AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

«KONSERVATORİYA» 2019 № 4 (46)

SİYAVUŞ KƏRİMİNİN TEATR TAMAŞALARINA MUSİQİSİ

 

endir

 

 

PDF

 

 

      Siyavuş Kəriminin yaradıcılığı janr müxtəlifliyinə görə olduqca böyük maraq kəsb edir. Bəstəkar bir çox beynəlxalq miqyaslı layihələrin, genişekranlı filmlərin, 9 seriyalı “Heydər Əliyev” televiziya filminin, 2 animasiya filminin, gözəl mahnıların və teatr tamaşalarına yazılan musiqinin müəllifidir. Teatr tamaşalarına yazılan musiqi Siyavuş Kəriminin bütün yaradıcılığı boyu izlənən qırmızı xətt kimi diqqəti çəkir.

        Bildiyimiz kimi teatr musiqisi digər musiqi janrlarından fərqli xüsusiyyətlərə malikdir. Burada musiqi tamaşanın ən əhəmiyyətli dramaturji funksiyalarımdan birini yerinə yetirir və bu musiqi sırf teatral xarakter daşımalıdır. Təbii ki, bu mürəkkəb janr-da çalışmaq, onun bütün qanunauyğunluqlarına riayət etmək və ən əsası da bir-birinin ardınca müxtəlif teatr tamaşasına yüksək səviyyəli musiqi bəstələmək heç də asan məsələ deyil. Bu sahə Siyavuş müəllimin bütün yaradıcılığını əhatə edir, yaradıcılığının ayrılmaz hissəsinə çevrilir. Onun teatr musiqisi epizodik xarakter daşımır. Tamaşaçıya musiqi vasitəsilə hər bir obrazın psixoloji portreti dəqiqliklə çatdırılır.

        S.Kəriminin yaradıcılığında üslub müxtəlifliyi, janr genişliyi diqqəti cəlb edir. O, müxtəlif teatrlarla çalışmışdır və indi də çalışmaqdadır. Bu fəaliyyət hələ ötən əsrin 80-ci illərindən başlamışdır. O illərdə bəstəkar Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı üçün «Məlikməmməd» tamaşasına musiqi bəstələyir. Daha sonra Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Kəpənəklər”, “Fərhad və Şirin”, Teatr Xadimləri İttifaqında 2008-ci il oktyabrın 1-də premyerası baş tutan “Afinalı Timon” tamaşası səhnələşdirilmişdir. Onu da qeyd edək ki, bu pyes V.Şekspirin dramları arasında səhnə tərtibatı baxımından ən mürəkkəbidir. Klassik səhnənin şərtləri baxımından qeyri-ənənəvi sayılan bu əsər olduqca unikal materiala malıkdir. Tamaşanın rejissoru xalq artisti Azər Paşa Nemətovdur.

      2012-ci il iyun ayının 8-də Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadə-nin 200 illik yubileyi münasibətilə ədibin “Hekayəti Molla İbrahimxəlil Kimyagər” (libretto müəllifi Əjdər Ol) tamaşası təqdim olundu. Tamaşa Azərbaycan Respublikası Mə-dəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı çərçivəsində Akademik Milli Dram Teatrında göstərilmişdir (quruluşçu rejissor əməkdar incəsənət xadimi Bəhram Osmanovdur). “Kimyagər” tamaşasına yaz-dığı musiqiyə görə Siyavuş Kərimi 2013-cü ildə “Zirvə” mükafatına layiq görülmüşdür.

          2014-cü il yanvar ayının 8-də isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Siyavuş müəllimin musiqi müəllifi olduğu daha bir maraqlı əsər – Əli Əmir-linin “Hasarın o üzü” pyesi tamaşaya qoyulur. Tamaşa maraqlı süjet xətti ilə diqqəti cəlb edir: burada bir ailə daxilində dinə ikili münasibət, insan mənəviyyatı, əxlaq prin-sipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bütün kəskinliyi ilə, bədii obrazlar vasitəsilə önə çıxır. (Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur).

        Siyavuş Kəriminin müxtəlif teatrlarla işbirliyini qeyd etməklə yanaşı deməliyik ki, onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə əməkdaşlığı olduqca sə-mərəlidir. Burada dünya və Azərbaycan klassik dramaturqların əsərləri – onlardan M.F.Axundzadənin “Lənkəran xanın vəziri”, C.Məmmədquluzadənin “Dəli yığıncağı”, Hüseyn Cavidin “Afət”, C.Cabbarlının “Almaz”, “Yaşar”, B. Vahabzadənin “Cəzasız günah”, V.Şekspirin “Hamlet” tamaşalarını sadlaya bilərik. Onu da qeyd edək ki, “Hamlet” tamaşasına görə 2003-cü ildə Siyavuş müəllim “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür. Daha sonra Artur Millerin “Körpüdən mənzərə” pyesi, həmçinin də müasir dramaturqlardan Hüseynbala Mirələmovun “Xəcalət” povesti, Elçinin “Poçt şöbəsində xəyal” traqikomediyası, Əli Əmirlinin “Şah Qacar”, “Mesenat”, “Ah, bu uzun sevda yolu”, türk dramaturqu Tuncər Cücənoğlunun “Uçqun”, Yuri Polyakovun “Sinif uşaqları” dramlarına musiqini qeyd etmək olar.

        Bəstəkar istər klassik, istərsə də müasir dramların məzmununu, dramaturji üslu-bunu, obraz ardıcıllığını, teatrallığını yüksək bacarıqla aça bilmişdir. Müəllifin və re-jissorun ideyasını və məqsədini ifadə etmək üçün bəstəkardan xüsusi professionallıq, yaradıcı münasibət və istedad tələb edir. Bütün bu xüsusiyyətlər Siyavuş müəllimdə cəmləşir desək heç də yanılmarıq, çünki, bəstəkar musiqi vasitəsilə həm əsərin ideya-sını çatdıra bilir, həmçinin də müasir zamanın tələblərinə tam cavab verir. Dediklərimizin təsdiqi kimi yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında yazılan “Xəcalət” dram tamaşasını qeyd etmək lazımdır. Bu tamaşa hər birimizin ürək ağrısı olan Qarabağ hadisələrindən bəhs edir. Əsərin münaqişəsini Vətən və Murad arasındaki mövqe və baxış fərqi təşkil edir. Görən kimdir haqlı? Qarabağ savaşında canını qurban verməyə hazır olan, lakin yoxsulluq içində yaşayan, xəstə qızına dərman belə ala bilməyən Vətənmi? Yoxsa bu savaşın hesabına varlanan, pula görə mənəvi dəyərlərindən üz çevirməyə hazır olan Muradmı? Tamaşanın sonunadək izləyici bu suallara cavab tapmağa çalışır. Tamaşanın musiqisi o qədər dərin fəlsəfi məna daşıyır ki, izləyiciyə hadisələrin bütün ağırlığını və ağrısını yaşamağa məcbur edir. Sonda səslənən “Qarabağ” mahnısı isə faciəvi talelərin nisgil ağrısı kimi səslənir. Bu mahnını xalq artisti Azər Zeynalovun ifasında eşidirik. Siyavuş müəllimin sırf dram tamaşalara yazdığı musiqi o qədər gözəl və yaddaqalan melodiyası ilə seçilir və tamaşadan sonra da müstəqil bir əsər kimi ifa olunur. Məsələn bu tamaşadan “Qarabağ” mahnısı kimi.

         Bir dram tamaşasını da xüsusilə vurğulamaq istərdik ki, o da Əli Əmirlinin Mikayıl Müşfiqin nakam həyat yoluna, yarımçıq qalmış yaradıcılığına, məhv edilmiş məhəbbətinə həsr olunmuş, şairin 110 illik yubileyi münasibətilə 2018-ci il iyunun 30-da premyerası baş tutan “Ah, bu uzun sevda yolu” iki hissəli tale dramıdır. Tamaşa xal-qımızın heç bir zaman unutmayacağı qanlı-qadalı repressiya illərinin təzahürü kimi ma-raqla izlənilir. Tamaşada yalnız M.Müşfiqin nakam taleyi əks olunsa da, əslində, bu rep-ressiyaya məruz qalmış minlərlə insanın məhv edilmiş həyatı gözümüz önündə canlanır.

             O gün ki, hicrana uğradı yolum,

             Qırıldı qanadım, qırıldı qolum

             Fələkdən bac verib, bac alan könlüm,

             İndi uşaq kimi ağlar səninçün

             Bəstəkarın teatr musiqi yaradıcılığı yalnız dram teatr üçün yazılan əsərlərlə məh-dudlaşsaydı belə bu əsərlərin musiqi dəyəri onların Azərbaycan musiqi tarixinə daxil olub onu zənginləşdirməsinə yetərdi.

 

Cəmilə Mirzəyeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Mövzuya uyğun