Nizami Gəncəvi yaradıcılığı və obrazı Azərbaycan musiqişünaslığında
AZƏRBAYCAN MİLLİ KONSERVATORİYASI
“KONSERVATORİYA” № 2, 2016
Sənətşünaslıq üzrə elmlər doktoru
BMA-nın professoru
Bakı, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 98
Email: saadatabdulla@yandex.ru
UOT 78.071.1
NİZAMİ GƏNCƏVİ YARADICILIĞI VƏ OBRAZI AZƏRBAYCAN MUSİQİŞÜNASLIĞINDA
Xülasə: Məqalədə Nizami Gəncəvinin “Xəmsə”si, lirik şeirləri və onun obrazı əsasında bəstəkarların yaratdıqları əsərlərin təhlili üzrə Azərbaycan musiqişünaslarının yerinə yetirdikləri tədqiqatların icmalı verilir.
Açar sözlər: “Xəmsə”, Nizami obrazı, “Sənsiz”romansı, “Sevgili canan” romansı, “Yeddi gözəl” baleti, “Leyli və Məcnun” simfonik poeması, “Nizami” simli simfoniyası, “Nizami” baleti
Dahi Azərbaycan şair-mütəfəkkiri Nizami Gəncəvinin poeziyası və onun şəxsiyyəti ilə ruhlanan bəstəkarlar şairin “Xəmsə”si və qəzəlləri əsasında çoxlu sayda müxtəlif janrlarda musiqi əsərləri yazıblar. Bəstəkarların özlərinin etiraflarına görə şairin humanist ideyası və yaratdığı obrazlar onlar üçün tükənməz, həmişəyaşar ilham mənbəyi olub. Nizami poeziyası musiqişünaslar üçün də onun yaşadığı dövrün musiqi mədəniyyətinin öyrənilməsində qiymətli mənbədir. Bundan başqa şairin zəngin irsi və obrazı əsasında yaradılan musiqi əsərləri maraqlı musiqi-nəzəri tədqiqat sahəsidir. Son 65 ildən artıq müddətdə dərc olunan elmi əsərlər Nizami Gəncəvinin musiqi dünyası və onun irsi əsasında yazılan əsərlərin təhlili musiqişünaslığımızın ən əsas tədqiqat mövzusunu təşkil etdiyini göstərir.
Nizaminin əsərlərində musiqinin və bəstəkarların yaradıcılığında şairin obrazı, irsinin əksi məsələlərinə ilk dəfə keçən əsrin 40-cı illərində görkəmli bəstəkar, dirijor, musiqişünas, publisist və ictimai xadim Əfrasiyab Bədəlbəyli toxunub. Rus dilində “Nizami musiqi haqqında və musiqidə” adıyla yazılan işdə (əlyazması Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır) Nizaminin musiqi dünyası, poemalarında verilən musiqi səhnələri və musiqi alətləri şərh edilir. İşin yazılma ilinə (may, 1947-ci il) qədər şairin poema və şeirlərinə əsasən bəstələnən musiqi əsərləri səciyyələndirilir.
Tanınmış musiqi və teatr tarixi tədqiqatçısı, publisist Qubad Qasımovun “XII əsr (Nizami epoxası) Azərbaycan musiqi mədəniyyətinin tarixi oçerkləri” namizədlik dissertasiyasının (1948) əsasını Nizaminin poemaları təşkil edir (işin əsas məğzi “Azərbaycan incəsənəti” toplusunun 2-ci buraxılışında dərc olunub). Oçerklərdə şairin musiqiyə münasibəti, Azərbaycan musiqi mədəniyyətinin Nizaminin əsərlərində və xalq rəvayətlərində əksi, XII əsrdə klassik musiqimiz və onun ifaçıları, instrumental ansambllar, saray, xalq, hərbi, ovçuluq, ayin musiqisi və istifadə olunan çalğı alətləri şərh olunur. Sonralar bu araşdırma Nizami poeziyası orta əsr musiqi mədəniyyətinin öyrənilməsi üçün əsas mənbə kimi dəfələrlə istifadə edilmişdir.
Professor Sevda Qurbanəliyevanın “Nizami Gəncəvi və Azərbaycanın musiqi mədəniyyəti (ədəbiyyat və musiqinin qarşılıqlı əlaqəsi probleminə dair)” doktorluq dissertasiyası (Kiyev, 1993) və kitabında (Bakı, 1994) Nizami yaradıcılığı Azərbaycan musiqi sənəti və tarixinin öyrənilməsində, şairin poemalarında lirik surətlərin təsvirində musiqinin rolu bir mənbə kimi təhlil edilir. Burada Nizaminin əsərləri əsasında şifahi ənənəli professional musiqinin nəzəri məsələlərinə baxılır, Şairin irsinin professional musiqimizin banisi Üzeyir Hacıbəylinin qəzəl-romans, görkəmli bəstəkar Qara Qarayevin isə balet və simfonik yaradıcılığında əksi təhlil edilir, “Yeddi gözəl” baletində Ayişə surətinə poeziya və musiqinin müqayisəli təhlilinin əsası kimi baxılır. Tədqiqatçının “Nizami Gəncəvinin poemalarında musiqi” (Bakı, 2012), rus dilində yazdığı “Nizami Gəncəvi və Fikrət Əmirovun musiqi dünyası” (Bakı, 2003) kitablarında və “Nizami Gəncəvinin musiqi dünyası” (Kiyev, 2009) monoqrafiyasında dahi şairin musiqi sənəti haqqında düşüncələri və onun yaradıcılığından bəhrələnən Üzeyir Hacıbəyliyə böyük şöhrət qazandıran “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarında lirik xəttin rolu şərh edilir. Qara Qarayevin “Yeddi gözəl” baleti və “Leyli və Məcnun” simfonik poeması, Fikrət Əmirovun “Gülüm” romansı, “Nizaminin xatirəsinə” simli simfoniyası və “Nizami” baletindən musiqili səhnəciklərin məzmunu və xüsusiyyətləri verilir.
Elmlər doktorları Əhməd İsazadə və Babək Qurbanovun “Nizami epoxasında Azərbaycan maddi mədəniyyət abidələri” seriyasına daxil olan “Nizami və musiqi” (Bakı, 1986) kitabçasında şairin musiqiyə münasibəti, poemalarında musiqinin əksi, Azərbaycan bəstəkarlarının yaradıcılığında şairin poeziyasının yeri, Üzeyir Hacıbəylinin Nizaminin qəzəlləri əsasında yazılan “Sənsiz” və “Sevgili canan” romanslarının ideya-emosional məzmunu, bədii-estetik xüsusiyyətləri açıqlanır.
Dosent Rauf İsmayılzadə “Nizaminin musiqi dünyası” (Gəncə, 2001) kitabında şairin musiqi sənətinə dair fikir və mülahizələrini, “Xəmsə”dəki musiqili misraların mənalarını, Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun şairin poeziyası əsasında yazılan musiqi əsərlərinə baxışlarını şərh edir. “Fikrət Əmirovun sənət dünyası” (Gəncə, 2007) kitabında isə bəstəkarın Nizamiyə həsr etdiyi əsərlər təhlil edilir.
“Azərbaycan musiqi tarixi” (Bakı, 2012) kitabının “Nizami və Azərbaycan musiqi mədəniyyəti” fəslində ( müəllif – fəlsəfə doktoru Lalə Kazımovadır) XII əsrdə Gəncənin Şərqin mədəniyyət mərkəzlərdən birinin olması göstərilir, bu dövrdə geniş yayılan muğam və musiqi alətləri (ud, tənbur, çəng, ney, kərənay, nağara, dəf, təbil və s.) səciyyələndirilir.
Dosent Alla Bayramovanın “Nizami Gəncəvinin poemaları incəsənətin qarşılıqlı əksi kontekstində” (Bakı, 2014, rus dilində) kitabında şairin “Xəmsə”sində musiqi mövzusu, çalğı alətlərinin təsviri incəsənətdə əks olunma xüsusiyyətləri təhlil edilir. Nizami irsinə mədəni-tarixi, estetik, musiqişünaslıq, ədəbiyyatşünaslıq və nəzəri-metodoloji aspektdən yanaşılır, Nizami və Şekspirin yaradıcılığında musiqinin əks olunma prinsiplərinə baxılır. “Xəmsə” mətnində tərcümələrdə orijinalla müqayisədə rast gələn uyğunsuzluqlar qeyd edilir. “Leyli və Məcnun” poemasının qəhrəmanı Məcnunu əhatə edən vəhşi və otyeyən heyvanların simvolik olaraq muğam və xalçaçılıq sənəti ilə bağlılığı şərh edilir.
Bəstəkar Rəşid Şəfəqin “Nizami musiqidə, sənətdə” (Bakı, 2014) kitabına Nizami Gəncəvinin qəzəl və rübailərinə bəstələnmiş vokal-xor janrlarında, həmçinin “Xəmsə”si əsasında yazılan musiqili səhnə əsərlərinin notları daxil edilib.
Bilavasitə Nizami Gəncəviyə həsr olunan irihəcmli bu tədqiqat əsərləri ilə yanaşı, çoxlu sayda musiqişünaslar da öz elmi işlərinin istiqamətlərinə uyğun olaraq Nizami irsinə müraciət edərək ondan faydalanıblar.
“Nizaminin poetik, fəlsəfi və musiqi dünyası” Ümumrespublika elmi — praktik konfransının materiallarında (Bakı, 1991) Nizami Gəncəvi yaradıcılığının orta əsr Şərq dünyasının musiqi mədəniyyətinin araşdırılmasında (G.Abdullazadə, F.Əsgərova), Nizami Gəncəvinin əsərlərinin qəhrəmanlarının, o cümlədən Barbədin tarixi reallıq olduğunun təsdiqlənməsində (R.İmrani), zəngin irsinin xalq musiqi janrlarının – muğam, mahnı, instrumental (S.Abdullayeva) və çalğı alətlərinin (F.Əzimov, A.Abduləliyev, İ.İmamverdiyev) öyrənilməsində əhəmiyyəti, bəstəkarların yaradıcılığında şairin obrazı və poeziyası əsasında yaradılan əsərlər (Y.Mirzəyev, İ.Quliyev, Ə.Babayeva, M.Abdullayeva və N.Rəhimova, İ.Əfəndiyeva) şərh olunur.
Nizaminin poetik sətirlərinin orta əsrlərdə məlum olan muğam, mahnı, (F.Sadıqov, 2000; F.Rzayev, 2008; Z.Əliyev, 2013), saz havaları (Sədnik Paşa Pirsultanlı, 2002), çalğı alətlərinin müəyyən edilməsində (S.Abdullayeva, 1991, 2000; A.Nəcəfzadə, 2008, 2010) və bərpasında (M.Kərim, 2003) rolu göstərilir, onun dövründə işlənilən musiqi terminləri (İ.Abdullayeva, 1994) haqqında məlumatlar verilir.
Nizaminin musiqinin insanların daxili aləminə və zövqünə təsirinə, muğam, təsnif, mahnı, mərasim və rəqs musiqisinə, simli, nəfəs və zərb alətləri və onların roluna, ifaçıların ustalığına, poeziya ilə musiqinin harmonik əlaqəsinə, səs pərdələrinə aid fikirləri və məlumatları dissertasiya işlərində (S.Abdullayeva, 1967, 2005; M.Şahbazbəyova, 1979; F.Əzimli, 1994; M.Kərim, 1995, 2009; A.Nəcəfzadə, 2006, 2012; S.Qafarov, 2007; İ.Nəcəfov, 2008; T.Əliyeva, 2011; T.Əsədullayev, 2015) və məqalələrdə (Q.Qasımov, 1947, 1979; Mansurov, 1987; Ə.İsazadə, İ.Quliyev, 1997; B.Qurbanov, Ə.İsazadə, 2002; T.Bağırova, 2004; J.Qulamova, 2009; A.Həsənova, 2010; Ə.Tuncay, 2010; A. Bayramova, 2011, 2012; S.Qurbanəliyeva, 2011) baxılır.
Nizaminin musiqi dünyası musiqişünaslarla yanaşı şərqşünas, ədəbiyyatşünas, filosof, etnoqraf, pedaqoq və digər sənət adamlarını da cəlb etmişdir. Arif Məmmədovun “Azərbaycan poeziyasının musiqi ilə qarşılıqlı əlaqəsi problemləri” doktorluq dissertasiyasında (1972) Nizami sənətinin mənbəyi və məzmunu, poeziya ilə musiqinin vəhdəti, mahnıların insanlara emosional təsiri, muğam, mahnı, musiqiçi və çalğı alətləri haqqında mülahizələri şərh olunur.
Akademik Teymur Bunyadovun “Əsrlərdən gələn səslər” (Bakı, 1993) kitabının “Musiqimizdə döyünən ürəklər” bölümündə Nizaminin musiqi dünyası və onun dövrünün musiqi mədəniyyətindən danışılır.
Dosent Əhmədağa Əhmədovun “Nizami-elmşünas” (Bakı, 1992) kitabının “Nizami-musiqişünas” fəslində Barbədin ifa etdiyi 30 mahnı, Nəkisa ilə birlikdə səkkiz məqam kökündə oxuduqları havalardan, Nizaminin “İskəndərnamə” poemasında qədim yunan filosofu Əflatunun (Platonun) icad etdiyi simli ərğənun alətindən söhbət açılır.
Tarix elmləri doktoru Şirin Bünyadovanın “Nizami və etnoqrafiya” (Bakı, 1992) kitabının “Mənəvi mədəniyyət” fəslinin “Musiqi” bölməsində şairin poemalarında əks olunan musiqi insanın mənəvi zövq mənbəyi kimi qiymətləndirilir, nəğmə, mahnı, muğam, ifaçılıq məharəti və çalğı alətləri haqqında məlumat verilir.
Professor Arif Hacıyevin rus dilində yazılan “Renessans və Nizami poeziyası” (Bakı, 1980) və “Nizami Gəncəvinin “Xəmsə”sinin intibah dövrü” (Bakı, 2000) kitablarında qədim yunan mifologiyasında incəsənət və elm ilahəsi sayılan Muzanın gözəllərinin sayına görə “Xəmsə”nin yeddi muzası” adlandırılan fəsildə tədqiqatçının şairin musiqiyə, onun janrlarına, nəğmə oxuyan və rəqs edənlərə, musiqi məclisləri, çalğı alətləri və musiqi sədalarının bədii-estetik roluna münasibəti böyük zövq və incəliklə şərh olunur.
Professorlar Yusif Talıbov, Fərahim Sadıqov və Sərdar Quliyevin “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” (Bakı, 2000) dərs vəsaitinin “Nizami və musiqi” bölməsində şairin musiqiyə olan baxışına toxunulur.
Dosent Bayram Apoyev “Nizami Gəncəvinin pedaqoji görüşləri” (Bakı, 2008) və “Nizami Gəncəvi irsindən pedaqoji prosesdə istifadə işinin sistemi” (Bakı, 2012) kitablarında humanitar fənlərin tədrisi zamanı dahi şairin irsini öyrənmək və onu şagirdlərə sevdirmək üçün Nizami irsinin əsasında bəstələnən musiqi əsərlərinin dinlənilməsi və qavranılmasının müstəsna əhəmiyyət daşıdığını göstərir.
Akademik Bəkir Nəbiyev I “Muğam aləmi” Beynəlxalq elmi simpoziumda (Bakı, 2009) etdiyi məruzədə Nizami Gəncəvinin ilk dəfə poeziyada muğamı ifadə etdiyinin göstərir, müğənninamələrdə adı çəkilən “Muğan” havasının muğamla bağlılığı fərziyyəsi önə çəkilir.
Akademik Teymur Kərimli III “Muğam aləmi” Beynəlxalq elmi simpoziumunda (Bakı, 2013) etdiyi məruzədə şairin əsər yazması çalğı alətində ifaya bənzədilir, “pərdə” termini ilə əsərin orijinallığı qeyd edilir, çalğı alətləri yeri gələndə antropomorf səciyyə daşıyaraq iki sevgilinin məhəbbət carçısına çevrilməsi göstərilir.
Nizami Gəncəvinin poemalarının musiqili səhnələri şairin yaradıcılığının müxtəlif aspektlərindən bəhs edilən kitabların ayrı-ayrı bölmələrində (Z.İbrahimov, 1947; M.Rəfili, 1947, 1973; Ə.Abbasov, 1966; R. Azadə, 1979; F.Qasımzadə, T.Hacıyev, 1982; T.Xalisbəyli, 1991) verilir.
Beləliklə, dərc olunan araşdırmalar göstərir ki, Nizami əsərlərindəki musiqili poetik sətirlərə əsasən onun dövrünün musiqinin müxtəlif janrlarını, cəmiyyətin həyatındakı rolunu, şairin özünün musiqiyə olan münasibətini səciyyələndirmək mümkündür.
Nizaminin yüksək ideyalı əsərlərinə əlbəttə bəstəkarlar biganə ola bilməzdilər. Bunu şairin poemalarının məzmunu və qəzəlləri əsasında klassik musiqinin demək olar ki, bütün janrları üzrə yazılan əsərlər – opera, balet, simfoniya, simfonik poema, simfonik və xoreoqrafik süitalar, poema və ballada göstərir. Bundan başqa Nizaminin qəzəllərinə çoxlu sayda mahnı və romanslar bəstələnib. Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” əsəri ilə milli musiqimizdə yeni – “qəzəl-romans” janrın əsası qoyulmuşdur. Nizami obrazı onun adı ilə adlanan opera və baletdə canlandırılıb. Eyni adla ona simli simfoniya, vokal-simfonik poema, kantata, vokal-oratoriya, simli kvintet, fleyta və fortepiano üçün elegiya, muğam etüdləri, xor əsərləri, poema ithaf olunub. Nizaminin poemaları əsasında səhnələşdirilən dramlara və çəkilən filmlərə musiqi bəstələnmişdir.
Bütün bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin zənginləşməsində, o cümlədən, bəstəkarların yaradıcılığını yüksəlməsində Nizami irsi və obrazının misilsiz rolunu göstərir. Bu zəngin musiqi əsərləri musiqişünaslar tərəfindən təhlil edilərək, libretto və poemaların bədii konsepsiyalarının müqayisəsi aparılmış, poetik mətnlərin və melodiyaların əlaqəsi, cərəyan edən hadisələrin məzmunu, emosional cəhətdən təzahür formaları, üslub, vəzn, ahəng, ritmika, lad-intonasiya xüsusiyyətləri və dramaturgiyası, səhnə quruluşları açıqlanır. Bu mövzu üzrə tədqiqat işlərinin nəticələri dərs vəsaitlərində (S.Qasımova, Mehmandarova, R.Zöhrabov, 1984; S.Qasımova, N.Bağırov, 1984; E.Abasova, L.Karaqiçeva, S.Qasımova, N.Mehdiyeva, A.Tağızadə, 1992; O.Rəcəbov, O.İmanova, 2006), dissertasiya işlərində (T.Əliyeva, 1991; N.Mirzəyeva, 1994; C.Həsənova, 1998; T.Hüseynova, 1998; Ü.Əliyeva, 2001; İ.Quliyev, 2003; Ş.Məlikova, 2003; T.Quluzadə, 2004; T.Bağırova, 2007; L.Cəfərova, 2007; R.Süleymanova, 2008; A.Qəniyeva, 2011; Ş.Hacıyeva, 2011; K.Xankişiyeva, 2013), kitablarda (E.Abasova, Q.Qasımov, 1970; S.Kərimov, 1972; A.Tağızadə, 1979, 1985, 2002, 2011; Q.Qasımov , Ə.İsazadə, 1986; S.Qasımova, 1986, 2006; N.Kərimova, 1986, 1996; G.Abdullazadə, 1996; F.Əlizadə, 1997; R.Zöhrabov, 1997; T.Quluzadə, 2002; A.Tağızadə, 2002; S.Təhmirazqızı, 2005; T.Yaqubova, 2006; İ.Quliyev, 2008; Z.Qafarova, 2009; Z.Bayramova, 2011) və məqalələrdə (B.Zeydman, 1961; Ə.İsazadə, 1967; İ.Əfəndiyeva, 1969; R.Zöhrabov, 1972; R.Rzaquliyeva, 1977; E.Abasova, 1978; Ə.Əmrahova, 1985; T.Quliyeva, 1996; Ü.Talıbzadə, 2000; A.Kərimli, 2001; Z.Qafarova, 2008; F.Rzayev, 2008; R.Məmmədova, 2014; V.Hüseynova, 2015) öz əksini tapmışdır. Onların sırasında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin şairin qəzəllərinə yazdığı vokal sənətinin inciləri sayılan “Sənsiz” və “Sevgili canan” romansları (Y.Milovanova, 1947; Nestryev, V.Fere, 1949; İ.Əfəndiyeva, 1969; E.Abasova, Q.Qasımov, 1970; R.Zöhrabov, 1972; Z.Səfərova, 1976, 1997, 2010; R.Rzaquliyava, 1977; H.Babayeva, 1985; T.Hüseynova, 1987, 1998; N.Ələkbərova, B.Zabolotskix, 1988; S.Qurbanəliyeva, 1990, 2012; Z.Dadaşzadə, 1997; T.Hüseynova, 1998; Ü.Talıbzadə, 2000; İ.Məhərrəmova, 2003; A.Qəniyeva, 2011; B.Nəbiyev, 2012), Qara Qarayevin dünyanın məşhur teatr səhnələrində nümayiş etdirilən “Yeddi gözəl” baleti (L.Karaqiçeva, 1956, 1959, 1960, 1978; R.Fərhadova, 1957, 1978; Y.Bonç-Ocmolovskaya, 1961; A.Kislova, 1961; N.Elyaş, 1977; S.Qasımova, N.Bağırov, 1984; A.Əmrahova, 1985; H.Qaşqay, 1987, 1997; F.Əlizadə, 1997; K.Nəsirova, 1996; F.Əliyeva, Ş.Mahmudova, 1999; Ü.Əliyeva, 2000; M.Hüseynova, 2003; C.Həsənova, 2004; S.Qasımova, 2006; F.Rzayev, 2008), eşq rəmzi olan “Leyli və Məcnun” simfonik poeması (İ.Abezqauz, 1958; L.Karaqiçeva, 1960; S.Qasımova, N.Bağırov, 1984; F.Əlizadə, 1997, 2003; G.Mahmudova, 2003; İ.Paziçeva, 2013), Fikrət Əmirovun ecazkar “Nizami” simli simfoniyası (D.Danilov, 1966; Q.İsmaylova, 1956; S.Qasımova, N.Bağırov, 1984; V.Vinoqradov, 1983, 1984; S.Qurbanəliyeva, 1994, 2009; A.Məmmədova, 1996; M.Hüseynova, 2003; İ.Məhərrəmova, 2003; S.Qasımova, S.Quliyeva, 2014) və “Nizami” baleti üzrə musiqişünaslıq araşdırmaları (A.Məmmədova, 1996; S.Qasımova və Z.Abdullayeva, 2004; V.Şərifova-Əlixanova, 2005; O.Rəcəbov, O.İmanova, 2006; S.Şirinova, 2012; V.Hüseynova, 2015) üstünlük təşkil edir.
Nizami poeziyası elə bir tükənməz mənbədir ki, neçə illər keçsə belə, tədqiqatçılar onun irsində indiyə qədər deyilməyən fikirlər aşkar edərək, nizamişünaslığa və eləcə də musiqişünaslığa yeni əsərlər töfhə verəcəklər.
Доктор искусствоведения, профессор БМА
ТВОРЧЕСТВО И ОБРАЗ НИЗАМИ ГЯНДЖЕВИ
В АЗЕРБАЙДЖАНСКOМ МУЗЫКОВЕДЕНИИ
Резюме
В статье дан обзор исследований, проведенных азербайджанскими музыковедами по анализу произведений композиторов, созданных на основе «Хамсэ», лирических стихотворений Низами Гянджеви и его образа.
Ключевые слова: образ Низами, “Хамсе”, романс “Сенсиз” (“Без тебя”), романс “Севгили джанан” (“Возлюбленная”), балет “Семь красавиц”, симфоническая поэма “Лейли и Меджнун”, струнная симфония “Низами”, балет “Низами”
Professor of BMA,
Doctor of Sciences on Art
CREATIVITY AND IMAGE OF NIZAMI IN AZERBAIJANI MUSICOLOGY
Summary
The article provides an overview of research conducted by Azerbaijani musicologists to analyze the works of composers that are based on «Khamsa», lyrical poems Nizami Ganjavi and his image.
Key words: image of Nizami, «Khamsa», romance «Sensiz» («Without You»), romance «Sevgili Janan» («Beloved»), ballet «Seven Beauties», symphonic poem «Layla and Majnun», string symphony «Nizami», ballet «Nizami»