AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI

“KONSERVATORİYA” № 3, 2016

İlahə İSMAYILOVA

BMA-nın dissertantı

Ünvan: Bakı, Nəsimi r-nu, Şəmsi Bədəlbəyli 98

Email: ilahaismayilova1977@mail.ru

 UOT 78.071.1     

TOFİQ BAKIXANOVUN “QÜDSİDƏN SÖZ DÜŞƏNDƏ” VOKAL SİLSİLƏSİNDƏ MÜŞAYİƏTİN ROLU BARƏDƏ

 endir

 

PDF

 

 

Xülasə: Məqalədə romansların müşayiət partiyasının vacib rolu təhlil edilərək araşdırılır. Bəstəkarın  əsərləri Azərbaycan romansının inkişafına mühüm təkan vermişdir. T.Bakıxanovun  kamera-vokal yaradıcılığı Q.Qarayevin bəstəkarlıq ənənələri ilə üzvü surətdə  bağlıdır. Müəlliminin ənənələrinə arxalanan Bakıxanov fərdi musiqi dəst-xəttini yaratmışdır. Onun silsiləyə daxil olmuş romanslarının musiqi dili özünün melodikası, maraqlı harmoniyaları, dolğun  müşayiət partiyası və başqa cəhətləri  ilə seçilir.                      

Açar sözlər: bəstəkar, vokal silsilə, romans, musiqi obrazları, müşayiət, fortepiano, faktura

Azərbaycan  Respublikasının  xalq  artisti, professor, prezident  təqaüdçüsü, “Şöhrət” ordenli  bəstəkar T.Bakıxanov milli bəstəkarlıq məktəbinin ən parlaq  nümayəndələrindən biridir. Tanınmış Bakıxanovlar nəslinin layiqli varisi və XX əsrin parlaq simalarından sayılan, dahi Q.Qarayev məktəbinin istedadlı yetirməsi olan görkəmli bəstəkar professional musiqi salnaməsinə yüksək istedadla yazılmış  əsərlərin müəllifi kimi daxil olmuş və milli musiqi mədəniyyətimizdə özünəməxsus yer tutmuşdur.

T.Bakıxanov böyük sənətə 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində  gəlib. Onun sənət zövqü, dünyagörüşü, yaradıcılıq üslubu məhz Q.Qarayevin təsiri altında formalaşmışdır. Bəstəkar əmək fəaliyyətində müəlliminin yaradıcılıq  yolunu davam  etdirməklə bərabər, eyni zamanda fərdi düşüncə tərzinə malik fərdi xüsusiyyətləri ilə hər zaman diqqət mərkəzində olmuşdur. Sənətkarın  fəaliyyətindən danışarkən ilk növbədə T.Bakıxanovun yaradıcılığının son dərəcə çoxşaxəli və məhsuldar olduğunu qeyd etməliyik. O, əmək fəaliyyəti boyu  müraciət etdiyi hər janrda gözəl, orijinal, dəyərli əsərlər yaradaraq Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdir. Milli bəstəkarlıq məktəbinin ən yaxşı  ənənələri  üzərində  yüksələn, yaradıcılığında Şərq təfəkkür tərzi ilə Qərb musiqi  mədəniyyəti xüsusiyyətlərinin bədii sintezinə nail olan Bakıxanovun əsərlərində millətə sevgi, yüksək ziyalılıq, vətənpərvərlik ruhu öz əksini tapmışdır. Tofiq müəllim hər zaman xalqın həyatı ilə ayaqlaşmış, öz əsərlərində müasir gerçəkliyi  ona xas forma, obraz və rənglərlə ifadə etməyə çalışmışdır. Bəstəkarın yaradıcılığının  xüsusiyyətlərindən  ən vacibi odur ki, o, xalq musiqi  incilərinə, muğam köklərinə son dərəcə həssaslıqla yanaşaraq onun ən gözəl nümunələrini  yaradıcılıq süzgəcindən keçirmiş və dinləyicilərə daha əhatəli formada təqdim etmişdir.

T.Bakıxanovun son dərəcə  sanballı  bədii irsində  kamera-vokal  yaradıcılığı uzun illərdir ki, musiqi incəsənətimizin dəyərli nailiyyətləri hesab olunmaqdadır. Təqdim olunmuş məqalədə biz sənətkarın romans yaradıcılığında xüsusi  əhəmiyyəti ilə seçilən “Qüdsidən  söz  düşəndə” romanslar məcmuəsi üzərində dayanmaq istər-dik. Hərtərəfli musiqi səriştəsinə malik olan bəstəkar haqqında danışmaq istədiyimiz vokal silsiləni Azərbaycanın görkəmli tarixçisi, alim-şair, hərbi xadim kimi tanınmış Abbasqulu Ağa Bakıxanov lirikasına müraciət edərək bəstələmişdir. Məcmuə 1978-ci ildə nəşr edilmiş və musiqiçilərin ixtiyarına verilmişdir. Məcmuəyə aşağıdakı romanslar daxildir: “Söz düşəndə”, “Yenə bülbüllər”, “Toxunmayaq  güllərə”, “Qəlbimi işıqlandıran”, ”Nazlı nigar”, “Gözlə” və s. Təqdim olunmuş romanslar T.Bakıxanovun kamera-vokal yaradıcılığında klassik poeziyanın nümunələrinin təbliği və musiqi  dilində poetik  təsdiqidir. Silsiləyə daxil olmuş vokal miniatürlərin  demək olar ki, hər biri özündə ümumən lirik-psixoloji sferanı ümumiləşdirir. İstedadlı bəstəkar silsiləyə daxil olmuş romansların mətnini son dərəcə yüksək zövqlə seçərək “lirik poema” yaratmışdır. Xalq şairi N.Həsənzadə Azərbaycan poeziyasının bütün sirlərinə bələd olan qüdrətli şairin sözlərinə bəstələnmiş vokal miniatürlər haqqında belə deyir: “Abbasqulu Ağa Bakıxanovun lirik əsərlərinə romanslar bəstələməsi T.Bakıxanovun yeni yaradıcılıq axtarışlarının  bəhrəsidir” [1, s. 99].

“Qüdsidən söz  düşəndə” vokal məcmuəsində məhəbbət mövzusu üstünlük  təşkil edir. T.Bakıxanov lirikası sözün əsl mənasında ülvi hisslərin, şirin duyğuların təzahürüdür. Məhz bu səbəbdən romanslarda insanın müxtəlif əhvali-ruhiyyəsinin musiqi dili ilə tərənnümü müəllif tərəfindən bədii-estetik zövqlə təmsil edilmişdir. Romanslarla yaxından tanışlıq nəticəsində bəzən çox zərif və lirik, bəzən də ehtiraslı xarakterlə qarşılaşırıq. Bədii obrazlar və məzmun baxımından zəngin  silsiləyə daxil olan hər bir romans özünün saf, dəqiq, aydın üslubu ilə seçilir və bəstəkarın yüksək professionallığını bir daha təsdiqləmiş olur. Vokal musiqinin mahir bilicisi olan T.Bakıxanovun təqdim olunmuş romanslar silsiləsində bəstəkarın yaradıcılıq üslu-buna xas olan cəhətlər – öz xalqının  musiqisi ilə möhkəm bağlılıq, poetik mətn, melodiya və müşayiətin vəhdəti, ədəbi  mətnin ardınca gedən musiqinin incə lirizmi, parlaq melodizm özünü aydın şəkildə  göstərir. Bəstəkarın melodiyası özünün ifadəliliyi, milli xüsusiyyəti, muğamlara  istinadı ilə seçilir.

“Qüdsidən söz düşəndə” məcmuəsindəki vokal miniatürlərin təhlili zamanı müşayiət partiyasının faktura dolğunluğu, rəngarəngliyi və çoxşaxəliliyi, eyni zamanda aydın harmonik dil, mükəmməl forma bitkinliyi diqqətimizi cəlb edir. Dediklərimizin əyani sübutu kimi silsiləyə daxil olmuş “Yenə bülbüllər”  romansını misal göstərmək olar. Müəllifin romansda yaratdığı akkompanement özünün sanballı və geniş quruluşu forması ilə əsərin ümumi səslənməsinə xüsusi  rəngarəng və dolğunluq effekti bəxş etmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, əsərin bədii obrazlarının və emosional məzmununun aydın şəkildə açılmasında  müşayiət parti-yası özünəməxsus önəmli funksiyaya malikdir. Haqqında söhbət açdığımız “Yenə bülbüllər” romansın fortepiano partiyasının tematik cəhətdən genişliyi və müx-təlifliyi özünü aydın şəkildə büruzə verir. Artıq ilk xanələrdə müşayiət partiyası özünün son dərəcə ifadəli səslənməsi sayəsində quruluş  etibarilə əsərin daha sonrakı  xanələrinin inkişafına xüsusi təkan verir. Belə ki, girişdə verilmiş mövzu daha sonra əsərin ümumi formasının inkişaf prosesində yenidən eşidilir. İlk xanələrdə müşayiət partiyasının quruluşunda yer almış mürəkkəb akkordlar kompleksi, eyni zamanda fortepianonun  möhtəşəm və zəngin səslənməsi musiqiyə xüsusi canlılıq, ahəngdarlıq qatır.

Əsərin ilk hissəsinin fortepiano fakturası çoxplanlıdır. Belə ki, T.Bakıxanov həm  homofon-harmonik, həm improvizasiya və səsaltı polifoniya xüsusiyyətlərinə yer verərək akkompanementi quruluş baxımından son dərəcə professional şəkildə inkişaf etdirərək səslənməyə melodik ifadəlilik, incə duyğularla zəngin musiqi  materialı bəxş edir.

“Yenə bülbüllər” romansının irəliləyən xanələrində müşayiətin yaratdığı ümumi fon sanki dinləyiciləri gözəllik aləminə aparır, insana əsl estetik zövq verir. Xaraktercə həzin, mülayim ruhda bəstələnmiş romansın fortepiano fakturasının  incəliyi, dalğavari quruluşu treollar sayəsində əldə edilmişdir. Əsərdə insanın dərin və mənalı daxili  aləmi təbiətin gözəl guşələri fonunda öz təcəssümünü tapır.

Romansın kulminasiya məqamında əhvali-ruhiyyənin ehtirasının, dinamik inkişafının musiqidə əks olunmasında yenə də müşayiət partiyası öz sözünü deyir. Belə ki, konsertmeyster fortepianonun səslənmə dərəcəsini poco a pococresh ilə  artıraraq nəticədə vokal miniatürə monumental və gurultulu kulminasiya bəxş etmiş olur. Beləliklə, “Yenə bülbüllər” romansının müşayiət partiyası haqqında dedik-lərimizin yekununda belə bir nəticəyə gəlirik ki, bəstəkar akkompanementinin səslənməsinə xüsusi yer ayıraraq onu solistin partiyası ilə bərabərhüquqlu səviyyəyə qaldırmaqla əsərin dinləyicilərə daha əhatəli, geniş  formada və bədii obrazlarla zəngin şəkildə təqdim olunmasında müşayiətin vacib  rolunu vurğulamış olur.

“Qüdsidən söz düşəndə” vokal məcmuəsində müşayiət partiyasının mürəkkəb quruluşu ilə seçilən romanslarla da qarşılaşırıq. Həmin romanslardan biri  “Gözləyər” əsəridir. Haqqında danışmaq istədiyimiz vokal miniatür silsiləyə daxil olmuş ən miqyaslı, geniş quruluşlu əsərlərdən biridir. Abbasqulu Ağa Bakıxanovun  dərin, duyğulu poeziyası, qəhrəmanın öz  sevgilisini görmək həsrəti romansda poetik ruh yüksəkliyi və  melodik musiqi dili ilə təsvir olunmuşdur.  “Gözləyər” romansının müşayiət partiyası quruluş etibarilə çoxşaxəli və mürəkkəbdir: akkompanementdə fortepianonun malik olduğu geniş imkanlardan, musiqinin müxtəlif ölçülü notlarından, oktavalardan, harmonik quruluş və harmonik fiqurasiyalar şəklində bölünmüş akkordlardan istifadə edilməsi əsərin rəngarəngliyinin, ahəngdarlığının artmasına xüsusi təkan vermişdir. Daha dəqiq  desək, əsərin müşayiəti solistin partiyası ilə bərabərhüquqlu funksiya daşıyaraq  vokalçıya melodiyanı daha da ifadəli və obrazlı şəkildə səsləndirməyə yaxından kömək edir. Oxunaqlı, ahəngdar akkompanement özünün melodik ifadəli, lirik musiqisi ilə vokalçının səsləndirdiyi əsas mövzu ilə vəhdət yaradaraq  ümumilikdə romansın səslənməsinə özünəməxsus rəngarəng çalarlar, poetik obrazlar qatmış olur. Əsərlə yaxından tanışlıq nəticəsində biz fortepiano partiyasının sol əlinin olduqca lirik, axıcı mövzusu ilə qarşılaşırıq. Müəllif tərəfindən sol əlin fakturasına  dalğavari quruluşunun verilməsi əsərə geniş nəfəsli harmoniyalar, ifadəli fortepiano səslənməsi bəxş etmişdir. Bir sözlə, haqqında danışdığımız əsər  bəstəkar  tərəfindən  müşayiət  fakturası baxımından son dərəcə incə zövqlə və maraqlı şəkildə işlənmişdir.

“Qüdsidən söz düşəndə” vokal məcmuəsində özünün mürəkkəb, eyni zamanda maraqlı quruluşu ilə seçilən əsərlərdən biri də “Söylə” romansıdır. Əsər musiqi materialının müxtəlifliyi, milli ruhu, akkompanementin forma bitkinliyi və rəngarəng koloriti ilə diqqəti cəlb edir. T.Bakıxanov musiqisinə xas olan dərin məzmun, forma aydınlığı burada da son dərəcə yüksək səviyyədə nümayiş olunmuşdur. Bəstəkar romansda əsas tonallıqdan, qısa yönəlmələrdən, fortepianonun texniki imkanlarından və tembr  xüsusiyyətlərindən, eyni zamanda geniş, əhatəli fakturasından yararlanaraq romansa maraqlı, cəlbedici çalarlar, eyni zamanda əhatəlilik, masştablılıq qatmağa müvəffəq olmuşdur. “Söylə” vokal miniatürünün təhlili zamanı əsərin orta hissəsində müşayiət partiyasının mürəkkəb və dolğun quruluşu ilə qarşılaşırıq. Müəllif romansın müşayiət fakturasının emosional pafosu, fortepiano səslənməsinin coşqun ruhu, tədricən artan təzyiqi sayəsində dinləyicilərə ehtiraslı və həyəcanlı kulminasiya məqamı təqdim etmişdir. Bu məqamda müşayiətin dolğun səslənməsi musiqidə hərarətin daha da inkişaf etdirilərək zirvə məqamının emosional gərginliyinin son həddə qədər çatdırılmasında olduqca mühüm rol oynayır. Əsərin hərarətinin ən yüksək zirvəyə çatdığı anda fortepiano partiyasının sol əlinin onaltılıq notlardan ibarət quruluşu ümumən səslənməyə xüsusi çılğınlıq və motorlu tokkato effekti bəxş etmiş olur. Coşqun, emosional duyğular və psixoloji gərginliklə dolu müşayiət səslənməsi vokal miniatürün son xanələrinə qədər öz hökmünü qoruyub saxlayır və romans fortepianonun zəngin, yüksək temperamentli postlüdü ilə tamamlanır.

Silsilədə müşayiətinin maraqlı quruluşu ilə diqqətimizi cəlb edən romanslardan biri də “Qəlbimi işıqlandıran” vokal miniatürüdür. Müəllifin yaradıcılıq axtarışlarının ən gözəl bəhrələrindən hesab olunan romans melodikasının gözəlliyi, zərifliyi və romantik ruh yüksəkliyi ilə dinləyiciləri heyran edir, əsl estetik zövq mənbəyinə çevrilərək insanı mənəvi cəhətdən saflaşdırır. Romans müşayiət partiyasının quruluşunun rəngarəngliyi, müxtəlifliyi ilə seçilir. Belə ki, ilk hissələrdə daha sadə formada təqdim olunan fortepiano fakturasında sona doğru irəlilədikcə ciddi dəyişiklik baş verir: sakit, həzin akkompanement dissonans səslərdən  ibarət dolğun akkordlar kompleksi ilə əvəz  olunur. Əsərə önəmli ciddilik, temperament, gərgin xarakter qatmaqda heç şübhəsiz ki, akkordların xüsusi rolu var. “Qəlbimi işıqlandıran” vokal miniatürü haqqında yuxarıda söylədiklərimizi ümumiləşdirərək belə qənaətə gəlirik ki, T.Bakıxanov müşayiət partiyasını belə mürəkkəb formada təqdim etməklə əsərə müxtəliflik, monotonluqdan uzaq maraqlı əhvali-ruhiyyə qatmağa nail olur.

Beləliklə, T.Bakıxanovun “Qüdsidən söz düşəndə” məcmuəsi haqqında yuxarıda qeyd etdiklərimizin yekununda ilk öncə deməliyik ki, hörmətli bəstəkarın vokal yaradıcılığının diapazonu çox genişdir. XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli şəxsiyyətlərindən olan T.Bakıxanov özünün dəyərli romansları ilə milli vokal  janrına yeni intonasiya, rəngarəng və  çoxşaxəli  harmonik dil bəxş etmişdir. Bu musiqi lövhələri istedadlı bəstəkarın unudulmaz şair, tarixçi, alim, bir sözlə, dahi sənətkarın xatirəsinə dərin  hörməti  kimi qiymətləndirilir.

 

ƏDƏBİYYAT:

  1. Bakıxanov T.Ə. Biblioqrafiya. B.: Şərq-Qərb, 2015, 365 s.
  2. Bakıxanov T.Ə Musiqi düşüncələri. B.: Elm, 2006, 204 s.
  3. Qafarova Z.H. Tofiq Bakıxanov B.: Az. Dövlət nəşriyyat birliyi, 1992, 31 s.
  4. Əliyeva H.N. T.Bakıxanovun kamera-instrumental əsərlərində ifaçılıq xüsusiyyətləri. B.: ADPU-nun mətbəəsi 2004, 178 s.

 

Илаха ИСМАИЛОВА

Диссертант БМА

О ВАЖНОЙ РОЛИ  СОПРОВОЖДЕНИЯ В ВОКАЛЬНОМ ЦИКЛЕ «ГУДСИДЕН СОЗ ДУШЕНДЕ»  Т.БАКИХАНОВА

Резюме: В статье рассматривается важная роль сопровождающей партиифортепиано в романсах. Автор раскрывает огромную роль аккомпанемента в общем  звучании романсов. Своими сочинениями композитор внес значительный вклад в развитие Азербайджанского романса. Камерно-вокальное творчество композитора отличается ярким мелодизмом и, органично связано с традициями К.Караева. Опираясь на традиции своего учителя, Бакиханов  создал свою  индивидуальную музыкальную форму.  Мелос, интересные  гармонии, насыщенный аккомпанемент и другие качества отличают музыкальный язык романсов композитора.

Ключевые  слова: kомпозитор, вокальный цикл, романс, музыкальные образы, аккомпанемент,  фортепиано, фактура

 

Ilaha ISMAYİLOVA

Dissertator of BMA

THE IMPORTANT ROLE OF  ACCOMPANIMENT IN  THE  SONG CYCLE “QUDSIDEN SOZ DUSHENDE” BY  T.BAKIXANOV

Summary: The article discusses important role of accompanying the party of romances.  The author reveals the huge role of  accompaniment. The composer has made a significant contribution to the development of Azerbaijan  romances. Vocal-chamber  creative of T.Bakixanov has bright melodic and organically connected with traditional of K.Karaev. Relying on his teacher traditional Bakixanov created their individual musical form. Melos, interesting harmonies, rich accompaniment and other qualities distinguish the musical language of the composer.

Key words: composer, vocal sickle, romance, music images, accompaniment, piano, texture

 

Rəyçilər:

professor Cəmilə Həsənova;

professor Kəngərlinskaya Tamilla

Mövzuya uyğun