Tofiq Bakıxanovun İran mövzusunda 6 saylı sonatası
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
BMA-nın doktorantı
Ünvan: Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98
Email: aleskerova.kamala@mail.ru
UOT78.071.1
TOFİQ BAKIXANOVUN İRAN MÖVZUSUNDA 6 SAYLI SONATASI
Xülasə: Məqalə görkəmli Azərbaycan bəstəkarı, professor T.Bakıxanovun yaradıcılıq yoluna həsr olunub. Həmçinin, burada onun İran musiqisi əsasında yazılmış 6 saylı sonatası təhlil olunur. Azərbaycan və İran musiqisinin yaxın köklərə malik olması vurğulanaraq bəstəkarın bu musiqiyə dərindən bələd olması və ondan professional istifadəsi qeyd olunur.
Açar sözlər: Tofiq Bakıxanov, kamera – instrumental musiqi, sonata, iran musiqisi, Hümayun
Qədim Şərqin inkişaf etmiş ölkələrindən biri olan İran coğrafi mövqeyi, dini, adət — ənənələri ilə Azərbaycan xalqına yaxın olaraq, həmişə musiqisi ilə də incəsənət nümayəndələrini özünə cəlb etmişdir. Yaradıcı insanlar bu qonşu ölkənin musiqisini dərindən duymuş və bir çox əsərlərində İran motivlərinə müraciət etmişlər. Ümumiyyətlə, İran musiqisi digər Şərq ölkələrinə nəzərən Azərbaycan musiqisinə daha yaxındır. Fikrət Əmirov bu iki xalqın musiqisi haqqında belə yazır: “İran və Azərbaycan musiqisini çox qədim və möhkəm daxili tellər bir–birinə bağlayır. Musiqilərimizin əsasını təşkil edən muğamlar xeyli keçmişdə Yaxın Şərq musiqisi deyilən ümumi bir kökə malik olub. Böyük Üzeyirin qeyd etdiyi kimi, Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə doğru özünün yüksək səviyyəsinə çatmış və 12 sütunlu, 6 bürclü “bina” (dəstgah) şəklində iftixarla ucalmış və onun zirvəsindən dünyanın bütün dörd tərəfi görünmüşdür. XIV əsrin axırlarına doğru baş verən ictimai – iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu möhtəşəm musiqi binasının divarları əvvəllər çatlamış və sonralar isə büsbütün uçub dağılmışdır. Yaxın Şərq xalqları bu “musiqi binası”nın qiymətli parçalarından istifadə etmiş, özlərinin “məqam tikinti” ləvazimatı ilə hər xalq ayrı–ayrılıqda özünəməxsus səciyyəvi üslubda yeni “musiqi barigahı” tikmişdir”.
Tanınmış musiqişünas V.Vinoqradovun fikrincə əgər Pakistan, Hindistan, Banqməqameş, Orta Asiya, Qazaxstan, Azərbaycan və qismən Cənub – Şərqi Asiyanı əhatə edən Yaxın və Orta Şərq ölkələrinin mədəniyyətinin üslub xüsusiyyətlərinə və inkişaf tarixinə ümumi cəhətdən baxılsa, onda qeyri – iradi böyük bir materik paraleli yaranar. Və uzun illər boyu bu materik müxtəlif yönlərdən gələn küləklərlə sovrulub, dalğalarla yuyulmuşdur. Bütün bunlar öz izlərini qoymuş, təkrarsız landşaftın formalaşmasına səbəb olmuşdur. Beləliklə, buranın öz vahidliyi və eyni zamanda müxtəlifliyi ilə fərqlənən flora və faunası yaranır. Həmçinin,bu ölkələrin xalqlarının da əsrlər və minilliklər boyu öz milli xüsusiyyətlərini də özündə saxlamaq şərti ilə bir çox ortaq maddi və mənəvi dəyərləri əmələ gəlmişdir.
Şərq ölkələri üçün belə dəyərlərdən biri muğamlardır. Məhz muğamlar sayəsində neçə illərdir Azərbaycan və İranın görkəmli musiqiçiləri qarşılıqlı əlaqədə olaraq öz yaradıcılıqlarını zənginləşdirmişlər.
Bu iki qədim Şərq ölkəsinin mədəni əlaqələrinin inkişafında xüsusi səylə çalışan, əlindən gələni əsirgəməyən bəstəkarlardan biri Respublikanın xalq artisti, professor Tofiq Bakıxanovdur. O, yaradıcılığı boyu dəfələrlə İran İslam Respublikasında olmuş, oranın musiqisi əsasında əsərlər yazmış və İran musiqisinə dərindən bələd olduğunu göstərmişdir. Bunun əsas səbəblərindən biri isə Bakıxanovlar nəslinin İranla bağlı olmasıdır. Bəstəkarın qeyd etdiyi kimi, babası Məmmədrza bəy Bakıxanov öz ailəsi ilə birlikdə İranda mühacirətdə olmuş, atası, görkəmli tarzən Əhmədxan Bakıxanov və əmisi Məmmədxan Bakıxanov gənc yaşlarını Tehran, Rəşt, Ənzəli, Zəncan şəhərlərində keçirmiş, Cənubi Azərbaycanın məşhur müğənnisi Əbülhəsən xan İqbal Azər Soltanın yanında muğamın sirlərini öyrənmişlər. Bakıxanov qardaşları istər Azərbaycan, istərsə də İran muğamlarının mükəmməl bilicisi idi. Bəstəkar özü isə uşaq yaşlarından radio vasitəsi ilə İran musiqiçilərinin ifalarını dinləyib. O, yaradıcılığının ən qızğın çağlarında, 1997-2005-ci illəri əhatə edən uzun bir müddətdə dəfələrlə İran İslam Respublikasında olmuş, Beynəlxalq konfranslarda iştirak etmiş, əsərləri İranın müxtəlif şəhərlərində keçirilən musiqi festivallarında uğurla səslənmişdir.
Bəstəkarın İran musiqisi əsasında yazılan əsərləri içərisində “İran musiqisini yad edərkən” 3 hissəli əsəri, “Şərqdən gələn sədalar” və “İran sonatası”nı qeyd etmək olar. Tofiq Bakıxanovun “İran sonatası” bəstəkarın “Şərq sonataları” silsiləsinə daxil olan 6 saylı sonatadır. Sonata 1988–ci ildə yazılıb. “Şərq sonataları”na İran sonatasından başqa 5 saylı türk, 7 saylı ərəb və 8 saylı Azərbaycan musiqisi əsasında yazılmış sonatalar daxildir.
Sonata üç hissədən ibarətdir. I hissə sonata – allegro formasında yazılıb, a-moll tonallığındadır. Çox geniş giriş fortepianonun ifasında verilir və improvizə xarakteri daşıyır, hümayun məqamına əsaslanır. Bildiyimiz kimi, Hümayun muğamı öz bədii ideyasına, son dərəcə kədərli, qəmgin emosional təsirinə görə bütün muğamlardan kəskin surətdə fərqlənir. Beləliklə bu sonata hümayun məqamına əsaslanmaqla, giriş mövzusu özündə qəmgin intonasiyalar daşıyır. Skripka partiyasında isə mövzu iki səsli verilir.
Əsas mövzu bir qədər oynaq səslənərək ilk yaradılan ab–havanı dəyişir. Əsas mövzunun violin partiyasındakı ifasından sonra mövzu dərhal fortepianonun ifasında təkrarlanır və beləliklə dinləyicinin yaddaşına daha yaxşı həkk olunur.
Köməkçi mövzu oxunaqlı, zərif iran musiqisinə əsaslanaraq yenidən dinləyicini bir qədər kədərli intonasiyaya kökləyir.
Melodiyanın bir oktava yuxarıda səslənən ikinci keçidində fortepianonun müşayiəti də faktura dəyişdirərək rəngarənglik yaradır.
15 rəqəmindən başlayan işlənmə ənənəvi olaraq dramatik gərginliyin artması ilə müşahidə olunur. Buna violin partiyasında xırda ölçülü notlardan, müşayiətdə isə iri akkordlardan istifadə olunaraq nail olunur. Repriza güzgülüdür. Koda “Allegro vivo” tempində verilərək və onaltılıq notların gah violin, gah fortepiano, daha sonra isə eyni zamanda hər iki alətin partiyasında verilərək gərginliyin fasiləsiz inkişafına nail olunur və I hissə elə bu gərginliklə də bitir.
II hissənin əvvəlində Tofiq Bakıxanov “ad libitum” terminini qeyd edərək ifaçılara müəyyən qədər sərbəstlik vermiş və hər xanədə ölçünün dəyişməsi də bu sərbəstliyi daha qabarıq nəzərə çarpdırır. Ümumiyyətlə bu hissə boyu tez–tez dəyişən ölçülər bütövlükdə onu hansısa bir çərçivədən xilas edir və ifaçıların da musiqini göstərmə bacarıqlarını maneəsiz nümayiş etdirmələrinə şərait yaradır.
Bu hissə şur məqamına əsaslanır. 4 rəqəmindən “Andante” tempi verilir və fortepianonun partiyasında yığcam bir melodiya eşidilir. Hansı ki, bu melodiya hissənin sonlarına doğru violinin ifasında da eşidiləcək. Bu hissədə digər diqqəti cəlb edən melodiya isə 7 rəqəmində başlamazdan əvvəl, violində piano və pizzicato, həmçinin fortepianonun non–legatolu müşayiəti ilə quru və solğun şəkildə, sanki ön dinləmə şəklində verilir. Hissə yenə də öz xarakterinə uyğun növbəti sakit və zərif melodiyanın əvvəl fortepiano, sonra isə violin partiyasında səslənməsi ilə tamamlanır. Bəstəkarın dediyinə görə bu hissədə “Qocce nə xor əzizəm”, “Sədəduxdəbu” kimi İran xalq melodiyalarından istifadə etmişdir.
III hissə rondo–sonata formasında yazılıb. Digər hissələr kimi giriş improvizə xarakteri daşıyır və sadəcə fortepianonun ifasında səslənir. Bu mövzu da hümayun məqamına əsaslanır. Lakin I və II hissələrin girişlərinə təzad təşkil edir və daha ötkəm səslənir.
Əsas mövzu “Allegro” tempində, onaltılıq notlarla və vurğuların köməyi ilə qıvraq səslənir. Həmçinin,mövzunun bir oktava yuxarıda səslənməsi və bütövlükdə olmasa da, intonasiyalarının fortepianonun partiyasında səslənməsi monotonluğu aradan qaldırır. Köməkçi mövzu ölçü və tempin dəyişməsi ilə əsas partiyanın qıvraq xasiyyətinə zidd səslənir. Lakin I hissədəki köməkçi partiyadan fərqli olaraq burada zərif və sakit musiqi yox, melodik, lakin təlatümlü musiqi verilib.
Mövzunun növbəti keçidlərində digər tonallıqlara yönəlmələr edilərək gərginlik əldə olunur. Əsas mövzunun ikinci keçidində mövzu ilk olaraq tam şəkildə fortepianonun ifasında səslənir, daha sonra isə violinin partiyasına keçir. Bütün sonata boyu sadə İran melodiyalarını işləyərək, onları daha fərqli boyalara bürüyərək, bəstəkar dinləyiciləri İran musiqisi ilə tanış edir.
Sonata ilk dəfə 1992–ci ildə Bakı Musiqi Akademiyasının böyük zalında B.Axundov (skripka) və S.Behbudova (fortepiano) tərəfindən ifa olunub. Ondan sonra da dəfələrlə səslənmiş və dinləyicilər tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.
Tofiq Bakıxanovun İran–Azərbaycan mədəni əlaqələrinin inkişafında gördüyü işlər bununla bitmir. Bəstəkar Tehran şəhərinin “Bəhmən” mədəniyyət sarayında, 24–25 oktyabr, 2002–ci il tarixində təşkil olunmuş Azərbaycan musiqisinin I elmi – bədii konfransında və dəfələrlə “Surə” universitetində məruzələrlə çıxış etmiş, 2005–ci ildə İranda keçirilən XX Beynəlxalq Fəcr musiqi festivalında bəstəkarın İran xalq musiqisi əsasında yazdığı “Şərqdən gələn sədalar” əsərindən fraqment səslənmişdir. Həmçinin,bəstəkar “Ekspress” qəzetinə verdiyi müsahibədə, özünün “İran musiqisini yad edərkən” adlı 3 hissəli əsəri ilə yanaşı, violin və fortepiano üçün yazdığı “İran sonatası”nı da Tehranın qızlar və oğlanlar hünəristanının (orta musiqi məktəbi) kitabxanalarına hədiyyə verdiyini qeyd edir. Beləliklə, 6 saylı sonata həm Azərbaycan, həm İran məktəblərinin tədris proqramına daxil edilib. T.Bakıxanovun bir neçə əsəri ilə bərabər “İran sonatası”nın da lent yazısı Tehran radiosunun fondu üçün köçürülmüşdür.
Bəstəkar, bu yöndə gördüyü işlərin davamı olaraq, 10–19 fevral, 2016–cı il, Tehran şəhərində keçirilən 31–ci Fəcr musiqi festivalında iştirak edib. Orada bəstəkarın əsərindən fraqment uğurla səslənmiş və Tofiq Bakıxanova Tehrandakı “Azad” Musiqi və Memarlıq Universitetinin fəxri doktorluq diplomu təqdim edilmişdir.
Tofiq Bakıxanovun şərq musiqisinin təbliği və inkişafı yolunda atdığı addımların əsas qayəsi onun aşağıdakı fikrində aydın görünür: “Mənə elə gəlir ki, Azərbaycan bəstəkarları Şərq musiqisinin əsasında musiqi bəstələsələr, bu, Şərq musiqi mədəniyyətinin inkişafına kömək edə bilər. Mənim də yaradıcılıq planlarımda Şərq musiqisini təbliğ və inkişaf etdirmək başlıca yerdə durur.”
ƏDƏBİYYAT:
- Abbasov A. “Azərbaycan musiqi mədəniyyətinin inkişaf tarixi, “Orta mahur”, “Hümayun dəstgahları, “Arazbarı-Mani”, “Kəsmə-Şikəstə” ritmik muğamları haqqında”. B.: Şirvannəşr, 2004, 24 s.
- Bakıxanov T.Ə. Azərbaycan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri B.: Adiloğlu, 2006, 203 s.
- Bakıxanov T.Ə. Musiqili ömrüm B.: 2003, 216 s.
- Мазель Л. Строение музыкальных произведенийМ.: Музыка, 1986, 528 с.
- Кафарова З.Г. Тофик Бакиханов Б.: Ишыг, 1980, 75 с.
Докторант БМА
СОНАТА №6 Т.БАКИХАНОВА НА ИРАНСКИЕ ТЕМЫ
Резюме
Настоящая статья посвящена творческому пути известного Азербайджанского композитора, профессора Т.Бакиханова. Представлен анализ Соната № 6 композитора на основе тематического материала иранской музыки. Подчёркивается глубокое знание композитора и профессиональное использование этой музыкой. Подчёркивается взаимосвязь Азербайджанской и Иранской музыки.
Ключевые слова: Тофик Бакиханов, камерно – инструментальная музыка, соната, иранская музыка, Хумаюн
PhD candidate of BMA
T.BAKIKHANOV’S SONATA №6, BASED ON IRANIAN THEMES
Summary
The present article was dedicated to the creative work of famous Azerbaijani composer, Professor T.Bakikhanov. There was also a sonata discussed: Sonata №6, which was composed on the basis of Iranian music. Emphasis of the profound knowledge and professional use of the composer were portrayed in it, since Azerbaijani and Iranian musics are very similar in their roots.
Key words: Tofig Bakikhanov, chamber music, sonata, Iranian music, Humayun.
Rəyçilər:
professor S.Sinamdzqvarişvili
professor Z.Qafarova