AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2018 4

 

Jalə Qulamova

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

AMK-nın elmi katibi

Məmmədağa KƏRİMOV – 70

 TARIN SİMLƏRİNDƏN QƏLBLƏRƏ AXAN MUSİQİ

 

Milli ifaçılıq sənətinin inkişaf edib formalaşmasında layiqli xidmətləri olan sənətkarlardan biri də tanınmış tarzən, pedaqoq, alim, əməkdar incəsənət xadimi, professor Məmmədağa Kərimovdur.

Məmmədağa Kərimovun bu il sentyabrın 10-da 70 yaşı tamam oldu. Bu mü­na­si­bətlə Azərbaycan Milli Konservatoriyasında 26 oktyabr tarixində yubiley tədbiri keçi­rildi. Tədbiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Kon­se­r­va­toriyasının elmi katibi Jalə Qulamova açaraq təbrik üçün ilk sözü AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimiyə verdi.

Xalq artisti, professor Siyavuş Kəriminin dedikləri: “Əziz dostlar, əziz müəl­lim­lər, əziz tələbələr. Bu gün biz çox gözəl bir təqvim yaşayırıq. Hamımızın çoxdan tanı­dığı, gözəl sənətkar, gözəl müəllim, gözəl insan, gözəl ailə başçısı Məmmədağa Kəri­movun yubiley tədbirinə toplaşmışıq. Azərbaycanın ən məşhur insanlarının bu təd­birdə iştirak etməsi Məmmədağa müəllimin cəmiyyət arasında böyük nüfuza malik olma­sını göstərir… Milli Konservatoriya yaranan gündən Məmmədağa Kərimov bizim­lə çiyin-çiyinə çalışmış, uzun illər xalq çalğı alətləri kafedrasının müdiri olmuş­dur. Onu da qeyd edim ki, bu kafedra ilk günlərdən məhz Məmmədağa Kərimovun böyük əməyi sayəsində lider səviyyəsinə qalxmışdır”. Siyavuş Kərimi Məmmədağa Kərimovun çoxşaxəli yaradıcılığı haqqında danışaraq onu təbrik etdi, AMK-nın xüsusi “Xatirə” medalı və Azərbaycan Həmkarlar İttifaqının fəxri fərmanı ilə təltif etdi.

untitled-1

Sonra Jalə Qulamova Məmmədağa Kərimovun yaradıcılıq yoluna nəzərə sala­raq, onun 70 ildə Azərbaycan ifaçılıq sənətinə verdiyi töhfələr haqqında ətraflı danış­dı.

Məmmədağa Kərimov 1948-ci il sentyabrın 10-da Bakı şəhərində dünyaya göz açıb. O, ilk musiqi təhsilini Bakı şəhərindəki 1 saylı yeddillik uşaq musiqi məktəbinin tar sinfində almış, sənətə kövrək addımlarını bu məktəbdə atmışdır. Onun burada ixtisas müəllimi Gövhər Qasımova, muğam müəllimi isə Akif Novruzov olur. O, həmin məktəbi 1964-ci ildə bitirir, elə həmin ildə Asəf Zeynallı adına Bakı orta ixtisas mu­siqi məktəbinə xalq çalğı alətləri şöbəsinə daxil olur. Tale elə gətirir ki, Akif Novruzov bu təhsil ocağında da ona ixtisasdan dərs deyir. M.Kərimov təhsil müd­dətində bəstəkar əsərlərinin təfsir xüsusiyyətlərinin sirlərini görkəmli pedaqoq Akif Novruzovdan, muğam sənətini isə istedadlı ifaçı, təcrübəli pedaqoq, muğam bilicisi, əməkdar mədəniyyət işçisi Kamil Əhmədovdan öyrənir.

Hələ musiqi texnikumunda oxuyarkən o, axşamlar fəhlə-gənclər məktəbinə gedərək 3 ilə kamal attestatı alır. Sonra Dadaş Bünyatzadə adına Xalq Təssərüffatı İnsti­tutuna daxil olur. Lakin musiqiyə olan sevgisi onu məhz bu sahədə ali təhsil alma­ğa sövq edir və o, Xalq Təssərüffatı İnstitutunda oxuya-oxuya 1968-ci ildə Ü.Hacı­bəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Lakin qanuna əsasən iki ali təhsil ocağında bərabər şəkildə təhsil almağa icazə verilmədiyindən o, digər təh­si­li­ni dayandırmalı olur. Yalnız Konservatoriyanı bitirdikdən sonra iqtisadçı təhsilinin iki­nci yarısını başa vurur.

M.Kərimov Konservatoriyada görkəmli bəstəkar, dirijor, xalq artisti, professor, Səid Rüstəmovun tələbəsi kimi tarda Azərbaycan, rus, qərbi Avropa bəstəkarlarının əsərlərinin interpretasiya xüsusiyyətlərinə daha dərindən yiyələnir. Eyni zamanda o, gör­kəmli bəstəkar, respublikanın xalq artisti, professor Süleyman Ələsgərovdan di­ri­jor­luq sənətinin incəliklərini də müvəffəqiyyətlə mənimsəyir.

M.Kərimovun yaradıcılığından danışarkən onun ifaçılıq fəaliyyətini qeyd et­mək lazımdır. Onun ilk fəaliyyət göstərdiyi ansambl məhz Əhməd Bakıxanovun rəh­bərlik etdiyi Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri ansamblı ol­muş­dur. Gənc istedadlı tarzəni bu ansambla Əhməd Bakıxanov özü dəvət etmişdir. O, bu­ra­da çalışdığı illərdə xalq musiqisinin incəlikləri ilə əyani olaraq yaxından tanış olur.

M.Kərimovun parlaq qabiliyyəti həmin illərdə görkəmli pianoçu bəstəkar, alim, əməkdar incəsənət xadimi Gülarə xanım Əliyevanın nəzər-diqqətini cəlb edir və o, gənc Məmmədağanı “Dan ulduzu” instrumental ansamblına dəvət edir. O, bu ansamb­lda solist-tarzən kimi çalışmaqla Azərbaycan və keçmiş SSRİ-nin bütün res­pub­likalarında qastrol səfərlərində iştirak edib. Onun repertuarından musiqi nüm­u­nə­ləri Moskvada Ostankino televiziyasında lentə yazılaraq qızıl fonda da daxil edilib.

M.Kərimovun pedaqoji fəaliyyəti də çox önəmlidir. O, böyük pedaqoji təc­rü­bə­yə malik bir müəllimdir. Pedaqoq anlayışının mahiyyətini dərindən dərk edib, cə­miy­yət, musiqi sənəti üçün istedadlı kadrlar yetişdirməyi qarşısına məqsəd qoyan Məmməd­ağa Kərimov 50 ildir ki, sevdiyi peşə ilə məşğuldur. Hələ tələbə adını da­şı­dı­ğı zamandan sənə­tə olan baxışı, istedadı görkəmli sənətkarların, pedaqoqların ­nə­zə­rin­dən yayın­ma­mış və onu A.Zeynallı adına orta ixtisas musiqi məktəbinə işə dəvət edir­lər. Sonralar qa­zan­dığı uğurlar, pedaqoq kimi fəaliyyəti nəticəsində o, 1973-cü ildə Azər­baycan Dövlət Kon­servatoriyasına müəllim təyin olunmuşdur. 2002-ci ildən Azər­baycan Milli Kon­ser­va­toriyasında çalışır. Uzun illər burada “Xalq çalğı alətləri” kafed­rasının müdiri vəzi­fə­sin­də işləmişdir. Hal-hazırda həmin kafedranın profes­sorudur.

O, yetirdiyi tələbələr ilə hər zaman qürur hissi keçirib, onların uğurlarını öz uğu­ru kimi qəbul edib. Məmmədağa Kərimovun müəllimlik sahəsində ümdə cə­hət­lər­dən biri odur ki, o, ilk məşğələlərdə tələbə ilə ustalıqla ünsiyyət yarada bilir. Tə­lə­bə­nin bir fərd kimi psixologiyasını, xarakterini çevikliklə duyur. Məmmədağa Kərimov pe­daqoji fəa­liyyətində bir çox ifaçı və pedaqoqlar yetişdirmişdir. Təsadüfi deyil ki, onun tə­lə­bə­lə­ri olmuş musiqiçilər hazırda respublikanın ən qabaqcıl musiqi xa­dim­lə­ri­dir. Onun vaxtı ilə dərs dediyi tələbələr arasında beynəlxalq və respublika müsabiqə lau­reatları, ta­nın­mış ifaçı tarzən və müəllimlərə rast gəlmək olar. Məmmədağa müəl­li­min yetişdirdiyi ilk tə­ləbələrdən biri görkəmli tarzən, respublikanın xalq artisti, prezident təqaüdçüsü, bu gün Milli Konservatoriyanın professoru Möhlət Müslümov artıq xalqın sevimlisinə çev­ril­mişdir. Digər tələbələr arasında respublikalar arası bey­nəl­xalq müsabiqə laureatı, Gülağa Zeynalov, Əhməd Bakıxanov adına müsabiqə lau­reatı, dosent Səbuhi Cəfərov, bir neçə beynəlxalq və respublika müsabiqələri laureatı, Milli Konservatoriyanın dosenti Sahib Paşazadə, əməkdar artist Ələkbər Ələkbərov, baş müəllim Arslan Növrəsli, Bakıxan Müzəffərov, Elçin Nağıyev, Murtuz Əsədul­la­yev və başqalarını göstərmək olar. Onu da qeyd edək ki, bu istedadlı musiqiçilər həm müəllimlərinin yolunu davam etdi­r­ib pedaqoq kimi fəaliyyət göstərir, həm də ifaçılıq sənəti ilə məşğul olurlar.

mk

Məmmədağa Kərimov həm də istedadlı alim­dir. O, 1987-ci ildə Tiflisdə namizədlik dis­ser­tasiyasını müvəf­fə­qiy­yət­lə müdafiə etmişdir. Onun bir çox elmi-tədqiqat və pub­li­sis­tik mə­qa­lə­ləri müxtəlif qəzet, jurnal və elmi məc­muə­lərdə nəşr olunmuşdur. Bunlardan “Üzeyir Hacıbəyli yara­­dı­cı­lı­ğın­da xəlqilik”, “Muğamların yaran­ma­sı tarixinə dair”, “Unu­dulmaz tarzən”, “Azər­bay­can muğamlarına arxeo­loji və tarixi baxımdan nə­zər”, “S.Rüstəmovun mah­nı­ları”, “S.Ələs­gə­ro­vun kamera instrumental musiqisi” və baş­qa bu kimi məqalələrin adlarını çəkə bilərik.

Xatırladaq ki, Məmmədağa müəllimin 2007-ci ildə işıq üzü görmüş “Azərbaycan xal­qı­nın musiqi irsi” adlı monoqrafiyası oxucular, mu­si­qi ictimaiyyəti və mütə­xəs­sis­lər üçün gözəl töh­fə olmuşdur. Adı çəkilən mono­qra­fi­ya­da Azər­bay­can xalqının mu­siqi irsinin bir neçə minil­lik­lər boyu toplanması, zən­gin­ləş­di­ril­mə­si və tək­mil­ləş­di­ril­məsi müəllif tərəfindən xro­no­loji ardıcıllıqla şərh edilərək, onu ma­raq­lı tarixi fakt­lar­la oxucuların nəzərinə çat­dırır. Bu monoqrafiya eyni zamanda rus və ingi­lis dill­ə­ri­nə tərcümə edilmişdir.

Professor M.Kərimov həm də Azərbaycan Milli Konservatoriyası “Xalq çalğı alət­ləri” kafedrasının müdiri işlədiyi dövrdə də xeyli işlər görmüşdür. Təşkilatçılıq fəa­liyyəti ilə yanaşı Məmmədağa müəllim tədris prosesinin inkişafı naminə müəllif və tər­tibçi kimi bir neçə metodik tövsiyyələr, köçürmələr, yeni proqramlar üzərində işlə­yə­rək onları nəşr etdirmişdir. Onun uzun illərin təcrübəsinə əsaslanan dərslik və me­to­dik vəsaitləri ixtisaslı kadrların hazırlanmasına yönəldilmişdir. Bunların arasında biz pro­fessor Afət Novruzovla birgə tərtib etdikləri “Azərbaycan xalq çalğı alətləri not ifa­çılığının tarixi” adlı dərs vəsaitini, tanınmış bəstəkar Firəngiz Babayevanın tar ilə sim­fonik orkestr üçün “Konsert”i, T.Bakıxanovun Tar ilə simfonik orkestr üçün “4 saylı Konsert”i adlı metodik tövsiyələri, bakalavr və magistr pillələri üçün ixtisas ansambl fənni üçün tərtib edilmiş proqramların, tar ilə fortepiano üçün “Pyeslər məc­mu­əsi”, “Azərbaycan və xarici ölkə bəstəkarlarının tar ilə fortepiano üçün işlənmiş əsər­ləri, “Xarici ölkə bəstəkarlarının ansambl üçün işlənmiş əsərləri”ni göstərə bilərik.

Məmmədağa Kərimov ifaçı, pedaqoq olmaqla yanaşı onun özünün bəstələdiyi əsər­lər də az deyil. Bunların içərisində istedadlı qanun ifaçısı, beynəlxalq və res­pub­li­ka müsabiqələri laureatı, AMK-nın baş müəllimi Natəvan Həsənovaya həsr etdiyi “Qa­nun və fortepiano üçün Konsert” əsərini qeyd edə bilərik. Əsərin fortepiano parti­ya­sının müəllifi isə AMK-nın baş müəllimi, aparıcı konsertmeystr Svetlana Əhmədo­va­dır.

Məmmədağa Kərimovun Azərbaycan musiqi mədəniyyətinə göstərdiyi xid­mə­t­lə­rinə görə 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Tədbirdə həmçinin, M.Kərimovun tələbələrinin ifasında konsert proqramı da din­­ləyicilərin ixtiyarına verildi. Musiqi nömrələri təbrik çıxışları ilə növbələnərək təd­biri daha maraqlı etdi. Belə ki, S.Kərimi ilə yanaşı, xalq çalğı alətləri kafedrasının mü­di­ri əməkdar müəllim, dosent Ramiz Əzizov; xalq artisti, professor, prezident mü­ka­fat­çısı, “İstiq­lal” ordenli Tofiq Bakıxanov; əməkdar incəsənət xadimi, professor, Mu­si­qi Kol­le­ci­nin direktoru Nazim Kazımov; xalq çalğı alətləri kafedrasının dosenti Adı­gözəl Əliyev; xalq çalğı alətləri kafedrasının dosenti, əməkdar artist Sahib Paşazadə; “Mu­si­qi­nin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, əməkdar incəsənət xadimi, pro­fes­sor Akif Quliyev M.Kərimov haqqında gözəl sözlər deyərək onu yubiley müna­si­bə­ti­lə təbrik etdilər.

Xalq artisti, professor Tofiq Bakıxanovun dedikləri: “Məmmədağa Kərimov mə­nim sadiq dostlarımdandır. Düz 50 il bundan öncə görkəmli bəstəkarımız Süleyman Ələs­gərova müraciət etdim ki, aktyorlar evində müəllif konsertimdə çıxış etmək üçün mənə yaxşı bir tarzən versin. O, Məmmədağa Kərimovu məsləhət gördü. Həmin təd­bir­də çox tanınmış sənətkarlarla yanaşı Məmmədağa Kərimov da çıxış edərək hamı tərə­fin­dən bəyənildi. O vaxtdan bu günədək bizim yaradıcılıq əlaqələrimiz davam edir”.

Əməkdar incəsənət xadimi, professor, Musiqi Kollecinin direktoru Nazim Kazımovun dedikləri: “Hörmətli yubiley iştirakçıları. Məmmədağa müəllimlə biz düz 52 ildir birgə yol gəlirik. Bir kursda olmasa da bir binada oxumuşuq. Hər ikimizin müəllimi Səid Rüstəmov olub. 15 il mənim kafedra müdirim olub. Onun sənətkarlığı da, savadı da, ifası da hər zaman göz qabağındadır. Məmmədağa Kərimov eyni za­man­da çox təvazökar, səmimi insan, həm tələbələri, həm də həmkarları ilə hər zaman xoş ünsiyyət qura bilən, xeyirxahlıq edən bir insandır… Mən də onu ürəkdən təbrik edir, ona uzun ömür arzulayıram”.

Çıxışlar içərisində Məmmədağa müəllimin ilk tələbəsi olmuş, bu gün onunla Azər­­baycan Milli Konservatoriyasında çiyin-çiyinə çalışan xalq artisti, professor Möh­lət Müs­lümovun təbriki daha yaddaqalan oldu. O, sənətkarın bütün tələbələri adın­dan Məm­məd­ağa Kərimovu təbrik edərək ona “Tələbələrin sevimlisi” qızıl me­da­lı­nı təqdim etdi.

Sonda bir daha ustad tarzən, pedaqoq, alim, bacarıqlı və qayğıkeş təşkilatçı, tə­va­zökar insan, professor Məmmədağa Kərimovun 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.

Məqalə tam

Mövzuya uyğun