Musiqi folklorunun toplanılma məsələlərinə dair
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 1, 2016
AMK-nın “Milli musiqinin tədqiqi elmi
laboratoriyası” elmi işçi,
Ünvan: Bakı, Yasamal rayonu, Ələsgər Ələkbərov 7
AMK-nın doktorantı
Email: etno.aygul@mail.ru
UOT 78.031.4
MUSİQİ FOLKLORUNUN TOPLANILMA MƏSƏLƏLƏRİNƏ DAİR
Xülasə: Bu məqalədə müasir dövrümüzdə etnomusiqişünasın ekspedisiya səfəri və toplama işinin zəruri məsələləri aydınlaşdırılmışdır. Həmçinin, toplama fəaliyyəti zamanı xüsusi diqqət tələb edən nüanslar diqqətə çatdırılmışdır.
Açar sözlər: folklorun toplanması, etnomusiqişünaslıq, ekspedisiya
Azərbaycan xalq musiqisinin elmi baxımdan öyrənilməsi öz aktuallığı ilə xüsusi diqqət çəkən, mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Şifahi ənənəli musiqi folklorumuzun ayrı-ayrı janrlarının öyrənilməsi etnomusiqişünalığın aktual problemlərindəndir. Çünki belə təhlillər, janrlar üzrə aparılan araşdırmalar musiqi folklorumuzu daha hərtərəfli və dolğun şəkildə öyrənməyə imkan verir. Həmçinin, belə araşdırmaların nəticəsi hər bir janrın mahiyyətini, folklor nümunələrinin poetik mətnlərinin semantik özəlliklərini və bu janrların tipoloji təsnifini verməyə imkan yaratmış olur.
Şifahi xalq ədəbiyyatı nümunələri və musiqi folkorumuzun toplanıb nəşr edilməsi, nota köçürülməsi sahəsində bir çox işlər görülsə də diqqətdən kənarda qalan, bununla belə hafizələrdə hələ də qorunub saxlanılan yüzlərlə, minlərlə musiqi folkloru nümunələrimiz var. Bu zəngin folklor incilərimizi xüsusi qayğı ilə toplamaq bu gün etnomusiqişünasların və folklorşünasların qarşısında duran ən aktual məsələlərdəndir.“Respublikamızda xalq ədəbiyyatı əsasən Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunun, Respublika Xalq Yaradıcılığı Evi, Pedaqoji institutlar, Azərbaycan Dövlət Universiteti (S.A: Bakı Dövlət Universiteti) filologiya fakültəsinin tələbələri tərəfindən toplanılır” [1, s. 407].
Musiqi folklorumuza da etnomusiqişünaslar tərəfindən qayğı göstərilir. Tələbələr hər il 4 həftə elmi-tədqiqattəcrübəsində olur. Qiyabi təhsil alan tələbələr isə folklordan sərbəst iş – kurs işi yazırlar və həm də bu sahədə təcrübə keçirlər. Odur ki, həm təcrübədə olan tələbələr, həm də müstəqil toplayıcılar folklorun yazıya alınması qaydasını mükəmməl bilməlidirlər.
Azərbaycan musiqi folkloru nümunələrinintoplanılması ilə əlaqədar olaraq Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının tələbələri çöl-sahə işlərinin aparılmasında — ekspedisiyada olurlar. BMA-nın, AMK-nın etnomusiqişünaslıq ixtisasında təhsil alan hər bir tələbənin ekspedisiya səfərində olması çox lazımlı və vacib bir məsələdir. Son illər Milli Konservatoriyanın müəllim kollektivi hər etnomusiqişünasın ekspedisiya səfərinə getməsinə diqqət və qayğını daha da artırıb. Ən əvvəl hər bir etnomusiqişünasa çöl-sahə araşdırmalarının nə qədər önəmli, musiqi xəzinəmizə qiymətli töfhə verə biləcək bir məsələ olduğu aydınlaşdırılır. Çünki çöl-sahə araşdırmaları həqiqətən çətin olduğu qədər, həm də fərəhli və şərəfli bir işdir. İlk öncə onları psixoloji olaraq da təlimatlandırmaq lazımdır ki, bu da Milli Konsertvatoriyanın müəllimlərinin səy göstərdiyi ən zəruri məsələlərdəndir. Məsələn, tələbə yüzlərlə kilometr qət edib ekspedisiya səfərinə gedərək istədiyi toplama işini əldə etməyə də bilər. Təbii ki, bu baxımdan onlara psixoloji olaraq belə hallarla qarşılaşa biləcəkləri ehtimalları aşılamaq çox vacib bir məsələdir. Amma bu iş bir qədər səbr və təmkin tələb edir. Belə ki, hansısa kənddə, qəsəbədə və s. informator axtarıb tapmaya da bilərsən. Bəzən sənin ağlına belə gəlməyən hansısa məlumat daşıyıcısı ehtimal etmədiyin insanlar bəlkə də kəndin lap axırında, yolun kənarında oturub mal-qara otaran, yolla gedən, zahiri görünüşdən əldən düşmüş bir qoca da ola bilər. Yaxud qonağı olduğun evin gəlini ilə də söhbət aparıb çox maraqlı məlumat ala bilərsən. Həmsöhbətin qoca olmasa belə qocalarından və ya öz el-obasından eşidib, görüb, öyrənib hafizəsində saxladığı folklor incisilərini yaddaşında gəzdirə bilər. Ona görə də diqqətli və təmkinli olub təkcə yaşlı nəslin nümayəndəsi ilə deyil, cavanlarla da həmsöhbət olmaq gərəklidir.
Adətən, etnomusiqişünas gedəcəyi bir şəhərə, bölgəyə, qəsəbəyə, kəndə və s. yola düşməzdən əvvəl o, ərazi haqqında məlumat toplamalı və həmin ərazidən olan insanlarla ünsiyyətdə olmalıdır. Hətta səfər edəcəyi yerlərdən deyil, başqa rayon və şəhərlərdən olan insanlarla da ünsiyyət quraraq mütləq sorğu-sual aparmalıdır. Həmsöhbət olduğu insanın ona verə biləcək çox gözəl məlumatı ola bilər. Ekspedisiya zamanı da həmsöhbət olduğun hər bir informatordan bölgədə məlumatlı və bilikli adamları soraqlaşmaq gərəkdir. Beləliklə, hər bir ehtimalı dəyərləndirərək etnomusiqişünas soruşa-soruşa neçə-neçə informatorla ünsiyyətdə olur.
Etnomusiqişünas informantla söhbət edərkən əgər ona verilən sualı yadına salırsa, həmin an vaxt itirmədən ailədə söhbəti maraqla izləyən digər şəxslərə də bu sualı ünvanlamaq lazımdır. Bir çox hallarda məhz bu vəziyyətdə ailədə olan informatorun gəlini, qızı, yaxud oğlu, yoldaşı da bir çox bilgi verə bilirlər. Adətən, gəlin fərqli bölgədən gəlin köçdüyü üçün onun da yaddaşında gördüyü, eşitdiyi folklor inciləri olur. Yaxud, qız hansısa bölgəyə gəlin köçübsə, həmin ərazidə soruşulan folklor incisinin, folklor adətinin orada olub-olmaması barədə məlumat vermiş olur. Bütün məlumatları topladıqdan sonra demək olar ki, etnomusiqişünas ekspedisiyada olduğu bölgədə məhsuldar bir səfərdə olub. Çünki paralel olaraq başqa bölgələrdə də onu maraqlandıran suallara cavab olaraq folklor yaradıcılığının olub-olmamasını, yaşadılıb, yaxud unudulmasını öyrənmiş olur. Belə ki, bu bilgilər artıq müəyyən müqayisələrin aparılmasında çox böyük önəm daşıyır.
Hansısa bir bölgəyə uzun yol qət edərək nəticə olaraq heç bir şey əldə etməyə də bilərsən. Tutaq ki, həmin ərazidə etnomusiqişünas ünvanlı olaraq getdiyi informator təsadüfən orada olmaya bilər. Yaxud görüşdüyün informatorların heç birindən istədiyin, gözlədiyin nəticəni əldə etməyə də bilərsən. Belə ki, işə başladığın kəndin (qəsəbənin) ayrı-ayrı sakinləri ilə əvvəlcədən tanış olmalı (müəllimlər, kənd icra nümayəndəsi və s.), həmin kənddə folklorla maraqlanan, folklor daşıyıcısı olan adamlar haqqında məlumat əldə etməlisən. Çünki hamı xalq ədəbiyyatı, folklor həvəskarı-daşıyıcısı olmur, xüsusilə əmək, mərasim, qəhrəmanlıq nəğmələri, aşıq şeiri, bayatı, nağıl və dastan biliciləri olduqca azdır. Odur ki, onları əvvəlcədən seçmək, gözaltı etmək, nəzərdə saxlamaq, sonra isə ayrı-ayrılıqda söhbət aparmaq lazımdır. Yazıya alma prosesində danışan şəxsi dayandırmaq, onun söylədiyi folklor nümunəsinin hamıya məlum olduğunu, çap olunduğunu bildirmək düzgün deyil. Əvvəla, nəzərə almaq lazımdır ki, heç bir folklor nümunəsi xalq arasında olduğu kimi yaşamır. Odur ki, əmək, mərasim, qəhrəmanlıq nəğmələrinin, yazıya alınmış hər hansı bir dastanın və ya nağılın hafizələrdə qalan əsaslı və maraqlı bir variantı ola bilər. Bir həqiqəti yada salmaq lazımdır ki, bütün folklor nümunələri yazılı surətdə dövrümüzə qədər gəlməyibsə, onlardan xalq arasında yaşayanı varsa, demək onun variantı mütləq olmalıdır. Variantsız folklor nümunəsi ola bilməz. İkincisi, danışan şəxsi dayandırmaq onun həvəsini söndürə bilər və ondan istədiyimiz materialı toplaya bilmərik.
Folklor toplayan şəxs ustalıqla hərəkət etməlidir, söhbətə elə başlamalıdır ki, qarşıdakı adam özü hiss etmədən danışığa qoşulsun, söhbətdə sərbəst hərəkət etsin, özünü sıxmasın, çünki sıxıldıqda onun danışdığının təbiiliyi pozula bilər. Folklorçu, etnomusiqişünas sürətlə yazmağa alışmalıdır, bəzi sözləri qısa yazmağı bacarmalıdır. Çünki danışan adama irad tutaraq “necə dedin?”, “bir az ucadan danışın” sözləri ilə onun sözü kəsilərsə istənilən nəticə əldə edilə bilməz.Çünki söhbət zamanı informatorun xüsusilə nəzərə çatdırmaq istədiyi önəmli qeydləri ola bilər.
Yazıya alınan folklor nümunələri onu söyləyən informatorun danışdığı kimi, yəni düzəliş edilmədən qeydə alınmalıdır, yazılmalıdır. Sözləri müasir dil ədəbi normalarına salmaq, cümlələri düzəltmək qətiyyən olmaz. Əgər yazıya alınan mətndə anlaşılmaz sözlərə təsadüf edilərsə, onun mənası yalnız informatorla söhbət qurtardıqdan sonra aydınlaşdırılmalıdır. Etnomusiqişünas yerli dialektdə olan sözlərə xüsusi diqqət yetirməli, onların ayrıca lüğətini tərtib etməlidir. Yadda saxlamaq lazımdır ki, xalqın canlı danışığında elə sözlər var ki, onları cəsarətlə ədəbi dilə gətirmək olar. Ədəbi dilimizdə bəzən qondarma sözlərə rast gəlirik. Halbuki, bu sözlərin canlı danışıqda çox gözəl müqabili var.
İstehsalat təcrübəsində və ya ekspedisiyada olan etnomusiqişünasın həmişə qeyd dəftəri və qələmi hazır vəziyyətdə olmalıdır. O, camaatın qeyri-rəsmi toplanışlarında iştirak etməli, onların danışıq tərzinə diqqət yetirməli və öz qeydini aparmalıdır.
Əvvəllər musiqi folklorumuzun toplanılması zamanı fonovaliklərdən, maqnitafondan, əlyazma üsulundan istifadə edilirdisə, hal-hazırda rəqəmsal yaddaşa malik foto, videokameralarda çəkiliş dəqiq və aydın şəkildə yaddaşda saxlanır. Hər bir etnomusiqişünas da ekspedisiyaya getməzdən əvvəl hazırlıq zamanı mütləq videokamera, eləcə də böyük tutumlu yaddaşa malik mikro kartlar, noutbuk götürməyi unutmamalıdır. İnformatorla söhbət zamanı elə ustacasına hərəkət etməlisən ki, informatorun xəbəri olmadan onun əl hərəkətlərini, jest-mimikasını çəkmək mümkün olsun və buna görə də video çəkiliş mütləq zəruri məsələdir. Etnomusiqişünas, ekspedisiya səfərində olarkən əldə etdiyi folklor nümunələrini kimdən topladığını dəqiq bilməli, onların haqqında xüsusi anket düzəltməlidir. Anket aşağıdakı kimi tərtib edilməlidir:1.Soyadı, adı, atasının adı. 2. Doğulduğu il və ay. 3. Milliyyəti. 4. Doğulduğu kənd və rayon. 5. Hal-hazırda məskunlaşdığı ünvan. 6. İş yeri, vəzifəsi. 7. Sənəti (məşğuliyyəti). 8. Təhsili. 9. Folkloru öyrəndiyi (eşitdiyi) şəxsin adı və həmin şəxs haqqında məlumat.
Etnomusiqişünas gündüz lentə — yazıya aldığı folklor nümunələrini mütləq həmin gecə qaydaya salmalı, müəyyən qeydlər aparmalı və öz təəssüratlarını yazmalıdır. Toplanılan musiqi folkloru nümunələri diqqətlə və variantları ilə nota alınır.
Şifahi ənənəli musiqi folklorumuz, bu zəngin folklor xəzinəmiz yalnız keçmişimizi, bu günümüzü, həmçinin eyni zamanda müasir həyatımızı da əks etdirən tükənməz bir xəzinədir. Azərbaycan xalq musiqi folklorunun elmi cəhətdən öyrənilməsi etnomusiqişünasların qarşısında duran şərəfli vəzifələrdən biridir.
ƏDƏBİYYAT:
- Vəliyev V.Ə. Azərbaycan folkloru (Ali məktəblərin filologiya fakültəsi tələbələri üçün dərslik). B.: Maarif, 1985, 414 s.
Научный работник лаборотории
“Иследование национальной музыки”,
докторант в АНК
О ПРОБЛЕМАХ СБОРА МУЗЫКАЛЬНОГО ФОЛЬКЛОРА
Резюме: Народная музыка является неотъемлемой частью богатого культурного наследия Азербайджана. В данной статье автор выделяет некоторые важные нюансы, которые требуют особого внимания во время экспедиций по сбору фольклорного материала.
Ключевые слова: сбор фольклорного материала, этномузыкология, экспедиция
Research fellow of “İnvestigation of national music”
scientific laboratory of ANC,
doktoral candidate of the ANC
ABOUT COLLECTION OF MUSICAL FOLKLORE
Summary: Music is one of the oral tradition an integral part of the rich cultural heritage of the Azerbaijani culture . This article talks about the necessary questions of expedition for collection of the modern ethnomusicology. Also brought to the attention of nuances that require special attention in the course of the collection .
Key words: folklore collection, ethnomusicology, expedition
Rəyçilər:
sənətşünaslıq üzrə elmlər doktoru, AMK-nın professoru Abbasqulu Nəcəfzadə;
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova