Tükənməz enerjili sənətkarımız
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
«KONSERVATORİYA» 2019 № 4 (46)
TÜKƏNMƏZ ENERJİLİ SƏNƏTKARIMIZ
Hər bir yaradıcı sənətkarın milli musiqi mədəniyyətinin tarixində və inkişafında özünəməxsus yeri var. Azərbaycan musiqi mədəniyyətində belə sənətkarlardan biri də Respublikanın xalq artisti, professor, “Qızıl dərviş” mükafatı laureatı, “Şöhrət” ordenli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimidir. Çoxaspektli və geniş yaradıcılıq fəaliyyətinə malik olan Siyavuş Kərimi yüksək professionalizmi və orijinal ideyaları ilə seçilən bir musiqiçidir. Bunu biz sənətkarın müxtəlif fəaliyyət sahələrində – ifaçılıq, bəstəkarlıq, elmi-pedaqoji, musiqi-ictimai aspektlərdə nümayiş etdirdiyi bir çox ciddi və mühüm vəzifələrin yerinə yetirilməsində görürük. O, daim axtarışda olan, yeniliyə cəhd edən, ən başlıcası isə Azərbaycan milli musiqisini durmadan qorumaq və təbliğ etmək amalı ilə çalışan yorulmaz patriotdur.
Hansı sahədə və ya istiqamətdə çalışmasından asılı olmayaraq Siyavuş Kərimi hər zaman dərin bilik və peşəkarlıq nümayiş etdirən, milli ənənələrə ciddi və məsuliyyətlə yanaşan, sənətə və sənətkara yüksək qiymət verən ustad kimi çıxış edir.
XX əsrin 70-ci illərindən sənətə bir ifaçı kimi qədəm qoyan Siyavuş Kərimi tezlikdə korifey sənətkarların diqqətini özünə cəlb etmiş və yüksək professionalizmi, istedadı ilə böyük səhnəyə çıxmışdır. Həmin illər estrada səhnəsi, geniş auditoriya qarşısında çıxışlar, ifaçılıq fəaliyyəti Siyavuş Kəriminin birinci dərəcəli vəzifəsi və istəyi olmuşdur. Onu da qeyd edək ki, Siyavuş Kərimi ixtisasca görkəmli Azərbaycan tarzən-pedaqoqu Əhsən Dadaşovun tar sinfini bitirsə də, bir çox alətlərdə sərbəst, məharətlə ifa etməsi onu “orkestr-insan” adlandırmağa əsas verir.
Siyavuş Kəriminin müxtəlif alətlərdə – tardan əlavə saksofonda, udda, gitarada, fortepianoda çalmaq bacarığı onun hər zaman öyrənmək həvəsindən, çox şeylə dərindən maraqlanmasından irəli gəlirdi. Belə bir tələbat onda hər bir aləti tanımaq, duymaq, dərk etmək ehtiyacından yaranıb. Siyavuş Kəriminin belə bir istedada malik olmasını dahi musiqiçilər – Rəşid Behbudov, Rafiq Babayev, Polad Bülbüloğlu yüksək dəyərləndirmişlər.
Təsadüfi deyil ki, Siyavuş Kəriminin ifaçılıq təcrübəsi yaradıcılıq fəaliyyətinin sonrakı dövrlərində milli musiqi alətlərinin yenidən bərpası və təkmilləşdirilməsi sahəsində gördüyü işlərə, alətlər haqqında, onların quruluşu və ifaçılıq imkanlarının genişləndirilməsi, səslənməsinin daha da zənginləşdirilməsi üçün apardığı elmi-praktiki araşdırmalara təkan vermişdir.
Siyavuş Kərimi bir peşəkar ifaçı kimi müxtəlif kollektivlərdə var qüvvəsi ilə çalışmışdır: Rəşid Behbudovun Dövlət Mahnı Teatrında solist (1979-1980), “Aşıqlar” vokal-instrumental estrada ansamblında solist, aranjemançı və bədii rəhbər (1980-ci illər), Azərbaycan Dövlət Tele-Radiosunun estrada orkestrində bədii rəhbər olmuş (1989-1992), “Cəngi” estrada-folklor qrupuna rəhbərlik etmişdir (1992-1995). Onun estrada-caz musiqisinin mükəmməl bilicisi kimi professional və istedadlı ifaçılıq fəaliyyəti bilavasitə sənətkarın bəstəkarlıq fəaliyyəti üçün də geniş imkanlar açır.
Belə ki, bir çox xalq və bəstəkar mahnılarının gözəl ifaçısı və aranjemançısı kimi tanınan Siyavuş Kərimi artıq XX əsrin sonlarından bir bəstəkar kimi də məşhurlaşır. Onun bu sahədə fəaliyyətini mahnı janrında, kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqisi ilə dəyərləndirmək olar.
Siyavuş Kərimi bəstəkarlıq fəaliyyətinə mahnı janrı ilə başlamışdır. Məhz mahnı janrı vasitəsilə bəstəkar öz fikir və düşüncələrini, hisslərini geniş kütləyə aydın dildə söyləyə bilmişdir. Bəstələdiyi mahnılar obrazlar aləminin müxtəlifliyi, lirik ifadəliliyi, melodik gözəlliyi, incəliyi, milli mənbələrə əsaslanması ilə tezliklə geniş dinləyici qəlbinə yol tapmış və sevilmişdir. Xüsusilə, lirik -məhəbbət mövzusunda yazılan mahnılar bəstəkarın musiqi aləmini, zərif poetik hisslərini, həmçinin, gərgin-dramatik emosiyalarını daha qabarıq göstərmişdir. (“Ömrümün istəyi”, “Səni röyalarda axtaracağam”, “Sənsizləmişəm”, “Sənsizlik ağrısı”, “Gəl, gəl, gəl, gözəlim” və s.). Patriotik məzmunlu mahnılar vasitəsilə bəstəkar vətənə, doğma torpağa olan ehtiramını dərin pafosla ifadə edir (“Qarabağ”, “Şuşam mənim”, “Ana torpaq”, “Dinlə, dünya”, “Fəxr edir oğlunla” və s.). Müasir mövzulu mahnılarda isə bəstəkarın həyat, zaman, ətraf mühit haqqında fəlsəfi, bəşəri düşüncələri əksini tapır (“Ötüşür zaman”, “İllər”, “Təzadlar”, “Möcüzələr adası”, “Bayram axşamı” və s.). S.Kəriminin mahnı yaradıcılığının daha bir sahəsi – onun bəstələdiyi himn-mahnılardır ki, bunlar da ictimai-mədəni həyatda baş verən müəyyən hadisələrlə bağlı meydana gəlmişlər.
Siyavuş Kəriminin bəstələdiyi mahnılar özündə milli mənbələrlə müasir kütləvi mahnı janrının əsas əlamətlərinin, o cümlədən, caz və rok musiqinin sintezini və qarşılıqlı əlaqəsini daşıdığına görə Azərbaycan estrada musiqisinin inkişafı tarixində yeni mərhələni – etnocaz təmayülünü təşkil edir. Bu işdə də onun yüksək professionallığı təzahür edir.
Siyavuş Kərimi öz mahnılarını müasir Azərbaycan şairlərinin (Rəsul Rza, Cabir Novruz, İsmayıl Dadaşov, Səlim Həqqi, Nahid Hacızadə və b.) sözlərinə bəstə-ləmişdir. Məhz bu səbəbdən onun mahnılarında Azərbaycan dilinin oxuculuğu ilə milli musiqinin axıcılığı vəhdət təşkil edərək milli koloritin güclənməsinə imkan verir.
Beləliklə, XX əsrin sonlarından Azərbaycan estrada musiqisinə yeni nəfəs gətirən mahnıları ilə daxil olan Siyavuş Kərimi milli estrada janrının inkişafına öz töhfəsini verir. Lakin onun bəstəkarlıq fəaliyyəti bununla bitmir. Onun 30-a yaxın bədii və sənədli filmlərə, 10-dan artıq teatr tamaşalarına yazdığı musiqi, həqiqətən yüksək bədii dəyərə malikdir. Bəstəkarın fikrincə, musiqi bəstələmək – onun öz işinə olan sevgisindən irəli gəlir. Sənətkar sevgisini və qəlbini bu yolla – musiqi bəstələməklə açmağı vacib hesab edir.
Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, musiqiçidən xüsusi bədii zövq və zəngin təcrübə tələb edən xalq musiqisi nümunələrinin işləməsi S.Kəriminin yaradıcılığında mühüm yer tutur. Bəstəkarın xalq mahnı işləmələrində onun milli musiqiyə həssas, məsuliyyətli və professional münasibəti öz əksinin tapır. Belə ki, işləmələrdə S.Kəriminin hər bir xalq musiqi nümunəsinə hədsiz duyğu, sevgi ilə yanaşması, milli musiqi dilinin incəliklərinə dərindən bələd olaraq onlara yaradıcı münasibəti özünü aydın göstərir. Siyavuş Kəriminin bir ifaçı kimi xalq mahnı nümunələrini bilavasitə fortepianoda improvizasiya şəklində öz təfsirində ifa edir.
Maraqlıdır ki, S.Kəriminin yaradıcılığında bəstəkar və folklor arasındakı “dialoq” bir neçə aspektdə özünü göstərir: birincisi, onun folklorşünaslıq fəaliyyətidir ki, bunun da nəticəsi kimi iki cildlik “Azərbaycan xalq mahnıları” toplusunun (2005) hazırlanıb çap olunmasıdır. Toplunun əlamətdar cəhəti – bundan öncə çap olunmuş xalq mahnı məcmuələrində nota alınmış xalq mahnı nümunələrinin yenidən redaktə olunması və ilk dəfə olaraq “Sarı gəlin” xalq mahnısının bura daxil edilməsindən ibarətdir. İkincisi vacib cəhət isə xalq mahnılarının özündə topladığı bədii vasitələr əsasında işlənərək nota alınmasıdır.
Şübhəsiz, xalq mahnı yaradıcılığına olan bütün bu yanaşmalar qarşılıqlı əlaqədədir. Belə ki, Siyavuş Kəriminin folklora münasibətində onun bəstəkarlıq, ifaçılıq və aranjemançılıq qabiliyyəti qovuşaraq vəhdət təşkil edir. Siyavuş Kəriminin xalq mahnı işləmələri həm səs və fortepiano üçün (“Sarı gəlin”, “Laçın”, “Qubanın ağ alması”, “Küçələrə su səpmişəm”, “Girdim yarın bağçasına”, “Elə demə zalım yar”, “Qara tellər”, “Dilbərim”), həm də solist və Norveçin “Skruk” xoru üçün (“Ay bəri bax”, “Laçın”, “Bana-bana gəl” və özünün bəstəsi olan “Ömrümün istəyi”) nəzərdə tutulmuşdur. Hər iki halda bəstəkar işləmələrində xalq mahnılarının təkrarsız melodiyalarına, məqam əsasına, kadans quruluşuna xələl gətirmədən, onların sadəliyi, eyni zamanda, orijinallığını və milli özəlliyini qoruyub-saxlamışdır. Lakin birincidən fərqli olaraq ikinci halda sintez problemləri önə çəkilmişdir. Belə ki, Azərbaycan-Norveç layihəsində səslənən Azərbaycan xalq mahnısında milli dildə oxuyan solistlə Norveç dilində oxuyan xorun ifasının uzlaşdırılması mümkünləşir. Bu uzlaşma nəticəsində milli və qeyri-milli musiqi ənənələrinin sintezindən yaranan orijinal üslubun yaranması xalq mahnı işləmələrinin əsas maraqlı cəhətlərindən biri kimi çıxış edir.
Qeyd etməliyik ki, məhz Siyavuş Kəriminin və Qalib Həsən Məmmədovun təşəbbüsü ilə Azərbaycan və Norveç musiqiçilərinin birgə əməkdaşlığı və təşkilatçılığı əsasında 2001-ci ildə həyata keçirilən “Bizim gəldiyimiz ölkə” adlı irihəcmli layihə iki ölkə arasında musiqi əlaqələrinin gerçəkləşdiyi ilk addımlardan biri olmuşdur. Bundan təkan alaraq sonrakı illərdə Azərbaycan – Latın Amerikası musiqiçilərinin birgə hazırladıqları “Salam-Hola” layihəsinin həyata keçməsi mümkünləşir. Bütün bu layihələrin hazırlanmasında əsas məqsəd bir tərəfdən, ölkələrarası və sivilizasiyalararası musiqi-mədəni əlaqələrinin daha də genişlənməsindən, digər tərəfdən, Azərbaycan musiqisini dünya musiqi məkanına tanıdılması və təbliğ edilməsindən ibarət idi. Bu işdə də Siyavuş Kəriminin təşkilatçılığı və bilavasitə iştirakı mühüm əhəmiyyət kəsb edirdi.
Yaradıcılıq fəaliyyətinin hansı sahəsində çalışmasından asılı olmayaraq Siyavuş Kərimi hər zaman xalq musiqisinin, muğamlarımızın alovlu təbliğatçısı kimi çıxış edir. Onun çoxtərəfli, dinamik fəaliyyətinin təməl daşı da elə milli musiqimizdir. Sənətkarın fikrincə, məhz təbliğat nəticəsində “bütün dünyada Azərbaycan musiqisinə maraq artmışdır… Xüsusilə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin, sonra isə Azərbaycan prezidenti İlham Əliyevin düzgün mədəni siyasəti, həmçinin Heydər Əliyev Fondunun və onun rəhbəri birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti hesabına Azərbaycan musiqi mədəniyyəti tez templə inkişaf etməyə və düzgün təbliğ olunmağa başlamışdır”.
Hər zaman musiqi yaradıcılığını öndə tutan S.Kərimi təhsil sisteminə də dərindən bağlıdır. Müsahibələrinin birində “Təhsil mənim üçün həyatımı həsr etməyə hazır olduğum sahədir” – deyən sənətkar artıq 20 ilə yaxındır ki, özünü milli musiqinin tədrisi işinə, təhsil sisteminə həsr edir və bundan sonra da həsr etməyə hazır olduğunu qeyd edir.
2001-ci ildən Azərbaycan Milli Konservatoriyasına rəhbərlik etdiyi müddət ərzində Siyavuş Kərimi bir çox mühüm layihələrə imza atmışdır. Burada təkcə Beynəlxalq “Muğam aləmi” festivalının keçirilməsini qeyd etmək kifayətdir. 2009-cu ildən start götürən bu festivalın aparıcı təşkilatçılarından biri kimi Siyavuş Kərimi başda olmaqla Azərbaycan Milli Konservatoriyası fəal iştirak edir. Demək olar ki, Siyavuş Kəriminin bacarıqlı təşkilatçılıq qabiliyyəti sayəsində Milli Konservatoriyada Azərbaycan milli musiqisinin ən parlaq simaları cəmləşmişdir. Hər bir sahədə professionalizmi üstün tutan Siyavuş Kərimi təhsildə də, yaradıcılıq fəaliyyətində də hər zaman peşəkarlıq göstərməyi tövsiyə edir. Biz də bu yubiley ilində tükənməz enerjili sənətkara həmişə yüksəkdə olmağı və professionalizmini uca tutmağı arzulayırıq.
Əməkdar incəsənət xadimi,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor