikinci tarların da müəyyən rolu vardır. Ümumiyyətlə, bu hissənin obraz aləminin yaranmasında digər ifadə vasitələrilə yanaşı, tembr dramaturgiyası da mühüm amil kimi çıxış edir.
Simfoniyettanın finalı — Allegro molto, təntənəli, zəfər marşını xatırladır ki, bu da müəyyən mənada əsərin kənar hissələri arasında obraz əlaqələrinin yaranması üçün zəmin yaradır. Əsərin finalı rondo formasında yazılıb. Finalın birinci mövzusu rast məqamının səciyyəvi intonasiyaları üzərində bəstələnib. Bir-birinə təzad təşkil etməyən epizodların səslənməsi müxtəlif tərzdə həll edilmişdir. Bütün hissə boyu mövzular orkestrin ayrı-ayrı qruplarına tapşırılır və onların ifasında rəngarəng səciyyə alır. Registrlərin tez-tez dəyişməsi, melodik xəttin yüksəliş və enişləri, ayrı-ayrı alətlərin şəffaf solo ifası ilə dolğun səslənmənin bir-birini əvəzləməsi — bütün bunlar bayram əhvali-ruhiyyəsi yaradır.
Simfoniyettanın obraz məzmunu geniş və çoxcəhətlidir. Burada xalq bayram şənliyi, dərin düşüncələr və mənzərə assosiasiyaları özünü göstərir. Janr-rəqs sferası birbaşa ardıcıl inkişaf xətti kəsb edir. O, Simfoniyettanın bütün hissələrindən keçərək, finalda yeni çalar qazanır. İkinci hissədə lirik-psixoloji obrazlardan sonra finalın musiqi inkişafında janr-məişət obrazları onlara xas olan sadəliyi və həyatsevərliyi itirir, dramatik xarakter əldə edirlər.
Simfoniyettanın musiqi obrazlarının xarakterikliyi janr epizodlarında deyil, həm də lirik epizodlarda özünü göstərir ki, burada tematizmin reçitativ quruluşu insan nitqinin intonasiyaları ilə assosiasiyalar yaradır. Simfoniyettada hər bir obrazın emosional aydınlığı, konkretliyi onun dəqiq tematizmi ilə müəyyən edilir. Mövzu-ların aydın quruluşu, melodik görünüşü, struktur sadəliyi mövzuların qavranılmasını asanlaşdırır.
Simfoniyettanın musiqi dilinə xas olan lakonizm və zənginlik əsərin bütün tematik materialının xarakterik keyfiyyətidir. Simfoniyettada hər bir mövzu tam formalaşmış bitkin obraza malikdir, burada onun sadəliyini və məqsədyönlülüyünü qeyd etməliyik. Simfoniyettada hər bir obraz dairəsinə müəyyən xarakterli mövzular uyğun gəlir. Yalnız əsas, mərkəzi mövzular deyil, həm də əsərin dramaturgiyasında aparıcı rol daşımayan epizodik mövzular da melodik bitkinliyi ilə seçilir.
H.Xanməmmədov xalq çalğı alətləri orkestri üçün süita janrına çox diqqət yetirmiş, bu janrda rəngarəng mövzulu, maraqlı əsərlər yaratmışdır. H.Xanməm-mədovun “Azərbaycan eskizləri” süitası doğma Vətənimizə həsr olunmuş ən gözəl orkestr əsərlərindən biridir. R.Zöhrabovun yazdığı kimi, müəllif öz əsərini “eskizlər” adlandırmaqla, “öz musiqisinin təsviri sənətlə ünsiyyətini nəzərə çarpdırmaq istəmişdir. Doğrudan da bəstəkar musiqi səslərilə bir rəssam kimi parlaq lövhələr yaratmağa nail olmuşdur. Müxtəlif ecazkar rəngləri məhz musiqi dili ilə canlan-dırmışdır. Əsəri dinlədikcə yurdumuzun axar-baxarlı görkəmli mənzərələri göz önünə gəlir. Eyni zamanda, Vətən sevgisi, müasirlərimizin arzu və düşüncələri də bu əsərdə öz əksini tapıb. Bütün bunları müəllif yeni ifadə vasitələri, harmoniya və orkestr alətlərinin rəngarəng boyaları ilə əks etdirir” (1, s. 18).
Bu əsərdə xalq çalğı alətləri orkestrinə daxil olan bütün qrupların bədii və texniki imkanları, tembr xüsusiyyətləri Hacı Xanməmmədov tərəfindən məharətlə istifadə olunmuşdur. Əsər milli məqam sisteminə dayaqlanaraq parlaq melodiyaların yaranması, zəngin tembr dramaturgiyası baxımından böyük maraq kəsb edir. Əsər həm də klassik süita formasının milli melosun qanunauyğunluqları ilə sintezi baxı-mından da diqqəti cəlb edir.
H.Xanməmmədovun “Şənlik” süitası dörd hissədən ibarətdir. “Kolxoz” süitası isə beş hissədən ibarət olub, klassik süita formasının milli musiqi xüsusiyyətləri ilə qovuşdurulması baxımından böyük maraq doğurur. H.Xan-məmmədovun süita janrına olan marağı təsadüfi deyil. Süita quruluşu, yəni obraz təzadı prinsipinə görə ayrı-ayrı bitkin nömrələrin növbələşməsi Azərbaycan muğamı, aşıq dastanları üçün xarakterikdir.
Süitanın quruluş-kompozisiya prinsiplərinə uyğun olaraq, bəstəkar əsərin hissələrini təzadlıq prinsipi üzərində qurmuşdur. Süitanın hissələri xarakterinə görə fərqlənir, eyni zamanda, biridigərini əvəz edərək, əsərin ümumi kompozisiyasına bütövlük gətirir, əsərin rəngarəng obrazlarının açılmasına imkan yaradır. Süitalarda H.Xanməmmədov milli musiqi folklorunun və şifahi ənənəli musiqisinin rəngarəng janr xüsusiyyətlərindən böyük ustalıqla istifadə etmişdir. Əsərlərin harmonik dili öz koloristik təbiəti ilə səciyyələnir. Eyni zamanda, süitanın partiturasında bəzi polifonik elementlərin tətbiqi də nəzərə çarpır.
H.Xanməmmədovun xalq çalğı alətləri orkestri üçün əsərləri həm də bəstəkarın orkestrləşdirmə üslubunun özünəməxsus cəhətlərinin aşkarlanması baxımından da maraq kəsb edir. Belə ki, ayrı-ayrı qrupların sual-cavab şəklində səsləndirilməsi, eyni mövzunun həm solo, həm də təkrar zamanı bir qrup alətə tapşırılması H.Xanməmmədovun orkestrləşdirmə dəsti-xəttinin əsas cəhətlərindəndir.
Ümumiyyətlə, H.Xanməmmədovun xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərində milli musiqi ənənələri ilə bağlılıq çox parlaq şəkildə təzahür edir, bu cəhətlər həm əsərlərin kompozisiya quruluşunda, həm də məqam-intonasiya və melodik xüsusiyyətlərində özünü qabarıq büruzə verir.
ƏDƏBİYYAT:
- Zöhrabov R.F. Hacı Xanməmmədov. B.: 1992
- Xanməmmədov H.D. Simfoniyetta. Əlyazma.
Докторант АМК
ПРОИЗВЕДЕНИЯ ДЛЯ ОРКЕСТРА НАРОДНЫХ ИНСТРУМЕНТОВ ГАДЖИ ХАНМАМЕДОВА
Резюме: В творчестве Гаджи Ханмамедова особое место занимают произведения для оркестра народных инструментов. В произведениях Г.Ханмамедова ясно ощущается богатейшая интонационная природа народно-национального искусства, ставшего ведущим выразительным средством для воплощения сложного мира человеческих чувст. В статье дается анализ «Симфониетты» и сюит для оркестра народных инструментов.
Ключевые слова: оркестр народных инструментов, выразительные средства, народное искусство, музыкальный язык
PhD candidate of ANC
WORKS FOR THE ORCHESTRA OF FOLK INSTRUMENTS BY HAJI KHANMAMMADOV
Summary: In the creativity of H.Khanmammadov is presented works for orchestra of folk instruments. In the works of H.Khanmammadov clearly felt rich intonation nature of national art, which has become a leading expressive means of incarnation of the complex world of human feelings. In this article is given analyzes of the Sinfonietta and Suite for Orchestra of Folk Instruments.
Key words: orchestra of folk instruments, means of expression, national art, music language
Rəyçilər:
professor Cəmilə Həsənova
dosent Yaqut Seyidova