Üzeyir Hacıbəyli və xalq çalğı alətlərində not ifaçılığı
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
AMK-nın dosenti
Üzeyir Hacıbəyli və xalq çalğı alətlərində not ifaçılığı
Açar sözlər: Ü.Hacıbəyli, tar, çalğı alətləri, not ifaçılığı
Üzeyir Hacıbəyli böyük bəstəkar, musiqişünas, alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi Azərbaycan mədəniyyəti və musiqisinin inkişafında aparıcı rol oynayaraq onun bəşəri zirvələrə ucalmasına nail olmuşdur. Əgər Avropa musiqisi, professional bəstəkar yaradıcılığı baxımından (opera, balet, simfoniya, konsert, vokal əsərləri və s. janrlarda) 300-400 il ərzində formalaşmışsa, Ü.Hacıbəylinin yaradıcılığı və müxtəlif istiqamətli fəaliyyəti nəticəsində bu yolu Azərbaycan musiqi mədəniyyətində qısa zaman kəsiyində, yəni XX əsrin 40-cı illərinə qədər olan dövr ərzində keçmişdir. Dahi bəstəkarın həmçinin xalq çalğı alətləri üzrə ifaçılıq sənətinin inkişafında da misilsiz xidmətləri olub. Xatırladaq ki, onun Azərbaycan musiqi mədəniyyətində cahanşümül xidmətləri hələ keçən əsrin əvvəllərindən başlayıb.
1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası nəinki Azərbaycanda, eləcə də Şərqdə ilk böyük mədəniyyət hadisəsi idi. Bildiyimiz kimi, bu opera başdan-başa Azərbaycan muğamları və xalq yaradıcılığı nümunələri əsasında yazılıb. Ölməz Füzulinin “Leyli və Məcnun” poeması əsasında yazılmış bu operada Ü.Hacıbəyli simfonik alətlərlə Azərbaycan xalq çalğı alətlərinin uzlaşdırması, muğamın Avropaya məxsus opera janrı ilə sintez edilməsi, bunlar bəstəkarın musiqi mədəniyyətimizdə bədii kəşfi idi.
Operanın məziyyətlərindən danışarkən qeyd etmək lazımdır ki, teatral tamaşada əsas ifaçı-xanəndələrdir və onları əsasən, tarzən müşayiət edir. Bununla yanaşı, “Leyli və Məcnun” operasında orkestr epizodları, xor və ansambl səhnələri operanın dramaturji xəttində mühüm rol oynayır. Tamaşada tar aləti mütamadi olaraq xanəndə-aktyorları müşayiət etməklə yanaşı, simfonik orkestrin ifa etdiyi musiqi intermediyalarında fasiləsiz olaraq səsləndirilir.
Görkəmli jurnalist, tədqiqatçı-tarixçi Qulam Məmmədli yazır: “Üzeyir Hacıbəyov hələ gənc yaşlarında dogma şəhəri olan Şuşada, muğamatın beşiyində yaşamış və milli musiqinin təranələri ilə böyümüşdür. Dogrudur, bu mühütdə böyüyən yalnız Üzeyir deyildi. Qarabağda çox çalanlar, oxuyanlar məşhur idi. Lakin musiqini öyrənən, onun varlığı ilə yanaşı, tarixi, ruhu və incəlikləri ilə gələcəkdə bu sahənin alimi olaraq bir şəxs kimi Üzeyir tək idi”. Leyli və Məcnun”un meydana gəlməsi də bundan (Üzeyir Hacıbəylidən – A.N.) asılı idi. 1909-1918-ci illərdə: “Zənbur (jurnal – A.N.), “Kaspi”, “İrşad”,“Həqiqət”,“İqbal” (qəzetlər – A.N.), “Tuti” (jurnal – A.N.) səhifələrində Üzeyir yaradıcılığı ətrafında gedən mübahisə, tənqid və hücüm, müdafiə məzmunlu yüzlərlə yazılar, gənc bəstakarın klassik musiqi və alətlərimizi qorumaq, saxlamaq, onları elmi əsaslar üzrə inkişaf etdirmək yolunda çəkdiyi zəhmətlərin tarixi sənədləridir” (1, s. 58).
Ü.Hacıbəylinin xalq çalğı alətlərinə xüsusi önəm verməsi əlbəttə ki, Azərbaycan musiqisi üçün qeyri-ənənəvi janr olan “Leyli və Məcnun” operasından başlayıb. Ü.Hacıbəyli milli çalğı alətimiz – tarı bu operaya daxil etməklə not ifaçılığının əsasını qoyub.
Not ifaçılığında praktiki və nəzəri addımlar Ü.Hacıbəyli tərəfindən 1920-ci illərdən başlamışdır. Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində Xalq Maarif Komissarlığı və şəhər “Maarif” şöbəsinin 25 may 1925-ci il birgə olan qərarı ilə təşkil edilmiş Dövlət Xalq Konservatoriyasında Xalq musiqisi və milli çalğı alətlərinin orada tədris edilməsinin (not və muğam üzrə) ilk təşəbbüsçüsü məhz Ü.Hacıbəyli olub. Həm də onun bütün məqalələrində bu dövrlərdə Azərbaycan mədəniyyəti və musiqisi məsələlərinə müxtəlif rakurslardan toxunulurdu. Məsələn, Ü.Hacıbəylinin yazdığı “Vəzifəyi musiqimizə aid məsələlər” (2, s. 199), “Azərbaycanda musiqi təhsili” (2, s. 204), “Azərbaycan musiqi həyatına bir nəzər” (2, s. 215), “Şərq musiqisi və Qərb musiqi aləti” (2, s. 226), “Musiqidə tərcümə (2, s. 230) və s. adlı məqalələr bu qəbildəndir.
Ü.Hacıbəyli 1921-ci ildə Azərbaycan türk musiqi məktəbini təsis etdikdən bir müddət sonra həmin təhsil ocağı 1924-cü ildə Türk musiqi texnikumuna çevrilmiş, 1926-cı ildə isə Azərbaycan Dövlət Konervatoriyası ilə birləşmişdir. Həmin təhsil ocaqlarının “Şərq” şöbəsində ilkin olaraq tar və kamança sinifləri açılib. Ü.Hacıbəyli burada nəzəri fənlərdən dərs deməklə bərabər özünün lahiyələşdirdiyi sistem üzrə tarda not ixtisasını tədris edirdi. Onu da nəzərə çatdıraq ki, muğam fənni üzrə dərsləri Mirzə Mənsur Mənsurov, Əhməd Bakıxanov aparıb. Kamança alətində not tədrisi isə əcnəbi skripkaçı-pedaqoq S.L.Bretanitskiyə həvalə edilmişdi.
1922-1926-cı illərdə ayrıca tədris müəssəsi kimi fəaliyyət göstərən Türk Musiqi Texnikumunda Ü.Hacıbəylinin rəhbərliyi və müəllimliyi nəticəsində milli xalq çalğı alətlərində qısa müddət ərzində bir sıra not ifaçıları yetişir. Məhz bu səmərəli işlərin nəticəsidir ki, 1925-ci il 22 may tarixində texnikum tələbələrinin qüvvəsi ilə Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının tamaşasında simfonik orkestrin tərkibində milli zərb alətləri ifaçıları ilə (qaval) bərabər, Ü.Hacıbəylinin yetirmələrindən ibarət tar qrupu – İbrahimov Cəfər, Həsənov Bəhmən, Məmmədzadə İsgəndər, Rüstəmzadə Səid, Məmmədzadə Yəhya, Mütəllibzadə Abdulla da iştirak edirlər (6, s. 36-37).
Ü.Hacıbəyli bu dövrlərdə “Xalq çalğı alətləri” ixtisasları üzrə tədris proqlamları tərtib etmiş və bununla da böyük bəstəkarımız xalq çalğı alətlərində not və muğam tədrisinin elmi-metodik əsaslarının bünövrəsini qoymuşdur. Ü.Hacıbəylinin yazdığı proqram tar, kamança və xanəndəlik ixtisaslarını əhatə edir.
İndi həmin proqrama nəzər yetirək:
Tar
- Muğamat yolu.
Birinci dərəcə
Birinci kurs: Tarı tutmaq: tellərə mizrab vurmaq; barmaqların yeri: tarın qolu üzərində sol əlin hərəkəti; xırda ekzersislər;
İkinci kurs: İlişik mizrab (tremol);
Dəstgah parçalarından məşqlər; yüngul rəng və təsniflər.
İmtahan üçün: ilişik mizrab məşqindən nümunə; bir təsnif və bir dəstgah parçası.
Üçüncü kurs: müxtəlif məşqlər və bir dəstgah.
Dördüncü kurs: müsəlsəl tremol;
Tək mizrabı getdikcə itiləşdirmək;
Tarın qolu üzərində sərbəst hərəkət müxtəlif vəznli rəng və təsniflər, dəstgah muğam; Rast, Çahargah, Bayatı-Şiraz müfəssəl surətdə.
İmtahan üçün: müxtəlif rəng və təsniflər; dəstgahlardan biri müfəssəl sürətdə.
İkinci dərəcə:
Birinci kurs: müsəlsəl tremolun ikmalı:
Tək mizrab iti gedişi ilə, təsnif dəstgahlardan; Şur, Mahur və keçən dəstgahların dövrü.
İmtahan üçün: müxtəlif mizrab məşqləri; rəng və təsniflər, iki dəstgahı müfəssəl surətdə.
İkinci kurs: əvvəlki kursdakı mizrab və sol əl texnikasının təkmili; rəng və təsniflərin mahiranə bir tərz ilə icrası.
Proqramda mövcud olan ümumi dəstgahlar müfəssəl surətdə olmaqdan əlavə ustadanə icrası. İmtahan şagirdin ustalaşmasını göstərməlidir.
Üçüncü kurs: Ümumi çalğı texnikasının mükəmməl dərəcədə çatdırılması.
Dəstgahların və rənglərin müxtəlif pərdələrdə çalınması; xanəndə üçün müşayiət tutmaq qaydaları.
İmtahan şagirddən zövqü-bədii tələbatı və müfaviq ustadanə çalğı tələb olunur.
- Not yolu
Birinci dərəcə
Hazırlıq kursu: tar açarı ilə notların adı; notların yerləri; do vüsul tellərində üç barmağın hərəkətlərinə müvafiq məşqlər, tək mizrab ilə tremol hazırlayan məşqlər.
Birinci kurs: Tremol hazırlayan məşqlər ağır vəzn ilə; tel boyu gəzişmək və pozisiyaları keçmək (sol telində birinci barmaq “do” və do telində birinci barmaq fa) do major qamması iki do məaf.
İmtahan: sinifdə keçilənlərdən.
Üçüncü kurs: mizrab məşqləri: rusiyalı xor dirijoru Klimov (1881-1937) solfecio kitablarında 50-ci nömrədən sonra gələnləri çaldırmaq, o cürə məşqlər çətinliyindən xırda etüd və kiçik pyeslərə keçmək.
Qammalardan do, fa, si bemol və sol major və bunların mütəfazi minorları.
İmtahan: sinifdə keçilənlərdən.
Dördüncü kurs: Mizrab məşqləri: Klimov kitabını çaldırıb qurtarmaq; eyni zamanda etüd və pyeslər öyrənmək. Rusiyalı nəzəriyyəçi və folklorçu Robes (1838-1913) və fransız skripkaçısı və bəstəkarı Maritiç (1782-1849) solfecio kitablarından məşqlər seçib çaldırmaq (1, s. 57-60).
Proqramın xronologiyasında həmçinin “Şərq siniflərinin proqramına əlavə” bölümündə keçiləcək muğamların adları və onların şöbələri Üzeyir bəy dühasına məxsus elmi-metodoloji ardıcıllıqla sıralandırılır. Sonra qeyd edilir ki, kamança sinfinin not və muğam üzrə proqramı tar proqramına müvafiqdir. Eləcə də burada xanəndə sinfinin proqramı da eyni metodiki prinsiplər əsasında qurulur.
Onu qeyd edək ki, o dövrlərdə not sistemi üzrə xalq yaradıcılıq nümunələrinin Üzeyir Hacıbəyli bəstələrinin, habelə əcnəbi müəllif əsərlərinin milli çalğı alətləri olan tar və kamançada çalınması, bir tərəfdən tədris prosesinin proqramını genişləndirir, digər tərəfdən ifaçı-tələbə yeni üslublu musiqi nümunələri ilə yaxından tanış ola bilirdi. Təsadüfi deyil ki, Ü.Hacıbəyli məqalələrinin birində yazır: “Qərb musiqisinin min il ərzində tərəqqilər görüb bugünkü dərəcəyə çatmış olan formaları içində məstur olan ideyası ilə bərabər Şərq musiqisinə keçirilməklə, qədimdən bəri tərəqqisiz qalmış olan Şərq musiqisi həyatında geniş bir tərəqqi inqilabı əmələ gətirə bilən və Şərq musiqisinin gələcəkdə ümumaləm musiqi sənəti sahəsində böyük bir rol oynayacağına səbəb olar. Digər tərəfdən şərqlilər Qərb musiqisi ədəbiyyatında mövcud olan müxtəlif ideyaların ənvai-təəssürat və hissiyatını anlamağa öyrənişər” (2, s. 231).
İndi isə mövzumuz üçün zəruri olan xalq çalğı alətlərinin şahı, tar alətində not sisteminin tətbiq edilməsinin ilkin dövrlərdəki bir tarixi məqama diqqət yetirək. Tara not sisteminin tətbiq edilməsi üçün ən əvvəl Ü.Hacıbəyli “Tarın səs qatarının yenidən qurulmasının layihəsi” (9, s.3) əsərində gəldiyi elmi nəticələr əsasında o, tarın pərdələrini sistemləşdirərək, onun səs qatarını fortepionanın səs qatarı ilə uyğunlaşdırmağa çalışmış və bu məqsədlə bir neçə texniki etüdlər yazmışdır. Həmin illərdə Ü.Hacıbəyli Avropa və digər region bəstəkarlarının əsərlərinin milli çalğı alətlərimizdə səsləndirilməsinin mümkünlüyünü və vacibliyini sübuta yetirmək məqsədilə öz sinfində tar fənni üzrə dərs alan S.Rüstəmovun ifasında Ş.Qunonun “Vals” (“Faust” operasından), V.A.Mosartın “Rondo” pyeslərini nümayiş etdirir. Xatırladaq ki, sonralar da həmin əsərlər müzakirə məqsədli yığıncaqlarda ifa edilərək musiqi ictimaiyyəti tərəfindən müvəffəqiyyətlə qarşılanıb. Beləliklə o, tarın timsalında milli çalğı alətlərimizlə Qərb musiqi alətləri arasında ifaçılıq “körpüsü” yaratmışdır.
Ü.Hacıbəylinin not ifaçılığı sahəsində gərgin fəaliyyəti tezliklə öz bəhrəsini verir. Buna misal olaraq Ü.Hacıbəylinin istedadlı tələbəsi S.Rüstəmovun “Tar məktəbi” adlı vəsaitini göstərmək olar. S.Rüstəmov milli musiqi ənənəsindən və dünya musiqi mədəniyyətindən bəhrələnərək bu kitabı bilavasitə Ü.Hacıbəylinin rəhbərliyi altında tamamlamışdır. O, bununla əlaqədar belə yazır: “… 15 ildən bəri ali musiqi məktəbinə malik şuralar Azərbaycanın bu illər ərzində milli musiqi aləti olan tar üzərində ciddi çalışdığı tamamilə şəksizdir. Tar kimi bir musiqi aləti notsuz çalındıqca musiqiçilər istər Avropanın yüksək musiqi mədəniyyətini mənimsəmək, istərsə də Azərbaycan milli musiqisini mədəni relslər üzərində qoymaq imkanı verə bilməzdi” (3, s. 2).
Ü.Hacıbəylinin Azərbaycan mədəniyyətinə mühüm xidmətlərindən biri də, notlu xalq çalğı alətləri orkestrinin yaradılmasıdır. Belə ki, 1931-ci ilin axırlarında Ü.Hacıbəyli və görkəmli bəstəkar, dirijor Müslüm Maqomayevin təşəbbüsü ilə Azərbaycan radiosu nəzdində notlu xalq çalğı alətləri orkestri yaradılır. Kollektivin bədii rəhbəri və baş dirijoru Ü.Hacıbəyli, dirijoru isə Səid Rüstəmov olur. “İlk dəfə Şərqdə 1932-ci ildə notlu xalq çalğı alətlərindən ibarət orkestrin yaranması bir daha Üzeyir bəyin dahiliyindən xəbər verir” (4, s. 11).
Zəmanəmizin görkəmli bəstəkarı Qara Qarayev bu orkestrə böyük qiymət verərək belə yazırdı: “Azərbaycanda Sovet hakimiyyəti qurul-duqdan sonra hədsiz yaradıcılıq imkanları əldə etmiş Üzeyir Hacibəyov bir sıra musiqi islahatı keçirir. Avropa notası ilə çalan ilk milli çalğı alətləri orkestrinin yaradılması da mühüm yeniliklərdən biri idi (5, s. 78).
Qeyd edək ki, Azərbaycan musiqisinin bütün janrlarına, milli çalğı alətlərinin ifaçılıq xüsusiyyətlərinə, bədii və texniki imkanlarına dahiyanə nüfuz edən Ü.Hacibəyli xalq çalğı alətləri orkestri üçün bir çox xalq meloslarını işləməklə bərabər 1932-ci ildə I fantaziya (“Çahargah”) və II fantaziya (“Şur”) orijinal əsərlərini yazmaqla milli musiqi alətlərimiz üçün peşəkar bəstəkarlıq baxımından ilk böyük həcmli instrumental əsərlər yaranır.
Ü.Hacıbəylinin xalq çalğı alətləri orkestri üçün yazdığı I və II fantaziyaları həm də tar, kamança, balaban alətləri üçün ilk orijinal əsərlərdir. Çünki biz bu əsərlərin partiturasına diqqət yetirsək, tar, kamança, balaban alətlərinin burada ayrı-ayrı solo partiyaları, eləcə də onlardan harmonik, polifonik səslənmələrdə istifadəsinin şahidi oluruq.
Yuxarıda göstərdiyimiz cəhətlər də Azərbaycan musiqisinə professional formada çoxsəslilik elementləri, melodik inkişaflar gətirməklə, eyni zamanda xalq çalğı alətlərinin bədii və texniki imkanlarıni açıb göstərmiş, nəticədə onların yeni keyfiyyətlərlə zənginləşməsinə səbəb olmuşdur.
Bunları da xatırlatmaq lazımdır ki, Ü.Hacıbəylinin xalq çalğı alətləri orkestri üçün yazdığı I və II fantaziyaları və digər qəbildən olan müxtəlif janrlı əsərləri sonralar tar, kamança, balaban, qanun və s. alətlər üçün cürbəcür versiyalarda (solo, ansambl, trio və s. şəkillərdə) işlənərək tədrisdə və konsert salonlarında istifadə edilməklə, xalq çalğı alətlərində not ifaçılığının inkişaf etdirilməsində mühüm rol oynamışdır.
Beləliklə, XX əsrin əvvəllərində not sisteminin xalq çalğı alətləri ifaçılığına tətbiq edilməsi Azərbaycan və xarici ölkə bəstəkar əsərlərinin xalq çalğı alətlərində ifa edilməsinə yol açdı. Bunun nətiçəsində həm görkəmli tar, kamança, balaban, qanun ifaçıları, həm də not ifaçılığı, dahi Üzeyir Hacıbəylinin əvəzedilməz xidmətləri sayəsində milli ifaçılıq sənətinin ayrılmaz tərkib hissəsi kimi təsdiqlənmişdir.
ƏDƏBİYYAT:
- Məmmədli Q.M. Üzeyir Hacıbəyov və muğamat. // “Qobustan” jurnalı, 1979, №4, s. 57-60.
- Hacıbəyov Ü.Ə. Əsərləri. II cild, B.: Elm, 1965, 408 s.
- Rüstəmov S.Ə. Tar məktəbi. B.: Azərnəşr, 1935, 119 s.
- Qasımov R.A. Azərbaycan televiziya və radiosunun Səid Rüstəmov adına əməkdar xalq çalğı alətləri orkestri – 80. B.: Yazıçı, 2012, 208 s.
- Kazımov N.K. Səid Rüstəmov və Azərbaycan xalq çalğı alətləri orkestri // “Musiqi dünyası” jurnalı, 2007 №3-4.
- Абасова Е.А., Данилов Д.Х., Карагичева Л.В., Сафаралиева К.К. Азербайджанская Государственная Консерватория имени Узеира Гаджибекова (1921-1971). Б.: Азернешр, 1972, 214 с.
- Əbdülqasımov V.Ə. Azərbaycanda tarın tədrisi tarixindən (1920-1935), B.: ADNA, 1984, 22 s.
- Novruzov A.M. Üzeyir Hacıbəyovun tarın not ifaçılığında rolu. // “Musiqi dünyası” jurnalı 2000, №3-4, s. 14-17.
- Novruzov A.M. Tar ifaçılıq sənətinin inkişafında bəstəkar əsərlərinin rolu (Dərs vəsaiti). B.: MBM, 2014, 200 s.
- Kərimov K. Birinci fantaziya. // “Ədəbiyyat və incəsənət” qəzeti, 1958, 22 noyabr, s. 3.
- Quliyev N.P. Naxçıvan musiqi mədəniyyəti tarixindən (XX əsr) B.: Elm, 1999, 140 s.
- Kərimov R.M. Naxçıvan musiqi mədəniyyəti tarixindən musiqi təhsili. B.: Azərnəşr, 2012, 160 s.
Доцент АНК,
доктор философии по искусствоведению
УЗЕИР ГАДЖИБЕЙЛИ И НОТНОЕ ИСПОЛНИТЕЛЬСТВО В ОРКЕСТРЕ НАРОДНЫХ ИНСТРУМЕНТОВ
Резюме
В статье говорится о реформах, проведенных Уз. Гаджибейли в области народного музыкального инструментария и о введении нотной системы в национальное исполнительское искусство.
Ключевые слова: Уз.Гаджибейли, тар, музыкальные инструменты, нотное исполнительство
Assistant Professor of ANC,
Doctor of Philosophy
UZEYIR HAJIBAYLI AND PLAY FROM MUSIC OF ORCHESTRA OF NATIONAL MUSIC INSTRUMENTS.
Summary
The article talks about U.Hajibayli’s reforms in national music instruments and note system implementation to national music.
Key words: U.Hajibayli, tar, music instruments, play from music.
Rəyçilər:
professor Həmid Həkilov;
dosent Adıgözəl Əliyev.