AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 1, 2017

Xəyalə ABDURAHMANOVA

Ü.Hacıbəyli ad. BMA-nın dissertantı

Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98

Email: xeyale.abdurahmanova@gmail.com

UOT: 78.031.4                                                                 

ŞƏKİDƏ MUSİQİ-ETNOQRAFİK EKSPEDİSİYALAR

 endir

PDF

 

 

 

Xülasə: Hazırkı məqalədə müəllif tədqiqat mövzusu kimi Şəki rayonunun zurna ifaçılığı sənətinə müraciət edərək indiyə qədər bölgədə keçirilmiş folklor ekspedisiyalarının nəticələrini öyrənməyə səy göstərmişdir. Tədqiqatçı xüsusi ədəbiyyatı və arxiv sənədlərini öyrənməklə yanaşı, özü də sahə araşdırmaları aparır, əldə etdiyi nümunələrin nəzəri təhlillərinə müəyyən diqqət ayırır.

Açar sözlər: musiqi folkloru, ekspedisiya, zurna havaları, təsnifat, ifaçılar, repertuar

Qədim və özünəməxsus mədəniyyət ocaqlarından biri olan Şəkinin folkloru mütəxəssislərin, o cümlədən musiqi folklorşünaslarının diqqətini zaman-zaman özünə cəlb etmişdir. Azərbaycanın xalq musiqi mədəniyyətinə dəyərli töhfələr vermiş bu diyar oyun havaları və cəngilərin mahir ifaçıları olan ustad zurnaçıları ilə tanınıb. Burada keçirilmiş bir sıra ekspedisiyalarda instrumental xalq rəqsləri, xüsusilə də qara zurna havaları daima tədqiqat obyektinə çevrilir. Əldə edilmiş materiallar müxtəlif tipli mənbələrdə (kitab, not məcmuəsi, məqalə, CD və DVD kimi yayınlarda, habelə arxivlərdə) saxlanıldığı üçün onların araşdırılması və şərhi mühüm əhəmiyyət kəsb edir.

Ötən əsrin ilk yarısından indiyə qədər müxtəlif qurumların və fərdi tədqiqatçıların Şəkidə keçirdikləri musiqi-etnoqrafik ekspedisiyaların sayı az olmayıb. Elmi-tədqiqat musiqi kabineti, EA-nın Memarlıq və İncəsənət İnstitutu, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası və onun varisi olan Bakı Musiqi Akademiyası, “Musiqi dünyası” elmi-yaradıcılıq mərkəzi, Azərbaycan Milli Konser-vatoriyasının təşkil etdiyi sahə araşdırmaları yaxşı məlumdur. Ayrı-ayrı tədqiqatçıların şəxsi toplama səylərini də nəzərə alsaq (məsələn, S.Abdullayeva, F.Çələbiyev, S.Təhmirazqızı, F.Xalıqzadə), bu nəticələrin bütövlükdə məhsuldar olmasını düşün-mək olar. Lakin toplanılmış materiallar qismən nəşr edilmiş və onların mühüm hissəsi hələ də ayrı-ayrı arxivlərdə qorunub saxlanılmaqdadır. Hətta aşkar ediməyən qaynaqlar da istisna edilmir. Belə bir şəraitdə ciddi arxiv və biblioqrafiya axtarışları, habelə çöl-sahə işləri tələb olunur. Məhz bu səbəbdən hazırkı məqalədə məlum olan mənbələrə müraciət edilmiş, rəqs havalarına aid  müvafiq nümunələri axtarıb tapmaq məqsədi irəli sürülmüşdür. Şəkidə zurna ifaçılığı sənəti geniş yayıldığı üçün, əldə edilən materiallar içərisində həmin sənət sahiblərinin fəaliyyəti mühüm yer tutur.

Zaman etibarilə bölgədə keçirilmiş ilk irimiqyaslı musiqi-etnoqrafik ekspedisiya ölməz müğənni Bülbülün yaratdığı və başçılıq etdiyi elmi-tədqiqat musiqi kabineti tərəfindən 1937-ci ildə təşkil olunmuşdur. Bu, 1932-ci il Qarabağ ekspedisiyasından sonra kabinetin ikinci səfəri idi. O zamanlar kabinetin rəhbəri məşğul olduğundan, ekspedisiyanın başçısı təyin olunmuş Q.Qarayev bu tədbiri bəstəkar və musiqişünas həmkarları C.Hacıyev və M.İsmayılovun köməyi ilə həyata keçirmişdi.

Təxminən bir aya qədər davam etmiş Nuxa (Şəki 1937) ekspedisiyasının nümunələri bütöv bir siyahıda, daha doğrusu, pasportlaşdırılmış sənəddə öz əksini tapsa da, onlar barədə nə səs yazılarında (fonovaliklər), nə də not köçürmələrində tam məlumatımız yoxdur. Moskvalı müxbir Şteyman tədbiri mətbuatda işıqlandırmış (8), ekspedisiyanın başçısı Q.Qarayev bəzi maraqlı açıqlamalar vermişdir. Bundan başqa, “Azərbaycan diskoqrafiyası” elektron dərgidə Nuxa-1937 ekspedisiyasında yazılmış fonovaliklərin bilgiləri də özündə mühüm informasiya daşıyır (1).

Kiçik Dəhnədən olan məşhur zurna ifaçısı Həbibullah Cəfərovun dəstəsini Q.Qarayev “ekspedisiyanın kəşfi” kimi təqdim edir. Ansamblın ifasında qeyd olunmuş 12 havanın adlarına rast gəlirik: “Molla durquzan”, “Səksəndirmə”, “Çobankolu”,“Bağdaduru”, “Mürəkkəbi”, “Biəcin” (bəlkə də“Biləcik”), “Novruzu”, “Tala”, “Koroğlunun Dəmirçioğluna”, “Dəli Koroğlu qaytarması”, “Koroğlu”, “Cıdır düzü”. Onların bir hissəsi müasir insanlara və mütəxəssislərə tanışdırsa, bəzi nümunələr ya adını dəyişmiş, ya da unudulmuşdur. Belə havaların tanınmaz dərəcədə variantlaşması da ehtimal edilə bilər. Bu havalardan birini Q.Qarayev özünün marşında istifadə etmiş və əsər növbəti ildə Moskvada keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüyündə ifa edilmişdi.

Kabinetin fəaliyyəti 1940-cı illərin II Dünya müharibəsi ilə əlaqədar  donduruldu. Daha sonralar eyni funksiyalar Az.SSR EA-nın Memarlıq və İncəsənət İnstitutunun Xalq musiqi şöbəsi və Ü.Hacıbəyov adına ADK-da 1970-ci ildən etibarən fəaliyyət göstərmiş Xalq musiqi kabineti tərəfindən yenidən icra edilməyə başladı. Memarlıq və İncəsənət İnstitutu Azərbaycan musiqi folkloru atlası hazırlayarkən Şəkinin folklorunu, o cümlədən yerli zurnaçılar dəstəsinin sənət nümunələrini də əhatə etmişdi.

Maraqlıdır ki, ADK-nın Xalq musiqi kabineti özünün ilk ekspedisiyasını professor B.Hüseynlinin başçılığı ilə yenə də həmin rayonda keçirmiş(1970) və toplanılmış instrumental xalq musiqisi içərisində zurna havaları da müəyyən yer tutmuşdu. Həmin havalar rayonun Cəfərabad kəndindən olan Rəcəbalı Əliyevin ifasından lentə alınmış və o zamanlar gənc olmuş istedadlı bəstəkar, xalq artisti C.Quliyev tərəfindən nota alınmışdır. “Tünd Koroğlu”, “Gözəlləmə”, “Camış bağa girdi” və s. Qeyd olunan yazılar F.Xalıqzadənin yeni nəşr edilmiş “Üzeyir Hacıbəyli və folklor” kitabının not əlavələrində özünə yer almışdır (9, s.241-255).

Eyni ildə (1970) gənc və perspektivli alətşünas alim S.Adullayeva xalq çalğı alətlərinin ifa təcrübəsində oynadığı rolunu əyani şəkildə təqdim etmək məqsədilə respublikamızın Ağdam, Şəmkir, Şirvan, Dəvəçi, Quba kimi bir sıra rayonları ilə yanaşı Şəkidə də olmuş, Nurəddin Bədəlovdan və Həbibullah Cəfərovdan rəqs havalarını toplayıb nota köçürmüşdür. Həmin ildən xeyli zaman keçmiş bu not yazıları Moskvanın “Muzıka”nəşriyyatında işıq üzü görmüş “Azərbaycan instrumental musiqisi” (7) not məcmuəsində dərc edilmişdir (məcmuənin tərtibçisi və ön sözün müəllifi S.Abdullayevadır — A.X). Belə ki, H.Cəfərovun ifasında təqdim edilmiş müəyyən havalar – “Köhnə ceyranı”, “Musaxanı”, “Vağzalı” və “Gümrü” adlı rəqs melodiyaları digər zonaların müvafiq nümunələri ilə müqayisəli təhlillərə imkan verir. Tarzən N.Bədəlovun ifa etdiyi digər oyun havaları da rayonun folklor mühitini öyrənmək baxımından böyük maraq doğurur.

Sözügedən el havaları əsasən təksəsli melodiya şəklində dərc olunmuş, yalnız bir melodiya zərb alətinin müşayiətilə birlikdə nota yazılmışdır. Azərbaycan etno-orqanoloqu kitaba yazdığı ön sözdə xalq mədəniyyətində elin adət-ənənələrində zurna alətinin tutduğu yer barədə belə yazır: “Toy ziyafəti günlərində zurnaçılar dəstəsinin ifa etdiyi ənənəvi havaların müşayiətilə kəndirbazlar öz məharətini nümayiş etdi-rirdilər. Zorxana kimi meydanda yenə də zurnaçılar dəstəsinin müşayiətində pəhlə-vanların yarışı  keçirilir, toy karvanı qarşısında cıdır,at çapma təşkil edilirdi” (7, s.12).

Əslən Şəkidən olan görkəmli Azərbaycan etnomusiqişünas-alimi, sənətşünaslıq elmləri doktoru Faiq Çələbi(yev) özünün muğam tədqiqatları ilə bütün Müstəqil Dövlətlər Birliyi məkanında və hətta onun hüdudlarından kənarda tanınsa da, mənim-sədiyi elmi metodla musiqimizin bir sıra janrlarına da uğurla müdaxilə edə bilmişdir. Onun doğma diyarda keçirdiyi ekspedisiyaların dəqiq tarixini göstərmək mümkün deyil: F.Çələbi həmişə Şəkinin folklor musiqisi ilə, ilk növbədə mahir zurnaçıların misilsiz sənətinə diqqət ayırır, rayona hər gəlişində elin xəzinəsini səylə və tələsmədən öyrənir. Toplamalar bir qayda olaraq tədqiqatçının öz şəxsi arxivində saxlanılır, zaman-zaman elmi məqalələrdə bu barədə dəyərli məlumat verilir. F.Çələbi musiqi nümunələrini Şəkinin ümumi mədəni-ictimai mühitilə sıx əlaqədə götürməklə, əsl etnomusiqişünas kimi çıxış edir. Biz bu cəhəti alimin Şəki folklor antologiyasına yazdığı “Şəki folkloruna bir nəzər”adlı ön sözündə (4, s.3-34), “Rəqs dəstgahı — instrumental rəqs melodiyalarının çoxhissəli silsilə kompozisiyasıdır” (10, s.141-152) elmi məqaləsində, eləcə də, 1981-ci ildə dərc etdirdiyi “Dil kəlmə-kəlmə deyər” kimi sadə xalq dilində qələmə alınmış dərin mənalı məqaləsində aydın görürük. Müəllif elə həmin məqalədə bölgə zurnaçalanlarının ağsaqqalı Həbibullah Cəfərovun reper-tuarındakı qəhrəmanlıq havalarının bir qismini etnomüzikoloji kontekstdə təqdim edir: “Koroğlu qaytarması”, “Misri Koroğlu”, “At çapışma Koroğlusu”(və ya “Koroğlunun cıdır havası”), “Koroğlu dəliləri”, “Dəli Koroğlu”, “Koroğlunun qonaq havası”. Məqalə müəllifi dəstgah anlayışına milli sənət kontekstində baxır, onu xalça, muğam və mətbəx mədəniyyəti ilə müqayisə edir.

Bundan başqa, məqalədə ustad zurnaçalan Həbibullah Cəfərovun sənət təcrübəsinin digər tərəfləri də açıqlanmışdır.Ustadın sənətə gəlişi,ifa texnikasının bəzi növləri, (barmaq dilin köməyi ilə çalınan üsullar), zurnaçalanların müşayiət etdiyi cıdır yarışının qanunları və xalq həyatının etnoqrafik lövhələri canlı şəkildə əksini tapır.

F.Çələbi H.Cəfərovun ifasında “Rəqs dəstgahı”na daxil olan zurna havalarını da lakonik musiqi mövzuları ilə birlikdə təqdim edir (“Ağır Koroğlu”, “Şəki yallısı”, “Koroğlu yerişi”, “Koroğlunun Şəki səfəri”, “Cəngi Koroğlu”, “Üçbarmaq”, “Dəli Koroğlu”), bundan başqa “Koroğlu” dəstgahından bağlama kimi üç maraqlı ünsürü  də göstərir. Sözsüz ki, silsilə quruluşunda ayrıca yeri və əhəmiyyəti olan bu ünsürləri  xüsusi araşdırmağa dəyər.

Şəkinin musiqi folkloru haqqında böyük tədqiqat  işi aparmış S.Təhmirazqızı bir neçə il ərzində (1998-2003) bölgədə araşdırmalar aparmış, o cümlədən yerli zurna ifaçılarının repertuarını da öyrənmişdir. Tədqiqatçı topladığı zəngin materiallar əsasında Şəkinin musiqi folklorunu 3 əsas qismə ayırmış, üçüncü qrupu təmsil edən zurna havalarının növ şəkillərini qeyd etmiş, həmçinin aşıq mənşəli bir sıra nümunələri də göstərmişdir.

Daha sonra “Musiqi dünyası” elmi-yaradıcılıq birliyi Azərbaycanın etnik musiqi atlası layihəsi üzərində işləyərkən vətənimizin bir çox bölgələri ilə yanaşı tədqiq etdiyimiz bölgəyə də səfər təşkil etmişdir. Toplanılan materiallar içərisində zurna havaları da mühüm yer tutur. Bu barədə CD və  DVD formatında,eləcə də “Azərbaycanının ənənəvi musiqi atlası” veb-saytında (2) böyük material yayın-lanmışdır.

2005-ci ilin yayında Şəki rayonunda bir-birinin ardınca iki ekspedisiya keçirildi. Əvvəlcə (1-7 avqust) Azərbaycan Milli Konservatoriyasının bir qrupu (ekspedisiyanın rəhbəri F.Xalıqzadə idi) bir neçə zurnaçılar dəstəsinin ifasında təxminən 20-yə qədər nümunəni audio və video kassetlərə yazdılar. Qrup eyni zamanda Oxud, Qoxmuq, Baş Küngüt, Bideiz kimi kəndlərdən mahnı nümunələrini də topladı.  Bu barədə “Folklor və Etnoqrafiya” jurnalının bir nömrəsində “Şəkidən mahnılar” (“Песни из Шеки”) adlı məqalə dərc edildi (5).

Bir gün sonra, 8 avqust tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akade-miyasının bir heyəti professor G.Abdullazadənin rəhbərliyi ilə axtarışlara başladı və bir sıra zurnaçılar dəstəsi ilə intensiv iş apardı. A.Mərdiyev (Böyük Dəhnə), İ.İbrahim-xəlilov və M.İsmayılov (hər ikisi — Aşağı Şabalıd), A.Musayev (Oravan) kimi ustadlar öz sənət dostları ilə təxminən 40 zurna havası ifa etdilər və beləliklə də, Şəki zurna havalarının böyük bir toplusu meydana gəldi. Bu nümunələrdən hər biri ayrıca şəkildə tədqiqata imkan verir, əlavə olaraq havaların təsnifatını aparmaq vəzifəsini də irəli sürür. Biz, həmin nümunələri aşağıdakı şəkildə qruplaşdırmağı təklif edirik:1. Şəkiyə xas olan rəqs havaları (məsələn,“Zopu yallısı”,“Şəki rəqsi”, “Dəhnə”, “Daşbulağı”, “Dərvişbaba”); 2. Qonşu regionların havaları (“Avarı”, “Sarıbaşı”, “Məhərrəmkənd”, “Tala”, “Dal Dağıstanı”, “Balakəni”, “Şirvan bulağı”); 3. Aşıq havalarının zurna variantları (“Misri yallısı”. “Ruhani döndərməsi”, “Koroğlu Təhməzi”, “Qoca Kərəmi”) və 4. Ümummilli rəqs melodiyaları (“Ceyranı”, “Bənövşə”, “Müşkü”, “Kəsmə”).

Şəki zurna ifaçılığı sənətinin tədqiqi ilə əlaqədar bu sətirlərin müəllifi də sahə araşdırmaları aparır, əlavə məlumat və faktların işığında alətin ənənəvi  repertuarını və sənətin bugünkü vəziyyətini öyrənməyə çalışır. Zənnimizcə, imkan daxilində daha çox nümunə və məlumatın toplanılması mövzunun geniş şəkildə öyrənilməsinə yardımçı olacaqdır.

ƏDƏBİYYAT:

1.Azərbaycan diskoqrafiyası.URL: http://diskografiya.musigi-dunya.az

2.Azərbaycanın ənənəvi musiqi atlası.URL: http://atlas.musigi-dunya.az

3.Abdullazadə G.A; Verdiyev R.B. Şəki bölgəsinə elmi ekspedisiya www.musigi-dunya.az s.1-2

4.Çələbi F.İ. Şəkinin folkloruna bir nəzər. Azərbaycan folkloru antologiyası. VI kitab, Şəki folkloru. II cild. Ön söz, B.: 2002, s.3-34.

  1. Xalıqzadə F.X. Üzeyir Hacıbəyli və folklor. B.:Qərb-Şərq, 2014, s. 274

6.Abdurahmanova X.T. Şəki zurna ifaçılığı sənətinin tədqiqinə dair. / Türksoylu xalqların musiqi mədəniyyətinin öyrənilməsi problemləri.XV Beynəlxalq elmi-praktiki konfransın materialları. ADMİU. B.: 2016, s.62-65.

RUS DİLİNDƏ

  1. Азербайджанская инструментальная музыка. М.: Музыка, 1990. c. 104 (составитель и автор вступления С.Абдуллаева)
  2. Гусейнли Б.Х., Керимова Т.М., Али Керимов. М.: Советский композитор, 1985. 50 с.
  3. Халыкзаде Ф.Х. Песни из Шеки. //Фольклор и этнография, №3-4, 2006, с.44-53.
  4. Челяби Ф.И. Регс дестгяхы – многочастная циклическая композиция инструментальных танцевальных мелодий. // Azərbaycan muğamşünaslığı. Problemlər. Perspektivlər. B.: Təknur, 2015, s.141-152.

Хаялa АБДУРАХМАНОВА

Диссертант БMA

 

О МУЗЫКАЛЬНО-ЭТНОГРАФИЧЕСКИХ ЭКСПЕДИЦИЯХ В ШЕКИ

 

Резюме: Статья посвящена результатам музыкально-этнографических экспедиций, проведенных в Шеки на протяжении большого периода времени (с 1930-х гг. по настоящее время). Особое внимание уделено выявлению многочисленных образцов, записанных с исполнения мастеров-зурначей района. Если их одна часть была использована в научных трудах, статьях и нотных изданиях, то другая часть хранится в частных и государственных архивах и не вошла в научный обиход. В статье выдвигается также  задача уточнения конкретных образцов и вариантов, затрагивается возможность их классификации.     

Ключевые слова: музыкальный фольклор, экспедиция, мелодии для зурны, мастера-исполнители, репертуар

 

Khayala ABDURAHMANOVA

Candidate for a degree of BMA

 

MUSIC-ETHNOGRAPHICAL EXPEDITIONS IN SHEKI

 

Summary: This article is devoted to the series of music-ethnographical expeditions organized in Sheki district since 1930s up to present. A special emphasis had been made on the different tunes recorded from the masters of zurna performance. If part of them was explored in the scientific works, articles and notated publications, another part still remains unknown for scholars. Article is concerned also with the identification of some samples and variants, as well as with their classification. 

Key words: folk music, field-works, zurna tunes, masters-performers, classification, repertoire

Rəyçilər:

fəlsəfə üzrə elmlər doktoru,professor Gülnaz Abdullazadə;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Fəttah Xalıqzadə

Mövzuya uyğun