AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2016

Aysel  SƏFİXANOVA

AMK-nın magistrantı

Email: ayselsafixanova.93@mail.ru

UOT  78.031.4

CƏBRAYIL RAYONUNUN MUSİQİ-MƏDƏNİ MÜHİTİ

 endir

 

PDF

 

 

Xülasə: Təqdim olunan məqalədə Azərbaycanınçoxəsrlik tarixə malik gözəl gu­şə­lərindən biri olan Cəbrayıl rayonunun musiqi-mədəni mühitində aşıqların rolundan danışılır. Burada yaşayıb ya­radan aşıqların yaradıcılıqlarının, sənət şəcərələrinin dolğun şəkildə araşdırılıb elmi ictimaiyyətə tanıdılması qarşıya məqsəd qoyulmuşdur.

Açar sözlər: Cəbrayıl, musiqi, Azərbaycan, aşıq, sənətkar

 

Cəbrayıl rayonu (Azərbaycan) respublikamızda mühüm coğrafi mövqeyə, təbii sərvətlərə, zəngin və çoxəsrlik tarixə malik olan gözəl guşələrdən biridir. “Cəbrayıl rayonu Azərbaycanda 8 avqust 1930-cu ildə təşkil edilmiş inzibati rayonlardan biridir. Kiçik Qafqaz dağlarının cənub-şərq ətəklərində, Araz çayının sol sahilində yerləşən Cəbrayıl rayonu cənub-qərbdən Zəngilan rayonu, qərbdən Qubadlı rayonu, şimaldan Xocavənd rayonu, şimal-şərqdən Füzuli rayonu, cənubdan və cənub-şərqdən İran İslam Respublikası ilə həmsərhəddir” (2, s. 50).

Tarixən Cəbrayıl elinin ictimai-mədəni mühitində tərbiyə, təhsil alaraq formalaşmış, tanınan ziyalılar sonradan qabaqcıl Avropa və Asiya ölkələrində elmə, təhsilə yiyələnmiş, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm mövqelər tutmuş, Azərbaycan dövlətçiliyinin inkşafında mühüm töhfələr vermiş ziyalılar olublar.

Qeyd edək ki, 1935-ci ildə Cəbrayıl kəndli-gənclər məktəbi əsasında rayonda ilk orta məktəb təşkil edilir, şagirdlərin musiqi tərbiyəsinə də xüsusi fikir verilirdi. Cəbrayıl kənd orta məktəbində şagirdlərə nəfəs orkestrində çalmaq bir fənn kimi tədris edilirdi. Hələ 1930-cu illərdə istedadlı tarzən Bilal və Nəriman Vəliyev qardaşları, Ədil Mirzəyev, qarmonçalan Baxış, xanəndələr Cümşüd Dərgahov, Məhəmməd Əliyev, Ağalar Əliyev, Vedan İsmayılov müntəzəm olaraq camaat qarşısında çıxış edir, konsertlər verirdilər.

1939-cu ildə rayonda ilk dəfə olaraq bədii özfəaliyyət olimpiadası keçirilib. Tarzən Bilal Vəliyevin konsertmeysteri olduğu muğam və mahnı ansamblı (bədii rəhbər Mahmud Məmmədov) qalib olaraq respublika olimpiadasında iştirak etmək hüququ əldə etmişdi. Cəbrayıl rayonunda Aşıq Mustafanın rəhbərliyi altında zurnaçılar dəstəsi xüsusilə ad qazanmışdı. Həvəskar artistlərin iştirakı ilə “Əsli və Kərəm”, “Leyli və Məcnun”, “Arşın mal alan” və başqa əsərlər tamaşaya qoyulurdu. Maraqlıdır ki, bu tamaşalarda Cəbrayıl İsmayılov — Telli, Cəfər Məmmədov — Gülçöhrə rollarında çıxış edirdi. Sonralar Mədinə Əliyeva, Sayalı Miriyeva, Bilqeyis Həsənova, Simuzər Hüseynova kimi fəal qadınlar teatr tamaşalarında çıxış etməyə başladılar. 1920-1930-cu illərdə Məşədi Cəlilin göstərdiyi məzəli səhnələr hamının böyük marağına səbəb olurdu.

1960-1970-ci özlərinin gözəl ifaçılıq məharətləri ilə hamını valeh edən Zahid Kazımov (tar), Fərəməz Əliyev (tar), Əli Quliyev (kamança), Xurşud Əliyev (zurna), Nadir Nəsirov (klarnet), Aydın Hüseynovun (nağara) iştirakı ilə güclü bədii özfəaliyyət kollektivi yaradılmışdır. 1970-ci ildə təşkil edilən “Çinar” mahnı və rəqs ansamblı öz repertuarını daha da zənginləşdirib 1975-76-cı illərdə Moskva və Vilnüs şəhərlərində uğurlu çıxışlar etmişdir.

Xalq yaradıcılığının hər bir janrının əsasını nəsildən-nəslə ötürülən ənənəvi normaların sa­bitliyi, dəyişməzliyi təşkil edir. Bu səbəbdən el sənətkarları onlara məxsus bütün improvizasiya imkanlarını və ustalığını ənənənin qəbul olunmuş normaları çər­çivəsində reallaşdırmaq məcburiyyətin­dədir. Hər bir söyləyicinin, xalq sənətkarının vəzifəsi xalqa məlum olan mahnını, havanı, nəğməni və s. mükəmməl formada, sinxron tərzdə, bir sözlə peşəkarcasına ifa üslubunu yüksək səviyyədə nümayiş etdirməsidir.

Bu gün respublikamızda aşıq sənəti­nin tam şəkildə öyrə­nil­məsi mühit­lər üzrə araşdırılması, onların tədqiqatlara cəlb olun­ması mühüm və vacib məsələlərdəndir. Cəbrayıl rayonu hal-hazırda işğal altında olsa da məcburi köçkün həyatı yaşayan hər bir Cəbrayıllı soydaşlarımız şifahi xalq ədəbiyyatının janr özünəməxsus­luğu, milli adət-ənə­nə­lə­ri­­­ bu gün də qoruyub saxlayırlar. Cəbrayıl rayonunun rəngarəng folklor janrları burada formalaşan aşıq mühitindən xəbər verir. Bu mühitin tarixən müəyyən ənənə­lə­rə ma­lik olması, ustad və ifaçı aşıqları ilə seçilməsi Cəbrayıl aşıq mühitini səciyyələndirir.

Cəbrayılın istedadlı el sənətkarları — Aşıq Humay, şair Bədəl, Aşıq Surxay, Aşıq İsmayıl, Aşıq Məlik, Aşıq İbiş, Aşıq Abdulla, Aşıq Mustafa müntəzəm olaraq camaat qarşısında çıxış edir, maraqlı nağıl gecələri təşkil edirdilər. Aşıq Humay bütün Qarabağda tanınmış ustad sənətkarlardan biridir. “Aşıq Humay 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında fəal iştirak etmiş, bu konsertlərdə ifa etdiyi bir neçə qoşması rus dilinə tərcümə olunmuşdur. Böyük Vətən müharibəsi illərində Aşıq Humay şeirlərinin çoxunu vətənin tərənnümünə həsr etmişdir. Müharibə illərində aşığın yazdığı bir neçə şeirlərinə bəstəkarlarımız musiqi bəstələmişdi. Bu şeirlər o illərin ən çox sevilən nəğmələrində idi. Aşıq Humay həm də 12 xalq dastanının özünəməxsus variantlarını işləyib hazırlamışdır” ( 1, s. 48).

Azərbaycanın qüdrətli el sənətkarı – haqq aşığı, el şairi kimi ad qazanan Qurbani Mirzalıxan oğlu XV-XVI əsrlərdə yaşayıb yaratmışdır. O, 1477-ci illərdə Cəbrayıl rayonunun qədim Diri kəndində anadan olmuşdur. Doğulduğu və boya-başa çatdığı doğma kəndinin adı ilə bu böyük sənətkar sonralar xalq arasında Dirili Qurbani adı ilə tanınmışdır. Qurbani mükəmməl təhsil almış, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. Onun bayatı, gəraylı, qoşma, təcnis, divani, tərcibbənd, ustadnamə və sair şeir formalarında yazdığı əsərlərində təbiət, məhəbbət, vətən, insan, eləcə də ictimai-siyasi mövzular daha qabarıq şəkildə nəzərə çarpır.

“Əsərlərində qeyd etdiyi kimi Dirili Qurbani dövrünün böyük Azərbaycan sərkərdəsi və şairi olmuş Şah İsmayıl Xətai ilə görüşmüş, sonralar da ondan ayrılmayaraq sarayında yaşamışdır. Ş.İ.Xətaiyə böyük məhəbbət və rəğbət bəsləyən aşıq onu özünün mürşüdü, yəni müəllimi, ustadı adlandırmışdır. Qurbaninin həyat və yaradıcılığı haqqında S.Mumtaz, Ə.Axundov, M.Təhmasib, M.İbrahimov, P.Əfəndiyev, M.Həkimov, Q.Namazov, S.Paşayev, A.Nəbiyev, K.Vəliyev, M.Allahamanov, M.Qasımlı, Q.Kazımov və başqalarının elmi əsərləri Qurbani irsinin öyrənilmə­sində mühüm rol oynamışdır. Dövrünün görkəmli el sənətkarı olan Dirili Qurbani demək olar ki, Azərbaycan klassik aşıq sənətinin əsasını qoymuş və aşıq yaradıcılığının bütün janrlarında olduqca gözəl nümunələr yaratmışdır. Aşıq yaradıcılığında janr baxımından çətin hesab olunan divanilər də ilk dəfə Qurbani tərəfindən yaradılmış, üç aşıq havası, o cümlədən məşhur “Heydəri” saz havası indiyədək aşıqların repertuarlarının bəzəyidir. Qurbani özündən sonra gələn 500 illik bir tarixdə müasir dövrümüzədək aşıq və şairlərin yaradıcılığına güclü təsir göstərmişdir” (1, s. 20).

Cəbrayıllı aşıqlardan biri də Aşıq Pəridir. O, 1811-ci ildə Cəbrayılın Maralyan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra aşıq şeri ilə maraqlanmağa başlamışdır. O, qısa zaman içində hər yana yayılan şan-şöhrəti ilə öz dövrünün bir çox aşıqlarının diqqətini özünə çəkmişdir. Firidun bəy Köçərli yazır: “Aşıq Pəri çox bilikli, gözəl bir xanım idi. Aşıq məclislərində böyük hörmətə sahibi idi. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər. Bir çox aşıqlarla, şairlərlə deyişmişdir. Bu deyişmələrin hər birində qalib olmuşdur. Bunlardan Mirzə Həsən bəy, Mirzə Kərbalayı Abdulla CanızadəCəfərqulu xan NəvaMəhəmməd bəy AşiqMirzəcan Mədətov və s. misal göstərmək olar” (1, s. 22).

Aşıq Pəri gözəl şeirləri və hazırcavablığı ilə az bir zamanda Qarabağ şairlərinin diqqətini çəkmiş, tez-tez Şuşada keçirilən şeir məclislərinin də iştirakçısı olmuşdur. Onun ədəbi irsi tam şəkildə dövrümüzədək gəlib çatmamışdır, yalnız 40-50 şeri məlumdur. Şeirləri ilk dəfə Mirzə Yusif Qarabağinin “Məcmueyi-divani-Vaqif və müasirini-digər” (1856) məcmuəsində kitabında dərc olunmuşdur. Bizə gəlib çatan bir neçə qoşmaları vardır. Bu qoşmalar sadə və anlaşıqlı bir dillə söylənilmişdir.

“Cəbrayılın sazlı-sözlü aşıqlarından biri də Aşıq Surxay olmuşdur. 1908-ci ildə Cəbrayıl rayonunun Qalacıq kəndində dünyaya göz açan Aşıq Surxay hələ uşaqkən musiqiyə böyük maraq göstərmiş, bir sıra musiqi alətlərini mükəmməl ifa etmiş, sonralar çoxlu təsirli şeirlər yazmışdır. Gözəl və məlahətli səsi, təsirli şeirlər yazması onu ömürlük aşıq sənətinə bağlamışdır. 30-cu illərdə Cəbrayılda və qonşu rayonlarda elə bir toy məclisi, konsert olmazdı ki, Aşıq Surxay orada çalıb oxumasın.

Qarabağ bölgəsindəki el şənliklərində daim çalıb-çağıran aşıq 1939-cu ildə Bakıda keçirilən “Gənc istedadlar” festifalında I dərəcəli diploma layiq görülmüşdür. 1942-ci ildə könüllü olaraq cəbhəyə yola düşmüş və bu zaman sazını da özü ilə aparmışdır. O, səngərlərdə, döyüş meydanlarında belə saz çalaraq əsgərləri ruhlandıran havalar oxuyardı. 1943-cü ildə Krımda qəhrəmanlıqla həlak olan Aşıq Surxayın özündən sonra aşıq üslubunda düzüb-qoşduğu çoxlu şeirləri, o cümlədən qoşmaları, gəraylıları, təcnisləri, bayatıları qalsa da, onların az bir qismi qorunub saxlanılmışdır. Təssüf ki, təbliğ olunmadığından aşığı çox az adam tanıyır” (3).  

Azər­baycan aşıq sənət­i­nin mü­hit­lər üzrə öyrə­nil­məsi, bu səbəbdən tarixi, et­nik­-mədəni pro­sesləri izləmək, el sənət­kar­la­rı­nın yara­dıcılığını mü­qa­yi­sə­li şəkil­də­ araşdırmaq, konkret olaraq hər hansısa bir bölgənin aşıq mühitinin digər aşıq mühit­ləri ilə fərqli və oxşar xüsu­siy­yət­lərini təhlil etmək imkanı verir. Aşıq sənətinin ayrı-ayrı mühitlər üzrə tədqiqi gələ­cək­də ümumazərbay­can aşıq­larının, onların yaradıcılıqlarının, sənət şəcərələrinin dolğun şəkildə araşdırılıb elmi ictimaiyyətə tanıdılmasına zəmin yaratmış olacaqdır.

Bu günə kimi bəzi mənbələrdə Cəbrayılda yaşayıb ya­radan aşıqların şeirlərindən nümunələr ve­rilsə də, ayrılıqda Cəbrayıl aşıq mühiti elmi şəkildə araşdırılmamış və hələ də öz tədqiqini gözləyir. Bu xüsusiyyət bölgənin etnik-mədəni tərki­bi­nin rəngarəngliyi ilə seçilən Cəbrayıl aşıq mühitinə, onun regional çalarlarına kom­pleks yanaş­ma zə­rurətini yaradır.

 

ƏDƏBİYYAT: 

  1. Quliyev Ş.P, Abbasov T, Quliyev F. Cəbrayıl (Tarixi oçerk), B.: İşıq, 1993, 106 s.
  2. Tapdıqoğlu (Vəlişov) N. Cəbrayıl rayonu.Yaşayış məntəqələri, şəhidləri. B.: Təknur, 2014, 255 s.

Saytoqrafiya

  1. Yusif Dirili — Qalaciqli aşiq Surxay Dirili Qurbani məclisində // “Dirili Qurbani Məclisi” internet bloqundan URL:https://diriliqurbanimeclisi.wordpress.com/2012/08/05/qalaciqli-asiq-surxay-dirili-qurbani-məclisində

 

Айсель Сафиханова

Магистрант АНК

МУЗЫКАЛЬНО-КУЛЬТУРНАЯ СРЕДА ДЖЕБРАИЛЬСКОГО РАЙОНА

Резюме

В данной статье   рассматривается история культурно-музыкального  наследия  Джабраильского района Азербайджана.  Особое внимание уделяется  творчеству ашыгов этой зоны.

Ключевые слова:Азербайджан, Джабраил, музыка, ашуг, творчество

 

Aysel Safikhanova

Master of Arts of ANC

MUSICALLY-CULTURAL ENVIRONMENT OF JABRAIL REGION

Summary

This article talks about role of ashigs music in the culture of beautiful region of Azerbaijan — Jabrail.The aim of this article is investigation of the creative life of ashigs and to represent them to the scientific society

Key words:Azerbaijan, Jabrail, musician, ashig, master

 

Rəyçilər:

sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professor Abbasqulu Nəcəfzadə;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova 

Mövzuya uyğun