AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 2, 2017

Aysel Səfixanova

AMK-nın magistrantı

Email: aysel.sefixanova.1993@mail.ru

UOT 78.031.4

CƏBRAYIL RAYONUNDA DİNİ MUSİQİ – MƏRSİYƏLƏR

endir

PDF

Xülasə: Məqalə Cəbrayıl rayonunun musiqi folklorunun tərkib hissəsi olan mərsiyə janrına həsr edilib. Hazırda erməni təcavüzkarları tərəfindən işğal altında olsa da rayonun sakinləri ağır şəraitdə yaşamalarına baxmayaraq öz adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Təqdim edilən məqalədə bir neçə sakinin ifasından mərsiyələr toplanmış, nota köçürülmüş və onların məqam, janr, forma baxımından təhlili verilmişdir.

Açar sözlər: Cəbrayıl, musiqi folkloru, ekspedisiya, mərsiyə, təziyə

Azərbaycanda islam dini mərasimlərində musiqinin xüsusiyyətlərindən danışdıqda, xüsusilə, dini mərasim və xalq musiqi yaradıcılığı arasında orta mövqe tutan, orijinal janr – İmam Hüseyn təziyələrini ayrıca göstərmək olduqca vacibdir. Çünki İmam Hüseyn təziyələri islam dini mərasimlərinin musiqi tərtibatında demokratik tendensiyaları göstərən əyani nümunədir. Dini ibadət formalarında musiqidən istifadə etməni ciddi surətdə məhdudlaşdıran və nizama salan islam, burada dini matəm mərasimlərinə xalq melodiyalarının daxil olmasına böyük səbrlə yanaşır. Ona görə də hər hansı milli regionda dini mətnlərin oxunuşunda xalq musiqi mədəniyyətinin, müxtəlif milli dillərin və onların lokal xüsusiyyətlərinin intonasiya cizgiləri duyulur. Bir sözlə, müxtəlif milli regionda hər bir din xadimi mətni sabit saxlamaq şərtilə Allah “kəlamını” öz ləhcəsinə müvafiq surətdə oxuyur. Bu baxımdan ayrı-ayrı regionlarda oxunan dini mətnlərin bəziləri əgər musiqi cəhətdən daha inkşaflıdırsa, digərləri melodik quruluşunun bir qədər ciddiliyinə, sadəliyinə və təbiiliyinə görə fərqlənir, bir başqası melodik şəklin tamamilə bəsitliyi, olduqca kiçik diapazonu ilə seçilir.

Dini musiqi şifahi ənənəyə əsaslanan professional sənətdir. Bu sənət nümunələri auditoriya qarşısında oxunduğuna görə ifaçıdan yüksək məharət tələb edir. Dini mərasimlərlə əlaqədar musiqilər öz funksionallığı ilə bilavasitə folklora yaxın olsa da, eyni vaxtda ondan kəskin surətdə ayrılırlar. Əfsanə Babayeva yazır: “Dini mətnlərin qiraətində musiqi: reçitativ, adi deklamasiya, melodik oxuma halında özünü göstərir. Dini mətnlərin musiqili oxunuşu, sözsüz, emosional təsiri artırır, bununla da əsil bədii əhəmiyyət əldə edir” (1, s. 85-86).

Yas nəğmələrinin əsas yaradıcısı və ifaçısı qadınlardır. Yas nəğmələrinin formaları ağılar, edilər və mərsiyələrdir. Belə nəğmələr daha çox kədəri ovutmaq məqsədilə, eyni zamanda ruhun o dünyaya rahat gedə bilməsi üçün oxunur. Mifoloji təsəvvürlərə görə ruh kənardan öz matəm məclisini müşahidə edir, gözlərdən çıxan yaş onun ruhunun ali məkana çatmasına kömək edir. Ağı nəğmələrinin son dil həddi “Şaxsey-vaxsey”dir.

Azərbaycan mərasim nəğmələri xalqın milli adət-ənənələrinin bədii təfəkkürdə şeir şəkli alması nəticəsində yaranmışdır. Ölümün türk xalqlarında nə demək olduğunu başa düşmək üçün onun fizioloji proses olmaqdan savayı, yaxınları üçün ağır itki olduğunu da düşünmək lazımdır. Məhz ölümü dəyərləndirmək məqsədilə oxunan ağılar, nəğmələr hər şeydən əvvəl bədii təfəkkürün məhsuludur. Yas mərasimi və orada oxunan nəğmələr xalqın folklorunda emosional-lirik hisslərin ifadəsinə xidmət edir. Qədim tarixi köklərə malik olan mərsiyələr XVI əsrdən bəri XX əsrin əvvəlinə kimi Azərbaycanda geniş yayılmışdır. Mərsiyələr şikayət tipli matəm mahnılarıdır ki, xüsusiyyətlərinə görə çox rəngarəngdirlər. Onlardan həm dini mərasimlərdə Hüseyniyyə təziyələrində, həm də yas mərasimlərində istifadə edib oxuyurlar.

Mərsiyə mətnləri qəsidə tərzində yazılmış mənzum şeirlərdir ki, məzmun etibarilə əsasən Kərbəla müsibətində həlak olan din qəhrəmanlarına, onların çəkdikləri müsibətlərə həsr olunur. Lakin mərsiyə konkret bir şəxsin vəfatına da həsr edilir.

Mərsiyələrin musiqisi şifahi ənənəyə əsaslanırsa, ədəbi mətnləri şair qələminə məxsusdur. Mərsiyələrin musiqi mətninin formalaşmasında folklor musiqisinin təsiri o biri dini musiqi janrlarına nisbətən daha çox nəzərə çarpır. Bu da onların ifasındakı müəyyən normativlərin sərbəstliyi ilə əlaqədardır. Mərsiyələrin musiqi quruluşlarının yaranmasında ədəbi mətnlərin forması və ifa tərzi böyük rol oynayır. Mərsiyələrin musiqi mətnlərinin melodik özəyi əsasən iki, üç və ya dörd xanəli melodik ibarələrdir ki, inkşaf edərək musiqi mətnini əmələ gətirir.

Biz tədqiqat mövzumuzla bağlı olaraq Bakı şəhəri ilə yanaşı, Biləsuvar rayonunda Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə də ekspedisiya səfərinə getdik. Bu səfər də bizi bir çox zəngin folklor daşıyıcıları ilə tanış etdi. Biləsuvar rayonuna səfərimiz çox məhsuldar oldu. Belə etnoforlardan biri 8-ci qəsəbədə məskunlaşan Tahirova Hacı Sürəyya idi. O, 1940-cı ildə Cəbrayıl rayonu Mehdili kəndində anadan olub. Etnofor bizə söylədi ki, hal-hazırda da öz evində həm oğlu, həm də özü peyğəmbərləri və imamları mədh edən mərsiyələr oxuyurlar. Oxuduğu mərsiyələrdən bir neçəsini bizə avazla söylədi. Həmçinin mərsiyələrlə yanaşı, bir çox laylalar da ifa etdi.

aysel-s-kil-1

aysel-s-ekil-2

Fatimə deyər ağlar,

Fatimə deyər ağlar,

Hanı mənim Huseynim?

Hanı mənim Huseynim?

 

Başa qara bağlar,

Başa qara bağlar,

Hanı mənim Huseynim?

Hanı mənim Huseynim?

Hərdən-hərdən dar eyləyər,

Hərdən-hərdən dar eyləyər,

Aləmi bərbad eyləyər,

Aləmi bərbad eyləyər.

Anasını yad eyləyər,

Anasını yad eyləyər,

Hanı mənim Huseynim?

Hanı mənim Huseynim?

“Bayatı-Qacar” muğamının “Zəmin-Xara” şöbəsinə əsaslanan not nümunəsi 2 cümləli period formasındadır: a (12x) + a1 (20x). I cümlə (a) mayənin aşağı kvartasında başlayaraq mayədə tamamlanır. 2 ibarədən ibarətdir. 4 xanəni əhatə edən sual xarakterli I ibarə qlissando ilə mayənin aşağı kvartadan mayəyə qədər qalxan melodik hərəkəti özündə ehtiva edir. II cavab ibarəsi isə 8 xanəni əhatə edərək 2 xanəlik 4 motivə bölünür. Hər 2 ibarə motivlərə, motivlər isə xırda submotivlərə bölünərək musiqi nümunəsinin xarakterini – kədəri, acını əks etdirir. II cümlə (a1) melodik baxımdan a cümləsinin variant təkrarı da hesab oluna bilər. Fərq yalnız həcmin bir qədər böyük olmasındadır. Belə ki, I cümlə 12 xanəni əhatə edirsə, II cümlə 20 xanədən təşkil olunub. Bu genişlənmələr təkrarların hesabına baş verir. II cümlə də 2 ibarədən ibarətdir və hər ibarə 8 xanəyə bölünür. Beləliklə, mərsiyə mayədə tam kadansla tamamlanaraq qapalı periodu təşkil edir.

Verilən not nümunəsindən görünür ki, motiv təkrarlarından geniş istifadə olunmuşdur. Ritmik baxımdan təhlil etsək, sinkopalı hərəkətin üstünlük təşkil etdiyi görərik. Nümunənin diapazonunu I oktavanın lya notundan II oktavanın fa notuna qədərdir (k6 a1-f2). Melizmatik işarələrdən isə yalnız mordentdən istifadə olunub.

Yas mərasimlərinu musiqisiz, yəni oxumalarsız təsəvvür etmək olmaz. Çünki baş vermiş faciə və hüzn özünün musiqi ifadəsini tapmalıdır. Lakin yas mərasiminin müxtəlif dini oxumalarını – ağı, oxşama və mərsiyə kimi janrları mahnı adlandırmaq doğru olmazdı. Ağı və oxşamalar öz sərbəst ritminə görə bu janra aid edilmir. Ağı və oxşamalar, bayatılar əsasında deyilirsə, mərsiyələrin mətni əruz vəznində, həm də yazılı şəkildə yaradılır. Ağı janrı da mərasim folkloruna aiddir və onun sözlə ifadə olunan tərkib hissəsidir. Burada əsas məsələ ondan ibarətdir ki, ağı xalqın qəm, kədər, həsrət, nisgil kimi hiss və duyğuları ilə birbaşa bağlıdır. Bu janrların digər fərqli xüsusiyyətləri onların sırf musiqi ritmi və ifa özəllikləri ilə bağlıdır. Ağı və oxşamalar adətən solo şəkildə, mərsiyələr isə solo-xor (dəstə) formasında oxunur. Azərbaycanın bir sıra bölgələrində yas mərasimləri ağıçı qadınlar tərəfindən idarə olunur.

Bizim ilk ekspedisiyamız Bakı şəhərində yataqxanalarda məskunlaşan əslən  Cəbrayıl rayonundan olan məcburi köçkünlərin orta və yaşlı nəsil nümayəndələrinin daşıdığı xalq folklor nümunələrinin toplanması ilə bağlı olub. Cəbrayıl rayonunun müxtəlif kəndlərindən olan bir çox köçkünlər bizə rayonun adət-ənənələri ilə yanaşı, müxtəlif folklor nümunələrini də avazla oxudular. Nümunələr içərisində dini mövzularla bağlı olan nümunələr xüsusilə diqqəti cəlb etdi. Zəngin folklor daşıyıcılarından biri də etnofor Hüseynova Şəfiqə Xanlar qızı idi. İnformatorun oxuduğu və bizim araşdırma sahəmizə daxil olan bir çox folklor janrları ilə yanaşı, yas mərasimləri zamanı ifa etdiyi ağılar nəzər diqqətimizi cəlb etdi.

Etnofor hal-hazırda da yas mərasimlərində mərsiyə söyləyir, ağı deyib məclisləri idarə edir. Şəfiqə nənə bir informator olaraq bizə ekspedisiya səfərimiz ilə bağlı çox kömək etdi. Belə ki, o, bildiyi ağıları söyləyərək və izahını verərək çox geniş məlumat təqdim etdi və hətta bizi çoxlu sayda bayatı-ağılar bilən bir çox qonşuları ilə də tanış etdi. Şəfiqə nənə çox səlist ifa etməklə yanaşı, oxuduğu ağıların tam izahını da verirdi. İnformator qeyd etdi ki, “Yas mərasimində başçı mən oluram (yəni ağubaşı) və hal-hazırda da qədim adət-ənənələrimizə uyğun şəkildə yerdə oturaraq mərasimi icra edirəm”[1].

aysel-s-ekil-3

İnformator bu nümunəni mərsiyə adlandırmışdır və biz də bu musiqi parçasının adını bizə deyildiyi kimi saxlamışıq.  Lakin nümunənin poetik mətninə baxdıqda onun ağı tipli nümunə olduğunu aydın şəkildə görürük.  Lya mayəli segah məqamına əsaslanan mərsiyə nümunəsi 8 xanədən ibarət olan 1 cümləli period formasındadır. Mayənin üst mediantasında başlayan melodiya elə mayənin özündə bitir. Melodik baxımdan nümunədə predyomlardan və təkrarlardan istifadə olunmuşdur. Melodiya dalğavari hərəkət edir. Heç bir sıçrayışlara rast gəlmək olmur. Səkkizlik və onaltılıqlarla hərəkət üstünlük təşkil edir. Ritmik baxımdan 6/8 ölçüsündə, Andantino tempində olan mərasim nümunəsi bir növ, gözüyaşlı olan anaların sanki özlərinə təskinlik vermə xüsusiyyəti daşıyır. Bir ananın dilindən söylənilən nümunənin sözlərinə diqqət yetirsək, ana övladının acı xəbərini deyil, ümidlə gələcək xəbərini gözləyir. Diapazonu xalis kvarta (x4) intervalı təşkil edir.

Növbəti ekspedisiya səfərimizdən biri də İnşaatçılar prospekti 5 ünvanında yerləşən Xəzər Dəniz Gəmiçiliyi idarəsinin birləşmiş yataqxanasına oldu. Bu yataqxanada məskunlaşan etnofor Hüseynov Siracəddin Mirhüseynoğlu da bizə xeyli maraqlı məlumatlar verdi. Hüseynov Siracəddin Mirhüseyn oğlu 1951-ci ildə Cəbrayıl rayonunun Əfəndilər kəndində anadan olub. Əslən seyid nəslindəndir (Əfəndilər ocağı).

 Məcburi köçkünlük həyatı yaşaması ilə əlaqədar hazırda ailəsi ilə birgə bu ünvanda məskunlaşıb. Etnofor söylədi ki, bizim evdə əsasən orucluq ayında hər gün mollalar yığışar, deyişmə şəklində peyğəmbərləri, imamları mədh edən mərsiyələr söyləyərdilər. İnformator özü də eşitdiyi və yaddaşında hələ də qoruyub saxladığı folklor nümunələrini bizə avazla oxudu.

untitled-1aysek-s-ekil-4

Sol mayəli segah məqamındadır. 3 cümləli period formasındadır. Quruluş formulu belədir: a (11x)+a1 (8x)+a2 (8x). I cümləsi (a) oxşar quruluşlu 2 ibarədən ibarətdir (5x+6x). Mayənin üst tersiyası ilə eyni səsin təkrarları üzərində tədrici hərəkətlə aşağıya doğru enərək mayənin alt mediantasında, yəni əsas tonda tamamlanır. II cümlə (a1) melodik baxımdan a cümləsinin variantlı təkrarıdır. Hər biri 4 xanədən ibarət 2 ibarəyə bölünür. Mayənin üst mediantasında başlanan melodiya yenə də tədrici hərəkətlə aşağıya enərək mayədə tamamlanır. Mayənin üst kvartasında başlayan III cümlə (a2) yenə də melodik cəhətdən əvvəlki cümlələrin variantıdır.

Melodik baxımdan təhlil etsək görərik ki, verilən musiqi nümunəsində not və motiv sekvensiyalarından, predyomlardan geniş istifadə olunub. Ritmik cəhətdən isə dəyişkən ritmlidir. Belə ki, 6/8 ölçüdə başlayan melodiya 3/4, 5/8 ölçülərlə növbələnir. Məhz bu dəyişkən ritm melodiyaya daha axıcılıq, dərin məna, dini xarakter verir. Diapazonu böyük septima  (B7)  həcmindədir.

Ekspedisiya səfərlərimizdən biri də Beyləqan rayonunun Günəşli qəsəbəsində oldu. Bu qəsəbə sakinlərinin demək olar ki, hamısı Cəbrayıl rayonu Sirik kəndindən olan məcburi köçkünlərdir. Burada da zəngin folklor daşıyıcılar çoxluq təşkil edirdi. Görüşdüyümüz belə etnoforlardan biri də Kərimova Gülbəs İsmayıl qızı idi. O, 1948-ci ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan olub. Hazırda Günəşli qəsəbəsində məskunlaşdıqlarına baxmayaraq adət-ənənələrini hələ də qoruyub saxladıqlarını söylədi. İnformatorun bizə söylədiyi maraqlı məlumatlardan biri də bu oldu ki, Novruz bayramında kənd sakinləri hamılıqla toplaşar və imamlarımızı mədh edən mərsiyələri avazla oxuyarlarmış.

aysel-s-ekil-5

Nümunə sol diyez mayləli segah məqamında və 2 cümləli period formasındadır. Quruluş formulu belədir: a (8x)+a1 (12x). Qeyri-kvadrat quruluşlu və qapalı perioddur.  I cümlə 2 ibarədən ibarətdir. 4 xanəni özündə birləşdirən ibarələrin hər biri 2 xanədən ibarət 2 motivə, bu motivlər isə submotivlərə bölünür. Mayənin üst mediantasında başlayan melodiya çox kiçik diapazonda – kiçik tersiya çərçivəsində dalğavari melodiya yaradaraq nəhayət, mayədə tam kadansla bitir. Melodiyanın inkşaf xüsusiyyətlərindən danışarkən qeyd etmək lazımdır ki, burada təkrarlardan və gəzişmədən çox istifadə olunub. Melodiya 6/8 ölçüsündə, Allegretto tempindədir. Heç bir melizmatik işarələrdən istifadə olunmayıb.

Beləliklə, apardığımız təqdiqata əsasən söyləmək olar ki, coğrafi-iqtisadi mövqeyi, özünəməxsusluğu ilə seçilən Cəbrayıl rayonunun musiqi folkloru ümumazərbaycan mədəniyyətinin tərkib hissəsidir. Hazırda erməni təcavüzkarları tərəfindən işğal altında olsa da rayonun hər bir sakini ağır şəraitdə yaşamalarına baxmayaraq öz adət-ənənələrini bu gün də qoruyub saxlayırlar. Bakı şəhərində, Biləsuvar və Beyləqan rayonlarında apardığımız tədqiqatlar və toplanılan materialların elmi təhlili xalqımızın mənəvi mədəniyyətinin olduqca zəngin və qədim olmasını bir daha təsdiqləmiş oldu. 

ƏDƏBİYYAT:

  1. Babayeva Ə.A. Azərbaycanda İslam və musiqi. B.: 2001, Nurlan, 177 s.
  2. Xürrəmqızı A. Azərbaycan mərasim folkloru. B.: Səda, 2002, 210 s.
  3. Seyidova S.A. Qədim Azərbaycan mərasim musiqisi. Ali və orta musiqi məktəbləri üçün dərs vəsaiti. B.: Mars-Print, 2005, 116 s.
  4. Vəliyev V.Ə. Azərbaycan folkloru. B.: Maarif, 1985, 414 s.  

Айсель Сафиханова

Магистрант АНК 

РЕЛИГИОЗНАЯ МУЗЫКА В ДЖАБРАИЛЬСКОЙ РАЙОНЕ-МАРСИЙА 

Резюме: Марсийа является одним из литературно-музыкальных жанров, который играет большую роль в проведении религиозных церемоний. Музыкальный фольклор Джабраилского района — составная часть общеазербайджанской культуры. Несмотря на то, что в данный момент этот район остается под оккупацией армянских сепаратистов, жители Джабраила в таких тяжелых обстоятельствах сохраняют традиции своего региона. В данной статье собраны марсийи исполняемые Тахировой Гаджи Сурай, проживающей в Билясуварском районе в посёлке для вынужденных переселенцев; Гусейновой Шафига Ханлар кызы, проживающей в городе Баку, проспект Иншаатчылар 5, в общежитии Каспийского Морского Пароходства; Гусейнова Сираджетдина Миргусейн оглу, проживающего в Бейляганском районе, а также Каримовой Гульбес Исмаил кызы, проживающей в посёлке Гюнешли. Эти марсийи были нотографически зафиксированы,  а также отмечены их композиционные особенности.

Ключевые слова: Джабраил, музыкальный фольклор, экспедиция, марсийа, тазия

Aysel Safikhanova

Master of Arts of ANC 

RELIGIOUS MUSIC OF JABRAIL REGION-MARSİYYA

Summary: Marsiyya is one of the literary-musical genres which play great role in conducting religions ceremonies. Musical folklore of Jabrayil region is many part of the Azerbaijani art. Though the region is under the occupation of armenian invaders and every dweller of the region lives in difficult situations, they preserved their own customs and traditions.

The given article deals with the marsiyyas performed by Surayya Haji Taherova who is from Jabrayil but lives in the settlement for  internally displaced persons in Bilasuvar, Shafiga Khanlar Huseynova, Sirafaddin Mirhuseyn Huseynov who were sethed in united hostel of Caspian shipping company, Gulbas Ismayil Karimova who was settled in Gunashli settlement in Beylagan.

These marsiyyas have been collected, transformed on notes and their composition have been analysed.

Key words: Jabrayil, musical folklore, expedition, marsiyya, taziya

 

Rəyçilər: sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova

 

[1] Bakı şəhəri Həsən bəy Zərdabi 31/66. BAQAES-in yarımçıq inzibati binası, 20 fevral 2017-ci il.

 

Mövzuya uyğun