AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

Aygül SƏFIXANOVA

AMK-nın doktorantı,

AMK -nın “Milli musiqinin tədqiqi elmi laboratoriyası”nda elmi işçi

E-mail: etno.aygul@mail.ru

 UOT 78,031,4                                          

QARABAĞ BÖLGƏSİ HƏSİR NƏĞMƏLƏRİNİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ

 endir

 

PDF

 

 

Xülasə: Qarabağ bölgəsinin musiqi folklorunda həsir nəğmələri özünəməxsus əhəmiyyətə malikdir. Məqalədə bölgədə ekspedisiya zamanı toplanılanvə qadın əməyini əks etdirən həsir nəğmələri musiqi dili, məqam və metroritmik cəhətdən araşdırılır. Bölgənin musiqi folklorunda toplanılan nümunələrdə mətnlə musiqinin qarşılıqlı müqayisəsi əsasında melopoetik xüsusiyyətlər təhlil olunur.

Açar sözlər: Qarabağ, musiqi folkloru, əmək mahnıları, həsir nəğmələri

Azərbaycan xalçaları öz gözəlliyinə, rəngarəng çalarlarına, ornament fərqliliyinə və orijinallığı ilə seçilən bədii keyfiyyətlərinə görə bütün dünyada tanınır. Xalçalarımız ölkə xaricində təşkil olunan beynəlxalq sərgilərdə, həmçinin Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilir. Respublikamızda xalça toxuculuğunda Qarabağ xalçaları ilmələrinin sıxlığına, naxış elementlərinə, seyr edərkən insanı düşündürən fəlsəfiliyi ilə seçilən ornament zənginliyinə və rəng koloritinə görə xüsusi yer tutur. “Azərbaycan xalçası” 2010-cu il 15-19 noyabr tarixində Keniyada keçirilən (Nayrobi) YUNESKO-nun V sessiyasında Qeyri-maddi Mədəni irs siyahısına daxil edilib.

Ümumiyyətlə, istehsal texnikasına və toxunma xüsusiyyətlərinə görə Azərbaycan xalçaları xovlu və xovsuz olaraq 2 növə ayrılır. Xovlu məmulata gəbə, xalça, canamaz və s. daxildir. Xovsuz məmulata isə palaz, kilim, vərni, sumaq, şəddə, məfrəş və s. aid edilir. Qeyd edək ki, xovsuz xalçalar xalça toxuculuğunun ən qədim dövrünə təsadüf edir və xalça sənətinin yaranmasının əsasını da onun ilkin sadə formaları olan həsir, çətən, buriya təşkil edir.

Həsir – rütubətin və nəmliyin qarşısının alınması üçün küləşdən, qamış çubuğundan hazırlanaraq istifadə edilən yer döşəməsidir. Həsir toxuyan qadınlar həsirçi adlanırlar. Qeyd edək ki, Qarabağ bölgəsində həsiri qadınlar, lakin cənub bölgəsində isə həm qadınlar, həm də kişilər toxuyur. Həsirlər 2 növə bölünür:  sadə həsirlər, naxışlı həsirlər. Həsirlər xana adlanan xüsusi dəzgahlarda toxunur. Həsiri əvəz edən bir çox məişət əşyaları hal-hazırda fabrik şəraitində istehsal olunmasına baxmayaraq, bataqlıq bitkilərindən hazırlanan həsir öz aktuallığını bu gün də saxlayaraq onu toxuyan insanların əl əməyinin məhsuludur.

Həsiri toxumaq üçün yaş halda əldə olunan xammalı (Qarabağ zonasında əsasən qamışdan hazırlanır) əvvəlcə topa halda gün şüası düzən yerdə qurudurlar, daha sonra əriş hazırlayıb üfüqi vəziyyətdə qurulmuş dəzgahda sıralayırlar. Həsiri yerə sərilən palaz-xalçanın altından sərərmişlər ki, evdə rütubəti çəksin, palaz-xalçanın tez yeyilərək istifadəyə yarasızlığının qarşısı alınsın və davamlı olsun. Həsir, həmçinin, evdə dekorativ bəzək ornamenti kimi də istifadə edilirmiş. Keçmiş zamanlarda gəlin köçən qızlara da cehizində mütləq həris toxuyub verərlərmiş.

h-sir

Dəzgahda həsir       

Azərbaycan xalça muzeyinin ekspozisiyası

Həsir Azərbaycanda, xüsusilə Kür və Araz boyu yaşayış yerlərində, Cəlilabad, Masallı və Lənkəranda qədimdən əvəzsiz məişət əşyası kimi işlədilib. Müxtəlif növləri (saya, güllü, naxışlı, gilanı və s.) var. Həsirdən ipəkçilikdə, meyvələrin qurudulmasında, habelə alaçıq örtüyü və taxıl kisəsi kimi də istifadə edilir” (2, s. 215-216).

Həsir Azərbaycanda minilliklər əvvəl təşəkkül tapmış qədim xalq sənəti növlərindən biridir və bu gün də  məişət atributu olmaqla yanaşı, mədəni irsimizin nümunələri sırasında özünəməxsus əhəmiyyətə malikdir. Azərbaycanda hələ qədim dövrlərdə həsirlərin toxunması üçün ən sadə üfqi, habelə şaquli dəzgahlar quraşdırılırdı.

“Həsir dəzgahlarının zəmanəmizədək şaquli və üfüqi olmaqla iki əsas tipi gəlib çatıb. Saya həsir toxuculuğunda tətbiq olunan şaquli dəzgah — «dasko» 3,5-4 metr uzunluğunda bir cüt qoldan, onları birləşdirən və 1,5 uzunluqda alt və üst oxdan, “si” adlanan döyəc taxtasından ibarət bəsit quruluşa malik idi. Oxların sabit qalması üçün dəzgah qollarının üzərində kərtmə üsulu ilə yarıqlar açılırdı” (1, s. 410).

h-sir

Həsir toxuyan dəzgahın quruluşu  

Azərbaycan xalça muzeyinin ekspozisiyası

Qeyd edək ki, Qarabağ bölgəsində ekspedisiya səfərimiz zamanı bizə informantlar həsirin digər növlərilə yanaşı, əsasən saya, yəni sadə həsir toxuduqlarını dedilər. Həmçinin, tək halda həsiri ən tez iki günə, iki nəfər birgə isə 1 günə də toxuduqlarını söylədilər.

“Saya həsirdən fərqli olaraq, güllü həsir yer hanasını xatırladan üfüqi dəzgahda toxunurdu. Üfüqi həsir dəzgahı 4 ədəd mıxçadan, onları baş kərtinə köndələn bağlanmış bir cüt dolağacdan və paral adlanan zərbə alətindən ibarət bəsit quruluşa malik idi.

Güllü həsirin çoxsaylı əriş düzümünə müvafiq olaraq paralın üzərində 45-ə qədər deşik olurdu. Adətən, güllü həsirin ayaq və baş hissəsi kətansayağı sadə toxuma texnikası ilə, yan haşiyəsi isə nəfsə adlanan kənar ərişlər üzrə döndərmə üsulu ilə toxunurdu.

Astara-Lənkəran zonasında vaxtilə həsirin hərəmi (baş hərəmi, qoşa hərəmi), nəlbəki gülü, zərəni gülü, doğanaq (əyri doğanaq, girdə doğanaq), şanagül, girdəgül, nevincanə, cınağı, məcmeyi, teşti, dəvəboynu, pişkəçanq, kitbəsəgit (saya), kəşli, ənzəli, ağnaxış və s. olmaqla müxtəlif çeşniləri dəbdə olmuşdu” (1, s. 412).

Həsir toxunan zaman zəhmətkeş nənələrimizin oxuduqları musiqi folkloru nümunələrinin mövcudluğu musiqişünas Məmmədsaleh İsmayılov tərəfindən də qeyd olunmuşdur. Musiqişünas yazır: “Zəhmət prosesini əks etdirən mahnılar, tarlada yer şumlanarkən, toxum səpini zamanı, xırmanda taxıl döyülərkən, xalı-xalça toxuyan dəzgah yanında, həsir hörülərkən, bir sözlə, əmək əsnasında meydana çıxmışdır” (3, s. 19).

Həsir toxuyan nənələrimiz sinkretik sənətin əvəzolunmaz nümunələrini toxuculuq sənəti ilə əlaqədar yaratmışlar. Hazırda ekspedisiya səfərlərimiz zamanı bu informantlarla söhbət edərkən neçə-neçə nümunələri iş prosesi zamanı yaradaraq söylədiklərini desələr də təəssüf ki, ahıl yaşda olmaları ilə əlaqədar hafizələrinin zəifləməsi onların bu nümunələri bizə nümayiş etdirməsi mümkünsüz oldu. Lakin uzun axtarışlardan sonra Füzuli rayonunun Araz yağlıvənd kənd sakini Zabış Qocayevanın ifasından özünün həsir toxuduğunu qeyd etməsi və həsir hörərkən söylədiyi nəğmələri oxuması bizdə müəyyən rahatlıq yaratdı. Xüsusilə, qeyd etməliyik ki, informantın söylədiyi musiqi folkloru nümunələri özünəməxsus orijinallığı və bölgəyə məxsus autentik folklor nümunəsi kimi diqqəti cəlb edir.

İnformantın söylədiyi nümunələrə nəzər yetirək:

                                                 Həsir nəğməsi

Oxudu: Qocayeva Zabış

Nota köçürən: Səfixanova Aygül

h-sir

h-sir

h-sir

 

h-sir

h-sir

Bu nümunələrdə musiqi forması öz arxetipik xüsusiyyətlərilə seçilir. Bütün melobəndlərin əsasında I melomisra və onun variantları durur. Məlum olduğu kimi bu tip oxuma qədim folklor nümunələrinə xasdır. Nümunənin melodik əsasında şur məqamı üzərində qurulmuş trixord  durur (es-des-c). Qeyd etmək lazımdır ki, səslərin artikulyasiyası zamanı bu istinad pərdələrdən əlavə qonşu səslərə də toxunulur. Diqqət yetirdiyimiz nümunələrin ümumiləşdirilmiş modeli milli ritmik xüsusiyyətləri özündə əks etdirir (bu bir daha sübut edir ki, nümunələr sinkretik sənət növünə daxildir. Ona görə də burada musiqi mətni ilə poetik mətni ayrı-ayrılıqda təhlil etmək düzgün deyil). Bu modelin əsasında yeddi heca-not durur ki, bu da bayatı poetik formasının tipoloji xüsusiyyətlərindən biridir. Bu nümunələrdə modal ritmika təzahür edir. Həsiri toxuyan qadınların əl hərəkətləriylə həsir nəğmələrinin metroritmik tərəfi sinxronluq təşkil edir.

Həmçinin, melobəndin (yaxud da meloperiodun) əsasında bir melomisra durur və onun variantları özünü əks etdirir. Bu da arxaik folklor nümunələrinin səciyyəvi xüsusiyyətlərindən biri olduğunu sübüt edir: məqam — metr ritmi (yəni modal ritmika) — musiqi ilə poetik mətnin əlaqələri. Bayatının hər poetik misrası melomirsa şəklində ifadə olunur.

h-sir

Qarabağ bölgəsində topladığımız musiqi folkloruna məxsus hər bir nümunənin melopoetik semantikasında etnik mədəniyyətimizin qorunub saxlanılmasını, zəhmətkeş insanların həyat fəaliyyətinin, onların etnopsixoloji mühi-tinin etik və estetik düşüncələrini görmək olur. Qarabağ bölgəsinin rəngarəng musiqi folkloru sırasında həsir nəğmələri arxaikliyi və məişət nəğmələrinin çeşidliyi ilə fərqlənir. Qarabağ bölgəsi musiqi folklorunun araşdırılaraq təhlili xüsusi əhəmiyyətə malikdir. Bölgənin hal-hazırda həyat tərzində qorunub saxlanılmış musiqi folkloru janrları ənənəvi mədəniyyətin tarixi izlərinin etnomədəni nailiyyətlərini təzahür etdirir.

Qarabağ bölgəsinin musiqi folklorunun elmi-nəzəri təhlilində əsas məqsəd musiqi folkloru nümunələrinin üslub-forma xüsusiyyətləri, ifa tərzi özünəməxsusluğunun araşdırılmasıdır. Bölgədə janrlar üzrə toplanılan musiqi folklorunun təhlilləri göstərdi ki, hər bir ritmik formulun fərqli metroritmik cəhətlərinin olduğunu nəzərə alsaq, aydın olur ki,  bölgənin zəngin folkloru rəngarəng ifa mədəniyyətinə malikdir. Təhlil olunan nümunələr ritmik kompo-nentlərin məxsus olduqları janrların xarakterik göstəricisi olduğunu üzə çıxardı.

Beləliklə, Qarabağ bölgəsinin həsirçiliklə bağlı olan nəğmələrinin təhlili bizi belə qənaətə gətirir ki, folklor mahnı janrının bu qədim nümunələrində Azərbaycan musiqisinin ən arxaik xüsusiyyətləri qorunub saxlanılmışdır. Bu isə Qarabağ musiqi folklorunun tükənməz sərvət olduğuna dəlalət edir.

ƏDƏBİYYAT:

  1. Azərbaycan etnoqrafiyası: 3 cilddə, I c., Bakı.: Elm, 1988, 456 s.
  2. Azərbaycan Sovet Ensiklopediyası, X cild, Bakı.: 1987, 608 s.
  3. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. B.: İşıq, 1984, 100 s.

 

Айгюль Сафиханова

Научный работник лаборотории

Иследование национальной музики в АНК,

докторант в АНК

СЕМАНТИЧЕСКИЕ ОСОБЕННОСТИ НАРОДНЫХ ПЕСЕН ТКАЧИХ ЦИНОВКИ КАРАБАХСКОГО РЕГИОНА

Резюме: В музыкальном фольклоре Карабахского края особое место занимают песни ткачих циновки. В данной статье иссследуются песни, собранные во время экспедиций в данный регион. Уделяется внимание взаимосвязям текста и музыки, выявляются особенности музыкального языка.

Ключевые слова:Карабах, музыкальный фольклор, трудовые песни, песни ткачих циновки           

 

Aygul Safikhanova   

The Azerbaijan National Conservatory  

“İnvestigation of national music”  

scientific laboratory Research fellow,  

doktoral candidate of the ANC

 SEMANTIC FEATURES OF FOLK SONGS MAT WEAVERS OF KARABAKH REGION

Summary: In the musical folklore Karabakh Territory occupies a special place mat weavers songs. This article explores the songs collected during expeditions in the region. Attention is paid to the linkages of text and music, reveals features of the musical language.

Key words: Karabakh, music folklore, labor songs, mat weavers

 

Rəyçilər:

əməkdar incəsənət xadimi, dosent Faiq Nağıyev;

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova

Mövzuya uyğun