AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2019 № 4 (46)

SİYAVUŞ KƏRİMİNİN BEYNƏLXALQ MUSİQİ LAYİHƏLƏRİ

endir

PDF  

 

 

 

 

   Azərbaycan xalqı musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri olmuş iste­dadlı sənətkarlardan biri, Azərbaycan Milli Konservatoriyasının rektoru, bəstəkar, xalq artisti, professor, “Şöhrət” ordenli Siyavuş Kərimidir. 2019-cu il noyabrın 9-da sə­nətkarın 65 yaşı tamam oldu. Siyavuş Kərimi 65 ildir ki, Azərbaycan incəsənəti üçün yorulmadan çalışır. Onun yaradıcılığına nəzər saldıqda gündəlik həyatımızı əha­tə edən, aktual problemlərlə səsləşən bir yol olduğunu müşahidə edirik. Geniş eru­di-si­ya, müasir dünya incəsənətində baş verən proseslərə qarşı daimi maraq və diqqət, milli ənə­nələrə hörmətlə yanaşma – bu xüsusiyyətlər bəstəkarın yaradıcı simasına xas ola­raq onun bədii kredosunu formalaşdırmışdır. Bəstəkar xalq musiqisinə, vətənpərvərlik və digər mövzulara müraciət edərək bütün bu həmahəng məsələlərə fikrini məhz öz mu­siqisi, həm də təşkilatçılığı ilə bildirir. Siyavuş müəllim sənətində və üslubunda möv­qeyini səmimiyyətlə və sərbəst ifadə edən bir insandır. Hal-hazırda bəstəkar gü­nün tələblərinə cavab verən, süjet aktuallığı ilə fərqlənən, milli koloriti özündə ehtiva edən əsərlər yaradaraq musiqi mədəniyyətimizə öz layiqli töhfələrini verir.

   Ötən əsrin 70-ci illərindən müstəqil yaradıcılıq yoluna qədəm qoyan Siyavuş Kəriminin professional bəstəkarlıq fəaliyyəti üç istiqamətdə inkişaf etmişdir: mahnı jan­rında bəstələr və aranjeman; teatr musiqisi; kino musiqisi. Siyavuş Kərimi eyni za­man­da çağdaş musiqi tariximizdə beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi kimi tanınır. 2001-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Ame­ri­ka musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib.

   Belə layihələrdən biri Latın Amerikası və Azərbaycan musiqiçilərinin xalq artis­ti Siyavuş Kəriminin rəhbərliyi ilə əsası 2002-ci ildə qoyulan birgə fəaliyyəti elə hə­min ildə Bakıda keçirilmiş konsertlə başlamışdır. Siyavuş Kəriminin “Trans Atlantik Non Stop” layihəsi əsasında gerçəkləşən konsertdə Azərbaycan tərəfdən Elçin Hə­şi­mov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Kamran Kərimovla yanaşı Siyavuş Kərimi özü də çıxış etmişdir (6). Həmin konsertdən sonra “Altiplano” qrupunun ifası Rafiq Ba­bayev adına səsyazma studiyasında lentə alınmış, 2002-2006-cı illərdə həmin stu­di­ya­da sintez üçün işlənib hazırlanmışdır. Bu müddət ərzində Azərbaycanın aparıcı mu-si­qiçilərindən Arif Babayev, Ağaxan Abdullayev, Alim Qasımov, Polad Bülbüloğlu, Zabit Nəbizadə, Aygün Bayramova, Nazpəri Dostəliyevə, Lalə Məmmədova, eləcə də instru­mental ifaçılardan Elçin Həşimov, Elnur Əhmədov, Şirzad Fətəliyev, Elşad Ab­du­­l­rəhimovun ifaları lentə alınmışdır.

   İlk dəfə 2002-ci Azərbaycanda gerçəkləşən bu layihə sonradan İsveçin paytaxtı Stokholmda da təqdim olunub. Əldə olunmuş musiqi nömrələri 2007-ci ildə Norveçin “KİRKELİS KULTURVERSKTED” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, həmin il “TRANS ATLANTİC NON-STOP” markası adı altında hazırlanmış alboma daxil edil­miş və 2007-ci ilin aprel ayında Moskvanın “Dünya albomları” musiqi onluğuna da­xil olmuşdur. Sonrakı illərdə Avropa dinləyicilərinin marağını qazanmaqla, albom ola­raq satış göstəricilərinə görə özünü doğruldan “Trans atlantic non-stop” Azər­bay­can musiqisinin dünya dinləyicisinə aydın şəkildə çatdırılması və təbliğində əh­ə­miy­yət­li layihələrdən biri olmuşdur.

   Daha bir layihə Siyavuş Kəriminin Azərbaycan və Cənubi Amerikanın mu­si­qi­çi­lə­rinin “Altiplano” qrupu ilə birgə hazırladıqları “Salam-Hola” layihəsidir. 11 mart 2011-ci ildə Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin və Azər­bay­can Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan konsertdə Ekvadordan olan “Altiplano” musiqi qrupu ilə Azərbaycan musiqiçilərinin birgə ifa etdikləri sintez mu­siqi böyük əks-səda doğurmuşdur. Burada iştirak edən “Altiplano” qrupunun ta­nın­mış üzvlərindən Oscar Velasquez, Fernando Villabianca, Mauricio Vicencio, Stalin Gon­zales, Azərbaycan musiqiçilərindən Siyavuş Kərimi, Elçin Həşimov, Elnur Əh­mə­dov, Şirzad Fətəliyev, Kamran Kərimov, Mənsum İbrahimov, Aygün Bayramova, Za­bit Nəbizadə gənc və istedadlı muğam ifaçıları ilə — Bəyimxanım Mirzəyeva, Təyyar Bay­ramov, Vəfa Orucova, İlkin Əhmədov, Güllü Muradova, Ehtiram Hüseynov və baş­qaları ilə birlikdə çox maraqlı bir layihə ilə çıxış edərək Azərbaycan mədəniyyətini yük­sək səviyyədə təmsil etmişdirlər (7).

   Daha bir söhbət açacağımız layihə Azərbaycan-Norveç mədəni əlaqələri haq­qın­da­dır. Skandinaviya yarımadasında yerləşən Norveçlə Azərbaycan arasında uzaq mə­sa­fənin olmasına baxmayaraq, bu ölkələri yaxınlaşdıran sıx tarixi, mədəni bağlar var. Ötən əsrin 80-ci illərində ölkəmizə səfər edən məşhur norveçli səyyah və alimi Tur He­yerdal Qobustanda olarkən bu məkanın Norveçin tarixi ilə bağlılığını aşkara çı­xart­mış­dır. Səyyahın apardığı araşdırmalar nəticəsində gəldiyi qənaətə görə, norveçlilərin əc­dadları olan vikinq tayfaları vaxtilə (eramızdan əvvəl II-I əsrlərdə) məhz Qafqazdan, Azər­baycandan çıxaraq Skandinaviyaya gedib çıxmış insanlar olublar. Heyerdal Qo­bus­tandakı qayaüstü rəsmlərin eynisinin Norveçdə də olduğunu önə çəkərək bu rəsm­lə­rin iki ölkə arasında tarixi bağların nümunəsi olduğunu bildirmişdi (1, s.14). Azər­bay­can-Norveç mədəni əlaqələrinin tarixinə nəzər saldıqda, bu münasibətlərin hələ so­vet quruluşu dövründən mövcud olduğunu görmək olar. 1964-cü ildə Norveç dirijoru Odd Qryunnerin Bakıda konserti, 1971-ci ildə Azərbaycan musiqiçilərinin Norveçdə kon­sert çıxışları, 1986-cı ildə Norveç bəstəkarlarının respublikadakı çıxışları musiqi sa­həsində əlaqələrin inkişafına başlıca səbəb oldu. Norveç Krallığı Azərbaycan Res­pub­likasını müstəqilliyini bərpa etdikdən sonra tanıyıb. Hərtərəfli diplomatik əlaqələr 1992-ci ilin iyun ayından yaradılıb. Azərbaycan-Norveç musiqi əlaqələrinin inki­şa­fın­da iki ölkə musiqiçiləri tərəfindən təşkil olunan beynəlxalq musiqi layihələrinin böyük əhə­miyyəti vardır. Bu layihələr müxtəlif səpkili olub, öz əhatə dairəsinə və ma­hiy­yə­ti­nə görə fərqlənir. Belə layihə müəlliflərindən biri yenə də xalq artisti, professor Siya­vuş Kərimiyə məxsusdur.

   Siyavuş Kərimi Norveç musiqiçiləri ilə Azərbaycan musiqiçilərinin birgə əmək­daş­lığı əsasında ərsəyə gələn layihənin ilk təşəbbüskarı və təşkilatçısı olmuşdur. Bu layi­hə Norveçin “Skruk” xoru və azərbaycanlı musiqiçilərin birgə təşkilatçılığı ilə hə­ya­ta keçirilmiş “The land we come from” (“Bizim gəldiyimiz ölkə”) layihəsidir. La­yi­hə səyyah və alim Tur Heyerdalın Azərbaycanla Norveç tarixi əlaqələrinin üzə çı­xa­rıl­ma­sına xidmət edən ekspedisiyaların əks-sədası kimi meydana gəlmişdir. Layihənin mu­siqi tərtibatçısı, koorinatoru və aranjemançıları Siyavuş Kərimi və Norveçdə ya­şa­yan azərbaycanlı bəstəkar Qalib Həsən Məmmədovdur. “Skruk” xoru (Sunnmore Kris­telege Ungdomskor Koret – Sünmör Xristian Gənclər Xoru) Norveçin ən məşhur xor ansamblıdır. Bu xorun bədii rəhbəri Per Oddvar Hildredir (3, s.14).

   Beləliklə, Siyavuş Kərimi Azərbaycan və Norveç xalqlarının musiqi sahəsində əmək­daşlığının məhsulu kimi 1996-cı ildə “Bizim gəldiyimiz ölkə” adlı ilk kompakt dis­kini hazırlayıb geniş musiqi ictimaiyyətinə təqdim etmişdir. Layihənin birinci his­sə­si Rafiq Babayev adına yaradıcılıq studiyasında, 2-ci hissəsi isə xorla birgə Nor­veç­də yazılmışdır. “Landet vi kommer fra”SKRUK, Brilliant, İlgar Muradov – Musikk fra Azerbaydsjan” adlı CD alboma “Skruk” xorunun müşayiəti ilə aşağıdakı musiqi nü­munələri daxildir: xalq mahnıları – “Ay bəri bax”, “Laçın”, “Süsən-sünbül”, “Sarı gə­lin”, “Çal-oyna”, “Aman nənə”, “Bana-bana gəl”, Siyavuş Kəriminin “Ömrümün istə­yi”, Qalib Həsən Məmmədovun “”Laylay” və “Sənsiz olan” mahnıları, “Bayatı-Şiraz” təsnifi. Burada Siyavuş Kərimi xalq mahnılarını solist və xor üçün işləmişdir və Azər­baycan dilində mahnıların melodiyasını ifa edən solistlə Norveç dilində oxuyan xo­run ifasının sintezini çox gözəl yaratmağa qadir olmuşdur. Belə ki, solist və xorun müx­təlif dillərdə oxumasına baxmayaraq məhz ifaçıların peşəkarlığı nəticəsində ma­raq­lı bir sintez meydana gəlmişdir (3, s.15).

   Məlumat kitabçasında musiqi nömrələrinin işlənməsi bölməsində “Ay bəri bax”, “Bana-bana gəl” və “Ömrümün istəyi” mahnılarının Siyavuş Kərimi tərəfindən aran­ji­man olun­duğu qeyd olunub. Digər 7 nömrənin aranjimanı isə Qalib Həsən Məm­mə­do­va məx­sus­dur (3, s.16). CD-dəki musiqi nümunələrinin musiqi tərtibatında Azər­bay­can mil­li alət­lə­rindən istifadə edilmişdir. Udda və tarda Siyavuş Kərimi, saz, tütək və ba­la­ban­da Həsən­ağa Sadıqov, qarmon, nağara və qoşanağarada Elşən Sadıqov, “Sən­siz olan” musiqi nöm­rə­sində kamançada Şəfiqə Eyvazova və “Ömrümün istəyi” nöm­rə­sin­də isə Ədalət Və­zi­rov ifa etmişlər. Solo partiyaların ifaçıları isə müğənnilər Bril­yant Da­da­şova və İlqar Mura­dov, solo bassvokal ifaçısı isə Norveçli Bjorn Holum olmuş­lar (3, s.18).

   Bu haqda Norveç mətbuatında davamlı yazılar dərc olunmuşdur. Qəzetlərdən bi­rin­də “Klanger fra Kaukasus” (“Qafqazdan vokallar”) adlı məqalədə yazılır:Dünən ax­şam dirijor Per Oddvar Hildrenin rəhbərliyi ilə SKRUK və Azərbaycandan olan mu­si­qiçi və müğənnilər Molde kilsəsində konsert verdilər. Xor son CD diskləri olan “Lan­det vi kommer fra”dan (Bizim gəldiyimiz ölkə) mahnılar təqdim etdi. SKRUK-la olan kilsə konsertləri Molde jazzda düzənli olaraq davam etməyə başladı” (4, s.9).

siyavus-k-jpg-2

   Daha bir mətbu orqanında müəllifi Johs Brandtzæg olan “Vakkert og spennende” (”Gözəl və maraqlı”) adlı məqalədə isə deyilir ki: “400 nəfərə yaxın insan SKRUK və Azərbaycandan gələr müğənni və musiqiçilərə qulaq asmaq üçün Steink­jer kilsəsinə gedərək xoş anlar yaşadılar. Konsert ənənəvi SKRUK mahnısı olan “Han er oppstanten” (O dirilir) ilə başladı. Əslində bu mahnı Afrika mahnısıdır və sonralar Nor­veç kilsə mahnıları sırasına daxil olmuşdur. Daha sonra biz Azərbaycan musiqi ənə­nəsi ilə birləşmiş ilk musiqini dinlədik. Azərbaycandan gələn musiqiçilərdən biri olan Siyavuş Kəriminin yeni il mahnısı olan “Guds son er komen” (Tanrının oğlu gəl­di) səsləndi. Sonra isə bizə tamamilə yad olan alətlərlə birlikdə azərbaycanlı mu­si­qi-çi­lər səhnəyə gəldi. Lakin bu alətlər bizim tanıdığımız gitara, skripka və balalaykadan heç də çox fərqli deyildi. Konsertin əsl cazibədarlığı isə 2 mədəniyyətin bir-birinə qa­rış­ması idi. Azərbaycan musiqisinin xarakterik xüsusiyyətlərindən biri də bir melo­di­ya­da çoxlu tonların olmasıdır. Xor mahnını açıq bir şəkildə Norveç dilində səsləndirir və ona naxışlar vururdu, bu isə mahnını daha da əvəzedilməz edirdi” (5, s.4). Konsert daha sonra İnderoy, Skatval, Namsos və Levangerdə də keçirilmişdi.

   Beləliklə, artıq neçə illərdir incəsənət ustalarımız Norveçin paytaxtı Oslo və di­gər şə­hərlərində “SKRUK” xoru ilə birgə konsert proqramlarında çıxış edərək Azər­bay­can in­cəsənətini, milli musiqi nümunələrimizi layiqincə təbliğ edirlər. Per Oddvar Hildre bu gün də Azərbaycan Milli Konservatoriyası ilə sıx əməkdaşlıq edir. Siyavuş Kə­riminin də­vəti ilə tez-tez Bakıya səfər edir, konsert və ustad dərslər verir. Onu da qeyd edək ki, Per Oddvar Hildre Azərbaycan Milli Konservatoriyasının fəxri doktoru seçil­mişdir.

   2016-cı ildə AMK-da Norveçin Azərbaycandakı səfiri ilə görüş keçirildi. AMK ilə Norveç arasında təhsil müəssisələrində davamlı tədbirlər, konfrans və müştərək la­yi­hələrin keçirilməsi müzakirə olunmuşdur. Eləcə də 16 sentyabr 2016-cı il tarixində Azər­­baycan Milli Konservatoriyasında “Olso” Kamera ansamblının konserti ke­çi­ril­miş­dir. Olso Filarmoniyasının solo qoboy ifaçısı David Friedmann STRUNKun bədii rəh­bərliyi ilə fəaliyyət göstərən ansambl bir çox ölkələrdə çıxışlar etmiş, bir sıra fes­ti­val­larda heyrətamiz ifası ilə dinləyicilərin sevgisini qazanmışdır. Qeyd edək ki, AMK-da keçirilən tədbirdə də ansambl maraqlı musiqi proqramı ilə çıxış etmişdir. Burada Karl Reinecke, Xəyyam Mirzəzadə, Emil Hartmann və Edvard Qrigin əsərləri ifa olun­muşdur (8). Əlbəttə bütün bunlar iki ölkə arasında musiqi əlaqələrinin və təcrübə mü­badiləsi sahələrinin genişləndirilməsindən xəbər verir.

   Bu gün Siyavuş Kəriminin rəhbərliyi altında Milli Konservatoriyada milli mu­si­qi mədəniyyətinin öyrənilməsinə, tədqiqinə, qorunmasına, inkişafına, eləcə də dün­ya­ya inteqrasiyasına mühüm əhəmiyyət verilir. AMK ilə digər dünya ölkələri arasında təh­sil müəssisələrində davamlı tədbirlər, konfrans və müştərək layihələrin keçirilməsi nə­zərdə tutulan işlər sırasındadır. Yaradıcılığının kamillik dövrünü yaşayan sənətkar yük­sək peşəkarlıq prinsiplərinə sadiq qalaraq milli musiqi mədəniyyətimizin tərəqqisi na­minə yorulmadan çalışır. Siyavuş Kəriminin yaradıcılıq və fəaliyyətinin çox­şa­xə­li­li­yi, dolğunluğu, məzmunu, səmimiyyəti, fəaliyyətinin müxtəlif sahələri arasındakı sıx qar­şılıqlı əlaqə onu bizə Azərbaycan musiqi mədəniyyətinin dəyərli simalarından biri kimi tanıtdırır və gələcək nəsillərə də məhz belə tanıtdıracaq.

ƏDƏBİYYAT:

Azərbaycan dilində:

  1. Azərbaycanın dəfinəsi onun nefti deyil, musiqisidir. // “İncəsənət” qəzeti, dekabr 1997, s.14
  2. Ömərov V. Azərbaycan-Norveç mədəni əlaqələri. // “Səs” qəzeti, 13 sentyabr, 2013, s. 15
  3. Hacılı Ü.T. Azərbaycan-Norveç musiqi əlaqələri. sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmnuş dissertasiyanın avtoreferatı. B.: 2016, 25 s.

Xarici dillərdə:

  1. “Klanger fra Kaukasus” (“Qafqazdan vokallar”). Trisdag 8 april 1997, səh.9
  2. Brandtzæg. “Vakkert og spennende”(”Gözəl və maraqlı”). Tysdag 4 august 1998, səh.4

Saytoqrafiya:

  1. Azərbaycan-Norveç musiqisinin sintezi. // “Mədəniyyət” qəzeti 02-07-2010 URL:http://medeniyyet.az/page/news/13309/AzerbaycanNorvec-musiqisinin sintezi.html?lang=ru
  2. Azərbaycan və Latın Amerika musiqiçiləri bir səhnədə. // Lent.az saytı. 27 yanvar 2011 URL:https://m.lent.az/news/54477
  3. “Olso” Kamera ansamblının konserti. Sentyabr 16, 2016. URL:http://conservatory.edu.az/olso-kamera-ansamblinin-konserti/

 

 

Jalə Qulamova

AMK-nın elmi katibi,

sənətşünasliq üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

Mövzuya uyğun