S.Ələsgərovun balaban və orkestr üçün “Xəyala dalarkən” əsərində məqam-intonasiya xüsusiyyətləri
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 4, 2015
AMK-nın müəllimi
S.Ələsgərovun balaban və orkestr üçün “Xəyala dalarkən” əsərində məqam-intonasiya xüsusiyyətləri
Açar sözlər: balaban, orkestr, muğam, lad-intonasiya
Görkəmli bəstəkar Süleyman Ələsgərovun xalq musiqisindən bəhrələnən yaradıcılığı mövzu rəngarəngliyi, forma aydınlığı, musiqi dilinin səlisliyi ilə səciyyələnir.
Bəstəkar 1977-ci ildə balaban və xalq çalğı alətləri orkestri üçün “Xəyala dalarkən” əsərini yazmışdır. Azərbaycanın milli xalq çalğı alətlərindən biri olan balabana bəstəkar böyük diqqət verib. O, bu aləti konsert səhnələri səviyyəsinə çatdırıb. M.Qafarova belə qeyd edir: “Balaban xalqımızın geniş yayılan qədim nəfəsli xalq çalğı alətlərindəndir. Bu alətin səslənmə tembri olduqca məlahətli və həzindir. O, transpozisiyalı alət sayılır, yəni yazılışından yarım ton aşağı səslənir” [3, s. 74].
“Xəyala dalarkən” əsərini bəstəkar sonradan balaban və fortepiano üçün işləyərək “Sözsüz mahnı”lar məcmuəsinə daxil edib. Biz tədqiqatımızı bu əsərin köçürməsi üzərində aparmışıq və əsərdə bəstəkarın Azərbaycan muğam intonasiyalarından rəngarəng və özünəməxsus şəkildə istifadəsinin bir daha şahidi olacağıq.
Əsər boyu bəstəkar şüştər məqamının intonasiyalarından istifadə etmişdir. Moderato con moto tempində, 3/4 ölçüdə səslənən əsər a+b+a1+c+a2 quruluşunda, rondo formasındadır. Burada a bölümündə səslənən şüştər intonasiyaları fa şüştər məqamının səssırasına uyğundur. Bölümün sual cümləsi fa şüştər məqamının yarım kadansına, cavab cümləsi isə tam kadansına istinad edir.
Balaban və fortepiano üçün “Xəyala dalarkən”
Burada b bölümündə hümayun intonasiyasına yönəlımə baş verir. Bu intonasiyalar mi hümayun məqamının tam və yarım kadans pərdələrinə yönəlmələrlə özünü göstərir. İntermediya şəkilində əsas mövzunun müşayiətli səslənməsindən sonra c bölümünə keçid baş verir. Keçidlər fortepiano partiyasında səslənir.
Burada bəstəkar intonasiyaların özünəməxsus istifadə üsullarına əsaslanmaqla bir manevr edərək şur intonasiyalarına keçid edir. Bu intonasiyalar “si bemol” şur məqamının səssırasına uyğundur. Burada fortepianonun müşayiəti partiyasındakı 16-lıq notların sağ və sol əldə ardıcıl, ostenatolu notların istifadəsi ilə diqqət çəkir.
“Poco a poco ritenuto”da yenidən əvvəlki tonallığa keçid olunur. Reprizada a bölümünün təkrarında da bəstəkar maraqlı, özünəməxsus yanaşma tərzinə əsaslanıb. Buradakı səslənmələr sfp nüanslarının istifadəsi ilə diqqəti cəlb edir. Bu bölümdə “fa” şüştərdə olsa da əsərin sonundakı səslənmələr “lya” segahla əvəz olunur. Beləliklə, əsər segah intonasiyaları ilə bitir.
S.Ələsgərov Azərbaycan musiqi tarixində öz yeri və dəsti-xətti olan bəstəkardır. Onun yaradıcılığında özünəməxsus üslub, melodiyalarının təkrarolunmaz intonasiya çalarları mövcuddur. Bəstəkarın əsərləri hamının bədii-estetik zövqünü oxşayır. Yaş çərçivəsindən asılı olmayaraq bu əsər dillər əzbəridir.
S.Qasımova və N.Bağırov belə qeyd edirlər: “S.Ələsgərov musiqisi üçün şən, sevindirici əhvali-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Günün aktual məsələləri, müasirlərimizin həyatı, onların arzu və istəkləri, Vətənin tərənnümü, adamlarımızın əmək nailiyyətləri – bütün bunlar S.Ələsgərovun yaradıcılığında öz canlı əksini tapır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən S.Ələsgərov folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsələrində səmimi şəkildə ifadə etməyə çalışır. Bu işdə ona xalq musiqiçiləri ilə daimi əlaqəsi xeyli kömək edir” [4, s. 184].
Əsərlərinin maraqlı orkestrləşmə dili, orkestrə daxil olan alətlərin ayrı-ayrı qruplarının tembr xüsusiyyətlərini ustalıqla istifadə etməsi onun tar alətinə olan böyük marağı ilə əlaqələndirilir. Əsərlərində zəngin ifadə vasitələrindən, müraciət etdiyi alətlərin bədii-texniki imkanlarının açıb göstərməsində mürəkkəb intonasiya xüsusiyyətlərindən özünəməxsus ustalıqla istifadə edirdi.
Görkəmli bəstəkar pedaqoji fəaliyyətində də gələcək nəsillərin keyfiyyətli musiqi təhsili almasında öz bilik və bacarığını, təcrübəsini əsirgəməyib. Neçə-neçə istedadlı gənclər məhz Süleyman Ələsgərovun xeyir-duası ilə musiqi ictimaiyyətində öz layiqli yerlərini tapıblar.
ƏDƏBİYYAT:
- Babayev E.Ə. Bəstəkarlarımızın portreti seriyasından (Süleyman Ələsgərov). B.: Azərnəşr, 1993.
- Xəlilov V.C. Bəstəkar Süleyman Ələsgərov. B.: İşıq, 1985, 72 s.
- Qafarova M.A. Bəstəkar Süleyman Ələsgərov və xalq çalğı alətləri orkestri. Dərs vəsaiti. B.: ADPU, 2012, 226 s.
- Qasımova S.C., Bağırov N.H. Azərbaycan Sovet musiqi ədəbiyyatı. Dərslik. B.: Maarif, 1984, 224 s.
Преподаватель АНК
ЛАДО-ИНТОНАЦИОННЫХ ОСОБЕННОСТИ ПРОИЗВЕДЕНИЯ С. АЛЕСКЕРОВА ДЛЯ БАЛАБАНА С ОРКЕСТРОМ «ХЕЯЛА ДАЛАРКЕН» (ПОГРУЗИВШИЙСЯ В МЕЧТАНИЯ)
Резюме
Произведение «Хеяла даларкен» (Погрузившийся в мечтания) для балабана с оркестром Сулеймана Алескерова было написано в 1977 году. В статье анализируются ладо-интонационные особенности данного произведения.
Ключевые слова: балабан, оркестр, мугам, ладо-интонации
Lecturer of ANC
FRET INTONATION FEATURES OF S. ALASGEROV’S “LOSTING IN THOUGHTS” (XEYALA DALARKEN) PLAY FOR BALABAN AND ORCHESTRA
Summary
In 1977 composer Suleyman Alasgerov composed “Xeyala dalarken” (“Losting in thoughts”) for balaban and orchestra. In this article composer’s activity has been looked through. Also in this article fret intonation features of “Xeyala dalarken” has been analyzed.
Key words: balaban, orchestra, mugam, tune-intonation
Rəyçilər:
dosent Yaqut Seyidova;
dosent Telman Qəniyev.