Fikrət Əmirovun yaradıcılığında muğam janrının təzahürü
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 3, 2015
Xalq artisti
Fikrət Əmirovun yaradıcılığında muğam janrının təzahürü
Açar sözlər: muğam, janr, bölmə, bəstəkar, yaradıcılıq
Fikrət Əmirov Azərbaycan bəstəkarlıq sənətinin korifeylərindəndir. Çoxşaxəli yaradıcılıq dünyasında mahnıdan operaya, baletə qədər demək olar ki, bütün janrlarda öz möhürünü vurmuş, dəsti-xəttini qoymuşdur. Onun yaratdığı hər bir sənət əsəri milli musiqimizin inciləri sayılır. Üzeyir bəy kimi onun da əsərlərində milli musiqimizin maddi-mənəvi dəyəri olan muğamlardan eləcə də xalq mahnı və rəqslərindən istifadə ön planda durur. Lakin Fikrət Əmirov şifahi musiqiyə daha fərqli, özünəməxsus tərzdə yanaşmış, buraya Avropa ənənələrini də əlavə etmişdir. Bu yerdə XX əsr, dahi rus bəstəkarı Dmitri Şostakoviçin fikirləri yada düşür: “Fikrət Əmirov zəngin melodik dilə malikdir. Melodiya onun yaradıcılığının ürəyidir. Öz əsərlərində bəstəkar musiqi folklorundan geniş istifadə edir. Azərbycan folklorunun Əmirov musiqisinə bilavasitə təsiri göz qabağındadır”.
Qeyri-adi, fitri istedada malik bəstəkar xalq musiqisi və muğamlardan bəhrələnərək Azərbaycan professional musiqisində yeni istiqamətin, dünya musiqi sənətində bənzəri olmayan iki yeni janrın – muğam-poema və simfonik muğam janrının əsasını qoymaqla musiqi xəzinəmizi zənginləşdirmişdir.
Muğam-poema sırf kamera janrında yazılmış əsərdir. Əsər skripka ilə fortepiano üçün nəzərdə tutulub. Burada muğam elementləri əsas götürülərək, klassik musiqi janrlarından olan poema ilə əlaqələndirilmiş, onların qarşılıqlı sintezinə nail olunmuşdur. Nəticədə isə müəllif çox yüksək bir uğura imza atmış oldu. Onun yaratdığı muğam-poema digər bəstəkarlara müxtəlif ideya verməklə yanaşı, qarşılarında yeni yaradıcılıq istiqamətləri açmış oldu.
Bəstəkarın milli musiqimiz üçün əhəmiyyətli olan muğam ənənəli digər əsəri onun simfonik muğamlarıdır. Musiqi tariximizə nəzər salsaq görərik ki, Fikrət Əmirovdan əvvəl bəstəkar Müsüm Maqomayev və Asəf Zeynallı muğamların simfonikləşdirilməsi istiqamətində müəyyən əhəmiyyətli işlər görüblər. Lakin yeni yaranmış janr Azərbaycan musiqi tarixi üçün öz əhəmiyyətini nümayiş edərək elmi mahiyyəti baxımından seçildi və fundamental bir janr kimi tarixə düşdü. Beləliklə, 1948-ci ildə bəstəkar Fikrət Əmirovun yeni əsərləri – “Şur” və “Kürd-Ovşarı” simfonik muğamları meydana gəldi. Bəstəkarın yeni janra müraciət etməsində görkəmli müğənni Bülbülün böyük rolu olmuşdur. Daha dəqiq desək, müəllifə ilk ideyanı məhz Bülbül verib. Avropa musiqisi çərçivəsində milli musiqinin tətbiqi milli musiqimizə yeni simfonizm ənənələrini daxil etdi. Hər iki əsərdə janrın ümumi forma və məzmun xüsusiyyətinin saxlanılması muğam janrının özünü təqdim etməsinə heç bir xələl yetirmədi. Bəstəkar ilk simfonik muğamlarında eyniadlı muğamı əsas götürərək, onu simfonik əsər səviyyəsinə qaldırmağa nail oldu. Azərbaycan, eləcədə bütün Şərq musiqisinin inkişafında əhəmiyyətli yer tutan simfonik muğamlar Avropa dinləyicisinin muğamla tanışlığına, ona olan marağın artmasına gətirib çıxartdı.
“Şur” və “Kürd-Ovşarı” ayrı-ayrılıqda müstəqil əsər kimi ifa olunsa da, onlar arasında mövcud olan əlaqə və uyğunluq, yaratdığı silsilə təəssüratı baxımından əsərləri dulogiya sayılır. Bir-birilə vəhdət təşkil etməklə yanaşı, muğamlar arasında onların obrazlı təsviri, emosional təsiri qabardılır. “Şur”un lirik-dramatik obrazlarına qarşı “Kürd-Ovşarı”ın mahnı-rəqs xarakterli coşğun melodiyası qoyulur. Həmçinin bəstəkar yaratdığı dulogiyada muğamların uyğunlaşmasına can ataraq onların lad-tonal xüsusiyyətlərinə üstünlük verir.
Fikrət Əmirov “Şur” muğam dəstgahının ümümi quruluşunu demək olar ki, simfonik muğamda təkrarlayıb. Yəni şöbələrin növbələşməsi, onlar arasında rəng və təsniflərin ifası simfonik muğamda öz mövqeyini saxlamışdır. Belə ki, simfonik muğamda şöbələrin ardıcıllaşması buna bariz misaldır (“Şur”, “Şur Şahnaz”, “Əraq”). “Ay qadası” və “Evləri var xanə-xanə” lirik xalq mahnılarından isə simfonik muğamlarda təsnif kimi istifadə edilib. Bəstəkar əsərdə rəqsvari, lirik, dramatik, epik lövhələrin bir-birilə əvəzlənməsi prinsipinə əməl edir. Simfonik muğamda eyniadlı muğam dəstgahından müəyyən komponentlər götürülmüşdür. Həmçinin, muğam janrına xas variasiyalı inkişaf burada öz əhəmiyyətini itirməmişdir.
Lirik obrazlı “Şur” simfonik muğamında müqəddimə, muğamda ifa olunan “Bərdaştı” əvəz edir. O, üçhissəli formadadır. ABA quruluşu onu özündən sonrakı melodik xətdən fərqləndirir. Müqəddimənin orta hissəsi isə sərt kolorit ilə diqqəti cəlb edir. Simfonik muğamın bu bölməsini mahnı-rəqs xarakterli “Təsnif” tamamlayır. “Təsnif” kuplet formasında olub, arasında yerləşdiyi şöbələrlə ziddiyyət təşkil edir və ikihissəli quruluşdadır.
Müqəddimədən sonra “Mayə” kulminasiya nöqtəsindən başlanır. Bas klarnet bu mövzunu davam etdirir. Üçhissəli formada olan bu bölmənin isə kənar hissələrini improvizasiya quruluşlu melodiya, orta hissəsini dəqiq metro-ritmik vəznə əsaslanan təsnif təşkil edir. Mövzu “Şur” təsnifindən götürülüb.
Növbəti bölmə “Şur-Şahnaz”dır. Şifahi ənənəli professional musiqi – muğamda olduğu kimi, simfonik muğamda da ən iri bölmə kimi təqdim olunur. “Şur-Şahnaz” üçhissəli quruluşa malikdir. Burada kənar hissələr improvizasiyalıdır, orta hissədə isə “Ay qadası” xalq mahnısı bəstəkar tərəfindən “Rəng” adı ilə səsləndirilir. “Bayatı” musiqinin ifadə tərzini başqa bir istiqamətə yönəldir. Musiqi dinləyicini lirikadan eposa aparır. “Əraq” bölməsində reçitativ-deklamasiya üslubunun tətbiqi diqqəti cəlb edir. Lirika birdən-birə dramatizmlə əvəz olunur. Buna baxmayaraq “Əraq” və “Bayatı” arasında təsnif sayəsində intonasiya əlaqəsi yaranır.
Daha sonra “Səmai-şəms” bölməsi səslənir. Onun səslənmə tembri “Mayə”dən bir oktava yuxarıda baş tutur. “Səmayi-şəms”in musiqisi dəqiq metro-ritmə əsaslanır. “Mayə”də səslənən ikixanəlik motiv burada ostinato şəklində bütün şöbə boyu eşidilir. Həmin motiv “Səmai-şəms”də əvvəl fon kimi səslənir və kulminasiya anında orkestrin tuttisində keçir. Beləliklə, “Səmayi-şəms”in əsasını “Zərbi-muğam” mövzusunda zınqırovların və ksilofonların ifasında səslənən kanon təşkil edir. Bu kanon “Səmayi-şəms”in əvvəl, orta və tamamlayıcı hissələrində səslənir. “Səmayi-şəms” dulogiyanın əsasını təşkil edən bölmələrdəndir. O, həm “Şur”, həm də “Kürd-Ovşarı”da səslənərək iki muğam arasında əlaqə yaradır. Simfonik muğamın kodası giriş hissədən götürülmüş mövzuya əsaslanır.
Dulogiyanın ikinci əsəri kimi “Kürd-Ovşarı” simfonik muğamı təqdim olunur. O, zərbi muğam üslubundadır. Bir növ şifahi ənənəli professional musiqidə “Ovşarı”nı xatırladır. “Kürd-Ovşarı” simfonik muğamı 4 bölmədən ibarətdir: “Ovşarı”, “Şahnaz”, “Kürdi”, “Mani”.
Giriş klarnetin solosu ilə başlayır. “Ovşarı” şöbəsində refren orkestr tuttisi ilə ifa olunur. Burada bəstəkar qədim aşıq mahnısı olan “Ovşarı”dan dəraməd kimi istifadə etmişdir. Dəramədə isə “Şur” muğamından “Səmayi-şəms” şöbəsinin variantını da əlavə edir. Bu cəhət də dulogiyanın tamlığına gətib çıxarır. “Ovşarı” da rondo forması daxilində inkişaf gedir.
“Kürd-Ovşarı” simfonik muğamında yalnız bir təsnif melodiyası var. “Ovşarı”dan sonra gələn “Təsnif” lirik xalq mahnısına əsaslanır. Təsnif dəqiq üçhissəli formaya malikdir.
Dulogiyaya daxil olan hər iki əsər OLYMPİA şirkətinin 1996-cı ildə Moskvada çıxardığı “Fikrat Amirov” albomunun 1-ci hissəsinə daxil edilmişdir.
Fikrət Əmirov yaradıcılığının bu janrda digər əsəri isə “Gülüstan Bayatı-Şiraz” simfonik muğamıdır. Əsər 1971-ci ildə bəstələnmişdir. “Gülüstan Bayatı-Şiraz”la əvvəlki simfonik muğamlar arasında xeyli zaman fərqi var. “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının uğur qazanmasından uzun illər sonra Fikrət Əmirov özünü bir daha bu janrda yenidən sınamaq qərarına gəlir. Bəstəkar bu əsərini qədim Şərq şairləri Sədi və Hafizə həsr etmişdir. Belə ki, “Gülüstan” Sədinin məşhur poemasının adıdır. Şiraz isə Sədi və Hafizin yaşadığı qədim şəhərdir. Müəllif əsər üzərində işləyərkən həmin sənətkarların vətənini gəzmiş, məzarlarını ziyarət etmişdir. Bu səfərdən yaranan təəssürat əsərin hər bir elementinə öz müsbət təsini göstərmişdir.
Yuxarıda haqqında danışdığımız simfonik muğamlardan fərqli olaraq “Gülüstan Bayatı-Şiraz” əsərində bəstəkar muğam janrına daha sərbəst yanaşır, onun quruluşunu və ardıcıl inkişafını saxlamağa deyil, obraz təsvirinə daha çox diqqət ayırır. Qeyd edək ki, bu cəhət Niyazinin “Rast” simfonik muğamında da özünü göstərir. Həmçinin, fərqli olaraq burada muğamın bölmələri qeyd edilmir. Eləcə də bəstəkar əsərə vokal partiyası – metso-soprano əlavə etmiş, sonrakı redaksiyalarında Fikrət Əmirov vokal partiyasını valtorna partiyası ilə əvəz etmişdir.
Simfonik muğam kontrabasların solo ifasında uzaq keçmişi xatırladan ağır, girişlə başlanır. Daha sonra “Üzzal” rəngi səslənir. Bəstəkarın bu bölməni fortepianoya həvalə etməsi də təsadüfi deyil. F. Əmirov müsahibələrinin birində royalı tara yaxın olan bir alət kimi dərk etdiyini göstərərək, bu alətdə tar texnikasına xas olan passajların, muğam üçün səciyyəvi olan boyaların, obrazların əks olunmasının əlverişli olduğunu qeyd etmişdi.
“Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını forma quruluşu baxımından sonata forması ilə əlaqələndirirlər. Belə ki, burada əsas və köməkçi partiyalar, böyük işlənmə epizodları, aşıqsayağı-rəqsvari orta hissə, nəhayət repriza qeyd edilə bilər. Əsas mövzu “Bayatı-Şiraz” muğamının intonasiyaları üzərində qurulur. Lirik köməkçi mövzu çahargah ladında səslənir. Bu mövzu Hafizin mətninə ifa olunan qədim fars musiqisindən götürülüb. Muğamın mərkəzi bölməsi aşıq musiqisinin materialı və “Cəngi” rəqsinə əsaslanır.
Müəllif bu əsərində aşıq havacatına bir neçə dəfə müraciət etmişdir. Rəng funksiyası daşıyan bölmə aşıq havacatını xatırladan mətn üzərində qurulur. Əsərdə məqam müxtəlifliyi də diqqəti cəlb edən məsələlərdəndir. Belə ki, burada aşıq motivinə əsaslanan bölmə, “Vağzalı-Mirzəyi” isə “Segah” məqamındadır.
Muğam rəng və giriş-epiqrafın mövzusu ilə tamamlanır: Bu xüsusiyyət “Şur” simfonik muğamında da müşahidə edilir. “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamı iki bədii təfəkkür sisteminin əlaqələndirilməsi, muğam ənənəsindən yaradıcı istifadə edilməyə daha yeni bir nümunədir. Burada muğamın, onun melodik-ritmik xüsusiyyətlərinin, forma, yaradılış qanunauyğunluqlarının şərhində sərbəstlik müşahidə olunur. Fikrət Əmirov muğamlarda hər bir detalın qiymətini müəyyən etməyi bacarır. Muğam F.Əmirovun öz intonasiya sisteminə uyğunlaşdırılmış bir tərzdə mənimsənilir.
“Gülüstan-Bayatı-Şiraz” Moskvada UNESCO-nun “Xalqların musiqi mədəniyyəti, ənənə və müasirlik” mövzusuna həsr edilmiş VII Beynəlxalq Musiqi Konqresinin proqramına daxil edilmiş və ilk dəfə 8 oktyabr 1971-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konserva-toriyasının böyük salonunda səsləndirilmişdir. 2009-cu il 18 mart “Muğam aləmi” festivalının açılış günü qonaq və iştirakçılarına “Şur” və “Kürd-Ovşarı” ilə yanaşı “Gülüstan Bayatı-Şiraz”ın da daxil olduğu 3 diskdən ibarət topluda (“PAŞA Bank” ASC-nın təşəbbüsü ilə hazırlanaraq) təqdim edilmişdir.
Fikrət Əmirovun simfonik muğamları dünyanın onlarla səhnəsində səslənmiş, bir çox ölkələrdə xüsusi diqqət və hörmətlə qarşılanmış və onun haqqında müsbət fikirlər qeyd olunmuşdur.
Fikrət Əmirov simfonik muğam janrının təməlini qoyaraq, özündən sonrakı bəstəkar nəsli üçün bir örnək oldu və onun ənənələri gələcəkdə əzmlə davam etdirilmişdir. Bu mənada Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-Şiraz”, Vasif Adıgözəlovun “Segah”, Tofiq Bakıxanovun “Hümayun”, “Şahnaz”, “Rəhab”, “Nəva” simfonik muğamlarının adını xüsusilə qeyd etmək lazımdır.
Muğam elementlərinin istifadəsindən danışarkən Fikrət Əmirovun “Azərbaycan” simfonik süitası, “Nizami” simfoniyasının da üzərində dayanmaq yaxşı olar. Çünki, birincidə bəstəkar xalq rəqs musiqisi və aşıq musiqi elementlərilə yanaşı, burada muğam ünsürlərindən istifadə etmişdir. Simli orkestr üçün yazılmış “Nizami” simfoniyasında isə Nizami obrazının təsvirində muğam intonasiyaları eşidilir.
Bir-birilə ziddiyyət təşkil edən fraqmentlərdən ibarət olan “Azərbaycan kapriççiosu”nda da bəstəkar muğam janrına müraciət etmişdir. Burada da bəsətəkar muğamlardan istifadə edərək, onların simfonikləşdirilməsinə nail olmuşdur. Belə ki, əsas melodik xətt kimi “Mahur” təsnifinə müraciət olunub. Burada təsnifin melodiyası müxtəlif variantlarda təqdim olunur. Maraqlısı isə budur ki, hər dəfə bəstəkar melodiyanı ya fərqli alətlərə həvalə edir, ya da ümumi ifaya yeni alətlər qoşur. Müəllif təsnifi simfonik orkestrin ifasında özünəməxsus tərzdə, demək olar ki, çox fərqli, həm də rəngarəng boyalarla əks etdirməyi bacarmışdır.
Bundan başqa Fikrət Əmirovun iri həcmli əsərləri olan balet və operasında da muğam elementləri duyulmaqdadır. Ərəb və azərbaycan musiqisinin qarşı-qarşıya qoyulduğu “Min bir gecə” baletində müəllif muğam intonasiyalarından bəhrələmişdir. Eləcə də musiqi tariximizə ilk lirik-psixoloji opera kimi daxil olan “Sevil” operasında da bəstəkar Üzeyir ənənələrinə sadiq qalmışdır. Operada Dilbər obrazında istifadə olunan ritm və intonasiyalar Sevilin partiyalarındakı milli elementlərlə ziddiyyət baxımından qarşı-qarşıya qoyula bilər.
Yaradıcılığında xəlqiliyə üstünlük verərək şifahi xalq və şifahi professional musiqidən bəhrələnən Fikrət Əmirov onların istifadəsinə ustalıqla nail olmuşdur. Onun bəstələdiyi hər bir əsər bu baxımdan çox təqdirəlayiqdir.
ƏDƏBIYYAT:
- Əzimli T. Novator bəstəkar, simfonik muğam janrının – Şərq simfonizminin yaradıcısı. B.: Musiqi/Poeziya, 2012,230
- Kaраев А. Симфонические мугамы Ф.Амирова. // «Советская музыка». M.: 1949, №3.
- Мамедбекoв Д.И. Симфонический мугам «Гюлистан-Баяты-Шираз» Ф. Амирова. М.: 1992,320 s.
- Zöhrabov R. Bəstəkarlarımızın portreti. B.: Gənclik, 1997, 124 s.
Saytoqrafiya:
- Həsənovaİ. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi. URL:http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=181
Народная артистка республики
ПРОЯВЛЕНИЕ ЖАНРА МУГАМА В ТВОРЧЕСТВЕ ФИКРЕТА АМИРОВА
Резюме
В статье “Проявление жанра мугама в творчестве Фикрета Амирова” подчёркивается, что композиор в своих произведениях обращался к народной музыке, в том числе и к мугаму. Ф.Амиров основатель нового жанра – симфонического мугама. В статье раскрываются особенности симфонических мугамов композитора.
Ключевые слова: мугам, жанр, часть, композитор, творчество
People’s Artist of Azerbaijan
THE MANIFESTATION OF THE GENRE OF MUGAM IN THE WORKS OF FIKRET AMIROV
Summary
The article is called “The manifestation of the genre of mugam in the works of Fikret Amirov”. Fikret Amirov handled to folk music, including mugham. F.Amirov founder of a new genre — the symphonic mugam. The article speaks of symphonic mugam.
Key words: mugam genre of the composer, creativity
Rəyçilər:
professor Mənsum İbrahimov;
dosent Nəzakət Teymurova